Məhkəmə qərarları › İş №1(007)-21/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-21/2023

18.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-21/2023 18.04.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, məsləhətçi İmanov Nizami Bəxtiyar oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs, xx xxxxxx 1961-ci ildə Naxçıvan Muxtar Respublikası, Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2rəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs, özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs onun cinayətkar niyyətindən xəbərsiz olan Bakı şəhəri 34 nömrəli tam orta məktəbin direktoru vəzifəsində çalışan qohumu Şahid2 vasitəsi ilə müəllim kimi işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq, bu adla Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək 05 yanvar 2021-ci il tarixdə sonuncunun yaşadığı Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi 158A saylı evdə 15000 manat pulunu alıb ələ keçirərək, Zərərçəkmiş şəxs xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək göstərdi ki, o, Zərərçəkmiş şəxs qohumluq əlaqələri olan Şahid1 vasitəsi ilə 2021-ci ilin yanvar ayının əvvəllərində tanımışdır. 2021-ci ilin yanvar ayının əvvəllərində Şahid1 onunla əlaqə saxlayaraq bildirmişdir ki, tanışı Könül adlı şəxs məktəbə müəllimə düzəlmək üçün adam axtarır, əgər dayısı oğlu Rəhmanın işlədiyi məktəbə mümkünsə Zərərçəkmiş şəxs işə düzəltsinlər. Bu zaman o, Əhmədə bildirmişdir ki, yaxın vaxtda həmin xanımı da götürüb hər üçü Rəhmanın yanına getsinlər. Rəhman, Nərimanov rayonu 34 nömrəli orta məktəbdə direktor vəzifəsində çalışmışdır. Bundan təxminən iki-üç gün sonra o, Könül və Əhməd Rəhmanın qəbuluna getmişlər. Həmin vaxt Rəhman Könüllə bir qədər danışdıqdan sonra Könülün işə qəbulunun ancaq Təhsil Nazirliyinin səlahiyyətlərində olduğunu, məktəb direktorunun isə səlahiyyətləri çərçivəsində olmamasını izah etmişdir. Bundan sonra onlar hər üçü oranı tərk edib getmişlər. Bundan təxminən üç gün sonra onun maddi sıxıntıları olduğundan Könül ilə əlaqə saxlayaraq ona bildirmişdir ki, sonuncunun işi düzəlir və buna görə də 3000 manat pul lazımdır. Könül buna razılıq verib bildirmişdir ki, evdədir və o, pulu gedib götürə bilər. Həmin gün günorta saatlarında o, Könülün yaşadığı mənzilə gedib sonuncudan 3000 manat pulu almış və bildirmişdir ki, qısa müddət ərzində işi həllini tapacaqdır. 2021-ci ilin fevral ayının sonlarında o, Könül ilə əlaqə saxlayaraq işinin alınmamasını və iş üçün vermiş olduğu 3000 manat pulun özündə olduğunu, həmin pulu harada desə qaytara biləcəyini, hazırda pula ehtiyacı olduğunu, bir qədər gözləsə üstündə də 700 manat gəlir verəcəyini bildirmişdir. Könül onunla razılaşmış, bundan təxminən iki-üç gün sonra o, Könül ilə yenidən əlaqə saxlayaraq sonuncudan borc olaraq 1500 manat da pul istəmiş və ona bildirmişdir ki, bir ay ərzində həmin pulun üzərində sonuncuya gəlir verəcəkdir. Könül onunla razılaşmış və həmin gün ona 1500 manat pul vermişdir. Bundan təxminən iki həftə sonra o, Könülün yoldaşına yaşadığı mənzildə 250 manat pul aparıb vermiş və ona izah etmişdir ki, bu Könüldən almış olduğu 4500 manat pulun gəliridir. 04 iyun 2021-ci il tarixdə o, Könül ilə yenidən əlaqə saxlayaraq sonuncudan 1000 manat pul istəmişdir. Həmin vaxt Könül ona bildirmişdir ki, əgər ona 1000 manat pul versə 3000 manat pul alacaqlar. Bundan başqa həmin borcu notarial qaydada verəcəkdir. O, sonuncu ilə razılaşmış və Könülün həyat yoldaşı ilə “Əhmədli” metrostansiyasının yaxınlığında yerləşən notarius kontoruna getmişlər. Həmin vaxt orada çalışan işçiyə yaxınlaşaraq Könülün həyat yoldaşı Elnur bildirmişdir ki, ona 1000 manat pul verib 3000 manat borc yazdırmaq istəyirlər. Notariat kontorunun işçisi belə bir şeyin mümkünsüz olmasını bildirmişdir. Bundan sonra onlar birlikdə Elnurun evinə qayıtmışlar. Həmin vaxt Könül ona bildirmişdir ki, əlyazma ilə yazı və pulu götürsün. O, öz xətti ilə Könüldən 1000 manat alaraq, 3000 manat borc almağını qeyd etmişdir. Bundan sonra oranı tərk etmişdir. Maddi vəziyyətinin pis olmasından o, Könüldən almış olduğu pulların üzərində olan faizləri verə bilməmişdir. Bundan sonra Könülə bildirmişdir ki, bir ay ərzində ondan almış olduğu pulların əvəzində sonuncuya 8000 manat pul verəcəkdir. Əhməd də Könüldən 26500 manat faizə pul götürmüşdür. Onun Əhmədlə aralarında pul məsələsi vardır. Onlar Əhmədlə şərikli iş görmüşlər. Könül Əhməddən də faizlə vermiş olduğu pulu tələb etmişdir. 30 sentyabr 2021-ci il tarixdə o, Könülün mənzilində olan zaman sonuncu ona bildirmişdir ki, əgər pulları verə bilmirsə onda əlyazma ilə 15000 manat almağı barədə yazı yazsın. O, sonuncunu sakitləşdirmək üçün ona razılıq vermiş və öz əlyazması ilə ondan 15000 manat almağı barədə yazı yazmışdır. Həmin vaxt Könül Əhmədin barəsində şikayət edəcəyini bildirdikdə sonuncuya bildirmişdir ki, Əhmədin sonuncuya olan borcunu da verəcəkdir. Həmin vaxt Könül bildirmişdir ki, hər ikisinin ondan almış olduğu pulların müqabilində əlyazma ilə onların 50000 borcunun olmasını yazsa, şikayət etməyərək pulları ödəmələrini gözləyəcəkdir. O, Könüllə razılaşmış və 15000 manat pulu almağı ilə bağlı yazmış olduğu kağızın alt hissəsinə 50000 manat pul da almağı barədə yazmışdır. Bundan sonra o, oranı tərk etmişdir. Sonda Təqsirləndirilən şəxs, ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidi dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs və Şahid1la heç bir düşmənçiliyi, ədavəti olmamışdır. O, 2000-ci ildə Şahid3la ailə həyatı qurmuşdur. Şahid1 2018-ci ildən tanıyır, sonuncu ilə ailəvi dostluq münasibəti vardır. O, əvvəllər Lənkəran şəhəri Nərmanabad qəsəbəsində yerləşən orta məktəbdə 13 il müəllimə işləmişdir. 2017-ci ildə ailə vəziyyəti ilə əlaqədar olaraq öz ərizəsilə işdən ayrılmışdır. 2020-ci ildə yenidən müəllimlik imtanına getmiş və həmin imtahandan 51 bal toplamışdır. Həmin vaxt Azərbaycan Respublikasında müharibə şaraiti olduğundan və internet olmadığından o, işlə bağlı müvafiq sənədləşməni vaxtında apara bilməmiş və işə qəbul ola bilməmişdir. Bundan sonra Şahid1 evində ailəsilə birlikdə olan zaman sonuncuların çevrəsinin böyük olduğunu bilib işə düzəlmək barədə danışmışdır. Həmin vaxt Əhməd bildirmişdir ki, dostu Rəfayılın qohumu məktəb direktorudur və bu işdə köməklik edə bilər. Bundan sonra Əhməd Rəfayıl ilə danışaraq ona bildirmişdir ki, Rəfayıl razıdır və məktəb direktoru ilə görüşə getməlidirlər. 2020-ci ilin dekabr ayının sonlarında o, Əhməd və Rəfayıl əlaqə saxlayaraq Nərimanov rayonu ərazisində yerləşən 34 nömrəli məktəbə getmişdir. Məktəbdə onları direktor Rəhman adlı şəxs qarşılamışdır. Rəhman onda imtahanda toplamış olduğu balı soruşmuş və o, 51 bal topladığını demişdir. Bundan sonra Rəhman ona bir neçə sual vermişdir. O, sualları cavablandırdıqdan sonra Rəhman bildirmişdir ki, ona kömək edəcəkdir. Bundan sonra onlar hər üçü oranı tərk etmişlər. Yolda Rəfayıl ona bildirmişdir ki, axşam Rəhmanın yaşadığı evə gedərək sonuncu ilə həmin işin müqabilində alacağı pul barəsində danışacaqdır. Həmin gün axşam Rəfayıl və Əhmədlə birlikdə onların yaşadığı mənzilə gələrək Rəhman müəllim 15000 manat pul alacağını və həmin pulları Təhsil Nazirliyində kadrlar şöbəsinin müdürü Eşqin Bağırova verəcəyini bildirmişdir. O, razılıq vermiş və 2021-ci ilin yanvar ayının 5-də səhər saatlarında 15000 manat pulu Rəfayıla yaşadığı mənzildə həyat yoldaşı və Əhmədin yanında vermişdir. Həmin vaxt Rəfayıl pulları sayaraq ondan təhvil almış və bildirmişdir ki, 2021-ci ilin fevral ayının 2-nə qədər onu işlə təmin edəcəklər. Həmin tarixdə o, Rəfayıl ilə əlaqə saxlamış və Rəfayıl ona bildirmişdir ki, tez bir zamanda düzələcəkdir. Bundan sonra Rəfayıl ilə müxtəlif tarixlərdə əlaqə saxladıqda sonuncu ona yalandan düzələcəyi sözünü deyərək onu aldatmışdır. Rəfayılın onu aldatdığını anlayaraq bu barədə Əhmədə bildirmişdir. Əhməd də Rəfayıl kimi onu günlərlə aldatmağa başlamışdır. Bundan sonra onun həyat yoldaşı Şahid3 Rəhmanın yanına gedərək sonuncudan bu barədə soruşub məlumatlandırmışdır. Həmin vaxt Rəhman həyat yoldaşı Elnura bildirmişdir ki, qohumu olan Rəfayıl dələduzdur və ona pul verməmişdir. Bundan sonra o, sonuncuların onu aldatdığını anlayaraq onlar barəsində polis orqanına müraciət etmişdir. Təqsirləndirilən şəxs ona dəymiş ziyanın 5000 manat hissəsini ödəmiş, qalan hissəsini ödəməmişdir. Bu barədə məhkəməyə ərizə təqdim etmişdir və iş materiallarında mövcuddur. Sonda Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın tam ödənilmədiyini, buna görə də sonuncudan şikayətçi olduğunu bildirmişdir. Şahid2 teleqramla məhkəməyə müraciət edərək, səhhəti ilə əlaqədar məhkəmə iclasında şahid qismində iştirak edə bilməyəcəyini, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmiş, göstərdiklərinin nəzərə alınmasını xahiş etmişdir. Şahid2 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilmiş ifadəsindən görünür ki, 15 il müddətdir ki, 34 №-li tam orta məktəbin direktoru vəzifəsində çalışır. Təqsirləndirilən şəxs bibisi Ceyranın nəvəsidir. Zərərçəkmiş şəxs əvvəllər tanımamış, heç bir düşmənçiliyi və yaxud ədavəti olmamışdır. Təqsirləndirilən şəxs əvvəllər 2 dəfə məhkumluq həyatı yaşamasından onun məlumatı olmuşdur. onun Sonuncu ilə qohumluq əlaqəsinin olmasına baxmayaraq şəxsi münasibəti demək olar ki, yox səviyyəsindədir. 2021-ci ilin yanvar ayının əvvəllərində günorta saatlarında o, işdə olan zaman məktəbin mühafizəsi ona məlumat verərək bildirmişdir ki, qohumu Rəfayıl yanında iki nəfər şəxslə onun qəbuluna gəlmişlər. O, mühafizəçiyə içəri buraxmasını bildirmişdir. Təqsirləndirilən şəxs və yanında əvvəllər tanımadığı sonradan adının Könül olduğunu bildiyi xanım və bir nəfər kişi onun qəbuluna gəlmişlər. Həmin vaxt söhbət əsnasında Rəfayıl ona Könül xanımın 51 bal toplamasını, lakin məktəbə işə qəbul ola bilməməsi barədə məlumat verərək ona necə köməklik etməyin mümkün olub-olmaması barədə soruşmuşdur. Bundan sonra o, həmin xanıma izah etmişdir ki, məktəbdə müəllimə vəzifəsində çalışmaq ancaq imtahanda müvafiq keçid balı topladıqdan sonra Təhsil Nazirliyi tərəfindən müəyyən edilmiş müvafiq sənədləşmə aparıldıqdan sonra nazirlik tərəfindən təyinatla məktəblərə göndərilir. Müəllimləri məktəbdə işə qəbul ilə məktəb direktorlarının vəzifə səlahiyyəti çərçivəsində olmamasını həmin şəxslərə bildirmişdir. Bu yoldan başqa heç bir alternativ yolun olmamasını ona qeyd etmişdir. Bundan sonra həmin şəxslər onun yanından ayrılaraq getmişlər. Bundan təxminən 3-4 ay sonra o, məktəbdə olan zaman bir nəfər əvvəllər tanımadığı şəxs onun qəbuluna gələrək Könül xanımın həyat yoldaşı olmasını, Rəfayılın Könül xanımdan onun adından istifadə edərək 8.000 manat işə düzəltmək üçün pul almasını bildirmişdir. O, həmin şəxsə bu məsələdən məlumatsız olmasını bildirmiş və bundan sonra həmin şəxs çıxıb getmişdir. İş materiallarında olan 02 oktyabr 2021-ci il tarixli baxış protokolundan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, həmin tarixdə, Könül Heydərovanın yaşadığı ünvan 3 ünvanına baxış keçirilmişdir. Baxış zamanı Könül Heydərova, Təqsirləndirilən şəxs işə düzəlmək adı ilə 15000 manat pulu həmin ünvanda verdiyini bildirmişdir. İş materiallarında olan 04 oktyabr 2021-ci il tarixli təqdim etmə protokolundan görünür ki, təhqiqat araşdırma müddətində Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs ilə xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixdə öz aralarında bağladıqları müqavilə xarakterli iki ədəd yazılı vərəqi və Təqsirləndirilən şəxs onda girov kimi saxladığı AZE 09007020 nömrəli Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsini təqdim etmişdir. İş materiallarında olan 13 mart 2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, aralarında keçirilmiş üzləşdirmə zamanı Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini bir daha təsdiq edərək, Təqsirləndirilən şəxs üzünə demişdir. İş materiallarında olan sübutların qiymətləndirilməsi haqqında 21 may 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4cü maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin dəyişdirilmədən qüvvədə saxlanılması, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 32.4, 312-ci maddəsi ilə cinayət işinin başlanmasının rədd edilməsi, Təqsirləndirilən şəxs tərəfindən yazılmış 2 vərəq əlyazmanın maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilməsi qərara alınmışdır. Məhkəmə hesab edir ki, zərərçəkmiş şəxsdən ilkin olaraq işə düzəlməsi adı ilə 3000 manat alması, qalan pulu ilə sonuncudan borc kimi alması barədə Təqsirləndirilən şəxs ifadəsi işdə olan sübutlarla təsdiq olunmadığına görə qəbul edilə bilməz və özünümüdafiə məqsədi ilə verilmiş sayılmalıdır. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli, 7 nömrəli Qərarının: 2-ci bəndinə əsasən, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər. 3-cü bəndinə əsasən, dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Zərərçəkmiş şəxsə dəymiş ziyanı qismən ödəməsini məhkəmə iş üzrə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal hesab edir. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 18 mart 2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 19 fevral 2014-cü il tarixli hökmü ilə, Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib, 05 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 23 avqust 2016-cı il tarixli qərarı ilə həmin əməli Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsinə tövsif edilərək, cəzası 02 ilə endirilmiş və 24 avqust 2016-cı ildə cəzasının sonu ilə azad olunmuşdur. Azərbaycan Respublikası CM-nin 83.3.2-1-ci maddəsinə əsasən, böyük ictimai təhlükə törətməyən cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası CM-nin 83.6-cı maddəsinə əsasən, məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. Cinayət qanunvericiliyinin tələbindən də göründüyü kimi, Təqsirləndirilən şəxs hazırkı əməlinə münasibətdə cinayətin residivi yaranmır və o, məhkumluğu olmayan şəxs hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinə əsasən, dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə- xeyli miqdarda ziyan vurmaqla törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs yalnız azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası CM-nin 56.1 və 56.1.2-ci maddələrinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədd daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli və cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. İş materiallarında olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 10 fevral 2023-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və onun haqqında seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmiş, həbsdə saxlanma müddəti cinayət işi üzrə yekun qərar qəbul edilənə qədər müəyyən edilmiş, həbs etmənin əvvəli Təqsirləndirilən şəxs həbs edildiyi gündən hesablanmış, Təqsirləndirilən şəxs həbsdə saxlanma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanası müəyyən edilmiş və qərarın icrası Bakı şəhəri Nizami rayon Polis İdarəsinə həvalə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasının 18 mart 2023-cü il tarixli, 3-16-17/40/2- 1352/2023 nömrəli məktubundan görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 10 fevral 2023-cü il tarixli qərarı ilə barəsində axtarış elan olunmaqla həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Nizami RPİ-nin əməkdaşları tərəfindən tutularaq, xx.xx.2023-cü il tarixdə saxlanılması üçün 3 saylı İstintaq Təcridxanasına gətirilmişdir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır və tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxil edilir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut kimi tanınmış və cinayət işində saxlanılan Təqsirləndirilən şəxs tərəfindən yazılmış 02 ədəd əlyazma cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmçinin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin məhkəmədə iştirak etdiyi müddət 50 iş saatı, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 50 manat (50x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona, 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Cəzanın çəkilməsi Təqsirləndirilən şəxs ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Cəzaçəkmə müddətinin əvvəli 16 mart 2023-cü il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs həbsdə saxlanma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanası müəyyən edilsin. İş üzrə maddi sübut kimi tanınmış və cinayət işində saxlanılan Təqsirləndirilən şəxs tərəfindən yazılmış 02 ədəd əlyazma cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Təqsirləndirilən şəxs 50 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi VÖEN – ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 300 manat əmək haqqı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən isə apellyasiya şikayəti hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar