Məhkəmə qərarları › İş №1(007)-215/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-215/2023

19.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-215/2023 19.05.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxx 1989-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işləməyən, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Ə.Əzimzadə küçəsi, ev 10-da qeydiyyatda olmaqla yaşayan, 29 noyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 01 dekabr 2022-ci il tarixdə tutmadan azad olunaraq barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, 21 yanvar 2023-cü il tarixdə axtarışda olan şəxs qismində tutulmuş, 23 yanvar 2023cü il tarixdə tutmadan azad olunaraq barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərlə xuliqanliq etmişdir. Belə ki, o, 06 sentyabr 2022-ci il tarixdə saat 10 radələrində ünvan 1 ünvanında yerləşən “Kristal” adlı qadın salonuna girərək orada işləyən, əvvəllər onunla sevgi münasibətində olan tanışı Zərərçəkmiş şəxs ondan ayrılmasını bəhanə edərək onunla mübahisə etmiş, daha sonra heç bir əsaslı səbəb olmadan ictimai yer sayılan salonun qarşısında, küçədə ictimai qaydanı kobud surətdə pozaraq, cəmiyyətə açıqca hörətmətsizlik ifadə edib öz şəxsiyyətini Zərərçəkmiş şəxs şəxsiyyətinin fövqündə qoymaqla zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək əli ilə Zərərçəkmiş şəxs üzündən şillə vurub ona fiziki ağrı yetirmiş, sol qolundan tutub sıxmaqla sonuncuya qəsdən sağlamlığa yüngül zərərvurmaya aid sol bazunun yuxarı-orta 1/3-nin ön-iç səthinin hematoması xəsarəti yetirməklə qərəzli xuliqanliq hərəkətləri etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə əvvəllər sevgili münasibətləri olmuş, sonra Vəfanın istəyi ilə ayrılmışlar. 06 sentyabr 2022-ci il tarixdə saat 10 radələrində Keşlə qəsəbəsində Vəfanın işlədiyi “Kristal” gözəllik salonuna getmişdir. Salonda onlardan başqa heç kim olmamışdır. Vəfadan nəyə görə onun arxasınca danışdığını soruşmuşdur. Vəfa isə danışmadığını deyərək onun gözəllik salonundan çıxmasını tələb etmişdir. Ona görə o, gözəllik salonundan çıxmış, salonun qarşısında onların mübahisələri davam etmiş, bundan sonra o, çıxıb getmişdir. Həmin mübahisələri zamanı o, Vəfanı vurmamış, qolundan tutub sıxmamışdır. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə məhkəmə baxışında verdiyi cari ifadənin müvafiq hissəsi arasında əhəmiyyətli ziddiyyət olduğundan, Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən onun 01 dekabr 2022-ci il tarixdə müdafiəçisinin iştirakı ilə təqsirləndirilən şəxs qismində verdiyi ifadəsi aidiyyəti hissədə elan edilmişdir. Təqsirləndirilən şəxs sözügedən ifadəsində ona Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə 2022-ci ildə bir müddət sevgili münasibəti yaşamışlar, bir ilə yaxın bu münasibətləri davam etmişdir. Lakin bir müddət sonra Vəfanın istəyi ilə ayrılmışlar. Vəfanın ondan ayrılması ona pis təsir etmişdir. 06 sentyabr 2022-ci il tarixdə saat 10 radələrində Vəfanın Keşlə qəsəbəsində yerləşən, işlədiyi “Kristal” gözəllik salonuna girdiyini görmüş, Vəfanın arxasınca həmin salona girmişdir. Həmin vaxt salonda onlardan başqa heç kim olmamışdır. O, Vəfadan nəyə görə ondan ayrılmasını, niyə onu sevmədiyini soruşmuş, Vəfa bunu uzatmağın artıq mənasız olduğunu, bu cür mübahisələri etmək istəmədiyini bildirmiş və gözəllik salonundan çıxmasını tələb etmişdir. O, bir qədər etiraz etsə də Vəfa təkid etdiyindən gözəllik salonundan çıxmışdır. Salonun qarşısında onların mübahisələri davam etmiş, bu zaman o, əsəbləşib Vəfanın üz nahiyəsindən şillə ilə vurmuşdur. Vəfa gözəllik salonuna girmək istədikdə o, Vəfanın qolundan tutaraq sıxıb saxlamış, lakin qışqıracağını gördükdə onu buraxmışdır. Həmin vaxt ətrafda tanımadığı bir neçə şəxs olmuşdur, lakin həmin şəxslər onların mübahisələrinə qarışmamışlar. Vəfa ilə aralarında olan mübahisə təxminən 5-10 dəqiqə davam etmişdir. Təqsirləndirilən şəxs qeyd olunan ifadəsi və həmin ifadəni oxuyaraq imzaladığını göstərməsi barədə qeydlə razılaşmamış, hazırda məhkəmə iclasında verdiyi ifadəsinin əsas kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmədə son sözlə çıxışında isə Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu, verilmiş ittiham üzrə özünü təqsirli bildiyini, məhkəmədə işə baxılarkən Zərərçəkmiş şəxs ilə razılıq əldə etdiyini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbi olmaması haqqında notariat qaydada təsdiq olunmuş ərizə verdiyini nəzərə alıb, ona yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən 2 ildir ki, tanıyır. Abdulla onun işlədiyi, Keşlə qəsəbəsi, Ə.Əzimzadə küçəsi, 20 ünvanında yerləşən “Kristal” gözəllik salonunun yaxınlığında yaşayır. 2022-ci ilin yanvar ayında Abdulla ilə münasibətləri yaranmış, aralarında sevgi münasibətləri olmuşdur. Lakin Abdulla ilə münasibəti ona xoş təsir bağışlamadığından 2 aydan sonra Abdullaya ondan ayrılmaq istədiyini bildirmişdir. Abdulla buna etiraz etsə də o, fikrinin qəti olduğunu demişdir. Bundan sonra Abdulla mütəmadi olaraq onun yolunu kəsmiş, onu yenidən münasibət yaratmağa razı salmağa çalışmışdır. Bu hal müntəzəm xarakter almışdır. Sonuncu dəfə 06 sentyabr 2022-ci il tarixdə səhər saat 10 radələrində işlədiyi “Kristal” gözəllik salonuna getmişdir. Salonda ondan başqa heç kim olmamışdır. Bu zaman qapı açılmış, içəri daxil olan Abdulla ona yaxınlaşaraq “sən kimsən məndən ayrılırsan?” demiş, daha sonra kobud intonasiya ilə nəyə görə onunla danışmadığını, onu bütün sosial şəbəkələrdə blok etdiyini demişdir. O isə bunun onun öz seçimi olduğunu normal tonda Abdullaya başa salmağa çalışmışdır. Lakin Abdulla öz səsini ucaltmağa başlamış, ona görə də Abdullaya salonu tərk etməsini bildirmişdir. Salonun qapısının önündə, bayır tərəfdə Abdulla şillə ilə onun üz nahiyəsindən vurmuşdur. Həmin vaxt o, kəskin ağrı hiss etmiş, həmin yerdən uzaqlaşmaq istədikdə Abdulla əli ilə onun sol qolundan tutub sıxmış, nəticədə qolundan xəsarət almışdır. Yalnız qışqıracağını dedikdən sonra Abdulla oradan uzaqlaşaraq getmişdir. Həmin vaxt ətrafda tanımadığı bir neçə şəxs onlara baxmışlar, lakin onlar bu münaqişəyə müdaxilə etməmişlər. Salonun qarşısında baş verən hadisə təxminən 5-6 dəqiqə çəkmiş, ümumilikdə isə Abdullanın salona girməyindən başlayaraq salonun qarşısında onu şillə ilə vurub və qolunu sıxıb getməyinə qədər təxminən 10 dəqiqə vaxt keçmişdir. Təqsirləndirilən şəxs ilə barışmamışdır, ondan şikayətçidir. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etmək üçün ona vaxt verilməsi barədə vəsatəti təmin edilmişdir. Bundan sonra təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin notariat qaydada təsdiq olunmuş ərizəsini məhkəməyə təqdim etmişdir. Hansı ki, 18 may 2023-cü il tarixdə Bakı şəhəri 15 saylı notariat ofisində təsdiqlənərək reyestrdə 8İ-1435 nömrə ilə qeyd edilmiş ərizə ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını göstərmişdir. Məhkəmə ərizəni nəzərə alaraq, zərərçəkmiş şəxsin iştirakı olmadan məhkəmə iclasının yekunlaşdırılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 30 noyabr 2022-ci il tarixli qərardan görünür ki, material üzrə Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (i.v. 1) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1 publik hüquqi şəxsin Nizami rayon şöbəsinin 12 sentyabr 2022-ci il tarixli 839 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs sol bazunun yuxarı-orta 1/3-nin ön-iç səthinin hematoması olmuşdur. Qeyd olunan xəsarət bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2022-ci il tarixdə alınması mümkündür və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Xəsarətin lokalizasiya və xüsusiyyətlərini nəzərə alaraq, demək olar ki, həmin xəsarətin şəxsin özü tərəfindən özünə yetirilməsi, eləcə də öz boyu hündürlüyündən yıxılması nəticəsində alınması inkar olunur. (i.v. 11-12) - 30 noyabr 2022-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs ifadəsinin yerində yoxlanılması zamanı o, Təqsirləndirilən şəxs 06 sentyabr 2022-ci il tarixdə saat 10 radələrində ünvan 1 ünvanında yerləşən “Kristal” adlı gözəllik salonunun qarşısında, qapının önündə, səkinin üzərində onu şillə ilə vurduğu və qolundan tutub sıxdığı yeri əyani olaraq göstərmiş, ifadəsində qeyd olunanları bir daha təsdiq etmişdir. (i.v. 46-47) - 23 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən saxlanılmışdır. (i.v. 85-88) Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli Qərarının 2-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür. Məhkəmə, dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, təqsirləndirilən şəxsi və onun müdafiəçisini dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi özünün etiraf ifadəsi ilə yanaşı mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, ekspertiza rəyi və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Məhkəmə iclasında müəyyən edilmişdir ki, hazırkı cinayət əməli ictimai yer sayılan ünvan 1 ünvanında yerləşən “Kristal” adlı qadın salonunun qarşısında, küçədə baş vermişdir, bu zaman Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxsə dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid sol bazunun yuxarı-orta 1/3-nin ön-iç səthinin hematoması xəsarəti yetirilmişdir, hansı ki, bu, məhkəmə-tibbi ekspertizasının rəyi ilə müəyyən edilmişdir. Eyni zamanda məhkəmə nəzərə alır ki, Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilməsə də, məhkəmədə etdiyi son çıxışında əməlindən peşman olduğunu, verilmiş ittiham üzrə özünü təqsirli bildiyini, məhkəmədə işə baxılarkən Zərərçəkmiş şəxs ilə razılıq əldə etdiyini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbi olmaması haqqında notariat qaydada təsdiq olunmuş ərizə verdiyini nəzərə alıb, ona yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: cinayət hadisəsi olmadıqda; əməldə cinayət tərkibi olmadıqda; cinayətin törədilməsinə aidiyyəti olmadıqda; təqsirliliyi sübuta yetirilmədikdə. Məhkəmə Təqsirləndirilən şəxs fərqli olaraq müdafiəçisinin ona Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə verilmiş ittiham üzrə bəraət verilməsi barədə məhkəmədə etdiyi çıxışına münasibətdə qeyd edir ki, qanunvericiliyə görə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyi təsdiq edildiyi halda bəraət hökmü çıxarılmalıdır. Lakin məhkəmə tədqiqi zamanı Təqsirləndirilən şəxs ittiham olunduğu həmin maddə ilə bəraət verilməsi üçün Azərbaycan Respublikası CPM-nin 42-ci maddəsində nəzərdə tutulmuş əsaslar məhkəmə iclasında müəyyən edilməmişdir, əksinə, müəyyən edilmişdir ki, sözügedən cinayət hadisəsi baş vermişdir; əməldə cinayət tərkibi vardır; cinayətin törədilməsinə məhz Təqsirləndirilən şəxs aidiyyəti olmuşdur və onun bu cinayət hadisəsində təqsirliliyi sübuta yetirilmişdir, hansı ki, məhkəmə bununla bağlı dəlillərini yuxarıda kifayət qədər əsaslandırmışdır. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 221.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər - min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: - 29 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (i.v. 31) - 01 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs tutmadan azad olunaraq barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (i.v. 61) -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 20 dekabr 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu haqqında məlumat yoxdur. (i.v. 67) -Bakı şəhəri Nizami RPİ-nin 23-cü polis bölməsinin 21 yanvar 2023-cü il tarixli 903 nömrəli məktubundan görünür ki, barəsində axtarış elan edilmiş Təqsirləndirilən şəxs həmin tarixdə tutulmuşdur. (i.v. 76) - 23 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs tutmadan azad olunmuş, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv olunaraq barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. (i.v. 82-83) “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Eləcə də, Ali Məhkəmənin Plenumunun yuxarıda istinad edilən 23 mart 2004-cü il tarixli Qərarının 13-cü bəndi ilə məhkəmələrə tövsiyyə edilmişdir ki, xuliqanlığa görə cəza təyin edərkən cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmaqla hər bir halda törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaqla təqsirləndirilən şəxslərə düzgün və ədalətli cəza təyin etsinlər. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə törətdiyi əməl həmin Məcəllənin 15.2-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə zərərçəkmiş şəxsin Təqsirləndirilən şəxs qarşı şikayətinin və tələbinin olmamasını Azərbaycan Respublikası CM-nin 59.1-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal qismində Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Ali Məhkəmənin Plenumunun yuxarıda istinad edilən 25 iyun 2003-cü il tarixli Qərarında həmçinin göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi də öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən, cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən böyük ictimai təhlükə törətməyən cinayət əməli törətməsini, cəzasını yüngülləşdirən halın olmasını, cəzasını ağırlaşdıran halın isə olmamasını, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq və cəmiyyətdən təcrid edilmədən islah olunmasının mümkün olması qənaətinə gələrək, hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması üçün cəmiyyətdən təcrid olunmamaqla barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Ona görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu, həbsdə saxlanıldığı və ev dustaqlığında saxlanıldığı müddətlər onun həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CM-nin 69.4-cü maddəsinə əsasən həbsdə saxlanılan şəxsə cərimə və ya müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əsas cəza təyin edilərkən məhkəmə həbsdə saxlama müddətini nəzərə alaraq, təyin edilmiş cəzanı yüngülləşdirir və ya şəxsi bu cəzadan tamamilə azad edir. Məhkəmə işin faktiki hallarını, iş üzrə yüngülləşdirici halı nəzərə alaraq, hesab edir ki, Azərbaycan Respublikası CM-nin 69.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə 29 noyabr 2022-ci il tarixdən 01 dekabr 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün, 21 yanvar 2023-cü il tarixdən 23 yanvar 2023-cü il tarixədək axtarışda olan şəxs qismində tutulduğu 02 gün, cəmi 04 gün müddət nəzərə alınmaqla, təyin edilməli olan cərimə cəzası yüngülləşdirilməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 23.1-ci maddəsinə əsasən məhkum cəriməni hökm qanuni qüvvəyə mindiyi gündən bir aydan gec olmayaraq müvafiq bank hesabına köçürməklə ödəməlidir. Ona görə məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin edilməsi nəzərdə tutulan cərimə hökm qanuni qüvvəyə mindiyi gündən bir aydan gec olmayaraq müvafiq bank hesabına köçürülməklə ödənilməlidir. Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cərimə növündə cəza təyin edilməli olduğundan, onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, iş üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində hər hansı əşya və ya predmet tanınmamışdır; məhkəmə məsrəfinin tutulmasına səbəb olacaq ekspertiza iş üzrə keçirilməmişdir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti olmadığından vəkilin məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddət 29 iş saatı müddətinə bərabər tutularaq, (Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən) göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla əmək haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 2000 (iki min) manat məbləğində cərimə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə 29 noyabr 2022-ci il tarixdən 01 dekabr 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün, 21 yanvar 2023-cü il tarixdən 23 yanvar 2023-cü il tarixədək axtarışda olan şəxs qismində tutulduğu 02 (iki) gün, cəmi 04 (dörd) gün müddət nəzərə alınmaqla, təyin edilmiş 2000 (iki min) manat miqdarında cərimə cəzası yüngülləşdirilsin və onun üzərində qəti olaraq 1500 (bir min beş yüz) manat miqdarında cərimə cəzası saxlanılsın. Cərimə hökm qanuni qüvvəyə mindiyi gündən bir aydan gec olmayaraq müvafiq bank hesabına köçürülməklə ödənilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı 29 iş saatı göstərdiyi pulsuz hüquqi yardıma görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi müvafiq hesablaşma hesabı üzərindən 174 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar