Məhkəmə qərarları › İş №1(007)-221/2020

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-221/2020

29.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-221/2020 29.10.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, məsləhətçi İmanov Nizami Bəxtiyar oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçiləri, Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs, xx xxxxxx 1977-ci ildə Naxçıvan Muxtar Respublikası, Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, sonuncu dəfə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2014-cü il tarixli hökmü ilə, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 02 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx xxxxxx 2016-cı ildə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilmiş, Naxçıvan Muxtar Respublikası, Naxçıvan şəhəri, H.Rəhmanov küçəsi, döngə 3, 19 saylı evdə qeydiyyatda olan, Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, 165 saylı evin 3 saylı mənzilində yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda ümumi təmiz çəkisi 0,251 qram olan maddə, kustar üsulla hazırlanmış narkotik vasitə heroin əldə edib üzərində saxlamaqla daşımış, xx xxx 2020-ci il tarixdə, saat 15 radələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Əlahiddə X3 5-ci bölüyünün əməkdaşları tərəfindən o, özünü şübhəli aparması səbəbindən, Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, 48 saylı ünvanda yerləşən binanın arxasında saxlanılaraq Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 81 ünvanında yerləşən Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 24cü Polis Şöbəsinə gətirilmiş və şöbənin xidməti otağında üzərində baxış keçirilərkən əynindəki boz rəngli gödəkçənin sağ iç cibindən 1 ədəd kibrit qutusunun içərisində 4 ədəd boz rəngli kağız bükümlərdə olan, ayrı-ayrılıqda təmiz çəkiləri 0,084 qram, 0,085 qram, 0,042 qram və 0,040 qram olmaqla, ümumi çəkisi 0,251 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, o, əvvəllər Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə məhkum edilmişdir. 2020-ci il tarixdən Bakı şəhərində valideynləri ilə birlikdə yaşayır. O, fasilələrlə müxtəlif vaxtlarda narkotik vasitələri alıb istifadə etmişdir. Onun üzərindən aşkar edilmiş narkotik vasitəni xx.xx.2020-ci il tarixdə, ünvan 3 saylı ünvanda yerləşən “Şəki” kafesinin qarşısından tapmışdır. Belə ki, həmin kibrit qutusunun içərisinə baxdıqda orada 04 ədəd boz rəngli bükümdə narkotik vasitə heroin kimi tanıdığı maddə olduğunu aşkar etmişdir.O, içərisində heroin kimi tanıdığı narkotik vasitəni, əynində olan boz rəngli gödəkçənin sağ iç cibimə qoymuş və orada olan polis əməkdaşları ona yaxınlaşıb özlərini ona təqdim edərək onu şübhəli şəxs kimi 24-cü PŞ-nə dəvət etmişlər. PŞ-də üzərinə baxış keçirilən zaman üzərindən şəxsi əşyalarını çıxararaq polislərə təqdim etmişdir. O, üzərindən 1 ədəd kibrit qutusunda olan, 04 ədəd boz kağıza bükülmüş qəhvəyi rəngli heroin adlanan narkotik vasitəni təqdim etmişdir. Bu barədə onun hüquqlarının müdafiəsi üçün dəvət olunmuş vəkilin iştirakı ilə keçirilmiş baxışa dair protokol tərtib olunmuş və həmin narkotik vasitələr də həmçinin onun, vəkilin və digər iştirakçıların iştirakları ilə qablaşdırılaraq protokola əlavə olunmuşdur. Sonra isə tərtib olunmuş protokol onlar tərəfindən imzalanmışdır. Sonda Təqsirləndirilən şəxs, törətdiyi əməldən səmimi peşman olduğunu bildirdi və barəsində azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Azərbaycan Respublikası DİN-nin ƏÇPA-nın 5-ci PB-nin polis nəfəri vəzifəsində çalışır, polis serjantı rütbəsindədir. Sonradan adı Təqsirləndirilən şəxs kimi məlum olan şəxsi əvvəllər tanımamışdır, onunla heç bir düşmənçiliyi, ədavəti və ya qohumluğu olmamışdır. O, 2010-cı ildən DİO-da, elə həmin vaxtdan hal-hazıra kimi tutduğu vəzifədə xidmət edir. xx xxx 2020-ci il tarixdə, saat 15 radələrində polis serjantı Şahid2 ilə birlikdə inzibati ərazidə xidmətdə olan zaman Nizami RPİ-nin 24-cü PŞ-nin əməliyyat müvəkkili polis mayoru Şahid3 onlara yaxınlaşaraq bir nəfərdən şübhələndiyi üçün kömək istəmişdir. Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi 48 saylı binanın arxa tərəfindən keçərkən bir nəfər şəxsin özünü şübhəli apardığını görmüşlər. Həmin şəxsə yaxınlaşıb özlərini təqdim etmişlər. Həmin şəxs özünü şübhəli apardığı üçün Şahid3 ilə birlikdə həmin şəxsi polis şöbəsinə dəvət etmişlər. Onlar Təqsirləndirilən şəxs ilə birlikdə polis şöbəsinə gəlmişlər. Polis şöbəsində müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilməklə üzərinə baxış keçirilməzdən əvvəl üzərində qanunla qadağan edilmiş əşya və ya predmet vardırsa təqdim etməsini təklif etmişlər. Təqsirləndirilən şəxs əynindəki boz rəngli şalvarın yan cibindən 29 manat pul, boz rəngli gödəkçənin sağ iç cibindən bir ədəd kibrit qutusu, həmin gödəkçənin sağ yan cibindən üzərində “Prima” sözləri yazılmış siqaret və 1 ədəd alışqan çıxarıb təqdim etmişdir. Boz rəngli gödəkçənin sağ iç cibindən çıxardığı kibrit qutusuna Təqsirləndirilən şəxs iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı kibrit qulusunun içərisində dörd ədəd boz rəngli kağızla bükülmüş narkotik maddəyə oxşar olduğu məlum olmuşdur. Baxış zamanı 4 ədəd kiçik ölçüdə boz falqaya bükülmüş, qəhvəyi rəngli, spesifik iyə malik, toz halında, narkotik vasitə olan heroinə bənzər maddə, aşkar edilərək götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs qeyd olunan narkotik vasitənin ona məxsus oluduğunu və Bakı şəhərindən tapdığını bildirmişdir. Bundan sonra aşkar edilmiş narkotik vasitəyə bənzər maddə əhəmiyyət kəsb etdiyi üçün qablaşdırılaraq DİN-nin 164 nömrəli möhürünün əksi ilə möhürlənmiş və götürülmüş maddələrin tərkibi və dəqiq çəkisi müəyyən edilməsi üçün Ədliyyə Nazirliyinin MEM-nə göndəriləcəyi bildirilmişdir. Şəxsi axtarış və götürmə haqqında protokollar tərtib olunaraq ucadan oxunmuşdur. Ərizə və şikayət daxil olmamışdır. Protokol baxış iştirakçıları, vəkil və üzərinə baxış keçirilən Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Baxış zamanı videoçəkilişdən istifadə olunmuş və buna baxış iştirakçıları, üzərinə şəxsi axtarış keçirilən Təqsirləndirilən şəxs və onun müdafiəçisi 6 saylı vəkil bürosunun vəkili X2 etiraz etməmişdir. Şahid2 və Şahid3 məhkəmə iclasında Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verdilər. İş materiallarında olan şəxsi axtarış və götürmə keçirilməsi barədə xx xxx 2020-ci il tarixli protokoldan görünür ki, xx xxx 2020-ci il tarixdə, Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, 48 saylı ünvanda yerləşən binanın arxa tərəfində saxlanılaraq, Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinə gətirilmiş Təqsirləndirilən şəxs bir ədəd kibrit qutusunda boz kağıza bükülmüş spesifik iyə malik olan maddə aşkar edilərək götürülmüşdür. İş materiallarında olan materialların məhkəmə ekspertizasının xx xxx 2020-ci il tarixli, 6/724 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs götürülmüş..” yazısı olan zərfdə, bir ədəd kibrit qutusundakı 4 (dörd) ədəd kağız bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,084 qram, 0,085 qram, 0,042 qram, 0,040 qram, ümumi təmiz çəkisi 0,251 qram olan qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Həmin maddənin 0,08 qram hissəsi tədqiqata sərf edilmiş, 0,171 qram hissəsi qalıq qalmışdır. İşdə olan ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx xxxxxx 2020-ci il tarixli, 2300 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan sübutların qiymətləndirilməsi haqqında xx xxxxxxxx 2020-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs aşkar edilmiş 1 ədəd kibrit qutusundakı 4 (dörd) ədəd kağız bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,084 qram, 0,085 qram, 0,042 qram, 0,040 qram, ümumi təmiz çəkisi 0,251 qram olan qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 01 ədəd CD disk maddi sübut kimi tanınmışdır. İş materiallarında olan materialların məhkəmə ekspertizasının xx xxxxxxxx 2020-ci il tarixli, 6/1827 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR ƏN MEMnin “Tədqiqat Obyekti № 59”-li ştamp əksi olan paketdə, vətəndaş Təqsirləndirilən şəxs götürülmüş bir ədəd kibrit qutusunun içərisindəki 4 (dörd) ədəd bükümdə olan heroinlər xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eynidir. İlkin tədqiqat zamanı, Təqsirləndirilən şəxs götürülmüş heroinlərin ayrı-ayrılıqda və ümumi təmiz çəkisi x xxx 2020-ci il tarixli, 6/724 saylı ekspert rəyində göstərilib. Həmin maddənin 0,04 qram hissəsi tədqiqata sərf edilmiş, 0,131 qram hissəsi qalıq qalmışdır. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, əvvəllər məhkum olunmasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını və himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olmasını məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və X1 xx xxx 2020-ci il tarixli arayışından və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2014-cü il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2014-cü il tarixli hökmü ilə, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 02 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzaçəkmə müddətinin əvvəli xx xxxxxx 2014-cü ildən hesablanmış, xx xxxxxx 2016-cı ildə cəzasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası CM-nin 83.6-cı maddəsinə əsasən məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 1996-cı il tarixli 4 saylı qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən onun cəzasını yüngülləşdirən halların olub, cəzasını ağırlaşdıran halların olmamasını, eləcə də təqsirləndirilən şəxsin azadlıqdan məhrumetmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq, hesab edir ki, ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum edilməklə cəmiyyətdən təcrid edilməsinə əsaslar müəyyən edilmədiyinə görə təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. İş materiallarında olan xx xxx 2020-ci il tarixli tutma protokolundan, vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında xx xxx 2020-ci il tarixli qərardan və eyni tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs, xx xxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx xxx 2020-ci il tarixdə barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə müstəntiqin vəsatətindən imtina edilmiş və həmin tarixdə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır və tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxil edilir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı xx xxx 2020-ci il tarixdən xx xxx 2020-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət həbsdə olma müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutulmaqla təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq, müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaqvəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93 və 93- 1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Habelə, Azərbaycan Respublikası CM-nin 52-1.3.3-cü maddəsinə əsasən, məhkəmə məhkum üçün alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək əlavə vəzifəsini müəyyən edə bilər. Bununla əlaqədar, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93 və 93-1-ci maddələrinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və bununla yanaşı, ona təyin edilmiş narkomaniyadan məcburi müalicə kursunu keçmək həmin Məcəllənin 52-1.3.3-cü maddəsinə əsasən əlavə vəzifə kimi də onun üzərinə qoyulmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Nizami rayon Polis İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan, xalis çəkisi 0,131 qram narkotik vasitə - heroin məhv edilməlidir. Habelə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən materialların məhkəmə ekspertizalarınınkeçirilməsinə xərclənmiş 228 (iki yüz iyirmi səkkiz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmiş 01 (bir) ədəd “CD” disk Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmçinin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin ibtidai istintaqda iştirak etdiyi müddət 30 iş saatı və məhkəmədə iştirak etdiyi müddət 30 iş saatı, cəmi 60 iş saatı müddətinə bərabər olduğundan, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 360 (üç yüz altmış) manat (60x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona, 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı xx xxx 2020-ci il tarixdən xx xxx 2020-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət nəzərə alınmaqla, həbsdə saxlamanın bir gününü azadlığın məhdudlaşdırılmasının iki gününə hesablayaraq üzərində 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, Bakı şəhərini tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq və narkomaniyadan məcburi müalicə kursunu keçmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və üzərinə narkomaniyadan məcburi müalicə kursunu keçmək vəzifəsinin qoyulması nəzərə alınsın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri qüvvəsində saxlanılsın. İş üzrə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 228 (iki yüz iyirmi səkkiz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Nizami rayon Polis İdarəsinin maddi sübutların saxlanması kamerasında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,131 qram tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroin məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarında saxlanılan 01 (bir) ədəd “CD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Təqsirləndirilən şəxs 60 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi VÖEN – ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 360 (üç yüz altmış) manat əmək haqqı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar