Məhkəmə qərarları › İş №1(007)-206/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-206/2022

02.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-206/2022 02.06.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami rayon Məhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlunun sədrliyi ilə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçi - Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1988-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, Məştağa qəsəbəsi, Ləhic bağlarında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq satış məqsədi olmadan şəxsi istehlak miqdarında artıq miqdarda, təmiz çəkisi 5,430 qram narkotik vasitə marixuana əldə edib, daşıyaraq saxlamış, 10 fevral 2022-ci il tarixdə saat 15:30 radələrində onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Nizami RPİ-nin NMB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi Nəsrullah Əsgərov 32 ünvanda şübhəli şəxs qismində saxlanılaraq Bakı şəhər Nizami RPİ-nə gətirilmiş, idarədə üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan tünd rəngli şalvarın sağ yan cibindən 01 ədəd kibrit qutusunda təmiz çəkisi 5,430 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən, kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, narkotik vasitə qurudulmuş marixuana qəbul etdiyinə görə, 2021-ci ilin avqust ayında yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Maşatağa qəsəbəsi, Ləhic bağları ərazisində fərdi yaşayış evinin həyətinin bir küncündə iki ədəd marixuana kolunu öz istifadəsi üçün əkmişdir. Həmin kolları 2021-ci ilin oktyabr ayında dərib qurudaraq şəxsi istfadə üçün özündə saxlayıb tədricən istifadə etmişdir. Marixuananın sonuncu kibrit qutusunu şəxsi istifadəsi üçün üzərində saxlamış və 10 fevral 2022-ci il tarixdə, saat 14 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Telefon Qovşağının qarşısında üç nəfər mülkü geyimdə polis işçisi ona yaxınlaşaraq özlərini təqdim etdikdən sonra ona Nizami RPİ-nə getməyi təklif etmişlər. Etiraz etməmiş və polis əməkdaşları ilə Nizami RPİ-nə gəlmişdir. Polis idarədə üzərində şəxsi axtarış keçirilməzdən əvvəl təklif əsasında şalvarın sağ yan cibindən bir ədəd kibrit qutusunda olan narkotik vasitə qurudulmuş marixuananı könüllü olaraq təqdim etmişdir. Üzərində aşkar edilən 1 ədəd “Brand” markalı mobil telefon və açarlar ona qaytarılmışdır. Şəxsi axtarışın keçirilməsi ilə bağlı tərtib edilmiş protokolu imzalamışdır. Polis əməkdaşları tərəfindən saxlanılarkən və üzərində şəxsi axtarış keçirilərkən ona qarşı qanuna zidd hərəkətlər edilməmişdir. Törətdiyi cinayət əməlindən səmimi peşmandır, barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli özünün səmimi etirafından başqa, iş üzrə dindirilmiş şahidlərin ifadələri, habelə toplanmış digər sübutlarla da tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı Şahid2 ifadəsində göstərmişdir ki, Bakı şəhər Nizami RPİ-nin NMB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. Bakı şəhərində yaşayan «Əfqan» adlı şəxsin mütəmadi olaraq narkotik vasitələr əldə etməsi və qəbulu ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat qrupu təşkil olunmuş və keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 10 fevral 2022-ci il tarixdə saat 15:30 radələrində Bakı şəhəri Sabunçu rayonu, Nardaran qəsəbəsində saxlanılaraq Nizami RPİnə gətirilmişdir. İdarədə Təqsirləndirilən şəxs şəxi axtarış başlamazdan əvvəl şalvarının sağ yan cibindən bir ədəd kibrit qutusunu, “Brand” markalı mobil telefonu, şalvarının sol yan cibindən qapı açarını təqdim etmişdir. Kibrit qutusunun içərisinə baxış keçirilərkən tam dolu vəziyyətdə yaşıl rəngli spesifik qoxuya malik maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs ondan aşkar olunan kibrit qutusundakı maddənin narkotik vasitə qurudulmuş marixuana olduğunu və həmin marixuananı yaşadığı Sabunçu rayonu, Maştağa qəsəbəsi, Ləhic bağlarındaki evin həyətində bir neçə ay qabaq şəxsi istifadəsi üçün əkdiyini və hazırda şəxsi istifadəsi üçün kibrit qutusunda istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs aşkar edilmiş bir ədəd kibrit qutusundaki spesifik iyə malik yaşıl rəngli vasitə maddi sübut əhəmiyyəti kəsb etdiyindən qablaşdırılaraq MEM-nə göndərilməsi üçün DİN-nin 162 saylı möhürü ilə möhürlənmişdir. Təqsirləndirilən şəxs Sabunçu rayonu, Maştağa qəsəbəsi, Ləhic bağındaki evinin həyətində keçirilmiş axtarış zamanı heç bir narkotik vasitə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılarkən və üzərinə şəxsi axtarış keçirilərkən qanuna zidd hərəkətlərə məruz qalmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 və Şahid3 işin faktiki hallarına və Şahid2 ifadəsinə uyğun ifadə vermişdir. İş materiallarında olan “Şəxsi axtarış və götürmə aparılması haqqında” 10 fevral 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs heç bir etiraz bildirmədən könüllü olaraq əynində olan tünd rəngli şalvarın sağ yan cibindən bir ədəd kibrit qutusunu təqdim etmişdir. Kibrit qutusunun içərisində tam dolu vəziyyətdə yaşıl rəngli spesifik qoxuya malik narotik maddə olan qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilmişdir. Həmin kütləni Bakı şəhəri, Sabunçu rayonu Məştağa qəsəbəsi, Ləhic bağlarındaki evlərinin həyətində öz istifadəsi üçün əkdiyini bildirmişdir. Baxış zamanı video çəkilişdən istifadə edilmişdir. İş materiallarında olan 10 fevral 2022-ci il tarixli “Şəxsin evində axtarış və götürülmə keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Ləhic bağları ərazisindəki fərdi yaşayış evində və həyatyani sahəsində narkotik vasitələrin olmasına şübhə yaratdığından yaşadığı evdə və həyətyanı sahədə təxirə salınmadan axtraış aparılmış, lakin iş üçün əhəmiyyət kəsb edən dəlillər aşkar edilməmişdir. Axtarışda iştirak edən Təqsirləndirilən şəxs darvazadan daxil olduqda soldakı hasarın küncünü göstərərək iki ədəd marixuana kollarını həmin yerdə əkdiyini bildirmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “CD diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs heç bir etiraz bildirmədən könüllü olaraq əynində olan tünd rəngli şalvarın sağ yan cibindən bir ədəd kibrit qutusunu təqdim etmişdir. Kibrit qutusunun içərisində tam dolu vəziyyətdə yaşıl rəngli spesifik qoxuya malik narotik maddə olan qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilmişdir. Həmin kütləni Bakı şəhəri Sabunçu rayonu məştağa qəsəbəsi Ləhic bağlarındakı evlərinin həyətində öz istifadəsi üçün əkdiyini bildirmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən verilmiş xx.xx.2022-ci il tarixli 7/130 saylı rəydən görünür ki, “Təhqiqala təqdim edilmiş üzərində “Azərbaycan Respublkası DİN Zərlər üçün N 164 möhür əks olan, ad, soyad və imzalar qeyd edilmiş zərfin içərisində olan 01 ədəd kibrit qutusunda təmiz çəkisi 5,430 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən, kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X5 Şəxsin 15 mart 2022-ci il tarixli 1325 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Kannabinoidlərin qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman çəkilmiş video görüntünün olduğu 01 ədəd CD disk iş üzrə maddi sübut kimi tanınmışdır. İş materiallarında olan 19 aprel 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş - 01 ədəd kibrit qutusunda təmiz çəkisi 5,430 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən, kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana maddi sübut kimi tanınmış və təhqiqatdan sonra qalıq çəkisi 5,380 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana saxlanılması üçün Nizami RPİ-nin maddi sübutların saxlama kamerasına təhvil verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan 10 fevral 2022-ci tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Bakı şəhəri Nizami rayon Məhkəməsinin 12 fevral 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X2 xx.xx.2021-ci il tarixdə doğulmuşdur. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutların məcmuyuna əsasən qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal himayəsində azyaşlı uşağın olması müəyyən edilmiş və CMnin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının 45-ci bəndinin tövsiyyəsinə görə, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini və işin digər halları nəzərə alaraq, onun cəmiyyətdən tam təcrid olunmadan islah olunmasını mümkün sayır və hesab edir ki, ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə cəzanın məqsədləri təmin edilə bilər. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə - tutulduğu və həbsdə saxlanıldığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. İş materiallarında olan sənədlərə əsasən, Təqsirləndirilən şəxs 10 fevral 2022-ci il tarixdən 02 iyun 2022-ci il tarixədək həbsdə saxlanıldığı müddət onun cəza müddətinə hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut - Bakı şəhəri Nizami rayon Polis İdarəsinin maddi sübutların saxlanc kamerasında saxlanılan, tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 5,380 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana məhv edilməli və 01 ədəd CD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri 88 (səksən səkkiz) manat Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsi ilə müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinə dəyişdirilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.5-ci maddələrinin tələblərinə əsasən, vəkilin ibtidai istintaqda iştirak etdiyi 40 saat, məhkəmədə iştirak etdiyi 21 saat, cəmi 61 iş saatı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 366 manat (61x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi hesabına ödənilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351- 353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 03 ay 23 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla üzərində qəti olaraq 01 (bir) il 10 (on) ay 14 (on dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, Bakı şəhərini tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi Bakı Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri 88 (səksən səkkiz) manat Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. İş üzrə maddi sübut - Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və Bakı şəhəri Nizami rayon Polis İdarəsində saxlanılan 5,380 qram narkotik vasitə marixuana məhv edilsin. İş üzrə maddi sübut - Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və gütürmə aparılmasını əks etdirən 01 ədəd CD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Təqsirləndirilən şəxs 61 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi VÖEN – ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 366 (üç yüz altmış altı) manat əmək haqqı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar