Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-213/2025 28.04.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Əsədli Gülsu Araz qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, təqsirləndirilən şəxs – xx.xx.1965-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 24 oktyabr 2024-cü il tarixdə Bakı şəhəri, Nizami rayonu, Azər Manafov küçəsində yerləşən 7 saylı doğum evinin qarşısındakı parkda Şahid1 10 manat müqabilində satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 0,301 qram çəkidə narkotik vasitə heroin əldə edərək üzərində saxlayıb daşımış, 24 oktyabr 2024-cü il tarixdə, saat 14 radələrində ünvan 2 ünvanının yaxınlığında Nizami rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində şübhəli şəxs qismində saxlanılaraq həmin yerdə üstü yoxlanılarkən əynindəki ağ rəngli jaketin sol yan cibindən 1 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,301 qram olan tünd qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə baxışında özünü ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş ittihamla təqsirli bilərək bildirmişdir ki, istintaqda verdiyi ifadəsini təsdiq edir. Əməlindən peşmandır. Məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. İfadəsi elan edilmiş Təqsirləndirilən şəxs istintaqda verdiyi ifadəsində göstərmişdir ki, Şahid1 Qara Qarayev ərazisində təsadüfən tanımışdır. 24 oktyabr 2024-cü il tarixdə günorta saatlarında Qara Qarayev ərazisində, 7 saylı doğum evinin qarşısındakı parkda olarkən təsadüfən Əlini görmüş və söhbət zamanı o, üzərində narkotik vasitə heroin olduğunu bildirmiş, həmin zaman onun narkotik vasitəyə ehtiyacı olduğu üçün ona narkotik verməsini Əliyə bildirmişdir. Əli də demişdir ki, heroinin bir bükümünü 10 manata almış, əgər 10 manat versə ona bir büküm heroin verə bilər. O da elə həmin parkda gizlin şəkildə Əliyə 10 manat pul verib ondan bir büküm narkotik vasitə heroin alıb əynində olan jaketin sol yan cibində gizlətmişdir. Bundan sonra Əli ilə birlikdə söhbət edə-edə parkla üzü yuxarı piyada gəlmiş, əvvəlcə “Sevinc” kinoteatrı tərəfdə skamyada oturub söhbət etmiş, sonra isə Şirin Mirzəyev küçəsi ilə piyada gəzən zaman mülki geyimdə olan polis əməkdaşları onları saxlamışlar. Onlara özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmiş və onların narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduqlarını bildirib üstlərini yoxlayacaqlarını demişlər. Onlar etiraz etməmişlər. Polis əməkdaşlarından biri mobil telefonla videoçəkiliş aparmağa başlamış və digər polis əməkdaşı ilk əvvəl ona üzərində qanunsuz əşya varsa onu təqdim etməyini təklif etmişdir. O da əynində olan ağ rəngli jaketin sol yan cibində olan bir büküm narkotik vasitə heroini çıxarıb təqdim etmişdir. Həmçinin cibində olan digər şəxsi əşyalarını da təqdim etmişdir. Polis əməkdaşı həmin bükümü açdıqda onun içərisində qəhvəyi rəngli maddə olduğu görünmüşdür. Polis əməkdaşı onun təqdim etdiyi bir büküm narkotik vasitə heroini ağ zərfə qoyub onu möhürləmişdir. Bundan sonra Əliyə təklif edilmişdir ki, üzərində qanunsuz əşya varsa onu təqdim etsin, Əli də əynindəki şalvarının sağ yan cibindən 3 ədəd sellofan bükümləri təqdim etmişdir. Polis əməkdaşı həmin bükümləri açdıqda onların da içərisində qəhvəyi rəngli maddələr olduğu görünmüşdür. Daha sonra polis əməkdaşı həmin bükümləri də ağ zərfə qoyub möhürləmişdir. Bundan sonra onlar Nizami rayon Polis İdarəsinə gətirilmiş, orada onların üstlərinin yoxlanılması ilə bağlı protokol tərtib edilmiş və onlar protokolu imzalamışlar. Daha sonra təhqiqatçı tərəfindən onlara vəkil təqdim edilib izahatları alınmışdır. Verilən suallara cavab olaraq bildirmişdir ki, o birinci dəfə idi ki, Əlidən narkotik almışdır. O, narkotik vasitəni şəxsi istifadəsi üçün almış, heç vaxt narkotik satışı ilə məşğul olmamış, yalnız özü istifadə edir. Əməlindən peşmandır. Məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs qeyd edilən əməli törətməkdə təqsiri öz ifadəsi ilə yanaşı aşağıdakılarla da təsdiq olunur. Məhkəmə baxışında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 ifadəsində göstərmişdir ki, 24 oktyabr 2024-cü il tarixdə Bakı şəhərində yaşayan Əli adlı şəxsin narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin əməliyyat məlumatı raportla idarə rəhbərliyinə məruzə edildikdən sonra əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə razılıq verilmişdir. Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə razılıq verildikdən sonra da tədbirin həyata keçirilməsi üçün ondan, bölmənin digər əməliyyat müvəkilləri Şahid4 və Şahid3 ibarət əməliyyat qrupu təşkil olunmuşdur. Keçirdikləri tədbirlər nəticəsində 24 oktyabr 2024-cü il tarixdə, saat 14:00 radələrində ünvan 4 ünvanının qarşısında narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Şahid1 və onun yanında olan və şəxsiyyəti müəyyən edilən Təqsirləndirilən şəxs saxlanılmışdır. Onlara özlərini təqdim edib polis əməkdaşları olduqlarını və onların narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmasını bildirirərək üstlərini yoxlayacaqlarını demişlər. Onlar etiraz etməmişlər. Odur ki, mobil telefonla videoçəkiliş aparmaqla ilk əvvəl Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya varsa onu təqdim etməsini təklif etmişlər. Təqsirləndirilən şəxs da şəxsi əşyaları ilə yanaşı əynində olan ağ rəngli jaketin sol yan cibindən bir ədəd şəffaf sellofan bükümü çıxarıb təqdim etmişdir. Həmin bükümü açdıqda onun içərisində qəhvəyi rəngli maddə olduğu görünmüş və həmin büküm ağ zərfə qoyularaq möhürlənmişdir. Təqsirləndirilən şəxs həmin bükümdəki maddənin nə olduğunu soruşduqda o, bükümdəki maddənin “kakos” kimi adlandırdığı narkotik vasitə heroin olduğunu bildirmişdir. Bundan sonra Şahid1 təklif etmişlər ki, üzərində qanunsuz əşya varsa onu təqdim etsin. Şahid1 da şəxsi əşyaları və 10 manat pulla yanaşı əynindəki şalvarının sağ yan cibindən 3 ədəd şəffaf sellofan bükümləri təqdim etmişdir. Həmin bükümləri açdıqda onların da içərisində qəhvəyi rəngli maddələr olduğu görünmüşdür. Daha sonra həmin bükümlər də ağ zərfə qoyulub möhürlənmişdir. Sorğu zamanı Şahid1 bildirmişdir ki, həmin bükümlərdə narkotik vasitə heroindir və onları şəxsi istifadəsi üçün əldə etmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid4 Şahid2 ilə oxşar məzmunda ifadə vermişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Tağını və onu Qara Qarayevdə saxlamışlar. Sonra onları bölməyə aparmışlar. Həmin vaxt onun üzərində narkotik vasitə olmamışdır. Bölmədə 3 büküm onun üzərinə, 1 büküm isə Tağının üzərinə qoymuşlar. 10 manat Tağı qoyub, 10 manat da o qoyub narkotik vasitə almışlar və həmin narkotik vasitə tutulmamışdan bir saat əvvəl üzərlərində olmuşdur. İstintaqda psixi dərmanların təsiri altında olduğu üçün fərqli ifadə vermişdir. Tağıya heç bir narkotik vasitə satmamışdır. Saxlanılanda Tağının üzərində narkotik vasitə olmamışdır. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - şübhəli şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli olduğuna görə tutulmuşdur. - əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin yoxlanılmasına dair xx.xx.2024-cü il tarixli protokoldan və diskə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Nizami RPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid2 özünü təqdim edərək məlumat vermişdir ki, 24 oktyabr 2024-cü il tarixdə keçirilmiş əməliyyataxtarış tədbiri nəticəsində ünvan 4 ünvanında saxlanılan Şahid1 və Təqsirləndirilən şəxs üstünün yoxlanılması həyata keçiriləcəkdir. Əməliyyat müvəkkili Şahid2 həmin prosesdə iştirak edən digər polis əməkdaşlarını təqdim etmiş, prosesə başlamazdan əvvəl videoçəkiliş aparıldığını elan etmişdir. Daha sonra Təqsirləndirilən şəxs və Şahid1 hüquq və vəzifələrini izah edilmişdir. Bundan sonra əməliyyat müvəkkili Şahid2 Təqsirləndirilən şəxs üzərində olan əşyaları könüllü təqdim etməyi təklif etmişdir. Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən “Nokia” markalı mobil telefonu, sol yan cibindən alışqanı, iç cibindən içərisində metro kartı, bank kartı, 2 ədəd 1 manatlıq əskinas olan qara rəngli pul qabını, ağ rəngli jaketinin sol yan cibindən 1 ədəd şəffaf sellofan bükümü, jaketin sağ yan cibindən siqaret qutusunu və şalvarının kəmərindən bir ədəd təsbehi çıxararaq təqdim etmişdir. 1 ədəd şəffaf sellofan büküm açıldıqda onun içərisində qəhvəyi rəngli, spesifik iyə malik narkotikə bənzər maddə olduğu görünmüş, sorğu zamanı Təqsirləndirilən şəxs həmin maddənin “kakos” adlandırdığı narkotik vasitə heroin olduğunu bildirmişdir. Daha sonra polis əməkdaşı Tağı Hüsenyovun üstünü yoxlamış, lakin başqa heç bir əşya tapılmamışdır. Əməliyat müvəkkili Şahid2 Təqsirləndirilən şəxs təqdim etdiyi içərisində narkotik vasitə heroinə oxşar maddə olan həmin bükümü ağ zərfə qoyub möhürləmiş və zərfin üzərinə iştirakçılar imza etmişlər. Digər əşyalar isə əhəmiyyət kəsb etmədiyindən Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Bundan sonra əməliyyat müvəkkili Şahid2 Şahid1 üzərində olan əşyaları könüllü təqdim etməyi təklif etmişdir. Şahid1 əynində olan qara rəngli şalvarın sağ yan cibindən 3 ədəd şəffaf sellofan bükümü, sol yan cibindən bir ədəd siqaret qutusunu, bir ədəd alışqanı, şalvarının arxa sağ cibindən 2 ədəd 5 manatlıq pul əskinasını çıxararaq təqdim etmişdir. 3 ədəd şəffaf sellofan bükümlər açıldıqda onların içərisində qəhvəyi rəngli spesifik iyə malik narkotikə bənzər maddə olduğu görünmüşdür. Sorğu zamanı Şahid1 həmin bükümlərdə olan maddənin “kakos” adlandırdığı narkotik vasitə heroin olduğunu bildirmiş, daha sonra polis əməkdaşı Şahid1 üstünü yoxlamış, lakin başqa heç bir əşya tapılmamışdır. Əməliyyat müvəkkili Şahid2 Şahid1 təqdim etdiyi içərisində narkotik vasitə heroinə oxşar maddələr olan həmin 3 ədəd bükümü ağ zərfə qoyub möhürləmiş və zərfin üzərinə iştirakçılar imza etmişlər. Digər əşyalar isə əhəmiyyət kəsb etmədiyindən Şahid1 özünə qaytarılmışdır. Əməliyyat müvəkkili Şahid2 əməliyyat şəraiti imkan vermədiyindən proseslə bağlı protokolun Nizami RPİ-də tərtib olunacağını bildirib çəkilişi dayandırmışdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş materialların məhkəmə ekspertizasının xx.xx.2024-cü il tarixli, 6/4999 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №162” dairəvi möhür əksi, “Təqsirləndirilən şəxs (imza) yazısı və imzalar olan zərfdəki 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,301 qram tünd qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №162” dairəvi möhür əksi (imza) olan, “Şahid1T” yazısı və imzalar olan zərfdəki 03 (üç) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,145 qram, 0,250 qram, 0,150 qram, ümumi təmiz çəkisi 0,545 qram tünd qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. - təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. - vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə Nizami RPİ-nin İŞ-nin baş müstəntiqi, polis polkovnik-leytenantı Əflatun Səlimovun vəsatəti təmin edilməmiş və o, Nizami RPİ-nin MSY-dən azad edilmişdir. - qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2024-il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə əməliyyat-sorğu kartotekasında məlumat aşkar olunmamışdır. - sübutların qiymətləndirilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən götürülmüş 0,301 qram narkotik vasitə - heroin maddi sübut qismində tanınmış, tədqiqatdan sonra qalan 0,251 qram narkotik vasitə heroin saxlanılması üçün Nizami RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir. Şəxsi axtarış zamanı çəkilmiş videogörüntünün olduğu bir ədəd “DVD” disk maddi sübut qismində tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X2 X1-Narkoloji tibbi yoxlamanın xx.xx.2024-cü il tarixli, 7757 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, müayinə olunan Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına görə siyahıların təsdiq edilməsi haqqında “Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən dərman preparatı kimi beynəlxalq adı “Heroin” olan narkotik vasitədin maddədir, onun 0,15 qramdan artıq hissəsi xeyli miqdarda hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi; məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması hesab olunur. Birləşmiş Millətlər Təşkilatının 30 mart 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyası, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” və 19 dekabr 1988-ci il tarixli “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” konvensiyalarında narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsi beynəlxalq cinayət hesab edilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli Qərarının 4-cü və 5-ci bəndlərinə əsasən məhkəmələrə izah edilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin xeyli miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə müəyyən olunmuşdur. Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasının izahı verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri və ya psixotrop maddələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham irəli sürülmüş və əməli həmin maddə ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, həmin sübutlar mötəbər və mümkün olmaqla Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsini tam təsdiq edir. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olmamasına dair Şahid1 ifadəsi məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təkzib edilmişdir. Təqsirləndirilən şəxs cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığından Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMnin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl az ağır cinayət hesab olunur. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etməsini, əməlindən peşman olmasını, əvvəllər məhkum olunmamasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, qəsdin əsas obyektini əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlər, əlavə obyektini isə ictimai təhlükəsizlik, dövlət idarə və müəssisələrin normal fəaliyyətini təmin edən ictimai münasibətlər, konkret insanın-fərdin sağlamlığı təşkil etməsini və cəzasını yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, onun islah olunması üçün barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək 2 gün həbsdə saxlanılması həbsdə saxlamanın bir gününü azadlığın məhdudlaşdırılmasının iki gününə hesablayaraq nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 1 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı və Sumqayıt şəhərlərini, həmçinin Abşeron rayonunu tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası CPM-nin 346.1.19 - 346.1.22-ci maddələrində nəzərdə tutulmuş məsələləri həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı; Azərbaycan Respublikası CPM-nin 132.1.4-cü maddəsinə əsasən iş üzrə maddi sübut olan və Bakı şəhəri Nizami RPİ-də saxlanılan 0,251 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv olunmalı; Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən iş üzrə maddi sübut olan 1 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılmalı; Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan 114 (bir yüz on dörd) manat ekspertiza xərcinin yarısının digər təqsirləndirilən şəxs Şahid1 tutulacağı nəzərə alınaraq, digər yarısı, yəni 57 (əlli yeddi) manat Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunmalı və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin işlə tanış olduğu və məhkəmədə iştirak etdiyi müddət 30 iş saatı müddətinə bərabər olduğundan, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 180 (bir yüz səksən) manat (30x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 2 gün həbsdə saxlanılması nəzərə alınmaqla həbsdə saxlamanın bir gününü azadlığın məhdudlaşdırılmasının iki gününə hesablayaraq üzərində 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 1 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı və Sumqayıt şəhərlərini, həmçinin Abşeron rayonunu tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut olan və və Bakı şəhəri Nizami RPİ-də saxlanılan 0,251 qram narkotik vasitə-heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə maddi sübut olan 1 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi olan 57 (əlli yeddi) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına keçirilsin. Təqsirləndirilən şəxs 30 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş Müdafiəçi 180 (bir yüz səksən) manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №1(007)-213/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-213/2025
28.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver