Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-215/2022 09.09.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X3, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxx 1988-ci il tarixdə Cəlilabad şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, dörd uşağı olan, fərdi qaydada işləyən, məhkumluğu olmayan, Cəlilabad şəhəri, Təbriz küçəsi ev 5-də qeydiyyatda olan, Bakı şəhəri, Xətai rayonu, X.Məmmədov küçəsi ev 29/42, mənzil 109-da yaşayan, 15 mart 2022-ci il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozması ehtiyyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Belə ki, o, 10 noyabr 2021-ci il tarixdə saat 21 radələrində texniki cəhətdən saz vəziyyətdə olan, etibarnamə əsasında idarə etdiyi “Opel Astra” markalı **-TX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nizami rayonunda, şəhərin mərkəzindən “8-ci km bazarı” istiqamətində 40 km/saat sürətlə hərəkətdə olan zaman Babək prospekti 2276/1 ünvanının qarşısında “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin, yəni sürücü hərəkətin instensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şəraiti, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməli, hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olması barədə tələblərə əməl etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bu tələbləri pozub, avtomobilinin qabaq sol hissəsi ilə yolu soldan sağa keçən piyada Zərərçəkmiş şəxs vuraraq, ehtiyatsızlıqdan sonuncuya ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid baş beynin ağır dərəcəli əzilməsi, baş beyin toxumasının sol təpə-gicgah paylarına, kəllədaxili yumşaq qişalara (sərt və yumşaq qişalara), hər iki gicgah əzələsi və kəllənin dərialtı yumşaq toxumasına (iki tərəfli) qansızma, sağ təpə-gicgah nahiyəsinin subdural hematoması, hər iki gicgah-təpə sümüyünün kəllə əsasına keçən yerdəyişməyən xətti sınıqları, alnın sağ yarısının ön səthi və burun belinin sıyrıqları xəsarətləri yetirmiş, bu xəsarətlərdən kəllənin küt travması Zərərçəkmiş şəxs baş beyin toxumasına qansızma və baş beynin ağır dərəcəli əzilməsi ilə müşayiət olunan baş beynin travmatik ödemi nəticəsində həyati vacib mərkəzlərin sıxılması Zərərçəkmiş şəxs 17 noyabr 2021-ci il tarixdə saat 10 radələrində Respublika Neyrocərrahiyə Xəstəxanasında ölümünə səbəb olmuşdur. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2021-ci ildə Şahid etibarnamə ilə “Opel Astra” markalı **-TX-*** dövlət nömrə nişanlı avtomobili sürmək üçün almış, avtomobillə taksi fəaliyyəti ilə məşğul olmuşdur. 10 noyabr 2021-ci il tarixdə saat təxminən 20:30 radələrində idarə etdiyi həmin avtomobillə Nərimanov rayonunda tanımadığı bir nəfər şəxsi müştəri qismində götürüb Xətai rayonu “Həzi Aslanov” metrosu istiqamətində hərəkət etmişdir. Bakı şəhəri, Nizami rayonu ərazisində, şəhərin mərkəzindən “8-ci km bazarı” istiqamətində hərəkətdə olan zaman “Azpetrol” yanacaqdoldurma məntəqəsinin yaxınlığında olan işıqforun qırmızı işığında dayanmış, bir az keçmiş işıqforun yaşıl işığı yandıqdan sonra o, hərəkətini davam etməyə başlamışdır. Nizami rayonu, Babək prospekti 2276/1 ünvanında idarə etdiyi avtomobillə 40 km/saat sürətlə hərəkətdə olan zaman qarşıda gedən dövlət nömrə nişanı və markasını xatırlamadığı avtomobilin qabağına nəyinsə keçdiyini və həmin avtomobilin sağa-sola doğru manevr etdiyini görmüşdür. Lakin nə baş verdiyini bilməmiş, həmin avtomobil keçdikdən sonra yolun ortasında bir nəfərin asta qaçışla yolu soldan sağa keçmək üçün hərəkətdə olduğunu görmüş, lakin həmin vaxt məsafə az olduğundan həmin şəxsi avtomobilinin qabaq hissəsi ilə vurmuşdur. Piyadanın başı avtomobilin qabaq alın hissəsinin sol tərəfinə dəymiş və o, yerə yıxılmışdır. Tez avtomobili saxlayıb həmin piyadaya yaxınlaşaraq onu yerdən qaldırıb öz avtomobilinə əyləşdirərək “Neftçilər” xəstəxanasının yanında olan “Əfəndiyev” xəstəxanasına çatdırmış, orada həkimlər xəsarət almış piyadanı, sonradan adını bildiyi Zərərçəkmiş şəxs müayinə etmişlər, baş nahiyyəsi əzildiyinə görə təcili yardımla onu Xətai rayonu, Əhmədli qəsəbəsində yerləşən “Nevrocərrahiyə” xəstəxanasına aparmışlar. Orada Zərərçəkmiş şəxs təxminən 7 gün müalicə olunmuş, həkimlərin səyinə baxmayaraq o, 17 noyabr 2021-ci il tarixdə səhər saatlarında həmin xəstəxanada vəfat etmişdir. Zərərçəkmiş şəxs xəstəxanada müalicə olunarkən o, xəstəxananın bütün xərclərini ödəmişdir. Təqsirləndirilən şəxs ifadəsində daha sonra göstərmişdir ki, hadisə ehtiyatsızlıqdan baş vermişdir, əməlindən səmimi peşmandır, o, mərhumun həyat yoldaşı olan hüquqi varisi ilə barışıq əldə etmişdir, hüquqi varisin ona qarşı şikayəti və tələbi yoxdur. Bundan başqa himayəsində dörd azyaşlı uşağı vardır. Qeyd etdiklərinin nəzərə alınıb, barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi X8 göstərmişdir ki, Zərərçəkmiş şəxs onun əri olmuşdur, Nəsimi ilə 2003-cü ildən evli olmuşlar, birgə nikahlarından dörd övladları dünyaya gəlmişdir. Nəsimi fəhləliklə məşğul olaraq ailəni dolandırmışdır. 10 noyabr 2021-ci il tarixdə evdə olan zaman saat təxminən 22 radələrində xəstəxanadan ona zəng gəlmiş, əri Nəsiminin Bakı şəhəri, Nizami rayonu, Babək prospektində avtomobillə vurulması, hazırda Xətai rayonu ərazisində yerləşən “Nevrocərrahiyə” xəstəxanasının reanimasiya şöbəsində olması barədə məlumat verilmişdir. O, dərhal uşaqları götürüb həmin xəstəxanaya getmiş, Nəsimi reanimasiyada olduğu üçün onu görə bilməmişdir. Müalicə aparılmasına baxmayaraq, Nəsimi 17 noyabr 2021-ci il tarixdə həmin xəstəxanada ölmüşdür. Nəsimini “Opel Astra” markalı **-TX-*** dövlət nömrə nişanlı avtomobillə vuran sürücü Təqsirləndirilən şəxs xəstəxananın bütün xərclərini ödəmişdir, bundan başqa 20 ay ərzində ona maddi ziyana görə pul ödəyəcəyi barədə notarial qaydada sənəd imzalamışdır. Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı şikayəti yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, 2021-ci ilin aprel ayında satmaq məqsədi ilə Almaniyadan “Opel Astra” markalı **-TX-*** dövlət nömrə nişanlı avtomobil gətizdirmişdir. O, həmin avtomobili yaxın qohumu X9 adına sənədləşdirmiş, 06 aprel 2021-ci il tarixdə Rasim həmin avtomobil üzrə bütün səlahiyyətlərin ona məxsus olmasına dair mülki etibarnamə vermiş, avtomobilin faktiki sahibi özü olmuşdur. 27 oktyabr 2021-ci il tarixdə həmin avtomobili Təqsirləndirilən şəxs sürmək üçün vermişdir. Sonradan bilmişdir ki, Təqsirləndirilən şəxs 10 noyabr 2021-ci il tarixdə saat 21 radələrində Bakı şəhəri, Nizami rayonu, Babək prospektində yolu soldan sağa keçmək istəyən piyada Zərərçəkmiş şəxs həmin avtomobilin qabaq hissəsi ilə vurmuş, nəticədə piyada 17 noyabr 2021-ci il tarixdə Respublika Neyrocərrahiyə xəstəxanasının reanimasiya şöbəsində ölmüşdür. Bundan bir neçə gün sonra Sübhan maşını gətirib ona təhvil vermişdir, həmin vaxt maşında heç bir zədə olmamışdır. Sübhan ona bildirmişdir ki, piyadanı vuran zaman maşının ön qabaq şüşəsi zədələndiyi üçün yenisi ilə əvəz etmişdir. Ona heç bir maddi ziyan dəyməmişdir, Sübhandan heç bir şikayət və tələbi yoxdur. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 17 noyabr 2021-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə cinayət işi başlanmışdır. (i.v. 1) -Sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair 10 noyabr 2021-ci il tarixli 2/32754 nömrəli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 23:30-da keçirilən müayinəsi zamanı ayıq olduğu müəyyən edilmişdir. (i.v. 10) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X10 publik hüquqi şəxsin Nizami rayon şöbəsinin 19 noyabr 2021-ci il tarixli 174 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs baş beynin ağır dərəcəli əzilməsi, baş beyin toxumasının sol təpə gicgah paylarına, kəllədaxili yumşaq qişalara (sərt və yumşaq qişalara) hər iki gicgah əzələsi və kəllənin dəriaitı yumşaq toxumasına (iki tərəfli) qansızma, sağ təpə-gicgah nahiyəsinin subdural hematoması, hər iki gicgah-təpə sümüyünün kəllə əsasına keçən yerdəyişməyən xətti sınıqları, alnın sağ yarısının ön səthi və burun belinin sıyrıqları olmuşdur. Qeyd edilən xəsarətlər həyatidir, bərk küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2020-ci il tarixdə piyada qismində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı hərəkətdə olan avtomobilin qabarıq hissələrinin təsiri nəticəsində yarana bilər. Dərəcəsinə görə ümumilikdə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərini daşıyır və baş beyin toxumasına qansızma (subdural hematoma və intraserebral qansızma) baş vermiş ölümlə birbaşa səbəbli əlaqəlidir. Zərərçəkmiş şəxs ölümünə səbəb kəllənin küt travması sonucunda baş beyin toxumasına qansızma və baş beynin ağır dərəcəli əzilməsi ilə müşayiət olunan baş beynin travmatik ödemi nəticəsində həyati vacib mərkəzlərin sıxılması olmuşdur. Ölüm xx.xx.2021-ci il tarixdə saat 08:10-da Neyrocərrahiyə Xəstəxanasında baş vermişdir ki, bu da meyitdə gedən ilkin dəyişikliklərdə təsdiqini tapır. Şəxsin adına tərtib edilmiş xəstəlik tarixində (RNX tərəfindən tərtib edilmiş) xx.xx.2021-ci il tarixdə həmin xəstəxanada ilkin müayinə zamanı Zərərçəkmiş şəxs nəfəsindən (ağzından) spirtli içki qoxusu gəldiyi qeyd edilir. (i.v. 33-35) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 23 fevral 2022-ci il tarixli 8/249 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, istintaq tərəfindən təqdim edilmiş məlumatlara əsasən “Opel Astra” markalı **-TX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. (i.v. 55-58) - 15 mart 2022-ci il tarixli protokoldan, sxemdən və fotocədvəldən görünür ki, ifadənin yerində yoxlanması zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 10 noyabr 2021-ci il tarixdə saat 21 radələrində texniki cəhətdən saz vəziyyətdə olan, etibarnamə əsasında idarə etdiyi “Opel Astra” markalı **-TX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nizami rayonunda, şəhərin mərkəzindən “8-ci km bazarı” istiqamətində 40 km/saat sürətlə hərəkətdə olan zaman Babək prospekti 2276/1 ünvanının qarşısında avtomobilinin qabaq sağ hissəsi ilə yolu soldan sağa keçən piyada Zərərçəkmiş şəxs vurduğunu bildirib həmin yeri əyani olaraq göstərmişdir. (i.v. 66-69) -Bakı şəhəri Nizami rayon polis idarəsinin 30 mart 2022-ci il tarixli 087-9786-1221 nömrəli məktubundan və ona əlavə edilən portaldan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs adına 13 oktyabr 2013-cü il tarixdə 14 oktyabr 2023-cü il tarixədək etibarlılıq müddəti olan “BC” kateqoriyalı, AE 402430 nömrəli sürücülük vəsiqəsi verilmişdir və onun sürücülük hüququndan məhrum olunması barədə məlumat X5 qeydə alınmamışdır. (i.v. 102-103) - 15 aprel 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə elan edilmiş ittiham qüvvədə saxlanılmış, Şahid ərizəsinə əsasən hadisə zamanı ona məxsus “Opel Astra” markalı **-TX-*** dövlət qeydiyyat nişanlı avtomobilə heç bir maddi ziyan dəymədiyindən onun zərərçəkmiş şəxs qismində tanınmaması nəzərə alınmış, həmin avtomobil maddi sübut kimi tanınaraq sahibinə təhvil verilməsi nəzərə alınmış, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 263.1, 263-1 və 264-cü maddələri ilə cinayət təqibinin başlanması rədd edilmişdir. (i.v. 116-122) Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinə əsasən sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. Məhkəmə, dövlət ittihamçısını, zərərçəkmiş şəxsin hüquqi varisini, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidi dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi özünün etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən ifadələr, ekspertiza rəyləri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 263.2-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsinə əsasən bu Məcəllənin 263.1ci maddəsində nəzərdə tutulmuş əməllər (avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda) ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda, həmin maddədə nəzərdə tutulmuş cinayət məsuliyyətinə səbəb olur və üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: -Doğum haqqında şəhadətnamələrin və şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, X4 03 sentyabr 2009-cu il tarixdə, X6 01 fevral 2011-ci il tarixdə, X1 05 dekabr 2020-ci il tarixdə, X7 17 yanvar 2022-ci il tarixdə doğulmuşlar. (i.v. 22-24) - 11 mart 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ittiham elan edilməsi üçün tutulması qərara alınmışdır. (i.v. 62) - 15 mart 2022-ci il tarixli qərardan görünür ki, barəsində axtarış elan edilmiş Təqsirləndirilən şəxs könüllü olaraq istintaq orqanına gələrək özünü təqdim etmişdir. (i.v. 65) - 15 mart 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (i.v. 96) -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 24 mart 2022-ci il tarixli tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07 may 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə təqsirli bilinib, qazancından dövlət nəfinə 15% məbləğində pul tutulmaqla 02 il müddətinə islah işləri cəzasına məhkum edilmiş, 28 iyun 2016-cı il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin 20 may 2016-cı il tarixli Amnistiya Qərarının 1.5 bəndinə əsasən cəzadan azad edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 14 mart 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 27 dekabr 2017-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 04 ay 11 gün hissəsindən vaxtından əvvəl şərti azad olunmuş, 08 may 2018-ci il tarixdə cəzası başa çatdığı üçün qeydiyyatdan çıxarılmışdır. (i.v. 99-101, 105-109) Məhkəmə Azərbaycan Respublikası CM-nin 83.6-cı maddəsinin tələbləri baxımından qeyd edir ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxs hesab edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə törətdiyi əməl həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət, 26.1-ci maddəsinə əsasən isə ehtiyatsızlıqdan törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəminində az ağır cinayət törətməsini, himayəsində azyaşlı uşaqlarının olmasını, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini Azərbaycan Respublikası CM-nin müvafiq olaraq 59.1.1, 59.1.4 və 59.1.12-ci maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal qismində Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 15 noyabr 2013-cü il tarixli Qərarının 21-ci bəndində göstərilmişdir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, ... məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilibödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yolnəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Həmin Məcəllənin 59.1.10-59.1.14-cü maddələrinə əsasən şəxsin könüllü gəlib təqsirini boynuna alması, cinayətin açılmasına, onun digər iştirakçılarının ifşa edilməsinə, cinayət nəticəsində əldə edilmiş əmlakın axtarışına və tapılmasına fəal kömək etməsi; cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi və ya digər yardım göstərilməklə onun həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılması; zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi; cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması; cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi və ya ziyanın azaldılması ilə nəticələnmiş digər hərəkətlərin edilməsi cəzanı yüngülləşdirən hallardır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən, cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun hadisələrin təsadüfi axarı zəminində az ağır cinayət törətməsini nəzərə alaraq, hesab edir ki, onun islah olunması üçün törətdiyi cinayətə görə barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir, tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və həmin cəza, cəzanın məqsədini təmin edir. Ona görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkirlər. Məhkəmə həmin maddənin tələbinə əsasən belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırkı iş üzrə tutulmamış, həbsdə saxlanılmamışdır, ona görə məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin cəzaçəkmə müddətinin başlanğıcı məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli olsa da, onun məntəqə tipli cəzaçəkmə müəssəsinə göndərilməsinədək barəsində seçilmiş qətimkan tədbirinin dəyişdirilib həbs qətimkan tədbiri ilə əvəz olunmasına zərurət yoxdur, onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin edilməsi nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmə növündə əlavə cəzanın icrası Cinayət Məcələsinin 45-ci və Cəzaların İcrası Məcəlləsinin 154-cü maddəsinin tələblərinə uyğun təmin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, zərərçəkmiş şəxsin hüquqi varisi məhkəməyədək icraat və məhkəmə icraatı zamanı mülki iddia verməmişdir, o, ərizə verərək dəymiş maddi ziyanın ödənildiyini, şikayəti və tələbi olmadığını bildirmişdir; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınmış avtomobilin sahibinə qaytarılması nəzərə alınmalıdır; CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi hesab olunan ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin müvafiq hesabına ödənilməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, dövlət hesabına təyin edilmiş vəkilin məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddət 42 iş saatı müddətinə bərabər tutulduğundan, (Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən) hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla müvafiq hesablaşma hesabı üzərindən dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin, onun cəzaçəkmə müddətinin başlanğıcı məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübut qismində tanınmış “Opel Astra minik” markalı **-TX-*** dövlət qeydiyyat nişanlı avtomobilin məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınsın. Məhkəmə məsrəfi olan 85 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı 42 iş saatı göstərdiyi pulsuz hüquqi yardıma görə dəvət olunmuş Müdafiəçi müvafiq hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı vəkil bürosu vasitəsi ilə 252 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №1(007)-215/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-215/2022
09.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver