Məhkəmə qərarları › İş №1(007)-210/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №1(007)-210/2024

26.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(007)-210/2024 26.09.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Qədirli Nigar Aftandil qızının, Məhkəmə iclasının katibi: X2, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Ölmüş təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs: xx.xx.1969-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi 10 saylı evdə qeydiyyatda olmaqla yaşamış 19 fevral 2024-cü il tarixdə vəfat etmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən 01 ədəd nömrəsi silinmiş, xarici dövlətdə zavod üsulu ilə istehsal olunmuş 7.62 mm kalibrli, “Kalaşnikov” konstruksiyalı, AKMS modelli texniki cəhətdən saz və atəşə yararlı yivli oldu silah olan avtomatı, 01 ədəd “Kalaşnikov” konstruksiyalı silahın komplekt hissəsi olan, 30 ədəd 5.45x39 mm kalibrli patron tutumuna malik, zavod üsulu ilə hazırlanmış istifadəyə yararlı darağı, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatı hesab olunan 5.45x39 mm kalibrli olmaqla, həmin kalibrli “Kalaşnikov” konstruksiyalı silahlara aid 30 ədəd ştat patronlarını qanunsuz olaraq əldə edib Bakı şəhəri, Nizami rayonu, P.Fərzəliyev küçəsinədək daşıyıb avtomatı həmin ərazidə gizlətməklə, avtomata məxsus 01 ədəd daraq və 30 ədəd patronu isə üzərində saxlamaqla gəzdirmiş, onun qanunsuz olaraq odlu silah əldə edib daşıması barədə daxil olmuş əməliyyat məlumatı əsasında Bakı şəhəri Nizami RPİ-nin NMB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2023-cü il tarixdə, saat 10 radələrində ünvan 1 ünvanının qarşısında şübhəli şəxs qismində saxlanılaraq ünvan 2 ünvanında yerləşən Nizami RPİ-nə gətirilib orada üzərinə şəxsi axtarış keçirilərkən əynindəki qara gödəkçənin sol iç cibindən həmin 01 ədəd “Kalaşnikov” konstruksiyalı silahın komplekt hissəsi olan, 30 ədəd 5.45x39 mm kalibrli patron tutumuna malik, zavod üsulu ilə hazırlanmış istifadəyə yararlı daraq və zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatı hesab olunan 5.45x39 mm kalibrli olmaqla, həmin kalibrli “Kalaşnikov” konstruksiyalı silahlara aid 30 ədəd ştat patronları aşkar edilərək götürülmüş, əməliyyat tədbirinin davamı olaraq həmin tarixdə saat 13:30 radələrində Nizami RPİ-nin əməkdaşları tərəfindən onun iştirakı ilə odlu silahı gizlətdiyi, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Pəhlivan Fərzəliyev küçəsinə keçirilmiş baxış zamanı həmin ünvanda fərdi yaşayış evlərinin yerləşdiyi ərazidə daş hasardan olan iki divarın arasından 01 ədəd nömrəsi silinmiş, xarici dövlətdə zavod üsulu ilə istehsal olunmuş 7.62 mm kalibrli, “Kalaşnikov” konstruksiyalı, AKMS modelli texniki cəhətdən saz və atəşə yararlı yivli odlu silah olan avtomat aşkar olunaraq götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs, 19 fevral 2024-cü il tarixdə vəfat etdiyindən, məhkəmə tərəfindən onun anası X1 və bacısı X4 Təqsirləndirilən şəxs hüquqi varisi qismində tanınmaları barədə istəyi olduğu təqdirdə məhkəməyə bildirmələri təklif edilmişdir. Ölmüş şəxsin yaxın qohumları CPM-nin 106-1.4-cü maddəsində nəzərdə tutulmuş 20 gün ərzində onun hüquqi varis qismində tanınmaları barədə müraciət etmədiyindən, cinayət işinə müdafiəçinin razılığı ilə və onun iştirakı ilə baxılmışdır. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, təxminən 2017-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu “Sovetski” adlanan məkanın yaxınlığında, məişət tullantılarının arxasından 01 ədəd “Kalaşnikov” tipli avtomatı, içində 30 ədəd patron olan daraqla birlikdə tapmışdır. Həmin vaxt o, həmin avtomatı, darağı və patronları birlikdə Nizami rayonu Keşlə qəsəbəsində gizlətmiş, avtomatı və onun sursatlarını satmaq niyyəti ilə yaşadığı Keşlə qəsəbəsində yerləşən Neft zavodunun yaxınlığında gizlədərək saxlamışdır. xx.xx.2023-ü il tarixdə, saat təxminən 09 radələrində həmin avtomatın darağını və içərisində olan 30 ədəd patronunu satmaq niyyəti ilə Keşlə qəsəbəsində gizlətdiyi yerdən çıxardaraq gödəkçəsinin iç cibinə qoymuşdur. Bundan sonra Nizami rayonu ərazisində piyada hərəkət etdiyi zaman iki nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşmış və özlərini təqdim edib Nizami RPİ-nin əməkdaşları olduqlarını bildirərək özləri ilə birlikdə Polis İdarəsinə getməyi təklif etmişlər. Həmin vaxt o, cibində silah darağı olduğu üçün şübhə yaranmaması üçün polis əməkdaşlarının təklifini qəbul etmiş və birlikdə Nizami RPİ-nə gəlmişdir. Nizami RPİ-də ona odlu silah əldə edib daşımağında şübhəli olduğu və üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmiş, o, artıq çıxılmaz vəziyətdə qalıb razılığını vermişdir. Daha sonra hüquqlarını müdafiə edilməsi məqsədi ilə dövlət hesabına müdafiəçi dəvət edilmiş və müdafiəçisinin iştirakı ilə ona hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra şəxsi axtarış istintaq hərəkəti başlanılmış, o, gödəkçəsinin sol iç cibinə qoyduğu avtomat darağını və içərisində olan 30 ədəd patronu təqdim etmiş, həmçinin avtomatı da Keşlə qəsəbəsində gizlətdiyini etiraf etmişdir. Daha sonra təqdim etdiyi bir ədəd daraq və 30 ədəd patron qablaşdırılaraq götürülmüş, bununla bağlı protokol tərtib edilmiş və o, həmin protokolu imzalamışdır. Bundan sonra o, polis əməkdaşları və müdafiəçisi ilə birlikdə Nizami rayonu, Keşlə qəsəbəsinə getmiş, orada adını sonradan bildiyi Fərzəliyev küçəsində gizlətdiyi avtomatı gizlətdiyi yerdən çıxardıb təqdim etmişdir. Orada həmin avtomat da qablaşdırılaraq götürülmüş və oraya baxış barədə protokol tərtib olunmuş, onun və bütün iştirakçılar tərəfindən protokol imzalanaraq təsdiq edilmişdir. Belə ki, ondan aşkar edilmiş daraq, patronlar və avtomatdan başqa evində başqa silah və döyüş sursatı olmamış, həmçinin silahı taparaq saxlaması barədə heçkimin xəbəri olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Bakı şəhəri Xətai RPİ-nin İTŞnin polis sahə imspektorlarının işinin təşkili üzrə inspektor, polis kapitanı Şahid2 ifadəsində bildirmişdir ki, Nizami RPİ-nin NMB-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 tərəfindən “Rasim” adlı şəxsin Bakı şəhəri Nizami rayonun ərazisində qanunsuz olaraq odlu silah və onun komplekt hissələrinin saxlaması və gəzdirilməsi barədə əməliyyat məlumatı əldə edilmişdir. Daha sonra Şahid1, bu barədə rəhbərliyə raportla məruzə etmiş, həmin şəxsin yaxalanması məqsədi ilə ondan və Şahid1 ibarət əməliyyat qrupu təşkil edilmişdir. Bundan sonra ƏAT keçirilməsi haqqında qərar qəbul edilmiş və tərəflərindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində “Rasim” adlı şəxs, xx.xx.2023-cü il tarixdə, saat 10:00-da ünvan 5 ünvanının qarşısında saxlanılmışdır. Həmin vaxt onlar “Rasim” adlı şəxsə özlərini təqdim etmiş və Nizami RPİ-nə dəvət etmişlər. RPİ-də təhqiqatçı, polis leytenantı Ənvər Məlikov tərəfindən, müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş və üzərinə videoçəkiliş vasitəsi ilə “şəxsi axtarış” istintaq hərəkəti keçirilmiş, sonuncuya üzərində qanunla qadağan edilən hər hansı bir əşyanın olduğu halda təqdim edilməsi təklif edilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs, əynində olan qara rəngli gödəkcənin sol iç cibindən 01 ədəd silaha aid darağı çıxardaraq təqdim etmişdir. Silah darağına baxış keçirildikdə içərisindən 30 ədəd silah patronu aşkar edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə, əynindəki paltarlara baxılmış, lakin qanunla qadağan olunan hər hansı bir əşya aşkar edilməmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs, 2017-ci ildə yaşadığı ünvanın yaxınlığında olan “Sovetski” adlanan ərazidə zibillikdən 01 ədəd “Kalaşnikov” markalı avtomatı tapdığını, həmin silahın üzərində bir ədəd darağın, darağın içində isə 30 ədəd patronun olduğunu bildirmiş, tapdığı silah və sursatı Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsində yerləşən Neft emalı zavodunun yaxınlığında gizlətdiyini qeyd edərək, üzərində daraq və patronları satmaq niyyəti ilə gəzdirdiyini bildirmişdir. Buna görə də Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd daraq və 30 ədəd patron maddi sübut əhəmiyyəti kəsb etdiyindən, müvafiq ekspertiza təyin edilməsi məqsədi ilə götürülmüş və zərfdə qablaşdırılmış, istintaq hərətəkinin nəticəsi haqqında tərtib edilmiş protokol və zərf onun və bütün iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra təxirə salınmadan Təqsirləndirilən şəxs 01 ədəd avtomatı gizlətdiyi yerə, yəni Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, P.Fərzəliyev küçəsinə yollanmış və orada sonuncu silahın gizlətdiyi yeri göstərərək, qara sellofan paketin içində, göy rəngli parça ilə bağlı olan 01 ədəd “Kalaşnikov” konstruksiyalı avtomatı təqdim etmişdir. Buna görə də aşkar edilmiş silah maddi sübut əhəmiyyəti kəsb etdiyindən təhqiqatçı tərəfindən götürülmüş və bu barədə müvafiq protokol tərtib edilərək, bütün iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş şahid Nizami RPİ-nin NMB-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 Şahid2 verdiyi ifadə ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında çıxış edən ölmüş təqsirləndirilən şəxsin müdafiəçisi X7 təqsirləndirilən şəxsin elan edilmiş ifadəsinə əlavə və vəsatətinin olmadığını, bəraətverici əsaslar olmadan təqsirləndirilən şəxs barəsindəki cinayət işi üzrə icraata xitam verilməsinə etirazı olmadığını bildirmiş və beləliklə, AR-sı CPM-nin 39.1.5-ci maddəsinə əsasən bəraətverici əsaslar olmadan X5 AR-sı CM-nin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsi tərəfindən verilmiş məhkəmə-ballistik ekspertizasının 23/926 saylı xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd nömrəsi silinmiş, xarici dövlətdə zavod üsulu ilə istehsal olunmuş 7.62 mm kalibrli, “Kalaşnikov” konstruksiyalı, AKMS modelli avtomatdır, yivli oldu silahdır, texniki cəhətdən sazdır və atəşə yararlıdır. Avtomatın hissə və mexanizmlərin üzərində heç bir əlavə və dəyişiklik edilməmişdir. Təqdim edilmiş 01 ədəd əşya “Kalaşnikov” konstruksiyalı silahın komplekt hissəsi olan, 30 ədəd 5.45x39 mm kalibrli patron tutumuna malik, zavod üsulu ilə hazırlanmış daraqdır və istifadəyə yararlıdır. Təqdim edilmiş 30 ədəd patron, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 5.45x39 mm kalibrli olmaqla, həmin kalibrli “Kalaşnikov” konstruksiyalı silahların ştat patronlarıdır, atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatıdırlar. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə tövsif edilmişdir. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmət Müalicə Müəssisəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Müalicə müəssisəsində vəfat etmişdir. Azərbaycan Respublikası CPM-nin 39.1.5-ci maddəsinə əsasən şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra öldükdə (ölən şəxsə bəraət verilməsi zəruri olduğu hallar istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.3-1-ci maddəsinə əsasən məhkəmə baxışının gedişində cinayət təqibinə bu Məcəllənin 39.1.5-ci maddəsində nəzərdə tutulmuş halda xitam verilməsinə ölmüş şəxsin hüquqi varisinin, hüquqi varis müəyyən edilmədiyi, o cümlədən bu Məcəllənin 106-1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda müdafiəçisinin razılığı ilə yol verilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarının 44-cü bəndində göstərilmişdir ki, CPM-in 391.3, 39.1.5 və 39.1.12-ci maddələrində qeyd edilən hallarda müdafiə tərəfinin cinayət təqibinə xitam verilməsinə razılığı olduqda, məhkəmə CPM-in 43.3-cü və ya 43.3-1-ci maddələrinə müvafiq olaraq cinayət-prosessual qanunun müvafiq olaraq 39.1.3 və 39.1.12-ci maddələrində və ya 39.1.5-ci maddəsində nəzərdə tutulmuş əsaslarla cinayət təqibinə xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə icraatı materialları məhkəmənin müdafiə tərəfinin cinayət təqibinə xitam verilməsinə razılığının olubolmaması məsələsini araşdırdığını əks etdirməli, o cümlədən razılığın verilməsi haqqında ərizə cinayət işinə əlavə edilməli, məhkəmə iclas protokolunda isə müvafiq qeyd aparılmalıdır. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, 19 fevral 2024-cü il tarixdə ölmüş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli, lakin onun müdafiəçisinin razılığı nəzərə alınaraq, Azərbaycan Respublikası CPM-nin 39.1.5-ci maddəsinə əsasən onun barəsindəki cinayət işi üzrə icraata xitam verilməlidir. Təqsirləndirilən şəxs öldüyündən, onun barəsində seçilmiş həbs qətimkan tədbiri xx.xx.2024-cü il tarixdə məhkəmənin hazırlıq iclası zamanı ləğv edilmişdir. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd nömrəsi silinmiş silah zavod üsulu ilə keçmiş “SSRİ” dövlətində istehsal olunmuş 7,62 mm Kalibrli, “Kalaşnikov” konstruksiyalı, AKMS modelli, avtomat, 30 ədəd 5.45x39 mm kalibrli patron tutumuna malik, zavod üsulu ilə hazırlanmış daraq və qalıq 27 ədəd 5.45x39 mm kalibrli patron Daxili İşlər Nazirliyinə təhvil verilməli, Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 02 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia, məhkəmə xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39, 43, 321, 344-347, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: 19 fevral 2024-cü il tarixdə ölmüş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, müdafiəçinin razılığı nəzərə alınaraq, Azərbaycan Respublikası CPM-nin 39.1.5 və 43.3-1ci maddələrinə əsasən onun barəsindəki cinayət işi üzrə icraata xitam verilsin. Məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsi nəzərə alınsın. İş üzrə maddi sübut olan Bakı şəhəri Nizami RPİ-nin maddi sübutların saxlanılması yerində saxlanılan 01 ədəd nömrəsi silinmiş silah zavod üsulu ilə keçmiş “SSRİ” dövlətində istehsal olunmuş 7,62 mm Kalibrli, “Kalaşnikov” konstruksiyalı, AKMS modelli, avtomat, 30 ədəd 5.45x39 mm kalibrli patron tutumuna malik, zavod üsulu ilə hazırlanmış daraq və qalıq 27 ədəd 5.45x39 mm kalibrli patron Daxili İşlər Nazirliyinə təhvil verilsin. İş üzrə maddi sübut kimi tanınmış X3 üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 2 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 300 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 6 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Qərardan 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nigar Qədirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar