Məhkəmə qərarları › İş №1(007)-208/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-208/2021

30.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-208/2021 30.07.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, zərərçəkmiş şəxslər-Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, onun müdafiəçisi-Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxx 1966-cı il tarixdə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 21 aprel 2006-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 206.3.2, 228.1, 234.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib, həmin Məcəllənin 66.3cü maddəsinə əsasən 08 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 21 iyun 2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib, həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən 10 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 28 noyabr 2016-cı il tarixli qərarı ilə 03 ay 04 gün vaxtından əvvəl şərti azad olunmuş, 02 mart 2017-ci il tarixdə cəzasını tam çəkdiyi üçün qeydiyyatdan çıxarılmış, məhkumluğu ödənilməmiş, Yevlax şəhəri, Xəqani küçəsi, ev 27-də qeydiyyatda olan, 16 fevral 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 18 fevral 2021-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı istintaq təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 180.2.4 və 180.2.5ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs zərərçəkmis şəxsə xeyli miqdarda ziyan vurmaqla və insan həyatı və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə özgə əmlakını açıq yolla talayıb soyğunçuluq etmiş, bundan başqa təkrarən özgə əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını açıq yolla talama məqsədi ilə 13 fevral 2021-ci il tarixdə saat 13 radələrində ünvan 1 ünvanda yerləşən “Kontakt Home” mağazasının qarşısında saxlanılmış Zərərçəkmiş şəxs2 məxsus “VAZ 2107” markalı ** OV *** qeydiyyat nişanlı avtomobili ələ keçirmək məqsədi ilə həmin zaman Zərərçəkmiş şəxs2 oğlu Zərərçəkmiş şəxs1 avtomobildə əyləşməsi səbəbindən qapılarının açıq və açarının üzərində olmasından istifadə edərək avtomobilin sol qabaq qapısını açıb sükan arxasında əyləşərək mühərriki işə salmaq istəyən zaman, onun qanunsuz hərəkətlərinin qarşısını almağa çalışan Zərərçəkmiş şəxs1 əlindən öz əli ilə vurmaqla həyat və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq edərək, sonuncunu avtomobildən düşürdükdən sonra, avtomobili hərəkətə gətirərək idarə edib hadisə yerindən uzaqlaşmaqla açıq yolla talayıb, ümumilikdə Zərərçəkmiş şəxs2 7500 manat dəyərində xeyli miqdarda ziyan vurmaqla soyğunçuluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 14 fevral 2021-ci il tarixdə saat 17 radələrində müştəri kimi gəldiyi Zərərçəkmiş şəxs3 işlətdiyi ünvan 2 ünvanda yerləşən dərzi köşkündə güya paltarlarını öz bədən ölçülərinə uyğunlaşdırmaq barədə Zərərçəkmiş şəxs3la söhbət apararaq, sonuncunun fikrinin yayınmasından istifadə edib masa üzərində olan Zərərçəkmiş şəxs3 məxsus üzərində 5 manat dəyərində 055 662 98 09 nömrəli sim kartı olan 550 manat dəyərində 1 ədəd “Samsung J2” markalı mobil telefon aparatını gizli olaraq talamaqla, ümumilikdə Zərərçəkmiş şəxs3 555 manat dəyərində maddi ziyan vuraraq oğurluq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 180.2.4 və 180.2.5-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.2, 180.2.4 və 180.2.5-ci maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Yevlax şəhərində tək yaşamışdır, rayonda işi olmadığından fikirləşmişdir ki, Bakı şəhərinə gəlib burada iş tapıb işləsin. 13 fevral 2021-ci il tarixdə səhər saat 6 radələrində Bakı şəhərinə gəlib “8-ci km bazarı”nda iş tapmaq istəsə də, tapa bilməmişdir. Saat təxminən 13 radələrində Nizami rayonu, Q.Qarayev prospektində yerləşən “Kontakt Home” mağazasının qarşısında olan zaman bir “VAZ 2107” markalı avtomobilin dayandığını və arxa oturacaqda bir oğlanın əyləşdiyini görmüşdür. Həmçinin avtomobilin açarı da üzərində olmuşdur. O, fikirləşmişdir ki, həmin avtomobili oğurlayıb aparıb hissələrə bölüb sataraq pul qazansın. Avtomobilin qabaq oturacağında əyləşib avtomobili işə salmış və oğlana demişdir ki, avtomobildən yerə düşsün. Lakin sonradan adı ona məlum olan Nurlan arxa oturacaqdan qabaq sağ oturacağa keçib avtomobilin onun atası Mübarizə məxsus olduğunu demiş və əlini atıb avtomobili söndürmüşdür. O, təkrar avtomobili işə salaraq Nurlanı itələyib avtomobildən yerə düşürmüşdür. Lakin bu zaman Nurlana xəsarət yetirməmişdir. Avtomobili sürərək oradan kənarlaşmış və avtomobili Yeni Suraxanı qəsəbəsində yerləşən kimsəsiz bir yerə sürüb tikiliyə salmışdır. Bu vaxt əvvəldən tanımadığı Həsən adlı şəxs oraya gəlmişdir. O, Həsənə demişdir ki, rayonda yaşayır, burada qalmağa yeri yoxdur. Bu maşın da özünündür, söküb satacaqdır. Buna görə Həsəndən köməklik istəmiş, onun üçün bir taksi avtomobili çağırmasını demişdir. Həsən taksi çağırdıqdan sonra çıxıb getmişdir. Sonra avtomobilin 4 ədəd disk şinini taksi şoferinə vermişdir ki, pulunu sonra versin, pioner maqnitofonunu səsgücləndiricilərlə söküb bir yerə qoymuşdur ki, sonra götürüb satar. 14 fevral 2021-ci il tarixdə saat təxminən 17 radələrində “Kontakt Home” mağazasının yanına gələrək oradan aşağı küçə, yəni Q.Qarayev prospekti 94-də yerləşən dərzi köşkünə girmişdir ki, paltarını düzəltdirsin. Bu vaxt oradan bir ədəd “Samsung J2” markalı telefonu götürüb getmişdir. Sonradan avtomobilin yanına getdikdə görmüşdür ki, avtomobili aparıblar. Bilmişdir ki, işin üstü açılıb, ona görə oraya getməmişdir. 16 fevral 2021-ci il tarixdə saat təxminən 17 radələrində taksi avtomobili ilə telefonu oğurladığı yerə getmiş və həmin telefonu taksidə qoyub düşmüşdür ki, bir az sonra gələcək və gedəcəklər. Sonradan oraya gəldikdə taksini görməmişdir. Polislər onu tutub 24-cü polis şöbəsinə apardıqda ona məlum olmuşdur ki, taksinin sürücüsü telefonu polislərə təqdim etmişdir. Həmin taksi sürücüsü disk-şinləri gətirib avtomobilin üzərinə taxmış, maqnitofon və səsgücləndiricini isə gizlətdiyi yerdən könüllü olaraq 24-cü polis şöbəsinə təhvil vermişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs həmin əməlləri pula ehtiyacı olduğuna görə törətdiyini, əməlindən səmimi peşmançılıq çəkdiyini, zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələblərinin olmadığını nəzərə alaraq, barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 13 fevral 2021-ci il tarixdə saat təxminən 13 radələrində atası Mübarizin idarə etdiyi “VAZ 2107” markalı avtomobillə o və anası Nizami rayonu, Q.Qarayev prospekti, 81 ünvanında yerləşən “Kontakt Home” mağazasına getmişlər. Atası açarı avtomobilin üzərində qoyaraq qapını pultla bağlamış və mağazaya daxil olmuşlar. Lakin sonradan pultu atasından alaraq gedib avtomobilin arxa oruracağında əyləşmişdir. Bu vaxt bir nəfər şəxs, sonradan tanıdığı Təqsirləndirilən şəxs gəlib sükan arxasında əyləşmişdir. Bunun səbəbini soruşduqda, Təqsirləndirilən şəxs bildirmişdir ki, beli ağrıyır, yorulmuşdur. O, dəfələrlə demişdir ki, avtomobildən düşsün, lakin Təqsirləndirilən şəxs düşməmişdir. Ona yazığı gəlib bir söz deməmişdir. Sonra qabaq sağ oturacağa keçdikdə, Təqsirləndirilən şəxs avtomobili işə salmışdır. O isə, tez avtomobilin mühərrikini söndürmüşdür. Buna baxmayaraq Təqsirləndirilən şəxs onun əlindən itələyərək yerə düşməyini demişdir. O, qorxduğu üçün avtomobildən yerə düşmüş, Təqsirləndirilən şəxs isə avtomobili idarə edib çıxıb getmişdir. O, mağazaya girib ata və anasına bu barədə məlumat vermiş, hər şeyi olduğu kimi danışmışdır. Təqsirləndirilən şəxs əlindən itələyib onu yerə düşürən zaman sol əlində, yerə düşdükdən sonra isə sol ayağında ağrılar hiss etmişdir. Bədənində zədə izi qalmasa da, ekspertizadan keçmişdir. Hazırda onun Təqsirləndirilən şəxs qarşı şikayəti və tələbi yoxdur. Qanuna uyğun qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 13 fevral 2021-ci il tarixdə saat təxminən 13 radələrində idarə etdiyi “VAZ 2107” markalı ** OV *** qeydiyyat nişanlı avtomobillə həyat yoldaşı və oğlu Nurlanla birlikdə Nizami rayonu, Q.Qarayev prospekti, 81 ünvanında yerləşən “Kontakt Home” mağazasına getmişlər. O, açarı avtomobilin üzərində qoymuş, qapını pultla bağladıqdan sonra onlar mağazaya daxil olmuşlar. Lakin sonradan Nurlan pultu ondan alıb avtomobildə əyləşməyə getmişdir. Bir neçə dəqiqə sonra Nurlan yanlarına gələrək ona təcili “102”-yə zəng vurmasını, avtomobilini qaçırdıqlarını demişdir. O, təcili “102” xidmətinə zəng vurmuş, bundan sonra həyətə çıxdıqda həqiqətən avtomobilinin yerində olmadığını görmüşdür. Nurlan ona bildirmişdir ki, bir nəfər onu hədələyib avtomobili qaçırmışdır. Şikayəti ilə bağlı onları Nizami RPİ-nin 24-cü polis şöbəsinə dəvət etmişlər. Bundan sonra polis əməkdaşları müəyyənləşdirmişlər ki, avtomobili Təqsirləndirilən şəxs adlı şəxs qaçırmışdır. İstintaq zamanı avtomobili tapılaraq özünə təhvil verilmişdir. Oğurluq hadisəsindən əvvəl avtomobilinə 7500 manat versələr də, satmamışdır, ona görə hesab edir ki, soyğunçuluq əməli zamanı ona 7500 manat məbləğində maddi ziyan vurulmuşdur. Avtomobili geri qaytarıldığına görə Təqsirləndirilən şəxs qarşı şikayəti və tələbi yoxdur. Qanuna uyğun qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs3 məhkəməyə poçt vasitəsilə teleqram göndərərək, onun iştirakı olmadan işə baxılaraq qərar çıxarılmasını xahiş etmiş, Təqsirləndirilən şəxs qarşı şikayəti olmadığını göstərmişdir. Bununla əlaqədar həmin zərərçəkmiş şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq edilmişdir. Zərərçəkmiş şəxs sözügedən ifadəsində göstərmişdir ki, ünvan 2 evin zirzəmisində yerləşən dərzi köşkünü icarəyə götürüb işlədir. 14 fevral 2021-ci il tarixdə saat təxminən 17 radələrində işdə olduğu vaxt hazırda şəxsiyyəti ona məlum olan Təqsirləndirilən şəxs oraya gəlib ondan dəri gödəkçə istəmişdir. O, arxa otağa keçib qayıtmış və ona sifariş etdiyini tapa bilmədiyini demişdir. Həmçinin o, paltarını da düzəltdirməyi desə də, bunları etməyib çıxıb getmişdir. O, getdikdən sonra görmüşdür ki, üzərində bir ədəd 5 manat dəyərində ***-***-**-** mobil nömrə olan 363555/08/404821/9 və 363555/08/404821/7 İmey kodlu 550 manat dəyərində telefonunu da gizlin olaraq oğurlayıb özü ilə aparmışdır. Yəni, ümumilikdə ona 555 manat ziyan dəymişdir. 16 fevral 2021-ci il tarixdə onu Nizami RPİ-nin 24-cü PŞ-nə dəvət etdikdə ona məlum olmuşdur ki, Adili tapıblar və telefonu da müəyyən edilib götürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, özünün rəsmi iş yeri olmadığından “Nexia” markalı ** PB *** dövlət qeydiyyat nişanlı avtomobili ilə taksi kimi fəaliyyət göstərir. 16 fevral 2021-ci il tarixdə saat təxminən 16:40 radələrində Suraxanı rayonu, Suraxanı qəsəbəsində şəxsiyyəti sonradan ona məlum olan Təqsirləndirilən şəxs onu saxlatdırıb “Neftçilər” metrosunun yanına getmək istədiyini demişdir. O, razılaşıb Təqsirləndirilən şəxs həmin metronun yanına aparmışdır. Təqsirləndirilən şəxs “Samsung” markalı mobil telefonu oturacağın üzərinə qoymuş və bir neçə dəqiqəyə gələcəyini bildirmişdir. Lakin o, Təqsirləndirilən şəxs gəlmədiyini görüb şübhələnmiş və 24-cü polis şöbəsinə gedərək həmin telefonu oraya təqdim etmişdir. Orada ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs həmin telefonu 2 gün əvvəl Q.Qarayev prospekti, 94 ünvanında yerləşən dərzi köşkündən Famil adlı şəxsdən oğurlamışdır. Bundan başqa onun kiminsə avtomobilini qaçırdığı da məlum olmuşdur. Şahid X3 məhkəməyə poçt vasitəsilə teleqram göndərərək, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, xəstə olduğu üçün məhkəmədə iştirak edə bilmədiyini göstərmişdir. Bununla əlaqədar həmin şahidin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq edilmişdir. Şahid sözügedən ifadəsində göstərmişdir ki, 13 fevral 2021-ci il tarixdə saat təxminən 15 radələrində Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsindən evlərinə qayıdan zaman sonradan adı ona məlum olan Təqsirləndirilən şəxs ona yaxınlaşıb tikilidə saxladığı özünə məxsus “VAZ 2107” markalı avtomobildən bir neçə detal söküb satmaq istədiyini demişdir. O, əvvəl tərəddüd etsə də, Adil demişdir ki. ehtiyacı olduğundan detalların bəzilərini satır. Onun köməkliyinin nədən ibarət olacağını soruşanda, Adil demişdir ki, taksi avtomobili çağırsın, başqa heç nə. Buna görə o, yaxınlıqdan keçən taksi avtomobilini saxlatdırmışdır. Adilin yanına gəldikdə demişdir ki, arxa sol şini çıxarıb, yerinə hələlik qismən yaralı vəziyyətdə olan ehtiyat şinini vuracaq, həmçinin avtomobilin maqnitofonu sökəcəkdir. Bundan sonra o, çıxıb getmişdir. Yəni, şinin və maqnitofonun sökülməsində Adilə köməklik etməmişdir. O, yalnız Adilin sözü ilə oraya taksi çağırmışdır. Şahid2 məhkəməyə poçt vasitəsilə teleqram göndərərək, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, işi ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilmədiyini göstərmişdir. Bununla əlaqədar həmin şahidin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq edilmişdir. Şahid sözügedən ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs2 onun əmisidir. O, özünə avtomobil alan zaman ondan xahiş etmişdir ki, istəyir ki, aldığı avtomobil Bakı şəhərində qeydiyyatda olan şəxsin adına olsun. O, razılıq vermiş və “VAZ 2107” markalı ** OV *** qeydiyyat nişanlı avtomobili onun adına almışdır. O da avtomobili idarə elmək üçün əmisi Zərərçəkmiş şəxs2 etibarnamə vermişdir. Yəni, həmin avtomobil onun adına olsa da, faktiki avtomobil əmisi Mübarizə məxsusdur və o da idarə edir. Belə ki, həmin avtomobilin pulunu da Mübariz özü vermişdir və avtomobilin ona heç bir aidiyyəti yoxdur. İbtidai istintaq zamanı dindirilmiş digər Şahid3 məhkəmə iclasında iştirakını təmin etmək mümkün olmadığından onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq edilmişdir. Şahid sözügedən ifadəsində göstərmişdir ki, özünə məxsus şəxsi avtomobili ilə taksi kimi fəaliyyət göstərir. 13 fevral 2021-ci il tarixdə saat təxminən 15 radələrində Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində olan zaman hazırda adı ona məlum olan Adil özünə məxsus “VAZ 2107” markalı ** OV *** qeydiyyat nişanlı avtomobilinin 4 disk şinini satmaq istədiyini bildirmişdir. Ondan nə üçün satdığını soruşduqda bildirmişdir ki, ehtiyacı olduğundan satır və sonradan başqasını alacaqdır. O, avtomobilini həmin yerdə olan yarımtikilidə saxlamışdır və həmin yerin də özünə məxsus olduğunu bildirmişdir. O, özünə məxsus olduğunu bildikdən sonra onunla razılaşıb onları almışdır. 14 fevral 2021-ci il tarixdə isə ona məlumat verilmişdir ki, Adil həmin avtomobili qaçırıbmış və buna görə də disk təkərləri Nizami RPİ-nin 24-cü PŞ-nə gətirib orada olan həmin avtomobilin üzərinə bağlamışdır. Qeyd edir ki, o Adilin pulunu sonradan verməli olmuş, təkərlərin oğurluq olmasını bilməmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 16 fevral 2021-ci il tarixli qərardan görünür ki, material üzrə Azərbaycan Respublikası CM-nin 180.2.4-cü maddəsi ilə cinayət işi başlanmış və icraata qəbul edilmişdir. (i.v. 1) - 14 fevral 2021-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, ünvan 3 ünvanında bir ədəd qaraj tikilisində ağ rəngli “VAZ 2107” markalı ** OV *** dövlət qeydiyyat nişanlı avtomobil aşkar edilmişdir. Avtomobilin arxa qeydiyyat nişanının üzəri palçıqla yarı örtülüb. Baqaj açıq vəziyyətdədir, zamoku çıxarılıb, zamok hisə əzilib. Baqajda bir ədəd plasmas vedrə və digər əşyalar var, ehtiyat təkər yoxdur. Avtomobilin sağ arxa təkəri yerindədir, sol arxa təkəri çıxarılaraq qaldırıcının üzərindədir. Qabaq sağ və sol təkərlər çıxarılaraq avtomobil daş parçalarının üstünıə endirilib. Avtomobilin yan şüşələrinin hər biri yarı açıq vəziyyətdədir. Arxa oturacağın arxa hissəsində səsgücləndirici bağlanan döşəmə tamamilə çıxarılıb. Avtomobilin salonunda quraşdırılmış maqnitofon yeri boşdur. Saxlanc yeri (bardaçok) qapağı açıq vəziyyətdədir, içərisi boşdur, alt hisəsində elektrik məftilləri sallanıb. Sağ oturacaqda müxtəlif sənədlər, ayaqaltında isə bir ədəd aptek qutusu, bir ədəd salfet qutusu var. Sol qabaq oturacağın ayaqaltında bir ədəd ağ rəngli taksi işarəsi (şahmat) var. Avtomobilin kapotu açıq vəziyyətdədir, enerji bloku (akkumlyator) yoxdur. Avtomobilin kuzov hissəsində əzik, batıq və ya cızıq aşkar olunmamışdır. Baxışdan sonra avtomobil evakuator vasitəsi ilə 24-cü PŞ-nin inzibati binasının həyətinə gətirilmişdir. (i.v. 5-15) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X4 publik hüquqi şəxsin Nizami rayon şöbəsinin canlı şəxsin ekspertizasına dair 16 fevral 2021-ci il tarixli 122 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs1 məhkəmə-tibbi müayinəsi zamanı onun bədən səthində 13 fevral 2021-ci il tarixdə yaranmağa uyğun hər hansı bir xəsarət və ya xəsarət izləri aşkar olunmadı. (i.v. 29-30) - 14 fevral 2021-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs3 və hal şahidlərinin iştirakı ilə hadisə yerinə baxış keçirilmişdir. (i.v. 53-54) - 16 fevral 2021-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs3 məxsus olmaqla oğurlanmış “Samsung J2” markalı mobil telefon taksi sürücüsü X1 tərəfindən təhvil verilmiş, mobil telefon ondan götürülmüşdür. (i.v. 55) - 17 fevral 2021-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs verilmiş ittiham üzrə hadisə yerlərini əyani olaraq göstərərək soyğunçuluq və oğurluq əməllərini hansı qaydada törətdiyini ifadələrində qeyd etdiyi qaydada izah etmişdir. (i.v. 57- 61) - 18 fevral 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 180.2.4-cü maddəsindən həmin Məcəllənin 177.2.2, 180.2.4 və 180.2.5-ci maddələrinə tövsif edilmişdir. (i.v. 70-71) - 16 fevral 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs soyğuçuluq yolu ilə əldə etdiyi “VAZ 2107” markalı ** OV *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərindən çıxardığı bir ədəd “Pioneer” markalı maqnitofonu və iki ədəd səsgücləndiricini könüllü olaraq 24-cü polsi şöbəsinə təqdim etmişdir. (i.v. 111) - 14 fevral 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs soyğuçuluq yolu ilə əldə etdiyi “VAZ 2107” markalı ** OV *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərindən çıxararaq Şahid3 satdığı dörd ədəd təkər disklə birlikdə onun tərəfindən könüllü olaraq 24-cü PŞ-nə təqdim edilmişdir. (i.v. 112) - 25 fevral 2021-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 ona məxsus “VAZ 2107” markalı ** OV *** dövlət qeydiyyat nişanlı avtomobili, həmin avtomobilə aid “Pioneer” markalı maqnitofonu, iki ədəd səsgücləndiricini və dörd ədəd təkər disklə birlikdə təhvil almışdır, heç bir şikayət və tələbi yoxdur. (i.v. 113) - 02 mart 2021-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs3 ona təqdim edilmiş üç ədəd mobil telefon arasından özünə məxsus, sıra sayı ilə soldan sağa doğru 2 şərti rəqəmi altında olan “Samsung J2” markalı mobil telefonu tanıyaraq özünə məxsus olmasını bildirmişdir. (i.v. 128-130) - 02 mart 2021-ci il tarixli qəbzdən görünür ki, Zərərçəkmiş şəxs3 özünə məxsus “Samsung J2” markalı mobil telefonu qəbul edərək heç bir şikayəti olmadığını bildirmişdir. (i.v. 131) -Sübutların qiymətləndirilməsi haqqında 29 aprel 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 180.2.4 və 180.2.5-ci maddələri ilə elan edilmiş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmış, onun barəsində Azırbaycan Respublikası CM-nin 180.2.1, 181.2.4 və 181.2.5-ci maddələri ilə cinayət işinin başlanması rədd edilmiş, X2 əməlində Azərbaycan Respublikası CM-nin 180.2.1, 180.2.4 və 180.2.5-ci maddələrinin, Şahid3 əməlində Azərbaycan Respublikası CM-nin 194.1-ci maddəsinin tərkibi olmadığı üçün barələrində cinayət işinin başlanılması rədd edilmiş, “VAZ 2107” markalı ** OV *** övlət qeydiyyat nişanlı avtomobil və üzərində 055 662 98 09 nömrəli mobil sim kartı olan “Samsung J2” markalı 363555/08/404821/9 və 363555/08/404821/7 İmei kodlu mobil telefon maddi sübut kimi tanınmış, məhkəmə hökmünədək saxlnaılması üçün avtomobilin Zərərçəkmiş şəxs2, telefonun Zərərçəkmiş şəxs3 təhvil verilməsi nəzərə alınmışdır. (v. 150-153) Məhkəmə hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 4 saylı, 27 dekabr 1996-cı il tarixli qərarına əsasən məhkəmə hökmü səlis, aydın, anlaşılan şəkildə yazılmalı, iş üzrə müəyyən olunmuş hallar, sübutlar və məhkəmənin nəticələri hökmdə ciddi məntiqi ardıcıllıqla şərh edilməlidir. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini, zərərçəkmiş şəxsləri və şahidi dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 180.2.4 və 180.2.5-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirliliyi özünün etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.2, 180.2.4 və 180.2.5-ci maddələri ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 177.2.2, 180.2.4 və 180.2.5-ci maddələrinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama - təkrar törədildikdə - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 180.2.4 və 180.2.5-ci maddələrinə əsasən soyğunçuluq, yəni özgənin əmlakını açıq talama - insanların həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə törədildikdə; zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə - üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: - 16 fevral 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli kimi həmin tarixdə tutulmuşdur. (i.v. 37) - 18 fevral 2021-ci il tarixli qərardan görünür ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılma müddəti 03 ay həddində müəyyən edilmiş, həbsetmənin əvvəli 16 fevral 2021-ci il tarixdən hesablanmışdır. (i.v. 94-95) -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 24 fevral 2021-ci il tarixli tələbnamədən və qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 21 aprel 2006-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 206.3.2, 228.1, 234.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib, həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən 08 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 21 iyun 2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib, həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən 10 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 28 noyabr 2016-cı il tarixli qərarı ilə həmin tarixdə 03 ay 04 gün vaxtından əvvəl şərti azad olunmuş, 02 mart 2017-ci il tarixdə cəzasını tam çəkdiyi üçün qeydiyyatdan çıxarılmışdır. (i.v. 96-98, 133-134) Azərbaycan Respublikası CM-nin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Həmin Məcəllənin 18.2.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda, cinayətlərin residivi təhlükəli sayılır. Qanunvericiliyin qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, qəsdən ağır cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına (CM-nin 67.1-ci maddəsinin tələbləri qaydasında) məhkum olunmuş Təqsirləndirilən şəxs cəzadan şərti olaraq vaxtından əvvəl azad edildiyi vaxtdan altı il keçmədən, 13 fevral 2021-ci il tarixdə yenidən qəsdən cinayət törətdiyindən, onun əməlində cinayətlərin residivi vardır və bu residiv təhlükəli residiv sayılır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli qərarının 1-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 180.2.4 və 1802.5-ci maddələri ilə törətdiyi əməllər həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayətlər hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə zərərçəkmiş şəxslərə dəymiş maddi ziyanın ödənilməsini, zərərçəkmiş şəxslərin şikayət və tələblərinin olmamasını Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi olmasını Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən onun cəzasığı ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən, cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayətlər törətməsini nəzərə alaraq, hesab edir ki, onun islah olunması üçün törətdiyi cinayətə görə barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir, tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Ona görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla, həmin Məcəllənin 177.2.2, 180.2.4 və 180.2.5-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 66.2-ci maddəsinə əsasən qeyd edilən cəzalar qismən toplanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinin tələbinə uyğun olaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinin tələblərinə uyğun olaraq hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu 16 fevral 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinin tələbinə uyğun olaraq hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli olduğundan onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, zərərçəkmiş şəxslər məhkəməyədək icraat və məhkəmə icraatı zamanı mülki iddia verməmiş, onlara vurulmuş maddi ziyanın ödənildiyini bildirmişlər; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut olan əşyaların ibtidai istintaq zamanı qəbzlə zərərçəkmiş şəxslərə təhvil verilməsi nəzərə alınmalıdır; məhkəmə məsrəfi hesab olunan ekspertiza xərcinin tutulmasına əsas olacaq ekspertiza isə keçirilməmişdir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 180.2.4 və 180.2.5-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin ibtidai istintaqda və məhkəmədə, iş materialları ilə tanış olmaqla birlikdə, təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddət ümumilikdə 60 iş saatı müddətinə bərabər tutulduğundan, (Nazirlər Kabinetinin 03.05.2018-ci il tarixli 202 saylı qərarına əsasən) hüquqi xidmətə görə hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla dəvət olunmuş müdafiəçiyə müvafiq hesablaşma hesabı üzərindən əmək haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 03 (üç) il 04 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-nin 180.2.4 və 180.2.5-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 04 (dörd) il 07 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq, 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin olunmuş cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı 16 fevral 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübut qismində tanınmış “VAZ 2107” markalı ** OV *** övlət qeydiyyat nişanlı avtomobilin Zərərçəkmiş şəxs2, üzərində 055 662 98 09 nömrəli mobil sim kartı olan “Samsung J2” markalı 363555/08/404821/9 və 363555/08/404821/7 İmei kodlu mobil telefonun Zərərçəkmiş şəxs3 təhvil verilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs ibtidai istintaqda və məhkəmədə, iş materialları ilə tanış olmaqla birlikdə, 60 saat göstərdiyi pulsuz hüquqi yardıma görə dəvət olunmuş Müdafiəçi 360 manat əmək haqqı "xxxx" ASC-nin “Qara Qarayev” filialı, kod 200145, VÖEN **********, m/h- AZ37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab - AZ33AİİB********************, VÖEN - ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı vəkil bürosu vasitəsi ilə Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar