Məhkəmə qərarları › İş №1(007)-223/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-223/2022

29.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-223/2022 29.11.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxxxx 1994-cü il tarixdə Naxçıvan MR, Ordubad rayonu, Dizə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi qaydada işləyən, əvvəllər məhkum olunmamış, Naxçıvan MR, Ordubad rayonu, Dizə kəndində qeydiyyatda olan, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, Çıraq küçəsi, 42 nömrəli fərdi yaşayış evində yaşayan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən hərəkətlərə yol verərək qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Belə ki, o, 21 aprel 2022-ci il tarixdə saat 17 radələrində ictimai yer olan Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 74 ünvanında yerləşən “Maklerlər Bağı” adlanan parkda tanışı Zərərçəkmiş şəxs ondan borclu olduğu 2 manat pulu tələb etməsini bəhanə edərək, heç bir əsaslı səbəb olmadan özünün şəxsiyyətini Zərərçəkmiş şəxs şəxsiyyətinin fövqündə üstün qoymaqla, ictimai və şəxsi mənafeyə əhəmiyyətli zərər vuran və cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeyidlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərərək ətrafdakıların narahatçılığına səbəb olmaqla Zərərçəkmiş şəxs qarşı zor tətbiq edərək yerə yıxmış və əli ilə sonuncunun sifət nahiyəsinə qəsdən vuraraq Zərərçəkmiş şəxs sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid burun belinin əzilmiş yarası və sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən alnın sıyrığından ibarət xəsarətlər yetirməklə xuliqanlıq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə 2022-ci ilin aprel ayının ortalarında Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 74 ünvanında yerləşən “Maklerlər Bağı” adlanan parkda tanış olmuşdur. Zahidlə parkda bir yerdə olan zaman özünə siqaret almaq üçün ondan 2 manat borc pul almışdır. Təxminən 7 il əvvəl “Maklerlər Bağı” adlanan parkda fərdi qaydada evlərin kirayəsi ilə məşğul olan Şahid2 ona kirayə evə tapdığı üçün həmin müddətdən onu tanıdığından 21 aprel 2022-ci il tarixdə saat 16 radələrində işləri olmadığı üçün hal-əhval tutmaq səbəbi ilə həmin parkda Təranənin yanına getmişdir. Təxminən saat 17 radələrində Təranə ilə söhbət edən zaman, Zahid kənardan sərxoş vəziyyətdə onlara yaxınlaşıb ona verdiyi 2 manat pulu geri qaytarmağını tələb etmişdir. O, üzərində pulunun olmadığını, yaxın günlərdə pulunu qaytaracağını demiş, həmçinin Təranə də Zahiddən xahiş edərək pul barəsində ona möhlət verməsini istəmişdir. Zahid içkili olduğu üçün onun ünvanına nalayiq ifadələri işlədərək pulu indi verməyini tələb edərək öz hərəkətlərinə davam etdikdə, Zahidə danışığına fikir verməsi barədə xəbərdarlıq etmişdir. Lakin Zahid yenə də onun ünvanına nalayiq ifadələr işlədə-işlədə yanından uzaqlaşıb getmək istəyəndə, onun tərəfindən təhqir olunduğu üçün əsəbiləşib Zahidə arxadan yaxınlaşaraq başını sol qolunun altına salıb yerə yıxmış, sağ əli ilə sifət nahiyəsinə bir neçə dəfə vurmuşdur. Bundan sonra yaxınlıqda xidmət aparan X4 əməkdaşları onları ayırıb polis şöbəsinə aparmışlar. Təqsirləndirilən şəxs ifadəsində daha sonra zərərçəkmiş şəxslə barışdığını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmadığını nəzərə alaraq, işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, barəsində şikayət ərizəsi ilə müraciət etdiyi Təqsirləndirilən şəxs ilə yerlisi kimi təxminən 2022-ci ilin aprel ayının ortalarında Nizami rayonu, Q.Qarayev prospekti, 74 ünvanında yerləşən “Maklerlər Bağı” adlanan parkda tanış olmuşdur. 21 aprel 2022-ci il tarixdə saat 14 radələrində Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində adını bilmədiyi kafedə spirtli içki olan araq içmişdir. Bundan sonra, saat 16 radələrində 185 saylı marşrut avtobusuna minib qeyd etdiyi “Maklerlər Bağı” adlanan parka getmişdir. Orada bir qədər gəzdikdən sonra parkın girişində əvvəlcədən tanıdığı Təranə ilə Fuadın bir yerdə söhbət etdiklərini görüb onlara yaxınlaşmış, Fuada 3-4 gün əvvəl verdiyi 2 manat borc pulunu geri istəmişdir. Lakin Fuad cavab olaraq üzərində pulunun olmadığını, yaxın günlərdə qaytara biləcəyini bildirmişdir. Bu zaman Təranə Fuadın adından danışaraq pul barədə narahat olmamasını, yaxın günlərdə qaytaracağını dedikdə, əsəbiləşib Fuadın ünvanına nalayiq ifadələr işlədərək pulunu bu gün qaytarmasını tələb etmişdir. Lakin Fuadın pulu qaytarmaq fikrində olmadığını anladıqda oradan uzaqlaşmaq istəyən zaman Fuad onun tərəfindən nalayiq ifadələrlə təhqir olunduğu üçün arxadan ona yaxınlaşıb başını qolunun altına salıb yerə yıxmış və qəsdən əli ilə bir neçə dəfə sifətinə vuraraq burun və alın nahiyyəsinə xəsarət yetirmişdir. Həmin vaxt yaxınlıqda xidmət aparan X4 əməkdaşları onları ayırıb Nizami rayon polis idarəsinin 24-cü polis şöbəsinə aparmışlar. Hadisə 21 aprel 2022-ci il tarixdə saat 17 radələrində Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 74 ünvanında yerləşən “Maklerlər” adlanan parkın girişində baş vermiş, təxminən 2-3 dəqiqə müddətində davam etmiş, orada başa çatmış, hadisə zamanı ətrafda tanımadığı kənar şəxslər olmuş, hadisənin baş verməsinə səbəb Fuada verdiyi iki manat borc pulu geri istədikdə Fuadın pulu geri qaytara bilmədiyindən onun ünvanına nalayiq ifadələr işlətdiyi üçün aralarında mübahisənin yaranması olmuşdur. Hadisə zamanı Təqsirləndirilən şəxs başını qolunun altına salıb yerə yıxmış, əli ilə sifət nahiyyəsinə bir neçə dəfə qəsdən vuraraq burun və alın nahiyyəsindən xəsarət yetirmişdir. Hadisə zamanı o, Fuadı vurmamış, ona heç bir xəsarət yetirməmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş DİN-in Əlahiddə X4 Patrul bölüyünün polis nəfəri Şahid1 ifadəsində göstərmişdir ki, 21 aprel 2022-ci il tarixdə saat 17 radələrində Nizami rayonu, Q.Qarayev prospekti, 74 ünvanında yerləşən “Maklerlər bağı” adlanan parkın qarşısında xidmətdə olan zaman iki nəfər şəxsin sözlü mübahisə etdiklərini, onlardan bir nəfərinin sərxoş olduğunu və digər şəxsə nalayiq ifadələr işlətdiyini eşitmiş, mübahisə etməmələri məqsədi ilə onlara yaxınlaşmaq istəyən zaman, təhqir olunan şəxs, onu təhqir edən şəxsə arxadan yaxınlaşıb başını qolunun altına salıb yerə yıxmış və sağ əli ilə sifət nahiyyəsinə bir neçə dəfə vuraraq bədən xəsarəti yetirdikdə, dərhal yaxınlaşıb onları ayırmışdır. Mübahisənin böyüməməsi üçün onları polis şöbəsinə aparmaq məqsədi ilə xidməti avtopatrul aparmaq istəyəndə, həmin şəxs öz hərəkətlərini davam edib qarşı tərəfə əl-qol hərəkətləri atmaq istəsə də bunun qarısını almış, daha sonra onları Nizani rayon polis idarəsinin 24-cü polis şöbəsinə aparmışdr. Polis şöbəsində məlum olmuşdur ki, həmin şəxslər Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxsdur. Hadisə 21 aprel 2022-ci il tarixdə saat 17 radələrində xidmət apardığı 9 saylı patrul sektorunda, yəni Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 74 ünvanında yerləşən “Maklerlər Bağı” adlanan parkda baş vermiş, təxminən 2-3 dəqiqə müddətində davam etmiş, hadisə zamanı ətrafda kənar şəxslər olmuş və birbaşa hadisənin şahidi özü olmuşdur. Hadisə zamanı təhqir edən şəxs Zərərçəkmiş şəxs, təhqir edilən şəxs isə Təqsirləndirilən şəxs olmuşdur. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş X2 iştirakının təmin edilməsi mümkün olmadığından onun həmin dövrdə verdiyi ifadəsi məhkəmə iclasında elan olunaraq tədqiq edilmişdir. Şahid sözügedən ifadəsində göstərmişdir ki, 2001-ci ildən Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 74 ünvanında yerləşən “Maklerlər Bağı” adlanan parkda fərdi qaydada evlərin kirayə verilməsi ilə məşğul olur. Təqsirləndirilən şəxs 7 il bundan əvvəl kirayə evə tapdığı üçün həmin vaxtdan bu günə kimi onunla əlaqə saxlayıb münasibət saxlamışdır. 21 aprel 2022-ci il tarixdə saat 16 radələrində “Maklerlər Bağı” adlanan parkda olan zaman Təqsirləndirilən şəxs hal-əhval tutmaq üçün yanına gəlmiş, təxminən saat 17 radələrində əvvəlcədən tanıdığı Zərərçəkmiş şəxs sərxoş vəziyyətdə onların yanına yaxınlaşıb Fuada 2 manat borca pul verdiyini, lakin ondan pulunu ala bilmədiyini dedikdə, Fuad ona cavab olaraq pulu yaxın günlərdə qaytaracağını demiş, həmçinin Fuada möhlət verməsi barədə özü də ondan xahiş etmişdir. Lakin Zahid nalayiq ifadələr işlədərək Fuadı təhqir edib pulu bu gün qaytarmağı barədə kobud şəkildə tələb etdikdə, Fuad ona danışığına fikir verməsi barədə xəbərdarlıq etsə də o, öz hərəkətlərinə davam edib oradan uzaqlaşan zaman Fuad təhqir olunduğu üçün Zahidə arxadan yaxınlaşıb başından tutub yerə yıxmış və sağ əli ilə sifət nahiyəsinə bir neçə dəfə qəsdən vurub ona xəsarət yetirmişdir. Bundan sonra yaxınlıqda xidmət aparan X4 əməkdaşları onları ayırıb polis şöbəsinə aparmışlar. Hadisə 21 aprel 2022-ci il tarixdə saat 17 radələrində Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 74 ünvanında yerləşən “Maklerlər Bağı” adlanan parkda baş vermiş, təxminən 2-3 dəqiqə müddətində davam etmiş, orada başa çatmış, hadisə zamanı ətrafda tanımadığı kənar şəxslər olmuş, hadisənin baş verməsinə səbəb Zahidin spirtli içkinin təsirində Təqsirləndirilən şəxs ünvanına nalayiq ifadələr işlətməsi və ondan almış olduğu iki manat pulu geri istəməsi səbəbindən aralarında baş vermiş mübahisə nəticəsində yaranmış hadisədir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 22 aprel 2022-ci il tarixli qərardan görünür ki, material üzrə Azərbaycan Respublikası CM-nin 221-ci maddəsi ilə məhkəməyədək sadələşdirilmiş icraat açılmışdır. (i.v. 2) - 22 aprel 2022-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, təhqiqatçı tərəfindən Zərərçəkmiş şəxs və hal şahidlərinin iştirakı ilə hadisə yerinə baxış keçirilmişdir. (i.v. 16-18) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3 publik hüquqi şəxsin Nizami rayon şöbəsinin 25 fevral 2022-ci il tarixli 299 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər - burun belinin əzilmiş yarası, alnın sıyrığı - bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni 21 aprel 2022-ci il tarixdə kənar şəxs tərəfindən vurulması nəticəsində alınmaları istisna olunmur, dərəcəsinə görə əzilmiş yara sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya, sıyrıq isə dərəcəsi təyin edilməyən sağlamlığa zərər vurmayan xəsarətlərə aiddirlər. Lokalizasiya və xarakterini nəzərə alaraq, demək olar ki, qeyd edilən xəsarətlər müxtəlif şəraitlərdə törənə bilərdi, digər şəxs tərəfindən əl və ayaq ilə vurulması nəticəsində alınmaları istisna olunmur, şəxsin özü tərəfindən özünə yetirilməsi inkar olunur. (i.v. 30-31) - 05 may 2022-ci il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası DİN-nin X1 Xidmətinə bilavasitə tabe olan Təhlükəsiz Şəhər Xidmətinin Nizami rayon, Q.Qarayev prospekti, 74 ünvanında quraşdırılmış TŞ 4-004 nömrəli müşahidə kamerası vasitəsilə qeydə alınmış görüntülərə baxış keçirilərkən, 21 aprel 2022-ci il tarixdə saat 17:09:50-də Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 74 ünvanında yerləşən “Maklerlər Bağı” adlanan parkın girişində Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs yerə yıxıb əli ilə zərbələr endirdiyi müəyyən olunmuşdur. (i.v. 76) - 05 may 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə tövsif edilməsi düzgün hesab edilmişdir. (i.v. 77-81) Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli Qərarının 2-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür. Məhkəmə, dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidi dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. Təhqiqat orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs və müdafiəçisinin iş üzrə icraata xitam verilməsi barədə xahişinə münasibətdə qeyd edir ki, cinayət qanunvericiliyinin mənasına görə, xuliqanlıq ictimai qaydanı kobud surətdə pozan əməldir. Deməli, xuliqanlıq cinayətinin bilavasitə obyekti ictimai qaydadır. Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulduğu kimi, xuliqanlıq vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət olunur. Ona görə də, xuliqanlığın əlavə obyektini insanların sağlamlığının, şərəf və ləyaqətinin, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər təşkil edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, hazırkı cinayət əməli ictimai yer sayılan Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 74 ünvanında, “Maklerlər Bağı” adlanan parkda, insanların istirahət və daim hərəkət etdikləri parkda baş vermişdir, Təqsirləndirilən şəxs heç bir əsaslı səbəb olmadan ictimai yer olan parkda özünün şəxsiyyətini Zərərçəkmiş şəxs şəxsiyyətinin fövqündə üstün qoymaqla, ictimai və şəxsi mənafeyə əhəmiyyətli zərər vuran və cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeyidlik, etinasızlıq göstərib, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərərək ona qarşı zor tətbiq edərək yerə yıxmış və əli ilə sonuncunun sifət nahiyəsinə qəsdən vuraraq sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid burun belinin əzilmiş yarası və sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən alnın sıyrığından ibarət xəsarətlər yetirməklə xuliqanlıq etmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs xuliqanlıq cinayətinin bilavasitə obyekti olan ictimai qaydanı kobud surətdə pozan əmələ yol verdikdən sonra Zərərçəkmiş şəxs zor tətbiq etməklə xuliqanlığın əlavə obyekti olan hərəkətə yol vermişdir. Belə olan halda, məhkəmə hesab edir ki, xuliqanlıq cinayətinin bilavasitə obyekti ictimai qayda, ictimai münasibətlər olduğundan və cinayət əməli nəticəsində ictimai qayda kobud surətdə pozulduğundan, təqsirləndirilən şəxslə zərərçəkmiş şəxsin barışması əsası ilə cinayət işi üzrə icraata xitam verilə bilməz. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 221.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 28 aprel 2022-ci il tarixli tələbnaməyə əsasən onun məhkumluğu haqqında məlumat olmadığını nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Eləcə də, Ali Məhkəmənin Plenumunun yuxarıda istinad edilən 23 mart 2004-cü il tarixli Qərarının 13-cü bəndi ilə məhkəmələrə tövsiyyə edilmişdir ki, xuliqanlığa görə cəza təyin edərkən cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmaqla hər bir halda törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaqla təqsirləndirilən şəxslərə düzgün və ədalətli cəza təyin etsinlər. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə törətdiyi əməl həmin Məcəllənin 15.2-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayətinin və tələbinin olmamasını Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal qismində Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Ali Məhkəmənin Plenumunun yuxarıda istinad edilən 25 iyun 2003-cü il tarixli Qərarında həmçinin göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi də öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla qəsdən böyük ictimai təhlükə törətməyən cinayət əməli törətməsini nəzərə alaraq, hesab edir ki, onun islah olunması üçün cəmiyyətdən təcrid olunmamaqla barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Buna görə də, ona əməlinin tövsif olunduğu maddənin sanksiyası hüdudlarında islah işləri cəzası təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs islah işləri cəzasını iş yeri üzrə çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı onun əmək haqqından dövlət nəfinə ilk tutulmanın aparıldığı tarixdən hesablanmalı, cəzanın icrası yaşayış yeri üzrə probasiya şöbəsinə tapşırılmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırkı işlə bağlı tutulmamış, həbsdə saxlanılmamışdır. Ona görə məhkəmə hesab edir ki, cəza müddətinin hesablanması və cəzanın hesaba alınması zamanı Azərbaycan Respublikası CM-nin 69cu maddəsinin müddəalarının tətbiqi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası CPM-nin 346.1.13-346.1.22-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müvafiq məsələlər müşavirə otağında məhkəmə tərəfindən müzakirə edilməlidir. Məhkəmə həmin məsələləri müzakirə edərək qeyd edir ki, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli olmadığından cəzaçəkmə müəssisəsinin növü müəyyən edilmir; onun təqsirləndirildiyi maddədə əlavə cəza nəzərdə tutulmamışdır; barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üçün əsaslar yoxdur; zərərçəkmiş şəxs tərəfindən məhkəməyədək icraat və məhkəmə icraatı zamanı mülki iddia verilməmişdir; iş üzrə maddi sübut qismində hər hansı əşya və ya predmet tanınmamışdır; məhkəmə məsrəfinin tutulmasına əsas olacaq ekspertiza keçirilməmişdir; təhqiqat orqanı tərəfindən məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə qətimkan tədbiri seçilməmişdir, hazırda da buna əsaslar və zərurət yoxdur. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı iş üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti olmadığından, qərar əsasında dövlət hesabına təyin edilmiş vəkilin məhkəməyədək icraat və məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddət ümumilikdə 60 iş saatı müddətinə bərabər tutulmaqla, (Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən) hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınaraq, müvafiq hesablaşma hesabı üzərindən əmək haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, hər ay qazancından dövlət nəfinə 20% məbləğində pul tutulmaqla, 01 (bir) il müddətinə islah işləri cəzasına məhkum edilsin, o, cəzasını iş yeri üzrə çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs əmək haqqından dövlət nəfinə ilk tutulmanın aparıldığı tarixdən hesablansın. Cəzanın icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs məhkəməyədək icraat və məhkəmə icraatı zamanı ümumilikdə 60 iş saatı göstərdiyi pulsuz hüquqi yardıma görə dəvət olunmuş Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi müvafiq hesablaşma hesabı üzərindən 360 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar