Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-216/2025 19.06.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxx 1982-ci il tarixdə Kürdəmir rayonunun Şilyan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, iki uşağı olan, fərdi qaydada işləyən, əvvəllər məhkum olunmamış, Kürdəmir rayonunun Qarasu kəndində qeydiyyatda olan, Abşeron rayonu Digah qəsəbəsində ünvansız fərdi evdə yaşayan, 02 aprel 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 04 aprel 2024-cü il tarixdə tutmadan azad olunaraq barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs saxlanc yeri hesab edilən qaraja qanunsuz daxil olmaqla özgənin əmlakını gizli talayıb zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, o, tamah məqsədi ilə özgənin əmlakını gizli olaraq talamaq üçün 26 mart 2024-cü il saat 14 radələrində Zərərçəkmiş şəxs istifadəsində olan ünvan 2 ünvanının qarşısındakı saxlanc yeri hesab edilən qaraja qapının kilid hissəsinə dolanmış zənciri açaraq qanunsuz daxil olub oradan sonuncunun istifadəsində olan “SCANİA” markalı yük maşınına məxsus 1300 manat dəyərində olan 01 ədəd işlənmiş mühərrik beyini, “SCANİA” markalı yük maşınına məxsus 850 manat dəyərində olan 01 ədəd işlənmiş “PEQO” adlı sürətlər qutusunun beyini, “SCANİA” markalı yük maşınına məxsus 300 manat dəyərində olan 01 ədəd işlənmiş qaz pedalı, “SCANİA” markalı yük maşınına məxsus 700 manat dəyərində olan 01 ədəd işlənmiş “ABS” modulyatoru, “SCANİA” markalı yük maşınına məxsus 600 manat dəyərində olan 01 ədəd dizel yanacağının nasosu, “MAN” markalı yük maşınına məxsus ümumilikdə 300 manat dəyərində olan işlənmiş əyləc sistemi, ümumilikdə 400 manat dəyərində olan soyuducuya məxsus 02 ədəd dinamo, 200 manat dəyərində soyuducuya məxsus 01 ədəd releni gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 4650 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bu hərəkəti ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Nizami rayonunda yerləşən “8-ci km bazarı”na gündəlik 2 manat ödəyərək icarəyə araba götürür və həmin araba ilə yaxın ətrafı gəzərək dəmir alır, bu dəmirləri qəbul məntəqəsinə sataraq çörək pulunu qazanır. 26 mart 2024-cü il tarixdə saat 14 radələrində Nizami rayonu Çobanzadə küçəsində dəmir almaq məqsədi ilə araba ilə gəzən zaman məhəllə arasında olan dəmir qarajın qapısının üstündə dəmir zəncir olduğunu görmüşdür. Ətrafda heç kimin olmadığından istifadə edərək qarajın hər iki qapısının kilid hissəsinə dolanmış zənciri açaraq içəri daxil olmuş, arabanı isə qapının bayır tərəfdən qarşısında saxlamışdır. Oradan avtomaşına məxsus ehtiyat hissələrini gizlin şəkildə götürərək arabanın üstünə qoymuş və qarajın qapısını açıq qoyaraq yoluna davam etmişdir. “8-ci km bazarı”nın yanında yerləşən metal qəbulu məntəqəsinə gedərək qarajdan oğurladığı avtomaşına məxsus ehtiyat hissələrini məntəqənin sahibi Yaqub adlı şəxsə 12 manata satmışdır. Belə ki, Yaqub həmin ehtiyat hissələrini tərəzidə çəkmiş və 30 kq olduğuna görə 1 kilosunu 0,40 qəpikdən hesablamaqla ona 12 manat pul vermişdir. Həmin gündən sonra o, bir neçə dəfə Yaquba dəmir parçaları satmış, lakin həmin dəmir parçalarını pul qarşılığında əldə etmişdir. O, ilk dəfə oğurluq etmiş və həmin vaxtdan etibarən peşmançılıq çəkmiş, həmçinin bundan sonra və əvvəl oğurluq etməmişdir. 02 aprel 2024-cü il tarixdə saat 14 radələrində “8-ci km bazarı”nda olan zaman polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmiş və oğurluq etməkdə şübhəli olduğu üçün onu 24-cü polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində olan zaman o, etdiyi oğurluğu səmimi etiraf etmişdir. Təqsirləndirilən şəxs son sözündə zərərçəkmiş şəxsə vurduğu maddi ziyanı ödəyərək barışıq əldə etdiyini, əməlindən səmimi peşman olduğunu, himayəsində iki uşağının olduğunu göstərmiş və bu halları nəzərə alaraq, ona yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, təxminən 18 ildir ki, yük maşını idarə edir və SOCAR şirkətinə məxsus nefti yük maşınına doldurub Naxçıvan Muxtar Respublikasına daşıyır. Təxminən 5-6 ildir ki, Naxçıvandan Bakı şəhərinə qayıdan zaman Gürcüstan Respublikasından idarə etdiyi **-UX-*** dövlət nömrə nişanlı, SCANİA markalı yük maşınına məxsus ehtiyat hissələrini ucuz qiymətə almış və yaşadığı binanın qarşısında yerləşən, kirayə yaşadığı evin sahibinə məxsus dəmir qarajda saxlamışdır. Bundan başqa həmin qarajda başqa ehtiyat hissələri də saxlamışdır. O, qarajın qapısını qıfıl ilə bağlamamış, dəmir zənciri kilid hissəsinə dolamışdır. 25 mart 2024-cü il tarixdə saat 05 radələrində o, idarə etdiyi yük maşını ilə Naxçıvan Muxtar Respublikasına getmiş və getməmişdən təxminən 8-9 gün əvvəl qaraja baxmış, lakin həmin vaxt heç bir hadisə ilə rastlaşmamışdır. 26 mart 2024-cü il tarixdə saat 19 radələrində oğlu Sinan ona zəng edərək qarajın qapısının açıq olduğunu və içəridən yük maşınına məxsus ehtiyat hissələrinin naməlum şəxs tərəfindən oğurlandığını bildirmişdir. Onun tələbi ilə Sinan qarajın fotoşəkillərini çəkərək “WhatsApp” tətbiqi vasitəsi ilə ona göndərmiş və o, fotoşəkillərə baxdıqdan sonra qarajdan SCANİA markalı yük maşınına məxsus 1300 manat dəyərində olan 01 ədəd işlənmiş mühərrik beyini, SCANİA markalı yük maşınına məxsus 850 manat dəyərində olan 01 ədəd işlənmiş PEQO adlı sürətlər qutusunun beyini, SCANİA markalı yük maşınına məxsus 300 manat dəyərində olan 01 ədəd işlənmiş qazın pedalı, SCANİA markalı yük maşınına məxsus 700 manat dəyərində olan 01 ədəd işlənmiş ABS modulyatoru, SCANİA markalı yük maşınına məxsus 600 manat dəyərində olan 01 ədəd dizel yanacağının nasosu, MAN markalı yük maşınına məxsus ümumilikdə 300 manat dəyərində olan işlənmiş əyləc sistemi, ümumilikdə 400 manat dəyərində olan soyuducuya məxsus 02 ədəd dinamo, 200 manat dəyərində soyuducuya məxsus 01 ədəd relenin naməlum şəxs tərəfindən oğurlandığını müəyyən etmişdir. İlk əvvəl polisə müraciət etmək istəməmiş, lakin sonradan oğlu Sinandan xahiş edərək hadisəni törətmiş şəxsi tapdıqdan sonra polisə müraciət etməsini demişdir. 01 aprel 2024-cü il tarixdə saat 11 radələrində Sinan ona zəng edərək hadisəni Anar adlı şəxsin törətdiyini öyrəndiyini demiş və o, polisə müraciət etməsini bildirmişdir. 02 aprel 2024-cü il tarixdə Sinan onun tələbi əsasında Nizami rayon polis idarəsinin 24-cü polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Sonradan ona məlum olmuşdur ki, Anar adlı şəxs polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra oğurladığı ehtiyat hissələrinin bir qismini geri qaytarmış və həmin gün o, tələb etdiyi üçün Sinan həmin ehtiyat hissələrini polis əməkdaşlarından təhvil almışdır. 08 aprel 2024-cü il tarixdə o, bir günlük Bakı şəhərinə geri qayıtmış və həmin gün geri qaytarılan ehtiyat hissələrinə baxanda ona məlum olmuşdur ki, Anar adlı şəxs oğurladığı əşyalardan SCANİA markalı yük maşınına məxsus 600 manat dəyərində olan 01 ədəd dizel yanacağının nasosunu, MAN markalı yük maşınına məxsus ümumilikdə 300 manat dəyərində olan işlənmiş əyləc sistemini, ümumilikdə 400 manat dəyərində olan soyuducuya məxsus 02 ədəd dinamonu, 200 manat dəyərində soyuducuya məxsus 01 ədəd releni polis əməkdaşlarına təhvil vermişdir. Hazırda ona vurulmuş maddi ziyanın əvəzi tam olaraq ödənildiyinə görə Təqsirləndirilən şəxs qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, təxminən 10 ildir ki, Təqsirləndirilən şəxs tanıyır. Belə ki, o, 10 il bundan əvvəl Nizami rayonunda yerləşən “8-ci km bazarı”nda fəhlə işləmiş, Anar da həmin bazarda araba sürmüşdür. Təxminən 5 il əvvəl o, bazardan çıxıb yaxınlıqda yerləşən metal qəbulu məntəqəsini işlətməyə başlamış və Anar da həmin vaxtdan etibarən ucuz qiymətə aldığı metalları onun işlətdiyi məntəqəyə satmışdır. 26 mart 2024-cü il tarixdə günorta saatlarında o, işlətdiyi metal qəbulu məntəqəsində olan zaman Anar karton qutuya yığdığı, arabanın üstündə gətirdiyi yük maşınlarına məxsus metal ehtiyat hissələrini məntəqəyə gətirərək ona satmışdır. O, həmin ehtiyat hissələrini tərəzidə çəkən zaman 30 kq çəkisi gəldiyinə görə 1 kilosu 0,40 qəpik olmaqla 12 manata almışdır. Bundan sonra Anar oradan çıxıb getmiş və həmin vaxtdan etibarən Anar bir neçə dəfə ona metal satmışdır. 02 aprel 2024-cü il tarixdə ona məlum olmuşdur ki, Anar 26 mart 2024-cü il tarixdə ona satdığı yük maşınına məxsus ehtiyat hissələrini tanımadığı şəxsə məxsus qarajdan oğurlamışdır. Lakin bundan onun xəbəri olmamış və Anar həmin ehtiyat hissələrini ona satan zaman da bu barədə heç bir məlumat verməmişdir. Həmin ehtiyat hissələrinin bir neçəsini metal əritmə zavoduna satmış, bir neçəsi isə onda qaldığına görə həmin gün polis əməkdaşlarına təhvil vermişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 iştirakı mümkün olmadığından həmin dövrdə verdiyi ifadəsi məhkəmə iclasında elan olunaraq tədqiq edilmişdir. Şahid həmin ifadəsində göstərmişdir ki, təxminən 6 ildir ki, ünvan 2 ünvanında valideynləri ilə birlikdə kirayə yaşayır və binanın qarşısında yerləşən qaraj həmin evin sahibinə məxsus olduğuna görə onların istifadəsindədir. Atası yük maşını sürücüsüdür və SOCAR şirkətinə məxsus nefti yük maşınına doldurub Naxçıvan MR-na daşıyır. Hər dəfə yaşadıqları evə geri qayıdan zaman yol üstü idarə etdiyi yük maşınına məxsus müxtəlif növ ehtiyat hissələri alır və həmin ehtiyat hissələrini qeyd edilən qaraja qoyur, lakin həmin ehtiyat hissələrinin yeni və ya köhnə olmasından məlumatı yoxdur. Həmin qarajda atasının aldığı yük maşınına məxsus ehtiyat hissələrindən əlavə başqa ehtiyat hissələri də olmuşdur. Bundan başqa onlar qarajın qapısını qıfıl ilə bağlamırlar, lakin kənardan bağlı olmasının bilinməsindən ötrü dəmir zənciri kilid hissəsinə dolamışlar. 25 mart 2024-cü il tarixdə səhər saat 05 radələrində atası işi ilə əlaqədar evdən çıxıb Naxçıvan MR-na getmişdir. 26 mart 2024-cü il tarixdə saat 19 radələrində o, qarajın qapısına baxan zaman zəncirin açılmış vəziyyətdə qapıdan asılı olduğunu, qapısının isə açıq olduğunu görmüşdür. Qaraja daxil olub baxdıqda qeyd olunan həmin ehtiyat hissələrinin yerində olmadığını aşkar etmiş və dərhal atasına zəng edərək bu barədə məlumat vermişdir. Həmin vaxt o, “WhatsApp” tətbiqi vasitəsi ilə qarajın içərisində ehtiyat hissələrini qoyduqları yerin bir neçə şəkillərini və videosunu çəkərək atasına göndərmişdir. Atası qarajın şəkillərinə baxdıqdan sonra 4650 manat dəyərində yük maşınına, həmçinin digər avadanlıqlara aid olan SCANİA markalı yük maşınına məxsus 1300 manat dəyərində olan 01 ədəd işlənmiş mühərrik beyini, SCANİA markalı yük maşınına məxsus 850 manat dəyərində olan 01 ədəd işlənmiş PEQO adlı sürətlər qutusunun beyini, SCANİA markalı yük maşınına məxsus 300 manat dəyərində olan 01 ədəd işlənmiş qazın pedalı, SCANİA markalı yük maşınına məxsus 700 manat dəyərində olan 01 ədəd işlənmiş ABS modulyatoru, SCANİA markalı yük maşınına məxsus 600 manat dəyərində olan 01 ədəd dizel yanacağının nasosu, MAN markalı yük maşınına məxsus ümumilikdə 300 manat dəyərində olan işlənmiş əyləc sistemi, ümumilikdə 400 manat dəyərində olan soyuducuya məxsus 02 ədəd dinamo, 200 manat dəyərində soyuducuya məxsus 01 ədəd relenin oğurlandığını demiş və ilk əvvəl polisə müraciət etməməsini, özü hadisəni törətmiş şəxsi tapdıqdan sonra bu barədə polisə məlumat verməsini bildirmişdir. Oğurluq hadisəsini törətmiş şəxsin tapılması məqsədi ilə özü axtarmağa başlamış və həmin şəxsin Nizami rayonunda yerləşən “8-ci km bazarı”nda araba sürücüsü olan Anar adlı şəxs tərəfindən törədildiyini 01 aprel 2024-cü il tarixdə səhər saatlarında öyrəndikdən sonra dərhal atasına zəng edərək bu barədə məlumat vermişdir. Atasının tələbi ilə 02 aprel 2024-cü il tarixdə Nizami rayon polis idarəsinin 24-cü polis şöbəsinə yaxınlaşaraq bu barədə ərizə yazmışdır. Həmin gün günorta saatlarında polis əməkdaşları hadisəni törətmiş Anar adlı şəxsi, bir qədər sonra isə qarajdan oğurlanan ehtiyat hissələrinin bir qismini və metal qəbulu məntəqəsini işlədən Yaqub adlı şəxsi polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində olan zaman qalan ehtiyat hissələrini atası götürməsini tələb etdiyinə görə o, polis əməkdaşlarından SCANİA markalı yük maşınına məxsus 600 manat dəyərində olan 01 ədəd dizel yanacağının nasosunu, MAN markalı yük maşınına məxsus ümumilikdə 300 manat dəyərində olan işlənmiş əyləc sistemini, ümumilikdə 400 manat dəyərində olan soyuducuya məxsus 02 ədəd dinamonu, 200 manat dəyərində soyuducuya məxsus 01 ədəd releni götürərək yaşadığı evə aparmışdır. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 02 aprel 2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (i.v. 1) - 02 aprel 2024-cü il tarixli protokoldan və fotocədvəldən görünür ki, təhqiqatçı tərəfindən hadisə ilə bağlı müraciət etmiş şəxsin və hal şahidlərinin iştirakları ilə oğurluq hadisəsinin baş verdiyi yerə baxış zamanı müəyyən edilmişdir ki, hadisə yeri ünvan 2 ünvanının qarşısındakı saxlanc yeri hesab edilən qarajdır. (i.v. 7-8) - 02 aprel 2024-cü il tarixli protokoldan və fotocədvəldən görünür ki, təhqiqatçı tərəfindən oğurlanmış ehtiyat hissələrindən SCANİA markalı yük maşınına məxsus 01 ədəd dizel yanacağının nasosu, MAN markalı yük maşınına məxsus işlənmiş əyləc sistemi, soyuducuya məxsus 02 ədəd dinamo, 01 ədəd rele metal qəbulu məntəqəsindən götürülmüşdür. (i.v. 14-16) - 05 iyun 2025-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılan zaman o, ittiham üzrə hadisə yerini əyani olaraq göstərib ifadəsində göstərilənləri bir daha təsdiq etmişdir. (i.v. 100-103) - 07 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə elan edilmiş ittiham qüvvəsində saxlanılmış, Təqsirləndirilən şəxs barəsində Azerbaycan Respublikası CM-in 180-ci maddəsinin əlamətləri ilə cinayət təqibinin icraatına xitam verilmiş, Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs yetirilmiş maddi zərər cəmi 4650 manat olaraq hesablanmış və 1500 manat deyərində ödənildiyi nəzərə alınmış, Zərərçəkmiş şəxs məxsus SCANİA markalı yük maşınına məxsus 600 manat dəyərində olan 01 ədəd dizel yanacağının nasosu, MAN markalı yük maşınına məxsus ümumilikdə 300 manat dəyərində olan işlənmiş əyləc sistemi, ümumilikdə 400 manat dəyərində olan soyuducuya məxsus 02 ədəd dinamo, 200 manat dəyərində soyuducuya məxsus 01 ədəd rele maddi sübut kimi tanınmış və sahibinə qaytarılması nəzərə alınmış, Şahid2 barəsində Azərbaycan Respublikası CM-nin 194-cü maddəsi ilə cinayət təqibinə xitam verilmişdir. (i.v. 109-115) Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 3 mart 2005-ci il tarixli Qərarına əsasən qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. Oğurluq, soyğunçuluq və quldurluq cinayəti törətmiş şəxsin əməlinin “yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə daxil olmaq” əlaməti ilə tövsif edilməsi məsələsi həll edilərkən, məhkəmələr təqsirli şəxsin həmin yerlərdə hansı məqsədlə olmasını, həmçinin onun özgə əmlakına yiyələnmək qəsdinin hansı anda meydana gəlməsini aydınlaşdırmalıdır. Şəxs cinayət niyyəti olmadan oraya hüquqamüvafiq qaydada daxil olmuşsa, lakin sonra o, oğurluq, soyğunçuluq və ya quldurluq cinayəti törətmişsə, o zaman onun əməlində “daxil olma” əlaməti yoxdur. Şəxsin yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə qohumluğa və ya tanışlığa görə, zərərçəkmişin və ya əmlakı mühafizə edən şəxsin razılığı ilə daxil olması, yaxud onun vətəndaşların azad girib-çıxa biləcəyi mağazanın ticarət zalında, ofisdə və digər yerlərdə olması qeyd edilən tövsifedici əlamətlərin mövcudluğunu istisna edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidi dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirliliyi özünün etirafedici ifadəsi ilə yanaşı mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin, şahidl’rin ifadələri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Odur ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 177.2.3-cü maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama - yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: -Şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, X2 20 dekabr 2008-ci il tarixdə, X1 13 aprel 2014-cü il tarixdə doğulmuşlar. (i.v. 30-31) - 02 aprel 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs kimi həmin tarixdə tutulmuşdur. (i.v. 42-43) - 04 aprel 2024-cü il tarixli qərardan görünür ki, Bakı şəhəri Nizami rayon prokuroru tərəfindən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi haqda məhkəməyə təqdimat verilməsinə dair Nizami RPİ-nin istintaq şöbəsinin müstəntiqinin vəsatətinin müdafiə edilməsindən imtina olunmuş və onun Nizami RPİ-nin MSY-dən azad edilməsi qərara alınmışdır. (i.v. 78-80) - 04 aprel 2024-cü il tarixli qərardan görünür ki, Bakı şəhəri Nizami RPİ-nin istintaq şöbəsinin müstəntiqi tərəfindən Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (i.v. 81) -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 10 aprel 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu haqqında məlumat yoxdur. (i.v. 86) Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə törətdiyi əməl həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində yetkinlik yaşına çatmayan və azyaşlı uşaqlarının olmasını və zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanı ödəməklə barışıq əldə etməsini Azərbaycan Respublikası CM-nin 59.1.-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal qismində Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Ali Məhkəmənin Plenumunun yuxarıda istinad edilən 25 iyun 2003-cü il tarixli Qərarında həmçinin göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi də öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən, cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət əməli törətməsini, cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halın isə olmamasını, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq və cəmiyyətdən təcrid edilmədən islah olunmasının mümkün olması qənaətinə gələrək, hesab edir ki, onun islah olunması üçün cəmiyyətdən təcrid olunmamaqla barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Ona görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırkı işlə bağlı 02 aprel 2024-cü il tarixdən 04 aprel 2024-cü il tarixədək olan müddətdə şübhəli şəxs qismində tutulmuşdur, ona görə məhkəmə hesab edir ki, həmin 02 gün müddət, azadlıqdan məhrum etmə müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, təyin olunacaq cəzanın müddətindən çıxılaraq, təqsirləndirilən şəxsin üzərində qəti müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-3.1 və 51-2.1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlığın məhdudlaşdırılması növündə cəzasını yaşayış yeri üzrə çəkməli və cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə müvafiq məhkəmə qərarı olmadan hər gün saat 00:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini, habelə gün ərzində (yaşadığı, işlədiyi və probasiya nəzarətinin həyata keçiriləcəyi yerlər nəzərə alınmaqla) Bakı və Sumqayıt şəhərlərinin və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulmalı, Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə edilməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli olduğundan, onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınmış müvafiq əşyaların məhkəməyədək icraat zamanı zərərçəkmiş şəxəs qaytarılması nəzərə alınmalıdır; məhkəmə məsrəfinin tutulmasına əsas verəcək ekspertiza iş üzrə keçirilməmişdir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti olmadığından qərar əsasında dövlət hesabına dəvət olunmuş vəkilin məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsə göstərdiyi hüquqi xidmətlərə görə (Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına və xx.xx.2025-ci il tarixli 141 saylı qərarla edilmiş dəyişikliyə əsasən hesablanaraq – 28 saat 6 manatdan, 6 saat 11 manatdan olmaqla) əmək haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs hazırkı iş üzrə 02 aprel 2024-cü il tarixdən 04 aprel 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq, 04 (dörd) günə bərabər sayılmaqla təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının müddətindən çıxılıb, üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə müvafiq məhkəmə qərarı olmadan hər gün saat 00:00dan növbəti gün saat 07:00-dək yaşayış yerini, habelə gün ərzində Bakı və Sumqayıt şəhərlərinin və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübut qismində tanınmış SCANİA markalı yük maşınına məxsus 01 ədəd dizel yanacağının nasosunun, MAN markalı yük maşınına məxsus işlənmiş 01 ədəd əyləc sisteminin, soyuducuya məxsus 02 ədəd dinamonun, soyuducuya məxsus 01 ədəd relenin ibtidai istintaq zamanı zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərdiyi pulsuz hüquqi yardıma görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi müvafiq hesablaşma hesabı üzərindən 234 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №1(007)-216/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-216/2025
19.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver