Məhkəmə qərarları › İş №1(007)-207/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-207/2023

05.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-207/2023 05.10.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, Əsədullayev İrfan İlyas oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs, xx xxxxxxxx 1982-ci ildə Kürdəmir rayonu, Atakişili kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, sonuncu dəfə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 11 yanvar 2018-ci il tarixli hökmü ilə, Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib, həmin Məcəllənin 67.1-ci maddəsi tətbiq edilməklə, qəti olaraq 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 04 oktyabr 2020-ci ildə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarında artıq miqdarda narkotik vasitəni əldə edərək daşımaqla saxlamışdır. Belə ki, o, 01 dekabr 2022-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu ərazisində istintaqa məlum olmayan şəxsdən qanunsuz olaraq, satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 1.180 qram olan narkotik vasitə heroin əldə edib üzərində saxlamaqla daşımış, 02 dekabr 2022-ci il tarixdə, saat 16 radələrində Nizami RPİ-nin 23-cü polis bölməsinin əməkdaşları tərəfindən ünvan 2 ünvanının yaxınlığında şübhəli şəxs qismində saxlanılaraq ünvan 3 ünvanda yerləşən Nizami RPİnin 23-cü PB-nin inzibati binasına gətirilmiş, orada xidməti otaqda üzərinə şəxsi axtarış keçirilərkən əynində olan ağ rəngli şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş təmiz çəkisi 1.180 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək göstərdi ki, o, narkotik maddə istifadəçisi olsa da, ittihamda göstərilən vaxt üzərində narkotik maddə olmamışdır. Belə ki, 02 dekabr 2022-ci il tarixdə Nizami RPİ-nin 23-cü PB-nin əməkdaşları yaşadığı ünvana gələrək barəsində şöbə rəisinə şikayətlə müraciət daxil olduğunu, bu səbəbdən də şöbəyə gəlməli və narkotik vasitəni boynuna götürməli olduğunu bildirmişlər. Əlavə olaraq ona bildirilmişdir ki, barəsində məcburi müalicə veriləcək ya da ki, “qandal” cəzası təyin ediləcəkdir, narahatçılığa səbəb yoxdur. Sonradan isə üzərinə narkotik vasitə qoyulmuşdur. Ona görə də özünü təqsirli bilmir. Polis işçiləri tərəfindən saxlanılarkən və sonradan da qanunsuz hərəkətlərə məruz qalmamış və döyülməmişdir. Polislər ona bildirmişlər ki, “ilin axırıdır, gərək bu ittihamı boynuna götürəsən”. O, əvvəllər məhkum olunsa da, polis əməkdaşlarının ona yalan deyəcəklərini düşünməmişdir. Sonda Təqsirləndirilən şəxs barəsində bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidi dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Şahid qismində dindirilmiş Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin Cinayət-axtarış üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, xx.xx.2022-ci il tarixdə 16 radələrində iş yoldaşı Şahid1 ilə birlikdə ünvan 6 ünvanın yaxınlığında da bir nəfər şəxsin özünü şübhəli aparmasını görmüşlər. Həmin şəxsə yaxınlaşıb xidməti vəsiqələrini göstərib özlərini təqdim edərək polis əməkdaşı olduqlarını bildirib şəxsiyyətini təsdiq edən sənəd soruşmuşlar. Həmin şəxs üzərində hər hansı bir sənədinin olmadığını bildirmişdir. Həmin şəxs özünü şübhəli apardığından və zahiri əlamətlərindən narkotik maddə qəbul edən şəxsə oxşadığı üçün onu Bakı Şəhər Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinə dəvət etmişlər. Həmin şəxs onlarla razılaşaraq birlikdə Bölməyə gəlmiş və onlar raport yazıb həmin şəxsi bölmənin növbətçi hissəsinə təhvil vermişlər. Bölmədə həmin şəxsin xx.xx.1982-ci ildə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Kürdəmir rayonu, Atakişili kəndində qeydiyyatda olmaqla, ünvan 7 ünvanda yaşayan Təqsirləndirilən şəxs olduğu müəyyən olunmuşdur. Bundan sonra bölmə rəisinin göstərişinə əsasən həmin şəxsin üzərində şəxsi axtarış aparılması və sənədləşmə üçün təhqiqatçı ayrılmışdır. Bundan sonra Bakı Şəhər Nizami RPİ-nin 23-cü PB-nin təhqiqatçısı polis baş leytenantı X2 tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, sonra onun və Nizami RPİ-nin 23-cü PB-nin CA üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 iştirakı ilə video çəkiliş vasitəsi ilə təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparmağa başlanmışdır. Şəxsi axtarış aparılmazdan əvvəl Rahim Məmmədova hüquq və vəzifələri, həmçinin vəkildən istifadə etmək hüququ izah edilərək vəkillərin siyahısı təqdim edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üstündə hər hansı qeyriqanuni və ya qanuni nə varsa təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan ağ rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofan bükümü çıxararaq təqdim etmişdir. Həmin 01 şəffaf rəngli sellofan bükümünün içərisinə baxdıqda həmin bükümün içərisində qəhvəyi rəngli toz şəkilli maddənin olduğu müşahidə olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, “əynində olan ağ rəngli şalvarının sağ yan cibindən çıxararaq təqdim etdiyi 01 ədəd şəffaf rəngli sellofan bükümünün içərisindəki narkotik vasitə heroindir. Təxminən 01 ilə yaxın olar ki, narkotik vasitə qəbul edir. O, həmin heroini 01 dekabr 2022-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu ərazisində tanımadığı şəxsdən 15 manata alıb əynində olan ağ rəngli şalvarının sağ yan cibinə qoyaraq öz istifadəsi üçün saxlamış, o narkotik vasitəni özü istifadə etdiyi üçün alıb, həmin narkotik maddəni yalnız özü istifadə edəcəkdir. Onun narkotik vasitə qəbul etməsindən, saxlamasından ailə üzvlərinin xəbəri olmamışdır”. Sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd şəffaf rəngli sellofan bükümdəki kütlə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan, bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 163 nömrəli möhürü ilə möhürlənərək götürülmüşdür. Bundan sonra şəxsi axtarışın çəkilişi təhqiqatçı tərəfindən dayandırılmışdır. İş materiallarında olan “şəxsi axtarış və götürmə aparılması barədə” və diskə baxış keçirilməsi barədə protokollardan görünür ki, Bakı Şəhər Nizami RPİ-nin 23-cü Polis Bölməsinin təhqiqatçısı, polis polis baş leytenantı X1 xidməti otağında şübhəli şəxs Təqsirləndirilən şəxs Nizami RPİ-nin 23-cii PB-nin CA üzrə əməliyyat müvəkkili, polis mayoru Şahid1 və baş leytenantı Şahid2 iştirakları ilə Təqsirləndirilən şəxs özünü təqdim etməsini təklif edir və həmin şəxs özü barədə məlumat verdikdən sonra ona təhqiqatçı tərəfindən Azərbaycan Respublikası CPM-nin 246-cı maddəsinin tələbləri izah edilərək üzərində əldə edilməsi, saxlanması və gəzdirilməsi qanunla qadağan olunmuş əşya və ya maddəni könüllü olaraq təqdim etməsi təklif edilir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan ağ rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofan bükümü çıxararaq təqdim etdi. Həmin 01 şəffaf rəngli sellofan bükümünün içərisinə baxdıqda həmin bükümün içərisində qəhvəyi rəngli toz şəkilli maddənin olduğu müşahidə olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirdi ki, əynində olan ağ rəngli şalvarının sağ yan cibindən çıxararaq təqdim etdiyi 01 ədəd şəffaf rəngli sellofan bükümünün içərisində narkotik vasitə heroindir. Təxminən 01 ilə yaxın olar ki, narkotik vasitə qəbul edir. O, həmin heroini 01 dekabr 2022-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu ərazisində tanımadığı şəxsdən 15 manata alıb əynində olan ağ rəngli şalvarının sağ yan cibinə qoyaraq öz istifadəsi üçün saxlamış, o narkotik vasitəni özü istifadə etdiyi üçün alıb, həmin narkotik maddəni yalnız özü istifadə edəcəkdir. Onun narkotik vasitə qəbul etməsindən, saxlamasından ailə üzvlərinin xəbəri olmamışdır. Sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirildi və şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilmədi. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd şəffaf rəngli sellofan bükümdəki kütlə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan, bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 163 nömrəli möhürü ilə möhürlənərək götürüldü. Bundan sonra şəxsi axtarışın çəklişi təhqiqatçı tərəfindən dayandırıldı. Diskdə yazılmış video çəkiliş 04 dəqiqə 36 saniyə davam etmişdir. DVD diskinə baxış keçirildikdən sonra protokol tərtib olunmuş və disk əvvəlki zərfinə qoyularaq cinayət işinə əlavə edilmişdir. İş materiallarında olan materialların məhkəmə ekspertizasının 03 dekabr 2022-ci il tarixli 6/6880 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 163" dairəvi möhür əksi, nə “...Şübhəli şəxs - Təqsirləndirilən şəxs-imza, iştirakçılar; iki imza; X3-imza..." yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfin içərisində bir ədəd bükümdə təmiz çəkisi 1.180 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in İ siyahısına (Siyahı İ) daxildir. Heroinin 0.05 qram hissəsi tədqiqata sərf edilmiş, 1.130 qram hissəsi isə tədqiqatdan sonra qalıq qalmışdır. İş materiallarında olan ambulator məcburi-narkoloji tibbi yoxlamanın 22 dekabr 2022ci il tarixli 7752 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin, opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan sübutların qiymətləndirilməsi haqqında 16 yanvar 2023-cü il tarixli qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş və protokol tərtib edilməklə götürülmüş təmiz çəkisi 1.180 qram olan heroin maddi sübut kimi tanınmış, tədqiqata 0.05 qram sərf edildikdən sonra 1.130 qram heronin qalığının saxlanılması üçün Nizami RPİ-nin saxlama kamerasına təhvil verilməsi, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmənin görüntülərini əks etdirən 01 ədəd DVD diskin iş üzrə maddi sübut kimi tanınması və cinayət işinin materiallarına əlavə edilməsi və.s qərara alınmışdır. Məhkəmə hesab edir ki, polis əməkdaşlarına inanması nəticəsində məhkəməyədək icraat zamanı etirafedici ifadələr verməsi və həmin vaxt üzərində narkotik vasitə olmaması barədə Təqsirləndirilən şəxs ifadəsi işdə olan sübutlarla, o cümlədən şahid ifadəsi ilə təsdiq olunmadığına görə qəbul edilə bilməz və özünümüdafiə məqsədi ilə verilmiş sayılmalıdır. Həmçinin, məhkəmə Təqsirləndirilən şəxs üzərində narkotik vasitənin aşkar edilməsi barədə protokola imza etməsini, sonradan isə şübhəli və təqsirləndirilən şəxs qismində etirafedici ifadələr verdiyini, həmin ərəfədə ibtidai istintaqı aparan müstəntiqə bilavasitə şikayət etmək imkanı olduğunu, lakin heç nə bildirməməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs guya yalnız cinayət işinə mahiyyəti üzrə baxan hakimə şikayət etmək istəməsi səbəbindən heç nə bildirməməsi barədə dəlili qəbul edilə bilməz. İş materiallarında olan baxış keçirilməsi haqqında protokoldan görünür ki, 01 ədəd “DVD” diskə baxış keçirildikdən sonra müvafiq protokol tərtib olunmuş və Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuş, heç bir şikayət və ərizə daxil olmamışdır. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “04” mart 2011-ci il tarixli, 02 nömrəli Qərarının 4-cü bəndindən görünür ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, əvvəllər məhkum olunmasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən olunmamışdır. Qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs, məhkumluğu ödənilmədən və ya götürülmədən, yenidən qəsdən cinayət törətməsinə görə barəsində azadlıqdan məhrum etmə cəzası təyin edilməli olmasını məhkəmə cinayətlərin təhlükəli residivi və Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 18.2.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda, cinayətlərin residivi təhlükəli sayılır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 15 dekabr 2022-ci il tarixli tələbnaməsindən və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 11 yanvar 2018-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs, Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 25 oktyabr 2010-cu il tarixli hökmü ilə, Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsi ilə təqsirli bilinib, 08 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Sonuncu dəfə isə Təqsirləndirilən şəxs, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 11 yanvar 2018-ci il tarixli hökmü ilə, Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib, 02 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən həmin hökmlə təyin edilmiş cəzaya Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 25 oktyabr 2010-cu il tarixli hökmü ilə, Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsi ilə təqsirli bilərək təyin edilmiş 08 il müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 06 ay 29 gün müddətinə hissəsi qismən birləşdirilməklə, üzərində qəti olaraq 03 il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzasının əvvəli 04 oktyabr 2017-ci il tarixdən hesablanmış, 04 oktyabr 2020-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. Azərbaycan Respublikası CM-nin 83.3 və 83.3.4-cü maddələrinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş sayılır. Bununla da işdə olan sübutlarla isə təsdiq olunur ki, məhkumluğu vaxtından əvvəl götürülməmiş Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini, ağır cinayət törətməyə görə əvvəllər məhkum olunduğu azadlıqdan məhrum etmə cəzasından şərti olaraq vaxtından əvvəl azad edildiyi gündən 6 il keçmədən törətmişdir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən təhlükəli residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin üçdə ikisindən az ola bilməz. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə növündə cəzanın xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Buna görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının son həddinin üçdə ikisindən az olmamaqla cəza təyin edilməli və cəzanın çəkilməsi ciddi rejimli cəzaçəkmə müəssəsində müəyyən edilməlidir. İş materiallarında olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 09 mart 2023-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və onun haqqında seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmiş, həbsdə saxlanma müddəti cinayət işi üzrə yekun qərar qəbul edilənə qədər müəyyən edilmiş, həbs etmənin əvvəli Təqsirləndirilən şəxs həbs edildiyi gündən hesablanmış, Təqsirləndirilən şəxs həbsdə saxlanma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanası müəyyən edilmiş və qərarın icrası Bakı şəhəri Nizami rayon Polis İdarəsinə həvalə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasının 17 aprel 2023-cü il tarixli, 3-16-17/40/2- 1817/2023 nömrəli məktubundan görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 09 mart 2023-cü il tarixli qərarı ilə barəsində axtarış elan olunmaqla həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Nizami RPİ-nin əməkdaşları tərəfindən tutularaq, xx.xx.2023-cü il tarixdə saxlanılması üçün 3 saylı İstintaq Təcridxanasına gətirilmişdir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır və tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxil edilir. İş materiallarında olan 02 dekabr 2022-ci il tarixli tutma protokolundan, vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında 04 dekabr 2022-ci il tarixli qərardan və eyni tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs, 02 dekabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 04 dekabr 2022-ci il tarixdə barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə müstəntiqin vəsatətindən imtina edilmiş və həmin tarixdə, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Buna görə də məhkəmə hesab edir ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 02 dekabr 2022-ci il tarixdən 04 dekabr 2022-ci il tarixədək tutulduğu 02 gün müddət Təqsirləndirilən şəxs təyin edilən azadlıqdan məhrum etmə növündə cəza müddətinə hesablanmalıdır. Bundan başqa, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 93 və 93-1ci maddələrinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1ci maddələrinə əsasən iş üzrə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 92 (doxsan iki) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalı, CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Nizami rayon Polis İdarəsinin maddi sübutların saxlanması kamerasında saxlanılan, xalis çəkisi 1.130 qram olan narkotik vasitə heroin məhv edilməli, iş üzrə maddi sübut kimi tanınmış və cinayət işində saxlanılan 01 ədəd “DVD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin işdə iştirak etdiyi müddət 30 iş saatı müddətinə bərabər olduğundan, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 180 manat (30x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona, 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı tutulduğu 2 (iki) gün müddət cəzaçəkmə müddətinə hesablanaraq, ona çəkilməsi üçün qəti olaraq, 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətində azadlıqdan məhrum etmə cəzası müəyyən edilsin. Cəzanın çəkilməsi Təqsirləndirilən şəxs ciddi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Cəzaçəkmə müddətinin əvvəli 13 aprel 2023-cü il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin. İş üzrə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 92 (doxsan iki) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Nizami rayon Polis İdarəsinin maddi sübutların saxlanması kamerasında saxlanılan, xalis çəkisi 1.130 qram olan narkotik vasitə heroin məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış və cinayət işində saxlanılan 01 ədəd “DVD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Təqsirləndirilən şəxs 30 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi VÖEN – ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 180 manat əmək haqqı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən isə apellyasiya şikayəti hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar