Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-209/2020 28.09.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclas katibi Ələsgərova Aytac Hikmət qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Mirzəyev Ceyhun Namiq oğlunun, müdafiəçi - Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, təqsirləndirilən şəxs – xx.xx.1994-cü ildə Daşkəsən rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Daşkəsən rayonu, Qabaqtəpə kəndində qeydiyyatda olan, Gəncə Hərbi Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 351.3-cü maddəsi ilə təqsirli bilinib 5 il müddətinə nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum edilməklə 8 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsi ilə ittiham irəli sürülmüşdür ondan ötrü ki, o, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 6 saylı Cəzaçəkmə Müəssisəsində məhkum kimi cəza çəkərkən “Cəzaçəkmə müəssisələrinin X3” ilə qadağan edilmiş əşya sayılan əldəqayırma üsulu ilə “biz” formasında hazırlanmış deşici xassəyə malik olan aləti istintaqa məlum olmayan mənbədən əldə edərək özündə saxlamaqla gəzdirmiş və həmin əşya xx.xx.2020-ci il tarixdə saat 08:15 radələrində müəssisənin yaşayış sahəsində məhkumlar üçün nəzərdə tutulmuş yoxlama meydançasında keçirilmiş axtarış-baxış zamanı müəssisə əməkdaşları tərəfindən onun əynindəki şalvarının sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsində nəzərdə tutulmuş ittihamla təqsirli bilərək göstərmişdir ki, o, xx.xx.2015-ci il tarixdən 6 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkir. 2020-ci ilin aprel ayının əvvəllərində müəssisənin ərazisində kustar üsulla hazırlanmış “biz” tapmış, həmin “biz”i hamamın yanında gizlətmiş, bu barədə heç kimə bildirməmişdir. xx xxxxx 2020-ci il tarixdə saat 09:00 radələrində müəssisə əməkdaşları üstünü yoxlayıb həmin “biz”i cibindən çıxartmışlar. Bu zaman o, etiraz olaraq cibində olan birdəfəlik üz qırxan ülgücün qırığı ilə qarın nahiyəsini kəsmək istəmiş, qarın və qol nahiyəsini cızmışdır. Müəssisə əməkdaşları onu Müalicə Müəssisəsinə göndərmişlər. Onun həmin alətlə kiməsə xəsarət yetirmək niyyəti olmamışdır. Cəzaçəkmə müəssisəsində heç kimlə ədavəti və düşmənçiliyi yoxdur. Əməlindən peşmandır. Məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs qeyd edilən əməli törətməkdə təqsiri öz ifadəsi ilə yanaşı aşağıdakılarla da təsdiq olunur. Məhkəmə baxışında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 6 saylı Cəzaçəkmə Müəssisəsinin əməliyyat şöbəsinin böyük inspektoru Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2020-ci il tarixdən saat 08:15 radələrində əvvəlcədən əldə olunmuş əməliyyat məlumatına əsasən müəssisənin digər əməkdaşları ilə birlikdə müəssisənin yaşayış sahəsində yoxlama meydançasında olarkən məhkum Təqsirləndirilən şəxs yaxınlaşıb hal şahidlərinin iştirakı ilə onun üzərinə axtarışbaxış keçirmişlər. Baxış zamanı məhkum Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən 1 ədəd kustar üsulla hazırlanmış və konstruksiyasına görə soyuq silaha oxşar deşici alət “biz” aşkar edilərək götürülmüşdür. Bu zaman məhkum Təqsirləndirilən şəxs səs-küy salmış, ətrafda olan məhkumların diqqətini özünə cəlb etmək üçün qəflətən üzərində olan birdəfəlik üzqırxan ülgüc qırığı ilə bədəninə bir neçə səthi xəsarət yetirmişdir. Müəssisənin həkimləri tərəfindən məhkum Təqsirləndirilən şəxs müvafiq ilkin tibbi yardım göstərilmiş, lakin ətraflı müayinə olunması məqsədilə Müalicə Müəssisəsinə göndərilmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 6 saylı Cəzaçəkmə Müəssisəsinin əməliyyat şöbəsinin böyük inspektoru Şahid7, rejim-nəzarət şöbəsinin böyük inspektoru Şahid3, böyük nəzarətçi Şahid4, tibb-sanitar hissəsinin rəisi Şahid2 Şahid1 ilə oxşar məzmunda ifadə vermişlər. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o, 6 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkir. Təqsirləndirilən şəxs üzərindən biz aşkar edilməsini görməmişdir. Məhkumlardan eşitmişdir ki, baxış zamanı Təqsirləndirilən şəxs üzərindən biz aşkar edilmişdir. O, izahat yazmamış, sadəcə qol çəkmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, 12/ƏN-154 saylı material üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsi ilə cinayət işi başlanılmışdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-ballistik ekspertizasının xx.xx.2020-ci il tarixli, 3/602 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd predmet əldəqayırma üsulu ilə biz formasında hazırlanmış deşici xassəyə malik alətdir, soyuq silahın kriminalistik təsnifatına və konstruksiyasına görə soyuq silah hesab edilmir. - maddi sübut kimi tanıma və işə əlavə edilməsi haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, 1 ədəd “biz” formasında alət maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1 canlı şəxsin ekspertizasına dair xx.xx.2020-ci il tarixli, 597 saylı rəyin nəticə hissəsindən görünür ki, Təqsirləndirilən şəxs qarnın sağ yarısının ön səthinin 1 ədəd daxilə nüfuz etməyən deşilmiş, qarnın sağ yarısının ön səthi və sol saidin ön səthin səthi kəsilmiş yaraları olmuşdur. Qeyd olunan xəsarətlərdən deşilmiş yara deşici, səthi yaralar kəsici kənara malik əşya (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2020-ci il tarixdə yarana bilər və ümumilikdə sağlamlığa zərər vurmayan xəsarət olduğuna görə dərəcəsi təyin edilmir. Lokalizasiya və xarakterlərinə əsasən demək olar ki, xəsarətlərin şəxsin özü tərəfindən özünə yetirməsi nəticəsində alınması inkar edilmir. - təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(007)-209/2020 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 74.4-cü maddəsinə əsasən cəzanın icrası qaydalarını təmin etmək məqsədilə məhkumlara cəzaçəkmə müəssisələrinin X3 ilə müəyyən edilmiş əşyaların verilməsi və ya ötürülməsi, habelə onlar tərəfindən belə əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi qadağan olunur. Məhkumlarda, cəzaçəkmə müəssisəsinə daxil olan və çıxan şəxslərdə, habelə məhkumların adına göndərilmiş bağlama və banderollarda belə əşyalar aşkar edildikdə həmin əşyalar götürülür və cinayət-prosessual qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq araşdırma aparılır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2011-ci il tarixli Kollegiya qərarına 11 saylı əlavəyə əsasən “konstruksiyasına görə soyuq silaha oxşar kəsici və deşici alətlər” cəzaçəkmə müəssisələrində saxlanılan şəxslərə verilməsi və ya ötürülməsi, habelə onlar tərəfindən hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi qadağan olunmuş əşyaların siyahısına aiddir. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə ittiham irəli sürülmüş və əməli həmin maddə ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Beləliklə, məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməsi tədqiq edilmiş mötəbər və mümkün sübutların məcmusu, həmçinin cinayət işinin materiallarındakı digər sənədlərlə tamamilə sübuta yetirildi. Şahid5 Təqsirləndirilən şəxs üzərindən biz aşkar edilməsini görməməsinə, bu barədə məhkumlardan eşitməsinə dair ifadəsi məhkum yoldaşı Təqsirləndirilən şəxs müdafiə etmək məqsədilə verilmiş ifadə kimi qiymətləndirilir. Belə ki, Şahid5 istintaq zamanı Təqsirləndirilən şəxs üzərindən biz aşkar edildiyini gördüyünü bildirmişdir. Təqsirləndirilən şəxs cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığı üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMnin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Azərbaycan Respublikası CM-nin 18.4.1-ci maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı böyük ictimai təhlükə törətməyən cinayətlər nəzərə alınmır. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X2 tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli tələbnamədən və Gəncə Hərbi Məhkəməsinin 1(095)-023/2015 saylı, xx.xx.2015-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 351.3-cü maddəsi ilə təqsirli bilinib 5 il müddətinə nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum edilməklə 8 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Göründüyü kimi 8 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçildiyi xx.xx.2020-ci il tarixə 2 (iki) il 2 (iki) ay 1 (bir) gün çəkilməmiş cəzası qalmışdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etməsini, əməlindən peşman olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 67.5-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən əlavə cəzaların birləşdirilməsi bu Məcəllənin 66.4.-cü maddəsində nəzərdə tutulmuş qaydada həyata keçirilir. Həmin Məcəllənin 66.4-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Gəncə Hərbi Məhkəməsinin 1(095)-023/2015 saylı, xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 351.3-cü maddəsi ilə təqsirli bilinərək təyin edilmiş 5 il müddətinə nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum edilməklə 8 il müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi olan 5 il müddətinə nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum edilməklə 2 il 2 ay 1 gün müddətinə azadlıqdan məhrum etmə cəzasını yeni hökmlə təyin olunmuş cəza ilə əsas cəzanı qismən və əlavə cəzanı tam birləşdirərək ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1.19-346.1.22-ci maddələrində nəzərdə tutulmuş məsələləri həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı; cəzaçəkmə müddətinin başlanğıcı barəsində həbs qətimkan tədbirinin seçildiyi vaxtdan, yəni xx.xx.2020-ci il tarixdən hesablanmalı; Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən cinayət işi üzrə maddi sübut olan 1 ədəd biz formasında olan alət məhv olunmalı; Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan 128 (bir yüz iyirmi səkkiz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin işlə tanış olduğu və məhkəmədə iştirak etdiyi müddət 10 iş saatı müddətinə bərabər olduğundan, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 60 (altmış) manat (10x6) məbləğində əmək haqqı Bakı şəhəri 06 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının CM-nin 67-ci maddəsinə əsasən onun barəsində Gəncə Hərbi Məhkəməsinin 1(095)-023/2015 saylı, xx.xx.2015-ci il tarixli hökmü ilə təyin olunmuş 5 il müddətinə nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum edilməklə 8 il müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi olan 5 il müddətinə nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum edilməklə 2 (iki) il 2 (iki) ay 1 (bir) gün müddətinə azadlıqdan məhrum etmə cəzasını hazırkı hökmlə təyin edilmiş cəza ilə əsas cəzanı qismən və əlavə cəzanı tam birləşdirərək Təqsirləndirilən şəxs qəti cəza - 5 il müddətinə nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum edilməklə 2 (iki) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cinayət işi üzrə maddi sübut olan 1 ədəd biz formasında olan alət hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə məhkəmə məsrəfi olan 128 (bir yüz iyirmi səkkiz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilsin. Təqsirləndirilən şəxs 10 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 60 (altmış) manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №1(007)-209/2020
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-209/2020
28.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver