Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-22/2021 01.03.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, onun müdafiəçisi-Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxxxx 1993-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, Bakı şəhəri, Suraxanı rayonu, Balandin küçəsi, ev 42-də qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Yeni Ramana, yeni yaşayış massivində yaşamış, xx xxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx xxxx 2020-ci il tarixdə tutmadan azad edilərək barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, törətdiyi digər cinayət əməli ilə bağlı Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatında olan iş üzrə xx xxxxxx 2020-ci il tarixli qərarla barəsində həbs qətimkan tədbiri seçilmiş və məhkəmə iclas zalından həbs olunmuş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı istintaq təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddə metamfetamini şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib özündə saxlamış, daşımışdır. Belə ki, o, 2020-ci ilin mart ayının əvvəlində istintaqa Xəqani adı ilə məlum olan şəxsdən qanunsuz olaraq satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda 0,607 qram kustar üsulla alınmış psixotrop maddə-metamfetamin əldə edib üzərində saxlamaqla daşımış və xx xxxx 2020-ci il tarixdə saat 18 radələrində Bakı şəhəri Nizami RPİ-nin CAŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 70 ünvanının qarşısında saxlanılıb, Bakı şəhəri, Nizami rayonu, Mehdi Abbasov küçəsi, 119 ünvanında yerləşən 25-ci Polis Şöbəsinə gətirilərək orada şəxsi axtarış zamanı əynində olan qara rəngli şalvarının arxa sağ yan cibindən ağ rəngli sellofan kağıza bükülmüş, spesifik iyə malik olan, şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi 0,607 qram kristallardan ibarət kustar üsulla alınmış psixotrop maddə-metamfetamin aşkar edilərək götürülmüşdür. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Bakı şəhərində doğulub böyümüş, orta təhsilini və peşə-ixtisas təhsilini Bakı şəhərində almışdır, azərbaycan dilində sərbəst danışa, yaza və başa düşə bilir, tərcüməçiyə ehtiyacı yoxdur. O, Olya adlı bir qadınla qeyri-rəsmi nikahda olmaqla birlikdə yaşamışdır. xx xxxx 2020-ci il tarixdə saat 18 radələrində Olya ilə “Neftçilər” metrosu yaxınlığında, Q.Qarayev prospekti, 70 ünvanının qarşısında yerləşən telefon mağazasına getmişlər. Olyanın qardaşı Vladimirin həmin telefon mağazasında işlədiyindən məlumatlı olmuşdur və bir neçə gün əvvəl də tanışı Əmrahın ona hədiyyə etdiyi “LG G6” markalı mobil telefonu həmin mağazaya satmağa getmişdir. Mağazaya daxil olduqdan bir neçə dəqiqə sonra polis əməkdaşları onu saxlayaraq Polis Şöbəsinə dəvət etmişlər. Orada üzərinə baxış keçirmişlər, baxış zamanı özü əynindəki qara rəngli şalvarın sağ arxa cibində saxladığı ağ rəngdə sellofan kağıza bükülmüş vəziyyətdə olan narkotik vasitə, habelə üzərində olan 4 ədəd həbdə “Fenazepam” dərmanını təqdim etmişdir. O, üzərindəki maddələri təxminən bir neçə gün əvvəl Bakı şəhəri, Sabunçu rayonu ərazisində yerləşən 3 saylı ŞKX-nın yaxınlığında Xəqani adlı şəxsdən almış və sellofan kağıza yığaraq şəxsi istifadəsi üçün özü ilə gəzdirmişdir. Bunlardan Olyanın xəbəri olmamışdır. Onun təqdim etdiyi “şüşə” kimi tanıdığı narkotik vasitə və 4 ədəd həbdə “Fenazepam” həbi zərfə qoyularaq qablaşdırılmışdır. O da zərfin üzərini və protokolu imzalamışdır. Təqsirləndirilən şəxs daha sonra əməlindən səmimi peşmançılıq hissləri keçirdiyini nəzərə alaraq, barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin 25-ci Polis Şöbəsinin cinayət axtarışı üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid1 ifadəsində göstərmişdir ki, cibgirlik cinayətlərinin qarşısının alınması ilə bağlı tədbirlər həyata keçirilmişdir. xx xxxx 2020-ci il tarixdə saat 18:30 radələrində Nizami rayonu, “Neftçilər” metrostansiyası yaxınlığında, Q.Qarayev küçəsi 70 ünvan qarşısında şübhələndikləri üçün bir nəfər şəxsə yaxınlaşaraq özlərini təqdim etmiş və orada nə etdiyini soruşmuşlar. Həmin şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etmiş və bildirmişdir ki, özünə məxsus mobil telefonu satmaq üçün gəlmişdir. Lakin Təqsirləndirilən şəxs satmaq istədiyi mobil telefonun sənədlərini və qutusunu təqdim edə bilməmiş, telefonu ona tanışının verdiyini bildirmişdir. Təqsirləndirilən şəxs oğurluq etdiyindən şübhəli olduqları üçün onu 25-ci Polis Şöbəsinə dəvət etmişdir. Təqsirləndirilən şəxs etiraz etməyərək onlarla şöbəyə getmişdir. Polis Şöbəsində Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsi üçün hal şahidləri dəvət edilmiş, təhqiqatçı həmin şəxslərə hüquq və vəzifələrini izah etdikdən sonra Təqsirləndirilən şəxs üzərində qeyri-qanuni əşya olubolmaması soruşulmuş, olduğu halda könüllü təqdim etməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynindəki şalvarının arxa sağ cibindən sellofan bükülüsü təqdim etmiş, bükülünün içindəki spesifik iyə malik maddənin “şüşə” narkotik vasitəsi olduğunu, Sabunçu 3 saylı kliniki xəstəxananın yanında tanımadığı Xəqani adlı şəxsdən öz istifadəsi üçün aldığını və uzun müddət istifadə edib qəbul etdiyini bildirmiş, bundan başqa cibindən 4 ədəd dərman həblərini çıxarıb bunların sakitləşdirici maddə olan “Fenazepam” olduğunu da demişdir. Aşkar edilmiş sellofana bükülü maddə və 4 ədəd dərman həbi ekspertizaya təqdim edilib yoxlanılması üçün bükülüb möhürlənərək götürülmüş və bu barədə protokol tərtib edilərək iştirakçılara ucadan oxunmuşdur. Protokol və zərfin üzəri bütün iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq olunmuş Şahid3, Şahid1la eyni məzmunlu ifadələr vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, xx xxxx 2020-ci il tarixdə saat 19:45 radələrində Nizami RPİ-nin 25-ci PŞ-nin yaxınlığından piyada keçərkən, mülki geyimdə olan şəxslər ona yaxınlaşıb özlərini polis əməkdaşları kimi təqdim etmiş, şübhəli şəxs qismində saxlanılaraq 25-ci Polis Şöbəsinə gətirilmiş bir nəfər şəxsin üzərində dövriyyəsi qadağan olunmuş əşya və ya predmetin olduğundan şübhə edildiyini, bunu dəqiqləşdirmək məqsədilə onun üzərinə baxış keçiriləcəyini bildirmiş, baxışda hal şahidi kimi iştirak etməyə dəvət etmişlər. O, etiraz etməyərək 25-ci PŞ-nin inzibati binasına daxil olmuş, xidməti otaqlardan birində ona və hal şahidi kimi dəvət edilmiş digər şəxsə hüquq və vəzifələri izah edilmişdir. Onların iştirakı ilə üzərinə baxış keçirilməli olan X3 izah edilmişdir ki, üzərində dövriyyəsi məhdudlaşdırılmış və ya qadağan olunmuş əşya və ya predmet saxlayırsa könüllü olaraq təqdim etsin. X4 heç bir etiraz bildirmədən könüllü olaraq əynindəki qara rəngli şalvarın arxa sağ cibindən sellofan kağıza bükülmüş, içərisində ağ rəngli olan spesifik iyə malik olan maddəni, “şüşə” kimi tanıdığını dediyi narkotik vasitəni təqdim edərək özünə məxsus olduğunu bildirmişdir. Həmin narkotik vasitədən başqa onun üzərindən 4 ədəd həbdə “Fenazepam” dərmanı və özünə aid digər əşyalar aşkar edilmişdir. Təqsirləndirilən şəxs demişdir ki, narkotik vasitəni 3 saylı ŞKX-nın yaxınlığında Xəqani adlı şəxsdən aldığını izah etmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq olunmuş Şahid4, Şahid5la eyni məzmunlu ifadə vermişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: -Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə cinayət işi başlanmış və icraata qəbul edilmişdir. (i.v. 1) -Şəxsi axtarış və götürmə haqqında xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, polis əməkdaşları tərəfindən, hal şahidlərinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə həmin tarixdə saat 18:40-da 25-ci Polis Bölməsinin inzibati binasında baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs üzərində saxlanılması qadağan olunmuş əşya və ya predmet olduğu təqdirdə təqdim etməsi təklif olunmuş, həmin vaxt o, heç bir etiraz bildirmədən əynindəki qara rəngli şalvarın arxa sağ cibindən sellofan kağıza bükülmüş, içərisində ağ rəngli spesifik iyə malik olan maddə, “şüşə” kimi tanıdığı narkotik vasitəni təqdim edərək həmin maddənin şüşə kimi tanıdığı narkotik vasitə olduğunu, uzun müddətdir ki, istifadə etdiyini, narkotik vasitəni bir neçə gün əvvəl Bakı şəhəri, Sabunçu rayonu ərazisində yerləşən 3 saylı ŞKX-nın yaxınlığında Xəqani adlı şəxsdən aldığını bildirmişdir. Aşkar olunmuş maddə qablaşdırılaraq ekspertizaya göndərilməsi üçün götürülmüşdür. (i.v. 13-14) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının xx xxxx 2020-ci il tarixli 6/81 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunan maddi sübut..” yazısı olan zərfdə, 1 (bir) ədəd bükümdə, təmiz çəkisi 0,607 qr olan ağ rəngli kristallardan ibarət maddə kustar üsulla alınmış psixotrop maddə metamfetamindir. Qeyd: metamfetaminin təmiz çəkisi 0,607 qr, tədqiqata sərf edildi 0,1 qr, qalıq 0,507 qr. (i.v. 44-46) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının xx xxxx 2020-ci il tarixli 6/86 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunan maddi sübut..” yazısı olan zərfdə, zavod üsulu ilə qablaşdırılmış üzərində “Fenazepam 2” yazısı olan 2 ədəd konvalyutada 4 ədəd həb fenazepam (bromdihidroxlorphenilbenzodiazepin) tərkibli dərman preparatıdır. “Fenazepam” adlı dərman preparatı “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi nəzarət edilən psixotrop maddələr”in siyahısına daxildir və 4 ədəd həbdən ibarət təsiredici maddəsi fenazepamın ümumi miqdarı 0,008 qr-dır (1 həbdə 0,002 qr fenazepam olmaqla). Qeyd: 4 həbdən 1 həb sərf edildi, qalıq 3 həb. (i.v. 48-50) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxsin Ambulator Məcburi-Narkoloji tibbi yoxlamasına dair xx xxxxx 2020-ci il tarixli 984 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs çətənə bitkisi preparatlarından və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi ilə nəticələnən asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v. 107-108) -Sübutların qiymətləndirilməsi haqqında xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunan 4 ədəd həb fenazepam dərman preparatı “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi nəzarət edilən psixotrop maddələr”-in siyahısına daxildir, lakin “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” siyahılarına daxil olmadığına görə Təqsirləndirilən şəxs barəsində həmin hissədə cinayət təqibinə xitam verilmiş və tədqiqata təqdim edildikdən sonra qalıq 03 ədəd həb saxlanılması üçün Nizami RPİ-nin maddi sübutların saxlama kamerasına təhvil verilmiş, Təqsirləndirilən şəxs qanunsuz əldə etdiyi narkotik vasitənin mənbəyinin müəyyən edilməsi məqsədilə cinayət işindən material ayrılmış və müvafiq əməliyyat tədbirlərinin keçirilməsi məqsədilə Nizami RPİ-nin 25-ci PŞ-nə göndərilmiş, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 177-ci maddəsinin tərkibi müəyyən olunmadığından onun barəsində cinayət təqibinə xitam verilmiş, xx xxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş və tədqiqata təqdim edildikdən sonra qalıq çəkisi 0,507 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla alınmış psixotrop maddə - “metamfetamin” maddi sübut kimi tanınmış, saxlanılması üçün Nizami RPİ-nin MSK-na təhvil verilmişdir. (i.v. 123-129) Məhkəmə qeyd edir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi; məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması hesab olunur. X1 xx xxxx 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyası, 1971ci il tarixli “Psixotrop maddələr haqqında” və xx xxxxxx 1988-ci il tarixli “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” konvensiyalarında narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanun-suz dövriyyəsi beynəlxalq cinayət hesab edilmişdir. “Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2011-ci il tarixli, 2 nömrəli Qərarının 5-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 4 saylı, xx xxxxxx 1996-cı il tarixli qərarına əsasən məhkəmə hökmü səlis, aydın, anlaşılan şəkildə yazılmalı, iş üzrə müəyyən olunmuş hallar, sübutlar və məhkəmənin nəticələri hökmdə ciddi məntiqi ardıcıllıqla şərh edilməlidir. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək qeyd edir ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitənin mənbəyinin müəyyən edilməsi faktının araşdırılması məqsədi ilə material ayrılmışdır və nəticəsindən asılı olaraq hüquqi qiymət veriləcəkdir. Məhkəmə, dövlət ittihamçısını, təqsirləndirilən şəxsi və şahidləri dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi özünün etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, məhkəmə ekspertizalarının rəyləri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Odur ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 234.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - həmin maddədə nəzərdə tutulmuş cinayət məsuliyyətinə səbəb olur, bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: -Tutma haqqında xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs kimi həmin tarixdə saat 19:20-də tutulmuşdur. (i.v. 27) -Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Nizami rayon prokuroru tərəfindən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi haqda Nizami RPİ İstintaq şöbəsinin müstəntiqinin vəsatətinin müdafiə edilməsindən imtina olunmuşdur. (i.v. 95-97) -Bakı şəhəri Nizami RPİ-nin İstintaq şöbəsinin müstəntiqinin xx xxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs müvəqqəti tutulmaqdan azad edilmiş, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. (i.v. 98-99) -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X2 tərəfindən verilmiş xx xxxx 2020-ci il və xx xxxxxx 2021-ci il tarixli tələbnamələrdən, hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib, 400 manat məbləğində cərimə cəzasına məhrum edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.1 və 29,177.2.2-ci maddələri ilə təqsirli bilinib, həmin Məcəllənin 69.4-cü maddəsinə əsasən 2000 manat məbləğində cərimə cəzasına məhkum edilmiş, xx xxxxxx 2016-cı il tarixdə cəriməni tam ödəmiş, Azərbaycan Respublikası CM-nin 234.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi xx xxxx 2020-ci il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinə məhkəmə baxışına göndərilmişdir. (i.v. 104-106) -Bakı şəhəri Nizami rayon icra və probasiya şöbəsinin xx xxxx 2020-ci il tarixli 1152/2020 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli hökmü ilə təyin edilmiş 2000 manat məbləğində cəriməni tam ödədiyindən xx xxxxxx 2016-cı il tarixdə şöbənin qeydiyyatından çıxarılmışdır. (i.v. 121) -Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli 1(101)-342/2021 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi həmin məhkəmənin icraatındadır. -Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarının surətindən görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1 və 234.4.3-cü maddələri ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilərək barəsində həbs qətimkan tədbiri seçilmiş və o, dərhal məhkəmə iclas zalından həbs edilmişdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 04 saylı qərarının 12-ci bəndində göstərilmişdir ki, cinayətlərin residivi, təhlükəli residivi və xüsusi təhlükəli residivini yaradan bir neçə cinayət törətmiş şəxsə cəza təyin edərkən, cinayətin törədildiyi anadək ödənilməmiş və ya götürülməmiş məhkumluqlar nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə, məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 83.6-cı maddəsinə əsasən məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. Qeyd edildiyi kimi, Təqsirləndirilən şəxs sonuncu dəfə xx xxxxxx 2014-cü il tarixli hökmlə az ağır cinayət əməlinin törədilməsinə görə cərimə cəzasına məhkum edilmiş, xx xxxxxx 2016-cı il tarixdə isə cərimə məbləğini tam ödəmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, xx xxxx 2020-ci il tarixdə hazırkı iş üzrə cinayət əməlini törətmiş Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxs hesab olunur. Ali Məhkəmənin Plenumunun yuxarıda istinad edilən xx xxxx 2003-cü il tarixli qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-nin 15.3-cü maddəsinə əsasən bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən birbaşa və ya dolayı qəsdlə törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) qəsdən törədilmiş cinayət sayılır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə törətdiyi əməl, həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal qismində Azərbaycan Respublikası CM-nin 59.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs əməlini etiraf edərək səmimi peşmançılıq çəkməsini Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal qismində Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, işin faktiki hallarını nəzərə alaraq, hesab edir ki, onun islah olunması üçün törətdiyi cinayətə görə barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir, tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir. Bu halda məhkəmə Təqsirləndirilən şəxsna Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu, həbsdə saxlanıldığı və ev dustaqlığında saxlanıldığı müddətlər onun həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hazırkı işlə bağlı xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılmaqla, üzərində qəti müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Cəzaçəkmə müddətinin əvvəlinin hansı tarixdən hesablanmalı olması məsələsinə hüquqi qiymət verərək məhkəmə qeyd edir ki, iş materiallarına əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı ilə, həmin məhkəmənin icraatında Azərbaycan Respublikası CM-nin 234.1 və 234.4.3-cü maddələri ilə olan cinayət işi ilə bağlı, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilərək barəsində həbs qətimkan tədbiri seçilmiş və o, dərhal məhkəmə iclas zalından həbs edilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi həmin cinayət işi ilə bağlı olmuşdur, hazırkı işlə bağlı onun barəsində yalnız polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və sonrakı mərhələdə həbs qətimkan tədbirinə dəyişdirilməmişdir. Bununla da, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs digər məhkəmənin icraatında olan cinayət işi üzrə xx xxxxxx 2020ci il tarixdən həbsdə olduğu müddət, bu məhkəmənin icraatında Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə olan cinayət işi üzrə ona təyin olunacaq cəza müddətinə daxil ola bilməz, cəzaçəkmə müddətinin əvvəli hazırkı hökmün çıxarıldığı tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri ilə bağlı məsələni həll edərək hesab edir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatında olan iş üzrə xx xxxxxx 2020-ci il tarixli qərarla onun barəsində həbs qətimkan tədbiri seçilərək məhkəmə iclas zalından həbs olunması, hazırda da həbsdə saxlanılması nəzərə alınaraq baxılan iş üzrə polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv olunmalıdır, azadlıqdan məhrum etmə cəzası təyin edilərkən həbs qətimkan tədbirinin təkrarən seçilməsi üçün isə əsaslar yoxdur. Azərbaycan Respublikası CPM-nin 346.1.13-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəza təyin edildikdə, hansı cəzaçəkmə və ya tərbiyə müəssisəsinin müəyyən edilməli olduğu məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı aşağıdakıları qeyd edir: Cinayət işi üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınaraq Bakı şəhəri Nizami RPİ-nin maddi sübutları saxlama kamerasında saxlanılan, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalmış 0,507 qram psixotrop maddə-metemfetamin və 3 ədəd fenazepam tərkibli dərman preparatı məhv olunmalı; Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan cəmi 228 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə, Ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə qeyd edir ki, istintaqda və məhkəmədə Təqsirləndirilən şəxs dövlət hesabına vəkil təyin edilmiş, Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iş materialları ilə tanış olmaqla birlikdə istintaqda və məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmişdir. İş materiallarına əsasən vəkilin göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddət 80 iş saatı müddətində olmuşdur, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla hüquqi yardıma görə dəvət olunmuş həmin müdafiəçiyə müvafiq hesablaşma hesabı üzərindən 6 saylı Vəkil Bürosu vasitəsi ilə 480 manat əmək haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs hazırkı işlə bağlı xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılmaqla, üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin olunmuş cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı hazırkı iş üzrə hökmün çıxarıldığı xx xxxx 2021-ci il tarixindən hesablansın. Təqsirləndirilən şəxs barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatında olan iş üzrə xx xxxxxx 2020-ci il tarixli qərarla həbs qətimkan tədbiri seçilərək məhkəmə iclas zalından həbs olunması, hazırda da həbsdə saxlanılması nəzərə alınsın, hazırkı iş üzrə barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut qismində tanınaraq Bakı şəhəri Nizami RPİ-nin maddi sübutları saxlama kamerasında saxlanılan, ekspertiza tədqiqatlarına sərf edildikdən sonra qalmış 0,507 qram psixotrop maddə-metemfetamin və 3 ədəd fenazepam tərkibli dərman preparatı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Məhkəmə məsrəfi olan cəmi 228 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmədə, iş materialları ilə tanış olmaqla birlikdə, iştirak edərək 80 saat göstərdiyi pulsuz hüquqi yardıma görə dəvət olunmuş Müdafiəçi “xxxx” ASC-nin “Qara Qarayev” filialı, kod 200145, VÖEN **********, m/h- AZ37NABZ013501**********1944, S.Wİ.F.T.BİK AİİBAZ2X, hesab - AZ33AİİB**********1300204114, VÖEN - ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 480 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Həmin müddətdə hökmdən apelyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №1(007)-22/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-22/2021
01.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver