Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-213/2022 17.08.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami rayon Məhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlunun sədrliyi ilə, məhkəmə iclas katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçi - Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, xx xxxxxx 1983-cü il tarixdə Ağcabədi rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanda qeydiyyatda olan, ünvan 2 ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 178.2.2, 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 özünün Müdafiə Nazirliyinin Xüsusi İdarəsinin rəis müavini vəzifəsində işləməsi barədə yalan məlumat verərək inandırıb Zərərçəkmiş şəxs1 övladı Şahid1 həmin idarənin rəis müavininin köməkçisi vəzifəsinə işə düzəldəcəyi barədə yalan vəd verib aldadaraq 2021-ci ilin sentyabr ayının sonunda ünvan 3 ünvanında yerləşən “Madonna” şadlıq sarayının qarşısında Zərərçəkmiş şəxs1 3000 manat, bundan başqa, sonuncunun əmlakını ələ keçirməyə yönəldilmiş hərəkətlərini davam etdirərək Zərərçəkmiş şəxs1 Müdafiə Nazirliyinin Texniki-Təchizat İdarəsində sektor müdiri vəzifəsinə düzəldəcəyi barədə yalan vəd verib aldadaraq 2021ci ilin oktyabr ayının əvvəlində ünvan 4 ünvanında yerləşən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 Saylı Bakı Ərazi İdarəsinin yaxınlığında sonuncudan həmin dövrün rəsmi məzənnəsi ilə 3400 manat təşkil edən 2000 ABŞ dolları nağd pulu, ümumilikdə 6400 manat pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirməklə Zərərçəkmiş şəxs1 xeyli miqdarda ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 tanışı Zərərçəkmiş şəxs2 Müdafiə Nazirliyinin yeməkxanasında müdir vəzifəsinə işə düzəldəcəyi barədə yalan vəd verib aldadaraq etibarından sui-istifadə etməklə 2021-ci ilin noyabr ayının sonunda Bakı şəhəri, Nizami rayonu, Məshəti Gəncəvi küçəsində yerləşən “Azimut” kafesində 2000 manat pulunu onun cinayətkar niyyətindən xəbərsiz olan Zərərçəkmiş şəxs1 vasitəsi ilə alıb ələ keçirməklə dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Şahid2 təqribən 2020-ci il sonlarından tanımış və sonuncu ilə “İnstagram” sosial şəbəkə vasitəsi ilə tanış olmuşdur. Kənana özünü Müdafiə Nazirliyinin Xüsusi İdarəsinin rəis müavini kimi təqdim etmiş və inandırmışdır. 2021-ci ilin sentyabr ayında Kənanla telefon danışığı zamanı özünə köməkçi axtardığını və bu vəzifəyə uyğun şəxs tapmasını xahiş etmişdir. Həmin şəxsi özünə köməkçi, yəni Müdafiə Nazirliyinin Xüsusi İdarəsinin rəis müavinin köməkçisi vəzifəsinə düzəltdirəcəyini, ayda 1500 manat maaş alacağını və həmin şəxsin bu vəzifə üçün 6000 manat verməli olduğunu Kənana demişdir. Bir neçə gün sonra Kənan onunla əlaqə saxlayaraq Zaur adlı tanışının həmin vəzifəyə uyğun olduğunu demiş, Kənandan həmin şəxslə ətraflı danışmağı demiş və bu işə görə Kənana “şirinlik” kimi 1000 manat pul verəcəyini vəd etmişdir. Bir müddət sonra Zaurun atası Zərərçəkmiş şəxs1 zəng edərək onun nömrəsini Kənanın verdiyini və sonuncuya dediyi işlə bağlı maraqlandığını bildirmişdir. Zərərçəkmiş şəxs1 Müdafiə Nazirliyinin Xüsusi İdarəsinin rəis müavini və polkovnik-leytenant rütbəsində olduğunu demiş və Şahid1 həmin idarədə özünə köməkçi təyin etdirəcəyini, sonuncunun 1500 manat maaş alacağını və bu iş üçün 6000 manat pul verməli olduğunu demişdir. Şahid1 Ali Təhsil haqqında diplomunu, diplomun təsdiq edilmiş surətini, hərbi biletini, şəxsiyyət vəsiqəsini, hərbi biletin və şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətini, 6 ədəd 3x4 fotoşəkili və ilkin olaraq 3000 manat pul istəmişdir. 2021-ci ilin sentyabr ayının sonlarında Zərərçəkmiş şəxs1la Bakı şəhəri, Nizami rayonunda yerləşən “Madonna” şadlıq sarayının qarşısında görüşmüş, sonucuya yenidən özünü Müdafiə Nazirliyinin Xüsusi İdarəsinin rəis müavini kimi təqdim edib polkovnik-leytenant rütbəsində olduğunu demişdir. Elçinə həmin vəzifədə olduğunu təsdiq edəcək hər-hansı sənəd təqdim etməmiş, sonuncu ondan vəsiqəsini tələb etdikdə vəsiqənin üzərində olmadığını demişdir. Elçinə pulu verdikdən və zəruri prosedurlar keçdikdən 1 ay sonra oğlu Şahid1 işinin həll olunaraq işə qəbul olunacağını bildirmişdir. Həmin vaxt Elçindən 3000 manat pulu, Şahid1 məxsus diplomu, şəxsiyyət vəsiqəsini, hərbi bileti, şəxsiyyət vəsiqəsi və hərbi biletin təsdiq edilmiş surətini, 6 ədəd 3x4 fotoşəkli və bəzi digər sənədləri almış və həmin sənədləri Müdafiə Nazirliyinin Təhlükəsizlik xidmətinə verəcəyini, 20 gün ərzində Zaurla bağlı araşdırma aparılacağını, 20 gündən sonra həkim komissiyası təyin ediləcəyini və 10 gün sonra Zaurun işə qəbul olunacağını demişdir. Pulu aldıqdan sonra Kənanla Bakı şəhəri, Nəsimi rayonu “28 May” metrostansiyasının yaxınlığında kafelərin birində görüşmüş, sonuncuya “şirinlik” olaraq 1000 manat verərək, Zaurun işinin qısa müddətdə həll olunacağını demişdir. Kənan onun Zərərçəkmiş şəxs1 aldadaraq pulunu ələ keçirmək niyyətində olmasından xəbərsiz olmuşdur. Təqribən 10 gün sonra Zərərçəkmiş şəxs1la telefonla danışaraq Müdafiə Nazirliyinin Texniki-Təchizat İdarəsində sektor müdiri vəzifəsinə ştat açıldığını, həmin ştata iki gün ərzində təyinat olacağını, Elçini həmin ştata təyin etdirə biləcəyini və bunun üçün 6000 manat pul lazım olduğunu demişdir. Elçinə 6000 manatın 4000 manatını ilkin olaraq, 2000 manatı isə iş düzəldikdən sonra verilməli olduğunu demişdir. Zərərçəkmiş şəxs1 məxsus Ali Təhsil haqqında diplomu, əmək kitabçasını, 6 ədəd 3x4 fotoşəkil və bəzi digər sənədləri gətirməyi bildirmiş və təqribən 2021-ci ilin oktyabr ayının əvvəllərində Nərimanov rayonunda nömrəsini xatırlmadığım Notorial kontorunun və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi dairəsinin yaxınlığında Elçinlə görüşmüş və sonuncu işə düzəlməsi üçün ona 2000 ABŞ dolları və sənədləri vermişdir. Elçinə işinin qısa müddətdə, təqribən 20 günə həll olunacağını demişdir. Bundan sonra, Zərərçəkmiş şəxs1la danışarkən, Müdafiə Nazilriyində büfet müdiri vəzifəsinin boşaldığını, həmin vəzifəyə 2500 manat qarşılığında adam təyin etdirə biləcəyini və bu vəzifəyə uyğun adam tapmağı demişdir. Sonuncu Zərərçəkmiş şəxs2 adlı bir tanışının olduğunu, sonuncunun əvvəllər bufetçi kimi işlədiyini bildirmişdir. Həmin şəxsin şəxsiyyət vəsiqəsinin və diplomunun notarial qaydada təsdiq edilmiş surətini, 06 ədəd 3x4 fotoşəkil lazım olduğunu demiş, Elçinlə və Zərərçəkmiş şəxs2lə Bakı şəhəri, Nizami rayonunda görüşməyi razılaşmışlar. 2021-ci ilin noyabr ayının sonunda təqribən saat 17 radələrində Zərərçəkmiş şəxs1la Bakı şəhəri, Nizami rayonunda yerləşən “Azimut” adlı kafedə görüşərkən sonuncuya bütün işlərin qaydasında olduğunu demişdir. Bundan sonra, Elçin ona Zərərçəkmiş şəxs2 məxsus şəxsiyyət vəsiqəsinin və diplomun təsdiq edilmiş surətini, 06 ədəd 3x4 fotoşəkili və Qaraşın işə düzəlməsi üçün 2000 manat pul vermişdir. Pulu alıb Qaraşın işini də qısa müddətdə həll edəcəyini bildirmişdir. Daha sonra, Zərərçəkmiş şəxs2 bir neçə dəfə telefonla işinin həll olunduğunu, qısa müddətdə onu yeni işinə aparıb təqdim edəcəyini demişdir. Bir neçə gün sonra Zərərçəkmiş şəxs2 işi ilə maraqlandıqda sonuncunu əvvəlcə bufeti təqdim etmək üçün Müdafiə Nazirliyinin inzibati binasına dəvət etmiş, daha sonra bəhanə ilə həmin təqdimatın sonraya qaldığını demişdir. Zərərçəkmiş şəxslərə dəymiş ziyan tam olaraq ödənilmiş və törətdiyi cinayət əməlindən səmimi peşmandır. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli özünün səmimi etirafından başqa iş üzrə dindirilmiş zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə, habelə iş üzrə toplanmış digər sübutlarla da tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, təqribən 2021-ci ilin sentyabr ayında oğlu Zaurun dostunun əmisi oğlu Kənanın vasitəsi ilə tanış olduğu Arzu adlı qadın Müdafiə Nazirliyinin xüsusi idarəsində rəis müvani vəzifəsində və polkovnik-leytenant rütbəsində xidmət etdiyini və Zauru Müdafiə Nazirliyinin Xüsusi İdarəsində rəis müvani vəzifəsinə 6000 manata düzəldə biləcəyini bildirmiş və bunun üçün Zaurun diplomunun təsdiq edilmiş surətini, hərbi biletini, şəxsiyyət vəsiqəsini və ilkin ödəniş kimi 3000 manat pul istəmişdir. Kənan həmin qadının etibarlı şəxs olduğunu bildirdiyi üçün təqribən 2021-ci ilin sentyabr ayının sonlarında saat 12 radələrində Bakı şəhəri, Nizami rayonunda yerləşən “Madonna” Şadlıq sarayının qarşısında Arzu ilə görüşmüşdür. Özünü Təqsirləndirilən şəxs kimi təqdim edən sonuncuya sənədləri və 3000 manat pul vermiş, Təqsirləndirilən şəxs sənədləri Təhlükəsizlik xidmətinə göndərəcəyini, təqribən 20 gün ərzində Zaurun barəsində yoxlama aparılacağını, sonra həkim komissiyası təyin ediləcəyini və 10 gün sonra Zaurun işə təsdiq ediləcəyini bildirmişdir. Təqribən 10 gün sonra Təqsirləndirilən şəxs telefonla ona zəng edərək Müdafiə Nazirliyinin Texniki-təchizat idarəsində sektor müdiri vəzifəsinə ştat açıldığını və iki gün müddətində həmin ştata təyinat olacağını, 6000 manat qarşılığında onu həmin ştata təyin etdirə biləcəyini və bunun üçün ilkin olaraq 4000 manat, təyin olunduğundan sonra isə 2000 manat verməli olduğunu demişdir. Arzu ilə razılaşaraq səhəri gün, təqribən oktyabr ayının əvvəllərində Bakı şəhəri, Nərimanov rayonunda ünvanını və nömrəsini xatırlamadığı Notarial kontorunun qarşısında görüşmüşdür. Həmin vaxt Təqsirləndirilən şəxs Zaurla bağlı işlərin qaydasında olduğunu və qısa müddətdə Zaurun həkim komissiyasına çağıracağını demişdir. Onun işi ilə bağlı isə Təqsirləndirilən şəxs onun yaşının çox olduğu üçün Zaurun işində olduğu kimi yoxlamaların uzun çəkməyəcəyini, təqribən 10-15 gün ərzində işə təyin olunacağını bildirmişdir. Bundan sonra diplomunu, əmək kitabçasını, şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətini və 2000 ABŞ dolları (3400 manat) Arzuya vermişdir. Təqribən 2-3 gün sonra, Təqsirləndirilən şəxs telefon vasitəsi ilə zəng edərək Müdafiə Nazirliyində Yeməkxana müdiri vəzifəsinin boşaldığını və təcili həmin vəzifəyə 2500 manat qarşılığında kimisə düzəldə biləcəyini demişdir. Əvəllər Bakı Dövlət Üniveristetinin büfetində işləmiş dostu Zərərçəkmiş şəxs2 bu barədə məlumat vermiş və sonuncu razılaşaraq həmin işə düzəlmək istədiyini demişdir. Noyabr ayının sonlarında Qaraş diplomunu, şəxsiyyət vəsiqəsinin surətini və 2000 manat pulu götürmüş və onlar Təqsirləndirilən şəxs Bakı şəhəri, Nizami rayonunda yerləşən “Loğman” klinikasının yaxınlığında “Azimut” kafesində gözləmişlər. Lakin, Arzu gecikdiyini bildirdiyinə və Zərərçəkmiş şəxs2 başqa işlə bağlı tələsdiyi üçün sənədləri və 2000 manat pulu ona verərək getmişdir. Təqribən yarım saat sonra Təqsirləndirilən şəxs həmin kafeyə gəlmiş və onlar kafedə çay içərək iş barəsində söhbət etmişlər. Təqsirləndirilən şəxs onun və oğlunun işinin qısa müddətdə həll olunacağını demişdir. Zərərçəkmiş şəxs2 ona verdiyi sənədləri və 2000 manat pulu Təqsirləndirilən şəxs vermiş, sonuncu 2-3 günə bu məsələnin də həll olunacağını demişdir. Təqribən bir neçə gün sonra Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2lə telefon əlaqəsi saxlayaraq sonuncuya işinin həll edildiyini bildirib Müdafiə Nazirliyinin İnzibati binasının yaxınlığına çağırmış, lakin sonra gələ bilməyəcəyini demişdir. Bundan sonra Təqsirləndirilən şəxs onların telefon zənglərinə cavab verməmiş və onlar aldandıqlarını başa düşmüşlər. Təqsirləndirilən şəxs oğlu Şahid1, özünün və dostu Zərərçəkmiş şəxs2 işə düzəlməsi üçün verdiyi pulları təklikdə vermiş, onların yanında heç kim olmamışdır. Onlara dəymiş zərər X4 tərəfindən tam olaraq ödənildiyindən sonuncuya qarşı şikayət və tələbləri yoxdur. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 məhkəmə baxışı zamanı elan olunaraq tədqiq edilmiş ifadəsindən ggörünür ki, təqribən 2021-ci ilin noyabr ayında tanışı Zərərçəkmiş şəxs1 bir tanışının onu Müdafiə Nazirliyinin büfetinə müdiri vəzifəsinə düzəldə biləcəyini və bunun üçün 2000 manat pulun, ona məxsus diplomun və şəxsiyyət vəsiqəsinin təsdiqlənmiş surətinin və 6 ədəd 3x4 fotoşəkilin lazım olduğunu demişdir. Elçinlə razılaşaraq 2000 manat pulu və sənədləri gətirmiş, onlar birlikdə Nizami rayonu ərazisində yerləşən “Azimut” adlı kafedə həmin şəxsi gözləməyə başlamış, lakin həmin şəxs zəng edərək gec gələcəyini bildirdiyindən və onun təcili işi olduğu üçün gözləməyib 2000 manat pulu və sənədləri həmin şəxsə verməsi üçün Elçinə verib getmiş, sonuncu isə pulu və sənədləri Arzu adlı həmin qadına vermişdir. Daha sonra Elçin ona həmin qadının nömrəsini vermiş, növbəti günlər Elçinlə əlaqə saxladıqda sonuncu Arzunun onun işinin qısa müddətdə həll olunacağını bildirdiyini demişdir. Arzu ilə telefon əlaqəsi saxlayıb, Elçinin dostu olduğunu və işinin nə yerdə olduğunu soruşmuş, Təqsirləndirilən şəxs ona işinin həll olunacağını, səhəri gün Müdafiə Nazirliyinin yaxınlığına gəlməyini və onu bufet ilə tanış edəcəyini demişdir. Lakin, Təqsirləndirilən şəxs növbəti gün ona zəng edərək xəstə olduğundan bufetə daha sonra baxacaqlarını bildirmiş, daha sonra isə Arzunun onları aldatdığı məlum olmuşdur. Onun Təqsirləndirilən şəxs verilməsi üçün Elçinə verdiyi 2000 manat pul Elçin tərəfindən ona ödənilmişdir. Məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərmişdir ki, 2021-ci ilin sentyabr ayında dostu Şahid3 ona əmisi oğlu Kənanın bir tanışının Müdafiə Nazirliyinin Xüsusi İdarəsində işə düzəltməklə bağlı əlaqələrinin olduğunu demişdir. Rizvan Kənanın mobil nömrəsini ona vermişdir. Kənanla telefon əlaqəsi yaradıb bu barədə soruşduqda, sonuncu onu işə düzəldəcək qadının Müdafiə Nazirliyinin əməkdaşı olduğunu, onu Müdafiə Nazirliyinin Xüsusi İdarəsinə hüquqşünas vəzifəsinə düzəldə biləcəyini və bunun üçün 6000 manat pul verməli olduğunu demişdir. Kənanla danışdıqdan sonra bu barədə atası Zərərçəkmiş şəxs1 məlumat vermişdir. Bundan sonra danışıq zamanı Kənan atasına və ona həmin qadının etibarlı şəxs olduğunu demişdir. Atası ona məxsus diplomun və şəxiyyət vəsiqəsinin surətini və müxtəlif vaxtlarda onun, özünün və Qaraş adlı tanışının işə düzəlməsi üçün 8400 manat pulu həmin qadına vermişdir. Lakin, sonradan həmin qadının atasını aldadaraq pulları ələ keçirdiyi məlum olmuşdur. Məhkəmə istintaqı zamanı şahidlər - Şahid2 və Şahid3 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan olunaraq tədqiq edilmişdir. İşdə olan 01 fevral 2022-ci il tarixli «Könüllü təqdim etmə və götürmə haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 könüllü olaraq təqdim etdiyi 01 ədəd disk götürülmüşdür. İşdə olan 02 fevral 2022-ci il tarixli «Diskdəki auido yazıların və mətnlərin baxışa təqdim edilməsi barədə” protokoldan görünür ki, xx.xx.2021-ci il tarixli səs yazısı: “Dəfndə idik, şəhidlərlə bağlı, rəsmi rəis heyyəti də orda idi, daha sonra sizə xəbər edəcəm”; xx.xx.2021-ci il tarixli səs yazısı: “Bu gün cavabdeh qalacam,,,, rəisimizin yaxını rəhmətə gedib,, həftənin ikinci günü “stalova” işə çıxacaq, 2-ci gün səhər saat 9da Nazirliyin arxa qapısında özüm qarşılayacam; xx.xx.2021-ci il tarixli səs yazısı: “Video konfrans iclıasımız var idi bölgələrlə”; 13 dekbar 2021-ci il tarixli səs yazısı: “ xəstəyəm”; 17 dekbar 2021-ci il tarixli səs yazısı: “Məndən zəng gözləyin, Allah bunların bəlasını versin., Füzulidə nəsə olub”; 17 dekabr 2021-ci il tarixli səs yazısı: “Hərbi hissələrdə telefon tutublar, telefonları yığırlar, digər nömrəmə zəng edin”; 28 dekabr 2021-ci il tarixli səs yazısı: “trudavoyu” özüm tərcümə elətdirib verə bilərəm?” səs yazılarını dinlədikdən sonra Təqsirləndirilən şəxs Vahd qızı həmin qadın səsinin özünə məxsus olduğunu, bu danışıqların onunla Zərərçəkmiş şəxs1 arasında baş tutuduğunu bildirmişdir. İşdə olan 02 fevral 2022-ci il tarixli “Baxış keçirilməsi və götürmə haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evdən Şahid1 məxsus hərbi biletin və şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətləri, Şahid1 məxsus 06 ədəd 3x4 həcmdə olan foto, Şahid1 məxsus 01 ədəd Ali Təhsil haqqında Bakalavr və 01 ədəd Magistr Diplomu və Tam Orta Təhsil haqqında Attestatın surəti götürülmüşdür. İşdə olan 02 fevral 2022-ci il tarixli “Könüllü təqdim etmə, baxış və götürmə haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 məxsus №124723 nömrəli Ali Təhsil Haqqında diplomu və ******* nömrəli Əmək kitabçasını, həmçinin Şahid1 məxsus ******* nömrəli hərbi bileti təqdim edərək onları Zərərçəkmiş şəxs1 onu və oğlunu işə düzəltmək adı ilə aldığı pullar ilə birlikdə aldığını qeyd etmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs yaxın qohumları tərəfindən Zərərçəkmiş şəxs1 ayrı-ayrı vaxtlarda 3000 (üç min) manat və 3000 (üç min) manat olmaqla ümumilikdə 6000 (altı min) manat pul ödənilmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs yaxın qohumları tərəfindən Zərərçəkmiş şəxs1 450 manat ödənilmişdir. İşdə olan 31 mart 2022-ci il tarixli qərardan görünür ki, Şahid1 məxsus Ali Təhsil Haqqında Bakalavr Diplomu, Magistr Diplomu, hərbi Bilet, həmin hərbi biletin notarial qaydada təsdiq edilmiş surəti, şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surəti, ona məxsus 06 ədəd 3x4 foto, X2 məxsus Ali Təhsil Haqqında diplom və Əmək kitabçası 6 ədəd 3x4 foto iş üzrə maddi sübut kimi tanınmışdır. İşdə olan qəbzdən görünür ki, Ali Təhsil Haqqında Bakalavr Diplomu, Magistr Diplomu, hərbi Bilet, həmin hərbi biletin notarial qaydada təsdiq edilmiş surəti, şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surəti, ona məxsus 06 ədəd 3x4 foto, X2 məxsus Ali Təhsil Haqqında diplom və Əmək kitabçası 6 ədəd 3x4 foto Şahid1 təhvil verilmişdir. İşdə olan 31 mart 2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs “vatsap” ani mesajlaşma təqtbiqi vasitəsi ilə olan yazılı və səsli mesajlarının əsk edildiyi 01 ədəd disk və Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Qardağ rayonu, Lökbatan qəsəbəsi M.İ.Həsənov küçəsində yerləşən evə baxış keçirilən zaman çəkilmiş görüntülərin əks olunduğu 01 ədə disk iş üzrə maddi sübut kimi tanınmışdır. İşdə olan tələbnamədən və Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 aprel 2013-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 08 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə cəzası 07 ilə, Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə cəzası 06 il 09 aya endirilmiş və xx.xx.2019-cu il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. İşdə olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs 31 yanvar 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İşdə olan Bakı şəhəri Nizami rayon Məhkəməsinin 02 fevral 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. İşə əlavə olunmuş Zərərçəkmiş şəxs1 ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam olaraq ödənildiyindən sonuncuya qarşı şikayəti və tələbi yoxdur. Beləliklə, məhkəmə qeyd edir ki, məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutların məcmuyuna əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə belə qənaətə gələrkən “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli 7 №-li qərarının 1-ci bəndinin tövsiyyəsini də nəzərə alır. Belə ki, həmin qərarda qeyd edilir ki, törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Qərarda eyni zamanda vurğulanır ki, dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Qərarda habelə qeyd edilir ki, şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun. Göründüyü kimi, məhkəmənin Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlinin tövsifi ilə bağlı gəldiyi nəticə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum qərarının izahlarına uyğundur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, cinayət qanunvericiliyinin aşağıda qeyd olunan prinsip və müddəalarını nəzərə alır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli 7 №-li qərarının 39-cu bəndinin tövsiyyəsində qeyd edilimişdir ki, məhkəmələr dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59.1.13-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs münasibətdə cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini cəzanı yüngülləşdirən, Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivini isə cəzanı ağırlaşdıran hal qismində nəzərə alır. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayət törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 83.3, 83.3.4 və 83.4-cü maddələrinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş sayılır. Məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. İşdə olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini, barəsində olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 aprel 2013-cü il tarixli hökmünə münasibətdə məhkumluğu ödənilməmiş və ya götürülməmiş törətmişdir. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Həmin Məcəllənin 18.5-ci maddəsinə görə, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla və hədlərdə cinayətlərin residivinə görə daha sərt cəza tətbiq edilir. «Аzərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 6 sentyabr 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq hüquqi təbiətinə görə cinayət törətməklə özünün ictimai təhlükəliliyini biruzə vermiş şəxsin hərəkətləri üzərində sosial-hüquqi nəzarətin müəyyənləşdirilməsindən və həyata keçirilməsindən ibarət olan cinayət-hüquqi institutdur. Bu cür nəzarət yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə həyata keçirilməklə məhkumun hüquq və azadlıqlarının müəyyən dərəcədə məhdudlaşdırılmasında ifadə olunur. Məhkumluq, həmçinin yenidən cinayət törətməməsi üçün ədalət mühakiməsi tərəfindən məhkuma edilən özünəməxsus xəbərdarlıq növüdür. Məhkumluğu olan şəxs tərəfindən yeni cinayətin törədilməsi bir qayda olaraq onun sabit kriminal meylliliyinə, məhkəmə tərəfindən edilmiş xəbərdarlığa məhəl qoymamasına dəlalət edir, bu isə nəticə etibarilə onun yüksək ictimai təhlükəliliyinə işarə edir. Yeni cinayət törətdiyinə görə qanun belə şəxsə qarşı daha sərt cinayət-hüquqi təsir tədbirlərinin tətbiq edilməsini nəzərdə tutur. Göründüyü kimi həm qanunvericilik, həm də Аzərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyi bir mənalı оlараг məhkumluğu olan şəxs tərəfindən yeni cinayətin törədilməsinin bir qayda olaraq onun sabit kriminal meylliliyinə, məhkəmə tərəfindən edilmiş xəbərdarlığa məhəl qoymamasına, bunun isə nəticə etibarilə onun yüksək ictimai təhlükəliliyinə işarə etdiyini və yeni cinayət törətdiyinə görə qanunun belə şəxslərə qarşı daha sərt cinayət-hüquqi təsir tədbirinin tətbiq edilməsini nəzərdə tutur. Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4-cü maddələrinin sanksiyasında dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə yuxarıda qeyd olunan xüsusatları və qanunvericiliyin tələblərini nəzərə alaraq, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilməklə cəza çəkmədən islah olunmasını mümkün saymır və hesab edir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası, həmin Məcəllənin 65.2-ci maddəsində müəyyən edilmiş qaydalar nəzərə alınmaqla təyin edilməli və Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən cəzasını çəkməsi üçün ciddi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilməlidir. İş üzrə maddi sübutlar – 2 ədəd disk cinayət işində saxlanılmalıdır. Cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsi ilə müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351- 353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 31 yanvar 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübutlar – 02 ədəd disk cinayət işində saxlanılsın. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən isə apellyasiya şikayəti hökmün surəti ona verildiyi andan 20 gün müddətində verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov
Məhkəmə qərarları › İş №1(007)-213/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-213/2022
17.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver