Məhkəmə qərarları › İş №1(007)-211/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №1(007)-211/2023

13.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(007)-211/2023 13.04.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Qədirli Nigar Aftandil qızının, Məhkəmə iclasının katibi: X1, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 6 saylı Vəkil bürosunun vəkili Müdafiəçi, Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs: xx.xx.1975-ci ildə Bakı şəhərində anadan olması, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkum olunmayan, Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1 maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 27 avqust 2022- ci il tarixdə saat 07:40-da idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan «Opel Zafıra” markalı, **-TH-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Nizami rayonu, Babək prospekti ilə şəhər istiqamətində 50-60 km/saat sürətlə hərəkətdə olan zaman «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 3-cü hissəsinin tələblərini pozaraq, yəni sürücü sürətdən və hərəkət şəraitindən asılı olaraq eyni zolaqda özündən qabaqda gedən nəqliyyat vasitəsi sürəti kəskin azaltdıqda və ya gözlənilmədən dayandıqda, onunla toqquşmanın qarşısını almaq mümkün olan ara məsafəsi seçməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda həmin tələblərə riayət etməyərək, yol hərəkəti və nəqliyyat vasitəsinin istismarı qaydalarını pozub Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 2315 ünvanında yerləşən “Avto sistem” mağazasının qarşısında onunla eyni istiqamətdə soldan ikinci hərəkət zolağı ilə hərəkətdə və piyadaya yol vermək üçün dayanmış halda olan Şahid idarə etdiyi “Wolkswagen Passat” markalı, **-GR-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ yan hissəsi ilə toqquşduqdan sonra idarəetməni itirərək ehtiyatsızlıqdan avtomobilin ön hissəsi ilə yolu soldan sağa keçməyə çalışan piyada Zərərçəkmiş şəxs vuraraq sonuncunun döş qəfəsinin sağ yan səthinin iri ölçülü qançırı və sağ tərəfli hemopnevmotoraksla müşayiət olunan döş qəfəsinin küt travması, sağ bazu sümüyü cərrahi boynunun qapalı, qəlpəli yerdəyişən sınığı, oma sümüyünün sağ yarısının xətti sınığı, sağ qamış sümüyü proksimalının xətti sınığı, sağ oturaq sümüyü orta 1/3-nin qapalı, qəlpəli, yerdəyişən sınığı, baş beynin silkələnməsi ilə müşayiət olunan sağ təpə gicgah nahiyəsinin əzilmiş yarası, sağ qulaq seyvanının ön və arxa səthi, sağ qulaqarxası sahə, sol bazunun aşağı 1/3-i və dirsək nahiyəsinin bayır səthi, qarnın sağ yan səthi, sağ budun yuxarı 1/3-nin bayır səthinin qançırlarından ibarət ümumilikdə sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər almasına səbəb olmuşdur. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək törətdiyi cinayət əməlini etiraf etmiş və ifadəsində göstərmişdir ki, 27 avqust 2022ci il tarixdə saat 07:40 radələrində özünə məxsus “Opel Zafıra” markalı, **-TH-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Nizami rayonu, Babək prospekti ilə şəhər istiqamətində əsas yolun sağdan ikinci zolağı ilə təxminən 50-60 km/saat surətlə hərəkətdə olan zaman Babək prospektində yerləşən Avtosistem mağazasının qarşısında idarə etdiyi avtomobilin qarşısı ilə hərəkətdə olan “Volkswagen Passat” markalı, **-GR-*** dövlət qeydiyyat nişanlı avtomobilin qarşısına piyada çıxdığı üçün həmin “Volsvagen Passat” marklalı avtomobilin sürücüsü piyadanı vurmamaq üçün əyləcə basaraq avtomobili sağa çəkmiş, o da həmin avtomobillə toqquşmamaq üçün idarə etdiyi avtomobili hərəkətdə olduğu zolaqdan sağ zolağa manevr edən zaman idarə etdiyi avtomobilin qabaq sağ hissəsi ilə yolu soldan sağa keçən piyada, sonradan tanıdığı Zərərçəkmiş şəxs vurmuşdur. O, dərhal idarə etdiyi avtomobili saxlamış və avtomobildən düşərək həmin piyada qadına yaxınlaşıb köməklik edərək yolun kənarına çəkmişdir. Bundan sonra orada olan şəxslər DİN-in 102 xidmətinə və təcili tibbi yardım stansiyasına zəng etmişlər. Hadisədən sonra zərərçəkən şəxsə hərtərəfli köməklik göstərməsini, zərərçəkmiş şəxsə dəyən ziyanı tamamilə ödədiyini, zərərçəkən şəxsin ondan şikayət və tələbinin olmadığını, onunla barışdığını, özünü CM-nin 263.1-1-ci maddəsi üzrə təqsirli bildiyini və əməlindən peşman olduğunu nəzərə alaraq cinayət məsuliyyətindən azad olunmasını və həmin hissədə cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Nizami rayonu Mənzil Kommunal Təsərrüfat İdarəsində xadimə işləyir. 27 avqust 2022-ci il tarixdə səhər saat 07:30 radələrində Nizami rayonu, Babək prospektində ona təhkim olunmuş ərazidə təmizlik işləri apardıqdan sonra yolun sol kənarındakı beton ayırıcıdan yolun sağ tərəfinə aramla hərəkət etməyə başlamışdır. Bu zaman yolun birinci zolağını keçdikdən sonra yolun ikinci zolağını keçməyə hazırlaşarkən Babək prospekti ilə şəhər istiqamətində hərəkətdə olan avtomobillər surəti azaldaraq ona keçmək üçün şərait yaratmışlar. Ona görə də, o, surəti azaldan avtomobillərin qarşısı ilə aramla yolun digər tərəfinə keçməyə davam etmişdir. Elə bu zaman Babək prospekti ilə şəhər istiqamətində hərəkətdə olan sonradan tanıdığı Təqsirləndirilən şəxs idarə etdiyi “Opel” markalı avtomobil ilə onun keçdiyi yola tərəf gəlmiş və onu vurmamaq üçün dayanıb ona yol verən başqa avtomobilə tərəf istiqamətlənib onunla toqquşduqdan sonra idarəetməni itirib qabaq sağ hissəsi ilə onu vurmuş, o da zərbənin təsirindən yerə yıxılaraq xəsarət almışdır. Hadisə zamanı huşunu itirdiyindən heç bir şey xatırlamamışdır. Ayılan zaman xəstəxanada olduğunu və həkimlərin ona tibbi yardım etdiklərini görmüşdür. Müayinə zamanı məlum olmuşdur ki, sağ çiyin, sağ qol və sağ ayaq nahiyəsində sınıq xəsarətləri vardır, həmçinin baş beyin silkələnməsi xəsarətləri almışdır. Aldığı xəsarətlərə görə xəstəxanada stasionar müalicə almağa davam etmişdir. Hal-hazırda təqsirləndirilən şəxslə barışdığını, ona dəymiş ziyanın tam ödənildiyini, təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbnin olmadığını bildirdi. Məhkəmə istintaqı zamanı şahid kimi dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, 27 avqust 2022-ci il tarixdə saat təxminən 07:30 radələrində özünə məxsus olan “Volksvagen” markalı dövlət qeydiyyat nişanı **-GR-*** olan avtomobil ilə Bakı şəhəri, Nizami rayonu, Babək prospekti ilə şəhər istiqamətində əsas yolun soldan ikinci zolağı ilə təxminən 50 km/saat sürətlə hərəkətdə olan zaman Babək prospektində yerləşən Avto- Sistem mağazasının qarşısında idarə etdiyi avtomobilin sağ zolağı ilə hərəkətdə olan “Opel” markalı avtomobil qarşıda piyadanın yolu soldan sağa keçdiyini görərək öz hərəkət zolağından onun hərəkət yoluna, yəni sola manevr edərək qabaq sol yan hissəsi ilə idarə etdiyi avtomobilin qabaq sağ qanadının yan hissəsindən toqquşduqdan sonra idarəetməni itirərək yolu soldan sağa keçən piyada qadını vurmuş və qadın yerə yıxılaraq xəsarət almışdır. Hadisə yerinə polis və təcili tibbi yardım stansiyasının əməkdaşları gəlmişlər. Hadisə nəticəsində avtomobilinə çox az ziyan dəymişdir. Buna görə də, baş vermiş hadisə ilə bağlı heç bir iddia və ya tələbinin olmadığını qeyd etmişdir İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə tibbi ekspertiza və patoloji anatomiya birliyi tərəfindən verilmiş 791 saylı xx.xx.2022-ci il tarixli rəydən görünür ki, Zərərçəkmiş şəxs döş qəfəsinin sağ yan səthinin iri ölçülü qançırı və sağ tərəfli hemopnevmotoraksla müşayiət olunan döş qəfəsinin küt travması, sağ bazu sümüyü cərrahi boynunun qapalı, qəlpəli yerdəyişən sınığı, oma sümüyünün sağ yarısının xətti sınığı, sağ qamış sümüyü proksimalının xətti sınığı, sağ oturaq sümüyü orta 1/3-nin qapalı, qəlpəli, yerdəyişən sınığı, baş beynin silkələnməsi ilə müşayiət olunan sağ təpə gicgah nahiyəsinin əzilmiş yarası, sağ qulaq seyvanının ön və arxa səthi, sağ qulaqarxası sahə, sol bazunun aşağı 1/3- i və dirsək nahiyəsinin bayır səthi, qarnın sağ yan səthi, sağ budun yuxarı 1/3-nin bayır səthinin qançırları olmuşdur. Qeyd edilən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə və tarixdə, yəni xx.xx.2022-ci il tarixdə piyada qismində baş vermiş yol nəqliyyat hadisəsi zamanı hərəkətdə olan avtomobilin qabarıq hissələrinin təsiri nəticəsində yaranması inkar edilmir, dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin məhkəmə ekspertizası mərkəzi tərəfindən verilmiş 8/2285 saylı, xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, «Opel Zafira» markalı, ** TH *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-cı maddəsinin 3-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş, elə həmin tarixdə də barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərər tam ödənilmişdir, təqsirləndirilən şəxsdən heç bir şikayəti və tələbi yoxdur, onunla barışmışdır. Beləliklə, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsin və şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 263.1-1 cü maddələri ilə tövsif edilmişdir. Lakin təqsirləndirilən şəxsin təqsirləndirildiyi Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi üzrə cinayət məsuliyyətindən azad olunması üçün əsaslar vardır. Belə ki, məhkəmədə müəyyən edildi ki, zərər çəkmiş şəxs təqsirləndirilən şəxslə barışmışdır, təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti yoxdur, ona dəymiş ziyan tam ödənilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeydinin 2-ci hissəsinə əsasən həmin Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. CPM-nin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. CPM-nin 43.1.2-ci maddəsinə əsasən həmin Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Qeyd edilən hüquq normalarına əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi üzrə cinayət məsuliyyətindən azad edilməli və həmin maddə üzrə cinayət təqibinə xitam verilməlidir. Məhkəmə hesab edir ki, cinayət işi üzrə icraata xitam verilməli olduğundan Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçilərin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi sübut, xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39, 43, 321, 344-347, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi üzrə cinayət məsuliyyətindən azad edilsin və həmin maddə üzrə barəsində olan cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ləğv edilsin. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 150 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 6 vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Qərardan elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Nigar Qədirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar