Məhkəmə qərarları › İş №1(007)-218/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-218/2023

18.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-218/2023 18.05.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi X2, Məhkəmə iclasının katibi: X3, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 6 saylı vəkil bürosunun Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs: xx.xx.1991-ci ildə Cəlilabad rayonu, Novoqoloka kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olmamış, fərdi əməklə məşğul olan, Cəlilabad rayonu, Uzuntəpə kəndində qeydiyyatda olan və yaşayan, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri məhkəmənin qərarı ilə dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə xx.xx.2022ci il tarixdə saat 02 radələrində ünvan 1 ünvanında saxlanmış Zərərçəkmiş şəxs məxsus “Hunday Santafe” markalı **-PZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin alt hissəsinə keçərək qabaqcadan özü ilə gətirdiyi dəmir alətlə avtomobilin 1200 manat dəyərində katalizatorunu sökərək gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, avtomobil cilingəri kimi işləyib, özünü və ailəsini dolandırır. xx.xx.2022-ci il tarixdə axşam saatlarında tanışı Toğrul adlı şəxs avtomobilini təmir etdirmək üçün onun yanına gəlmişdir. Həmin vaxtlar onun maddi çətinliyi olmuş və qərar gəlmişdir ki, münasib bir yerdə dayanmış kənar avtomobilin alt hissəsindən içərisində katalizator olan qazanını çıxarıbrıb satmaqla pul əldə etsin. O Toğrulun taksi fəaliyyəti ilə məşğul olduğunu bilmiş, lakin məqsədi barədə Toğrula söyləmək istəməmiş, sonuncudan xahiş etmişdir ki, gecə saat 02 radələrində onu metronun “Neftçilər” stansiyası yaxınlığına aparsın. Toğrul etiraz etməyib xx.xx.2022-ci il tarixdə onun yaşadığı evinin yanına gəlmişdir. O qabaqcadan avtomobildən səsboğucunu açmaq üçün lazım olan açarı sexdən götürüb cibinə qoymuş və Toğrulun avtomobilinə əyləşib onu metronun “Neftçilər” stansiyası yaxınlığına aparmasını xahiş etmişdir. O niyyəti barədə Toğrula bildirməmişdir. Binaların birinin yanından keçən zaman qaranlıq bir yerdə dayanmış “Hyundai-Santafe” markalı avtomobil onun diqqətini cəlb etmişdir. O Toğrul ilə bir qədər irəli gedib, Toğruldan kənar bir yerdə onu gözləməsini xahiş etmişdir. Sonra piyada bir qədər gedib irəlidən fırlanaraq “Hyundai-Santafe” markalı avtomobil dayandığı yerə qayıdıb, gizlin həmin avtomobilin altına girərək altındakı səsboğucu qazanı çıxartmışdır. Sonra səsboğucunu gödəkçəsinə büküb Toğrulun yanına qayıtmışdır. Toğrul ondan gödəkçəsinin altında nə olduğunu soruşan zaman bir söz deməmişdir. Növbəti gün o sexlərdən səsboğucuların katalizatorunu toplayan şəxslərdən birinin mobil telefonuna zəng edib onda sıradan çıxmış səsboğucu olduğunu deyərək satmaq istədiyini bildirmişdir. Tanımadığı bir nəfər gəlib səsboğucunu ondan 40 manat müqabilində almışdır. Törətmiş olduğu əməli səmimi etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini, ziyanın tam ödənilməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını nəzərə alaraq yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərəçəkmiş şəxs məhkəməyə ərizə ilə müraciət edərək təqsirləndirilən şəxslə barışdığını, ona dəymiş zərərin ödənildiyini və ondan hər hansısa şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə ərizə ilə Nizami RPİ-nin 24-cü PŞ-nə o müraciət etmişdir. Belə ki, xx.xx.2022-ci il tarixdə saat 18:30 radələrində ona məxsus, etibarnamə əsasında idarə etdiyi arvadı X1 adına qeydiyyatda olan“Hyundai-Santafe” markalı, **-PZ- *** dövlət qeydiyyat nişanlı avtomobili yaşadığı Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi 32A saylı binanın qarşısındakı həyətdə saxlayıb mənzilinə qalxmışdır. xx.xx.2022-ci il tarixdə saat 10:20 radələrində binanın qarşısına düşüb avtomobilini işə salan zaman avtomobilin yüksək səslə işlədiyini eşitmişdir. O avtomobildən enib altına baxan zaman avtomobilin altındakı səsboğucunu açılmış vəziyyətdə, boltlarının da yerdə olduğunu aşkar etmişdir. Ona aydın olmuşdur ki, avtomobilimin katalizatorunu çıxarıblar. Odur ki, hadisə ilə bağlı DİN-in 102 xidməti zəng mərkəzinə zəng edib məlumat vermişdir. Tezliklə Nizami RPİ-nin 24-cü PŞ-dən polis əməkdaşları hadisə ilə bağlı ondan ərizə alaraq sənədləşmə aparmışlar. Hadisədən sonra avtomobilin səsboğucusunun təmiri ilə bağlı “Hyundai” servisi ilə əlaqə saxlamış, ona təmirin 1200 manata başa gələcəyi bildirilmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid ifadəsində göstərmişdir ki, əvvəllər fəhləliklə, son vaxtlar isə fərdi olaraq taksi faəliyyəti ilə məşğul olur. Gündəlik icarəyə götürdüyü “Xəzər” markalı **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olur. Əsasən “Bolt” taksi şirkəti ilə əməkdaşlıq edir. Həmyerlisi və tanışı Təqsirləndirilən şəxs 3 il olar ki, tanıyır, sonuncu ilə avtomobilini təmir etdirərkən tanış olmuşdur. Razzaq Xətai rayonu NZS qəsəbəsində yaşayır, elə həmin yerdə də avtomobillərin təmiri sexində motorist kimi fəaliyyət göstərir. Avtomobilində nasazlıq olan zaman Razzağın yanına gedir, aralarında yaxın münasibət olmuşdur. xx.xx.2022-ci il tarixdə o Razzağa zəng edib avtomobilində nasazlıq olduğunu, avtomobili müayinə etməsini xahiş etmişdir. Həmin gün saat 22 radələrində Razzaqla sonuncunun yaşadığı evinin qarşısında görüşmüşdür. Razzaq onun avtomobilini müayinə etdikdən sonra söyləmişdir ki, gecə saatlarında metronun “Neftçilər” stansiyası yaxınlığında işi olacaqdır, ondan xahiş etmişdir ki, həmin vaxt yaşadığı evinin qarşısına gəlib həmin yerə aparsın. xx.xx.2022-ci il tarixdə saat 02 radələrində o Razzağı yaşadığı evinin yanından götürmüş və sonuncunun xahişi ilə metronun “Neftçilər” stansiyası yaxınlığına çatdıqdan sonra Razzaq ona söyləmişdr ki, binaların birinin həyətində ehtiyat hissəsi var, həmin yerə getməlidir. Onlar metronun yanına çatan zaman Razzaq ondan avtomobili saxlamağı, sonuncu ilə piyada bir qədər gedib gözləməsini xahiş etmişdir. Onun əynindəki köynək nazik olduğundan və hava soyuq olduğu üçün əvvəl etiraz etmiş, lakin sonra Razzağın təkidi ilə avtomobildən düşüb piyada Razzaqla getmişdir. Bir qədər irəli getdikdən sonra Razzaq ona demişdir ki, həmin yerdə dayanıb onu gözləsin. Razzaq özü isə ondan ayrılıb qaranlıq olan bir yerə getmiş və təxminən 4-5 dəqiqədən sonra qayıtmışdır. Razzaq qayıdan zaman əynindəki gödəkcəsinin altında nə isə gizlətdiyini görmüşdür. O Razzaqdan gizlətdiyi əşyanın nə olduğunu soruşduqda Razzaq üzərindəkinin katalizator olduğunu, avtomobillərdən birinin altından oğurladığını bildirmişdir. O Razzaqın oğurladığı katalizatoru hansı avtomobildən oğurladığını görməmişdir. Razzaq onun avtomobilinə əyləşdikdən sonra o Razzaqdan nə üçün ona qabaqcadan oğurluq edəcəyi barədə ona demədiyini soruşub Razzaqla mübahisə etmişdir. Həmin gün o Razzağı evində düşürüb getmişdir. Bir neçə gün sonra Razzağa zəng edib avtomobilinin yağını dəyişmık istədəyini bildirmişdir. O ifadəsində Razzağın qabaqcadan katalizator oğurlayacağından məlumatsız olduğunu, Razzağın məqsədini ondan gizlətdiyini, sonradan bu barədə bildiyini göstərmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərərçəkmiş şəxsin və şahid ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə, təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də, Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 177.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini ədalətli, qanunauyğun və humanizm prinsiplərinə uyğun hesab edir. Çünki cəza təyin edilərkən ədalət və humanizm prinsiplərinə əməl edilməli olduğundan, “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamı və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarındakı tövsiyyələr nəzərə alınmalıdır. Qeyd edilən Sərəncamdan da görünür ki, təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddi ziyanla bağlı mülkiyyət əlehinə olan hazırkı cinayət əməlləri üzrə vurulmuş ziyan tamamilə ödənildikdə azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi, həm “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarındakı tövsiyyələri, həm də yüngülləşdirici hallar olduğundan sanksiyada nəzərdə tutulmuş daha yüngül növdə cəza təyin edilməlidir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamının 8-ci bəndində qeyd edilmişdir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Həmin Sərəncamın 10.3-cü bəndinə əsasən cəza siyasətinin humanistləşdirilməsi məqsədilə törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi əsaslarının müəyyən olunmasına dair qanun layihələrinin hazırlanmasına dair Sərəncamda göstərilən dövlət qurumlarına tövsiyyə və tapşırıqlar verilmişdir. Sərəncamın 13.3-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Sadalananlara əsasən məhkəmə həmçinin qeyd edir ki, daha ciddi cəzanın təyin edilməsinin müzakirə olunması üçün əsaslar da yoxdur. Çünki “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarının 3-cü bəndinə əsasən bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilmiş cinayətlərdə, residivə görə cinayətdə təqsirli bilinən şəxsə cəza təyin edilərkən, əgər bu əlamətlər cinayətin tövsifedici əlamətləri deyildirsə və qanuna görə cəzanı yüngülləşdirici hallar müəyyən edilməmişdirsə məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Beləliklə, ilk növbədə sanksiyada nəzərdə tutulmuş alternativ cəzalardan ciddi növdə cəzanın təyin edilməsi üçün Plenum Qərarının 3-cü bəndində nəzərdə tutulmuş ağırlaşdırıcı halların olması, yüngülləşdirici halların olmaması vacibdir. Ağırlaşdırıcı hallar yoxdursa, ilk növbədə daha ciddi cəzanın təyin edilməsi məsələsinin müzakirəsi Cinayət Məcəlləsinin vəzifələrini təmin etməməklə, ədalətlilik və qanunçuluq prinsipinə əməl etməməklə, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə almamaqla nəticələnər. Plenum Qərarının 3-cü bəndində də müəyyən edildiyi kimi böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət üzrə əgər ağırlaşqdırıcı hallar yoxdursa, onda məhkəmə yalnız cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq ilk növbədə təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməsi də CM-nin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına uyğun olmaz. Çünki həm hazırkı işin halları, yəni ağırlaşdırıcı halların olmaması, yüngülləşdirici halların olması, həm də Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd edilən qərarına, CMnin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına əsasən təqsirləndirilən şəxs barədə ilk növbədə yüngül cəza növünün təyini məsələsini müzakirə etməyi vacib edir. Bu qeyd edilən halların mövcudluğu, həmçinin Plenum Qərarının 2 və 3-ü bəndində qeyd edilənlər nəzərə alınaraq, daha ciddi cəzanın, yəni azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün hökmdə əsaslandırılma da aparıla bilmir. Çünki azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün ixtiyari bir əsaslandırma deyil, yəni qanundan kənar əsaslandırma deyil, qanuni əsaslandırma, bunun üçünsə CM-nin ümumi hissəsindəki müəyyən edilmiş hallar, həmçinin Plenum Qərarının 2, 3-cü bəndində müəyyən edilmiş nəzərə alınmalı hallar üzrə əsaslandırılma aparılmalıdır. Hazırkı təqsirləndirilən şəxsə münasibətdə azadlıqdan məhrumetimə cəzasının təyin edilməsi üçün həmin əsaslar mövcud deyildir. Beləliklə, hazırkı cinayət işi üzrə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəza nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini təmin etmək üçün, ədalətlilik və qanunçuluq prinsipinə əməl etmək üçün, CMnin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəzanı tətbiq etmədən də cəzanın məqsədlərinə çatmaq olar və hazırkı iş üzrə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Daha ciddi cəzanın təyin edilməsi üçün əsaslar yoxdur. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixlə Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, Konstitusiya Məhkəməsinin həmin qərarındakı mövqeyinə uyğun olaraq hesab edir ki, aşağıdakı yüngülləşdirici hallar kimi nəzərə alınanlar da, həmin Qərardakı meyarlar əsasında müəyyən olunan müxtəlif hallara aid cəzanı yüngülləşdirən hallardır. Zərərçəkmiş şəxs tərəfindən xx.xx.2023-cü il tarixdə məhkəməyə ünvanlanmış ərizəyə əsasən müəyyən olunur ki, o, təqsirləndirilən şəxs X4 ilə barışmış, ona dəymiş zərər tam ödənilmiş, təqsirləndirilən şəxsə qarşı hər hansısa şikayət və tələbi yoxdur. Məhkəmə təqsirləndirilən şəxsin törətdiyi cinayəti etiraf edib, əməlindən səmimi peşman olmasını, əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı mülkiyyət əlehinə olan hazırkı cinayət işi üzrə zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanın tamamilə ödənilməsini, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə tutulmuş, xx.xx.2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Nizami rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(007)-218/2023 saylı qərarına əsasən Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməklə axtarış elan edilmişdir. Nizami RPİ-nin 24-cü Polis şöbəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli məktuba və tutma haqqında protokola əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saxlanılaraq Bakı şəhəri, Nizami RPİ-nin MSY-nə təhvil verilməsi müəyyən edilmişdir. Beləliklə o, ibtidai istintaq dövründə şübhəli şəxs qismində 02 gün müddətinə tutulmuş, həmçinin xx.xx.2023-cü il tarixdən hal-hazıradək həbsdədir. Məhkəmə hesab edir ki, maddi sübut kimi tanınmış oğurluq hadisəsini özündə əks etdirən videogörüntülər olan 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçilərin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, ekspertiza xərci, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 01 il 06 ay ( bir il altı ay ) müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən ibtidai istintaq zamanı şübhəli şəxs qismində tutulduğu 02 gün müddət və həbsdə qaldığı 14 gün müddət ona təyin olunmuş cəzadan çıxılsın, üzərində qəti olaraq 01 il 04 ay 28 gün (bir il dörd ay iyirmi səkkiz gün) müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası onun yaşayış yeri üzrə Probasiya Şöbəsinə həvalə edilsin. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbirinə dəyişdirilsin və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs oğlunun üzərinə Cəlilabad rayonun ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cinayət işi üzrə maddi sübut kimi tanınmış oğurluq hadisəsini özündə əks etdirən videogörüntülər olan 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 144 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 6 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nigar Qədirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar