Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-219/2024 16.05.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxx 2000-ci il tarixdə Masallı rayonunun Təklə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, bir uşağı olan, işləməyən, əvvəllər məhkum olunmamış, Masallı rayonunun Təklə kəndində qeydiyyatda olan, Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi ev 36, mənzil 58-də yaşayan, 03 oktyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 05 oktyabr 2023-cü il tarixdə tutmadan azad olunaraq barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, həmin qətimkan tədbirinin şərtlərini pozaraq məhkəmədən gizləndiyindən 19 aprel 2024cü il tarixdə haqqında axtarış elan olunmuş, qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilmiş, 10 may 2024-cü il tarixdə həbs edilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı istintaq təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddəni əldə edib daşıyaraq saxlamışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən, satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda, ümumi təmiz çəkisi 1,041 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, 03 oktyabr 2023-cü il tarixdə saat 20:45 radələrində Bakı şəhəri Nizami rayon polis idarəsinin 25-ci polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində ünvan 1 ünvanının qarşısında şübhəli şəxs qismində saxlanılaraq ünvan 2 ünvanında yerləşən Nizami RPİ-nin 25-ci polis şöbəsinə gətirilmiş, orada üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan ağ rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümdə 1,041 qram olan ağ rəngli kristalşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, təxminən 2 ildir ki, narkotik vasitələrdən istifadə edir. 03 oktyabr 2023-cü il tarixdə tutulmazdan təxminən 3-4 gün əvvəl Sabunçu rayonunda üzdən tanıdığı, lakin adını bilmədyi şəxsdən 15 manat qarşılığında adını “patı” kimi tanıdığı psixotrop maddə almış və üzərində saxlamışdır. 03 oktyabr 2023-cü il tarixdə Nizami rayonu, metronun “Neftçilər” stansiyasının yaxınlığında olarkən iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq polis əməkdaşı olduqlarını bildirib onu şübhəli şəxs kimi polis şöbəsinə dəvət etmişlər. O, etiraz etməyib polis əməkdaşları ilə birlikdə 25-ci polis şöbəsinə getmişdir. Polis şöbəsində ona hüquq və vəzifələri izah edilmiş, vəkil dəvət olunmuş və şübhəli şəxs kimi tutulmuşdur. Bundan sonra üzərində şəxsi axtarış aparılacağı elan edilmişdir. Həmin vaxt ona üzərində qanunsuz əşya, maddə varsa təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra o, əynində olan ağ rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofan bükümdə, içərisində ağ rəngli kristallik maddə olan bükümü təqdim etmişdir. Polislərin sualına cavab olaraq o, həmin bükümün içərisində “patı” kimi tanıdığı narkotik maddə olduğunu, həmin narkotiki üzdən tanıdığı şəxsdən Sabunçu rayonu ərazisində 15 manat ödəniş edərək aldığını və üzərində saxladığını bildirmişdir. Bundan sonra üzərinə baxış keçirilmiş və digər qanunsuz əşya və predmet aşkar olunmamışdır. O, narkotik maddənin qoyulduğu zərfin üzərini və tərtib olunan protokolu imzalamışdır. Təqsirləndirilən şəxs ifadəsində daha sonra əməlindən səmimi peşman olduğunu, himayəsində bir azyaşlı uşağı olduğunu, özünün uzun illərdir onkoloji xəstəliklərdən əziyyət çəkdiyini, buna görə ikinci qrup əlil olduğunu göstərmiş və barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri Nizami RPİ-nin 25-ci polis bölməsinin cinayət axtarışı üzrə baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 03 oktyabr 2023-cü il tarixdə “Samir” adlı şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə Nizami RPİ-nin 25-ci polis şöbəsinə əməliyyat məlumatı daxil olmuşdur. Buna görə “Samir” adlı şəxsin ətrafında əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərar qəbul edilmişdir. Həmin qərarın icrası ilə əlaqədar 03 oktyabr 2023-cü il tarixdə saat 20:45 radələrində 25-ci polis bölməsinin cinayət axtarışı üzrə əməliyyat müvəkkili Şahid1 ilə birlikdə “Samir” adlı şəxsin Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 76 ünvanının qarşısında dayandığını müəyyən edib ona yaxınlaşmışlar və Samirə özlərini təqdim etmişlər. Daha sonra əməliyyat tədbirinin keçirilməsi haqqında qərarla Samiri tanış edib narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğunu bildirərək üzərinə şəxsi axtarış aparılması məqsədi ilə 25-ci PŞ-nə getməsini təklif etmişlər. Samir etiraz etməyərək onlarla polis şöbəsinə getmişdir. Həmin vaxt Samir adlı şəxsin Təqsirləndirilən şəxs olduğunu dəqiqləşdirmişlər. Bundan sonra təhqiqatçı tərəfindən vəkilin iştirakı ilə o, şübhəli şəxs qismində tutulmuşdur. Üzərinə şəxsi axtarış keçirilməsi barədə qərar elan edildikdən sonra şübhəli şəxsə üzərində hər hansı bir narkotik vasitə və ya qanunsuz əşya varsa təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan ağ rəngli cins şalvarın qabaq sağ yan cibindən 01 ədəd bükümü çıxarıb təqdim etmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükümün içərisində “patı” kimi bildiyi maddənin olduğunu bildirmişdir. Baxış zamanı 01 ədəd büküm açılmış, bükümün içərisində ağ rəngli, kristalşəkilli psixotrop maddə metamfetaminə oxşar maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin maddəni 3-4 gün əvvəl Sabunçu rayonu ərazisində üzdən tanıdığı şəxsdən 15 manat müqabilində istifadə etmək məqsədi ilə əldə etdiyini bildirmişdir. Bundan sonra 01 ədəd büküm 01 ədəd zərfə qoyulub qablaşdırılaraq götürülmüşdür. Şəxsi axtarış davam etdirilsə də şübhəli şəxsin üzərindən başqa qanunla qadağan edilmiş əşya və ya predmet aşkar edilməmişdir. Bükümün qoyulduğu zərfin üzəri və qeyd olunanlara dair tərtib edilən protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır. Bu tədbirlər zamanı Təqsirləndirilən şəxs özünü səmimi aparmış, əməlini etiraf etmiş, tərəflərindən həmin şəxsə qarşı qanunsuz hərəkətə yol verilməmiş, təzyiq göstərilməmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin 25-ci polis bölməsinin cinayət axtarışı üzrə əməliyyat müvəkkili Şahid1 iştirakı mümkün olmadığından həmin dövrdə verdiyi ifadəsi məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş, onun Şahid2la eyni məzmunlu ifadə verdiyi müəyyən edilmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 04 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (i.v. 1) - 03 oktyabr 2023-cü il və 04 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nin əməkdaşları tərəfindən qanunsuz olaraq narkotik vasitələri əldə etməkdə və istifadəsində şübhəli olan Təqsirləndirilən şəxs 03 oktyabr 2023-cü il tarixdə saxlanılaraq 25-ci PŞ-nə gətirilmiş, onun hüquqlarının müdafiə edilməsi üçün vəkil dəvət olunmuş və vəkilin iştirakı ilə şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra videoçəkiliş aparılmaqla şübhəli şəxs şəxsi axtarış və götürmə haqqında qərarla tanış edilərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları könüllü sürətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan ağ rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofan bükümdə, içərisində ağ rəngli kristallik maddə olan bükümü təqdim etmişdir. Sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs həmin bükümün içərisində “patı” kimi tanıdığı narkotik maddə olduğunu, həmin narkotiki üzdən tanıdığı şəxsdən Sabunçu rayonu ərazisində 15 manat ödəniş edərək aldığını və üzərində saxladığını bildirmişdir. Bundan sonra şübhəli şəxsin üzərinə baxış keçirilən zaman üzərindən qanunla dövriyyəsi qadağan olunmuş heç bir əşya və ya predmet aşkar olunmamışdır. Aşkar olunmuş narkotik vasitəyə bənzər maddə içərisi boş olan ağ rəngli kağız zərfin içərisinə qoyulub qablaşdırılaraq götürülmüş, zərfin üzəri və tərtib olunan protokol şübhəli şəxs Təqsirləndirilən şəxs və digər iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış və götürmə zamanı qeydə alınmış videogörüntüyə müstəntiq tərəfindən şübhəli şəxsin və müdafiəçisinin iştirakları ilə 04 oktyabr 2023-cü il tarixdə baxış zamanı qeyd olunanların öz təsdiqini tapdığı müəyyən edilmişdir. (i.v. 33-34, 57) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının 04 oktyabr 2023-cü il tarixli 6/5180 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 165” dairəvi möhür əksləri, “...Təqsirləndirilən şəxs (imza)...” yazıları və imzalar olan 01 ədəd zərfin içərisində 01 ədəd bükümdə təmiz çəkisi 1,041 qram olan ağ rəngli, kristalşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir. Qeyd: metamfetaminin təmiz çəkisi 1,041 qram olmuş, tədqiqata 0,05 qram sərf edilmiş, 0,991 qram qalıq qalmışdır. (i.v. 42-45) - 05 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nin CA üzrə əməliyyat müvəkkili Şahid1 rəhbərliyi ilə “Samir” adlı şəxslə bağlı əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair 03 oktyabr 2023-cü il tarixli qərar Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən qanuni hesab edilmişdir. (i.v. 85) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsin Ambulator Məcburi-Narkoloji tibbi yoxlamasına dair 16 noyabr 2023-cü il tarixli 7484 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixostimulyatorların qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq halhazırda Təqsirləndirilən şəxs İİ dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v. 95-96) - 10 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən saxlanılmış, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin tərkib əlamətləri olmadığından barəsində həmin maddə ilə cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs psixotrop maddə metamfetamini əldə etdiyi mənbəni müəyyən etmək üçün cinayət işindən material ayrılaraq Nizami RPİ-nin 25-ci PŞ-nə göndərilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd bükümdə təmiz çəkisi 1,041 qram çəkidə psixotrop maddə metamfetamin və içərisində şəxsi axtarış və götürmə aparılması haqqında protokola əlavə edilmiş videogörüntünün olduğu 01 ədəd DVD disk maddi sübut kimi tanınmış, disk cinayət işinə əlavə edilmiş, psixotrop maddənin ekspertiza tədqiqatından sonrakı 0,991 qram qalığı saxlanılmasından ötrü Bakı şəhəri Nizami RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. (i.v. 104-109) Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Məhkəmə qeyd edir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi; məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması hesab olunur. Birləşmiş Millətlər Təşkilatının 30 mart 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyası, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” və 19 dekabr 1988-ci il tarixli “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” konvensiyalarında narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanun-suz dövriyyəsi beynəlxalq cinayət hesab edilmişdir. “Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 5-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 64-cü maddəsi və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsi baxımından həmin Məcəllənin 18-ci maddəsinin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 27.1-ci maddəsinə münasibətdə həmin Məcəllənin 234.1-ci maddəsinin şərh edilməsinə dair” 18 sentyabr 2020-ci il tarixli Qərarına əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 27.1-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 234.1-ci maddəsinin obyektiv cəhətini təşkil edən hərəkətlərdən hər hansı birinin başa çatması anında bu maddədə nəzərdə tutulan cinayət başa çatmış hesab olunur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək qeyd edir ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş psixotrop maddənin mənbəyinin müəyyən edilməsi faktının araşdırılması məqsədi ilə material ayrılmışdır və nəticəsindən asılı olaraq hüquqi qiymət veriləcəkdir. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidi dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi özünün etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, məhkəmə ekspertizalarının rəyləri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Odur ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 234.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - həmin maddədə nəzərdə tutulmuş cinayət məsuliyyətinə səbəb olur, bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: - 03 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs kimi həmin tarixdə tutulmuşdur. (i.v. 21) - 05 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsinə dair məhkəməyə təqdimat verilməsi barədə müstəntiqin vəsatətinin müdafiə olunmasından ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən imtina edilmiş, onun saxlanıldığı Nizami RPİ-nin MSY-dən azad olunması qərara alınmışdır. (i.v. 71-72) -Bakı şəhəri Nizami RPİ-nin istintaq şöbəsinin müstəntiqinin 05 oktyabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (i.v. 73) -Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 19 aprel 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs, onun barəsində seçilmiş qətimkan tədbirinin şərtlərini pozduğu üçün və üzrlü səbəblər olmadan məhkəmə iclaslarına gəlməyib gizləndiyindən onun haqqında axtarış elan olunmuş, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilmişdir. -Bakı şəhəri Nizami RPİ-nin 25-ci polis şöbəsinin 10 may 2024-cü il tarixli 3662 nömrəli məktubundan və ona əlavə edilən protokoldan görünür ki, barəsində axtarış elan edilərək həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs 10 may 2024-cü il tarixdə tutulmuşdur. -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 28 oktyabr 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu haqqında məlumat yoxdur. (i.v. 92) “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə törətdiyi əməl həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal qismində Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət əməli törətməsini, cəzasını yüngülləşdirən halın olmasını, cəzasını ağırlaşdıran halın isə olmamasını, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq və cəmiyyətdən təcrid edilmədən islah olunmasının mümkün olması qənaətinə gələrək, hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması üçün cəmiyyətdən təcrid olunmamaqla barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Ona görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırkı işlə bağlı 03 oktyabr 2023-cü il tarixdən 05 oktyabr 2023-cü il tarixədək şübhəli şəxs qismində 02 gün müddətinə tutulmuş, 10 may 2024-cü il tarixdən 16 may 2024-cü il tarixədək 06 gün həbsdə saxlanılmışdır. Ona görə məhkəmə hesab edir ki, həmin cəmi 08 gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin olunacaq cəzanın müddətindən çıxılaraq, təqsirləndirilən şəxsin üzərində qəti müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-3.1 və 51-2.1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlığın məhdudlaşdırılması növündə cəzasını yaşayış yeri üzrə çəkməli və cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə müvafiq məhkəmə qərarı olmadan hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini, habelə gün ərzində Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulmalı, Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli olduğundan, onun barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilib, hökm qanuni qüvvəyə minənədək, başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz olunmalı və o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınaraq Bakı şəhəri Nizami RPİ-nin maddi sübutları saxlama kamerasında saxlanılan, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalmış psixotrop maddə metamfetamin məhv olunmalı, içərisində şəxsi axtarış və götürmə zamanı qeydə alınmış videogörüntü olan 01 ədəd disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır; CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə, Ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti olmadığından qərar əsasında dövlət hesabına dəvət olunmuş vəkilin məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardımla bağlı iştirak etdiyi müddətə görə Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs hazırkı iş üzrə 03 oktyabr 2023-cü il tarixdən 05 oktyabr 2023cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün, 10 may 2024-cü il tarixdən 16 may 2024-cü il tarixədək həbsdə saxlanıldığı 06 (altı) gün, cəmi 08 (səkkiz) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq, 16 (on altı) günə bərabər sayılmaqla təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının müddətindən çıxılıb, üzərində qəti olaraq 02 (iki) il 08 (səkkiz) ay 14 (on dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə müvafiq məhkəmə qərarı olmadan hər gün saat 22:00dan növbəti gün saat 07:00-dək yaşayış yerini, habelə gün ərzində Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilib, hökm qanuni qüvvəyə minənədək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz olunsun və o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Maddi sübut qismində tanınmış, Təqsirləndirilən şəxs aşkar edilərək götürülməklə Bakı şəhəri Nizami RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş, ekspertiza tədqiqatından sonra qalan 0,991 qram psixotrop maddə metamfetamin məhv edilsin, içərisində şəxsi axtarış və götürmə zamanı qeydə alınmış videogörüntü olan 01 ədəd DVD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Məhkəmə məsrəfi olan 80 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı dövründə 21 iş saatı göstərdiyi pulsuz hüquqi yardıma görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi müvafiq hesablaşma hesabı üzərindən 126 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №1(007)-219/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-219/2024
16.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver