Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-210/2023 11.05.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Qədirli Nigar Aftandil qızının, Məhkəmə iclasının katibi: X4, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxslər: Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxslərin müdafiəçiləri: Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 iştirakları ilə, Təqsirləndirilən şəxs: xx xxxxx 1993-cü ildə ünvan 1ində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1i ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1 və 234.1-ci maddələri ilə, Təqsirləndirilən şəxs: xx xxxx 1992-ci il tarixdə Hacıqabul rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 2i ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində kirayədə yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 özgənin əmlakını açıq talama məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs halında xx.xx.2022-ci il tarixdə saat 22:15 radələrində Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 57 ünvanının qarşısına gəlib əvvəlcədən aralarında olan cinayətkar razılığa əsasən Təqsirləndirilən şəxs2 niyyətlərinə maneəsiz nail olmaq məqsədilə kənar şəxslərin həmin yerə gələcəyi barədə dərhal məlumat verməsi üçün kənarda dayanmış, Təqsirləndirilən şəxs1 isə həmin ünvanda yerləşən yaşayış binasının 2-ci girişinin pilləkənləri ilə hərəkətdə olan Zərərçəkmiş şəxs arxadan yaxınlaşıb sonuncunun əlində saxladığı içərisində hər birinin dəyəri 10 manat olan Zərərçəkmiş şəxs və nəvəsi X7 məxsus şəxsiyyət vəsiqələri, Zərərçəkmiş şəxs məxsus 10 manat dəyərində Azərbaycan Beynəlxalq Bankına aid təqaüd kartı, 10 manat dəyərində “Umiko" bankına aid elektron kart, 10 manat dəyərində “Araz” marketə aid bonus kartı, 12 manat nağd pul olan 15 manat dəyərində pul kisəsini və 10 manat dəyərində ***-***-**-** mobil nömrəsi ilə işləyən, içərisində 10 manat dəyərində danışıq dəqiqələri, üzərində 10 manat dəyərində qoruyucu kaburası olan 300 manat dəyərində “Samsung A03” markalı mobil telefonu dartıb alıb açıq talayaraq qrup üzvü Təqsirləndirilən şəxs2lə birlikdə hadisə yerindən qaçmaqla Zərərçəkmiş şəxs ümumulikdə 407 manat məbləğində maddi ziyan vurmaqla əldə etdikləri əmlakı qrup üzvü Təqsirləndirilən şəxs2lə öz aralarında bölərək soyğunçuluq etmişlər. Bundan başqa Təqsirləndirilən şəxs1 istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi 1,332 qram narkotik vasitə heroini əldə edib üzərində saxlayaraq daşımış, xx.xx.2022-ci il tarixdə, saat 15:30 radələrində Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Bakı şəhəri, Xətai rayonu, Rezervuar küçəsi ev 5 ünnvanın qrşısında X3 qarşı soyğunçuluq cinayətini törətməkdə şübhəli şəxs qismində saxlanılaraq Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 81A ünvanında yerləşən Nizami RPİ-nin 24-cü PŞ-nə gətirilib üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkçənin sol iç cibindən 01 ədəd bükümdə təmiz çəkisi 1,332 qram olan qəhvəyi rəngli maddə, kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə yeni kirayə götürdüyü ünvan 7 ünvanına köçdükdən sonra əvvəl yaşadığı evdən əşyaları yeni evə gətirmək üçün kömək məqsədilə tanışı Şamxala zəng edib çağırmış, həmin gün Şamxal ilə işin sonunda bir şüşə spirtli içki alıb içdikdən sonra Şamxala maddi çətinliyi olduğunu, kirayə haqqını verə bilmədiyini söyləmiş, hər ikisi içkili olduğu üçün bir az gəzib münasib adam rast gələrsə, həmin şəxsi soymaq qərarına gəlmişlər. Bu məqsədlə onlar bir yerdə evdən çıxıb piyada metronun "Xalqlar Dostluğu” stansiyasından “Neftçilər” stansiyası istiqamətinə getmiş, sonra da ara məhəllələrə girmişlər. Həmin gün saat 22 radələrində “Araz” marketin qarşısından keçən zaman bir qadının marketdən əlində çanta ilə çıxdığını gördükdə həmin qadının əlində olan pul kisəsini alıb qaçmaq qərarına gəlmişlər. Qadın piyada bir qədər gedib yaxınlıqdakı 9 mərtəbəli yaşayış binasının blokunun qarşısındakı pilləkənləri qalxmağa başlamış, 3-4 pilləkən qalxan zaman o arxadan qadına yaxınlaşıb əlindəki pul kisəsini dartıb almış və Şamxal ilə bir yerdə qaçmışlar. Qadın dönüb köməyə ətrafdakıları çağırmışdır. Onlar onun təzə kirayə yaşadığı mənzilə gələrək pul kisəsini açan zaman 10 manat pul, 01 ədəd qara rəngli “Samsung” markal mobil telefon, Zərərçəkmiş şəxs və azyaşlı Şəms Qasımovaya məxsus şəxsiyyət vəsiqələri, həmin qadının təqaüd kartı, “Araz” marketə aid və “Umiko” bonus kartları aşkar etmişdir. Şamxala telefonu yalnız sənədlə satmaq mümkün olduğunu, həm də ələ keçə biləcəklərini və telefonu narkotiklə dəyişmələrinin yaxşı olacağını bildirmişdir. Həmin vaxt Şamxal onunla razılaşmışdır. Təqaüd kartının şifrəsini bilmədikləri üçün kartın şifrəsinin həmin qadının doğum tarixi olmasını hesab etmiş, qərara gəlmişlər ki, qadının təqaüd kartını “Araz” marketin yanında olan terminalda yoxlasınlar. Sonra taksi sifariş etmişdir ki, yolda həm kartı yoxlasın, həm də Şamxalı evinə aparsın. Onlar bir yerdə taksiyə əyləşib yaxınlıqdakı marketin qaşısına gələrək terminala yaxınlaşmış, o, qadının təqaüd kartını terminala daxil edib şifrə yerinə qadının təvəllüd tarixini yığmış, lakin şifrə yanlış olduğu üçün hesabdan pul çıxarmaq mümkün olmamış, taksiyə əyləşərək Şamxalı evinə düşmüşdür. Polis əməkdaşları onu saxlayarkən və polis idarəsində olarkən üzərində narkotik vasitə olmamış, aşkar olunan narkotik vasitə ona məxsus olmamışdır. O, təkcə soyğunçuluq etmiş, qanunsuz olaraq üzərində narkotik vasitə saxlamamış və daşımamışdır. Zərərçəkmişə dəymiş zərərin ödənildiyini, zərərçəkmiş şəxsin onlardan şikayət və tələbinini olmamasını, əməlindən səmimi peşman olmasını və himayəsində azyaşlı uşağının olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 15 gün olar ki, tanıyır, sonuncu ilə yaşadığı məhəllədəki kafedə təsadüfən tanış olmuş, xx.xx.2022-ci il tarixdə günorta saalarında Eldar ona zəng edərək, Xətai rayonu, Kənd Əhmədli deyilən yerdə kirayə ev tutduğunu, əvvəl yaşadığı evdəki əşyaların həmin evə daşımaq istədiyini bildirmiş və əşyalarını daşımaqda ona kömək etməsini xahiş etmişdir. O razılaşmış və Eldarın evinin əşyalarını yeni kirayə tutduğu evə daşımış, sonra Eldar bir şüşə araq alıb gətirmiş, nahar edən zaman Eldar təzə köçdüyü evinin kirayə haqqını verməyə pulu olmadığını bildirərək ona bir yerdə evdən çıxıb adam soyaraq telefon, yaxud pul əldə etməklə pul qazanmağı təklif etmişdir. Belə ki, Eldar onun əvvəllər məhkumluq həyatı yaşadığını bilmişdir. O, içkili olduğu üçün razılaşaraq Eldar ilə evdən çıxıb piyada metronun “Xalqlar Dostluğu” stansiyasından “Neftçilər” stansiyası istiqamətinə yollanmış, Eldar ilə bir yerdə “Diqlas” ticarət mərkəzinin yanından məhəlləyə girdikdə piyada gedən yaşlı bir qadının əlində pul kisəsi və ərzaqla dolu torba ilə tək getdiyini görmüş və qərara gəllmişlər ki, qadının əlində olan pul kisəsini alıb qaçsınlar. Qadın bir qədər gedib yaxınlıqdakı 9 mərtəbəli yaşayış binasının bloku qarşısındakı pilləkənləri qalxmağa başlamış, 3-4 pilləkən qalxan zaman Eldar arxadan həmin qadına yaxınlaşıb sonuncunun əlindəki pul kisəsini dartaraq qaçmış, qadın da dönüb köməyə ətrafdakıları çağırmışdır. Həmin vaxt o da Eldarla bərabər qaçmış, birbaşa Eldarın kirayə tutduğu mənzilə gəlmişlər. Mənzildə pul kisəsini açan zaman orada 10 manat pul, 01 ədəd qara rəngli “Samsung” markal mobil telefon, Zərərçəkmiş şəxs və azyaşlı Şəms Qasımovaya məxsus şəxsiyyət vəsiqələri, həmin qadının adına “Kapital Bank” aid təqaüd kartı, “Araz” marketə aid və “Umiko” bonus kartlarını aşkar etmişlər. Eldar telefonu götürüb satıb pulunu onunla böləcəyini söyləmişdir. Lakin təqaüd kartının şifrəsini bilmədikləri üçün hesab kartın şifrəsinin həmin qadının doğum tarixi ola biləcəyini düşünmüş, bundan sonra Eldar taksi sifariş etmiş və onlar bir yerdə taksiyə əyləşib yaxınlıqdakı “Araz” marketin qaşısına gələrək taksidən düşüb “Kapital Bank”a aid termnala yaxınlaşıb Eldar taqaüd kartını terminala daxil edib şifrə yerinə qadının təvəllüd tarixini yazmış, lakin şifrə yanlış olduğu üçün hesabdan pul çıxarmaq mümkün olmamışdır. Daha sonra o, taksiyə əyləşmiş və taksi onu yaşadığı məhəlləyə gətirib düşürmüşdür. Hal-hazırda zərərçəkmişə dəymiş zərərin ödənildiyini, zərərçəkmiş şəxsin onlardan şikayət və tələbinin olmadığını, törətdiyi əməldən səmimi peşman olduğunu bildirərək məhkəmədən yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxslər ittiham aktında onlara qarşı elan olunmuş cinayət əməlini törətmişlər. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə, saat 22:15-də o yaşadığı binanın qarşı tərəfində, yaxınlıqda yerləşən “Araz” marketdə alış-veriş edib evinə qayıdan zaman içərisində mobil telefonu olan pul kisəsini, ərzaq kisəsinin birini bir əlində, digər əlində isə başqa ərzaq kisəsini daşımış, yaşadığı binanın girişindəki pilləkənləri qalxan zaman binaya girişin qarşında arxadan kimsə tələsik ona yaxınlaşıb əlində tutduğu pul kisəsini dartaraq alıb qaçmışdır. O, dərhal dönüb arxaya baxan zaman iki cavan oğlanın sürətlə əks tərəfə qaçıb uzaqlaşdıqlarını, oğlanlardan birinin uzunboy, digərinin alçaqboylu olduğunu görmüş, lakin qaranlıq olduğu üçün üzlərini görə bilməmişdir. O həmin şəxslərin arxasınca qaçmış, lakin çata bilməmişdir. Hadisə nəticəsində hər biri 10 manat dəyərində biri ona, ikicisi nəvəsi X7 məxsus şəxsiyyət vəsiqələri, özünə məxsus 10 manat dəyərində “ABB” aid təqaüd kartı, 10 manat dəyərində “Umiko” bankına aid elektron kart, 10 manat dəyərində “Araz” marketə aid bonus kartı və 12 manat nağd pul olan 15 manat dəyərində pul kisəsi və təzəcə “Kontakt home” mağazasından aldığı üzərində 10 manat dəyərində ***-***-**-** bil nömrəsi, 10 manatlıq danışıq kontoru, 10 manat dəyərində qoruyucu kaburası olan 300 manat dəyərində “Samsung A03” markalı mobil telefonu həmin şəxlər tərəfindən ələ keçirilmiş, lakin hadisədən sonra o təqaüd kartını blok etmiş və kartda olan 300 manat pul çıxarılmamışdır. Beləliklə hadisə nəticəsində ümumilikdə ona 407 manat miqdarında maddi ziyan dəymişdir. Hazırda özünə və nəvəsi X7 məxsus şəxsiyyət vəsiqələri, “Umiko” bankına aid elektron kart və “Araz” marketə aid bonus kartı ona geri qaytarıldığını, hadisə nəticəsində ona dəymiş ziyanın ödənildiyini, bu səbəbdən təqsirləndirilən şəxslərdən şikayətçi olmadığını, onlarla barışdığını, onlardan heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Nizami RPİ-nin 24-cü PB-də baş əməliyyat müvəkkili vəzifəsində çalışır. xx.xx.2022-ci il tarixdə 24-cü PŞ-nə həmin tarixdə saat 22:15 radələrində Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 57 saylı binanın 2-ci blokuna girişdə naməlum şəxslərin həmin binada yaşayan X2 əlindən pul kisəsini və mobil telefonunu ələ keçirib hadisə yerindən qaçmaları barədə məlumat daxil olmuş, cinayət hadisəsini törətmiş şəxslərin müəyyən edilməsi istiqamətində o və 24-cü PŞ-nin əməliyyat müvəkkili Şahid2 bir yerdə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxslərdən biri Təqsirləndirilən şəxs1 müəyyən edilib yaşadığı ünvan 8 ünvanında saxlanılmış, Nizami RPİ-nin 24-cü PŞ-nə gətirilən zaman onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olması müəyyən edilmiş, PŞ-nə gətirildikdən sonra şöbənin təhqiqatçısı tərəfindən onun hüquqlarının müdafiəsi üçün dövlət hesabına vəkil dəvət edilib hüquq və vəzifləri izah edildikdə Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarışın vəkilinin iştirakı olmadan keçirilməsinə etiraz etmədiyini bildirmiş, şöbənin təhqiqiatçısı tərəfindən onun və Şahid2 iştirakları ilə Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl ona üzərində dövriyyəsi qadağan edilmiş narkotik vasitə, yaxud psixotrop maddə olduğu halda könüllü təqdim etməsi təklif olunmuş, o da qara gödəkçəsinin sol iç cibindən 01 ədəd şəffaf sellofan bükülünü təqdim edib narkotik vasitə heroin olduğunu, öz istifadəsi üçün 10 gün əvvəl Suraxanı rayonu, Günəşli qəsəbəsində tanımadığı şəxsdən aldığını bildirmişdir. Həmin bükülünün içərisinə baxıldıqda narkotik vasitə heroinə bənzər maddə olduğu müəyyən edilmişdir. Sonra Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdə saat 22:15 radələrində Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 57 saylı binanın qarşısında törədilmiş cinayətdə iştirakı barədə sorğu-sual edilmiş, o, hadisəni Şamxal adlı tanışı ilə törətdiyni, ələ keçindikləri pul kisəsində olan şəxsiyyət vəsiqələrinin, elektron kartların və mobil telefonun hazırda kirayədə yaşadığı Xətai rayonu, Əhmədli qəsəbəsi, Rezervuar küçəsi 5, ev 3B ünvanında olduğunu bildirmiş, bundan sonra o, əməliyyat müvəkkili Şahid2, təhqiqatçı və Təqsirləndirilən şəxs1 ilə bir yerdə sonuncunun yaşadığı ünvana gedərək zərərçəkmiş X3 və azyalı uşağa aid şəxsiyyət vəsiqələrini, “Araz” marketin bonus kartını, “Umiko” elektron kartını və qızılı rəngdə olan “Samsung” markalı mobil telefonu təqdim edərək həmin əşyaların soyduqları qadının pul kisəsinin içərisindən götürdüklərini bildirmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid2 ibtidai istintaqa Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı Şahid2 məhkəməyə ərizə ünvanlayaraq ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs1 üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı diskə məhkəmədə baxış keçirilərkən ittiham aktında göstərilən cinayət əməlinin törədilməsi təsdiq edilir. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin 30 oktyabr 2022-ci il tarixli 6/6288 saylı ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs1 üzərindən götürülmüş bir ədəd bükümdəki təmiz çəkisi – 1.332 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Amblator X1 xx.xx.2022-ci il tarixli 7626 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 Opioidlərin və Psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyata alınması məsləhət görülür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “baxış və götürmə haqqında” protokoldan görünür ki, 2022-ci il tarixdə saat 22:15 radələrində Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 57 saylı binanın qarşısında baş verən cinayət əməlini törətməkdə şübhəli bilinən Təqsirləndirilən şəxs1 iştirakı ilə onun yaşadığı Xətai rayonu, Əhmədli qəsəbəsi, Rezervuar küçəsi 5, ev 3B ünvanında baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs1 iş üzrə Zərərçəkmiş şəxs və azyaşlı uşağa aid şəxsiyyət vəsiqələrini, “Araz” marketin bonus kartını, “Umiko" elektron kartını və qızılı rəngdə olan “Samsung” markalı mobil telefonu təqdim edərək həmin əşyaları soyduqları qadının pul kisəsindən götürdüyünü bildirmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “əşyanın tanınmaya təqdim edilməsi barədə” protokoldan görünür ki, cinayət işinin istintaqı zamanı əldə edilmiş X3 və X7 məxsus şəxsiyyət vəsiqələri, “Araz” marketin bonus kartı, “Umiko” elektron kartı və qızılı rəngdə olan “Samsung” markalı mobil telefon iş üzrə zərərçəkmiş şəxs X3 tanınmaya təqdim edilmişdir. X5 tanınma zamanı ona təqdim edilmiş ona və nəvəsi X7 məxsus şəxsiyyət vəsiqələrini, “Araz” marketin bonus kartının, “Umiko” elektron martının ona məxsus olduğunu, lakin mobil telefonun ona məxsus olmadığını, ona məxsus olmuş “Samsung” markalı mobil telefonun təzə və qara rəngli olduğunu bildirmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 ona qarşı elan edilmiş ittihamda özünü qismən təqsirli bilsə də, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən Təqsirləndirilən şəxs1 qismən etirafedici ifadəsinə, Təqsirləndirilən şəxs2 etirafedici ifadəsinə, zərərçəkmiş şəxsin ifadəsinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxslərin əməllərində cinayət tərkibi vardır, cinayət əməllərinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən törədilməsi tam sübuta yetir, Təqsirləndirilən şəxs1 törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 180.2.1 və 234.1-ci maddələri ilə, Təqsirləndirilən şəxs2 törətmiş olduğu cinayət əməli isə düzgün olaraq Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 məhkəmə baxışı zamanı özünü qismən təqsirli bilməsi barədə verdiyi ifadəyə tənqidi yanaşaraq qeyd edir ki, təqsirləndirilən şəxsin məhkəməyə verdiyi ifadə həqiqətə uyğun deyildir, şahidlərin bir-birinə və işin faktiki hallarına uyğun gələn ifadələri, ekspertiza rəyləri və cinayət işinin digər materialları ilə tam təkzib olunur, ona görə də məhkəmə hesab edir ki, onun bu məzmunda ifadə verməsi özünü müdafiə xarakterli olub cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Beləliklə təqsirləndirilən şəxslər həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidirlər və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxslərə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 180.2 və 234.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə Təqsirləndirilən şəxs1 azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsini, CM-nin 180.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan isə məhkəmə Təqsirləndirilən şəxs2 azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə cəzanın növünü təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. İşdə olan AR DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2023cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs1 Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə AR CM-nin 126.1 və 62.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə cəzadan vaxtından əvvəl şərti azad edilmişdir. Bununla da Təqsirləndirilən şəxs1 məhkumluğu ödənilməmiş yenidən hazırkı cinayəti törətmişdir. İşdə olan AR DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2023cü il tarixli arayışından görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs2 AR CM-nin 181.2.5-ci maddəsi ilə təqsirli bilinib, 09 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə cəzadan vaxtından əvvəl şərti azad edilmişdir. Bununla da Təqsirləndirilən şəxs2 məhkumluğu ödənilməmiş yenidən hazırkı cinayəti törətmişdir. CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixlə Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, Konstitusiya Məhkəməsinin həmin qərarındakı mövqeynə uyğun olaraq hesab edir ki, aşağıdakı yüngülləşdirici hallar kimi nəzərə alınanlar da, həmin Qərardakı meyarlar əsasında müəyyən olunan müxtəlif hallara aid cəzanı yüngülləşdirən hallardır. İş materiallarında olan Zərərçəkmiş şəxs notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, zərərçəkmiş şəxsə dəymiş ziyan ödənilmiş, odur ki təqsirləndirilən şəxslərə qarşı şikayət və tələbi yoxdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 X8 adında azyaşlı uşağı vardır. Məhkəmə Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməlindən səmimi peşman olmasını, əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı mülkiyyət əleyhinə olan hazırkı cinayət işi üzrə zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanın ödənilməsini, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsdən şikayət və tələbinin olmamasını, həmçinin himayəsində azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 münasibətdə yuxarıda qeyd edilən residiv cəzanı ağırlaşdıran hal kimi nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməlindən səmimi peşman olmasını, əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı mülkiyyət əleyhinə olan hazırkı cinayət işi üzrə zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanın ödənilməsini, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsdən şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 münasibətdə yuxarıda qeyd edilən residiv cəzanı ağırlaşdıran hal kimi nəzərə alınır. Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində «həbs» qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində «həbs» qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. Məhkəmə hesab edir ki, maddi sübut kimi saxlanılan narkotik vasitənin qalığı məhv edilməli, Təqsirləndirilən şəxs1 üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı, Zərərçəkmiş şəxs və X7 məxsus şəxsiyyət vəsiqələri, “Araz” marketin bonus kartı, “Umiko” elektron kartının Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınmalı, iş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc Təqsirləndirilən şəxs1 tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçilərin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 il 09 ay (üç il doqquz ay) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu vaxtdan, yəni 01 noyabr 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 il 06 ay (bir il altı ay) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 il 09 ay (üç il doqquz ay) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq 04 il 06 ay ( dörd il altı ay ) müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu andan, yəni 29 oktyabr 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə təyin olunsun. Ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc - 81 (səksən bir) manat Təqsirləndirilən şəxs1 tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutun qalığı olan Bakı şəhəri Nizami rayon Polis İdarəsində saxlanılan qalıq çəkisi 1,282 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs1 üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut olan Zərərçəkmiş şəxs və X7 məxsus şəxsiyyət vəsiqələri, “Araz” marketin bonus kartı, “Umiko” elektron kartının Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs2 məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 ödənilmək üçün 150 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 6 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Təqsirləndirilən şəxs1 məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 ödənilmək üçün 150 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 6 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nigar Qədirli
Məhkəmə qərarları › İş №1(007)-210/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-210/2023
11.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver