Məhkəmə qərarları › İş №1(007)-22/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-22/2023

09.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-22/2023 09.02.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, onun müdafiəçisi-Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxxxx 1963-cü il tarixdə Kəlbəcər rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, məhkumluğu olmayan, işləməyən, Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsi ev 16A, mənzil 11-də qeydiyyatda olan, Bakı şəhəri, Xətai rayonu, S.Ə.Şirvani küçəsi ev 14, mənzil 18-də yaşayan, 30 may 2022-ci il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirərək dələduzluq etmişdir. Belə ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs xalası oğlu, Sumqayıt RPİ-nin istintaq şöbəsində ibtidai istintaqı aparılan cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilərək barəsində həbs qətimkan tədbiri seçilmiş X2 həbsdən azad etdirəcəyinə dair yalan vəd verib, aldadaraq etibarından sui-istifadə etməklə bu adla Zərərçəkmiş şəxs 2021-ci ilin noyabr ayında ünvan 1 ünvanında yerləşən “Kəndçi” kafesində 10000 (on min) manat məbləğində pul vəsaitini alıb ələ keçirməklə Zərərçəkmiş şəxs xeyli miqdarda ziyan vuraraq dələduzluq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2021-ci ilin noyabr ayında tanışı Nurlan ona, yaxını Zərərçəkmiş şəxs Atlıxan adlı qohumunun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı həbs edildiyini demiş və yaxşı bir vəkil tanışının olub-olmamasını soruşmuşdur. O, bu barədə maraqlanıb xəbər edəcəyini Nurlana demişdir. Müəyyən vəkillərdən bu barədə maraqlansa da, həmin vəkillər narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı həbs edilmiş şəxsin azad etdirilməsinin qeyri-mümkün olduğunu demişlər. Bundan sonra özü şəxsən Azərlə görüşmək qərarına gəlib bu məqsədlə 2021-ci ilin noyabr ayının əvvəllərində Nurlan, Azər və onun Ceyhun adlı qonşusunun Nizami rayonu, R.Rüstəmov küçəsində yerləşən “Kəndçi” kafesində görüşmüşlər. Orada Azər xalası oğlu X1 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı Sumqayıt şəhər polis idarəsinin əməkdaşları tərəfindən həbs olunduğunu demiş və həmin şəxsi həbsdən azad etdirə bilib-bilməyəcəyini ondan soruşmuşdur. O, 10000 manat müqabilində 3-4 ay ərzində Atlıxanı həbsdən azad etdirəcəyini demiş, işin sonunda isə zəhmət haqqı kimi özünə 1500 manat istəmişdir. Azər onunla razılaşmış və bu barədə atası Əhmədlə məsləhətləşib dəqiq cavab deyəcəyini bildirmişdir. Həmin görüşdə o, özünü Azərə Cahangir kimi təqdim edib, əsl adının Xəyyam olduğunu gizlətmişdir. 3 gün sonra Azər və atası Əhməd həmin “Kəndçi” kafesində onunla görüşmüşlər. Görüş zamanı ilk görüşdə dediklərini yenidən təsdiqləyərək 10000 manat müqabilində 3-4 ay ərzində Atlıxanı həbsdən azad etdirəcəyini, işin sonunda isə özünə zəhmət haqqı kimi 1500 manat istədiyini demişdir. Azər və atası razılaşmışlar, 3 gün sonra Azərlə yenə “Kəndçi” kafesində görüşmüşlər. Azər həmin vaxt ona 10000 manat pul vermişdir. Bu görüşdən sonra 3 ay ərzində Azərlə mütəmadi olaraq telefon əlaqəsi saxlamışlar, o, pulu lazımi şəxslərə çatdırdığını demişdir. Əslində isə həmin pulu heç kimə verməmiş, öz ehtiyaclarına sərf etmişdir. Söz verdiyi 3 ay başa çatdıqdan sonra Azər işin düzəlmədiyini görüb onun barəsində şikayət etmişdir. Təqsirləndirilən şəxs ifadəsində daha sonra göstərmişdir ki, zərərçəkmiş şəxsdən aldığı pulları hazırda tamamilə qaytarmışdır və onunla barışıq əldə etmişdir. Əməlindən səmimi peşmandır, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, yaşını, ürək və şəkərli diabet xəstəliklərindən əziyyət çəkdiyini nəzərə alaraq, barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2021-ci ilin oktyabrında xalası oğlu X3 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı Sumqayıt şəhər polis idarəsinin əməkdaşları tərəfindən həbs edilmişdir. Buna görə də o, Atlıxanı həbsdən azad etdirmək üçün öz yaxın ətrafından adamlarla maraqlanmağa başlamış, bu barədə keçmiş iş yoldaşı Orxana da demiş, Orxan isə öz növbəsində tanışı Şahid1 adlı bir nəfərin olduğunu, zənnincə Nurlanın Atlıxanı həbsdən azad etdirmək üçün tanışlarının ola biləcəyini demişdir. Orxan həmçinin ona Nurlanın mobil nömrəsini də vermişdir. O, Nurlana zəng edərək nömrəni Orxandan aldığını demiş və xalası oğlu Atlıxanın həbs edilməsi barədə ona danışmışdır. Nurlan Cahangir adlı bir tanışının vəzifəli tanışlarının olduğunu demişdir. Bundan sonra 2021-ci ilin oktyabr ayının əvvəllərində Nurlana Cahangirlə üzbəüz danışmaq istədiyini demiş, bu məqsədlə o, Nurlan, adı Cahangir kimi təqdim edilən şəxs və özünün Ceyhun adlı qonşusu ilə birlikdə Nizami rayonu, R.Rüstəmov küçəsində yerləşən “Kəndçi” kafesində görüşmüşlər. Həmin görüşdə Azər xalası oğlu X1 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı Sumqayıt şəhər polis idarəsinin əməkdaşları tərəfindən tutulduğunu demiş və Cahangirdən bu məsələdə ona kömək edə bilib-bilməyəcəyini soruşmuşdur. Cahangir kimi təqdim edilən, sonradan adının Təqsirləndirilən şəxs olduğunu bildiyi şəxs ona 10000 manat qarşılığında 3-4 ay ərzində Atlıxanı həbsdən azad etdirəcəyini, işin sonunda isə özünə zəhmət haqqı olaraq 1500 manat istədiyini bildirmişdir. O, atası Əhmədlə məsləhətləşib xəbər edəcəyini demişdir. 3-4 gün sonra atası Əhmədlə birlikdə Xəyyamla həmin “Kənçf kafesində görüşmüşlər. Görüş zamanı Atlıxanın həbsdən azad edilməsi məsələsini bir daha müzakirə etmişlər və Xəyyam bir daha bildirmişdir ki, 10000 manat müqabilində 3-4 ay ərzində Atlıxanı həbsdən azad etdirəcək, işin sonunda zəhmət haqqı olaraq 1500 manat əlavə pul alacaqdır. Onlar razılaşmışlar və 2021-ci ilin noyabr ayının axırlarında Xəyyamla yenə “Kəndçi” kafesində görüşmüşlər, görüş zamanı o, 10000 manat pulu Xəyyama vermişdir. Həmin vaxt orada yalnız ikisi olmuşlar. Xəyyamın dediyi müddət ərzində mütəmadı olaraq telefon əlaqəsi saxlamışlar, bu zaman Xəyyam hər şeyin qaydasında olduğunu, lazımi adamlarla görüşüb pulu verdiyini və hər şeyin yaxşı olacağını demişdir. 3 ayın tamamında Xəyyam artıq onun telefonlarına bəzi hallarda cavab verməməyə başlamış, ona görə Xəyyamdan şübhələnməyə başlamışdır. Sonradan Xəyyam ona bildirmişdir ki, Atlıxanın işi bir qədər uzanır, əlavə olaraq 1 il həbsdə qalmalıdır. Lakin, o, bununla razılaşmamış, Xəyyamdan pulu geri qaytarmasını istəmişdir. Xəyyam razılaşıb bir həftə ərzində pulu qaytaracağını bildirmişdir. Buna baxmayaraq, Xəyyam pulunu qaytarmamışdır, ona görə onun barəsində şikayət etmişlər. Hazırda Təqsirləndirilən şəxs ona vurduğu maddi ziyanı tamamilə ödəmişdir, ona görə onunla barışmışdır, şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2, zərərçəkmiş şəxs (oğlu) Zərərçəkmiş şəxsla eyni məzmunlu ifadə vermişdir. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş Şahid1 iştirakının təmin edilməsi mümkün olmadığından onun həmin dövrdə verdiyi ifadəsi məhkəmə iclasında elan olunaraq tədqiq edilmişdir. Şahid sözügedən ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs təxminən 1 il müddətdir ki, tanıyır. Təxminən 2021-ci ilin oktyabr ayının sonlarında Azər xalası oğlu X1 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı Sumqayıt şəhər polis idarəsinin əməkdaşları tərəfindən tutulması barədə ona danışmış və ondan xalası oğlunu həbsdən azad etdirmək üçün hər hansı bir tanışının olub-olmadığı ilə maraqlanmışdır. O isə Cahangir adlı bir tanışının olduğunu və zənnincə Cahangirin yaxşı vəkil tanışlarının oiduğunu demişdir. Azər ona bildirmişdir ki, Cahangirlə şəxsən görüşmək istəyir. O da Azərin istəyini nəzərə alaraq səhərisi gün Nizami rayonu, R.Rüstəmov küçəsində yerləşən “Kəndçi” kafesində onları görüşdürmüşdür. Həmin görüşdə Azər, Cahangir, o və Azərin Ceyhun adlı tanışı iştirak etmişlər. Bu görüşdə Azər xalası oğlu Namazov Atlıxanın həbs edilməsi ilə bağlı bütün detalları Cahangirə danışmış və Atlıxanı həbsdən azad etdirə bilibbilməyəcəyini soruşmuşdur. Cahangir Atlıxanı həbsdən azad etdirmək üçün tanışının olduğunu bildirmiş və axşama, ya da uzağı sabaha xəbər edəcəyini bildirmişdir. Növbəti görüş isə təxminən 1 gün sonra yenə də Nizami rayonu, R.Rüstəmov küçəsində yerləşən “Kəndçi” kafesində baş tutmuşdur. Bu görüşdə o, Azər, Azərin atası Əhməd və Cahangir iştirak etmişlər. Cahangir bu görüş zamanı Azərə və atası Əhmədə bildirmişdir ki, Atlıxanı həbsdən azad etdirmək üçün tanışı var və bunun üçün 10000 manat, işin yekununda isə zəhmət haqqı olaraq özünə 1500 manat pul lazımdır. Bu görüşdən təxminən 3 ay keçdikdən sonra o, Azərin Təqsirləndirilən şəxs etdiyi şikayətlə bağlı Bakı şəhər Baş Polis İdarəsinə çağırılmışdır. O, ilk dəfə orada olan zaman Cahangirin əsl adının Xəyyam olduğunu öyrənmişdir. Çünki, Xəyyamı tanıdığı ilk gündən o, özünü Cahangir olaraq təqdim etmişdir. Sonradan BBPİ-də araşdırma aparıldığı dövrdə Xəyyam qorxduğu üçün müstəntiqin çağırışı ilə BBPİ-yə getməmiş və ona 5000 manat pul verərək Azərə dəymiş ziyanın ödənilməsi üçün istintaqa təqdim etməsini xahiş etmişdir. O da həmin pulu apararaq qəbz vasitəsilə BBPİ-də müstəntiqə təhvil vermişdir. O, Xəyyamın Azərə qarşı dələduzluq niyyətindən qətiyyən əvvəlcədən xəbəri olmamışdır. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 12 mart 2022-ci il tarixli qərardan görünür ki, material üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (i.v. 1) - 10 may 2022-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs ifadəsinin yerində yoxlanılması zamanı o, Təqsirləndirilən şəxs 10000 manat məbləğində pulu verdiyi ünvan 1 ünvanında yerləşən “Kəndçi” kafesini əyani olaraq göstərmiş və ifadəsində göstərilənləri bir daha təsdiq etmişdir. (i.v. 98-100) - 30 may 2022-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs ifadəsinin, müdafiəçisinin iştirakı ilə, yerində yoxlanılması zamanı o, Zərərçəkmiş şəxs 10000 manat məbləğində pulu aldığı ünvan 1 ünvanında yerləşən “Kəndçi” kafesini əyani olaraq göstərmiş və ifadəsində göstərilənləri bir daha təsdiq etmişdir. (i.v. 145-147) - 23 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi elan edilmiş ittiham dəyişdirilmədən saxlanılmış, barəsində Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.3, 310, 32.4,312 və 29,312-ci maddələrinin tərkib əlamətləri olmadığından barəsində həmin maddələrlə cinayət təqibinin başlanılması rədd edilmişdir. (i.v. 155-164) Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidi dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi özünün səmimi etiraf ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarının 1-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin İX bölməsinin iyirmi üçüncü fəslində nəzərdə tutulmuş başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Təqsirləndirilən şəxs barəsindəki cinayət işinin məhkəmə tədqiqi zamanı işin müəyyən olunmuş faktiki halları ilə tam təsdiq edilmişdir ki, o, dələduzluq cinayətini məhz aldatma və etibardan sui-istifadə etmə yolu ilə törətmişdir, əmlak (pul) sahibi olan zərərçəkmiş şəxs də öz əmlakını (pulunu) onun yalan vədlərinin təsiri altında könüllü surətdə vermişdir, Təqsirləndirilən şəxs niyyəti əmlakı (pulu) ələ keçirərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, zərərçəkmiş şəxsin pulunun əvəzsiz və qanunsuz olaraq ələ keçirilməsinə yönəlmişdir, hansı ki, nəticə etibarı ilə o, həmin zərərçəkmiş şəxsə münasibətdə bu məqsəd və niyyətinə çatmışdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 178.2.4-cü maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə - xeyli miqdarda ziyan vurmaqla törədildikdə - dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi dələduzluq əməli nəticəsində zərərçəkmiş şəxsə vurduğu maddi ziyanı ödəyərək zərərçəkmiş şəxslə barışıq əldə etsə də, bundan irəli gələrək sonrakı hərəkət qismində cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etməmişdir. Belə olan halda, təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-nin 73- 1.2-ci maddəsində müəyyən edilən qaydada cinayət məsuliyyətindən azad edilməsi üçün qanuni əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 21 aprel 2022-ci il tarixli tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 10 noyabr 2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 29,178.3.2-ci maddəsi ilıə təqsirli bilinib, əmlakı müsadirə olunmamaqla 07 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 70-ci maddəsi tətbiq edilərək həmin cəzaya şərti olaraq məhkum edilmiş və üzərində 02 il sınaq müddəti müəyyən edilmişdir. (i.v. 89-90, 106-117) - 30 may 2022-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Nizami RPİ-nin istintaq şöbəsinin müstəntiqi tərəfindən Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (i.v. 139) -Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi 08 fevral 2023-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona vurulmuş ziyan tam ödənilmişdir, ondan heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə Azərbaycan Respublikası CM-nin 83.6-cı maddəsinin tələbləri baxımından qeyd edir ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxs hesab edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə törətdiyi əməl həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə vurduğu maddi ziyanı tamamilə ödəyərək onunla barışıq əldə etməsini Azərbaycan Respublikası CM-nin 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal qismində Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Ali Məhkəmənin Plenumunun yuxarıda istinad edilən 25 iyun 2003-cü il tarixli Qərarında həmçinin göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi də öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən, cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət əməli törətməsini, cəzasını yüngülləşdirən halın olmasını, cəzasını ağırlaşdıran halın isə olmamasını, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq və cəmiyyətdən təcrid edilmədən islah olunmasının mümkün olması qənaətinə gələrək, hesab edir ki, onun islah olunması üçün cəmiyyətdən təcrid olunmamaqla barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Ona görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırkı işlə bağlı şübhəli şəxs qismində tutulmamış, həbsdə saxlanılmamışdır, ona görə cəza təyini və müddətlərin hesablanması zamanı CM-nin 69-cu maddəsində nəzərdə tutulan qaydada hesablama aparılması üçün əsaslar yoxdur. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-3.1 və 51-2.1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlığın məhdudlaşdırılması növündə cəzasını yaşayış yeri üzrə çəkməli və cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə müvafiq məhkəmə qərarı olmadan hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini, habelə gün ərzində Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulmalı, Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli olduğundan, onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə, Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur, zərərçəkmiş şəxsə vurulmuş maddi ziyan ödənilmiş və təqsirləndirilən şəxs onunla barışıq əldə etmişdir; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində hər hansı əşya və ya predmet tanınmamışdır; məhkəmə məsrəfinin tutulmasına səbəb olacaq ekspertiza isə iş üzrə keçirilməmişdir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti olmadığından, qərar əsasında dövlət hesabına təyin edilmiş vəkilin məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddət 44 iş saatı müddətinə bərabər tutulmaqla, (Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən) hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınaraq, müvafiq hesablaşma hesabı üzərindən əmək haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə müvafiq məhkəmə qərarı olmadan hər gün saat 22:00dan növbəti gün saat 07:00-dək yaşayış yerini, habelə gün ərzində Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı dövründə 44 iş saatı göstərdiyi pulsuz hüquqi yardıma görə Müdafiəçi müvafiq hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı vəkil bürosu vasitəsi ilə 264 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar