Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(007)-206/2024 28.02.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Dadaşova Emina Bəhruz qızının katibliyi, xüsusi ittiham qaydasında şikayət vermiş X2 və onun nümayəndəsi - Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X4 və onun müdafiəçisi - Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə X2 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə X3 xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılır ki, 14 sentyabr 2023-cü ildə Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsində yerləşən 201 saylı məktəbdə, bütün məktəb kollektivinin iştirak etdiyi pedaqoji şurada məktəbin ibtidai sinif müəlliməsi X9 çıxış edərkən qəsddən onun ünvanına şərəf və ləyaqətini ləkələyən, onu nüfuzdan salan yalan və böhtan xarakterli məlumatlar söyləmişdir. Belə ki, o, kütləvi çıxışında göstərmişdir ki, “guya mən şəxsi mənafeyimi və çirkin əməllərimi ört-basdır etmək naminə vəzifə səlahiyyətlərimi aşaraq mənə yaxın olan müəllimləri öz tərəfimə çəkmişəm, məktəb və məktəbin rəhbər heyətinin barəsində təhqiramiz, şər, böhtan dolu sözlər danışaraq vəzifəli şəxs barəsində mənfi rəy formalaşdırmağa çalışmışam”. Eyni zamanda Mehdiyeva İlahə öz çıxışında onu da bildirmişdir ki, “X3 direktor müavini kimi 2022-2023 tədris ilində yarıtmaz işləmiş, üstəlik də 11-ci sinifdə oxuyan qızının dərsə gəlməməsinə şərait yaratmaq üçün ona 200 manat rüşvət verdiyini də göstərmişdir”. Göründüyü kimi İlahə Mehdiyeva kütlə içərisində etdiyi çıxışında bilərəkdən onun iş fəaliyyətini yarıtmaz adlandırmaqla şərəf və ləyaqətini nalayiq formada alçaltmış, şəxsiyyətinə və iş fəaliyyətinə mənfi qiymət verməklə onu təhqir edərək müəllim kollektivinin gözündə nüfuzdan salmağa çalışmışdır. Bununla da Azərbaycan Respublikası CM-nin 148-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Belə ki, kütləvi çıxışında göstərir ki, o, məktəb və məktəbin rəhbərliyi barəsində şər və böhtan xarakterli məlumatları yayaraq şəxsi mənafeyini və çirkin əməllərini ört-basdır etməyə çalışmışdır. Halbuki o, həmişə dövlət mənafeyini üstün tutmuşdur, nəinki şəxsi mənafeyini. Bununla da ona böhtan ataraq Azərbaycan Respublikası CM-nin 147.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Qızının dərsə gəlməməsinə görə guya ona 200 manat rüşvət vermişdir. Məktəbin davamiyyət məsələsinə X5 baxır, o, yox. Bununla da onu ağır cinayətdə ittiham edərək Azərbaycan Respublikası CM-nin 147.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Pedaqoji Şuranın iclasından sonra o, öyrənmişdir ki, İlahə Mehdiyevanın adını hallandırdığı qızı 4-5 il əvvəl azərbaycan bölməsinin 11-ci sinfində təhsil almışdır. O, məktəbdə rus bölməsinin direktor müavinidir. Məktəbdə rus bölməsinə aid siniflər üzrə müəllimlərin dərs cədvəlini tərtib edərək ancaq tədrisə aid məsələlərlə məşğul olur. Hətta rus bölməsi üzrə şagirdlərin dərslərə davamiyyətinə də cavabdeh deyildir. Bütün məktəb üzrə bu səlahiyyət təşkilatçı direktor müavini Elnurə Ramazanovanın səlahiyyətindədir. Azərbaycan bölməsində tədrisə cavabdeh direktor müavini Nəriman Vəliyevdir. Azərbaycan bölməsi üzrə İlahə Mehdiyevanın rəfiqəsi Rahilə Məmmədova ibtidai siniflər üzrə direktor müavinidir. İ.Mehdiyevanın özü də azərbaycan bölməsində ibtidai sinif müəlliməsi işləyir. Özü müəllimə işlədiyi halda öz təşəbbüsü ilə qızını məktəbdən yayındırması həm müəllim adına, həm də məktəb adına ləkədir. Məktəbə gəlməməsinə görə qızı üçün xahiş edibsə də bunu niyə yaxından tanıdığı azərbaycan bölməsinin direktor müavini Nəriman Vəliyevdən, təşkilatçı direktor müavini Elmira Ramazanovadan və ya rəfiqəsi R.Məmmədovadan xahiş etməmişdir?. Heç bir yaxın münasibəti olmayan, bütün məktəbin tədrisinə deyil, yalnız rus bölməsində tədrisə cavabdeh olan direktor müavini ona etmişdir. Göründüyü kimi İlahə Mehdiyeva həmin iclasda onu rüşvət almaqda da təqsirləndirərək ona böhtan atmışdır. Onun göstərdiyi böhtan dolu ifadəsindən belə nəticəyə gəlinir ki, o, Azərbaycan Respublikası CM-nin 311-ci maddəsi ilə (rüşvət alma) cinayət törətmişdir. Göründüyü kimi İlahə Mehdiyeva bütün məktəb kollektivinin iştirak etdiyi Pedaqoji Şurada müəllim kollektivinin qarşısında onu ağır cinayətdə ittiham etmişdir. Təhsil haqqında Azərbaycan Respublikasının Qanununa və Müəllimlərin etik davranış Qaydalarının tələblərinə görə müəllim rəhbər işçilərin işini müzakirə edərək qiymətləndirə bilməz. Bu səlahiyyət ancaq işəgötürən kimi BŞTİ-nə və Təhsil Nazirliyinə aiddir. X12 Təhsil haqqında Azərbaycan Respublikasının Qanununa əsasən vəzifədə məktəb rəhbərlərinə (direktor və direktor müavinlərinə) tabe olan ibtidai sinif müəlliməsidir. O, kütlə içərisində onun ünvanına böhtan və təhqir xarakterli çıxışı bilərəkdən, qəsddən onu nüfuzdan salmaq üçün etmişdir. Göründüyü kimi onun barəsində söylədikləri ona qarşı təhqir və böhtandan ibarətdir. O, 1985-ci ildən əmək fəaliyyəti ilə məşğul olur, onun 28 ilini Nizami rayonu 201 saylı məktəbdə təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində işləmişdir. Məktəbdə müəllim-şagird kollektivi, valideynlər və yaşadığı Keşlə qəsəbə sakinləri arasında müəyyən hörmətə və nüfuza malikdir. Göründüyü kimi X1 çıxışda həm onu təhqir etmiş, həm də onu ağır cinayət törətməkdə ittiham edən böhtanı kütlə içərisində yaymışdır. İlahə Mehdiyevanın kütləvi çıxışda ona qarşı dediklərini təsdiq edən 2 şahidi vardır - 201 nömrəli məktəbdə coğrafiya müəlliməsi işləyən X10 və həmin məktəbdə tarix müəlliməsi işləyən X6r. Qeyd olunanları nəzərə alıb X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək həmin maddələr əsasında onun azadlıqdan məhrum edilməsi barədə hökm çıxarılmasını xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayət vermiş X3 şikayəti müdafiə edərək məhkəmədən xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsini və baxışa təyin edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayət vermiş X2 müdafiəçisi Müdafiəçi2 bildirmişdir ki, şikayətdə göstərilən hadisə 201 saylı məktəbin Pedaqoji Şurasının iclasında baş vermişdir. İlahə xanım Svetlana xanımın ünvanına təhqir xarakterli sözlər işlətmiş, ona böhtan atmışdır. Məlum olduğu kimi Svetlana xanıma böhtan ataraq 200 manat rüşvət aldığını bildirmiş, onu təhqir etmiş, hər hansı bir şəxsin fəaliyyətini qiymətləndirmək səlahiyyəti olmadığı halda 2022-2023-cü illərdə onun fəaliyyətini yarıtmaz adlandırmışdır. İlahə xanım öz çıxışında göstərmişdir ki, Svetlana xanım şəxsi mənafeyi və çirkin əməlləri naminə müəllimləri öz tərəfinə çəkir. Məktəb rəhbərliyi barədə mənfi rəy formalaşdırmağa çalışır, onu təhqir edir. Qeyd olunanları nəzərə alaraq məhkəmədən xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X9 bildirmişdir ki, səsyazmadan da göründüyü kimi, iclasda Komissiya tərəfindən tərtib olunmuş rəyi müəllimlərdən biri oxumaqda çətinlik çəkdiyi üçün edilən təklif əsasında rəyi o, oxumuşdur. O, heç kəsi təhqir etməmiş, hətta məlum olduğu kimi Svetlana xanım onu təhqir etmişdir. Hətta bir neçə gün əvvəl də onu iş yoldaşının yanında təhqir edərək “sən kimsən ki” demiş, daha sonra “sən əqidəsizsən, şəxsiyyətsizsən” demişdir. Svetlana xanım onu təhqir etdiyi, korrupsiyada ittiham etdiyi üçün o, əsəbləşərək istəmədən “sən vaxtında məndən 200 manat almadın mı” demişdir. Qızı ilə əlaqədar Svetlana xanıma 200 manat vermişdir. Göstərilənləri nəzərə alaraq məhkəmədən şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin müdafiəçisi Müdafiəçi1 bildirmişdir ki, məlum olduğu kimi Mehdiyeva İlahə araşdırma komissiyasının rəyini elan etmiş, həmin sözlər onun öz fikirləri deyildir. O, mətni üzündən oxumuşdur. Həmin rəyin məzmunu Bakı şəhər Təhsil İdarəsinin əmrində də öz əksini tapmışdır. X7 xanımı təhqir etmək fikri olmamışdır. Sadəcə komissiyanın üzvü olduğu üçün rəyi oxuyaraq elan etmişdir. Svetlana xanımın 200 manat almaq məsələsi ilə bağlı bildirmişdir ki, belə bir hal baş vermişdir və bunu sübut edən şahidlər də vardır. Orada deyilənlər ancaq tənqiddir. Göstərilənləri nəzərə alaraq məhkəmədən şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, şikayəti araşdıraraq hesab edir ki, xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbulundan imtina edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 302.1-ci maddəsinə əsasən şikayət həmin məhkəməyə aid olmadıqda; şikayət xüsusi ittiham qaydasında cinayət təqibinə hüququ olmayan şəxs tərəfindən verildikdə; şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda; cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə; barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməl ictimai və ya ictimai-xüsusi qaydada təqib edilməli olduqda; cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda; şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə; şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədikdə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilir. Həmin Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; şikayətin verildiyi tarix (il, ay və gün) və yer; şikayəti vermiş şəxsin imzası. Həmin Məcəllənin 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Həmin Məcəllənin 302.1.6 və 302.1.7-ci maddələrinə əsasən cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda; şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 302.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 302.1.2 - 302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarmalıdır. Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli, 3 nömrəli qərarının 5-ci bəndində qeyd edilmişdir ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, CM-nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1- 293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Cinayət qanunvericiliyinə görə böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma Azərbaycan Respublikası CM-nin 147.1-ci maddəsində; ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma Azərbaycan Respublikası CM-nin 147.2-ci maddəsində; təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma Azərbaycan Respublikası CM-nin 148-ci maddəsində nəzərdə tutulan cinayət məsuliyyətinə səbəb olur. Cinayət-prosessual qanunvericiliyinə görə, xüsusi ittiham qaydasında şikayət o zaman əsaslı hesab edilir ki, şikayətdə istinad olunan əməlin həqiqətdə baş vermiş olduğu, bu əməlin cinayət tərkibinin əlamətlərini özündə əks etdirdiyi, habelə həmin əməlin barəsində şikayət verilən şəxs tərəfindən törədildiyi müvafiq sübutlarla əsaslandırılsın. Məhkəmə iclasında müəyyən edilmişdir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X9 məktəbdə keçirilən Pedaqoji Şuranın iclasında ona edilən təklif əsasında araşdırma komissiyasının rəyini oxumuş, şurada öz fikirlərini deyil, rəydə yazılanları səsləndirmişdir. Bununla da, X4 xüsusi ittiham qaydasında şikayətinin yoxlanılması zamanı müəyyən edildi ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X4 əməlində cinayət əlamətləri yoxdur, həmin şikayət üzrə məhkəmə baxışının keçirilməsi və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsi üçün heç bir qanuni əsas yoxdur. Məhkəmə həmçinin şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlayaraq qeyd edir ki, xüsusi ittiham qaydasında şikayətdə şikayət vermiş şəxsin məşğuliyyət növü, vəzifəsi göstərilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X2 xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 300.1.3, 302.2.3 və 384.1.7-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: X4 Azərbaycan Respublikası CM-nin 147.1, 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə X2 xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbulundan imtina edilsin. Qərardan 20 gün müddətinə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №1(007)-206/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №1(007)-206/2024
28.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver