Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-223/2021 30.07.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs-Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, onun müdafiəçisi-Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxx 1992-ci il tarixdə Beyləqan rayonunun 1-ci Şahsevən kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi qaydada işləyən, əvvəllər məhkum olunmamış, Beyləqan rayonunun 1-ci Şahsevən kəndində qeydiyyatda olan, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti ev 86, mənzil 74-də yaşayan, 07 may 2021-ci il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edilən, şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Belə ki, o, 24 yanvar 2021-ci il tarixdə saat 23 radələrində Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 38 ünvanında yerləşən ictimai yer olan evin yaxınlığında qeyrirəsmi ər-arvad münasibətlərində olduğu Zərərçəkmiş şəxs yaxınlaşaraq heç bir əsaslı səbəb olmadan guya ona xəyanət etməsini bəhanə edərək sonuncu ilə mübahisə edib özünün şəxsiyyətini başqa şəxsin şəxsiyyətinin fövqündə üstün qoymaqla, ictimai və şəxsi mənafeyə əhəmiyyətli zərər vuran və cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeyidlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərərək ətrafda olan şəxslərin narahatçılığına səbəb olmaqla onların gözü qarşısında yüksək səslə nalayiq ifadələr işlətməklə Zərərçəkmiş şəxs qarşı zor tətbiq edərək təpiklə və əlləri ilə sonuncunun bədəninin müxtəlif nahiyələrinə zərbələr endirərək Zərərçəkmiş şəxs döş qəfəsinin, qarnın, sol bazunun, sol süd vəzisinin, sağ budun qançırları, sol bazunun hematoması ilə nəticələnən, sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirməklə qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə 2020-ci ilin noyabr ayından şəxsi tanışlığı yaranmışdır, onunla qeyri-rəsmi ər-arvad münasibətlərində olmuşlar. 24 yanvar 2021-ci il tarixdə o, qabaqcadan Aidə ilə mobil telefon vasitəsi ilə danışıb axşam Aidənin xalası qızı Emeliyagilin evinin yaxınlığında görüşməyi planlaşdırmışdır. Aidə isə mobil telefonda anası ilə mübahisə etdiyini və əsəbi olduğunu bildirərək axşam görüşməyə razılıq vermişdir. Həmin gün axşam saat 21-22 radələrində o, Aidəyə təkrar zəng etmiş, lakin Aidə onun zənginə cavab verməmişdir. O, Aidənin qızı Röyaya sms yazaraq anasının harada olmasını soruşmuş, Röya isə ona sms vasitəsi ilə özünün Emeliyagildə olmasını, hazırda anasının yolda olduğunu, ora gəldiyini yazmışdır. O, Emeliyanın yaşadığı ünvana, yəni Nizami rayonu, Babək prospekti 38 ünvanına getmiş, küçədə dayanıb Aidənin oraya gəlməsini gözləmişdir. Həmin vaxt küçədə qonşulardan da olan olmuşdur. Təxminən saat 23 radələrində küçəyə ağ rəngli taksi maşını gəlmiş və Emeliyanın evinin qarşısında saxlamışdır. Avtomaşının qabaq sağ tərəfində Aidənin iş yoldaşı Emin adlı şəxsin oturduğunu görmüşdür. O, Emini Aidə ilə birlikdə gördükdə, Aidənin ona xəyanət etdiyini düşünmüş və Aidə taksidən düşüb Emeliyanın evinə tərəf yaxınlaşanda Aidənin qolundan tutub özünə tərəf çəkərək mübahisə etmiş, onu əli ilə itələmişdir. O, yumruqla Aidənin sinəsindən, təpiklə ayağından vuraraq xəsarət yetirmişdir. Aidə isə səs-küy salaraq ətrafdakıları köməyə çağırmış, lakin heç kim Aidəyə köməyə yaxınlaşmamışdır. Bu zaman Aidənin xalası qızı Emeliya küçəyə çıxmış və Aidəni onun əlindən alıb evə aparmışdır. O, ətrafda adamların toplaşdığını görüb oradan uzaqlaşıb getmişdir. Hadisə təxminən 10 dəqiqə davam etmişdir. Hadisəyə səbəb Emini Aidə ilə birlikdə taksi avtomaşınından düşməsini görməsi və Aidənin ona xəyanət etdiyini düşünməsi olmuşdur. Təqsirləndirilən şəxs qızı daha sonra ifadəsində əməlindən səmimi peşman olduğunu, Zərərçəkmiş şəxs ilə barışaraq birlikdə yaşadıqlarını göstərmiş və barəsində ədalətli qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, ünvan 3 ünvanında qeydiyyatda olmaqla yaşayır. 2015-ci ildə ərindən ayrılmışdır. Birgə nikahdan iki azyaşlı övladı var, anası və övladları ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs 2020-ci ilin noyabr ayından tanıyır. Onunla qeyri-rəsmi ərarvad münasibətlərində olmuşdur. Əvvəllər aralarında heç bir düşmənçilik və ədavətləri olmamışdır. Şahid xalası qızıdır, Emin isə əvvəllər onunla birlikdə eyni şirkətdə işləmişdir. Son vaxtlar onun İlyasla münasibətlərində soyuqluq yarandığından ondan ayrılmaq qərarına gəlmişdir. Bu barədə dəfələrlə İlyasa demiş, lakin İlyas hər fürsətdə onunla barışmışdır. 24 yanvar 2021-ci il tarixdə saat 23 radələrində qızı Röyanı xalası qızı Emeliyagildən götürmək üçün yaşadığı evdən çıxıb dayanacağa getmiş, dayanacaqda olan zaman təsadüfən iş yoldaşı Emini görmüşdür. Eminlə hal-əhval tutduqdan sonra Emin ondan hara gedəcəyini soruşmuşdur. O, Eminə övladını xalası qızının evindən götürməyə getdiyini demişdir. Emin taksi saxladaraq onu gedəcəyi ünvana aparmağını təklif etmişdir. O, Eminə etiraz etmədən taksiyə əyləşmiş və onlar birlikdə Emeliyagilin yaşadığı Nizami rayonu, Babək prospekti 38 ünvanına getmişlər. Həmin ünvanda tanımadığı adamlar olmuşdur. O, maşından düşəndə İlyası Emeliyagilin evinin qarşısında görmüşdür. İlyas ona yaxınlaşaraq haradan gəldiyini soruşmuş, o, İlyasa heç bir cavab vermədən qapının zəngini basmışdır. Bu an qəfildən İlyas arxadan ona yaxınlaşaraq əllə və təpiklə onun bədəninin sol tərəfinə vuraraq xəsarət yetirmişdir. Həmin vaxt o, qışqıraraq xalası qızı Emeliyanı və ətrafda olan adamları köməyə çağırmışdır. Tanımadığı taksinin sürücüsü, Emin və qonşular hadisənin şahidləri olmuşlar. Emeliya onu İlyasın əlindən birtəhər almış və birlikdə evə getmişlər. İlyas isə ətrafda adamların çox olmasını görüb oradan uzaqlaşmışdır. Hadisə təxminən 10 dəqiqə davam etmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır, birlikdə yaşayırlar, onu bağışlamışdır, heç bir şikayəti və tələbi yoxdur. İş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 38 ünvanında övladları ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs xalası qızıdır. Təqsirləndirilən şəxs isə xalası qızı Aidənin sevgilisidir. 2020-ci ilin noyabr ayından onların şəxsi tanışlıqları yaranmışdır. Belə ki, onlar qeyri-rəsmi ər arvad münasibətlərində olmuşlar. Onun İlyasla heç bir düşmənçiliyi və ədavəti olmamışdır. Emini isə qiyabi tanıyır, belə ki, Emin Aidənin iş yoldaşıdır. Aidə İlyasdan ayrılmaq qərarını bildirsə də, İlyas onun bu qərarına etiraz edərək ona hər dəfə hədəqorxu gələrək nalayiq söyüşlərlə təhqir etmiş və daim Aidəni narahat etməyə başlamışdır. 24 yanvar 2021-ci il tarixdə saat 23 radələrində Aidənin qızı Röya onlarda olmuş, Aidə taksi ilə gəlib Röyanı evinə aparmalı olmuşdur. Təxminən saat 23 radələrində evdə olan zaman küçədə səs-küy eşitmişdir. O, Aidəni səsindən tanıyaraq dərhal küçəyə qaçmışdır. Həmin vaxt küçədə qonşuları, tanımadığı taksi avtomaşınının sürücüsünü, Emini və başqa adamları görmüşdür. Bu vaxt İlyas yumruq və təpiklə Aidənin döş qəfəsinə, ayağına, qarın nahiyəsinə zərbələr yetirərək ona müxtəlif bədən xəsarətləri yetirmişdir. O, Aidəni İlyasın əlindən birtəhər almışdır. Həmin vaxt ətrafda olan adamların heç biri kömək etməmişlər. İlyas isə nalayiq küçə söyüşləri ilə Aidəni təhqir edərək oradan qaçıb uzaqlaşmışdır. Həmin hadisə təxminən 10 dəqiqə davam etmişdir. O, Aidəyə köməklik edərək evə gətirmiş və evdə onun bədəninin zərbələrin təsirindən göyərdiyini görmüşdür. Aidə səhərədək ağrıdan yatmamışdır. Növbəti gün Aidə ilə birlikdə Nizami RPİ-nin 23-cü polis bölməsinə getmişlər, Aidə İlyas tərəfindən döyülməsi barədə şikayət ərizəsi yazmışdır. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 18 mart 2021-ci il tarixli qərardan görünür ki, fakt üzrə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə cinayət işi başlanmışdır. (i.v. 1) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2 publik hüquqi şəxsin Nizami rayon şöbəsinin 29 yanvar 2021-ci il tarixli 76 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs döş qəfəsinin, qarnın, sol bazunun, sol süd vəzisinin, sağ budun qançırları, sol bazunun hematoması olmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni 24.01.2021-ci il tarixdə alınmaları mümkündür və dərəcələrinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər.Xəsarətlərin lokalizasiyasına və xüsusiyyətlərinə əsasən demək olar ki, həmin xəsarətlərin şəxsin özü tərəfindən özünə yetirilməsi, eləcə də yıxılma nəticəsində alınmaları inkar olunur. (i.v. 15-16) - 28 yanvar 2021-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs hadisə yerini əyani olaraq göstərmiş, hadisəni ifadəsində göstərilən qaydada təsvir etmişdir. (i.v. 19-21) - 29 mart 2021-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs hadisəni törətdiyi Nizami rayonu, Babək prospekti 38 ünvanında təpiklə və əlləri ilə Zərərçəkmiş şəxs vurduğu yeri əyani təqdim etmişdir. (i.v. 72-76) -Sübutların qiymətləndirilməsi haqqında 04 may 2021-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 128-ci maddəsindən həmin Məcəllənin 221.1-ci maddəsinə tövsif edilmişdir. (i.v. 88-91) Məhkəmə hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 4 saylı, 27 dekabr 1996-cı il tarixli qərarına əsasən məhkəmə hökmü səlis, aydın, anlaşılan şəkildə yazılmalı, iş üzrə müəyyən olunmuş hallar, sübutlar və məhkəmənin nəticələri hökmdə ciddi məntiqi ardıcıllıqla şərh edilməlidir. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli 1 nömrəli Qərarının 2-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür. Məhkəmə, dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini, zərərçəkmiş şəxsi və şahidi dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi özünün etirafedici ifadəsi ilə yanaşı mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidin ifadələri, ekspertiza rəyi və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər - min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 221.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə Zərərçəkmiş şəxs cinayət işi üzrə icraata xitam verilməsi barədə ərizəsinə münasibətdə isə qeyd edir ki, cinayət qanunvericiliyinin mənasına görə, xuliqanlıq ictimai qaydanı kobud surətdə pozan əməldir. Deməli, xuliqanlıq cinayətinin bilavasitə obyekti ictimai qaydadır. Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulduğu kimi, xuliqanlıq vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət olunur. Ona görə də, xuliqanlığın əlavə obyektini insanların sağlamlığının, şərəf və ləyaqətinin, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər təşkil edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, hazırkı cinayət əməli ictimai yer sayılan Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 38 ünvanında yerləşən evin yaxınlığında baş vermişdir, Təqsirləndirilən şəxs xuliqanlıq cinayətinin bilavasitə obyekti olan ictimai qaydanı kobud surətdə pozan əmələ yol verdikdən sonra Zərərçəkmiş şəxs zor tətbiq etməklə xuliqanlığın əlavə obyekti olan hərəkətə yol vermişdir. Belə olan halda, məhkəmə hesab edir ki, xuliqanlıq cinayətinin bilavasitə obyekti ictimai qayda, ictimai münasibətlər olduğundan və cinayət əməli nəticəsində ictimai qayda kobud surətdə pozulduğundan, təqsirləndirilən şəxslə zərərçəkmiş şəxsin barışması əsası ilə cinayət işi üzrə icraata xitam verilə bilməz. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: -Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı təqdim etdiyi 31 mart 2021-ci il tarixdə notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, X1 ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur, gələckdə də olmayacaqdır. (i.v. 77) -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 07 aprel 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu haqqında məlumat yoxdur. (i.v. 82) - 07 may 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (i.v. 111) -Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs bağışlayaraq barışdığını, birlikdə yaşadıqlarını, Təqsirləndirilən şəxs yüngül cəza verilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli qərarının 1-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Eləcə də, Ali Məhkəmənin Plenumunun yuxarıda istinad edilən 23 mart 2004-cü il tarixli Qərarının 13-cü bəndi ilə məhkəmələrə tövsiyyə edilmişdir ki, xuliqanlığa görə cəza təyin edərkən cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmaqla hər bir halda törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaqla təqsirləndirilən şəxslərə düzgün və ədalətli cəza təyin etsinlər. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə törətdiyi əməl həmin Məcəllənin 15.2-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal qismində Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Ali Məhkəmənin Plenumunun yuxarıda istinad edilən 25 iyun 2003-cü il tarixli qərarında həmçinin göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. İnsan hüquqları üzrə Avropa Məhkəməsi də öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən, cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən böyük ictimai təhlükə törətməyən cinayət əməli törətməsini nəzərə alaraq, hesab edir ki, onun islah olunması üçün cəmiyyətdən təcrid olunmamaqla barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Buna görə də, təqsirləndirilən şəxsə əməlinin tövsif olunduğu maddənin sanksiyası hüdudlarında islah işləri cəzası təyin edilməlidir. Məhkəmə heab edir ki, Təqsirləndirilən şəxs cəzasını iş yeri üzrə çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı onun əmək haqqından dövlət nəfinə ilk tutulmanın aparıldığı tarixdən hesablanmalı, cəzanın icrası yaşayış yeri üzrə probasiya şöbəsinə tapşırılmalıdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırkı işlə bağlı tutulmamış, həbsdə saxlanılmamışdır. Ona görə məhkəmə hesab edir ki, cəza müddətinin hesablanması və cəzanın hesaba alınması zamanı Azərbaycan Respublikası CM-nin 69cu maddəsinin müddəalarının tətbiqi üçün əsaslar yoxdur. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinin tələbinə uyğun olaraq hesab edir ki, Təqsirləndirilən şəxs islah işləri növündə cəza təyin edilməli olduğundan, onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, Zərərçəkmiş şəxs məhkəməyədək icraat və məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsə qarşı mülki iddia verməmişdir; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində hər hansı əşya, predmet tanınmamışdır; məhkəmə məsrəfinin tutulmasına səbəb olacaq ekspertiza isə keçirilməmişdir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin ibtidai istintaqda və məhkəmədə, iş materialları ilə tanış olmaqla birlikdə, təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddət ümumilikdə 50 iş saatı müddətinə bərabər tutulduğundan, (Nazirlər Kabinetinin 03.05.2018-ci il tarixli 202 saylı qərarına əsasən) göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla dəvət olunmuş müdafiəçiyə müvafiq hesablaşma hesabı üzərindən əmək haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, hər ay qazancından dövlət nəfinə 15% məbləğində pul tutulmaqla, 01 (bir) il müddətinə islah işləri cəzasına məhkum edilsin, o, cəzasını iş yeri üzrə çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs əmək haqqından dövlət nəfinə ilk tutulmanın aparıldığı tarixdən hesablansın. Cəzanın icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmədə, iş materialları ilə birlikdə, 50 saat göstərdiyi pulsuz hüquqi yardıma görə dəvət olunmuş Müdafiəçi "xxxx" ASC-nin “Qara Qarayev” filialı, kod 200145, VÖEN **********, m/h- AZ37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab - AZ33AİİB********************, VÖEN - ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı vəkil bürosu vasitəsi ilə 300 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №1(007)-223/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-223/2021
30.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver