Məhkəmə qərarları › İş №1(007)-207/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-207/2025

25.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-207/2025 25.04.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxx 1988-ci il tarixdə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, iki uşağı olan, işləməyən, məhkumluğu olmayan, İsmayıllı şəhəri M.F.Axundov küçəsi, dalan 2, ev 2-də qeydiyyatda olan, Bakı şəhəri Nizami rayonu, M.Hacızadə küçəsi, ev 81, mənzil 12-də yaşayan, hazırkı işlə bağlı 10 dekabr 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 12 dekabr 2024-cü il tarixdə tutmadan azad olunaraq barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş- Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə metamfetamin əldə edib saxlamış və daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 0,333 qram çəkidə psixotrop maddə metamfetamin əldə edərək üzərində saxlayıb daşımış, 10 dekabr 2024-cü il tarixdə saat 18:30 radələrində Bakı şəhəri Nizami rayonu, Q.Qarayev prospekti, 61 ünvanının qarşısında Nizami rayon polis idarəsinin 25-ci polis şöbəsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılaraq ünvan 3 ünvanında yerləşən Nizami RPİ-nin 25-ci polis şöbəsinə aparılaraq üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki boz rəngli cins şalvarının sol yan cibindən 01 ədəd siqaretin qızılı rəngli kağız bükümündə təmiz çəkisi 0,333 qram olan ağ rəngli kristalşəkilli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bu hərəkəti ilə X2 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, təxminən 3 il olar ki, psixotrop maddə metamfetamin istifadə edir, narkotik vasitə və psixotrop maddə istifadəçisi olduğuna görə əvvəllər məhkum olunmuşdur. Lakin narkotik vasitələrin və psixoptrop maddələrin satışı ilə məşğul olmur. O, psixoptrop maddə olan metamfetaminin bir bükümünü 20 manata olmaqla “İnstagram” sosial şəbəkəsində tanış olduğu adını bilmədiyi İran vətəndaşından alır və özü istifadə edir. Həmin şəxsin mobil telefon nömrəsini bilmir və onunla heç vaxt telefon danışıqları da olmamışdır. Sonuncu dəfə 09 dekabr 2024-cü il tarixdə “İnstagram” sosial şəbəkəsində tanımadığı şəxsə sms yazaraq bir büküm psixotrop maddə metamfetamin lazım olduğunu bildirmiş və həmin şəxsin ona göndərdiyi “Kapital bank”ın kartına 20 manat pul köçürmüşdür. Sonra həmin şəxs metamfetamini götürəcəyi ünvanın konumunu göndərdiyindən o da konumda olan ünvana, yəni Bakı şəhəri Nizami rayonu Q.Qarayev prospektindəki qarajların yanından daşın altından bir büküm şəffaf sellofanın içərisində siqaretin qızılı kağız kəsiyinə bükülmüş metamfetamini götürüb əynindəki boz rəngli cins şalvarının sol yan cibinə qoymuşdur. Bundan sonra yaşadığı ünvana getmiş və “İnstagram” sosial şəbəkəsində metamfetamini ona satan şəxslə yazışdıqları sms-ləri və həmin şəxsin profilini silmişdir. 10 dekabr 2024-cü il tarixdə saat 18:30 radələrində işləri ilə əlaqədar Nizami rayonu Q.Qarayev prospekti, 61 ünvanına getmiş və binanın blokunda olan zaman iki nəfər mülki formada şəxs ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşı olduqlarını, narkotik maddənin əldə edilməsi və istifadəçisi kimi şübhəli olduğunu bildirib onun üzərinə həmin binanın blokunda baxış keçirmişlər. Daha sonra onu 25-ci polis şöbəsinə dəvət etmişlər, o da etiraz etməyib onlarla birlikdə 25-ci polis şöbəsinə getmişdir. Polis şöbəsində vəkil dəvət edilmiş, inzibati otaqların birində vəkilin iştirakı ilə videoçəkiliş aparılmaqla üzərinə yenidən şəxsi axtarış keçirilmişdir. Axtarış zamanı ona üzərində qanunla dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya və ya predmet varsa onları təqdim etməyi təklif olunmuşdur. Bundan sonra o, əynində olan boz rəngli cins şalvarın sol yan cibindən bir ədəd siqaretin qızılı kağız bükümünü onlara təqdim edərək həmin bükümdə “patı” kimi tanıdığı narkotik maddə olduğunu, həmin bükümü “İnstagram” sosial şəbəkəsində tanış olduğu İran vətəndaşından 20 manata öz istifadəsi üçün aldığını bildirmişdir. Həmçinin şavarının sağ yan cibindən 01 ədəd “Honor” markalı mobil telefonunu da təqdim etmişdir. Daha sonra həmin narkotik maddə onun və iştirakçıların yanında içərisi boş zərfə qoyularaq qablaşdırılmış, digər iştirakçılarla birlikdə zərfin üzərini imzalamışdır. Həmçinin şəxsi axtarışla bağlı tərtib olunmuş protokolu da imzalamışdır. Təqsirləndirilən şəxs ifadəsinin sonunda əməlindən səmimi peşman olduğunu, azyaşlı uşaqları olduğunu nəzərə alaraq, barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri Nizami rayon polis idarəsinin 25-ci polis şöbəsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. 10 dekabr 2024-cü il tarixdə şöbənin digər əməliyyat müvəkkili Şahid2la birlikdə 25ci polis şöbəsinin inzibati ərazisində xidmətdə olmuşlar. Saat təxminən 18:30 radələrində Nizami rayonu Q.Qarayev prospekti, 61 ünvanının qarşısında olarkən bir nəfər şəxsin şübhəli vəziyyətdə dayandığını görmüşlər. Həmin şəxsə yaxınlaşmış və özlərini təqdim edib polis əməkdaşı olduqlarını bildirərək orada nə etdiyini maraqlananda, o, özünü şübhəli aparmış, özünü təqdim etməsini istədikdə isə bundan imtina etmişdir. Həmçinin onun xarici görünüşündə də narkotik vasitə istifadəçisinə xas əlamətlər olduğundan onlarda şübhə yaranmışdır. Ona görə həmin şəxsi araşdırma aparılması məqsədilə 25-ci polis şöbəsinə dəvət etmişlər, birlikdə polis şöbəsinə getdikdən sonra bu barədə şöbə rəhbərliyinə raport vermişlər. Polis şöbəsində həmin şəxsin əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxs olması müəyyən edilmiş, həmçinin təhqiqatçı tərəfindən zəruri prosessual hərəkətlər həyata keçirilmiş və vəkil dəvət edilmişdir. Daha sonra onların və vəkilin iştirakı ilə videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya varsa onu təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs də əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən bir ədəd “Honor” markalı mobil telefonu, sol yan cibindən isə bir ədəd siqaretin qızılı rəngli kağız bükümünü çıxardaraq masanın üstünə qoymuşdur. Təhqiqatçı bükümü açdıqda onun içərisində ağ rəngli kristalşəkilli psixotrop maddə metamfetaminə bənzər maddə olduğu görünmüşdür. Təqsirləndirilən şəxs şifahi sorğulara cavab olaraq həmin maddənin “patı” kimi tanıdığı narkotik olduğunu və narkotik istifadəçisi olduğu üçün həmin bükümü də sosial şəbəkə vasitəsilə tanıdığı İran vətəndaşından onlayn qaydada öz istifadəsi üçün 20 manata aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılsa da başqa hər hansı əşya tapılmamışdır. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs təqdim etdiyi büküm zərfə qoyulub möhürlənmiş və şəxsi axtarışla bağlı protokol tərtib edilmişdir. Bütün iştirakçılar zərfin üzərini və protokolu imzalamışlar. Qeyd olunan tədbirlərin həyata keçirilməsi zamanı Təqsirləndirilən şəxs özünü səmimi aparmış, tərəflərindən ona qarşı qanunsuz hərəkətə yol verilməmiş, hər hansı təzyiq göstərilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami rayon polis idarəsinin 25-ci polis şöbəsinin əməliyyat müvəkkili Şahid2, şahid Z.Z.Rzayevlə eyni məzmunlu ifadə vermişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 11 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (i.v. 1) - 10 dekabr 2024-cü il və 12 dekabr 2024-cü il tarixli protokollardan görünür ki, Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nin əməkdaşları tərəfindən qanunsuz olaraq narkotik vasitələri əldə etməkdə və istifadəsində şübhəli olan Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami rayonu, Q.Qarayev prospekti, 61 ünvanının qarşısında 10 dekabr 2024-cü il tarixdə saat 18:30-da saxlanılaraq Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nə gətirilmiş, onun hüquqlarının müdafiə edilməsi üçün vəkil dəvət olunmuş, bundan sonra Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. 10 dekabr 2024-cü il tarixdə videoçəkiliş aparılmaqla şübhəli şəxs şəxsi axtarış və götürmə haqqında qərarla tanış edilərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları könüllü sürətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki boz rəngli cins şalvarın sağ yan cibindən “Honor” markalı mobil telefonu və şalvarının sol yan cibindən siqaretin qızılı rəngli kağızı kəsiyinə bükülmüş bir ədəd bükümü masanın üzərinə qoymuşdur. Şifahi sorğu zamanı o, həmin bükümdə “patı” kimi tanıdığı narkotik vasitə metamfetamin olduğunu və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd siqaretin qızılı rəngli kağız kəsiyində ağ rəngli, kristal şəkilli psixotrop maddəyə bənzər maddənin olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmçinin, həmin maddəni 20 manata sosial şəbəkə vasitəsi ilə İran İslam Respublikasının vətəndaşından onlayn qaydada aldığı bildirmişdir. Əlavə baxış zamanı Təqsirləndirilən şəxs üzərində başqa hər hansı bir predment aşkar edilməmişdir. Aşkar olunmuş 01 ədəd bükümdə içərisində ağ rəngli, kristal şəkilli psixotrop maddəyə bənzər maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan ekspertizaya təqdim edilməsindən ötrü bir ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək götürülmüşdür. Təqsirləndirilən şəxs məxsus bir ədəd “Honor” markalı mobil telefon iş üçün sübut əhəmiyyəti kəsb etdiyindən götürülmüşdür. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Protokol iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuş, iştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamışdır. Protokol düzgün tərtib edilmiş, imzalarla təsdiq edilmişdir. Şəxsi axtarış və götürmə zamanı qeydə alınmış videogörüntülərə 12 dekabr 2024-cü il tarixdə müstəntiq tərəfindən keçirilən baxış zamanı yuxarıda qeyd olunanların öz təsdiqini tapdığı müəyyən edilmişdir. (i.v. 27-28, 56) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş fiziki-kimyəvi ekspertizasının 11 dekabr 2024-cü il tarixli 6/5442 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün №165” möhür əksi, “Vətəndaş Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəyə bənzər maddə...” və s. soyadlar, imzalar olan zərfdəki ədəd bükümdə təmiz çəkisi 0,333 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metafetamindir. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş siyahılar üzrə metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir. Qeyd: metamfetaminin təmiz çəkisi 0,333 qram olmuş, tədqiqata 0,05 qram sərf edilmiş, 0,283 qram qalıq qalmışdır. (i.v. 43-45) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsin Ambulator Məcburi-Narkoloji tibbi yoxlamasına dair 11 dekabr 2024-cü il tarixli 7764 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin, kannabinoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v. 95-96) - 17 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən saxlanılmış, Təqsirləndirilən şəxs götürülmüş bir ədəd bükümdə təmiz çəkisi 0,333 qram olan psixotrop maddə metamfetamin cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış, aparılmış tədqiqatlardan sonra qalıq qalmış 0,238 qram psixotrop maddə metamfetamin saxlanması üçün Nizami RPl-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılarkən aparılmış videoçəkilişin 1 ədəd DVD diski iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınaraq cinayət işinin materiallarındla saxlanılmış, “Azercell” şirkətindən daxıl olmuş məlumatların əks olunduğu CD diski sübut növü kimi tanınmış və iş materiallarına əlavə edilməsi nəzərə alınmış, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin tərkibi olmadığından barəsində həmin maddə ilə cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs aşkar edilmiş psixotrop maddəni əldə etmə mənbəyinin müəyyən edilməsi üçün əməliyyat tədbirlərinin davam etdirilməsi məqsədi ilə cinayət işindən material ayrılaraq Nizami RPİ-nin 25-ci polis şöbəsinə göndərilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234-cü maddəsinin qeydi tətbiq edilməmiş, “Honor” markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etmədiyindən Təqsirləndirilən şəxs özünə qaytarıldığı nəzərə alınmışdır. (i.v. 109-115) Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Məhkəmə qeyd edir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi; məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması hesab olunur. Birləşmiş Millətlər Təşkilatının 30 mart 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyası, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” və 19 dekabr 1988-ci il tarixli “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” konvensiyalarında narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanun-suz dövriyyəsi beynəlxalq cinayət hesab edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli Qərarının 4-cü və 5-ci bəndlərinə əsasən məhkəmələrə izah edilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin xeyli miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə müəyyən olunmuşdur. Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasının izahı verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri və ya psixotrop maddələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək qeyd edir ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş psixotrop maddənin mənbəyinin müəyyən edilməsi faktının araşdırılması məqsədi ilə material ayrılmışdır və nəticəsindən asılı olaraq hüquqi qiymət veriləcəkdir. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirliliyi özünün etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, məhkəmə ekspertizalarının rəyləri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Odur ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 234.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarında əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - həmin maddədə nəzərdə tutulmuş cinayət məsuliyyətinə səbəb olur, bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: - 10 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs kimi həmin tarixdə tutulmuşdur. (i.v. 18) - 12 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsinə dair məhkəməyə təqdimat verilməsi barədə müstəntiqin vəsatətinin müdafiə olunmasından ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən imtina edilmiş, onun barəsində həbslə bağlı olmayan digər qətimkan tərdbiri seçilməsi qərara alınmışdır. (i.v. 73-74) -Bakı şəhəri Nizami RPİ-nin istintaq şöbəsinin müstəntiqinin 12 dekabr 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (i.v. 75) -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 14 yanvar 2025-ci il tarixli tələbnamədən və qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs İsmayıllı Rayon Məhkəməsinin 20 dekabr 2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirli bilinib, 02 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 14 fevral 2013-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş 10 ay 07 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş; Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 18 oktyabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq 01 il 09 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 28 iyun 2022-ci il tarixli qərarı ilə hökm dəyişdirilib, cəzası 01 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Amnistiya Qərarının 4-cü hissəsinə əsasən həmin cəzası 06 ay azaldılaraq 09 ay müddətində müəyyən edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, 30 sentyabr 2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. (i.v. 93-94) -“Elektron məhkəmə” informasiya sistemindən çıxarışdan görünür ki, X4 13 iyun 2016-cı il tarixdə, X1 07 avqust 2018-ci il tarixdə doğulmuşlar. Məhkəmə Azərbaycan Respublikası CM-nin 83.6-cı maddəsinin tələbi baxımından qeyd edir ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir və o, məhkumluğu olmayan şəxs hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə törətdiyi əməl həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqlarının olmasını Azərbaycan Respublikası CM-nin 59.1-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal qismində Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən, cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, işin faktiki hallarını nəzərə alaraq və onun cəmiyyətdən təcrid edilmədən islah olunmasının qeyri-mümkün olması qənaətinə gələrək, hesab edir ki, təqsirləndirilən şəxsə daha yüngül cəza təyin edilməsi üçün əsaslar müəyyən edilməmişdir, törətdiyi cinayətlərə görə barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir. Məhkəmənin qənaətinə görə, tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir. Ona görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu, həbsdə saxlanıldığı və ev dustaqlığında saxlanıldığı müddətlər onun həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hazırkı işlə bağlı 10 dekabr 2024-cü il tarixdən 12 dekabr 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu cəmi 02 gün müddət, azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılmaqla, üzərində qəti müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, cəzaçəkmə müddətinin başlanğıcı isə yekun məhkəmə aktının çıxarıldığı hazırkı tarixdən hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı cəza təyin edilməli olduğundan, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilib hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmaqla, həbs qətimkan tədbiri ilə əvəz olunmalı və o, məhkəmə iclas zalında dərhal həbs edilməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınaraq Bakı şəhəri Nizami RPİ-nin maddi sübutları saxlama kamerasında saxlanılan, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalmış psixotrop maddə məhv olunmalı, içərisində şəxsi axtarış və götürmə zamanı qeydə alınmış videogörüntülər olan 01 ədəd disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır; CPM-nin 198.1ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə, Ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi qaydada müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti olmadığından qərar əsasında dövlət hesabına dəvət olunmuş vəkilin məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsə göstərdiyi hüquqi xidmətlərə görə (Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən) hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 07 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 10 dekabr 2024-cü il tarixdən 12 dekabr 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılıb, üzərində qəti olaraq 06 (altı) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 25 aprel 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilib hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmaqla, həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalında dərhal həbs edilsin. Təqsirləndirilən şəxs müvafiq rejim üzrə cəzaçəkmə müəssisəsinə göndərilməsinədək həbsdə saxlanılma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı istintaq təcridxanası müəyyən edilsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi qaydada müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Maddi sübut qismində tanınmış, Təqsirləndirilən şəxs aşkar edilərək götürülməklə Bakı şəhəri Nizami RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş, ekspertiza tədqiqatından sonra qalan 0,283 qram psixotrop maddə metamfetamin məhv edilsin, içərisində şəxsi axtarış və götürmə zamanı qeydə alınmış videogörüntülər olan 01 ədəd CD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Məhkəmə məsrəfi olan 110 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub, dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı dövründə 30 iş saatı göstərdiyi pulsuz hüquqi yardıma görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi müvafiq hesablaşma hesabı üzərindən 180 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar