Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-212/2025 13.03.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Qədirli Nigar Aftandil qızının, Məhkəmə iclasının katibi: X1, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili X2 Zərərçəkmiş şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs: xx.xx.2006-cı ildə Masallı rayonu, Xallıcallı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmayan, Masallı rayonu, Xallıcallı kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair sadələşdirilmiş icraat materialına Bakı şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 06 sentyabr 2024-cü il tarixdə saat 18 radələrində, "Whatsapp" sosial şəbəkəsində tanış olduğu Zərərçəkmiş şəxs ilə aralarında olan mübahisəyə aydınlıq gətirilməsi üçün əvvəlcədən razılaşıb ünvan 2 ünvanda yerləşən körpünün alt hissəsində görüşdükdə orada şəxsi münasibətlərin pozulması zəminində aralarında olan mübahisə zamanı Zərərçəkmiş şəxs onu təhqir etməklə ciblərindən siqaret və alışqanı çıxarıb kənara qoyaraq onunla əlbəyaxa olmağa hazırlaşdığını görüb qisas almaq məqsədilə qəsdən bir dəfə təpik və yumruqla Zərərçəkmiş şəxs üz-cənə və bədəninin digər nahiyələrinə bir neçə dəfə vuraraq sonuncuya ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid alt çənə sümüyünün sol çənə bucağının az yerdəyişən sınığı, sol alın-təpə nahiyəsinin, sol yanaqçənə nahiyəsinin şişkinlik halında əzilmələri, sol yanağın iç səthinin selikli qişasının qansızması, sol qulaqarxası, sağ dirsək və sol diz nahiyələrinin sıyrıqları, döş qəfəsinin sağ ön və sağ arxa nahiyələrinin qançırlarından ibarət xəsarətlər yetirməklə, qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə 2022-ci ildən "Whatsapp" tətbiqində söhbət qruplarının birində mütəmadi yazışıb əlaqə saxlayıb. Həmin söhbət qruplarında son vaxtlarda onunla Vüsal arasında mübahisələr olmuşdur. Vüsal onun ünvanına nalayiq ifadələr deyib, qrupun digər iştirakçılarının gözü qarşısında onu təhqir etdiyi üçün, o da, Vüsalı təhqir etmişdir. xx.xx.2024-cü il tarixdə Tural ona zəng vurub, onu aralarında yaranan narazılığı aydınlşadırmaq üçün "Koroğlu" metro stansiyasının yaxınlığına görüşə dəvət etmişdir. O həmin görüş yerinə sosial şəbəkədən tanıdığı, Sənan adlı bir tanışı ilə birlikdə getmişdir. Parkda Tural ondan söydüyü söyüşlərə görə üzr istəməsini demiş, o bundan imtina etdikdən sonra isə Vüsal ona " gəl sənə başa salacam" deyib, onu yaxınlıqda olan, körpünün altına aparmışdır. Həmin vaxt onun yanında olan tanışı Sənan və Turalın yanında olan, adını bilmədiyi tanışı onların dava edəcəklərini başa düşdükləri üçün onlarla birlikdə Turalın onun apardığı yerə getməkdən imtina etmiş və onlardan ayrılaraq üzü metro istiqamətinə getmişdirlər. Orada ondan və Turaldan başqa heç kim olmamışdır. Körpünün altında Tural ondan yenə də üzr istəməsini tələb etmiş, o bundan imtina etdikdə isə, Tural onu nalayiq ifadələr ilə onu təhqir etmiş və onu rahat şəkildə döyə bilmək üçün cibindəki əşyaları cibindən çıxarıb, səkinin üzərinə qoymuşdur. Artıq o anlamışdır ki, bundan dərhal sonra Vüsal onu vuracaq, odur ki, Turalı qabaqlayaraq, Turalın əşyalarını qoymaq üçün yerə əyilməsindən istifadə edib, o əvvəlcə təpiklə Turalın üzündən, sonra isə yumruqla bir neçə dəfə sifətinin müxtəlif yerlərindən vurmuşdur. Həmin vaxt o Turalı vurmasaydı, Tural onu döyüb, xəsarət yetirəcəkdi. Törətmiş olduğu əməldən peşmançılıq çəkməsini nəzərə alaraq məhkəmədən yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər şəxsən tanımasa da, 2022-ci ildən o həmin şəxs ilə «Whatsapp» tətbiqində söhbət qruplarının birində mütəmadi yazışıb əlaqə saxlamışdırlar. Həmin söhbət qruplarında son vaxtlarda səbəbsiz yerə Vüsal onun ünvanına nalayiq ifadələr yazdığı üçün, o da, Vüsala eyni qaydada cavab vermişdir. Vüsalın bu hərəkətləri ilə bağlı xx.xx.2024-cü il tarixdə onunla görüşüb, hərəkətlərinin səbəbini aydınlaşdırmaq üçün o Vüsalı "Koroğlu" metro stansiyasının yaxınlığına görüşə dəvət etmişdir. Onun çağırışından sonra Vüsal onunla görüşə gəlməyə razılıq vermiş, həmin gün saat 18 radələrində Vüsal ilə əvvəlcə “Koroğlu" metro stansiyasının yaxınlığında yerləşən “Alov Park" adlı parkda görüşmüşdürlər. O Vüsal ilə görüşə gedərkən Qismət adlı tanışı ilə birlikdə getmişdir. Vüsal həmin yerə yanında bir nəfər tanımadığı tanışı ilə birgə gəlmişdir. Görüş vaxtı o Vüsaldan «Whatsapp» tətbiqində mənə söydüyü söyüşlərə görə üzr istəməsini tələb etmişdir. Vüsal üzr istəməkdən imtina etdiyi üçün o Vüsala "Gəl söhbətimizi kənar bir yerdə davam etdirək" demişdir. Vüsalı kənar yerə aparmaq istəməkdə niyyəti, əhalinin çox olduğu yerdə onunla dava-dalaş etmək istəməməsi olmuşdur. Vüsal ilə birgə yaxınlıqdakı körpünün alt hissəsini getmişdirlər. Onlarla birgə gələn tanışları isə onlarla birgə körpünün altına getməkdən imtina etmiş və onlar metro istiqamətinə getmişdirlər. O körpünün altında Vüsal ilə yenə söhbət edib, ondan üzr istəməsini tələb etmişdir. Vüsal üzr istəməkdən imtina etdiyi üçün o Vüsalı döymək qərarına gəlmiş, həmin vaxt cibində olan telefonu, siqareti və alışqanı cibindən çıxarıb, yaxınlıqdakı səkinin üzərinə qoymaq üçün yerə əyildikdə Vüsal qəfildən bir dəfə onun sifət nahiyəsindən təpiklə vurmuşdur. Vüsalın vurduğu təpik zərbəsi onun çənəsindən dəydiyi üçün çənəsində şiddətli ağrı yaranmışdır. Buna baxmayaraq o Vüsalın ayağından tutaraq Vüsalı geriyə doğru itələmişdir. Bunun ardınca Vüsal onun sifət nahiyəsindən ardıcıl bir neçə dəfə yumruqla vurmuşdur. Vüsalın vurduğu yumruq zərbələrindən sonra alnından, sol yanağından sol qulağımın arxa tərəfindən xəsarət almışdır. Yerə yıxıldığım üçün sağ dirsəyində, sol diz nahiyəsində sıyrıqlar əmələ gəlmişdir. Həmçinin verilmiş suallara cavab olaraq əməli törətmiş şəxsdən şikayətçi olduğunu və məhkəmədən onun cəzalandırılmasını xahiş etmişdir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 10 sentyabr 2024-cü il tarixli 804 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs alt çənə sümüyünün sol çənə bucağının az yerdəyişən sınığı, sol alın-təpə nahiyəsinin, sol yanaq- çənə nahiyəsinin şişkinlik halında əzilmələri, sol yanağın iç səthinin selikli qişasının qansızması, sol qulaqarxası, sağ dirsək və sol diz nahiyələrinin sıyrıqlan, döş qəfəsinin sağ ön və sağ arxa nahiyələrinin qançırları olmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənə bilərdilər, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2024-cü il tarixdə alınmaları mümkündür və dərəcələrinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. Xəsarətlərin xüsusiyyətlərinə və lokalizasiyasına istinad edərək qeyd etmək olar ki, həmin xəsarətlər müxtəlif şəraitlərdə, o cümlədən, qərarın təsviri hissəsində və şəxsin göstərdiyi şəraitlərdə əmələ gəlməsi mümkündür. Lakin bu xəsarətlərin şəxsin özü tərəfindən yetirilməsi nəticəsində əmələ gəlməsi inkar olunur. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərərçəkmiş şəxsin ifadəsinə, ekspertiza rəyindən ibarət olan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar şəxsin əməlində cinayət tərkibi vardır, əməlin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu əməl düzgün olaraq Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Əməli törətmiş şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə əməli törətmiş şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 127-ci maddəsinin sanksiyasında 3 növ cəza nəzərdə tutulduğundan, məhkəmə təqsirləndirilən şəxsə həmin alternativ cəzalardan azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini qanunauyğun, ədalətli və humanizm prinsiplərinə uyğun hesab edir. Çünki cəza təyin edilərkən ədalət və humanizm prinsiplərinə əməl edilməli olduğundan, “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamı və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarındakı tövsiyyələr nəzərə alınmalıdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli qeyd edilən Sərəncamının 8-ci bəndində göstərilmişdir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Sərəncamın 13.3-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Yuxarıda sadalananlar, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarındakı tövsiyyələri, həm də yüngülləşdirici hallar olduğundan, ağırlaşdırıcı hallar olmadığından sanksiyada nəzərdə tutulmuş daha ciddi cəzanın təyin edilməsi üçün əsaslar mövcud olmur. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Beləliklə hazırkı iş üzrə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəza nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini təmin etmək üçün, ədalətlilik və qanunçuluq prinsipinə əməl etmək üçün, CMnin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəzanı tətbiq etmədən də cəzanın məqsədlərinə çatmaq olar və hazırkı iş üzrə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Daha ciddi cəzanın təyin edilməsi üçün əsaslar yoxdur. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. Məhkəmə təqsirləndirilən şəxsin ilk dəfə cinayət törətməsini, törətdiyi cinayət əməlini etiraf etməsini, əməlindən səmimi peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Təqsirləndirilən şəxs barəsində xx.xx.2024-cü il tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi sübut, xüsusi müsadirə olunası əmlak, mülki iddia, ekspertiza xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası onun yaşayış yeri üzrə Probasiya Şöbəsinə həvalə edilsin. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə Masallı rayonunun hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşayış yerini saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili X3 ödənilmək üçün 108 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 6 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nigar Qədirli
Məhkəmə qərarları › İş №1(007)-212/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-212/2025
13.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver