Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(007)-216/2022 11.05.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, xüsusi ittiham qaydasında şikayət vermiş X1, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X4, onun müdafiəçisi-Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xüsusi ittihamçı X1, barəsində şikayət verilmiş X4 Azərbaycan Respublikası CM-nin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair şikayətinə məhkəmənin açıq hazırlıq iclasında baxaraq MÜƏYYƏN ETDİ: Xüsusi ittihamçı X2, X4 Azərbaycan Respublikası CM-nin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X7 (01.06.1951-ci il tarixdə Kəlbəcər rayonunun Çaykənd kəndində anadan olmuş, Kəlbəcər rayonunun Almalıq kəndində qeydiyyatda olan. Şəxsiyyəti təsdiq edən sənəd: AZE №********. Abşeron rayonu, Xırdalan şəhəri, H.Z.Tağıyev küçəsi, yüngül sənaye konstruksiyasının binasında yaşayan, istifadəsində olan telefon nömrəsi: ***-***-**-**) ona böhtan atmış, şərəf və ləyaqətini ləkələmişdir. İşgüzar nüfuzu alçaldılmışdır. Belə ki, 27.10.2021-ci il tarixdə Facebook sosial şəbəkəsində Azadlıq Qəzeti səhifəsinin xəbərlər bölməsində (https://www.facebook.com/azadliqqazeti/videos/**********76970) (https://www.facebook.com/azadliqqazeti/videos/**********12962) onun haqqında dəfələrlə adını çəkməklə uydurma və açıq yalan olan məlumatları yaymaqla, şərəf və ləyaqətini ləkələmişdir. Daha sonra bilmişdir ki, həmin mətbuat qurumları və məlumatları tirajlayan şəxslər mütəmadi olaraq dövlətə və vətənə xain münasibət nümayiş etdirirlər. Belə ki, dünyada səmimi nüfuz və hörmət qazanmış dövlət başçısının ləyaqətini ləkələyən məlumatları belə yaymaqdan çəkinməyən bu şəxslər həyasızcasına bu əməllərini davam etdirirlər. 02.12.2021-ci il taixdə saat 12:07-də Qafqazinfo.az internet qəzetinin xəbərlər bölməsində onun haqqında uydurma, heç bir əsası olmayan, tamamilə şər-böhtan xarakterli məlumatları təkrar olaraq yaymışdır. (https://qafqazinfo.az/news/detail/memurunses-yazisi-oglumun-gunahi-olmadigini-subut-edir-344698). "xxxx" MMC (VÖEN: **********) ünvan 1 ünvanında qeydiyyatdadır. Youtube sosial şəbəkəsində yayımlanan “Kanal 13” internet televiziyasında (https://www.youtube. com/watch?v= vttlio2J1G4) X7 təkrar olaraq onun şərəf və ləyaqətini ləkəyən yalan məlumatları yaymışdır. X4 oğlu X8 törətdiyi cinayətlərə görə əməlləri ifşa olunmuş, təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilmiş və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir. Daha sonra istintaq başa çatmış və Zamin Qarayevin əməllərinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluğa cəhd etmə), 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) və 32.4,312.2-ci (vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər etməyə görə rüşvət verməyə təhrik etmə) maddələrində nəzərdə tutlmuş əməllər kimi qiymət verilmiş, cinayət işi ittiham aktı ilə birlikdə baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. İstintaqın gedişi zamanı istintaq yekunlaşmamış istintaqa təzyiq etmək üsulu kimi mətbuat orqanlarında şantajlar etmək yolunu seçməklə, eyni zamanda mətbuatda çıxışlarında bilərəkdən, qərəzli olaraq və dəfələrlə onun haqqında ağır cinayət törətmək haqqında ittihamlar, hətta İcra Şöbəsinin, İcra Baş İdarəsinin rəisinin və digər şəxslərin haqqında şər-böhtan xarakterli, şərəf, ləyaqət və işgüzar nüfuza qəsd edən əməllərə yol vermişdir. Onun əməlləri nəticəsində fiziki baxımdan bədən bütövlüyü pozulmuş, mənəvi rahatlığı davamlı olaraq təzyiq altında olduğundan səhhətində uzunmüddətli ciddi çatışmazlıqlar əmələ gəlmişdir. Əsəb xəstəliyi tapmış, günlərlə yuxusuz qalmış, günlərlə əsəbdən qida qəbul edə bilməmiş, işgüzar nüfuzu alçaldılmış, şərəfi və ləyaqəti ləkələnmiş, işsiz qaldığı üçün əmək haqqı ala bilməmiş, əsassız olaraq intizam qaydasında tənbeh olunmuş, ailədə, qohumlar arasında mənəvi sarsıntı, əzab keçirtmişdir. Ən əsası Məryəm Qarayevanın və onun oğlunun əxlaqsız və həyasızcasına azğınlaşmış hərəkətləri nəticəsində vəfat etmiş atasının yasını bir övlad kimi layiqincə saxlaya bilməmiş və bu, onda həddindən artıq mənəvi iztirablara səbəb olmuşdur. Onun bu hərəkətləri qanunla qadağandır və heç bir hüquq müdafiə vasitəsi ilə mühafizə edilə bilən davranışlar deyil. Belə ki, X7 müraciət etmək, istintaqa sərbəst ifadə vermək hüquqlarından istifadə edə bilərdi və verdiyi ifadəyə görə bilə-bilə yalan xəbərçilik etmək, bilə-bilə yalan ifadə vermək və istintaq sirrinin yayılmasının yolverilməzliyi haqqında məsuliyyət daşıyacağı haqqında məlumatlandırılardı. Məryəm Qarayeva göstərilən məsuliyyətdən yayınmaq üçün qanunda nəzərdə tutulmuş hüquqlarından istifadə etmək əvəzinə mətbuat azadlığından sui-istifadə etmək yolunu seçmiş və bu üsulla istintaqın gedişinə təzyiq etmək, həmçinin şərböhtanları yaymaqla öz çirkin niyyətlərinə nail olmağa cəhd etmişdir. X3 Zamin Elbrus oğlu ilə əlbir olaraq dələduzluq yolu ilə əldə edilmiş pul vəsaitlərini xərcləməsindən şübhələnməyə kifayət qədər əsaslar olsa da, yaxın qohumların bir-birinə qarşı ifadə verməkdən imtina edə bilmək hüququnun mümkün nəticəsinə görə məsuliyyətdən yayınmağa nail olmuşdur. Oğlu ilə birlikdə taladığı pulları şantaj yolu ilə ondan və digər şəxslərdən hədə-qorxu ilə tələb edərək, son dərəcə həyasızcasına ağla və məntiqə sığışmayan cinayətkar üsullara əl atmaqla, oğlunun cinayət yolu ilə ələ keçirdiyi pulları rahat, heç nə olmamış kimi öz şəxsi məqsədləri üçün sərf edib başqa şəxsləri şərləməklə, öz ağılları ilə məsuliyyətdən yayınmağa çalışan bir qadının və onun oğlunun çirkin niyyətlərini ifşa etməyimə görə ona qarşı düşmənçilik etməkləri aşkardır və bu barədə qanuni tədbirlər görülməsi üçün daxili işlər orqanlarına ayrıca məlumat vermişdir. Göstərdiklərinə və ərizəyə əlavə edilən sübutlara qiymət verib, X4 haqqında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə cinayət işinin başlanması və onun məsuliyyətə cəlb edilərək, cəzlandırılması haqqında qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayət vermiş X2 şikayətin dəlillərini müdafiə edib, şikayətin məhkəmənin icraatına qəbul edilməsini və məhkəmə baxışının təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X7 göstərmişdir ki, o, Qarabağ qazisidir, 71 yaşı vardır. Oğlu Zamin 7 aydır ki, həbsdədir, bu yaşında orda-burda işləyə-işləyə oğlunun 3 uşağını saxlayır. Zamin Şəhriyarla maşın alqı-satqısı ilə məşğul olmuşdur. O, heç bir yalan deməmiş, “Qafqazinfo”ya real olan nədirsə, onu demiş, nə şər, nə də böhtan deməmişdir. Şikayətin məhkəmənin icraatına qəbulundan imtina olunmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində şikayət verilmiş X4 vəkili Müdafiəçi qanuni əsaslar olmadığından, xüsusi ittiham qaydasında şikayətin icraata götürülməsindən imtina olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, xüsusi ittiham qaydasında şikayəti, ona əlavə edilmiş sənədləri öyrənərək, hesab edir ki, şikayət, müraciət edilmiş məhkəməyə aid olmadığından, xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 293.3-cü maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: 293.3.1. şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); 293.3.2. törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); 293.3.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; 293.3.4. şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; 293.3.5. cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; 293.3.6. şikayətin verildiyi tarix (il, ay və gün) və yer; 293.3.7. şikayəti vermiş şəxsin imzası. 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir; 299.3-cü maddəsinə əsasən hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında aşağıdakı məsələlərə baxılır: 299.3.1. məhkəməyə daxil olmuş cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin ona aid olub-olmaması barədə; 299.3.2. aparılmış ibtidai araşdırma zamanı bu Məcəllənin tələblərinin pozulub-pozulmaması barədə; 299.3.3. xüsusi ittiham qaydasında şikayətin məzmununun bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə; 299.3.4. cinayət işi üzrə icraatın dayandırılması və ya ona xitam verilməsi üçün əsasların olub-olmaması barədə; 299.3.5. cinayət işi üzrə qətimkan tədbirinin seçilməsi, dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olub-olmaması barədə. 302.1-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir: 302.1.1. şikayət həmin məhkəməyə aid olmadıqda; 302.1.2. şikayət xüsusi ittiham qaydasında cinayət təqibinə hüququ olmayan şəxs tərəfindən verildikdə; 302.1.3. şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda; 302.1.4. cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə; 302.1.5. barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməl ictimai və ya ictimai-xüsusi qaydada təqib edilməli olduqda; 302.1.6. cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda; 302.1.7. şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə; 302.1.8. şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədikdə. 302.2-ci maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək aşağıdakılar barədə qərarlar çıxarır: 302.2.1. bu Məcəllənin 302.1.1-ci maddəsində nəzərdə tutulmuş halda xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə; 302.2.2. bu Məcəllənin 302.1.5-ci maddəsində nəzərdə tutulmuş halda xüsusi ittiham qaydasında verilmiş şikayətin baxılması üçün istintaq aidiyyəti üzrə göndərilməsi barədə; 302.2.3. bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə. 74.1-ci maddəsinə əsasən cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksıyasına aid olan birinci instansiya məhkəməsində baxılır. Məhkəmə ilk növbədə şikayətin məhkəməyə aid olub-olmaması, ərazi aidiyyətinə əməl edilib-edilməməsi məsələsini yoxlayaraq qeyd edir, X1 xüsusi ittiham qaydasında şikayətlə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət etməsinə səbəb, haqqında yayılmış uydurma, heç bir əsası olmayan, tamamilə şər-böhtan xarakterli məlumatlar olduğunu hesab etdiyi məlumatların yayıldığı "xxxx" MMC-nin (VÖEN: **********) ünvan 2 ünvanında qeydiyyatda olması olmuşdur. Hansı ki, Dövlət Vergi Xidmətinin “Kommersiya qurumlarının dövlət reyestri məlumatları”ndan elektron çıxarışla müəyyən olunur ki, ********** VÖEN nömrəli "xxxx" MMC hüquqi ünvan üzrə ünvan 3 Xüsusi ittiham qaydasında şikayət vermiş X1 ünvana dair sübut qismində təqdim etdiyi sənəddə göstərilən ünvan 4 ünvanı isə "xxxx" MMC-nin hüquqi ünvanı yox, vergi uçotu orqanı olan Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin ünvanıdır, MMC-nin həmin orqanda vergi ödəyicisi kimi qeydiyyatda olduğunu təsdiq edir. Bundan başqa, X1, onun haqqında yayılmış uydurma, heç bir əsası olmayan, tamamilə şər-böhtan xarakterli məlumatlar olduğunu hesab etdiyi məlumatların yayıldığı digər kütləvi informasiya vasitəsi “Azadlıq” qəzeti ********** VÖEN nömrəsi ilə ünvan 7 ünvanında qeydiyyatdadır, məlumatları yaydığı, ifadə etdiyi iddia edilən X7 isə Kəlbəcər rayonunun Almalıq kəndində qeydiyyatda olmaqla, Abşeron rayonunun ərazisində yaşayır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” 21 fevral 2014-cü il tarixli 3 nömrəli Qərarının 11-ci bəndinə əsasən məhkəmələrin nəzərinə çatdırılmışdır ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfındən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə aşağıdakılar göstərilməlidir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfındən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfındən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası (CPM-nin 293.3.1-293.3.7-ci maddələri). Məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1- 293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Bununla da, X1 xüsusi ittiham qaydasında şikayətinin yoxlanılması zamanı müəyyən edilmişdir ki, törədilməsi ehtimal edilən cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsi Bakı şəhəri Nizami Rayon Məhkəməsi hesab oluna bilməz, şikayətin hər hansı əsasla həmin məhkəməyə aidiyyəti yoxdur. Beləliklə, məhkəmə hesab edir ki, xüsusi ittiham qaydasında şikayət müraciət edilmiş Bakı şəhəri Nizami Rayon Məhkəməsinə aid olmadığından, xüsusi ittihamçı X1, X7 haqqında Azərbaycan Respublikası CM-nin 147.2-ci maddəsi ilə cinayət işinin başlanması, onun məsuliyyətə cəlb edilərək cəzalandırılmasına dair şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul olunmasından imtina edilməlidir. Məhkəmə əlavə olaraq qeyd edir ki, şikayət, müraciət edilən məhkəməyə aid olmadığından, şikayət üzrə əlavə araşdırma və hüquqi qiymətləndirmə aparılmasına əsaslar olmamışdır. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə qeyd edir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin hüquqlarının təmin edilməsi üçün məhkəmənin qərarı əsasında müdafiəçi dəvət edilmiş, ərazi üzrə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi şikayət və ona əlavə edilmiş sənədlərlə tanış olmuş, məhkəmənin hazırlıq iclasında iştirak etmişdir. Vəkilin göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddət 5 iş saatı müddətinə bərabər tutulduğundan, (Nazirlər Kabinetinin 03.05.2018-ci il tarixli 202 saylı qərarına əsasən) hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla müvafiq hesablaşma hesabı üzərindən dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 74, 293, 299 və 302-ci maddələrini maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Xüsusi ittihamçı X1, X7 haqqında Azərbaycan Respublikası CM-nin 147.2-ci maddəsi ilə cinayət işinin başlanması, onun məsuliyyətə cəlb edilərək cəzalandırılmasına dair şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul olunmasından imtina edilsin. Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X5 5 saat göstərdiyi pulsuz hüquqi yardıma görə Müdafiəçi 30 manat əmək haqqı müvafiq hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı vəkil bürosu vasitəsi ilə Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərar elan olunduğu gündən hesablanmaqla 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №1(007)-216/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №1(007)-216/2022
11.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver