Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-222/2020 19.11.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, məsləhətçi İmanov Nizami Bəxtiyar oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs, xx xxxxxxx 1994-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, xx xxxx 2020-ci il tarixdə saat 13:21-də “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq sürücülük vəsiqəsi olmadan idarə etdiyi, Şahid1 istifadəsində olan “NG Kapital Lizinq” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus “Kia Optima” markalı, ** PD *** dövlət nömrə nişanlı avtomaşınla ünvan 3 saylı ünvanda yerləşən Bakı şəhəri Nizami rayon Polis İdarəsinin inzibati binasının qarşısında hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 13-cü hissəsinin tələblərini pozaraq, yəni avtomobili arxaya hərəkət etdirməzdən əvvəl həmin manevrin təhlükəsiz başa çatmasına əmin olmalı, arxaya hərəkət etdirməzdən əvvəl arxada hərəkəti üçün heç bir maneənin olmamasına əmin olmalı və piyadanın olması şəraitində piyada avtomobilin arxaya hərəkət etdiyi hissədən kənarlaşdıqdan sonra avtomobili arxaya hərəkət etdirməli, lazım gəldikdə isə sürücü başqa şəxslərin köməyindən istifadə etməli olduğu halda bunlara əməl etməyərək avtomobili arxaya doğru hərəkət etdirərkən avtomobilin arxa hissəsi ilə piyada Zərərçəkmiş şəxs vuraraq, ehtiyatsızlıqdan sonuncunun baş beyin silkələnməsi, X qabırğanın və sol körpücük sümüyünün ucunun yerdəyişməsiz sınığı, burun belinin, sol qaşın, sol alın-gicgah nahiyəsinin, sağ əlin, sol saidin, sağ diz oynağının sıyrıqları, sol çiyin qurşağının, sol budun qançırları ilə müşayiət olunan ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid bədən xəsarətləri almasına səbəb olmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, o, Şahid1 uzun müddətdir tanıyır və sonuncu ilə birlikdə ev təmiri ilə məşğul olur. xx xxxx 2020-ci tarixdə saat təxminən 12 radələrində Zahirdən idarə etdiyi “Kia” markalı dövlət qeydiyyat nişanı **-PD-*** olan avtomobili idarə etmək məqsədi ilə istəmiş və Zahirə bildirmişdir ki, işi var. Zahir etiraz etməmiş, avtomobili vermiş və o, Zahirdən avtomobili götürdükdən sonra Bakıxanov qəsəbəsinə gələrək əmisi oğlu Anarı götürərək Nizami rayon Polis İdarəsinə gəlmiş, həmin zaman Anarın polis idarəsində işi olmuşdur. O, “Kia” markalı avtomobili polis idarəsinin qarşısında olan Ş.Mirzəyev küçəsi ilə təxminən 10-15 km/saat sürətlə T.Abbasov küçəsi istiqamətində hərəkət etdirərək avtomobili parkovkada saxlamaq istəyən zaman həmin küçə ilə piyada hərəkət edən piyadanı görmədiyi üçün avtomobilin arxa hissəsi piyadaya dəymiş və zərbənin təsirindən piyada yerə yıxılmışdır. O, dərhal avtomobili saxlamış, avtomobildən düşərək həmin piyadaya yaxınlaşmış, bu zaman polis idarəsinin qarşısında olan polis əməkdaşlarıda onlara yaxınlaşaraq təcili tibbi yardıma məlumat vermişlər. Təcili tibbi yardım stansiyasının əməkdaşları gələrək xəsarət alan şəxsə ilkin tibbi yardım göstərərək həmin xəstəxanaya aparmışlar, polis əməkdaşları isə hadisəni rəsmiləşdirmişlər. Sonda Təqsirləndirilən şəxs, törətdiyi əməldən peşman olduğunu bildirdi və barəsində yüngül həddə cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidi dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı,aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. xx xxxxxxx 2020-ci il tarixdə məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, xx xxxx 2020-ci il tarixdə saat 13.20 radələrində Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev küçəsi ilə piyada T.Abbasov küçəsi istiqamətində hərəkətdə olan zaman Nizami RPİ-nin qarşısıııdja Ş.Mirzəyev küçəsi ilə T.Abbasov küçəsi istiqamətində arxa-arxaya hərəkətdə olan “Kia” markalı avtomaşın arxa hissəsi ilə onu vurmuş və o, zərbənin təsirindən üzü üstə yerə yıxılaraq xəsarət almışdır. Bundan sonra orada olan polis əməkdaşları ona yaxınlaşmışdır. Bundan sonra hadisə yerinə təcili tibbi yardım stansiyasının əməkdaşları gəlmiş və ona ilkin tibbi yardım göstərdikdən sonra onu Sabunçu rayonunda yerləşən 3 saylı ŞKX-na aparmışlar. Həmin xəsdəxanada o, müayinədən keçdikdən sonra X3 xəstəxanasına getmişdir. Orada o, müayinədən keçmiş, sonra isə onu evə buraxmışlar. Sonda o, təqsirləndirilən şəxsi etdiyi əmələ görə bağışladığını, dəymiş ziyanın tam ödənildiyini və ona qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, heç bir düşmənçiliyi, ədavəti və qohumluğu olmamışdır. O, Nizami RPİ-nin PPXB-də çalışır. xx xxxx 2020-ci il tarixdə ünvan 3 saylı ünvanda yerləşən Nizami RPİ-nin inzibati binasının girişində yerləşən Nəzarət buraxılış məntəqəsində postda olmuşdur. Təxminən saat 14 radələrində postun qarşısında olan zaman bir nəfər kişi cinsli piyadanın Ş.Mirzəyev küçəsi ilə T.Abbasov küçəsi istiqamətində hərəkət etməsini və bu zaman ondan arxadan eyni istiqamətdə arxa-arxaya hərəkət edən “Kia Optima” markalı, ** PD *** dövlət qeydiyyat nişanlı avtomaşının həmin piyadanı vurmasını və piyadanın zərbənin təsirindən yerə yıxılmasını görmüşdür. Dərhal həmin yerə yaxınlaşdıqda avtomaşından sürücü, yəni sonradan adının Təqsirləndirilən şəxs olduğunu bildiyi və sonuncunun yanında olan qohumu avtomaşından düşərək piyadaya yaxınlaşmışlar. Bundan sonra TTYS-nə zəng vurulmuş və TTYS maşını gələrək piyada, sonradan adını bildiyi Zərərçəkmiş şəxs xəstəxanaya aparmışlar. İş materiallarında olan yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında xx xxxx 2020-ci il tarixli protokoldan, ona əlavə edilmiş yol-nəqliyyat hadisəsinin sxemindən və fotoşəkillərdən görünür ki, yol-nəqliyyat hadisəsi ünvan 3 ünvanında baş vermişdir. İş materiallarında olan canlı şəxsin ekspertizasının xx xxxxx 2020-ci il tarixli, 278 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs baş beyin silkələnməsi, X qabırğanın və sol körpücük sümüyünün ucunun yerdəyişməsiz sınığı, burun belinin, sol qaşın, sol alıngicgah nahiyəsinin, sağ əlin, sol saidin, sağ diz oynağının sıyrıqları, sol çiyin qurşağının, sol budun qançırları olmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, xx.xx.2020-ci il tarixdə yol-nəqliyyat hadisəsi zamanı alınmaları mümkündür və dərəcələrinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddirlər. İş materiallarında olan baxış keçirilməsi haqqında xx xxx 2020-ci il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası DİN-in Növbətçi Hissələrin İdarəetmə xidmətindən 003-5511-1220 nömrəli xx.xx.2020-ci il tarixli məktubla daxil olmuş 1 ədəd CD açıldıqda “TS4-040-1.avi”, “TS4-040.2.avi” və “TS4-040-3.avi” adlı 3 ədəd fayl olması müəyyən edilir. “TS4-040-1.avi” video müşahidə qurğusunun 3-cü kamerasının xx.xx.2020-ci il tarixli saat 13:21-dən 13:24-dək olan müddətdəki video görüntüsünə keçirilmiş baxış zamanı adlı fayl açıldıqda faylın 3 dəqiqə davamlı olması, çəkilişin Ş.Mirzəyev küçəsi 127 saylı ünvanda yerləşən Nizami RPİ-nin inzibati binasının giriş qapısını əhatə etməsi müəyyən edilir, çəkilişin 00.48 saniyəsində şəxslərin təlaşlı vəziyyətdə eyni istiqamətə getməyə başlamaları müəyyən edilir. “TS4- 040.2.avi” adlı fayl açıldıqda faylın 3 dəqiqə davamlı olması, Ş.Mirzəyev küçəsinin T.Abbasov küçəsi ilə kəsişməsi istiqamətində çəkiliş aparılması, çəkilişdə iş üçün əhəmiyyət kəsb edən görüntü olmaması müşahidə olunur. “TS4-040-3.avi” adlı fayl açıldıqda faylın 3 dəqiqə davamlı olması, Ş.Mirzəyev küçəsinin Q.Qarayev prospekti ilə kəsişməsi istiqamətində çəkiliş aparılması, çəkilişin 00.33-cü saniyəsində piyadanın Ş.Mirzəyev küçəsi ilə T.Abbasov küçəsi istiqamətində hərəkət etməsi, həmin istiqamətində qara rəngli “Kia Optima” markalı avtomaşının geriyə doğru hərəkət etməsi, 00.52-ci saniyədə həmin avtomaşının sürətlə hərəkət edərək piyadam vurub yıxması, sürücünün və ətrafda olan şəxsin zərərçəkmişə yaxınlaşmaları müşahidə olunur. Həmçinin, baxış zamanı avtomaşının üzərində hər hansı bir zədə izinin əmələ gəlməsi müəyyən edilmir. İşdə olan məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx xxxx 2020-ci il tarixli, 8/536 saylı rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Kia” markalı ** PD *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 13-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələbləri təmin olunmaqla hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. İş materiallarında olan sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, iş üzrə xx xxxxx 2020-ci il tarixdə Təhlükəsiz Şəhər Xidmətinin təqdim etdiyi TŞ-4-040 nömrəli video müşahidə qurğusunun 3-cü kamerasının xx.xx.2020-ci il tarixli, saat 13:21dən 13:24-dək olan müddətdəki video görüntülər olan 1 (bir) ədəd “DVD” disk maddi sübut kimi tanınmışdır. Beləliklə, göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 263-1.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödəməsini və onunla barışıq əldə etməsini, hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq az ağır cinayət törətməsini və cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi və ya digər yardım göstərilməklə onların həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılmasına yönəlmiş hərəkətlər etməsini məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs təyin edilən cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası CM-nin 59.1.11-59.1.14-cü maddəsinə görə cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi və ya digər yardım göstərilməklə onun həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılması, zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması, cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi və ya ziyanın azaldılması ilə nəticələnmiş digər hərəkətlərin edilməsi cəzanı yüngülləşdirən hal hesab olunur. Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinə uyğun olaraq, həmin Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilməsi məntəqə tipli cəzaçəkmə müəssisələrində müəyyən edilir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 60-cı maddəsinin tələbi nəzərə alınmaqla ədalətli cəza təyin edilməli və cəzanın çəkilməsi məntəqə tipli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. Habelə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının keçirilməsinə xərclənmiş 100 (yüz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət mədaxilinə tutulmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmiş 01 (bir) ədəd “DVD” disk Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmçinin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona, 01 (bir) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Cəzanın çəkilməsi Təqsirləndirilən şəxs məntəqə tipli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzaçəkmə müəssisəsində qeydə alındığı vaxtdan hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqındailtizam qətimkan tədbiri qüvvəsində saxlanılsın. İş üzrə məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının keçirilməsinə xərclənmiş 100 (yüz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarında saxlanılan 01 (bir) ədəd “DVD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov
Məhkəmə qərarları › İş №1(007)-222/2020
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-222/2020
19.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver