Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-221/2021 02.08.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclas katibi Azadəli Orhan Nasir oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, təqsirləndirilən şəxs – xx.xx.1986-cı ildə İmişli rayonunun Aranlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, Heydər Əliyev adına Neft Emalı zavodunda mühəndis işləyən, əvvəllər məhkum olunmamış, İmişli rayonu, Aranlı kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs 10 dekabr 2020-ci il tarixdə yeni növ koronavirus infeksiyasının (Covid-19 PCR) təyini üçün barəsində aparılmış laborator müayinənin nəticəsi pozitiv olmaqla, “Covid-19” virus infeksiyasına yoluxub hava-damcı yolu ilə keçən həmin infeksiyanın daşıyıcısı olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 fevral tarixli, 73-1 nömrəli Qərarına əsasən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1 may 2020-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində hava-damcı yolu ilə keçən yoluxucu xəstəliklər zamanı karantin nəzarətinə götürülmə və təcrid olunma Qaydaları”-nın 4.5.5-ci maddəsinin tələblərinə əsasən digər şəxsləri xəstəliyə yoluxdura biləcəyinə görə 14 gün müddətinə karantin qaydalarına uyğun müşahidəyə götürülərək hüquq və vəzifələri, göstəriləcək xidmətlərin dairəsi və təcridolunma müddəti barədə ona məlumat verilməklə yaşadığı mənzili (evi) tərk etməməsi və bu tələblərin pozulmasına görə qanunda nəzərdə tutulmuş cinayət məsuliyyəti barədə xəbərdar olmasına baxmayaraq 23.12.2020-ci il tarixdə yaşadığı ünvanı tərk edərək xüsusi karantin rejimini pozmaqla yeni növ koronavirus (COVİD-19) infeksiyasının (xəstəliyin) yayılması üçün real təhlükə yaratmış və həmin gün saat 09:35 radələrində ünvan 2 ünvanda Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-nin əməkdaşları tərəfindən saxlanılaraq yaşadığı mənzilə qaytarılmışdır. Məhkəmə baxışında Təqsirləndirilən şəxs özünü ona elan edilmiş Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Heydər Əliyev adına Neft Emalı zavodunda mühəndis vəzifəsində çalışır. 2020-ci ilin dekabr ayının 8-də bədənində hərarət 37.4 olduğundan xəstələndiyini düşünərək 09 dekabr 2020-ci il tarixdə yaşadığı ünvandan bayıra çıxmamışdır. 10 dekabr 2020-ci il tarixdə saat 10:30-da “MediCluB” hospitalına gedərək “COVİD-19” infeksiyası ilə bağlı test analizi vermişdir. 11 dekabr 2020-ci il tarixdə onun istifadəsində olan ***-***-**-** nömrəli mobil telefona "İTS.GOV.AZ“ saytından mesaj gəlmişdir. Həmin mesajda onun 10 dekabr 2020-ci il tarixdə vermiş olduğu test analizinin nəticəsinin “pozitiv” olması, onun və ailə üzvlərinin yaşadığı mənzili tərk etməmələri barədə xəbərdarlıq qeyd edilmişdir. 22 dekabr 2020-ci il tarixədək yaşadığı mənzildə müalicə almışdır. O, evdə qaldığı gündən, yəni 09.12.2020-ci il tarixdən hesablamış, 14 gün müddət 23.12.2020-ci il tarixdə bitdiyindən 22.12.2020-ci il tarixdə işlədiyi şirkətə müraciət edərək ikinci dəfə “COVİD-19” infeksiyası ilə bağlı test analizi vermək istədiyini bildirmişdir. Həmin tarixdə Heydər Əliyev adına Neft Emalı zavodunda köməkçi vəzifəsində çalışan Şahid1 tərəfindən onun "email" adresinə mesaj göndərilmişdir. Həmin mesajda “23 dekabr 2020-ci il tarixdə gün ərzində “MediClub” hospitalına yaxınlaşa bilərsiz” ifadəsi yazılmışdır. 23 dekabr 2020-ci il tarixdə səhhəti normal olduğundan o, saat 10:30-da idarə etdiyi “Hyundai Elantra” markalı, **-TK-*** dövlət qeydiyyat nişanlı avtomobillə “MediClub” hospitalına gedən zaman “Koroğlu” metrostansiyasının giriş-çıxış hissəsinin yaxınlığında olan stasionar postda polis əməkdaşları tərəfindən saxlanılmışdır. Onun izahatını alaraq yaşadığı mənzilə yola salmışlar. 25 dekabr 2020-ci il tarixdə “MediClub” hospitalında “COVİD-19” infeksiyası ilə bağlı test vermiş və analizin nəticəsi mənfi olmuşdur. Məhkəmədən ona bəraət verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs qeyd edilən əməli törətməkdə təqsiri aşağıdakılarla təsdiq olunur. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, təxminən üç ildir ki, "xxxx" MMC-də İnsan resursları üzrə analitik vəzifəsində çalışır. Təqsirləndirilən şəxs iki il müddətdir ki, tanıyır. “COVİD-19” pandemiyası ilə əlaqədar olaraq Azərbaycan Respublikası sərhədləri daxilində olan qabaqlayıcı tədbirlərlə əlaqədar şirkətin rəhbərliyi tərəfindən şifahi şəkildə verilmiş göstərişə əsasən işçilərdən hər hansının səhhətində problem və ya hərarət yaranarsa onun çalışdığı şöbəyə müraciət edir və şöbə tərəfindən həmin işçiyə təmənnasız qaydada "MediClub” hospitalında “COVİD-19” infeksiyasından yoxlanışa göndərilir. Nəticəsi pozitiv çıxarsa həmin şəxs işə 14 gün ərzində yəni TƏBİB tərəfindən müəyyən edilmiş virusa yoluxmuş şəxsin özünü təcrid etmə müddətində işə buraxılmırlar. Təxminən 2020-ci ilin dekabr ayının 8-də çalışdığı şirkət tərəfindən verilmiş ***-***-**-** mobil nömrəsinə Təqsirləndirilən şəxs zəng vuraraq bildirmişdir ki, səhhətində problemlər və hərarət vardır. O, Təqsirləndirilən şəxs bildirmişdir ki, şirkət tərəfindən “MediClub” hospitalı ilə əlaqə saxlanılıb sonuncuya məlumat veriləcəkdir. Bundan sonra “MediClub” hospitalı ilə əlaqə saxlayaraq Təqsirləndirilən şəxs analiz verməsi üçün vaxt və növbə tutaraq bu barədə Təqsirləndirilən şəxs məlumat vermişdir. Növbəti gün hospital tərəfindən Təqsirləndirilən şəxs testdən keçməsi ilə bağlı və testin nəticələri onların şirkətinə göndərilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs testinin cavabının pozitiv olduğunu görmüşdür. 22 dekabr 2020-ci il tarixdə Təqsirləndirilən şəxs yenidən onunla əlaqə saxlayaraq bildirmişdir ki, onun karantin müddəti, yəni 14 günü keçmişdir və yenidən test vermək istəyir. Bundan sonra o, yenidən hospitalla əlaqə saxlamış və 23 dekabr 2020-ci il tarixinə hospitalda növbə tutmuşdur. Bununla bağlı isə Təqsirləndirilən şəxs “email” ünvanına məlumat göndərmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 23 dekabr 2020-ci il tarixdə Nizami rayonu, Heydər Əliyev prospekti 119 ünvanında yerləşən stasionar postda xidmətdə olan zaman postda yoxlama zamanı Təqsirləndirilən şəxs aktiv koronavirus xəstəsi olması və yaşadığı mənzili tərk etməməli olduğu halda tərk etməsi müəyyən olunmuşdur. Həmin vaxt tərəfindən raport tərtib olunmuş və Nizami RPİ-nn 23cü PB-nin təhqiqatçısı posta dəvət olunaraq həmin şəxsin izahatı alınaraq müvafiq çəkiliş aparılmışdır. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 23 dekabr 2020-ci il tarixli qərardan görünür ki, material üzrə Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə cinayət işi başlanmış və istintaq aparılması üçün icraata qəbul edilmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi Publik hüquqi şəxsi tərəfindən Bakı şəhəri Nizami RPİ-nə ünvanlanmış 26 yanvar 2021-ci il tarixli, 04-17/190-2021 saylı məktubdan görünür ki, ünvan 7 ünvanında yaşayan xx.xx.1986-cı il təvəllüdlü Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Covid-19 Məlumat bazasına əsasən 10.12.2020-ci il tarixdə koronavirus infeksiyasına laborator müayinə nəticəsi pozitiv olmuşdur. Təqsirləndirilən şəxs COVİD-19 xəstəsi kimi ərazisi üzrə 18 saylı Birləşmiş Şəhər Xəstəxanasında qeydiyyata götürülmüşdür. Vətəndaşın 24.12.2020-ci il tarixində təcrid olunma müddəti bitmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı Baş Səhiyyə İdarəsi 18 №-li Birləşmiş Şəhər Xəstəxanası Poliklinika şöbəsi tərəfindən Nizami RPİ-nə ünvanlanmış 18.03.2021-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs 10.12.2020-ci il tarixdən 24.12.2020-ci il tarixinə kimi 18 saylı BŞX-nın poliklinika şöbəsi tərəfindən Covid-19 pozitiv diaqnozu ilə evdə izolyasiya şəraitində müalicə olunmuşdur. 24.12.2020-ci il tarixdə izolyasiya müddəti bitmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2 12.02.2021-ci il tarixli, 175/KEŞ saylı rəyinin nəticə hissəsindən görünür ki, Təqsirləndirilən şəxs 10.12.2020-ci il tarixdə “Covid-19” ilə bağlı müayinə aparılmış və müayinənin nəticəsi pozitiv (+) olmuşdur. Təqsirləndirilən şəxs sanitariya-gigiyena qaydalarını pozmaqla bədənində, paltarında və ya sair formada koronavirusun (Covid-19) bir yerdən başqa yerə daşımasının və digər şəxsləri yoluxdura biləcəyi istisna edilmir. “Covid-19” virus infeksiyasının inkubasiya dövrü 1-14 gün arası davam edir və orqanizmin fərdi xüsusiyyətlərindən asılı olaraq sağalma müddəti müxtəlif olur. - sübutların qiymətləndirilməsi haqqında 24.03.2021-ci il tarixli qərardan görünür ki, iş üzrə 1 ədəd “CD” disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. - təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 25.03.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. - qətimkan tədbirinin seçilməsi haqqında 25.03.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. - İmişli RİHB-nın Aranlı kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. - nikah haqqında və doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs evlidir və himayəsində 03.03.2020-ci il təvəllüdlü Xəmmədli Azra və 03.10.2016-cı il təvəllüdlü Xəmmədov Amir adlı iki azyaşlı uşağı vardır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 16.06.2021-ci il tarixli tələbnamədən görünür ki, əməliyyat-sorğu kartotekasında Təqsirləndirilən şəxs məhkumluğu barədə heç bir məlumat yoxdur. - 01 ədəd “CD” diskə köçürülmüş videogörüntüdən görünür ki, Təqsirləndirilən şəxs “COVİD-19” xəstəsi olduğu halda yaşayış yerini tərk etməsi və polis əməkdaşları tərəfindən Nizami rayonu, Heydər Əliyev prospekti 119 ünvanında qurulmuş postda saxlanılması öz təsdiqini tapır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 may 2020-ci il tarixli, 161 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində hava-damcı yolu ilə keçən yoluxucu xəstəliklər zamanı karantin nəzarətinə götürülmə və təcrid olunma Qaydaları”nın 1.3-cü bəndinə əsasən bu Qaydalar yoluxucu xəstəliklərin yayıldığı xarici ölkələrdən Azərbaycan Respublikasının ərazisinə gələn şəxslərə; yoluxucu xəstəliyə yoluxma faktı təsdiq edilmiş şəxslərə; yoluxucu xəstəliyə yoluxma faktı təsdiq edilmiş şəxslərlə təmasda olan şəxslərə şamil edilir. Həmin Qaydaların 2.1.4-cü bəndinə əsasən karantin nəzarəti - yoluxucu xəstəliyə yoluxma faktının erkən aşkar edilməsi və həmin xəstəliyə xas olan əlamətlərin müşahidə olunması məqsədilə yoluxduğu güman edilən və təmasda olan şəxslərin digər şəxslərdən təcrid edilməsidir. Həmin Qaydaların 2.1.5-ci bəndinə əsasən karantin yeri - yoluxması güman edilən şəxslərin karantin nəzarətində saxlandıqları karantin müəssisələri və ya onların yaşadıqları, yaxud olduqları yerdir. Həmin Qaydaların 3.1-ci bəndinə əsasən yoluxduğu güman edilən şəxslər bu Qaydaların 3.8-ci bəndində göstərilənlər istisna olmaqla, sərhəd buraxılış məntəqəsindən birbaşa həmin yoluxucu xəstəlik üçün ÜST-nin tövsiyələri nəzərə alınmaqla, hər bir xəstəliyin xüsusiyyətlərindən asılı olaraq Nazirlər Kabinetinin müəyyən etdiyi müddətdə karantin müəssisələrinə yerləşdirilirlər. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən yaşadığı və ya olduğu yerdə karantin nəzarətinə götürülmüş şəxs aşağıdakı tələblərə riayət etməlidir: onunla birgə yaşayan şəxslərin xəstəliyə yoluxma riskini azaltmaq üçün ayrı otaqda qalmalı, bu mümkün olmadıqda, mənzili yaxşı havalandırmalı, həmin şəxslərlə ən az 1 (bir) metr məsafədə olmalı və ünsiyyət zamanı tibbi maskadan istifadə etməlidir; şəxsi gigiyena vasitələrini və istifadə etdiyi digər əşyaları onunla birgə yaşayan şəxslərdən təcrid etməlidir; mənzilin (evin) daxilində mümkün qədər az hərəkət etməlidir; ümumi istifadə yerlərini tez-tez havalandırmalıdır; mənzili (evi) tərk etməməlidir. Həmin Qaydaların 4.6-cı bəndinə əsasən yaşadıqları və ya olduqları yerdə karantin nəzarətinə götürülmüş şəxslərin laboratoriya müayinəsi bu Qaydaların 3.2-ci bəndinə uyğun olaraq həyata keçirilir. Karantin nəzarətinin müddəti başa çatdığı vaxt aparılan müayinələrin nəticəsi neqativ olduqda, karantin müddəti başa çatmış hesab edilir. Karantin nəzarətinin müddəti başa çatdığı vaxt aparılan sonuncu laboratoriya müayinəsinin nəticələri əldə olunana qədər karantin nəzarətinə götürülmüş şəxsin yaşadığı və ya olduğu yeri tərk etməsi qadağandır. Həmin Qaydaların 4-1.1-ci bəndinə əsasən aparılmış laboratoriya müayinələri nəticəsində yoluxucu xəstəliyə yoluxma faktı təsdiq edilmiş şəxslər yoluxucu xəstəliyin müalicəsi üçün ayrılmış xüsusi tibb müəssisəsinə yerləşdirilirlər. Həmin Qaydaların 4-1.2-ci bəndinə əsasən yoluxucu xəstəliyə yoluxma faktı təsdiq edilmiş şəxslər xəstəliyi yüngül formada keçirdiyi hallarda və onların xüsusi tibb müəssisəsindən kənarda müalicə olunması mümkün hesab edildikdə, onlar həkim rəyinə əsasən bu Qaydaların 4.5-ci bəndində göstərilənlərə riayət etməklə, yaşadıqları və ya olduqları yerdə təcrid olunurlar və onların üzərində bu Qaydaların 4.4-cü bəndinə uyğun olaraq (ərazi ambulator-poliklinika müəssisəsi tərəfindən gündəlik olaraq telefon vasitəsilə) tibbi müşahidə həyata keçirilir. Həmin Qaydaların 4-1.3-cü bəndinə əsasən yoluxucu xəstəliyə yoluxma faktı təsdiq edilmiş şəxslərə onların hüquq və vəzifələri, həmin şəxslərə göstəriləcək xidmətlərin dairəsi və təcridolunma müddəti barədə məlumat verilir, bu Qaydaların 4.5-ci bəndinin tələblərinin pozulmasına görə qanunda nəzərdə tutulmuş inzibati və cinayət məsuliyyəti barədə, habelə təcrid müddətində mobil telefonu işlək vəziyyətdə saxlaması və onun söndürülməsinin yolverilməzliyi, eləcə də mobil tətbiq vasitəsilə yaşadığı və ya olduğu yerin müəyyən edilməsinin mümkünlüyü barədə xəbərdarlıq edilir və onlardan bu barədə yazılı iltizam alınır. Həmin Qaydaların 7.2-ci bəndinə əsasən karantin nəzarətinə götürülmüş şəxslərin karantin yerini tərk etməsi və kənar şəxslərin onları ziyarət etməsi (“Sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sosial xidmət göstərilməsi halları istisna olmaqla) qadağandır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi-Tibbi Şurasının 07 sentyabr 2020-ci il tarixli Qərarı ilə (Protokol №9) təsdiq edilmiş “Koronavirus infeksiyasının (Covid-19) idarə olunması üzrə Metodik Təlimat”ın “COVİD-19 xəstələrinin ambulator şəraitdə aparılması” hissəsində qeyd olunur ki, xəstəliyin yüngül forması olan şəxslər tibbi nəzarətdən aşağıdakı hallarda çıxarılır: qızdırma olmadıqda və respirator simptomlar azaldıqda və burun-boğazdan PZR müayinənin mənfi nəticəsindən sonra; klinik simptomların olmadığı, lakin PZR müayinənin müsbət nəticəsi hallarında müşahidə 14 gün ərzində davam edir (xəstələnmənin 1-ci günündən hesablanır). Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə ittiham irəli sürülmüş və əməli həmin maddə ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs koronavirus (Covid-19) infeksiyasına 11.12.2020-ci il tarixdə yoluxduğunu bilib yaşadığı yerdə təcrid olunaraq müalicə olunması, habelə bu yeri tərk etməmək və məsuliyyət barədə xəbərdar olunmasına baxmayaraq, karantin nəzarətinə götürülmüş şəxs kimi karantin nəzarəti müddəti ərzində 23.12.2020-ci il tarixdə yaşadığı ünvanı tərk etməsi, bununla da epidemiya əleyhinə rejimin, sanitariyagigiyena və ya karantin rejimlərini pozmaqla xəstəliyin yayılması üçün real təhlükə yaratması toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsinə dair ifadəsi özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirilir. Təqsirləndirilən şəxs cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığı üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən, Azərbaycan Respublikası CMnin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl az ağır cinayət hesab olunur. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət əməli törətməsini, evli olmasını, himayəsində iki azyaşlı uşağının olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 №li qərarında göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun az ağır cinayət törətməsini nəzərə alaraq hesab edir ki, onun islah olunması üçün barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası CPM-nin 346.1.19-346.1.20-ci maddələrində nəzərdə tutulmuş məsələləri həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı; Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət işi üzrə maddi sübut olan 01 ədəd “CD” disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia, məhkəmə xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək, barəsində 3000 (üç min) manat miqdarında cərimə cəzası təyin edilsin. Cəzanın icrası Bakı Şəhər Probasiya İdarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cinayət işi üzrə maddi sübut olan 1 ədəd “CD” disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №1(007)-221/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-221/2021
02.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver