Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-211/2020 13.11.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs-Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, onun müdafiəçisi-Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxxxx 1997-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, İmişli rayonunun Bəhrəmtəpə kəndində qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Albalılıq massivi, M.Namazov küçəsi, nömrəsiz evdə yaşamış, xx xxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx xxxx 2020-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı istintaq təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs insan həyatı və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə özgə əmlakını açıq talayaraq soyğunçuluq etmişdir. Belə ki, o, özgə əmlakını açıq talama məqsədilə xx xxxx 2020-ci il tarixdə saat 15 radələrində Bakı şəhəri, Nizami rayonu, “Koroğlu” metrostansiyasının arxa çıxışına gəlib orada gözləmiş, həmin vaxt əvvəllər tanımadığı Zərərçəkmiş şəxs metronun arxa çıxışından çıxıb neft borularının üzərindəki dəmir körpüdən keçməsini görüb sonuncunun arxasınca hərəkət edərək Zərərçəkmiş şəxs Çöllük küçəsi 27 ünvanında yerləşən “Politexnik” kollecinin hasarına çatmasına 20 metr qalmış arxadan ona yaxınlaşıb həyatı və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq edərək ağzından tutub yerə yıxaraq sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilməyən sağ saidin qançırları, sağ əlin 5-ci barmağının sıyrığı kimi xəsarətlər yetirib çiynindən içərisində 45 manat dəyərində iki ədəd sim kart, 700 manat dəyərində “Samsung A50” markalı mobil telefon, 1 ABŞ dolları, 200 Rusiya rublu və 20 manat nağd pul, 20 manat dəyərində pul kisəsi və “Umico” adlı alış-veriş kartı olan 30 manat dəyərindəki əl çantasını dartıb götürərək hadisə yerindən qaçaraq zərərçəkmiş şəxsə ümumilikdə 826 manat maddi ziyan vurub soyğunçuluq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 180.2.4-cü maddəsi ilə ona elan olunmuş ittihamda təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx xxxx 2020-ci il tarixdə təxminən günorta radələrində Yeni Ramana qəsəbəsində fəhlə işlədiyi yerdə ona əmək haqqını verməsi üçün müdiri Sərvərə zəng etmiş, əmək haqqını almaq istədiyini bildirmişdir. Sərvər verəcəyi 80 manat puldan 40 manatını verə biləcəyini demiş və “Koroğlu” metrosunun yaxınlığına gəlməsini demişdir. O, 214 nömrəli marşurut avtobusu ilə “Koroğlu” metrosuna tərəf gedərkən Sərvər ona zəng edib gələ bilməyəcəyini, daha sonra görüşəcəklərini demişdir. O, yolda olduğu üçün artıq geri qayıtmamış və Q.Qarayev metrosunun yaxınlığında avtobusdan enmişdir. Cibində 40 qəpik pul qaldığı və evə də bazarlıq etməli olduğu üçün ağlına “Koroğlu” metrosunun arxa çıxışında gözləmək və adam gəlib-gedərkən həmin adamın pulunu, pul kisəsini, çantasını və s. bu kimi qiyməli əşyasını götürüb qaçmaq gəlmişdir. “Koroğlu” metrosunun arxa tərəfindəki borular olan yerdə əvvəllər ona iş təklifi olduğu üçün o, həmin yerləri tanımışdır. Həmin gün saat 15 radələrində borular olan tərəfə getmiş, orada durub gözləməyə başlamışdır. Bu zaman bir nəfər qızın əlində çanta ilə “Koroğlu” metrosunun arxa çıxış tərəfindən çıxıb gəldiyini görmüşdür. Onların arasındakı məsafə 50 metr olmuşdur. Həmin qız boruların üzərindəki dəmir körpüdən keçib “Politexnik” kolleci tərəfə qamışlıqların arası ilə getməyə başlayarkən o da onun arxasınca getməyə başlamışdır. “Politexnik” kollecinin hasarına çatmamış iti yerişlə özünü qıza, sonradan tanıyaraq adını bildiyi Zərərçəkmiş şəxs çatdırmış və arxa tərəfdən ona yaxınlaşıb çantasının tutacağından tutub dartaraq qaçmışdır. Bu zaman çantanın tutacağı qırılmış, lakin o, çantanı özü ilə apara bilmişdir. O, çantanı dartan zaman Günya Tarverdiyeva yerə yıxılmışdır. O, çantanı götürüb gəldiyi yolla oradan geriyə qaçaraq uzaqlaşmışdır. Həmin yerdən təxminən 200 metr aralanıb çantanı açmış, içərisindəki narıncı rəngli pul kisəsini və “Samsung” markalı mobil telefonu götürüb çantanı iri borunun alt tərəfinə atmışdır. Pul kisəsini və mobil telefonu özü ilə götürüb oradakı doqquz mərtəbəli binanın yol tərəf, yəni arxa tərəfi ilə piyada Q.Qarayev metrosuna tərəf getmişdir. Pul kisəsini həmin binanın arxa tərəfində açıb, oradan 2 ədəd 10 manatlıq əskinaz pul, 200 rubl rus pulu, bir ABŞ dolları və tanımadığı bir ədəd plastik kartı götürmüş, pul kisəsini oradakı zibil qablarından birinə tullamışdır. Q.Qarayev metrosuna çatıb metro ilə “Koroğlu” metrosuna getmiş, “Koroğlu” metrosundan çıxıb yol maşınlarının biri ilə Xəzər rayonu, Albalılıq massivinə getmişdir. Çantadan götürdüyü 20 manat pulla yaşadığı massivdəki bir marketdən ərzaq malları alıb evinə getmişdir. Evinin həyətində isə həmin mobil telefonu gizlətmişdir. Həmin “Samsung” markalı telefon açıq olmuşdur. xx xxxx 2020-ci il tarixdə telefona “özünü bədbəxt eləmə, heç olmasa telefonu qaytar və bu nömrəyə zəng elə xxxxxxxx” məzmunlu sms gəlmişdir. O, həmin nömrəyə zəng etmək istəyərkən artıq telefon açılmamışdır. Belə ki, nömrəyə zəng edib telefonu aparıb geri qaytarmaq fikrində olmuşdur. Lakin bir qədər sonra mülki geyimli şəxslər ona yaxınlaşaraq polis olduqlarını deyib özlərini təqdim etmiş və onu polis şöbəsinə dəvət etmişlər. O, polis şöbəsində Zərərçəkmiş şəxs götürüb qaçdığı bir ədəd “Samsung” markalı mobil telefonu, 200 rubl rus pulunu, 1 ABŞ dolları və plastik kartı polis əməkdaşlarına könüllü təqdim etmişdir. Hadisə zamanı o, Günay Tarverdiyanın çantasını alıb qaçarkən ona heç bir xəsarət yetirməmişdir, Günay Tarverdiyevə çantanı əlində tutduğu üçün o, çantanı dartan zaman yerə yıxılmışdır. İfadəsinin sonunda Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşmançılıq çəkdiyini, dəymiş maddi ziyanın ödənildiyini, zərərçəkmiş şəxsin onunla barışdığını nəzərə alaraq, barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadə verərək göstərmişdir ki, xx xxxx 2020-ci il tarixdə saat 15 radələrində “Koroğlu” metrostansiyasının arxa çıxışından, yəni qatarla keçən hissəsindən çıxıb ev istiqamətində gəlmişdir. Həmin ərazidə neft boruları, onların üzərindən keçmək üçün isə dəmir körpü vardır. O, evinə yaxın olması üçün həmin körpüdən keçib, qamışlıq ərazidəki beton yolla gedib, “Politeknik” kollecinin hasarının yanından keçərək məhəlləsinə çatmaq istəmişdir. Həmin körpünün üzərində olarkən ondan sol tərəfdən, təxminən 150-200 metr aralıda naməlum bir nəfər oğlan görmüşdür. Həmin yerdən keçərkən o, həmişə ətrafına diqqət edir. Çünki həmin yerdə cox vaxt demək olar ki, adam olmur və təhlükəsizlik kameraları da quraşdırılmamışdır. O, həmin oğlanı görüb addımlarını yeyinlədərək qamışlıq hissəyə, piyadalar üçün beton yola daxil olmuşdur. Həmin yolda olarkən o, arxa tərəfində kiminsə iti addımlarla ona yaxınlaşmasını hiss etmişdir. Buna görə o da addımlarını yeyinlədərkən artıq həmin adamın kölgəsini görmüş, bu zaman həmin naməlum oğlan arxa tərəfdən ona çatıb, sol əli ilə onun ağzından tutub, geriyə dartmış və o, yerə yıxılmışdır. Sonradan tanıdığı və adının Təqsirləndirilən şəxs olmasını bildiyi həmin oğlan onun qolundakı çantasından tutaraq dartmışdır. Çanta çiynindən dirsəyinə düşərkən o, Təqsirləndirilən şəxs müqavimət göstərmiş, Təqsirləndirilən şəxs çantanı dartdığı üçün çantanın tutacağı qırılmışdır. Lakin Təqsirləndirilən şəxs çantasını götürüb qaçmışdır. O, Təqsirləndirilən şəxs arxasınca baxarkən qara qısaqol futbolka, açıq göy rəngli cins şalvar və başında qara rəngli kepka olan, arıq, orta boylu və qaraşın oğlan olmasını görmüşdür. Təqsirləndirilən şəxs qaçarkən geriyə baxıb gülmüş və o, həmin anda onun üzünün üzünsifət və saqqalsız olmasını təxmini görmüşdür. Təqsirləndirilən şəxs gəldiyi istiqamətdə də geriyə qaçaraq oradan uzaqlaşmışdır. O isə, Təqsirləndirilən şəxs getdiyi istiqamətdə onun arxasınca getmiş, onun hansı istiqamətdə getməsini görüb geriyə evinə qayıtmışdır. Evdə bu barədə danışdıqdan sonra atası və əri ilə hadisə yerinə gəlmiş, çantasını alıb qaçan naməlum şəxsin qaçaraq uzaqlaşdığı istiqamətdə gedərkən hadisə yerindən təxminən 200 metr aralıda neft kəmərinin (borusunun) alt hissəsində çantasını tapmışdır. Bundan sonra DİNnin “102” xidmətinə zəng etmişdir. Daha sonra çantasına baxarkən oradan əvvəlcə 50 manat nağd pul və bir ədəd “Samsung A50” markalı mobil telefonunun olmamasını aşkar etmişdir. Bu barədə DİN-nin “102” xidmətinə və polis əməkdaşlarına desə də, sonradan çantasından əlavə olaraq bir ədəd 200 rubl rus pulunun, 1 ədəd 1 ABŞ dollarının, bir ədəd “Umico” alış-veriş kartının olmadığını, soyğunçuluqla aparılmış pulun isə 50 manat deyil, 20 manat olmasını müəyyən etmişdir. O iikin məlumat verərkən həyəcanlı olduğu və qorxduğu üçün tam məlumat verə bilməmişdir, əslində çantasından götürülmüş əşyaların bir ədəd “Umico” alış-veriş kartının, üzərində 25 manat qiyməti olan “ASAN İMZA” nömrəsi (*** *** ** **) və bir ədəd də təxminən 20 manat qiyməti olan “Bakcell” (*** *** ** **) mobil nömrələr olan öz qiyməti isə 700 manat olan bir ədəd “Samsung A50” markalı mobil telefon olmasını müəyyən etmişdir. Araşdırma zamanı iki gün sonra Təqsirləndirilən şəxs tutulmuş, bir ədəd 200 rubl rus pulu, 1 ədəd 1 ABŞ dolları, bir ədəd “Umico” alış-veriş kartı ona qaytarılmışdır. Hadisə zamanı ətrafda heç kim olmamışdır. Hadisə zamanı o, yerə yıxıldığı üçün xəsarət almışdır. Hadisə nəticəsində ona 20 manat nağd pul, 200 rubl rus pulu, yəni 4,83 qəpik, 1 ABŞ dolari, yəni 1 manat 70 qəpik, 700 manatlıq mobil telefon, mobil telefonun üzərində isə 2 ədəd biri 20 manat, biri isə 25 manat olan 2 ədəd sim nömrə, çantasının qiyməti 30 manat, pul kisəsinin qiyməti isə 25 manat olmaqla, ümumilikdə 826 manat maddi ziyan dəymişdir. “Umico” adlı kartın isə hər hansı maddi dəyəri olmamışdır. Hazırda mobil telefonu, bir ədəd 200 rubl rus pulu, 1 ədəd 1 ABŞ dolları Təqsirləndirilən şəxs götürülmüş və ona qaytarılmışdır. O, çantasını taparkən onun tutacağı qırılmış olmuş, yan tərəfi isə sökülmüş vəziyyətdə olmuşdur. Buna görə o, çantasını zibilə tullamışdır, hazırda çanta özündə deyildir. Hazırda ona dəymiş maddi ziyan ödənilmişdir, hər hansı tələbi yoxdur. Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəymiş ziyan tam ödənilmişdir, təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. Növbəti məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə həmin ərizəni nəzərə alaraq, zərərçəkmiş şəxsin iştirakı olmadan məhkəmə iclasını yekunlaşdırmışdır. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: -Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx xxxx 2020-cu il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə cinayət işi başlanmış və icraata qəbul edilmişdir. (i.v. 1) -Hadisə yerinə baxış keçirilməsi haqqında xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs hadisə yerini əyani qaydada göstərərək hadisənin hansı şəraitdə baş verdiyini izah etmiş, habelə, Nizami rayonu, M.Abbasov küçəsində dəmir boruların altından tapdığı yararsız hala düşmüş çantasının yerini göstərmişdir. (i.v. 8-13) -Təqdim etmə və baxış keçirilməsi haqqında xx xxxx 2020-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs soyğunçuluq yolu ilə əldə etdiyi bir ədəd 1 ABŞ dolları, bir ədəd 200 rus rublu, bir ədəd “Umico” alış-veriş kartı və bir ədəd “Samsung A50 Blue” (İMEİ kodu **********77565, **********77563) marka və modelli mobil telefonu könüllü təqdim etmişdir. (i.v. 15-17) -Əşyanın tanınmaya təqdim edilməsi haqqında xx xxxx 2020-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, X3 ona təqdim edilmiş 4 ədəd oxşar mobil telefon içərisindən “Samsung Galaxy” markalı SM A505FN\DS (A50 2019) mobil telefon aparatını tanıyaraq ona məxsus olmasını və xx xxxx 2020-ci il tarixdə soyğunçuluq yolu ilə ələ keçirilmiş mobil telefon aparatı olmasını bildirərək əli ilə göstərmişdir. (i.v. 47-48) -Şəxsin tanınması haqqında xx xxxx 2020-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs ona təqdim edilmiş 4 nəfər şəxsin içərisindən ona qarşı soyğunçuluq əməli törətmiş Təqsirləndirilən şəxs tanıyaraq əli ilə göstərmişdir. (i.v. 57-59) -İfadənin yerində yoxlanılması haqqında xx xxxx 2020-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs hadisə yerini əyani olaraq göstərərək hadisənin hansı şəraitdə baş verdiyini və sonrakı hərəkətlərini ifadələrində qeyd etdiyi qaydada izah etmişdir. (i.v. 60-64) -Cinayət işinin tövsif edilməsi haqqında xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsindən həmin Məcəllənin 180.2.4-cü maddəsinə tövsif edilmişdir. (i.v. 66-67) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X4 Publik hüquqi şəxsin Nizami rayon şöbəsinin canlı şəxsin ekspertizasına dair xx xxxx 2020-ci il tarixli 439 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs sağ saidin qançırları, sağ əlin 5-ci barmağının sıyrığı xəsarətləri olmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2020-ci il tarixdə alınmaları mümkündür və ümumilikdə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilmir. Xəsarətlərin lokaiizasiyasına və xüsusiyyətlərinə əsasən qeyd etmək olar ki, həmin xəsarətlərin şəxsin özü tərəfindən özünə yetirilməsi, eləcə də yıxılma nəticəsində alınmaları inkar olunur. (i.v. 96-97) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx xxxx 2020-ci il tarixli 9/1970 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 1 ədəd Vyetnamda istehsal edilmiş arxa gövdəsi açıq göy, ön hissəsi qara rəngli, “Samsung Galaxy” markalı SM A505FN\DS (A50 2019) model mobil telefonun satış üçün komplektləşdirilməsinə daxil edilən aksesuarların olmaması və işlənmə dərəcəsi nəzərə alınmaqla orta bazar qiyməti təxminən 270,00 manat müəyyən olunur. (i.v. 98-100) -Sübutların qiymətləndirilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.2.4-cü maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmış, bir ədəd “Samsung Galaxy markalı SM A505FN/DS (A50 2019) model mobil telefon, bir ədəd 1 ABŞ dolları, bir ədəd Rusiya rublu, maddi dəyəri olmayan bir ədəd “Umico” alış-veriş kartı maddi sübut kimi tanınmış və maddi sübutların saxlanc kamerasına təhvil verilmişdir. (v. 114-117) - xx xxxxxx 2020-ci il tarixli qəbzdən görünür ki, zərərçəkmiş Zərərçəkmiş şəxs qeyd olunan mobil telefon aparatını və digər əşyaları təhvil almışdır. (i.v. 126) Məhkəmə hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 4 saylı, xx xxxxxx 1996-cı il tarixli qərarına əsasən məhkəmə hökmü səlis, aydın, anlaşılan şəkildə yazılmalı, iş üzrə müəyyən olunmuş hallar, sübutlar və məhkəmənin nəticələri hökmdə ciddi məntiqi ardıcıllıqla şərh edilməlidir. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, dövlət ittihamçısını, təqsirləndirilən şəxsi və zərərçəkmiş şəxsi dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirliliyi özünün etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 180.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 180.2.4-cü maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 180.2.4-ci maddəsinə əsasən soyğunçuluq, yəni özgənin əmlakını açıq talama, insanların həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə törədildikdə - həmin maddədə nəzərdə tutulmuş cinayət məsuliyyətinə səbəb olur, üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: -Tutma haqqında xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli kimi xx xxxx 2020-ci il tarixdə saat 17:42-də tutulmuşdur. (i.v. 33) -Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılma müddəti 02 ay 28 gün həddində müəyyən edilmiş, həbsetmənin əvvəli xx xxxx 2020-ci il tarixdən hesablanmışdır. (i.v. 90-92) -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X2 tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxx 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə təqsirli bilinib, qazancından dövlət nəfinə 15% məbləğində pul tutulmaqla 01 il müddətinə islah işləri cəzasına məhkum edilmiş, xx xxxx 2016-cı il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin xx xxx 2016-cı il tarixli Amnistiya Qərarının 1.5-ci bəndinə əsasən azad edilmişdir. (i.v. 93-94, 107-113) Azərbaycan Respublikası CM-nin 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 83.6-cı maddəsinə əsasən məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. Qanunvericiliyin qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, xx xxxx 2015-ci il tarixli hökmə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə nisbətən yüngül cəzaya, islah işləri cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir, ona görə o, məhkumluğu olmayan şəxs hesab edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 4 nömrəli qərarının 1-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-nin 15.3-cü maddəsinə əsasən bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən birbaşa və ya dolayı qəsdlə törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) qəsdən törədilmiş cinayət sayılır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.2.4-cü maddəsi ilə törətdiyi əməl həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsə dəymiş maddi ziyanın ödənilməsini, zərərçəkmiş şəxsin onunla barışmasını, ona qarşı şikayət və tələbinin olmamasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal qismində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən, cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, qəsdin obyektini mülkiyyət münasibətləri təşkil etməsini nəzərə alaraq, hesab edir ki, onun islah olunması üçün törətdiyi cinayətə görə barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir, tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzanı ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. Məhkəmə hesab edir ki, qəsdən törədilmiş az ağır cinayətə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli olan Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxs kimi cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, xx xxxx 2020-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmişdir, ona görə məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, təqsirləndirilən şəxsin cəzaçəkmə müddətinin başlanğıcı xx xxxx 2020-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli olduğundan onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı aşağıdakıları qeyd edir: Zərərçəkmiş şəxs məhkəməyədək icraat və məhkəmə icraatı zamanı mülki iddia verməmişdir, o, ərizə təqdim edərək dəymiş maddi ziyanın ödənildiyini bildirmişdir; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır. Azərbaycan Respublikası CPM-nin 132.0.1-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan əşyaların ibtidai istintaq zamanı qəbzlə zərərçəkmiş şəxsə təhvil verilməsi nəzərə alınmalı; Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi hesab olunan 50 manat ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin müvafiq hesabına ödənilməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin ibtidai istintaqda və məhkəmədə, iş materialları ilə tanış olmaqla birlikdə, təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddət 70 iş saatı müddətinə bərabər tutulduğundan, (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən) göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla hüquqi yardıma görə iş üzrə dəvət olunmuş Müdafiəçi müvafiq hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 420 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin olunmuş cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı xx xxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübut qismində tanınmış bir ədəd “Samsung Galaxy markalı SM A505FN/DS (A50 2019) model mobil telefon aparatının, bir ədəd 1 ABŞ dollarının, bir ədəd Rusiya rublunun, maddi dəyəri olmayan bir ədəd “Umico” alış-veriş kartının Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınsın. Məhkəmə məsrəfi olan 50 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilsin. Təqsirləndirilən şəxs 70 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş Müdafiəçi “xxxxxxxxxxxx” ASC-nin “Qara Qarayev” filialı, kod 200145, VÖEN **********, m/h- AZ37NABZ013501**********1944, S.Wİ.F.T.BİK AİİBAZ2X, hesab - AZ33AİİB********************, VÖEN - ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 420 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №1(007)-211/2020
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-211/2020
13.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver