Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-212/2023 09.03.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, məsləhətçi İmanov Nizami Bəxtiyar oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs, xx xxxxxx 1993-cü ildə Bərdə rayonunda anadan olmuş, Rusiya Federasiyasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, Rusiya Federasiyası, Moskva şəhəri, Veliki Novqorod qəsəbəsi, Pobeda küçəsi, ev 41, mənzil 8 ünvanında qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs, 06 oktyabr 2022-ci il tarixdə saat 23:30 radələrində ünvan 2 ünvanda yerləşən ictimai yer hesab olunan “Şuşa Qalası” restoranında X5 ilə sonuncunun onun müğənnilərin ifasını alqışlamasının səbəbini soruşmasını bəhanə edərək heç bir əsaslı səbəb olmadan özünün şəxsiyyətini Sirac Mustafayevin şəxsiyyətinin fövqündə qoyub cəmiyyətə qarşı açıqca hörmətsizlik və laqeydlik nümayiş etdirərək, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edib orada olan vətədaşların gözü qarşısında səs-küy salıb Sirac Mustafayevin ünvanına uca səslə nalayiq ifadələr işlətməklə sonuncuya fiziki zor tətbiq edib sifət nahiyyəsindən kəllə və yumruqla qəsdən vurub yerə yıxmaqla ona ümumilikdə sağlamlığın qısa müddəti pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid alnın sağ yarısının şişkinlik halında əzilməsi, sağ burun dəliyindən nəfəs almanın çətinləşməsi ilə müşayiət olunan burun belinin şişkinlik halında əzilməsi, sol gözaltı nahiyyənin qançırı, sol gözün ağlı qişasının qansızması, üst dodağın selikli qişas.nın sol yarısının qansızması, sağ dizin ön səthinin, bel nahiyyəsinin sağ yarısının sıyrıqları, üst çənənin ön dörd dişin laxlaması ilə nəticələnən xəsarətlər yetirməklə qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat təxminən 23:30 radələrində o, qardaşı Nicatla birlikdə Bakı şəhəri, Nizami rayonu, M.Əliyev küçəsində yerləşən “Şuşa Qalası” restoranında olan kabinetlərin birində oturaraq yemək yeyərək spirtli içki qəbul etdikdən sonra o, qardaşı Nicatla kabinetdən çıxaraq avtomobilin yanına gedən zaman restoranda olan kabinetlərin birinin qarşısından keçən zaman görmüşdür ki, həmin kabinetin içərisində müğənni xanımlar mahnı oxuyurlar, o, əl çalaraq həmin kabinetin qarşısından keçərkən həmin kabinetdən tanımadığı bir nəfər şəxs çölə çıxaraq ona bildirmişdir ki, “nəyə görə əl çalırsan”. O, həmin şəxsə demişdir ki, mahnı xoşuna gəldiyi üçün əl çalır, bu zaman həmin şəxs əli ilə onun sol bilək nahiyəsindən tutub yumruqla sifət nahiyyəsindən bir zərbə endirib onu itələyən zaman o, başı ilə həmin şəxsin sifət nahiyəsinə zərbə vurmuş, sonra yerə yıxaraq yumruqla sifət nahiyyəsindən bir neçə zərbə endirmiş, bu zaman həmin şəxsin yanında olan şəxs onları aralaşdırmış və sözlə mübahisələri davam edərkən həmin yerə qardaşı və Nasir adlı tanışları yaxınlaşmış və qardaşı Siraca onunla qardaş olduğunu bildirmişdir. Bundan sonra polis əməkdaşları gələrək onları Nizami RPİ-nə gətirmişlər. Sonda Təqsirləndirilən şəxs, törətdiyi əməldən səmimi peşman olduğunu, zərərçəkmiş şəxsə vurulmuş zərəri tamamilə ödədiyini bildirdi və barəsində yüngül həddə cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidi dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Zərərçəkmiş şəxs X5 məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş, habelə istifadəsində olan mobil nömrəsinə zəng edilib ona məhkəmə iclaslarında iştirakının vacibliyi bildirilərkən, o, təqsirləndirilən şəxsin ona dəymiş maddi ziyanı tam olaraq ödədiyini, buna görə də sonuncuya qarşı heç bir şikayət və tələblərinin olmadığını və ziyan ödənildiyinə görə də məhkəməyə gəlməyinin lüzumsuz olduğunu bildirərək məhkəməyə gəlməkdən imtina etmişdir. Zərərçəkmiş şəxs X2 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilmiş ifadəsindən görünür ki, o, xx.xx.2022-ci il tarixdə saat təxminən 23:30 radələrində o, dostları Röyal və Vüqarla birlikdə Bakı şəhəri, Nizami rayonu, M.Əliyev küçəsində yerləşən “Şuşa Qalası” restoranında olan kabinetlərin birində oturaraq yeyib-içən zaman restoranda oxuyan müğənni xanımlar onların oturduqları kabinetə gəlmişlər və onlar kabinetdə mahnı oxuyan zaman kabinetin pəncərəsinin qarşısında bir nəfərin dayanıb əl çaldığını görmüşdür. Həmin şəxsin bu hərəkəti onun xoşuna gəlmədiyindən kabinetin giriş qapısından çıxaraq həmin sonradan adı ona Təqsirləndirilən şəxs kimi məlum olan şəxsə yaxınlaşıb nə üçün o, oturduğu kabinetdə ifa edən müğənnilərə əl çalmasını sual etmişdir. Həmin şəxs isə oxunan mahnı xoşuna gəldiyindən əl çaldığını bildirərək onun ünvanına nalayiq ifadə işlətdiyindən o, əsəbini cilovlaya bilməyib həmin şəxsin sifət nahiyyəsindən bir yumruq zərbəsi endirdikdən sonra həmin şəxs kəllə ilə sifət nahiyyəsindən bir zərbə endirmişdir. Sonra Təqsirləndirilən şəxs onu yerə yıxaraq yumruqla sifət nahiyyəsindən bir neçə zərbə endirmişdir. Bu zaman dostu Vüqar kabinetdən çölə çıxaraq onları aralaşdırmış və sözlə mübahisə etməyə davam edərkən Nicat yanında bir nəfər şəxslə onlara yaxınlaşıb Təbrizin onun qardaşı olmasını ona bildirmişdir. Bu səbəbdən də aralarında mübahisə yekunlaşmışdır. Bundan sonra onlara polis əməkdaşları yaxınlaşaraq Nizami RPİ-nə gətirmişlər və o, ərizə ilə müraciət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə saat təxminən 23:30 radələrində o, qardaşı Təbrizlə birlikdə Bakı şəhəri, Nizami rayonu, M.Əliyev küçəsində yerləşən “Şuşa-Qalası” restoranında olan kabinetlərin birində oturaraq yemək yeyərək spirtli içki qəbul etdikdən sonra saat təxminən 23:30 radələrində o, qardaşı ilə birlikdə kabinetdən çıxaraq avtomobilin yanına gedən zaman qardaşı Təbriz ondan qabaqda getdiyi üçün o, restoranın ayaqyoluna girmişdir. Ayaqyolundan çıxdıqdan sonra o, görmüşdür ki, qardaşı Təbriz ilə tanıdığı Sirac adlı şəxs söz mübahisəsi edirlər, o, həmin şəxslərə yaxınlaşmış, Siraca bildirmişdir ki, “Sirac Təbriz mənim qardaşımdır”, bundan sonra Siracın yanında olan tanışları da dəstək olaraq mübahisə yekunlaşmış və sonradan hadisə yerinə polis əməkdaşları gələrək onları Nizami RPİ-nə gətirmişlər. İş materiallarında olan üzləşdirmə barədə 07 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, zərərçəkmiş şəxs X1 üzləşdirmə zamanı ibtidai istintaq zamanı verdiyi ifadəsini bir daha təsdiq edərək, Təqsirləndirilən şəxs üzünə demişdir. İş materiallarında olan canlı şəxsin ekspertizasının 12 oktyabr 2022-ci il tarixli, 939 saylı rəyindən görünür ki, X3 alının sağ yarısının şişkinlik halında əzilməsi, sağ burun dəliyinin nəfəs almanın çətinləşməsi ilə müşayiət olunan burun belinin şişkinlik halında əzilməsi, sol gözaltı nahiyənin qançısı, sol gözün ağlı qişasının qansızması, üst dodağın selili qişasının sol yarısının qansızması, sağ dizin ön səthinin, bel nahiyyəsinin sağ yarısının sıyrıqları, üst çənənnin ön dörd dişin laxlaması olmuş, həmin xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənməklə xx.xx.2022-ci il tarixdə alınmaları mümkündür və dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Azərbaycan Respublikası Konstitusiyasının 131-ci maddəsinin 1-ci hissəsinə və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 79-cu maddəsinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu məhkəmə təcrübəsinə dair məsələlər üzrə məhkəmələrə izahlar verir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli qərarının 2-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Həmin qərarın 4-cü bəndində qeyd olunmuşdur ki, Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında cinayətin obyektiv tərəfinin məcburi elementi kimi nəzərdə tutulan aktiv hərəkətlərin düzgün təfsirinin əhəmiyyəti nəzərə alınmaqla izah edilsin ki, xuliqanlıq cinayəti gedişində vətəndaşlara zor tətbiq edilməsi dedikdə zərərçəkmiş şəxsi döymədə və ya onun sağlamlığına qəsdən yüngül zərər vurmada ifadə olunan hərəkətlərin edilməsi başa düşülməlidir. Cinayət işinin məhkəmədə baxılması zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs heç bir səbəb olmadan ictimai qaydanı kobud surətdə pozmuş və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlər etmiş, gediş-gəlişin gur olduğu yerdə, ünvan 2 ünvanda yerləşən ictimai yer hesab olunan “Şuşa Qalası” restoranında X5 ilə mübahisə edib, sonuncuya fiziki zor tətbiq etməklə qəsdən kəllə ilə üz nahiyyəsindən vurub X4 alının sağ yarısının şişkinlik halında əzilməsi, sağ burun dəliyinin nəfəs almanın çətinləşməsi ilə müşayiət olunan burun belinin şişkinlik halında əzilməsi, sol gözaltı nahiyənin qançısı, sol gözün ağlı qişasının qansızması, üst dodağın selili qişasının sol yarısının qansızması, sağ dizin ön səthinin, bel nahiyyəsinin sağ yarısının sıyrıqları, üst çənənin ön dörd dişin laxlamasından ibarət xəsarətlər yetirməklə, qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Bununla da Təqsirləndirilən şəxs öz davranışı ilə ictimai qaydalara qarşı açıq etinasızlıq göstərmiş, özünü ətrafdakılara qarşı qoymuş və cəmiyyətə qarşı açıqdan-açığa hörmətsizlik göstərmiş, əxlaq normalarını kobud surətdə pozmuşdur. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, əvvəllər məhkum olunmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını və zərərçəkmiş şəxslə barışıq əldə etməsini məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 13 dekabr 2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən onun barəsində işdə olan və ayrı-ayrılıqda yuxarıda sadalanan cəzasını yüngülləşdirən halların olub, cəzasını ağırlaşdıran halların olmamasını, eləcə də təqsirləndirilən şəxsin azadlıqdan məhrum etmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq, hesab edir ki, ona cərimə növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum edilməklə cəmiyyətdən təcrid edilməsinə əsaslar müəyyən edilmədiyinə görə təqsirləndirilən şəxs barəsində cərimə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə görə məhkəmə baxışınadək həbsdə saxlanılan məhkuma cərimə və ya müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əsas cəza təyin edilərkən məhkəmə həbsdə saxlama müddətini nəzərə alaraq, təyin edilmiş cəzanı yüngülləşdirir və ya şəxsi bu cəzadan tamamilə azad edir. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır və tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxil edilir. İş materiallarında olan 07 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 07 oktyabr 2022-ci il tarixdə saat 22:20-dən 09 oktyabr 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi barədə 09 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Buna görə də məhkəmə hesab edir ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 07 oktyabr 2022-ci il tarixdən 09 oktyabr 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət nəzərə alınaraq, Təqsirləndirilən şəxs təyin edilən cərimə cəzası yüngülləşdirilməlidir. Həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin məhkəmədə iştirak etdiyi müddət 36 iş saatı, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 216 manat (38x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 419-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 1000 (min) manat miqdarında cərimə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən məhkəməyədək icraat zamanı tutulduğu 02 (iki) gün müddət nəzərə alınmaqla, Təqsirləndirilən şəxs təyin edilən cərimə cəzası yüngülləşdirilərək, ona qəti olaraq, 900 (doqquz) manat məbləğində cərimə növündə cəza müəyyən edilsin. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs 36 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi VÖEN – ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 216 manat əmək haqqı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov
Məhkəmə qərarları › İş №1(007)-212/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-212/2023
09.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver