Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(007)-212/2020 19.10.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, onun müdafiəçisi - Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxxxx 1993-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Yasamal rayonu, Ə.Haqverdiyev küçəsi ev 3, mənzil 22-də qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, xx xxxxxx 2020-ci il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozaraq ehtiyyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olmuşdur. Belə ki, o, xx xxx 2020-ci il tarixdə saat 10:03-də “xxxxxxx” MMC-yə məxsus etibarnaməsiz idarə etdiyi “Kazar” markalı **-PX-*** dövlət qeydiyyat nişanlı, saz vəziyyətdə olan avtomobili Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev küçəsi, 127 saylı ünvanda yerləşən Nizami rayon Polis idarəsinin inzibati binasının qarşısında idarə edərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 13-cü hissəsinin tələblərini pozaraq, yəni avtomobili arxaya hərəkət etdirməzdən əvvəl həmin manevrin təhlükəsiz başa çatmasına əmin olmalı, arxaya hərəkət etdirməzdən əvvəl arxada hərəkəti üçün heç bir maneənin olmamasına əmin olmalı və piyadanın olması şəraitində piyada avtomobilin arxaya hərəkət etdiyi hissədən kənarlaşdıqdan sonra avtomobili arxaya hərəkət etdirməli, lazım gəldikdə isə sürücü başqa şəxslərin köməyindən istifadə etməli olduğu halda bunlara əməl etməyərək avtomobili arxaya doğru hərəkət etdirərkən avtomobilin arxa hissəsi ilə piyada Zərərçəkmiş şəxs vuraraq ehtiyyatsızlıqdan sonuncunun sol mil sümüyünün tipik yerdə qapalı qəlpəli sınığı, alının sıyrığı və sol bazunun qançırı ilə müşayiət olunan ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid bədən xəsarətləri almasına səbəb olmuşdur. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsində nəzərdə tutulmuş ittihamla təqsirli bilərək göstərmişdir ki, o, “xxxxxxx” MMC-yə məxsus idarə etdyi “Kazar” markalı **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olmuşdur. xx xxx 2020-ci il tarixdə saat 10:15 radələrində həmin avtomobili Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev küçəsində arxa-arxaya 5 km/saat sürətlə hərəkət etdirərkən avtomobilin arxa sol tərəfi ilə piyada qadını vurmuş, qadın yerə yıxılmışdır. O, dərhal avtomobildən düşərək qadına, sonradan adını bildiyi Zərərçəkmiş şəxs yaxınlaşmışdır. Həmin vaxt polis əməkdaşları da hadisə yerinə gəlmiş və polislər təcili tibbi yardıma zəng etmişlər. Təcili tibbi yardım həkimləri hadisə yerinə gələrək Zərərçəkmiş şəxs xəstəxanaya aparmışlar. O, zərərçəkmiş şəxsin müalicəsinə kömək etmiş, müalicə xərclərini tamamilə ödəmiş, ondan üzrxahlıq edib səmimi peşmançılığını bildirmişdir. Zərərçəkmiş şəxs onunla barışmışdır, ona qarşı heç bir tələbi, şikayəti və iddiası yoxdur. Barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadə verərək göstərmişdir ki, xx xxx 2020-ci il tarixdə saat 10:15 radələrində Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev küçəsi ilə yolun sağ hissəsi ilə piyada Q.Qarayev prospekti istiqamətində hərəkətdə olduğu vaxt, rayon Polis İdarəsinin qarşısında “Kazar” markalı **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobil arxa-arxaya hərəkət edib avtomobilin arxa hissəsi ilə onu vuraraq yerə yıxmışdır. Avtomobilin sonradan adını bildiyi sürücüsü Təqsirləndirilən şəxs düşərək ona yaxınlaşmış, həmin vaxt polis əməkdaşları da gəlmiş, təcilli tibbi yardım çağırmışlar. Təcili tibbi yardım gələrək ona ilkin tibbi yardım göstərmiş, sonra onu 3 saylı X3 aparmışlar, sağ qolu qırıldığından xəstəxanada qoluna gips qoymuş, sonra evə buraxmışlar. Təqsirləndirilən şəxs ona vurduğu maddi ziyanı ödəmişdir, onunla barışmışdır, ona qarşı şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxs barəsindəki cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: -“Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” haqqında xx xxx 2020-ci il tarixli 2/5801 nömrəli aktdan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə keçirilən müayinəsi zamanı ayıq olduğu müəyyən edilmişdir. (i.v. 10) - AD seriyalı, 137204 nömrəli sürücülük vəsiqəsinin surətindən və Baş Dövlət X6 Qeydiyyat-İmtahan İdarəsinin xx xxxx 2020-ci il tarixli 016-62418-1220 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini idarə etmək üçün “BC” kateqoriyalı sürücülük vəsiqəsi vardır, o, sürücülük hüququndan məhrum edilənlər siyahısında yoxdur. (i.v. 14, 52) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X4 Publik hüquqi şəxsin Nizami rayon şöbəsinin xx xxx 2020-ci il tarixli 346 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, X1 mil sümüyünün tipik yerdə qapalı qəlpəli sınığı, alnın sıyrığı və sol bazunun qançırı olmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2020-ci il tarixdə yol-nəqliyyat hadisəsi zamanı alınmaları mümkündür, dərəcələrinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. (i.v. 28-29) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxx 2020-ci il tarixli 8/706 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, “Kazar” markalı, ** PX *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 13-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs “Kazar” markalı avtomobili etibarnaməsi olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. (i.v. 34-37) Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, həmin sübutlar mötəbər və mümkün olmaqla Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsini tam təsdiq edir. Onun əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə cinayət işinin materiallarını tədqiq edərək, proses iştirakçılarını dinləyərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad olunmalı və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 263-cü maddəsinin “Qeyd”inin 2-ci hissəsinə əsasən bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Azərbaycan Respublikası CPM-nin 43.1 və 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərar çıxarır. Həmin Məcəllənin 39.1 və 39.1.11-ci maddələrinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmiş Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışmış və ona dəymiş ziyanı tamamilə ödəmişdir, belə olan halda CM-nin 263-cü maddəsinin “Qeyd”inin 2-ci hissəsinə uyğun olaraq onun cinayət məsuliyyətindən azad edilməsi üçün qanuni əsaslar yaranmışdır. Ona görə məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməli, barəsində olan cinayət işinin icraatına xitam verilməlidir. Məhkəmə qeyd edir ki, işə baxılarkən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsi üçün əsaslar müəyyən olunmamışdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilərək barəsində olan cinayət işinin icraatına xitam verilməli olduğundan, onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə Azərbaycan Respublikasının CPM-nin 346-cı maddəsində nəzərdə tutulmuş digər məsələləri həll edərək qeyd edir ki, zərərçəkmiş şəxs məhkəməyədək icraat və məhkəmə icraatı zamanı mülki iddia verməmiş, ona vurduğu maddi ziyanı ödədiyinə görə təqsirləndirilən şəxslə barışmışdır; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınmış bir ədəd DVD disk saxlama müddəti ərzində cinayət işinin materiallarında saxlanılmalıdır, Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi hesab olunan 100 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertizası Mərkəzinin müvafiq hesabına ödənilməlidir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin ibtidai istintaq zamanı və məhkəmədə təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddət 50 iş saatı müddətinə bərabər tutulduğundan, (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən) göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla hüquqi yardıma görə iş üzrə dəvət olunmuş Müdafiəçi müvafiq hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 300 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 39.1.11, 43.1.2, 321, 344-347, 356, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət işinin icraatına xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. İş üzrə məhkəmə məsrəfi olan 100 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmədə 50 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş Müdafiəçi “xxxxxxxxxxxx” ASC-nin “Qara Qarayev” filialı, kod 200145, VÖEN **********, m/h- AZ37NABZ013501**********1944, S.W.İ.RT.BİK AİİBAZ2X, hesab - AZ33AİİB********************, VÖEN - ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 300 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Həmin müddətdə qərardan apellyasiya qaydasında protest və şikayət verilmədikdə qərar müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №1(007)-212/2020
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №1(007)-212/2020
19.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver