Məhkəmə qərarları › İş №1(007)-219/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-219/2023

04.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-219/2023 04.05.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, məsləhətçi Əsədullayev İrfan İlyas oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1, onun müdafiəçisi, Bakı şəhəri 6 saylı Vəkil bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2, onun müdafiəçisi, Bakı şəhəri 6 saylı Vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, Təqsirləndirilən şəxs1, xx xxx 1964-cü ildə Gürcüstan Respublikası, Rustavi şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, natamam ali təhsilli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 02 fevral 2016-cı il tarixli hökmü ilə, Azərbaycan Respublikası CM-nin 29,177.1-ci maddəsi ilə təqsirli bilinib, 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, sonuncu dəfə Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 avqust 2016-cı il tarixli hökmü ilə, Azərbaycan Respublikası CM-nin 180.2.1, 180.2.2, 180.2.4 və 326.1-ci maddələri ilə təqsirli bilinib, həmin Məcəllənin 66.3-cü maddəsi tətbiq edilməklə, qəti olaraq 6 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 16 oktyabr 2019-cu il tarixli qərarına əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 avqust 2016-cı il tarixli hökmü ilə təyin edilmiş cəzası 05 il 02 aya endirilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 09 iyul 2021-ci il tarixli qərarına əsasən cəzasının çəkilməmiş 01 ay 17 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, məhkumluğu ödənilməmiş, Qazax rayonu, Xanlıqlar kəndində qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, Muxtarov qəsəbəsində kirayədə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və Təqsirləndirilən şəxs2, xx xxxx 1991-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, heç yerdə işləməyən, Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 yanvar 2011-ci il tarixli hökmü ilə, Azərbaycan Respublikası CM-nin 181.2.1 və 181.2.5-ci maddələri ilə təqsirli bilinib, 09 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 04 iyun 2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, özgənin əmlakını gizli olaraq talama məqsədi və tamah niyyəti ilə, qabaqcadan əlbir olan bir qrup şəxs halında, 07 noyabr 2022-ci il tarixdə, saat 02:50 radələrində Zərərçəkmiş şəxs fəaliyyət göstərdiyi Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 25/29 ünvanında yerləşən «Fincan» adlanan kafenin giriş qapısının açıq olmasından istifadə edərək birlikdə həmin kafeyə qanunsuz daxil olmaqla kafenin həyətində olan 1 ədəd mis samovarı gizli yolla talayaraq Zərərçəkmiş şəxs 800 manat məbləğində maddi ziyan vurmaqla əmlakını oğurlamışlar. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, o, ailəsini dolandırmaq üçün 2021-ci ildən küçələrdə tullantı plasmas və dəmirlər yığıb təhvil verir. Təqsirləndirilən şəxs2 ilə Sabunçu rayonunda bazarın yaxınlığında yerləşən metal dəmir alınan yerdə tanış olmuş, sonuncu da plasmas və dəmir tullantılarını yığaraq təhvil verərək ailəsini dolandırır. Cahangiri tanıdığı gündən bir yerdə küçələrdən plasmas qablar və tullantı dəmirlər yığıb bir yerdə təhvil verirlər. Böyük bir qazanc olmasa da ailələrini dolandırmağa bəs edir. 06 noyabr 2022-ci il tarixdə saat 23:30 radələrində Sabunçu rayonu ərazisində yerləşən bazarın yanına gələndə orada tanışı Cahangiri görmüş, sonuncu ona plasmas qablar və tullantı metal dəmirlər yığmağa getmələrini təklif etdiyindən, uşaq arabasını götürərək Sabunçu rayonunda yerləşən bazar istiqamətindən çıxıb yol qırağında olan tullantı dəmir və plasmas yığmağa getmişlər. Yola çıxaraq metronun Qara Qarayev çıxışı istiqamətində yolun kənarına baxa-baxa gedərkən 07 noyabr 2022-ci il tarixdə saat 02:50 radələrində metronun Neftçilər istiqamətində olan çıxışına doğru yolun kənar hissəsində dəmir barmaqlarla hasarlanmış «Fincan» adlanan kefeni və bir qədər hasardan içəri doğru boylandıqda isə bir ədəd samovarın olduğunu görüb, dəmir barmaqlıqlardan hasarı olan kafenin arka olan hissəsindəki açıq qapıdan içəri daxil olaraq həmin bir ədəd samovarı Cahangirlə birlikdə götürüb ordan uzaqlaşdıqdan sonra yolun kənarında dayanan taksiyə yaxınlaşıb, samovarı avtomobilin arxa oturacağına qoyaraq, Ramana qəsəbəsinə kirayə yaşadığı evə aparmşlar. Həmin gün saat 12:30 radələrində samovarı Cahangirin sifariş verdiyi taksi taksiyə qoyub, Cahangirlə birlikdə sonuncunun çoxdan tanıdığı Sabunçu rayonunda yerləşən bazarda dəmir metal alan Pənah adlı şəxsin işlədiyi yerə getmişlər. Bazara çatdıqda Cahangirlə birlikdə samovarı avtomobilin yük hissəsindən düşürdüb taksini yola salmışlar. Sonradan o, Cahangirə samovarı satmasını, özünün isə kafedə gözləyəcəyini bildirmişdir. 30 dəqiqədən sonra Cahangir onun əyləşdiyi kafeyə gələrək samovarı 120 manata satdığını deyib 60 manat pulu ona vermişdir. Bundan sonra Cahangir öz yaşadığı evə, özü də kirayə yaşadığı evə getmişdir. Cahangirlə samovarı oğurlayarkən kənardan kimsə görməmiş, bundan başqa heç bir cinayət etməmiş, Cahangirin samovarı 750 manata satması barədə heç bir məlumatı yoxdur, sonuncu ona 60 manat verərək samovarı 120 manata satdığını bildirmişdir. Sonda Təqsirləndirilən şəxs1 törətdiyi əməldən səmimi peşman olduğunu bildirdi və barəsində azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, o, ailəsini dolandırmaq üçün 2018-ci ildən küçələrdə tulantı plasmas və dəmirlər yığıb təhvil verir. Təqsirləndirilən şəxs1 ilə Sabunçu rayonunda bazarın yaxınlığında yerləşən metal dəmir alınan yerdə tanış olmuş, sonuncu da plasmas və dəmir tullantılarını yığaraq təhvil verib ailəsini dolandırır. Şəadəti tanıdığı gündən bir yerdə küçələrdən plasmas qablar və tulantı dəmirlər yığıb bir yerdə təhvil verirlər. Böyük bir qazanc olmasa da ailələrini dolandırmağa bəs edir. 06 noyabr 2022-ci il tarixdə saat 23:30 radələrində Sabunçu rayonu ərazisində yerləşən bazarın yanına gələndə orada tanışı Şəadəti görmüş və sonuncuya plasmas qablar və tullantı metal dəmirlər yığmağa getməklərini təklif etmişdir. Bundan sonra uşaq arabasını götürərək Sabunçu rayonunda yerləşən bazar istiqamətindən çıxıb yol qırağında olan tulantı dəmir və plasmas yığmağa getmişlər. Yola çıxaraq Bakı şəhəri, metronun Qara Qarayev çıxışı istiqamətində yolun kənarına baxa-baxa gedərkən xx.xx.2022-ci il tarixdə saat 02:50 radələrində metronun Neftçilər istiqamətində olan çıxışına doğru piyada gedərkən yolun kənar hissəsində dəmir barmaqlarla hasarlanmış «Fincan» adlanan kefeni və bir qədər hasardan içəri doğru boylandıqda isə bir ədəd samovarın olduğunu görmüşlər. Dəmir barmaqlıqlardan hasarı olan kafenin arka olan hissəsindəki açıq qapıdan içəri daxil olaraq həmin bir ədəd samovarı Şəadətlə birlikdə götürüb oradan uzaqlaşdıqdan sonra yolun kənarında dayanan taksiyə yaxınlaşıb samovarı avtomobilin arxa oturacağına qoymuşlar. Sürücüyə onları Sabunçu rayonu, Ramana qəsəbəsinə aparmağını sifariş etmişlər. Ramana qəsəbəsinə çatdıqda avtomobildən samovarı düşürdərək Şəadətin kirayə yaşadığı evə aparıb, həmin gün saat 12:30 radələrində taksi sifariş verib, Şəadətlə birlikdə samovarı çoxdan tanıdığı Sabunçu rayonunda yerləşən bazarda dəmir metal alan Pənah adlı şəxsin işlədiyi yerə getmişlər. Bazara çatdıqda Şəadətlə birlikdə samovarı avtomobilin yük hissəsindən düşürdüb taksini yola saldıqdan sonra Şəadət ona yaxınlıqda olan kafedə gözləyəcəyini bildirmişdir. O isə samovarı sənədsiz başqa heç kimə sata bilməyəcəyini bilib metal qəbulu yerinə gedib orada tanışı Pənahla görüşərək özünə məxsus olan samovarı rayondan gətirdiyini deyərək sonuncuya 120 manata satmışdır. 120 manat pulu aldıqdan sonra Şəadətlə görüşüb 60 manatı sonuncuya vermiş, özüdə 60 manata ev üçün ərzaq və 30 manata xəstə oğlu üçün dərman almışdır. Şəadətlə qeyd olunan samovarı oğurlayarkən kənardan kimsə görməmişdir, samovarı Pənaha 750 manata deyil, 120 manata satmışdır, bundan başqa heç bir cinayət əməli törətməmişdir. Sonda Təqsirləndirilən şəxs2 törətdiyi əməldən səmimi peşman olduğunu bildirdi və barəsində azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsləri və onların müdafiəçilərini dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə müəyyən edilmiş cinayət əməllərini törətmişdir və onların təqsiri, özlərinin etirafedici ifadələri ilə yanaşı, aşağıda göstərilən sübutlarla da təsdiq edilir. 23 fevral 2023-cü il tarixdə Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək, təqsirləndirilən şəxslər tərəfindən ona dəymiş ziyanın tam ödənildiyini, təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmiş və işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilmiş ifadəsindən görünür ki, o, 1 ilə yaxındır ki, Bakı şəhəri Nizami rayonu, Qara Qarayev prospekti 25/29 ünvanında yerləşən «Fincan» adlanan kafeni icarə əsasında işlədir. Eyni zamanda kafenin qarşısında olan ərzaq mağazasını da icarə əsasında işlədir. İcarəyə işlətdiyi kafenin qarşısında həyəti vardır və həmin həyətyanı sahə hasarlanmışdır, giriş qapısı da vardır. Kafenin həyətində özünə məxsus olan müəyyən avadanlıqlar vardır ki, həmin əşyaları kafeni axşam bağladıqdan sonra həyətdə saxlayır. 06 noyabr 2022-ci il tarixdə, saat 23:05 radələrində kafedə işlərini yekunlaşdırıb qapıları bağlamış və kirayə yaşadığı evinə getmişdir. Səhəri gün 07 noyabr 2022-ci il tarixdə saat 10:15 radələrində yaşadığı evdən çıxıb iş yerinə yəni, kafeyə gəldikdən sonra su qaynatmaq üçün samovara yaxınlaşdıqda onu yerində aşkar etməyib, kafedə işləyən işçilərdən samovarın harada olması barədə maraqlandıqda ona samovardan məlumatlarının olmadıqlarını bildirmişlər. Bir qədər sonra 1500 manat dəyərində olan mis materialından olan samovarının oğurlandığını bilmişdir. Daha sonra isə oğurluq hadisəsi barədə polisə ərizə ilə müraciət etmişdir. Qeyd etmişdir ki, icarə əsasında işlətdiyi kafedən başqa bir əşya oğurlanmamışdır. Şahid1 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilmiş ifadəsindən görünür ki, 4-5 ildir ki, Sabunçu rayonu ərazisində olan bazarın yanında içarəçi kimi yer götürüb, əlvan metal, qara metal və sair metalların qəbulu ilə məşğul olur. VÖEN əsasında fəaliyyət göstərir və vergi ödəyicisidir. Yanında işləyən fəhlələri hər gün müxtəlif yerlərdən və müxtəlif şəxsləri dəvət etməklə işləyir. Fəhlələrə hər iş günü üçün 10- 12 manat pul verir. Yanında arabir Təqsirləndirilən şəxs2 da işləmişdir. 07 noyabr 2022-ci il tarixdə gündüz vaxtı Cahangir onun yanına gələrək, rayondan özünə məxsus olan 1 ədəd samovarı satmaq istədiyini dediyi üçün o, samovara baxıb 750 manat məbləğində dəyərləndirib, həmin məbləğdə pul verə biləcəyini demiş, sonuncu qiymətlə razılaşdıqdan sonra 750 manat pulu verdikdən sonra sonuncu çıxıb getmişdir. Özü isə samovarı anbara qoymuşdur. 21 noyabr 2022-ci il tarixdə Nizami rayon Polis İdarəsinin 24-cü polis şöbəsinin əməkdaşları gələrək onda oğurluq samovarın olduğunu bildirdikləri üçün o da samovarın oğurluq olduğunu bilmədiyini deyib, polis əməkdaşlarına təqdim etmişdir. Qeyd etmişdir ki, samovarın oğurluq olduğunu bilməmiş, Cahangiri çoxdan tanıdığı üçün sonuncudan samovarı sənədsiz qəbul etmiş və gələcəkdə özünün istifadəsi üçün saxlamışdır. Samovarı Cahangirdən 120 manata deyil, 750 manata almışdır. Şahid2 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilmiş ifadəsindən görünür ki, Nizami RPİ-nin 24-cü PŞ-nin təhqiqatçısı, polis kapitanı Namiq İsmayılov tərəfindən, Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixdə Nizami rayonu, Q.Qarayev prospekti 25/29 ünvanında yerləşən icarəyə götürdüyü “Fincan” kafesinin həyətində 1500 manat dəyərində olan samovarın oğurlanması barədə əməliyyat tapşırığı icraatına daxil olduqdan sonra, tapşırığa əsasən tərəfindən bir sıra əməliyyat-axtarış tədbirləri həyata keçirilmiş və alınmış əməliyyat məlumatı əsasında xx.xx.2022-ci il tarixdə baş vermiş oğurluq cinayət hadisəsini törədən xx.xx.1991-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş, Təqsirləndirilən şəxs2 və xx.xx.1964-cü il təvəllüdlü Təqsirləndirilən şəxs1 Niftah oğlu olduqları müəyyən edilmişdir. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2022-ci il tarixdə yuxarıda adları qeyd olunan Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Sabunçu rayonu Ramana qəsəbəsində sonuncunun kirayə yaşadığı evin qarşısında tərəfindən saxlanılmış və 24-cü Polis Şöbəsinə gətirilərək aidiyyəti üzrə təhvil verilmişlər. İş materiallarında olan baxış keçirilməsi barədə 07 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, Nizami RPİ-nin 24-cü Polis şöbəsinin təhqiqatçısı polis kapitanı Namiq İsmayılov tərəfindən zərərçəkmiş şəxs X1 iştirakı ilə hadisə yerlərinə baxış keçirilərək müvafiq protokol tərtib edilməklə araşdırma materialına əlavə edilmişdir. İş materiallarında olan 23 noyabr 2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, aralarında keçirilmiş üzləşdirmə zamanı zərərçəkmiş şəxs Şahid1 ifadəsində göstərdiklərini bir daha Təqsirləndirilən şəxs2 üzünə qarşı deyərək ifadəsini təsdiq etmişdir. İş materiallarında olan videogörüntüyə baxış keçirilməsi haqqında 20 dekabr 2022ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 1 ədəd samovarı dəmir barmaqlıqların üzərindən keçirtdikdən sonra Təqsirləndirilən şəxs2 həmin samovarı bir neçə metr məsafəni tək olaraq daşıyır, daha sonra Təqsirləndirilən şəxs1 ona kömək edərək samovarın digər dəstəyindən tutaraq hadisə yerindən uzaqlaşırlar. İfadələrində Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 həmin samovarı 07 noyabr 2022-ci il tarixdə saat 02:50 radələrində Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 25/29 ünvanında yerləşən «Fincan» adlanan kafenin giriş qapısının açıq olmasından istifadə edərək içəri daxil olmaqla kafenin həyətindən oğurladığını bildirmişlər. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 11 yanvar 2023-cii il tarixli 9/9105 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilən 01 ədəd təxminən 40 litr tutumu olan mis samovarın istifadədə olması nəzərə alınmaqla 2022-ci ilin noyabr ayında olan orta bazar qiyməti təxminən 800,00 manat müəyyən edilir. İş materiallarında olan ifadənin yerində yoxlanılması haqqında 25 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, ifadələri yerində yoxlanılarkən, təqsirləndirilən şəxslər ifadələri yerində yoxlanılarkən ibtidai istintaq zamanı verdikləri ifadələri bir daha yerində təsdiq edərək, hadisə yerini əyani qaydada göstərmişlər. İş materiallarında olan sübutların qiymətləndirilməsi barədə 26 yanvar 2023-cü il tarixli qərardan görünür ki, iş üçün mühüm əhəmiyyət kəsb edən 1 ədəd 40 litr tutumu olan mis samovar maddi sübut kimi tanınmış və saxlanılması üçün Zərərçəkmiş şəxs qəbz əsasında təhvil verilmiş, iş üzrə Şahid1 maddi sübut hesab edilən samovarı 750 manata alması kimi qəbul edilməsi və hərəkətlərində Azərbaycan Respublikası CM-nin 194-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkibi yaranmadığından, həmin xüsusatla bağlı cinayət təqibinin başlanmasının rədd edilməsi qərara alınmışdır. İş materiallarında olan AA3419313 və AA3419315 saylı şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Bayramova Leyla xx.xx.2022-ci ildə, Bayramova Nabat xx.xx.2020-ci ildə doğulmuşlar, ataları Təqsirləndirilən şəxs2dur. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsirləri tam sübuta yetirilir. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs1 şəxsiyyətini, əvvəllər məhkum olunmasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını və zərərçəkmiş şəxslə barışıq əldə etməsini məhkəmə Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hallar hesab edir. Qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs1, məhkumluğu ödənilmədən və ya götürülmədən, yenidən qəsdən cinayət törətməsini məhkəmə cinayətlərin residivi və Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayət törədilməsi cinayətin residivini yaradır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 02 dekabr 2022-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 02 fevral 2016-cı il tarixli hökmü ilə, Azərbaycan Respublikası CM-nin 29,177.1-ci maddəsi ilə təqsirli bilinib, 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, sonuncu dəfə isə Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 avqust 2016-cı il tarixli hökmü ilə, Azərbaycan Respublikası CM-nin 180.2.1, 180.2.2, 180.2.4 və 326.1-ci maddələri ilə təqsirli bilinib, həmin Məcəllənin 66.3-cü maddəsi tətbiq edilməklə, qəti olaraq 6 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 16 oktyabr 2019-cu il tarixli qərarına əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 avqust 2016-cı il tarixli hökmü ilə təyin edilmiş cəzası 05 il 02 aya endirilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 09 iyul 2021-ci il tarixli qərarına əsasən cəzasının çəkilməmiş 01 ay 17 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş sayılır. Azərbaycan Respublikası CM-nin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Bununla da işdə olan sübutlarla isə təsdiq olunur ki, məhkumluğu vaxtından əvvəl götürülməmiş Təqsirləndirilən şəxs1 ona istinad edilən cinayət əməlini, az ağır cinayət törətməyə görə əvvəllər məhkum olunduğu azadlıqdan məhrum etmə cəzasından şərti olaraq vaxtında əvvəl azad edildiyi gündən 2 il keçmədən törətmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs2 şəxsiyyətini, əvvəllər məhkum olunmasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını, himayəsində iki azyaşlı uşağının olmasını və zərərçəkmiş şəxslə barışıq əldə etməsini məhkəmə Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hallar hesab edir. Qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs2, məhkumluğu ödənilmədən və ya götürülmədən, yenidən qəsdən cinayət törətməsini məhkəmə cinayətlərin residivi və Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayət törədilməsi cinayətin residivini yaradır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 02 dekabr 2022-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs2 Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 yanvar 2011-ci il tarixli hökmü ilə, Azərbaycan Respublikası CM-nin 181.2.1 və 181.2.5-ci maddələri ilə təqsirli bilinib, 09 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 04 iyun 2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş sayılır. Bununla da işdə olan sübutlarla isə təsdiq olunur ki, məhkumluğu vaxtından əvvəl götürülməmiş Təqsirləndirilən şəxs2 ona istinad edilən cinayət əməlini, ağır cinayət törətməyə görə əvvəllər məhkum olunduğu azadlıqdan məhrum etmə cəzasından azad edildiyi gündən 6 il keçmədən törətmişdir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə növündə cəzanın xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Buna görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının son həddinin yarısından az olmamaqla, cəzalar təyin edilməli və cəzanın çəkilməsi ciddi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İş materiallarında olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 25 noyabr 2022-ci il, 19 yanvar 2023-cü il tarixli və 14 mart 2023-cü il tarixli qərarlarından görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 25 noyabr 2022-ci il tarixli qərarları ilə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində ayrı-ayrılıqda 2 ay müddətinə həbs qətimkan tədbirləri seçilmiş, həbs etmələrinin əvvəli 22 noyabr 2022-ci il tarixdən hesablanmış, o cümlədən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 19 yanvar 2023-cü il və 14 mart 2023-cü il tarixli qərarları ilə, təqsirləndirilən şəxslərin hər birinin həbsdə saxlama müddətləri müvafiq olaraq 22 fevral 2023-cü il və 14 mart 2023-cü il tarixlərədək uzadılmışdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 23 fevral 2023-cü il tarixli qərarı ilə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə məhkəməyə verilmişlər və onların barələrində seçilmiş həbs qətimkan tədbirləri qüvvədə saxlanılmışdır. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutulduqları və həbsdə saxlanıldıqları müddətlər cəzaçəkmə müddətlərinə hesablanmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd 40 litr tutumlu mis samovarın ibtidai istintaq zamanı Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 vəkilinin işdə iştirak etdiyi müddət 45 iş saatı müddətinə bərabər olduğundan, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 270 manat (45x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi1 dövlət büdcəsi hesabına ödənilməlidir. Bundan başqa, Təqsirləndirilən şəxs2 vəkilinin işdə iştirak etdiyi müddət 45 iş saatı müddətinə bərabər olduğundan, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 270 manat (45x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi2 dövlət büdcəsi hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona, 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Cəzanın çəkilməsi Təqsirləndirilən şəxs1 ciddi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli 22 noyabr 2022-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona, 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Cəzanın çəkilməsi Təqsirləndirilən şəxs2 ciddi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli 22 noyabr 2022-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri qüvvəsində saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd 40 litr tutumlu mis samovarın ibtidai istintaq zamanı Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs1 45 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 VÖEN – ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 270 manat əmək haqqı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Təqsirləndirilən şəxs2 45 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 VÖEN – ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 270 manat əmək haqqı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən isə apellyasiya şikayəti hökmün surətinin ona verildiyi andan 20 gün müddətində verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar