Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-222/2021 17.09.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş hüquqi şəxs-Zərərçəkmiş şəxs MMC-nin nümayəndəsi Nümayəndə, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, onun müdafiəçisi-Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxxxx 1975-ci il tarixdə İmişli rayonunun Sarıxanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, Zərərçəkmiş şəxs MMC-də satış təmsilçisi vəzifəsində işləmiş, hazırda işləməyən, İmişli rayonunun Buludlu kəndində qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Mərkəzi küçəsi, 555 nömrəli çay evinin arxasında yerləşən nömrəsiz fərdi yaşayış evində yaşayan, 21 may 2021-ci il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs öz qulluq mövqeyindən istifadə etməklə mənimsəmə yolu ilə ona etibar edilmiş özgə əmlakını xeyli miqdarda ziyan vurmaqla talamışdır. Belə ki, o, ünvan 1 ünvanında fəaliyyət göstərən Zərərçəkmiş şəxs 24 yanvar 2019cu il tarixli ********* nömrəli əmri ilə satış təmsilçisi vəzifəsinə qəbul edilib işləyərkən, MMC ilə onun arasında bağlanmış həmin tarixli 00000/2019 nömrəli əmək müqaviləsi və tam fərdi maddi məsuliyyət haqqında müqaviləyə əsasən ona inanılıb tapşırılmış maddi qiymətli əmlakı satış üçün götürməsi, daşıması və gündəlik satışdan topladığı pulu təhtəl hesabla MMC-nin xəzinəsinə təhvil verib üzləşmə aparması səlahiyyətlərinə malik olmasına baxmayaraq, öz qulluq mövqeyindən istifadə etməklə özgə əmlakının mənimsənilməsinə yönəlmiş vahid niyyətlə əhatə olunan qəsdlə cinayət əməlini həyata keçirərək 24 yanvar 2019-cu il tarixdən 17 fevral 2020-ci il tarixədək olan dövr ərzində təhvil-təslim aktları ilə 27.192,66 manat dəyərində, MMC-nin ünvan 1 ünvanında yerləşən anbarından isə verdiyi sifarişlər əsasında qaimələr ilə 209.594,15 manat dəyərində "xxxx" markalı içki və kofe məhsullarını satış üçün qəbul etmiş, həmin məhsulların ticarət obyektlərində satışından əldə etdiyi 188.506,76 manat məbləğində satış pulunu MMC-nin xəzinəsinə, 1263,63 manat MMC-nin bank hesabına ödəmiş, satılmamış və istifadə müddəti keçmiş 2392,14 manat dəyərində məhsulları MMC-nin anbarına qaytarmış, faəliyyəti dövründə əmək haqqından MMC-nin xəzinəsinə 5 dəfəyə 1848,68 manat tutulmuş, 4231,56 manat dəyərində məhsul qiymət fərqinə, 608,45 manat isə ticarət güzəşti hesabına öhdəsindən azaldılmış, təhvil-təslim aktları əsasında 17.132,91 manat dəyərində ticarət obyektlərində öhdəsində olan məhsulları MMC-nin satış təmsiçilərinə təhvil vermiş, MMC-yə məxsus özgənin əmlakı olan 20.802,68 manat məbləğində pul vəsaitini isə mənimsəmə yolu ilə talayıb Zərərçəkmiş şəxs MMC-yə xeyli miqdarda maddi ziyan vurmuşdur. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.2.3 və 179.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 179.2.3 və 179.2.4-cü maddələri ilə irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs MMC-nin 24 yanvar 2019-cu il tarixli 000000019-2019 nömrəli əmri ilə satış təmsilçisi vəzifəsinə təyin edilmiş, onunla həmin tarixdə əmək və tam fərdi maddi məsuliyyət haqqında müqavilələr bağlanmışdır. Vəzifəsi MMC-nin anbarından qəbul etdiyi "xxxx" markalı içki və kofe məhsullarını özü tapdığı və ona MMC tərəfindən təhkim olunmuş ticarət obyektlərinə aparıb təhvil verməkdən ibarət olmuşdur. Belə ki, terminal vasitəsilə verdiyi sifarişləri əsasında adına qaimələr tərtib edilmiş, həmin qaimələr əsasında məhsullar günəmuzd sürücülər tərəfindən qəbul edilib, ona təhkim olunmuş ticarət obyektlərinə çatdırılmış, bundan sonra özü satış pullarını toplayıb MMC-nin xəzinəsinə ödəmişdir. Ticarət obyektlərinə məhsulları təhvil verərkən tərəfindən hər hansı qeydiyyat aparılmamış, ona təqdim edilmiş mühasibatlıq sənədlərində, audit rəyində öhdəsində 20.802,68 manat məbləğində çatışmazlığın olmasını tam təsdiq etmiş, təhvil aldığı məhsulların satışından topladığı salış pullarını MMC-nin xəzinəsinə tam ödəmədiyinə görə keçirilmiş audit yoxlaması zamanı öhdəsində 20.802,68 manat məbləğində satış pulundan çatışmazlıq əmələ gəlmişdir. Maddi imkanı zəif olduğuna görə topladığı satış pullarını şəxsi ehtiyaclarına sərf etmişdir. 21 may 2021ci il tarixdə Zərərçəkmiş şəxs MMC-yə olan borcunu tam ödəmiş, MMC-yə hər hansı məbləğdə borcu qalmamışdır. Təqsirləndirilən şəxs daha sonra ifadəsində əməlindən səmimi peşman olduğunu, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmadığını, ailə və maddi vəziyyətinin ağır olduğunu nəzərə alaraq, barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə göstərmişdir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs MMC üzrə 24 yanvar 2019-cu il tarixli əmrlə satış təmsilçisi vəzifəsinə qəbul edilmiş, həmin vəzifədə işləyərkən, MMC ilə onun arasında bağlanmış müqavilə şərtlərini pozaraq, öz qulluq mövqeyindən istifadə etməklə MMC-yə məxsus özgə əmlakı olan 20.802,68 manat məbləğində pul vəsaitini isə mənimsəmə yolu ilə talayıb Zərərçəkmiş şəxs MMC-yə xeyli miqdarda maddi ziyan vurmuşdur. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs MMC-yə vurduğu maddi ziyanı tam olaraq ödəmişdir, MMC rəhbərliyi adından təqdim edilmiş rəsmi sənədlərdən də göründüyü kimi ona qarşı şikayət və tələbləri yoxdur. Qanuna müvafiq qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs MMC-nin baş mühasibi vəzifəsində işləyir. MMC-nin fəaliyyəti müxtəlif növ konditer məhsullarının və "xxxx" markalı içki məhsullarının satışı ilə məşğul olmaqdan ibarətdir. Məhsullar ticarət obyektlərinə maddi məsul şəxslər olan sürücü-ekspeditorlar və satış təmsilçiləri vasitəsi ilə çatdırılır. Təqsirləndirilən şəxs MMC-nin 24 yanvar 2019-cu il tarixli əmri ilə satış təmsilçisi vəzifəsinə işə qəbul edilmiş, həmin tarixdə MMC ilə onun arasında əmək müqaviləsi və tam fərdi maddi məsuliyyət haqqında müqavilələr bağlanmışdır. Qeyd edilən müqavilələrə əsasən Təqsirləndirilən şəxs ona inanılıb tapşırılmış maddi qiymətli əmlakı satış üçün götürməsi, daşıması və gündəlik satışdan topladığı pulu təhtəl hesabla MMC-nin xəzinəsinə təhvil verib üzləşmə aparması səlahiyyətlərinə malik olmuşdur. 2020-ci ilin yanvar ayının sonunda Təqsirləndirilən şəxs qəbul etdiyi məhsulların satışından əldə etdiyi pulu MMC-nin xəzinəsinə tam ödəməməsi və öhdəsində satış pulundan çatışmazlıq aşkar edilmişdir. Daxili araşdırma aparıldıqdan sonra dəvət edilmiş Auditorlar Palatasının sərbəst auditoru X4 tərəfindən audit yoxlaması keçirilmiş və bu barədə 19 iyun 2020-ci il tarixli audit aktı və rəyi tərtib edilmişdir. Audit zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 24 yanvar 2019-cu il tarixdən 17 fevral 2020-ci il tarixədək olan dövr ərzində təhvil-təslim aktları ilə 27.192,66 manat dəyərində, MMC-nin ünvan 2 ünvanında yerləşən anbarından isə verdiyi sifarişlər əsasında qaimələr ilə 209.594,15 manat dəyərində "xxxx" markalı içki və kofe məhsullarını satış üçün qəbul etmiş, həmin məhsulların ticarət obyektlərində satışından əldə etdiyi 188.506,76 manat məbləğində satış pulunu MMC-nin xəzinəsinə, 1263,63 manat pulu MMC-nin bank hesabına ödəmiş, satılmamış və istifadə müddəti keçmiş 2392,14 manat dəyərində məhsulları MMC-nin anbarına qaytarmış, fəaliyyəti dövründə əmək haqqından MMC-nin xəzinəsinə 5 dəfəyə 1848,68 manat tutulmuş, 4231,56 manat dəyərində məhsul qiymət fərqinə, 608,45 manat ticarət güzəşti hesabına öhdəsindən azaldılmış, təhvil-təslim aktları əsasında 17.132,91 manat dəyərində ticarət obyektlərində öhdəsində olan məhsulları MMC-nin satış təmsiçilərinə təhvil vermiş, nəticədə Təqsirləndirilən şəxs öhdəsində 20.802,68 manat məbləğində satış pulundan çatışmazlıq aşkar edilmiş, 06 iyun 2020-ci il tarixdə Təqsirləndirilən şəxs işdən azad olunmuşdur Heç vaxt məhsulların ticarət obyektlərinə çatdırılması, keyfiyyəti, miqdarı və çəkisi barədə Təqsirləndirilən şəxs narazılığı olmamış, Təqsirləndirilən şəxs öhdəsində məhsul deyil, ticarət obyektlərindən topladığı satış pulundan çatışmazlıq yaranmış, buna isə birbaşa həmin şəxsin özü cavabdeh olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3, Şahid2 ilə eyni məzmunlu ifadə vermişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Zərərçəkmiş şəxs MMC-nin direktoru Şahid1 ərizə ilə məhkəməyə müraciət edərək istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini göstərmiş, onun iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Bununla əlaqədar həmin şahidin ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmə iclasında elan edilərək tədqiq olunarkən müəyyən edilmişdir ki, o da həmin şahidlərin ifadələrinə uyğun ifadə vermişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 19 aprel 2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs MMC-nin sürücüekspeditoru X1 Azərbaycan Respublikası CM-nin 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işinin məhkəməyə verilməsi, həmin işin materiallarından Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 179.2.3 və 179.2.4-cü maddələri ilə ********* nömrəli cinayət işinin ayrılması qərara alınmışdır. (İ cild i.v. 1-2) -Audit prosedurlarının aparılmasına dair 19 iyun 2020-ci il tarixli akt və həmin tarixli 14/09 nömrəli rəydən görünür ki, sərbəst auditor tərəfindən aparılmış yoxlama zamanı Təqsirləndirilən şəxs öhdəsində 20.802,68 manat məbləğində çatışmazlıq aşkar edilmişdir. (İ cild i.v. 11-15) -Zərərçəkmiş şəxs MMC-nin 24 yanvar 2019-cu il tarixli ********* nömrəli əmrindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə MMC-yə satış təmsilçisi vəzifəsinə təyin edilmişdir. (İ cild i.v. 26) -Zərərçəkmiş şəxs MMC-nin 24 yanvar 2019-cu il tarixli 00000/2019 nömrəli əmək və həmin tarixli tam fərdi maddi məsuliyyət haqqında müqavilələrindən görünür ki, Təqsirləndirilən şəxs MMC-dən qəbul etdiyi məhsulları ticarət obyektlərinə təhvil vermək və satışdan topladığı pulları MMC-nin xəzinəsinə ödəməyi maddi məsul şəxs kimi öhdəsinə götürmüşdür. (İ cild i.v. 27-35) -Zərərçəkmiş şəxs MMC-nin 09 iyun 2020-ci il tarixli **********2-2020 nömrəli əmrindən görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən tutduğu vəzifədən azad edilməklə, onunla bağlanmış əmək müqaviləsi ləğv edilmişdir. (İ cild i.v. 38) -Zərərçəkmiş şəxs MMC-nin xəzinəsinə mədaxilin hərəkət cədvəli və cədvələ əlavə olunmuş kassa mədaxil orderlərindən görünür ki, Təqsirləndirilən şəxs qəbul etdiyi məhsulların satışından əldə etdiyi 188.506,76 manat məbləğində satış pulunu MMC-nin xəzinəsinə ödəmiş, 4231,56 manat qiymət fərqinə, 608,46 manat isə ticarət güzəşti hesabın öhdəsindən azaldılmış, 17.132,91 manat dəyərində ticarət obyektlərində öhdəsində olan məhsulları MMC-nin satış təmsiçilərinə təhvil vermiş, faəliyyəti dövründə əmək haqqından MMC-nin xəzinəsinə 5 dəfəyə 1848,68 manat tutulmuşdur. (İ cild i.v. 39- 278) -Zərərçəkmiş şəxs MMC-nin geri qaytarılmış malların hərəkət cədvəlindən və cədvələ əlavə olunmuş qaimələrdən görünür ki, Təqsirləndirilən şəxs işlədiyi dövrdə 2392,14 manat dəyərində satılmamış və istifadə müddəti keçmiş məhsulları MMC-nin anbarına qaytarmışdır. (İ cild i.v. 279-328) -Zərərçəkmiş şəxs MMC-nin bank hesabına mədaxilin hərəkət cədvəlindən görünür ki, Təqsirləndirilən şəxs təhkim olunmuş mağazalardan 1263,63 manat məbləğində satış pulu MMC-nin bank hesabına ödənilmişdir. (İ cild i.v. 329) -Zərərçəkmiş şəxs MMC-nin malların qəbul edilməsinə dair hərəkət cədvəli və cədvələ əlavə olunmuş qaimələrdən görünür ki, Təqsirləndirilən şəxs verdiyi sifarişlər əsasında MMC-nin anbarından və digər satış təmsilçilərindən ümumilikdə 236.786,81 manat dəyərində məhsulları satış üçün qəbul etmişdir. (cild İİ - cild Vİ) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-mühasibatlıq ekspertizasına dair 26 fevral 2021-ci il tarixli 9/802 nömrəli rəyin nəticə hissəsindən görünür ki, Təqsirləndirilən şəxs öhdəsində 20.802,68 manat məbləğində satış pulunun çatışmazlığı müəyyən edilmişdir. (Vİİİ cild i.v. 29-32) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-xətşünaslıq ekspertizasının 19 mart 2021-ci il tarixli 4/274 nömrəli rəyin nəticə hissəsindən görünür ki, ekspertizaya təqdim olunmuş Zərərçəkmiş şəxs MMC-nin rəhbərliyinə ünvanlanmış 24 yanvar 2019-cu il tarixli ərizənin sağ aşağı küncündə “Təqsirləndirilən şəxs” sözündən əvvəl imza, 0000C/2019 nömrəli əmək müqaviləsinin 4-cü səhifəsinin 8.3-cü bəndində aşağıda “İşçi” sözündən əvvəl, həmin müqavilənin 5-ci səhifəsində 11.2-ci bəndindən aşağıda “İmzası” sözündən sonra, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs MMC rəhbərliyi arasında bağlanmış 24 yanvar 2019-cu il tarixli tam fərdi maddi məsuliyyət haqqında müqavilədə 5-ci bəndin aşağı hissəsində “İşçi: Təqsirləndirilən şəxs” yazısının qarşısındakı, 24 yanvar 2019-cu il tarixli tam fərdi maddi məsuliyyət haqqında əlavə müqavilədə “Satış təmsilçisi (ekspeditor); Təqsirləndirilən şəxs” sözlərindən sonrakı, 24 yanvar 2019-cu il tarixli vəzifə təlimatının 2ci səhifəsində mətnin aşağısında “Şöbəsinin satış təmsilçisi Təqsirləndirilən şəxs” sözündən sonra, 21 yanvar 2019-cu il tarixli tutuşdurma aktlarında “Təhvil aldı Təqsirləndirilən şəxs” sözündən sonra, 19 iyun 2019-cu il tarixli təhvil-təslim aktlarında “Təhvil verdi Təqsirləndirilən şəxs” sözündən sonrakı imzalar Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. (Vİİİ cild i.v. 46-50) - 21 may 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ifadələrində məhsulun bir hissəsinin bağlanmış ticarət obyektlərində qalması, bir hissəsinin isə səyyar satıcılıq fəaliyyəti ilə məşğul olan Famil adlı tanışına verməsi barədə göstərdiyi xüsusatlar cinayət işi üzrə toplanmış sübutlarla tam təkzib olunduğundan həmin dəlillər məsuliyyətini yüngülləşdirmək məqsədilə özünü müdafiə xarakterli ifadələr kimi qiymətləndirilmiş, o, təqsirləndirilən şəxs qismində cəlb edilərək Azərbaycan Respublikası CM-nin 179.2.3 və 179.2.4-cü maddələri ilə ittiham elan edilmiş, Təqsirləndirilən şəxs sifarişi əsasında tərtib edilmiş qaimələr, kassa mədaxil orderləri, təhvil-təslim aktları və ödəniş qəbzləri maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. (Vİİİ cild i.v. 88-95) Məhkəmə hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 4 saylı, 27 dekabr 1996-cı il tarixli qərarına əsasən məhkəmə hökmü səlis, aydın, anlaşılan şəkildə yazılmalı, iş üzrə müəyyən olunmuş hallar, sübutlar və məhkəmənin nəticələri hökmdə ciddi məntiqi ardıcıllıqla şərh edilməlidir. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, dövlət ittihamçısını, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsini, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.2.3 və 179.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi özünün səmimi etiraf ifadəsi ilə yanaşı mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin izahatı və şahidlərin ifadələri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 179.2.3 və 179.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 179.2.3 və 179.2.4-cü maddələrinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 179.2.3 və 179.2.4-cü maddələrinə əsasən mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama - şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə və xeyli miqdarda ziyan vurmaqla törədildikdə - dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Azərbaycan Respublikası CM-nin 179.2.3 və 179.2.4-cü maddələrində nəzərdə tutulan əməli törətmiş Təqsirləndirilən şəxs cinayət işinin ibtidai istintaqı zamanı Zərərçəkmiş şəxs MMC-yə vurduğu maddi ziyanı tam olaraq ödəsə də və MMC rəhbərliyinin ona qarşı şikayəti və tələbi olmasa da, işin məhkəmənin icraatına daxil olduğu 02 iyun 2021-ci il tarixindən yekun məhkəmə aktının çıxarıldığı 17 sentyabr 2021-ci il tarixinədək müvafiq şərait yaradılmasına baxmayaraq cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş edə bilməmişdir. Belə olan halda, Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsində nəzərdə tutulan əlamətlər olmadığından, şərtlər birlikdə yerinə yetirilmədiyindən təqsirləndirilən şəxsin həmin əsaslarla cinayət məsuliyyətindən azad edilməsinə əsas yoxdur, ona görə onun barəsində ittihamedici hökm çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 04 mart 2021-ci il tarixli tələbnamədən görünür ki, Əziz X3 Federasiyası Tümen vilayətinin Nijnevartov Şəhər Məhkəməsinin 27 iyun 2012-ci il tarixli hökmü ilə Rusiya Federasiyası CM-nin 228-ci maddəsinin 2-ci hissəsi ilə təqsirli bilinib, 03 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 10 mart 2015-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir (Vİİİ cild i.v. 27-28) -Bakı şəhəri Sabunçu rayon İHB-nın Ramana qəsəbəsi üzrə nümayəndəsi tərəfindən 15 may 2021-ci il tarixdə verilmiş xasiyyətnamədən görünür ki, nümayəndəliyə qəsəbənin Mərkəzi küçəsində qeydiyyatsız yaşayan Təqsirləndirilən şəxs barəsində heç bir ərizə və şikayət daxil olmamışdır. (Vİİİ cild i.v. 78) -Zərərçəkmiş şəxs MMC-nin 21 may 2021-ci il tarixli məktubundan görünür ki, MMC-də satış təmsilçisi vəzifəsində işləmiş Təqsirləndirilən şəxs şirkətə vurduğu 20.802,68 manat məbləğində maddi ziyanı MMC-nin xəzinəsinə tamamilə ödəmişdir, MMC-nin həmin şəxsdən heç bir şikayət və tələbi yoxdur. (Vİİİ cild i.v. 85) - 21 may 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (Vİİİ cild i.v. 137-138) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 1, 5, 18, 61 və 65-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 148-ci maddəsi və “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquq münasibətləri haqqında” Minsk Konvensiyası baxımından şərh edilməsinə dair” 7 iyun 2019-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası Konstitusiyasının 148-ci maddəsinin İİ hissəsinə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 1.2-ci maddəsinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 521-ci maddəsinin müddəalarına uyğun olaraq, yalnız Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr üzrə xarici dövlətlərin məhkəmə hökmlərinə əsasən yaranmış məhkumluğun Azərbaycan Respublikasının məhkəmələri tərəfindən cəza təyin edilərkən nəzərə alınmasına yol verilir. Məhkəmə istinad edilən qərarla müəyyən edilmiş hüquqi nəticəyə uyğun olaraq, Təqsirləndirilən şəxs Rusiya Federasiyası Tümen vilayətinin Nijnevartov Şəhər Məhkəməsinin 27 iyun 2012-ci il tarixli hökmü ilə məhkum olunmasını nəzərə almır, hesab edir ki, o, əvvəllər məhkum olunmamış şəxs kimi qəbul edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli qərarının 1-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.2.3 və 179.2.4-cü maddələri ilə törətdiyi əməllər həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə cinayət nəticəsində dəymiş maddi ziyanın tam olaraq ödənilməsini və zərərçəkmiş hüquqi şəxsin ona qarşı şikayət və tələbinin olmamasını Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal qismində Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Ali Məhkəmənin Plenumunun yuxarıda istinad edilən 25 iyun 2003-cü il tarixli qərarında həmçinin göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. İnsan hüquqları üzrə Avropa Məhkəməsi də öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən, cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, cəzasını yüngülləşdirən halı, cəzanı ağırlaşdıran halın isə olmamasını, işin faktiki hallarını nəzərə alaraq, hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması üçün cəmiyyətdən təcrid olunmamaqla barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Ona görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.2.3 və 179.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-3.1 və 51-2.1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlığın məhdudlaşdırılması növündə cəzasını yaşayış yeri üzrə çəkməli və cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə müvafiq məhkəmə qərarı olmadan hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, yaşadığı Bakı şəhərinin hüdudlarını tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulmalıdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs baxılan işlə bağlı tutulmamış, həbsdə saxlanılmamışdır, ona görə də cəza müddətinin hesablanması zamanı Azərbaycan Respublikası CM-nin 69-cu maddəsinin müddəlarının tətbiqi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli olduğundan, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3-cü maddələrinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 noyabr 2011-ci il tarixli qərarına əsasən “...müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə əsas və əlavə cəza kimi o cinayətlərə görə tətbiq edilə bilər ki, həmin cinayətlər, əsasən, vəzifə səlahiyyətlərindən istifadə və ya müəyyən fəaliyyət növü ilə məşğul olma ilə əlaqədar törədilmiş olsun. Bu cəzanın məqsədi isə vəzifə səlahiyyətlərindən və ya qulluq mövqeyindən istifadə etməklə, habelə müəyyən fəaliyyətlə məşğul olmaqla cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Bir qayda olaraq, bu cəza növü əsas və əlavə cəza kimi CM-in Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında birbaşa qeyd edildiyi hallarda tətbiq edilir. Eyni zamanda, həmin cəza əlavə cəza kimi CM-in Xüsusi hissəsinin maddəsində nəzərdə tutulmayan hallarda da təyin edilə bilər. CM-in 46.2-ci maddəsinə görə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Yuxarıda qeyd edilənlərdən belə nəticəyə gəlmək olar ki, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növü əlavə cəza kimi cinayət qanununun Xüsusi hissəsində nəzərdə tutulduğu, həm də nəzərdə tutulmadığı hallarda da tətbiq edilə bilər. Lakin sonuncu halda bu cəzanın əlavə cəza kimi tətbiqi zamanı mütləq CM-in 46-cı maddəsinə istinad edilməlidir...” Məhkəmə Azərbaycan Respublikası CM-nin 46.2-ci maddəsinə əsasən və həmin maddənin şərhinə dair Konstitusiya Məhkəməsinin Plenumunun qərarında qeyd edilənləri nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 179.2.3 və 179.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmasa da, törədilmiş cinayətin xarakteri əsas götürülməklə, təqsirləndirilən şəxsə əlavə cəza qismində maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilmə təyin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, zərərçəkmiş hüquqi şəxsə vurulan maddi ziyan məhkəməyədək icraat zamanı ödənildiyindən ona qarşı mülki iddia verilməmişdir; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınmış müvafiq sənədlər saxlama müddəti ərzində cinayət işinin materiallarında saxlanılmalı; CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi hesab olunan ekspertiza xərci ona aid hissədə təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin müvafiq hesabına ödənilməlidir. Bu zaman məhkəmə diqqətə çatdırır ki, məhkəmə-mühasibatlıq ekspertizasının 26 fevral 2021-ci il tarixli 9/802 nömrəli və məhkəmə-xətşünaslıq ekspertizasının 19 mart 2021-ci il tarixdə 4/274 nömrəli rəyləri zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs MMCnin işçiləri olmuş X2 və Təqsirləndirilən şəxs münasibətdə verilmişdir. Ekspertiza tədqiqatlarının dəyəri müvafiq olaraq 300 manat və 104 manat kimi müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, ittiham aktında məhkəmə xərcinin dəyəri 404 manat məbləğində göstərilsə də, həmin məbləğ hazırkı Təqsirləndirilən şəxs tam olaraq tutula bilməz, ondan müvafiq olaraq 150 manat və 52 manat olmaqla, cəmi 202 manat məbləğində ekspertiza xərci tutulmaqla müəyyən edilmiş hesaba köçürülməli, ekspertiza tədqiqatının dəyərinin qalıq hissəsinin tutulması məsələsinin digər şəxsin barəsində ayrılmış cinayət işi üzrə yekun akt çıxarılarkən həll edildiyi nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin ibtidai istintaqda və məhkəmədə, iş materialları ilə tanış olmaqla birlikdə, təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddət ümumilikdə 55 iş saatı müddətinə bərabər tutulduğundan, (Nazirlər Kabinetinin 03.05.2018-ci il tarixli 202 saylı qərarına əsasən) hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla müvafiq hesablaşma hesabı üzərindən 6 saylı vəkil bürosu vasitəsi ilə dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.2.3 və 179.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikası CM-nin 46.2-ci maddəsinə əsasən 01 (bir) il müddətinə maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə, 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə müvafiq məhkəmə qərarı olmadan hər gün saat 22:00dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, yaşadığı Bakı şəhərinin hüdudlarını tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Maddi sübut qismində tanınmış Təqsirləndirilən şəxs sifarişi əsasında tərtib edilmiş qaimələr, kassa mədaxil orderləri, təhvil-təslim aktları və ödəniş qəbzləri cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Məhkəmə məsrəfi olan cəmi 202 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı, iş materialları ilə tanış olmaqla birlikdə, ümumilikdə 55 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş Müdafiəçi "xxxx" ASC-nin “Qara Qarayev” filialı, kod 200145, VÖEN **********, m/h- AZ37NABZ013501**********1944, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab - AZ33AİİB********************, VÖEN - ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı vəkil bürosu vasitəsi ilə cəmi 330 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №1(007)-222/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-222/2021
17.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver