Məhkəmə qərarları › İş №1(007)-216/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-216/2021

07.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-216/2021 07.07.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, məsləhətçi Abdullayev Rafiq Nimət oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi - Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs, xx.xx.1983-cü il tarixdə Ermənistan Respublikasının Tumanyan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, himayəsində bir azyaşlı uşağı olan, əvvəllər məhkum olmamış, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 19.03.2021-ci il tarixdə şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 2,534 qram psixotrop maddə metamfetamin əldə edib daşıyaraq saxlamış və 22.03.2021-ci il tarixdə saat 23:30 radələrində Bakı şəhəri, Nizami RPİ-nin NQMB-nin əmkdaşlarının keçirdikləri əməliyyat tədbirləri zamanı Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 49 ünvanın qarşısında idarə etdiyi “BMV” markalı **-UB-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən zaman polis əməkdaşları tərəfindən saxlanılaraq ünvan 3 ünvanında yerləşən Nizami RPİ-nə gətirilmiş, xidməti otaqların birində üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən təmiz çəkisi 2,534 qram ağ rəngli, kristal şəkilli kütlə kustar üsulla hazırlanmış maddəmetamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, psixotrop maddə olan metamfetamin istifadə etmişdir. Hər dəfə metamfetamini çətinliklə əldə etdiyindən bir-neçə dəfəlik istifadə üçün metamfetamin almaq qərarına gəlmişdir. Bu məqsədlə 20.03.2021-ci il tarixdə metronun “28 may” stansiyası yaxınlığında tanımadığı şəxsdən 80 manata metamfetamin almış, metamfetamini satan şəxs həmin metamfetamini bir-neçə dəfə istifadə edə biləcəyini demiş, o aldığı metamfetaminin çəkisini bilməmişdir. 23.03.2021-ci il tarixdə tanışı Niyaməddin onunla bir yerdə metamfetamin qəbul etmək istədiyini demiş, o razılaşdıqdan sonra Niyaməddin Elməddin adlı tanışına zəng edib metamfetamin almaq istədiyini bildirmişdir. Elməddin bir dəfə də onlar üçün metamfetamin almışdır. Həmin gün axşam saatlarında Niyaməddinlə görüşüb öz avtomobili ilə Elməddini götürmək üçün Sabunçu dairəsinə getmişdir. Oradan Elməddini və sonuncunun yanında olan Ülviyyə adlı qızı götürüb “Neftçilər” dairəsinə gəlmişlər. Elməddin orada tanışı ilə görüşüb onlar üçün metamfetamin alacağını demişdir. Onlar “Neftçilər” dairəsinə çatdıqdan sonra Niyaməddin metamfetamin almaq üçün Elməddinə 30 manat vermişdir. Elməddin getdikdən az sonra zəng edib onları metronun “Q.Qarayev” stansiyasının yanına çağırmışdır. O idarə etdiyi avtomobillə deyilən yerə yaxınlaşan zaman polis əməkşları onları saxlayıb Nizami rayon polis idarəsinə gətirmişlər. Vəkilin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilən zaman bir müddət əvvəl öz istifadəsi üçün aldığı metamfetamini könüllü olaraq təqdim etmişdir. Törətdiyi əməldən səmimi peşmandır və barəsində azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyərək, həmçinin iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda qeyd olunan sübutların məcmuyu ilə də tam təsdiq edilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 Adil oğlu ifadəsində göstərmişdir ki, 2015-ci il tarixdən Bakı şəhəri, Nizami RPl-nin NMB-də baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 22.03.2021-ci il tarixdə “Elməddin və İsa” adlı şəxslərin qanunsuz olaraq narkotik vasitə və psixotrop maddənin saxlanılması, qəbulu və satışı ilə məşğul olması barədə bölməyə məlumat daxil olmuşdur. Aparılmış əməliyyataxtarış tədbirləri nəticəsində 22.03.2021-ci il tarixdə saat 23:30 radələrində Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 49 ünvanın qarşısında Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildə saxlanılmış və avtomobildə olan X2 ilə şübhəli şəxs qismində Nizami RPİ-nə dəvət edilmişlər. Daha sonra əməliyyat-axtarış tədbirləri nəticəsində metronun “Q.Qarayev” satansiyası yaxınlığında Şahid1 saxlanılaraq Nizami RPİ-nə dəvət edilmişdir. İdarədə onun, bölmənin əməliyyat müvəkkili Mirtahir Əsədovun və vəkillərin iştirakları ilə şübhəli şəxs qismində gətirilmiş şəxslərin üzərinə baxış keçirilən zaman Şahid1 üzərindən 01 ədəd bükülüdə 1,025 qram kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin, Təqsirləndirilən şəxs üzərindən 01 ədəd bükülüdə 2,534 qram kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin və X1 üzərindən siqaret qutusunda Şahid1 tərəfindən müvəqqəti saxlamaq üçün verilmiş və içərisində 2,472 qram kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin aşkar edilərək götürlmüşdür. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Bakı şəhəri, Nizami RPİ-nin NMB-nin baş əməliyyat müvəkkili Şahid4 eyni məzmunlu ifadə verərək Şahid3 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan 23.03.2021-ci il tarixli “şəxsi axtarış və götürmə keçirilməsi haqqında” protokoldan görünür ki, 23.03.2021-ci il tarixdə saat 03:00 rədlərində Nizami RPİ-də xidməti otaqların birində şübhəli şəxs qismində saxlanılmış Təqsirləndirilən şəxs üzərinə onun müdafiəçisinin iştirakı ilə şəxsi axtarış və götürmə keçirilmişdir. Şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülü maddəni təqdim edərk həmin maddənin psixotrop maddə olan metamfetamin olduğunu, öz istifadəsi üçün 30 manata bir müddət əvvəl “20 yanvar” dairəsi deyilən yerdən aldığını bildirmişdir. İş materiallarında olan “CD-yə baxış və götürmə keçirilməsi barədə” tərtib edilmiş protokoldan görünür ki, 23.03.2021-ci il tarixdə ünvan 3 ünvanında yerləşən Nizami RPİnin xidməti otaqlarının birində şübhəli şəxs qismində gətirilmiş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman o əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən 01 büküm təqdim edərək onun içərisində psixotrop maddə metamfetamin olduğunu, öz istifadəsi üçün “20 yanvar” deyilən yerdən 30 manata aldığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və gütürmə keçrilərkən çəkilmiş videogörüntü olan 01 ədəd CD disk iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan məhkəmə ekspertizasının 23.03.2021-ci il tarixli 6/1160 saylı rəyindən görünür ki, “Saxlanılan şəxs ... Təqsirləndirilən şəxs ...” və s.yazılar olan zərfdə 1 (bir) ədəd bükümdə təmiz çəkisi 2,534 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. İş materiallarında olan 24 mart 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş - təmiz çəkisi 2,534 qram metamfetamin təhqiqata sərf edildikdən sonra qalıq çəkisi 2,484 qram metamfetamin maddi sübut kimi tanınaraq saxlanılmasından ötrü Nizami RPİ-nin maddi sübutları saxlama kamerasına qəbzlə təhvil verilmişdir. İş materiallarında olan “CD diskdə olan məlumatlara baxış keçirilməsi barədə” 26 aprel 2021-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 10.03.2021-ci il tarixli 5(007)-98/2021 saylı qərarına əsasən Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil nömrələrə aid məlumatların olduğu 02 ədəd CD diskə baxış keçirilmişdir. Baxış zamanı 22.01.2021-ci tarixdən 23.03.2021-ci il tarixədək olan müddətdə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** və ***-***-**-** mobil nömrələrinə aid məlumatlarda iş üzrə sübut əhəmiyyəti daşıyan məlumat müəyyən edilməmişdir. İş materiallarında olan ambulator məcburi narkoloji tibbi yoxlamanın 19 may 2021-ci il tarixli 1496 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan 23.03.2021-ci il tarixli “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Bakı şəhəri Nizami rayon Məhəməsinin 24.03.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 02 (iki) ay həddində həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs uşağı - X4 10 dekabr 2010-cu il tarixdə doğulmuşdur. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutların məcmuyuna əsasən qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını, törətdiyi əməldən səmimi peşman olmasını cəzanı yüngülləşdirən hallar qismində nəzərə alır, cəzanı ağırlaşdıran hallar isə müəyyən etmir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları nəzərə alaraq, təqsirləndirilən şəxsin azadlıqdan məhrumetmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq hesab edir ki, ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. Odur ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum edilməklə cəmiyyətdən təcrid edilməsinə əsaslar olmadığına görə onun barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. İş materiallarında olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs, 23 mart 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 24 mart 2021-ci il tarixdə məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbirinin seçilmiş və həbsdə saxlama müddətinin əvvəli 23 mart 2021-ci il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır, tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxil edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 23 mart 2021-ci il tarixdən 07 iyul 2021-ci il tarixədək həbsdə saxlanıldığı 3 (üç) ay 14 (on dörd) gün müddət ona təyin ediləcək azadlığın məhdudlaşdırılması növündən cəzanın müddətinə hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 93 və 93-1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 52-1.3.3-cü maddəsinə əsasən, məhkəmə məhkum üçün alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək əlavə vəzifəsini müəyyən edə bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93 və 93-1-ci maddələrinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və bununla yanaşı, ona təyin edilmiş narkomaniyadan məcburi müalicə kursunu keçmək həmin Məcəllənin 52-1.3.3-cü maddəsinə əsasən əlavə vəzifə kimi də onun üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Nizami rayon Polis İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş - təmiz çəkisi 2,534 qram metamfetamin təhqiqata sərf edildikdən sonra qalıq çəkisi 2,484 qram metamfetamin məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və gütürmə keçrilərkən çəkilmiş videogörüntü olan 01 ədəd CD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 109 (yüz doqquz) manat 90 (doxsan) qəpik Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 23 mart 2021-ci il tarixdən 07 iyul 2021-ci il tarixədək həbsdə saxlanıldığı 3 (üç) ay 14 (on dörd) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla onun üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 02 (iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, Bakı şəhərini tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq və narkomaniyadan məcburi müalicə kursunu keçmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi Bakı Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və üzərinə narkomaniyadan məcburi müalicə kursunu keçmək vəzifəsinin qoyulması nəzərə alınsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 109 (yüz doqquz) manat 90 (doxsan) qəpik Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Nizami rayon Polis İdarəsinin maddi sübutların saxlanması kamerasında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş - təmiz çəkisi 2,534 qram metamfetamin təhqiqata sərf edildikdən sonra qalıq çəkisi 2,484 qram metamfetamin məhv edilsin. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və gütürmə keçrilərkən çəkilmiş videogörüntü olan 01 ədəd CD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar