Məhkəmə qərarları › İş №1(007)-219/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-219/2022

17.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-219/2022 17.06.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxxx 1995-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, bir uşağı olan, fərdi qaydada işləyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsi ev 11, mənzil 7-də qeydiyyatda olmaqla yaşayan, 08 yanvar 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 09 yanvar 2022-ci il tarixdə tutmadan azad edilərək barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə metamfetamin əldə edib üzərində saxlayaraq daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda ümumi təmiz çəkisi 0,822 qram olan psixotrop maddə metamfetamin əldə edib üzərində saxlayaraq daşımış, Bakı şəhəri Nizami RPİ-nin Post-patrul xidməti əməkdaşları tərəfindən 08 yanvar 2022-ci il tarixdə saat 02:45 radələrində Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 7 ünvanında “Lyuks” dönərxananın qarşısında şübhəli şəxs qismində saxlanılaraq Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev küçəsi, 25/37-ci məhəllədə yerləşən Nizami RPİ-nin 25-ci polis şöbəsinə gətirilmiş, şöbədə xidməti otaqların birində üzərinə şəxsi axtarış aparılan zaman əynində olan göy rəngli cins şalvarının sol yan cibindən iki ədəd şəffaf sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,398 qram və 0,424 qram ümumi təmiz çəkisi 0,822 qram olan ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Bu hərəkəti ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, özünə məxsus “Daewoo-Nexia” markalı avtomobillə taksi fəaliyyəti ilə məşğul olur. 07 yanvar 2022-ci il tarixdə saat 22 radələrində idarə etdiyi etdiyi həmin avtomobillə Sabunçu rayonu, Zabrat qəsəbəsinə müştəri aparmış, müştərini ünvana düşürüb qayıdarkən təsadüfən yolda tanımadığı şəxsdən 30 manata iki büküm sellofanda “şüşə” kimi tanıdığı narkotik vasitəni şəxsi istifadəsi üçün alaraq üzərində saxlamışdır. Bundan sonra yaşadığı ünvan istiqamətində hərəkət etmiş, “Qara Qarayev” stansiyasının yaxınlığında avtomobilin əyləc sistemində texniki nasazlıq yaranmışdır. Təsadüfən metronun yaxınlığında dostu Şahid1 görmüşdür. Kamranbəyə avtomobilin əyləc sistemində olan texniki nasazlığı düzəltdirmək üçün Nəsimi rayonu, “Xutor” adlanan ərazidə fəaliyyət göstərən ustaya getməli olduğunu demiş və onunla getməsini xahiş etmişdir. Kamranbəy etiraz etməmiş və birlikdə ustaya getmişlər. Avtomobili “Xutor”da ustaya təhvil vermiş, usta təmir üçün 3-4 saat vaxt sərf edəcəyini demişdir. Kamranbəylə birlikdə təmir xərci üçün pul götürmək məqsədi ilə yaşadığı Nizami rayonunda olan evinə gəlmişlər. 08 yanvar 2022-ci il tarixdə saat 01 radələrində Kamranbəylə birlikdə ustanın yanına gedib avtomobili təhvil almışlar. Bundan sonra Q.Qarayev prospekti, 7 ünvanında yerləşən “Lyuks” dönər evinin yaxınlığında Kamranbəylə gəzişmişlər. Saat 02 radələrindən sonra həmin dönər evinin arxasında küçənin qaranlıq hissəsində dayanan zaman post patrul xidmətinin əməkdaşları yaxınlaşmışlar. Onlar özlərini təqdim edib PPX-nin əməkdaşları olmalarını bildirərək gecə saatlarında küçənin qaranlıq hissəsində nə işlə məşğul olmalarını soruşmuşlar. Polis əməkdaşalrına heç bir işlə məşğul olmadıqlarını, söhbət etdiklərini demişlər. Polis əməkdaşları onları 25-ci polis şöbəsinə dəvət etmişlər. Heç bir etiraz etmədən polislərlə 25-ci polis şöbəsinə getmişlər. Polis şöbəsində olan xidməti otaqların birində hüquq və vəzifələri izah olunmuş və bildirilmişdir ki, videoçəkiliş vasitəsi ilə üzərində şəxsi axtarış aparılacaqdır. Bundan sonra polis əməkdaşları üzərində hər hansı qeyri-qanuni əşya və predmet varsa təhvil verməyini təklif etmişlər. O, əynində olan göy rəngli cins şalvarının sol yan cibindən iki ədəd şəffaf sellofan bükümündə olan psixotrop maddə metamfetamini çıxarıb polis işçilərinə təqdim etmiş və demişdir ki, həmin bükümün içərisində olan “şüşə” kimi tanıdığı narkotik vasitədir. Həmin maddə polis əməkdaşları tərəfindən bir ədəd kağız zərfdə qablaşdırlıb möhürlənərək götürülmüşdür. Bu barədə protokol tərtib edilmiş, o da protokolu və zərfin üzərini imzalamışdır. Üzərindən aşkar edilmiş metamfetamini özünün istifadəsi üçün alıb saxlamışdır, onun üzərində metamfetamin olmasından dostu Kamranbəyin xəbəri olmamışdır. Təqsirləndirilən şəxs ifadəsində daha sonra ilk dəfə cinayət məsuliyyətinə cəlb olunduğunu, əməlindən səmimi peşman olduğunu, himayəsində bir azyaşlı uşağı olduğunu göstərmiş, həmin halları nəzərə alaraq, barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 08 yanvar 2022-ci il tarixdə gecə saatlarında gəzişmək üçün küçəyə çıxmış, “Qara Qarayev” metrostansiyasının yaxınlığına gəlmişdir. Orada dostu Məhəmmədi görmüşdür. Məhəmmədə yaxınlaşıb nə etdiyini soruşduqda, o, avtomobilinin nasaz olmasını və yolda qalmasını demişdir. Məhəmməd avtomobilinin əyləc sistemində olan texniki nasazlığı düzəltdirmək üçün Nəsimi rayonu, “Xutor” adlanan ərazidə fəaliyyət göstərən ustaya getməli olduğunu demiş və onunla getməsini təklif etmişdir. O, etiraz etməmiş və birlikdə ustaya getmişlər, avtomobili “Xutor”da ustaya təhvil vermişlər. Usta avtomobili təmir etmək üçün 3-4 saat vaxt sərf edəcəyini demişdir. Onlar təmir xərci üçün pul götürmək məqsədi ilə Məhəmmədin yaşadığı Nizami rayonunda olan evinə gəlmişlər. 08 yanvar 2022-ci il tarixdə saat 01 radələrində Məhəmmədlə ustanın yanına qayıdıb avtomobili təhvil almışlar. Bundan sonra Q.Qarayev prospekti, 7 ünvanında yerləşən “Lyuks” dönər evinin yaxınlığına gəlmişlər. Təxminən saat 02:30 radələrindən sonra Məhəmmədlə “Lyuks” dönər evinin arxasında küçənin qaranlıq hissəsində dayanmışlar. Bir neçə metr kənarda polis avtomobili dayanmış və iki nəfər polis geyimli şəxs düşmüş, xidməti vəsiqələrini göstərib Nizami RPİ-nin əməkdaşları olmalarını bildirmişlər. Polis əməkdaşları gecə saatlarında küçədə nə üçün dayanmalarını soruşmuş, bundan sonra onları yaxınlıqda olan polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində Məhəmmədi otağa aparmışlar, o, şöbənin dəhlizində gözləmişdir. Bir neçə dəqiqə sonra onu da xidmətə otağa aparmışlar, polis əməkdaşlarının iştirakı ilə videoçəkilişdən istifadə olunmaqla üzərində şəxsi axtarış aparılmışdır. Həmin vaxt o, əynində olan göy rəngli cins şalvarının sol yan cibindən bir ədəd üzərində yazılar olan qızılı rəngli bıçağı çıxarıb təqdim etmiş, bundan sonra üzərindən özünə məxsus bir ədəd “İphone” markalı “4” modelli telefon aşkar edilmişdir. Bundan başqa üzərindən hər hansı bir əşya aşkar edilməmişdir. Onun özü narkotik vasitədən istifadə etməmiş, dostu Məhəmmədin narkotik vasitə almasını və istifadə etməsini bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin Postpatrul xidməti bölüyünün polis nəfəri Şahid2 ifadəsində göstərmişdir ki, 08 yanvar 2022-ci il tarixdə gecə saatlarında xidmət yoldaşı Şahid3 ilə AP 3949 çağırışlı avtopatrulla xidmət aparmışlar. Həmin gün saat 02:45 dəqiqədə Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 7 ünvanında yerləşən “Lyuks” dönər evinin arxasında iki nəfər şəxsin özlərini aparmasını görmüşlər. Həmin şəxslərin qaranlıqda dayanmaları və özlərini şübhəli aparmaları onlarda maraq oyatmışdır. Dərhal avtomobili saxlayaraq düşmüş, həmin şəxslərə yaxınlaşıb özlərini təqdim etmişlər. Sorğu-sual zamanı həmin şəxslərin narkotik vasitə təsiri altında olmasından şübhələnib onları 25-ci polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində bu barədə raport yazıb şöbə rəisinə məruzə etmişlər. Həmin şəxslərin şəxsiyyəti dəqiqləşdirilmiş və müəyyən edilmişdir ki, onlar Təqsirləndirilən şəxs və Şahid1dur. Bundan sonra xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş, videoçəkiliş etməklə onun üzərində şəxsi axtarış aparılmağa başlanılmışdır. Axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunsuz hər hansı bir əşyanın olub-olmaması barədə sual verilmiş və olduğu halda təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynində olan olan göy rəngli cins şalvarının sol yan cibindən iki ədəd şəffaf sellofan bükümü çıxarıb təqdim etmişdir. Həmin bükümlər açılaraq baxış keçirilmişdir. Təqsirləndirilən şəxs həmin bükümlərdə nə olması və haradan əldə etməsi barədə sual verilmiş, o da demişdir ki, həmin bükümlərdə narkotik vasitə vardır, narkotik vasitəni Ramana qəsəbəsində tanımadığı şəxsdən 35 manata öz şəxsi istifadəsi üçün almışdır. Davam edən axtarış zamanı Təqsirləndirilən şəxs şalvarının sağ yan cibindən bir ədəd “İphone” markalı “6” modelli mobil telefon aşkar edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən başqa heç bir qanunsuz əşya aşkar olunmamışdır. Aşkar edilmiş maddələr ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, üzərində qeydlər aparılaraq möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra bu barədə protokol tərtib olunmuş, protokol ucadan oxunmuş, protokol düzgün tərtib edildiyi üçün doğruluğunu axtarışda iştirak edən şəxslər imza edərək təsdiq etmişlər. Şahid1 üzərində şəxsi axtarış zamanı isə əynində olan olan göy rəngli cins şalvarın sol yan cibindən bir ədəd üzərində yazılar olan qızılı rəngli bıçağı çıxarıb təqdim etmişdir. Onun üzərindən narkotik vasitə və ya digər qanunsuz əşya aşkar edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin Postpatrul xidməti bölüyünün polis nəfəri Şahid3, Şahid2 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 08 yanvar 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. (i.v. 1) - 08 yanvar 2022-ci il və 05 mart 2022-ci il tarixli protokollardan görünür ki, həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı saxlanılmış Təqsirləndirilən şəxs üzərində, videoçəkilişdən istifadə edilməklə, şəxsi axtarış və götürmə aparılmışdır. Təklif əsasında Təqsirləndirilən şəxs könüllü olaraq əynində olan göy rəngli cins şalvarının sol yan cibindən iki ədəd şəffaf sellofan bükümləri çıxarıb təqdim etmiş, həmin bükümlər açılaraq şəxsi axtarış keçirilmiş, sorğu zamanı o, həmin bükümlərdə narkotik vasitə olduğunu, narkotik vasitəni Ramana qəsəbəsində tanımadığı şəxsdən 35 manata öz şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Davam edən axtarış zamanı Təqsirləndirilən şəxs şalvarının sağ yan cibindən bir ədəd “İphone” markalı “6” modelli mobil telefon aşkar edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən başqa heç bir qanunsuz əşya aşkar edilməmişdir. Aşkar edilmiş maddələr ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, üzərində qeydlər aparılaraq möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış və götürmə haqqında protokolun tərtibi zamanı qeydə alınmış videogörüntülərə Təqsirləndirilən şəxs və müdafiəçisinin iştirakları ilə baxış keçirilmiş, 08 yanvar 2022-ci il tarixli protokolda əksini tapan məlumatların həmin görüntülərlə öz təsdiqini tapdığı müəyyən edilmişdir. (i.v. 26-27, 121-122) - 08 yanvar 2022-ci il tarixli qərardan görünür ki, Şahid1 şübhəli şəxs kimi iştirakına xitam verilmiş və o, Nizami RPİ-nin MSY-dən azad olunmuşdur. (i.v. 55) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının 08 yanvar 2022-ci il tarixli 6/87 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №165” dairəvi möhür əksi və “Vətəndaş Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş...” yazıları olan zərfdə iki ədəd şəffaf rəngli sellofan bükümündə təmiz çəkiləri 0,398 qram və 0,424 qram, ümumi çəkisi 0,822 qram olan ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri”in siyahısına (Siyahı İ) daxildir. Qeyd: metamfetaminin təmiz çəkisi 0,822 qram olmuş, tədqiqata 0,05 qram sərf edilmiş, 0,772 qram qalıq qalmışdır. (i.v. 61-64) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxsin Ambulator Məcburi-Narkoloji tibbi yoxlamasının 04 fevral 2022-ci il tarixli 515 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamindən istifadə halları olub. Lakin hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. (i.v. 103-104) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının 01 mart 2022-ci il tarixli 6/955 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR ƏN MEM-nin “Tədqiqat Obyekti №59”-li ştamp əksi olan paketdəki, vət. Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 2 ədəd bükümdəki metamfetaminlər xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eynidirlər. İlkin tədqiqat zamanı, vət. Təqsirləndirilən şəxs götürülmüş metamfetaminin ayrı-ayrılıqda və ümumi təmiz çəkisi 8 yanvar 2022-ci il tarixli 6/87 saylı ekspert rəyində göstərilmişdir. Qeyd: metamfetaminin təmiz çəkisi 0,722 qram olmuş, tədqiqata 0,04 qram sərf edilmiş, 0,682 qram qalıq qalmışdır. (i.v. 109-111) - 18 aprel 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə yenidən ittiham elan edilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,682 qram qalan psixotrop maddə metamfetamin, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasını əks etdirən bir ədəd DVD disk sübut kimi tanınmış, Şahid1 üzərində şəxsi axtarış aparılmasını əks etdirən bir ədəd DVD disk sübut kimi tanınmamış, lakin cinayət işinə əlavə edilmiş, Şahid1 üzərində şəxsi axtarış aparılan zaman aşkar edilmiş bir ədəd qızılı rəngli bıçaq maddi sübut kimi tanınmamış və Nizami RPİ-nin maddi sübutların saxlanılması otağına qoyulmuş, Nizami RPİ-nin 25-ci polis şöbəsində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman psixotrop maddə metamfetamini təqdim etməsi könüllü təqdim etmə kimi qiymətləndirilməmiş, Şahid1 barəsində Azərbaycan Respublikası CM-nin 234 və 228-ci maddələri ilə cinayət təqibinin başlanması rədd edilniş, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs qanunsuz olaraq psixotrop maddə metamfetamini əldə etdiyi mənbə barəsində cinayət işindən material ayrılmışdır. (i.v. 132-141) Məhkəmə qeyd edir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi; məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması hesab olunur. Birləşmiş Millətlər Təşkilatının 30 mart 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyası, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” və 19 dekabr 1988-ci il tarixli “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” konvensiyalarında narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanun-suz dövriyyəsi beynəlxalq cinayət hesab edilmişdir. “Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 5-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək qeyd edir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş psixotrop maddə metamfetaminin əldə olunma mənbəyi barədə material ayrılmışdır, nəticəsindən asılı olaraq hüquqi qiymət veriləcəkdir. Məhkəmə, dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi özünün etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, məhkəmə ekspertizalarının rəyləri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 234.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - həmin maddədə nəzərdə tutulmuş cinayət məsuliyyətinə səbəb olur, bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: - 08 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs kimi həmin tarixdə tutulmuşdur. (i.v. 14-15) - 09 yanvar 2022-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Nizami RPİ-nin istintaq şöbəsinin müstəntiqi tərəfindən Təqsirləndirilən şəxs müvəqqəti tutulmadan azad edilmiş, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (i.v. 86) -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 19 yanvar 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu haqqında məlumat yoxdur. (i.v. 93) -AZ-İV seriyalı, 715882 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X1 14 yanvar 2022-ci il tarixdə doğulmuşdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə törətdiyi əməl həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal qismində Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Ali Məhkəmənin Plenumunun yuxarıda istinad edilən 25 iyun 2003-cü il tarixli Qərarında həmçinin göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi də öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən, cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət əməli törətməsini, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq və cəmiyyətdən təcrid edilmədən islah olunmasının mümkün olması qənaətinə gələrək, hesab edir ki, onun islah olunması üçün cəmiyyətdən təcrid olunmamaqla barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Ona görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırkı işlə bağlı 08 yanvar 2022-ci il tarixdən 09 yanvar 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulmuşdur. Ona görə məhkəmə hesab edir ki, həmin 01 gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin olunacaq cəzanın müddətindən çıxılaraq, təqsirləndirilən şəxsin üzərində qəti müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-3.1 və 51-2.1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlığın məhdudlaşdırılması növündə cəzasını yaşayış yeri üzrə çəkməli və cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə müvafiq məhkəmə qərarı olmadan hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini, habelə gün ərzində Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulmalı, Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə edilməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli olduğundan, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınmış şəxsi axtarış və götürmə aparılmasının videogörüntülərinin əks olunduğu bir ədəd DVD disk saxlama müddəti ərzində cinayət işinin materiallarında saxlanılmalı, təqsirləndirilən şəxsdən aşkar edilərək götürülməklə Nizami RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilən, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,682 qram psixotrop maddə metamfetamin məhv edilməli; CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə, Ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə qeyd edir ki, müstəntiqin qərarı əsasında dövlət hesabına dəvət edilmiş Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi məhkəməyədək icraat zamanı iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsini həyata keçirsə də, müstəntiq müdafiəçinin hüquqi xidmətlərə görə iştirak etdiyi müddətə və bunun məbləğinə dair arayışı ittiham aktına əlavə etməmişdir, ona görə müdafiəçiyə həmin hissədə əmək haqqının tutulması məsələsi həll edilmir. Həmin vəkil məhkəmənin qərarı əsasında məhkəmə icraatı zamanı iştirak edərək təqsirləndirilən şəxsə hüquqi yardım göstərmişdir, həmin müddət 14 iş saatı müddətinə bərabər tutulduğundan, (Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən) hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla əmək haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs hazırkı işlə bağlı 08 yanvar 2022-ci il tarixdən 09 yanvar 2022ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 01 (bir) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının müddətindən çıxılıb, üzərində qəti olaraq 02 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə müvafiq məhkəmə qərarı olmadan hər gün saat 22:00dan növbəti gün saat 07:00-dək yaşayış yerini, habelə gün ərzində Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübut qismində tanınmış bir ədəd DVD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın, Təqsirləndirilən şəxs aşkar edilərək götürülməklə Bakı şəhəri Nizami RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilən, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,682 qram olan psixotrop maddə metamfetamin məhv edilsin. Məhkəmə məsrəfi olan cəmi 228 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı 14 iş saatı göstərdiyi pulsuz hüquqi yardıma görə Müdafiəçi müvafiq hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı vəkil bürosu vasitəsi ilə 84 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar