Məhkəmə qərarları › İş №1(007)-212/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №1(007)-212/2022

16.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(007)-212/2022 16.06.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami rayon Məhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlunun sədrliyi ilə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçi - Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxx 1986-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, ailəli, fərdi əməklə məşğul olan, əvəllər məhkum olunmamış, ünvan 1 ünvanda olmaqla yaşayan, barəsində "başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs, 15 yanvar 2022-ci tarixdə, saat 17 radələrində texniki cəhətdən saz vəziyyətdə olan, etibarnamə əsasında idarə etdiyi “Toyota Land-Cruiser” markalı ** TJ *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri Nizami rayonu Heydər Əliyev prospekti ilə “Koroğlu” Metrostansiyası istiqamətində saatda 70 km sürətlə hərəkət edərkən, “Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozub, yəni yol hərəkəti üçün təhlükəsiz şərait yaratmaq, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamaq üçün mümkün olan tədbirlər görməli, diqqətini daimi dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, qarşıda hərəkət hissəsinin kənarında bordürün kənarını süpürən şəxsin dayanmasını nəzərə almalı və hərərkətin təhlükəsizliyini təmin edən lazımi yan məsafə saxlayaraq onun yanından keçib getməli olduğu barədə tələblərə əməl etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bu tələbləri pozub, ünvan 2 ünvanın qarşısında bordürün kənarında dayanıb həmin hissəni süpürən Zərərçəkmiş şəxs idarə etdiyi avtomobilin qabaq sol hissəsi ilə vuraraq ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs L2 və L3 fəqərə cisminin sol, L4 fəqərə cisminin sağ yan çıxıntılarının xətti sınıqları, sol sağrının aşağı-bayır kvadratı və sol budun yuxarı 1\3-nin arxa səthinin qançırları ilə müşaiət olunan, dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər almasına səbəb olmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli billmiş və ifadəsində göstərmişdir ki, 15 yanvar 2022-ci tarixdə təxminən saat 17 radələrində anası X1 adına olan etibarnamə əsasında idarə etdiyi “Toyota Land-Cruiser” markalı ** TJ *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri Nizami rayonu Heydər Əliyev prospekti ilə “Koroğlu” Metrostansiyası istiqamətində saatda 70 km sürətlə hərərkət edərkən, Heydər Əliyev prospekti 136 saylı ünvanda “ASK Arena”nın qarşısında hərəkət axınını iki hissəyə ayıran beton səkinin qarşısında arxası yolun hərəkət hissəsinə doğru dayanmış vəziyyətdə yolu süpürən qadını təxminən 2-3 metr məsafədən görüb sükanı dərhal sağa tərəf çəksə də, qadını vurmaqdan yayına bilməmiş və avtomobilin qabaq sol hissəsi ilə onu vurmuşdur. Hadisə nəticəsində xəsarət almış Zərərçəkmiş şəxs dəymiş maddi ziyanı tam olaraq ödəmiş və sonuncu ilə barışıq əldə etmişdır. Zərərçəkmiş şəxslə barışıq əldə etməsinin nəzərə alınaraq cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 15 yanvar 2022-ci tarixdə təxminən saat 17 radələrində Heydər Əliyev prospekti 136 saylı ünvanın qarşısında “ASK Arena” İdman kompleksi ilə üzbəüz hissədə, nəqliyyat axınını iki hissəyə ayıran beton səkinin qarşısında arxası yolun hərəkət hissəsinə dayanıb beton səkinin kənarını süpürərkən, Heydər Əliyev prospekti ilə “Koroğlu” Metrostansiyası istiqamətində hərəkətdə olan “Toyota Land-Cruiser” markalı ** TJ *** dövlət qeydiyyat nişanlı avtomobil qabaq sol hissəsi onu vurmuşdur. Hadisə nəticəsində xəsarət almış və hadisəni törətmiş Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyan tam olaraq ödənilmiş və onlar barışmışlar. Təqsirləndirilən şəxs barəsində cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, cinayət işini hərtərəfli tam və obyektiv araşdırıb, cinayət prosesi tərəflərinin təkliflərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və barəsində Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə başlanmış cinayət işi üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 263-cü maddəsinin “Qeyd” hissəsinə əsasən, bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən, böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.3-cü maddəsinə əsasən, başqa növ cinayət törətmiş şəxs, bu Məcəllənin 73.1-ci maddəsində nəzərdə tutulmuş şərtlər mövcud olduqda, yalnız bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində bilavasitə müəyyən edilmiş hallarda cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-nin 43.1.2-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində, bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərar çıxarır. Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən, məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyan tam olaraq ödənilmiş, sonuncuya qarşı heç bir şikayəti, maddi tələbi yoxdur və gələcəkdə də olmayacaqdır. İş materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs ilə barışıq əldə etməsinin nəzərə alınaraq, cinayət məsuliyyətindən azad edilməklə cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-cü maddəsinin “Qeyd” hissəsinə və həmin Məcəllənin 73.1 və 73.3-cü maddələrinin tələblərinə əsasən, Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi üzrə cinayət məsuliyyətindən azad edilməklə, cinayət təqibinə xitam verilməlidir. Yuxarıda göstərilənləri, Azərbaycan Respublikası CM-nin 263-cü maddəsinin “Qeyd” hissəsini, CM-nin 73-cü maddəsini və Azərbaycan Respublikası CPM-nin 43-cü maddəsinin tələbini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-cü maddəsinin “Qeyd” hissəsinə əsasən, Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməklə cinayət təqibinə xitam verilsin. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar