Məhkəmə qərarları › İş №1(007)-214/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-214/2022

07.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-214/2022 07.06.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami rayon Məhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlunun sədrliyi ilə, məsləhətçi (məhkəmə iclası katibi) X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçi - Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1972-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, ünvan 1 ünvanda qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq “Makarov" konstruksiyalı MP-371 modelli tapança, 01 ədəd daraq və 04 ədəd patron əldə edib, üzərində saxlamaqla daşıyıb gəzdirmiş, 26 yanvar 2022-ci il tarixdə saat 11:30 radələrində onun qanunsuz olaraq odlu silah əldə edib gəzdirməsi barədə daxil olmuş məlumat əsasında Bakı şəhəri, Nizami RPİ-nin 24-cü PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 101 saylı yaşayış binasının arxa tərəfində şübhəli şəxs qismində saxlanılaraq Nizami RPİ-nin 24-cü PŞ-nə gətirilmiş, şöbədə üzərinə şəxs axtarış keçirilən zaman əynində olan şalvarın sol tərəfdən bel nahiyyəsinə keçirilmiş 01 ədəd nömrəsi silinmiş, zavod üsulu ilə Rusiya dövlətində İjevsk silah zavodunda istehsal olunmuş Makarov konstruksiyalı MP-371 modelli, idman yarışlarında istifadə olunan 5,8 x16 mm kalibrli səssiqnal patronlarla atəş açan, səs siqnal tapançası, təyinatı dəyişdirildiyi üçün hazırda 9x18 mm kalibrli döyüş patronlarla atəş acmaq üçün nəzərdə tutulmuş texniki cəhətdən saz və atəşə yaralı olan yivli odlu silahı, 01 ədəd zavod üsulu ilə istehsal olunmuş 08 ədəd “JEVELO-N” kapsulları yerləşdirmək üçün nəzərdə tutulmuş Makarov konstruksiyalı, MP- 371 modelli, texniki cəhətdən saz və istifadə üçün yararlı,s əs siqnal tapançasının komplekt hissəsi olan darağ və əynində olan qara rəngli gödəkcəsinin sol döş cibində bir ədəd şəffaf rəngli sellofana bükülmüş halda 04 ədəd zavod üsulu ilə 02 ədədi 210-cu, 02 ədədi 2011-ci illərdə Azərbaycan Respublikasında istehsal olunmuş 9x18 mm kalibrli olmaqla, Makarov (PM) və Steçkin (APS) konstruksiyalı tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş atəş üçün yararlı döyüş sursatları olan patronlar aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2021-ci ilin noyabr ayının axırlarında yaşadığı Xətai rayonu Əhmədli qəsəbəsində zibil meydançasında zibil atarkən ağ rəngli paketin içərisində bir ədəd makarov tipli tapança və dörd ədəd patron tapıb yaşadığı evin yaxınlığında gizlətmişdir. Həmin silahı və patronları polisə təhvil vermək məqsədilə özü ilə götürüb xx.xx.2022-ci il tarixdə tanışı Azər adlı şəxslə görüşüb, daha sonra yaxınlıqda olan polis şöbələrindən birinə silahı və patronları təhvil vermək üçün Nizami rayonu Babək prospekti 101 saylı binanın arxa tərəfində olan besetkaya gəlib Azəri gözləmişdir. Həmin vaxt iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini təqdim etmiş və onun qanunsuz odlu silahı saxlamaqda şübhəli olduğunu bildirərək, Nizami RPİ-nin 24-cü Polis Şöbəsinə dəvət etmişlər. Polis Şöbəsində xidməti otaqlardan birində üzərində axtarış keçirilərkən, boz rəngi şalvarının sol tərəfdən bel hissəsinə keçirdiyi bir ədəd Makarov tipli tapançanı və həmin tapançanın yanında tapdığı əynindəki qara rəngli gödəkçənin sol döş cibində saxladığı dörd ədəd patronu polis əməkdaşlarına könüllü təhvil vermişdir. Törətdiyi cinayət əməlindən səmimi peşmandır. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli özünün səmimi etirafından başqa, iş üzrə dindirilmiş şahidlərin ifadələri ilə, habelə iş üzrə toplanmış digər sübutlarla da tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərmişdir ki, Bakı şəhər Nizami RPİ-nin cinayət axtarışı üzrə əməliyyat müvvəkili vəzifəsində, polis mayoru rütbəsində xidmət edir. 26 yanvar 2022-ci il tarixdə “Novruz” adlı şəxsin üzərində odlu silah gəzdirməsi barədə daxıl olmuş əməliyyat məlumatına əsasən, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində, həmin gün təxminən saat 11:30 radələrində Təqsirləndirilən şəxs Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 101 saylı binanın qarşısında saxlanılaraq Nizami RPİ-nin 24-cü PŞ-nə gətirilmişdir. PŞ-də qanunla müəyyən olunmuş qaydada şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş hər hansı əşya olduğu təqdirdə təqdim etməsi təklif olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs boz rəngli cins şalvarının bel hissəsinə keçirilmiş qəhvəyi rəngli qundağı olan dəmir konstruksiyalı, ilk baxışdan tapançaya bənzər, sandıqçası boş vəziyyətdə, üzərində seriya və nömrə olmayan əşyanı və əynində olan qara rəngli gödəkçənin sol döş cibindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş halda dörd ədəd patronu təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin dəmir konstruksiyalı əşyanın “Makarov" tipi tapança olduğunu, həmin tapançanı və dörd ədəd patronu Xətai rayonu Əhmədli qəsəbəsi ərazisində zibillikdən tapdığını demişdir. Məhkəmə istintaqı zamanı Şahid2 işin faktiki hallarına və Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. İş materiallarında olan 26 yanvar 2022-ci il tarixli “Şəxsi axtarış və götürmə apaulması haqqında" protokoldan və prolokola əlavə edilmiş 01 ədəd "DVD-R" formatlı diskdən görünür ki, 26 yanvar 2022-ci il tarixdə X1 üzərində şəxsi axtarış və götürmə aparılarkən, sonuncu boz rəngli cins şalvarının sol tərəfdən bel hissəsinə keçirilmiş qəhvəyi rəngli qundağı olan dəmir konstruksiyalı, ilk baxışdan tapançaya bənzər, sandıqçası boş vəziyyətdə, üzərində seriya və nömrə olmayan əşyanı və əynində olan qara rəngli gödəkcənin sol döş cibində bir ədəd şəffaf rəngli sellofana bükülmüş halda dörd ədəd patronu təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin dəmir konstruksiyalı əşyanın “Makarov" tipli tapança olduğunu, həmin tapançanı və dörd ədəd patronu Xətai rayonu Əhmədli qəsəbəsində zibillikdən tapdığını bildirmişdir. İş materiallarında olan məhkəmə-ballistik ekspertizasının xx.xx.2022-ci il tarixli, 22/78R nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd №-si silinmiş silah zavod üsulu ilə Rusiya dövlətində İjevsk silah zavodunda istehsal olunmuş Makarov konstruksiyalı MP-371 modelli, idman yarışlarında istifadə olunan, 5,6x16 mm kalibrli səssiqnal patronlarla atəş açan, səs-sıqnal tapançasıdır və odlu silah hesab edilmirdi, lakin yuxarıda göstərilən səbəblərə görə, həmin silahın təyinatı dəyişdirilmişdir və hal-hazırda 9x18 mm kalibrli döyüş patronlarla atəş açmaq üçün nəzərdə tutulmuş tapançadır, yivli odlu silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Tədqiqata təqdim edilmiş 01 ədəd daraq zavod üsulu ilə istehsal olunmuş 08 ədəd JEVELO-N kapsulları yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Makarov konstruksiyalı, MP-371 modelli, səs-siqnal tapançaların komplekt hissəsidir darağıdır, texniki cəhətdən sazdır və istifadə üçün yararlıdır. Həmin kapsulların daxilində 5,6x16 mm kalibrli səs-siqnal patronlar yerləşdirilir. Tədqiqata təqdim edilmiş 04 ədəd patronlar zavod üsulu ilə 02 ədədi 2010-cu, 02 ədədi 2011-ci illərdə Azərbaycan Respublikasında istehsal olunmuş 9x18 mm kalibrli olmaqla, həmin kalibrli Makarov (PM) və Steçkin (APS) konstruksiyalı tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatıdır və atəş üçün yararlıdırlar. İş materiallarında olan 02 fevral 2022 ci ıl tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 01 ədəd təyinatı dəyişdirilmiş 9 mm kalibrli, Makarov konstruksiyalı MP-371 modelli tapança, 01 ədəd daraq və 04 ədəd 9x18 mm kalibrli patronlar iş üzrə maddi sübut kimi tanınmış və ekspermental atəşlər zamanı istifadə edilmiş 02 ədəd patronlar çıxılmaqla qalıq qalmış 9x18 mm kalibrli 02 ədəd patronlar, 01 ədəd təyinatı dəyişdirilmiş 9 mm kalibrli, Makarov konstruksiyalı MP-371 modelli tapança və 01 ədəd daraq Nizami RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. İş materiallarında olan 02 fevral 2022 ci ıl tarixli qərardan görünür ki, “Şəxsi axtarış və götürmə aparılması” haqqında 26 yanvar 2022-ci il tarixli istintaq hərkətinin video çəkilişi əks etdirilmiş 1 ədəd “DVD" formatlı disk iş üzrə maddi sübut qismində tanınmış və cinayət işinə əlavə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuş, lakin məhkumluğu ödənilmişdir. İş materiallarında olan 26 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Bakı şəhəri Nizami rayon Məhkəməsinin 28 yanvar 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutların məcmuyuna əsasən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59 və 61-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə yuxarıda qeyd olunan xüsusatları və qanunvericiliyin tələblərini nəzərə alaraq, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilməklə cəza çəkmədən islah olunmasını mümkün saymır və hesab edir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməli və Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəza çəkməsi üçün ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilməlidir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübutlar - Bakı şəhəri Nizami rayon Polis İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan 9x18 mm kalibrli 02 ədəd patron, 01 ədəd təyinatı dəyişdirilmiş 9 mm kalibrli Makarov konstruksiyalı MP-371 modelli tapança və 01 ədəd daraq dövlət nəfinə müsadirə edilməklə Azərbaycan Respublikası DİN-nə təhvil verilməli, şəxsi axtarış və götürmə aparılması” istintaq hərkətinin video çəkilişi əks etdirilmiş 1 ədəd “DVD" formatlı disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.5-ci maddələrinin tələblərinə əsasən, cinayət işi üzrə vəkilin ibtidai istintaqda iştirak etdiyi 47 saat, məhkəmədə iştirak etdiyi 23 saat, cəmi 70 iş saatı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 420 manat (70x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi hesabına ödənilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351- 353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli şübhəli şəxs qismində tutulduğu 26 yanvar 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübutlar - 9 x18 mm kalibrli 02 ədəd patron, 01 ədəd təyinatı dəyişdirilmiş 9 mm kalibrli Makarov konstruksiyalı MP-371 modelli tapança və 01 ədəd daraq dövlət nəfinə müsadirə edilərək, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilsin. İş üzrə maddi sübut - 1 ədəd “DVD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Təqsirləndirilən şəxs 70 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi VÖEN – ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 420 (dörd yüz iyirmi) manat əmək haqqı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökm elan olunduğu andan 20 gün müddətində (həbsdə saxlanılan məhkum tərəfindən hökmün surəti ona verildiyi andan 20 gün müddətində) Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar