Məhkəmə qərarları › İş №1(007)-222/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-222/2023

27.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-222/2023 27.04.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, məsləhətçi Əsədullayev İrfan İlyas oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs, xx xxxxxxx 1993-cü ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, heç yerdə işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs, özgənin əmlakını açıq talama məqsədi ilə 13 yanvar 2023-cü il tarixdə saat 21:30 radələrində ünvan 2 ünvanın qarşısında Zərərçəkmiş şəxs arxadan yaxınlaşıb əlində saxladığı özünə məxsus içərisində 180 (yüz səksən) manat nağd pul və üzərində 5 (beş) manat dəyərində “Bakcell” şəbəkəsində istifadə olunan ***-***-**-** saylı mobil nömrə olan 300 (üç yüz) manat dəyərində “Samsung” markalı mobil telefon olan 50 manat dəyərində pul kisəsini dartaraq açıq talamaqla hadisə yerindən qaçıb zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs ümumilikdə 535 (beş yez otuz beş) manat dəyərində maddi ziyan vurmaqla soyğunçuluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək göstərdi ki, o, Nizami rayonu ərazisində yerləşən ünvanını dəqiq bilmədiyi mənzildə kirayə yaşamış və “Laçın” ticarət mərkəzində satıcı işləyərək ailəsini dolandırmışdır. Orta təhsilini Gəncə şəhəri 5 saylı tam orta məktəbində almışdır. 2011-ci il tarixdə həmin məktəbin məzunu olmuşdur. 2011-2013-cü il tarixlərdə hərbi xidmətdə olmuşdur, hərbi mükəlləfiyyətlidir. 2023-cü ilin yanvar ayının əvvəllərində işlədiyi geyim mağazasında alver zəif olduğundan mağazanın sahibi yaz aylarınadək onu işdən kənarlaşdırmış, belə ki, həmin aylarda onu geri işləməyə çağıracağına söz vermişdir. Bundan sonra o, Nizami rayonu ərazisində yaşamağa davam etsə də, əlində olan bir qədər pul vəsaitini tam olaraq xərcləmiş, hətta gündəlik 4 manat verməli olduğu kirayə mənzilin pulunu da düzəldib verə bilməmişdir. Həmin mənzildə qaldığı günlərin artıq borcu yığılmış, həmçinin gündəlik yemək tələbatını da ödəyə bilməmişdir, son 4 gün ərzində isə ümumiyyətlə qida qəbul etməmiş, yalnız quru çörəklə qidalanmışdır. Belə bir vəziyyət onu sıxıntıya salmış, odur ki, hər hansı bir qarşısına çıxan şəxsin əlində olan pul qabısını götürüb həmin yerdən qaçmağı düşünmüşdür. Belə ki, 13 yanvar 2023-cü il tarixdə saat 21 radələrində Nizami rayonu ərazisində yerləşən “Rahat” marketə daxil olub oradan cibində olan ümumilikdə 50 qəpik puldan 30 qəpiyini verməklə bir ədəd su almışdır. Suyu alıb marketdən çıxdıqda əlində pul kisəsi olan bir orta yaşlı qadının da marketdən bazarlıq edərək çıxdığını görmüş və həmin şəxsin pul kisəsində ona lazım olan 150 manat nağd pul vəsaitinin olacağını güman etmişdir. Həmin pul vəsaitini ələ keçirəcəyi halda artıq bir neçə müddətlik yaşayış və qida tələbatını ödəyə biləcəyini güman etmişdir. Odur ki, həmin sonradan adı ona Zərərçəkmiş şəxs kimi məlum olan şəxsin arxasınca hərəkət edib nisbətən içərisində pul olan pul kisəsini ələ keçirmək üçün münasib şərait axtarmışdır. Bir qədər hərəkət etdikdən sonra o, arxadan qadına yaxınlaşıb həmin şəxsin əlində olan pul kisəsini götürməklə qaçmağa başlamışdır. Həmin vaxt artıq saat 21:30 radələri olmuş, o, qaçmağa başlayarkən həmin qadın pul kisəsinin içərisində şəxsiyyət vəsiqəsinin olduğunu qışqıraraq bildirmiş, bunu eşidən ətrafda olan ondan yaşca kiçik kişi cinsindən olan şəxslər onun arxasınca qaçmağa başlamışlar. O, həmin şəxslərin arxasınca qaçdığını, həmçinin qadının pul kisəsinin içində şəxsiyyət vəsiqəsinin olduğunu bildirməsini düşünüb həmin pul kisəsini qaçdığı istiqamətdə özündən arxa tərəfə atıb qaçmağa davam etmişdir. Həmin arxasınca qaçan şəxslərə isə pul kisəsini arxaya atdığını, arxasınca qaçmaqlarının mənasız olduğunu bir neçə dəfə təkrarlamışdır. Odur ki, həmin şəxslər də arxasınca qaçmağı dayandırmışlar və o da həmin yerdən uzaqlaşıb “Maklerlər bağı” deyilən parkda quraşdırılmış skamyada bir qədər əyləşib nəfəs almışdır. Bundan sonra hər hansı bir miqdarda pul vəsaiti və ya digər qiymətli əşya ələ keçirə bilmədiyindən kirayə yaşadığı mənzilə geri qayıtmış, oradan isə bir neçə gün sonra Gəncə şəhərinə, ailə üzvlərinin yaşadığı ünvana getmişdir. Baş verənlər barədə isə hər hansı bir digər şəxsə heç bir fikir söyləməmişdir. Onu da qeyd etmişdir ki, o, qadından çantanı ələ keçirdiyi yer qaranlıq olduğundan, onun cinayət törətməyi üçün tam lazımı şərait olmuşdur. 22 yanvar 2023-cü il tarixdə Gəncə şəhərində yaşadığı ünvanın qarşısında olarkən polis əməkdaşları yaxınlaşıb özlərini təqdim etməklə onu Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nə dəvət etmişlər. Sonda Təqsirləndirilən şəxs, törətdiyi əməldən səmimi peşman olduğunu, zərərçəkmiş şəxslə barışıq əldə etdiyini bildirdi və barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi və onun müdafiəçisini dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün qismən etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Zərərçəkmiş şəxs məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmasına (habelə istifadəsində olan mobil nömrəsinə elektron qaydada smsbildiriş göndərilməsinə) baxmayaraq, məhkəmə iclaslarına gəlməmişdir. Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı Nizami RPİ-nin İstintaq Şöbəsinin baş müstəntiqi, polis mayoru Kənan Rzayevə 02 fevral 2023-cü il tarixli ərizə ilə müraciət edərək, ona dəymiş ziyanın təqsirləndirilən şəxsin qardaşı tərəfindən tam ödənildiyini, buna görə də təqsirləndirilən şəxslə barışdığını və sonuncuya qarşı hər hansı iddiasının, tələbinin və şikayətinin olmadığını bildirmiş, ərizədə göstərdiklərinin nəzərə alınmasını xahiş etmişdir. Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilmiş ifadəsindən görünür ki, o, 13 yanvar 2023-cü il tarixdə saat təxminən 21 radələrində yaşadığı ünvanın yaxınlığında yerləşən “Rahat” marketə gedərək oradan lazımı bazarlığı edib, bir ədəd sellofanı sol əlində, qara-qızılı rəngli pul kisəsini isə sağ əlində tutmaqla yaşadığı ünvan istiqamətində piyada hərəkət etməyə başlamışdır. O, piyada Rüstəm Rüstəmov küçəsi 59 saylı ünvanın qarşısından keçərkən saat 21:30 radələrində arxa tərəfdən bir nəfər şəxs ona yaxınlaşıb əlində olan pul kisəsini əlindən alıb qaçmağa başlamış, həmin şəxs qaçarkən ona köməklik olunsun deyə qışqırmağa başlamışdır, həmin şəxsə pul kisəsinin içində şəxsiyyət vəsiqəsinin olduğunu, pul kisəsini yerə atmasını bildirmişdir. Belə olan halda ətrafdan bir neçə nəfər cavan şəxslər də həmin şəxsin arxasınca qaçmağa başlamışlar. Sonradan həmin cavan şəxslər pul kisəsini ələ keçirən şəxsi tutub saxlaya bilməsələr də, həmin şəxsin qaçdığı istiqamətdə pul kisəsini atdığını bildirmişlər. Odur ki, o da həmin istiqamətdə baxdıqda həmin yerdən özünə məxsus pul kisəsini tapmışdır. 50 manat dəyərində pul kisəsinin içinə baxış keçirdiyi zaman orada ona məxsus 1 ədəd 100 manatlıq əsginas, 1 ədəd 50 manatlıq əsginas və 1 ədəd 10 manatlıq əsginasla ümumilikdə 160 manat pul, üzərində 5 manat dəyərində ***-***-**-** saylı Bakcell şəbəkəsində istifadə olunan mobil nömrə olan “Samsung” markalı 300 manat dəyərində mobil telefon olmadığını görmüşdür. Digər əşyaları isə, yəni 1 ədəd 20 manatlıq əsginasın və özünə məxsus bir ədəd şəxsiyyət vəsiqəsinin öz yerində olduğunu görmüşdür. Odur ki, ümumilikdə ona 515 manat ziyan dəymişdir. Sonradan isə baş verənlərlə əlaqədar yaxınlıqda olan Nizami RPİ-nin 25-ci PŞ-nə müraciət etmişdir. Müraciət etməmişdən öncə pul kisəsinin istifadəsi onda narahatlıq yaratdığından, yəni həmin ona qarşı baş vermiş cinayət faktı yadına düşdüyündən, həmin pul kisəsini yaşadıqları ünvanın yaxınlığında yerləşən zibil yeşiyinə atmış, 1 ədəd 20 manatlıq pul əsginasını isə öz şəxsi tələbatlarına xərcləmişdir. X2 məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmasına (habelə istifadəsində olan mobil nömrəsinə elektron qaydada smsbildiriş göndərilməsinə) baxmayaraq, məhkəmə iclaslarına gəlməmişdir. X1 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilmiş ifadəsindən görünür ki, o, hazırda Nizami rayonu, “Nazlı” şadlıq sarayının yaxınlığında yerləşən fərdi tikilidə gündəlik kirayə haqqı ödəməklə yaşayır. 8-ci km bazarında yerləşən mağazada geyim əşyalarının satışı ilə məşğul olmuş və gündəlik 6 manat məvacib olaraq mağaza rəhbərliyindən almış, həmçinin onun tərəfindən hər satılan geyim əşyasına görə əlavə olaraq ona 50 qəpik pul verilmişdir. Təqsirləndirilən şəxs adlı şəxsi də işlədiyi yerdən tanımış, belə ki, 2022-ci ilin yay aylarında Ülvi o, işlədiyi mağazaya gələrək orada satıcı işləməyə başlamış və həmin tarixdən sonra onların arasında dostluq münasibəti yaranmışdır. Onlar həmin şəxslərlə birlikdə hazırda yaşadığı evdə kirayə yaşamağa başlamışlar. Payız aylarında Ülvi o, işlədiyi yerdən işdən çıxsa da, “Laçın” ticarət mərkəzinin yaxınlığında işləməyə başlamış, dekabr ayının sonlarından isə sonradan əldə etdiyi məlumata əsasən işdən tam olaraq çıxmışdır. Onlar bir yerdə işlədiyi, həmçinin yaşadıqları ərəfədə Ülvi halal zəhməti ilə pul qazanan insan olmuş və yoldaşlığa yararlı şəxs kimi xarakterizə olunmuşdur. 2023-cü ilin yanvar ayının əvvəllərində Ülvi ona pul qazana bilmədiyini, maddi imkanın zəif olduğunu bildirmişdir. O da həmin şəxsə hövsələli olmağı, əgər pul qazana bilmədiyi halda, Gəncə şəhərinə geri qayıtmağı təklif etmişdir. Sonradan isə tarixi yadında qalmayan gündə, gecə saatlarında Ülvi ona bir şəxsin pul kisəsini ələ keçirdiyini, lakin keçirdikdən sonra fikrini dəyişərək dərhal pul kisəsini həmin şəxsə qaytardığını bildirmişdir. O da, Ülviyə etdiyi hərəkətin düzgün olmadığını, artıq Bakı şəhərində pul qazana bilmədiyindən günü-gündən geri düşəcəyini, ailə üzvlərinin yanına qayıdacağı halda, daha doğru yola addım atacağını qeyd etmişdir. Ülvi də onu dinləyib fikrini başa düşdükdən sonra növbəti günlər ailə üzvlərinin yaşadığı Gəncə şəhərinə geri qayıtmışdır. Gəncə şəhərində olarkən isə ara-sıra onunla əlaqə saxlaymışdır. Sonradan isə polis əməkdaşları onların yaşadıqları ünvana gələrək Ülvinin bir qadına qarşı soyğunçuluq cinayəti törətməsini bildirmişlər. O da vətəndaşlıq borcunu yerinə yetirərək Ülvinin anket məlumatları barədə bildiklərini polis əməkdaşlarına bildirmişdir. İş materiallarında olan baxış keçirilməsi barədə 16 yanvar 2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, oğurluq hadisəsi Bakı şəhəri, Nizami rayonu, Rüstəm Rüstəmov küçəsi 59 ünvanının qarşısında baş vermişdir. İş materiallarında olan götürmə və baxış keçirilməsi barədə 22 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs ona məxsus olan və baş vermiş cinayət faktı zamanı ələ keçirilmiş pul kisəsinin içində olan, sonradan isə pul kisəsi ilə birlikdə hadisə yerinin yaxınlığına atılmış AZE ******** saylı şəxsiyyət vəsiqəsi qəbul edilmiş, həmin şəxsiyyət vəsiqəsi “Asan 4” tərəfindən 17 fevral 2016-cı il tarixdə verilmiş, həmin vətəndaş Zərərçəkmiş şəxs götürülmüş bir ədəd şəxsiyyət vəsiqəsinin surəti çıxarılmaqla protokolla birlikdə ********* saylı cinayət işinə əlavə edilmişdir. İş materiallarında olan şəxsin tanınması haqqında 22 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs 13 yanvar 2023-cü il tarixdə saat 21:30 radələrində Nizami rayonu, Rüstəm Rüstəmov küçəsi 59 saylı ünvanın qarşısında ona qarşı cinayəti törədən, əlindən içərisində 180 manat nağd pulu və “Samsung” markalı mobil telefonu olan pul kisəsini dartaraq ələ keçirən şəxslə birlikdə olan şəxsi tanıyaraq bildirdi ki, həmin şəxs Təqsirləndirilən şəxsdur. İş materiallarında olan üzləşdirmə barədə 23 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs öz ifadəsini Təqsirləndirilən şəxs ilə keçirilmiş üzləşdirmədə təsdiq edərək həmin şəxsin onun əlində olan pul kisəsini əlindən dartıb açıq talayaraq hadisə yerindən qaçıb soyğunçuluq cinayəti törədən zaman ona məxsus ümumilikdə 535 (beş yez otuz beş) manat dəyərində pul və “Samsung” markalı mobil telefonunu ələ keçirdiyini bir daha bildirmişdir. İş materiallarında olan ifadənin yerində yoxlanılması haqqında 24 yanvar 2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs bir daha istintaq zamanı vermiş olduğu ifadəsini əyani olaraq təsdiq edib 13 yanvar 2023-cü il tarixdə saat 21:30 radələrində ünvan 7 ünvanın qarşısında zərərçəkmiş şəxsin əlindən pul kisəsini dartıb açıq talamaqla soyğunçuluq cinayəti törətdiyi yeri göstərmişdir. İş materiallarında olan sübutların qiymətləndirilməsi barədə 06 fevral 2023-cü il qərardan görünür ki, Təqsirləndirilən şəxs ictimai təhlükəli əməlinin Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə tövsif edilməsinin doğru hesab edilməsi, Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona həmin maddə ilə nəzərdə tutulan ittihamın elan edilməsi haqqında 24 yanvar 2023-cü il tarixli qərarın qanuni və əsaslı olduğu üçün dəyişdirilmədən qüvvədə saxlanılması, Zərərçəkmiş şəxs əmlakının ələ keçirilməsi cinayəti üzrə təqsirkar şəxsə ittiham elan edilərkən ittihamın məzmununda zərərçəkmiş şəxsə vurulan ziyanın miqdarının 535 (beş yüz otuz beş) manat nəzərə alınmasının doğru hesab edilməsi və məhkəmə baxışı zamanı nəzərə alınması, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamasının məhkəmə baxışı zamanı nəzərə alınması qərara alınmışdır. İş materiallarında olan maddi ziyanın könüllü ödənilməsi haqqında 02 fevral 2023-cü il tarixli protokoldan görünür ki, 500 (beş yüz) manat pul vəsaiti Zərərçəkmiş şəxs təqdim edilmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs Bakı şəhəri Nizami RPİ-nin İstintaq Şöbəsinin baş müstəntiqi, polis mayoru Kənan Rzayevə ünvanladığı 02 fevral 2023-cü il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs vurduğu maddi zərər tam şəkildə ödənilmişdir, hazırda heç bir şikayəti yoxdur, təqsirləndirilən şəxslə barışmışdır, ərizəsinin nəzərə alınmasını xahiş etmişdir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli, 01 nömrəli qərarının 1-ci bəndinə əsasən, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını, zərərçəkmiş şəxsə vurulmuş zərəri ödəyərək onunla barışıq əldə etməsini məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 01 fevral 2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən onun cəzasını yüngülləşdirən halların olub, cəzasını ağırlaşdıran halların olmamasını, eləcə də təqsirləndirilən şəxsin azadlıqdan məhrum etmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq, hesab edir ki, ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum edilməklə cəmiyyətdən təcrid edilməsinə əsaslar müəyyən edilmədiyinə görə təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır və tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxil edilir. İş materiallarında olan 23 yanvar 2023-cü il tarixli tutma protokolundan, 24 yanvar 2023-cü il tarixli cəlb qərarından, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 24 yanvar 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs 23 yanvar 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 24 yanvar 2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin tarixdə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin qərarı ilə barəsində 2 ay 29 gün müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 23 yanvar 2023-cü il tarixdən hesablanmışdır. İş materiallarında olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 07 mart 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1ci maddəsi ilə təqsirləndirilməsinə dair iş üzrə məhkəmə baxışı təyin edilmiş və onun barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat və məhkəmə baxışı zamanı 23 yanvar 2023-cü il tarixdən 27 aprel 2023-cü il tarixədək tutulduğu və həbsdə saxlanıldığı 03 (üç) ay 04 (dörd) gün həbsdə olma müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutulmaqla və təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq, müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Habelə, Azərbaycan Respublikası CPM-nin 175.1-ci maddəsinə əsasən qətimkan tədbiri cinayət prosesini həyata keçirən orqan tərəfindən öz səlahiyyəti daxilində, cinayət işi üzrə icraatın gedişində şübhəli və ya təqsirləndirilən şəxsin lazımi qaydada davranışının və hökmün icrasının təmin edilməsinə nail olmaq mümkün olduğu halda, daha yüngül qətimkan tədbiri ilə əvəz edilə bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edildiyinə görə hökmün icrasının təmin edilməsinə nail olmaq məqsədilə təqsirləndirilən şəxsin həbsdə saxlanılmaqla, azadlıq və bir sıra digər hüquqlarına məhdudiyyətlər qoyulmasına zərurət yoxdur və Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilməlidir. Həmçinin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin ibtidai istintaqda və məhkəmədə iştirak etdiyi müddət 30 iş saatı müddətinə bərabər olduğundan, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 180 manat (30x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona, 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat və məhkəmə baxışı zamanı 23 yanvar 2023-cü il tarixdən 27 aprel 2023-cü il tarixədək tutulduğu və həbsdə saxlanıldığı 03 (üç) ay 04 (dörd) gün müddət nəzərə alınmaqla, həbsdə saxlamanın bir gününü azadlığın məhdudlaşdırılmasının iki gününə hesablayaraq, üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 22 (iyirmi iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, Gəncə şəhərini tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi Gəncə şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilsin və Təqsirləndirilən şəxs məhkəmə iclası zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs 30 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi VÖEN – ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 180 manat əmək haqqı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar