Məhkəmə qərarları › İş №1(007)-223/2020

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-223/2020

23.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-223/2020 23.10.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, onun müdafiəçisi - Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxxxx 1954-cü il tarixdə Şəki rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxxx 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qərarı ilə cəzasının çəkilməmiş hissəsindən 02 ay 07 gün müddətini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş, məhkumluğu ödənilməmiş, Bakı şəhəri, Yasamal rayonu, M.Muxtarov küçəsi ev 117-də qeydiyyatda olan, xx xxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx xxxx 2020-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı istintaq təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə edərək, saxlamaqla daşımışdır. Belə ki, o, xx xxxx 2020-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, “Sovetski” adlanan yerdən şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən 200 manata satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 195 qram narkotik vasitə olan qurudulmuş marixuananı əldə edərək saxlamaqla üzərində daşımış, xx xxxx 2020-ci il tarixdə saat 16:40 radələrində Nizami RPİ-nin 23-cü PB-nin əməkdaşları tərəfindən Bakı şəhəri, Nizami rayonu, N.Abdullayev küçəsi, 4/44 saylı ünvanda saxlanılıb, Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospekti, 113 saylı ünvanda yerləşən 23-cü PB-nə gətirilərək üzərinə baxış keçirilən zaman əynindəki şalvarının arxa hissəsində kəmərinə keçirilmiş göy rəngli üzərində “Original Levis” yazılı sellofan paketin içərisində 195 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, narkotik vasitələrdən istifadə edir və bu səbəbdən də əvvəllər dəfələrlə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilərək məhkum olunmuşdur. Narkotik vasitəni müxtəlif vaxtlarda müxtəlif yerlərdən tanımadığı şəxslərdən alır və bu yolla narkotik vasitələrə olan ehtiyacını ödəyir. Lakin xx xxxx 2020-ci il tarixdə narkotik vasitə almamış və xx xxxx 2020-ci il tarixdə polislər onu saxlayarkən üzərində narkotik vasitə olmamışdır. Polis əməkdaşı Rəşad narkotik vasitəni onun üzərinə atmışdır. Təqsirləndirilən şəxs sualları cavablandırarkən qeyd etmişdir ki, üzərinə baxış keçirilməsi haqqında protokolu, ifadələrini özü imzalamışdır, ifadələrinin sonunda həmin ifadələri oxuyaraq təsdiq etməsi barədə qeydləri öz xətti ilə yazmışdır, işdə olan diskdə qeydə alınmış videogörüntülərdəki şəxs onun özüdür, orada narkotik vasitəni təqdim edərək əməlini etiraf etmişdir. Lakin həmin etirafını və istintaq zamanı verdiyi ifadələri təsdiq etmir, məhkəmədə verdiyi ifadənin əsas kimi qəbul edilməsini xahiş edir. Narkotik vasitənin polis əməkdaşı tərəfindən onun üzərinə atılmasını təsdiq edəcək şahidi və başqa sübutu yoxdur. Barəsində ədalətli qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ 23-cü Polis Bölməsinin cinayət axtarışı üzrə baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1 ifadəsində bildirmişdir ki, xx xxxx 2020-ci il tarixdə saat 16:40 radələrində bölmənin əməliyyat müvəkkili Mir-Ülfət Abbasovla birlikdə Nizami rayonu, N.Abdullayev küçəsi, 4/44 saylı evin yaxınlığında özünü şübhəli aparan 60-65 yaşlarında kişini görüb sonuncuya yaxınlaşmışlar. Həmin şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Təqsirləndirilən şəxs şübhələndikləri üçün onu 23-cü PB-nə aparmışlar. Bölmədə polis əməkdaşları ilə birlikdə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman onun əynindəki şalvarının arxa hissəsində kəmərinə keçirilmiş üzərində “Original Levis” yazısı olan göy rəngli sellofan paket aşkar olunmuşdur. Həmin paket açıldıqda içərisində spesifik iyi olan maddənin olduğu müəyyən edilmişdir. Bu maddənin nə olduğu soruşulduqda, Təqsirləndirilən şəxs bildirmişdir ki, marixuanadır və bir neçə gün əvvəl özü üçün istifadə etmək məqsədi ilə Yasamal rayonunun “Sovetski” adlanan ərazisindən 200 manata almışdır. Bu barədə protokol tərtib olunaraq iştirakçılar tərəfindən imzalanmış və həmin maddə qablaşdırılaraq möhürlənib ekspertizaya göndərilmişdir. Şahid1 daha sonra sualları cavablandırarkən qeyd etmişdir ki, Təqsirləndirilən şəxs şəxsən tanımamışdır, hazırkı işlə bağlı münasibətləri isə sırf xidməti işlə bağlı olmuşdur. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən videogörüntüyə alınmışdır, həmin görüntülərdə də aşkar görünür ki, üzərində hər hansı qanunsuz əşya olduğu halda təqdim etməsi barədə təklifə uyğun olaraq Təqsirləndirilən şəxs özü könüllü əynindəki şalvarının arxa hissəsində kəmərinə keçirilmiş sellofan torbanı çıxararaq təqdim edir, içərisində narkotik vasitə olduğunu, özünün bir neçə gün əvvəl aldığını bildirir. Ümumiyyətlə, şəxsin üzərində narkotik vasitənin atılması polisin xidməti fəaliyyətinə aid olmayan bir məsələdir, habelə, nəzərə alınmalıdır ki, təqsirləndirilən şəxsin üzərindən aşkar olunan narkotik vasitə böyük bağlamada, sellofan torbanın içərisində olmuşdur və belə bir bağlamanın şəxsin üzərinə atılması da mümkünsüz bir haldır. Təqsirləndirilən şəxsə onun və ya digər polis əməkdaşları tərəfindən hər hansı qanunsuz hərəkətə yol verilməmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ 23-cü Polis Bölməsinin cinayət axtarışı üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Abbasov Mir- Ülfət Mirağa oğlu, Şahid1la oxşar məzmunda ifadə vermişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: -Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə cinayət işi başlanmış və icraata qəbul edilmişdir. (i.v. 1) -Baxış keçirilməsi və maddi sübutun götürülməsi haqqında xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, hal şahidlərinin iştirakı ilə, polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs üzərinə xx xxxx 2020-ci il tarixdə 23-cü Polis Bölməsində baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs üzərində olan qeyri-qanuni əşyaları masanın üzərinə qoyaraq təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynindəki şalvarın bel hissəsində göy rəngli üzərində “Original Levis” yazısı olan selofana bükülü olan bağlamanı təqdim edib, içərisində narkotik vasitə olan marixuana olduğunu bildirərək şəxsi istifadəsi üçün Yasamal rayonu ərazisində yerləşən “Sovetski” adlı yerdə tanımadığı şəxsdən 3 gün əvvəl 200 manata aldığını və üzərində daşıdığını bildirmişdir. Təqdim olunmuş bükülü açılmış və içərisində narkotik vasitəyə oxşar spesifik iyə malik quru bitki hissələri aşkar edilmişdir. Təqsirləndirilən şəxs üzərində bir ədəd alışqan bir qutu “Vincester” markalı siqaret və 8 ədəd bir manatlıqlardan ibarət olan 8 manat pul aşkar edilmişdir. Təqsirləndirilən şəxs şəxsi əşyaları və pulu özünə qaytarılmış, üzərindən aşkar olunmuş narkotik vasitəyə oxşar maddə iştirakçılarının gözü qarşısında qablaşdırılaraq 163 saylı möhürlə möhürlənmişdir. (i.v. 11-12) -Videogörüntüyə baxış keçirilməsi haqqında xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, Nizami RPİ 23-cü PB-nin təhqiqatçısı Murad Quliyev tərəfindən şəxsi axtarış və götürmə aparılan zaman Təqsirləndirilən şəxs hüquq və vəzifələri elan edilərək üzərində qanunsuz əşya varsa təqdim etməsi təklif edilir, Təqsirləndirilən şəxs şalvarın bel hissəsində göy rəngli üzərində “Original Levis” yazısı olan selofana bükülü olan bağlamanı təqdim edib, içərisində narkotik vasitə olan marixuanna olduğunu bildirərək şəxsi istifadəsi üçün Yasamal rayonu ərazisində yerləşən “Sovetski” adlı yerdə tanımadığı şəxsdən 3 gün əvvəl 200 manata aldığını və üzərində daşıdığını bildirir. (i.v. 68) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş Məhkəmə-kimyəvi ekspertizasının xx xxxx 2020-ci il tarixli 7/411 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “vət. Təqsirləndirilən şəxs...” yazıları və imzalar olan kağız bağlamadakı 01 (bir) ədəd polietilen torbada təmiz çəkisi 195,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. (i.v. 36-38) -Maddi sübut kimi tanıma haqqında xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş 195,0 qram çəkidə qurudulmuş marixuana maddi sübut kimi tanınmış, narkotik vasitənin tədqiqata sərf edildikdən sonra qalan 194,9 qramı maddi sübutların saxlanc kamerasına təhvil verilmişdir. (i.v. 71) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X3-Narkoloji tibbi yoxlamanın xx xxxx 2020-ci il tarixli 2105 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-ci il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” qərarı ilə təsdiq edilmiş 60 yaşından yuxarı olan kişilərə və 55 yaşından yuxarı olan qadınlara, narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.7-ci bəndinə uyğun olaraq, hal-hazırda Təqsirləndirilən şəxs yaş həddi ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v. 83-84) -Sübutların qiymətləndirilməsi haqqında xx xxxxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən saxlanılmış, barəsində Azərbaycan Respublikası CMnin 234.2-ci maddəsi ilə cinayət işi başlanması rədd edilmiş, bir ədəd CD disk maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmiş, barəsindəki cinayət işinin materiallarından aşkar edilmiş narkotik vasitənin mənbəyinin müəyyən edilməsi üçün material ayrılaraq araşdırmanın davam etdirilməsi üçün Nizami RPİ-nə göndərilmişdir. (i.v. 99-102) Məhkəmə qeyd edir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi; məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması hesab olunur. X2 xx xxxx 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyası, 1971ci il tarixli “Psixotrop maddələr haqqında” və xx xxxxxx 1988-ci il tarixli “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” konvensiyalarında narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanun-suz dövriyyəsi beynəlxalq cinayət hesab edilmişdir. “Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2011-ci il tarixli, 2 nömrəli Qərarının 5-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 4 saylı, xx xxxxxx 1996-cı il tarixli qərarına əsasən məhkəmə hökmü səlis, aydın, anlaşılan şəkildə yazılmalı, iş üzrə müəyyən olunmuş hallar, sübutlar və məhkəmənin nəticələri hökmdə ciddi məntiqi ardıcıllıqla şərh edilməlidir. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək qeyd edir ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə olan 195,0 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananın mənbəyinin müəyyən edilməsi faktının araşdırılması məqsədi ilə material ayrılmışdır və nəticəsindən asılı olaraq hüquqi qiymət veriləcəkdir. Məhkəmə, dövlət ittihamçısını, təqsirləndirilən şəxsi və şahidləri dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, məhkəmə ekspertizalarının rəyləri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə Təqsirləndirilən şəxs özünü ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirli bilməməsini onun hüququ kimi qəbul edir və bununla bağlı dəlillərini əsaslı hesab etmir, onun həmin mövqeyinə münasibət bildirərək hesab edir ki, təqsirləndirilən şəxsin bu mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz. Nəzərə alınmalıdır ki, Təqsirləndirilən şəxs şübhəli şəxs kimi saxlanılıb üzərinə baxış keçirilərkən, onun özü əynindəki şalvarın bel hissəsində göy rəngli üzərində “Original Levis” yazısı olan sellofana bükülü olan bağlamanı təqdim edib, içərisində narkotik vasitə olan marixuana olduğunu bildirərək şəxsi istifadəsi üçün Yasamal rayonu ərazisində yerləşən “Sovetski” adlı yerdə tanımadığı şəxsdən 3 gün əvvəl 200 manata aldığını və üzərində daşıdığını bildirmişdir. Bu zaman videoçəkilişdən istifadə olunmuş, o cümlədən təqsirləndirilən şəxsin və hal şahidlərinin iştirakı ilə protokol tərtib edilmiş, CD disk və protokol iş materiallarına əlavə edilmişdir. Hansı ki, CD diskə baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitəni özü təqdim etmiş, narkotik vasitənin ona məxsus olduğunu və bir neçə gün əvvəl aldığını etiraf etmişdir. Baxış və götürmə zamanı tərtib olunmuş protokol təqsirləndirilən şəxsin özü tərəfindən imzalanmış, o, təhqiqat və ibtidai istintaq zamanı verdiyi ifadələrində verilmiş ittihamın mahiyyətinə uyğun ifadələr verərək əməlini etiraf etmiş, ifadələrinin sonunda həmin ifadələri oxuyaraq təsdiq etməsi barədə qeydlər yazmaqla, ifadələri öz imzası ilə təsdiq etmişdir. Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: cinayət hadisəsi olmadıqda; əməldə cinayət tərkibi olmadıqda; cinayətin törədilməsinə aidiyyəti olmadıqda; təqsirliliyi sübuta yetirilmədikdə. Məhkəmə Təqsirləndirilən şəxs göstərdiklərinə münasibətdə qeyd edir ki, cinayətprosessual qanunvericiliyinə görə, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyi təsdiq edildiyi halda bəraət hökmü çıxarılmalıdır. Lakin məhkəmə tədqiqi zamanı Təqsirləndirilən şəxs ittiham olunduğu həmin maddə ilə bəraət verilməsi üçün Azərbaycan Respublikası CPM-nin 42-ci maddəsində nəzərdə tutulmuş əsaslar məhkəmə iclasında müəyyən edilməmişdir, əksinə, müəyyən edilmişdir ki, sözügedən cinayət hadisəsi baş vermişdir; əməldə cinayət tərkibi vardır; cinayətin törədilməsinə məhz Təqsirləndirilən şəxs aidiyyəti olmuşdur və onun bu cinayət hadisəsində təqsirliliyi sübuta yetirilmişdir, hansı ki, məhkəmə bununla bağlı dəlillərini yuxarıda kifayət qədər əsaslandırmışdır. Odur ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 234.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: -Tutma haqqında xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs kimi xx xxxx 2020-ci il tarixdə tutulmuşdur. (i.v. 15) -Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 4(007)-135/2020 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddəti 03 ay həddində müəyyən edilmiş, həbsetmənin əvvəli xx xxxx 2020-ci il tarixdən hesablanmışdır (i.v. 65-66) -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X1 verilmiş xx xxxxxxxx 2020-ci il tarixli tələbnamədən, hökmün və qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxxx 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qərarı ilə cəzasının çəkilməmiş hissəsindən 02 ay 07 gün müddətini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş, cəza müddəti bitdiyindən xx xxxxxx 2019-cu il tarixdə qeydiyyatdan çıxarılmışdır. (i.v. 80- 81, 90-98) “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 12-ci bəndində göstərilmişdir ki, cinayətlərin residivi, təhlükəli residivi və xüsusi təhlükəli residivini yaradan bir neçə cinayət törətmiş şəxsə cəza təyin edərkən, cinayətin törədildiyi anadək ödənilməmiş və ya götürülməmiş məhkumluqlar nəzərə alınır. Təqsirləndirilən şəxs sonuncu dəfə xx xxxxxxxx 2017-ci il tarixli hökmlə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx xxxxxxx 2019-cu il tarixli qərarla cəzasının çəkilməmiş hissəsindən 02 ay 07 gün müddətini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş, cəza müddəti bitdiyindən xx xxxxxx 2019-cu il tarixdə qeydiyyatdan çıxarılmışdır. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Qanunvericiliyin qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, əvvəllər az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxs kimi cəzanı çəkib qurtardığı gündən iki il keçmədən, xx xxxx 2020-ci il tarixdə yenidən qəsdən cinayət törətdiyinə görə Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş hesab olunur, onun əməlində CM-nin 18.1-ci maddəsində nəzərdə tutulan qaydada cinayətlərin residivi vardır. Azərbaycan Respublikası CM-nin 15.3-cü maddəsinə əsasən bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən birbaşa və ya dolayı qəsdlə törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) qəsdən törədilmiş cinayət sayılır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə törətdiyi əməl, həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CMnin 59-cu maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin yaranmasını Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, işin faktiki hallarını nəzərə alaraq, hesab edir ki, onun islah olunması üçün törətdiyi cinayətə görə barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın müddəti onun təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə cəzasının son həddinin yarısından az olmamalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə azadlıqdan məhrum etmə növündə cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilir. Ona görə də, əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasını çəkib qurtardıqdan sonra məhkumluğu ödənilməmiş yenidən qəsdən cinayət törətmiş Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1.19-346.1.22-ci maddələrində nəzərdə tutulmuş məsələləri həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı; onun həbsdə saxlanıldığı müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesabı ilə hesablanaraq cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu xx xxxx 2020-ci il tarixdən hesablanmalı; Azərbaycan Respublikası CPM-nin 132.0.1-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan və Bakı şəhəri Nizami RPİ-nin maddi sübutları saxlama kamerasında saxlanılan 194,9 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana məhv olunmalı; 1 ədəd CD disk saxlama müddəti ərzində cinayət işinin materiallarında saxlanılmalı; Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan 69,82 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə, Ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin ibtidai istintaqda və məhkəmədə təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddət 70 iş saatı müddətinə bərabər tutulduğundan, (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən) göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla hüquqi yardıma görə iş üzrə dəvət olunmuş Müdafiəçi müvafiq hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 420 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin olunmuş cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı xx xxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut olan və Bakı şəhəri Nizami RPİ-nin maddi sübutları saxlama kamerasında saxlanılan 194,9 qram çəkidə narkotik vasitə-qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 1 ədəd CD disk saxlama müddəti ərzində cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi olan 69,82 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ**********0000003944, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmədə 70 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş Müdafiəçi “xxxxxxxxxxxx” ASC-nin “Qara Qarayev” filialı, kod 200145, VÖEN **********, m/h- AZ37NABZ013501**********1944, S.Wİ.F.T.BİK AİİBAZ2X, hesab - AZ33AİİB********************, VÖEN - ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 420 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar