Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-223/2024 29.04.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərzadə Fərid Bəşir oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, müdafiəçi- Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi oğlunun, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, təqsirləndirilən şəxs: xx.xx.1973-cü ildə Amasiya rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini idarə etmək üçün hüquq verən vəsiqə hesab edilən Ukrayna Respublikasının saxta sürücülük vəsiqəsini pul müqabilində aldıqdan sonra həmin saxta vəsiqəni Azərbaycan Respublikasında səlahiyyətli orqanlara təqdim etməklə saxta vəsiqə əsasında Azərbaycan Respublikasının original sürücülük vəsiqəsini almaq məqsədilə şəxsiyyəti istintaqa məlum olmayan “müəllim” ləqəbli şəxs və ya qeyriləri tərəfindən istintaqa məlum olmayan vaxtda və şəraitdə blankı mətbəə çap üsulu ilə deyil, printerdə çap edilmiş, eyni növ sənədin nümunəsi ilə eynilik təşkil etməyən tam saxta Ukrayna Respublikasının “B, B1, C, C1” kateqoriyalı AHB 167310 nömrəli sürücülük vəsiqəsini əldə etmiş, Azərbaycan Respublikasının original sürücülük vəsiqəsi almaq məqsədilə həmin saxta sürücülük vəsiqəsini 23 sentyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 115 ünvanında fəaliyyət göstərən 5 saylı Bakı “Asan Xidmət” mərkəzindəki Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat İmtahan şöbəsinin məntəqəsinə saxta olduğunu bilə-bilə təqdim edib istifadə etməklə Azərbaycan Respublikasının “BB0443248” nömrəli sürücülük vəsiqəsini əldə etmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs özünü ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 320.2-ci maddəsində nəzərdə tutulmuş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, taksi sürücüsü kimi işləyə bilmək üçün sürücülük vəsiqəsi əldə etmək qərarına gəlmişdir. 50-dən çox yaşı olduğu üçün imtahan verib sürücülük vəsiqəsi almaq onun üçün çətin olduğundan başqa yolla sürücülük vəsiqəsi almaq qərarına gəlmişdir. Onun 5 saylı “Asan Xidmət”ə təqdim etdiyi Ukrayna Respublikasına məxsus sürücülük vəsiqəsi saxta imiş, çünki o, vəsiqədə göstərilən tarixdə yəni, xx.xx.2012-ci il tarixdə Ukrayna Respublikasında olmamışdır. Onun, ümumiyyətlə ümumvətəndaş pasportu yoxdur və heç vaxt Azərbaycan Respublikasının ərazisini tərk etməmişdir. Həmin sürücülük vəsiqəsini əldə etmək üçün heç bir dövlət orqanına müraciət etməmiş və imtahan verməmişdir. Həmin saxta sürücülük vəsiqəsi onun üçün Ukraynada hazırlanmışdır. Vəsiqəni kimin hazırladığını bilmir. Əməlindən peşmandır. Məhkəmədən barəsində yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs qeyd edilən əməli törətməkdə təqsiri öz ifadəsi ilə yanaşı aşağıdakılarla da təsdiq olunur. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid ifadə verərək bildirmişdir ki, 2021-ci ildən bəri Ağdaş-Bakı istiqamətində taksi fəaliyyəti ilə məşğul olur. 2023-cü ilin yay aylarında Bakı şəhərində Heydər Əliyev adına X1 dayanaraq Ağdaşa getmək üçün müştəri gözləyən vaxt əvvəllər tanımadığı, adının sonradan X2 olduğunu bildiyi şəxs Ukranya Respublikasından gəldiyini və Ağdaşa getmək istədiyini demişdir. Əziz ona demişdir ki, Azərbaycana 3 günlük gəlib və gəlmək səbəbi də sürücülük vəsiqəsi əldə etməkdir, onun Ukrayna Respublikasına məxsus sürücülük vəsiqəsi var, həmin vəsiqəni Asan Xidmətə təqdim etməklə 15-20 dəqiqə ərzində Azərbaycan Respublikasına məxsus sürücülük vəsiqəsi əldə edəcək. Əziz həmin vəsiqəni də Ukranyada “Müəllim” ləqəbi ilə tanınan bir nəfər şəxs vasitəsilə heç bir yerə getmədən, imtahan vermədən əldə etdiyini demişdir. Əziz həmçinin demişdir ki, onun tanıdığı bir çox adam bu yolla Azərbaycanda sürücülük vəsiqəsi əldə edib və heç bir problem olmadan nəqliyyat vasitələrini idarə edirlər. Əziz Kürdəmirdən keçəndə Asan Xidmətdə düşüb sürücülük vəsiqəsini dəyişmək istəmiş, amma o, avtovağzaldan iki nəfər də sərnişin götürdüyü üçün ona düşməyə icazə verməmişdir. Əziz onun mobil telefon nömrəsini götürmüş və o, da Əzizin nömrəsini qeyd etmişdir. Əziz 3 gündən sonra yenidən Ukraynaya qayıdanda onu yenidən Bakıya aparmağı üçün əlaqə saxlayacağını demişdir. 3 gün sonra o, yenidən Əzizi Bakıya aparmışdır. Həmin vaxtdan Əzizin nömrəsi onda qalmışdır. 2023-cü ilin avqust ayında usta işləyən Şahin adlı dostu ondan Ağdaşa gedəndə onun bəzi təmir-tikinti alətlərini rayona aparmağı xahiş etmişdir. O, dostunun dediyi alətləri götürmək üçün işlədiyi Binəqədi rayonu ərazisindəki evə getmişdir. Orada Şahinlə bərabər usta işləyən Elmar adlı şəxslə tanış olmuş, Elmar demişdir ki, avto-yuma yerində işləyir, sürücülük vəsiqəsi olsa, əlavə olaraq taksi sürücüsü kimi fəaliyyət göstərər. Elmar həmçinin demişdir ki, bu yaşdan sonra imtahan verib sürücülük vəsiqəsi ala bilməz. O, Elmara demişdir ki, onun tanıdığı bir nəfər adam Azərbaycanda 3 gün ərzində sürücülük vəsiqəsi əldə edib getmiş, həmçinin xarici sürücülük vəsiqəsini də dediyinə görə heç bir əziyyət çəkmədən əldə etmişdir. O, Əziz adlı şəxsə zəng etmiş və məsələni ona demişdir. Bir müddət sonra Əziz ona zəng edib demişdir ki, “Müəllim” ləqəbli şəxslə danışmışdır, adamın şəxsiyyət vəsiqəsinin şəkli, 3*4 ölçüdə fotoşəkilləri və bir də adamın özü orda olmadağı üçün 550 manat pul lazımdır. O, da bunu Elmara demiş və Elmar da razı olduğunu bildirmişdir. 2023-cü ilin sentyabr ayının sonlarında Əziz ona zəng edib demişdir ki, vəsiqə hazırdır və onu Azərbaycana gələn şəxslərlə göndərmişdir. O, da Əzizin dediyi vaxtda hava limanında olmuş və bir müddət sonra tanımadığı bir nəfər şəxs onun maşınına yaxınlaşmış və Əzizin göndərdiyi sürücülük vəsiqəsini ona vermişdir. O, da bundan sonra Elmara zəng etmiş və sürücülük vəsiqəsinin hazır olduğunu demişdir. Onlar 23 sentyabr 2023-cü il tarixdə Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 115 ünvanında fəaliyyət göstərən 5 saylı “Asan Xidmət” mərkəzinin qarşısında görüşmüşlər. O, Əzizin göndərdiyi sürücülük vəsiqəsini Elmara vermiş və Elmar da orada ona 550 manat pul vermişdir. O, pulu Əzizin göndərdiyi adama vermişdir. Daha sonra Elmarın həmin sürücülük vəsiqəsi ilə nə etdiyindən məlumatı olmamışdır. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 320.1 və 320.2-ci maddələri ilə ********* nömrəli cinayət işi başlanılmışdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş sənədlərin məhkəmə texniki ekspertizasının 18 oktyabr 2023-cü il tarixli 5/1447 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş Ukrayna Respublikasının Təqsirləndirilən şəxs adına verilmiş AHB 167310 nömrəli sürücülük vəsiqəsinə oxşar sənədin blankı mətbəə çap üsulu ilə deyil, printer vasitəsilə çap edilmişdir. Təqdim edilmiş Ukrayna Respublikasının Təqsirləndirilən şəxs adına verilmiş AHB 167310 nömrəli sürücülük vəsiqəsinə oxşar sənədin blankı Mərkəzdə olan “SDU ultra” məlumat sistemindəki eyni növ sənədin nümunəsi ilə eynilik təşkil etmir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, əməliyyat-sorğu kartotekasında Təqsirləndirilən şəxs məhkumluğu barədə heç bir məlumat yoxdur. - sübutların qiymətləndirilməsi və cinayət işinə hissəvi xitam verilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində CM-nin 320.1-ci maddəsi ilə cinayət təqibinə xitam verilmişdir. Ukrayna Respublikasının Təqsirləndirilən şəxs adına verilmiş xx.xx.2012-ci il tarixli “AHB 167310” nömrəli sürücülük vəsiqəsinə oxşar sənədi və Azərbaycan Respublikasının Təqsirləndirilən şəxs adına verilmiş xx.xx.2023-cü il tarixli BB443248 nömrəli sürücülük vəsiqəsi cinayət işi üzrə maddi sübut hesab edilmiş və cinayət işi materiallarına əlavə olunmuşdur. - təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 320.2-ci maddəsi ilə ittiham elan edilmişdir. - təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2024cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə ittiham irəli sürülmüş və əməli həmin maddəyə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs bilə-bilə hüquq verən saxta vəsiqədən istifadə etməsi toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə tamamilə sübuta yetirildi. Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, həmin sübutlar mötəbər və mümkün olmaqla Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 320.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsini tam təsdiq edir. Təqsirləndirilən şəxs cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığı üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMnin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 №li qərarında göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə cinayət əməli törətməsini, törətdiyi əməli etiraf etməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, cəzasını yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, onun islah olunması üçün barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikasının CPM-nin 346.1.19-346.1.20-ci maddələrində nəzərdə tutulmuş məsələləri həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı; cinayət işi üzrə maddi sübut olan Ukrayna Respublikasının Təqsirləndirilən şəxs adına verilmiş xx.xx.2012-ci il tarixli, “AHB 167310” nömrəli sürücülük vəsiqəsi və Azərbaycan Respublikasının Təqsirləndirilən şəxs adına verilmiş xx.xx.2023-cü il tarixli, BB443248 nömrəli sürücülük vəsiqəsi cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə məhkəmə məsrəfi olan 70 (yetmiş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin işlə tanış olduğu və məhkəmədə iştirak etdiyi müddət 42 iş saatı müddətinə bərabər olduğundan, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 232 (iki yüz otuz iki) manat (42x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 1000 (bir min) manat miqdarında cərimə cəzası təyin edilsin. Cəzanın icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Probasiya İdarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cinayət işi üzrə maddi sübut olan Ukrayna Respublikasının Təqsirləndirilən şəxs adına verilmiş xx.xx.2012-ci il tarixli, “AHB 167310” nömrəli sürücülük vəsiqəsi və Azərbaycan Respublikasının Təqsirləndirilən şəxs adına verilmiş xx.xx.2023-cü il tarixli, BB443248 nömrəli sürücülük vəsiqəsi cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi olan 70 (yetmiş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına keçirilsin. Təqsirləndirilən şəxs 42 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş Müdafiəçi 232 (iki yüz otuz iki) manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №1(007)-223/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-223/2024
29.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver