Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-223/2025 23.05.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxxxx 1977-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, üç uşağı olan, işləməyən, Bakı şəhəri Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq yaşayış sahəsi, döngə 2, ev 1-də qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 17 noyabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, 10 iyul 2024-cü il tarixdə cəza müddəti bitdiyi üçün probasiya qeydiyyatından çıxarılmış, hazırkı iş üzrə 17 dekabr 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 19 dekabr 2024-cü il tarixdə tutmadan azad olunaraq barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə metamfetamin əldə edib saxlamış və daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 0,238 qram çəkidə psixotrop maddə metamfetamin əldə edərək üzərində saxlayıb daşımış, 17 dekabr 2024-cü il tarixdə saat 13:29 radələrində ünvan 2 ünvanının yaxınlığında Bakı şəhəri Nizami rayon polis idarəsinin 24-cü polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində şübhəli şəxs qismində saxlanılaraq həmin yerdə üstü yoxlanılarkən əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,238 qram olan ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 2021-ci ildə narkotik vasitədən istifadə ilə bağlı azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş və cəzasını çəkmişdir. Təxminən 5-6 ildir ki, narkotik vasitələrin aludəçisidir. Lakin narkotik vasitələrin və psixoptrop maddələrin satışı ilə məşğul olmur. Sonuncu dəfə 17 dekabr 2024-cü il tarixdə saat 11 radələrində Bakı şəhəri Nizami rayonu ərazisində üzdən tanıdığı, şəxsiyyəti barədə heç bir məlumatı olmadığı şəxsdən 1 bükümdə psixotrop maddə metamfetamini 5 manata öz istifadəsi üçün almış və həmin bükümü əynində olan qara rəngli gödəkçənin sağ yan cibində gizlətmişdir. Həmin gün saat 13:30 radələrində şəxsi işi ilə bağlı ünvan 2 ünvanının yaxınlığında piyada hərəkət edən zaman üç nəfər mülki formalı şəxs ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşı olduqlarını bildirmişlər. Polis əməkdaşları onun narkotik maddənin əldə edilməsi və istifadəçisi kimi şübhəli olduğunu bildirərək üzərində yoxlama aparacaqlarını demişlər. O, etiraz etməmiş və videoçəkiliş aparılmaqla üzərinə yoxlama keçirilmişdir. Yoxlama zamanı ona üzərində qanunla dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya və ya predmet varsa onları təqdim etməyi təklif olunmuşdur. Bundan sonra o, əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümü təqdim edərək həmin bükümdə psixotrop maddə metamfetamin olduğunu, həmin bükümü səhər saatlarında Nizami rayonu ərazisindən üzdən tanıdığı şəxsdən 5 manata alaraq öz istifadəsi üçün üzərində saxladığını demişdir. Həmçinin gödəkçəsinin sol yan cibində olan “Samsung J2” markalı mobil telefonu da çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Təqdim etdiyi həmin psixotrop maddə onun və digər iştirakçıların yanında içərisi boş zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri bütün iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra o, 24-cü polis şöbəsinə parılmış və orada üstünün yoxlanılması ilə bağlı tərtib olunmuş protokolu da imzalamışdır. Ona məxsus mobil telefon da polis əməkdaşları tərəfindən götürülmüşdür. Polis şöbəsində ona vəkil təqdim edilmiş və vəkilin iştirakı ilə izahat vermişdir. Polis əməkdaşları tərəfindən saxlanılarkən və sonrakı araşdırma prosesində ona qarşı heç bir zor tətbiqi olmamışdır. Təqsirləndirilən şəxs ifadəsinin sonunda əməlindən səmimi peşman olduğunu və 3 azyaşlı uşağı olduğunu nəzərə alaraq, barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri Nizami rayon polis idarəsinin 24-cü poliş şöbəsinin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 24-cü polis şöbəsinə 17 dekabr 2024-cü il tarixdə Bakı şəhərində yaşayan Ceyhun adlı şəxsin Nizami rayonu ərazisində narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olduğu üçün həmin əməliyyat məlumatı raportla şöbə rəhbərliyinə məruzə edilmiş, əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə razılıq verilmişdir. Bundan sonra tədbirin həyata keçirilməsi üçün ondan, şöbənin digər əməliyyat müvəkilləri Şahid1 və Şahid3 ibarət əməliyyat qrupu təşkil olunmuşdur. Keçirdikləri tədbirlər nəticəsində 17 dekabr 2024-cü il tarixdə saat 13:29 radələrində ünvan 4 ünvanının yaxınlığında narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Təqsirləndirilən şəxs piyada hərəkət edən zaman onlar tərəfindən saxlanılmışdır. Ona özlərini təqdim edib polis əməkdaşı olduqlarını və onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmasını bildirərək üstünü yoxlayacaqlarını demişlər. Təqsirləndirilən şəxs buna etiraz etməmişdir. Həmin vaxt mobil telefonla videoçəkiliş aparmaqla Təqsirləndirilən şəxs hüquqları izah edilmiş, üzərində qanunsuz əşya varsa onu təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs da əynində olan qara rəngli gödəkçənin sağ yan cibində olan bir ədəd şəffaf sellofan bükümü çıxarıb təqdim etmişdir. Həmin bükümü açdıqda onun içərisində ağ rəngli kristal şəkilli maddə olduğu görünmüş və həmin büküm ağ zərfə qoyularaq möhürlənmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükümdə psixotrop maddə metamfetamin olduğunu və onu səhər saatlarında Nizami rayonu ərazisində üzdən tanıdığı, lakin başqa anket məlumatlarını bilmədiyi şəxsdən öz istifadəsi üçün 5 manata aldığını bildirmişdir. Yoxlama zamanı Təqsirləndirilən şəxs qara rəngli gödəkçəsinin sol yan cibində saxladığı bir ədəd “Samsung J2” markalı mobil telefon da götürülərək əhəmiyyət kəsb etdiyindən zərfə qoyulub möhürlənmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üstü yoxlanılsa da, başqa hər hansı əşya müəyyən edilməmişdir. Bundan sonra həmin şəxsi 24-cü poliş şöbəsinə apararaq üstünün yoxlanılması ilə bağlı protokol tərtib etmiş, toplanmış material təhqiqatçıya verilmişdir. Qeyd olunan tədbirlərin həyata keçirilməsi zamanı Təqsirləndirilən şəxs özünü səmimi aparmış, tərəflərindən ona qarşı qanunsuz hərəkətə yol verilməmiş, hər hansı təzyiq göstərilməmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Bakı şəhəri Nizami rayon polis idarəsinin 24-cü poliş şöbəsinin baş əməliyyat müvəkkili Şahid1 və həmin şöbənin əməliyyat müvəkkili Şahid3 iştirakları mümkün olmadığından onların həmin dövrdə verdikləri ifadələri məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş, onların Şahid2lə eyni məzmunlu ifadə verdikləri müəyyən olunmuşdur. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 18 dekabr 2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (i.v. 1) -17 dekabr 2024-cü il protokoldan görünür ki, Bakı şəhəri Nizami RPl-nin 24-cü PŞnə Təqsirləndirilən şəxs xeyli miqdarda narkotik vasitələri və psixotrop maddələrin əldə edib Bakı şəhəri Nizami rayonu ərazisində istifadə və dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı, sonuncu 17 dekabr 2024-cü il tarixdə saat 13:29-da ünvan 2 nömrəli binanın yaxınlığında saxlanılmışdır. Təqsirləndirilən şəxs hüquq və vəzifələri, o cümlədən tutulan andan müdafiəçiyə malik olmaq hüququ izah olunmuşdur. Üstünü yoxlama və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 01 bükümdə, ağ rəngli, kristal şəkilli, narkotik vasitə olan metamfetaminə bənzər kütləni təqdim etmişdir. Sonra Təqsirləndirilən şəxs üstü yoxlanılmış, yoxlama zamanı sonuncunun əynində olan qara rəngli gödəkçənin sol yan cibindən “Samsung J2” markalı mobil telefon aşkar olunmuşdur. Narkotik vasitəyə bənzər kütlə qablaşdırılmış, saxlanılan şəxs və iştirakçılar tərəfindən imzalanmış və götürülmüşdür. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq, üzərindən aşkar olunmuş maddənin narkotik vasitə olan metamfetamin olduğunu, həmin maddəni ünvan 5 ünvanının yaxınlığında tanımadığı şəxsdən 5 manat ödəməklə aldığını bildirmişdir. Üstünü yoxlama ünvan 2 nömrəli binanın yaxınlığında keçirilmişdir. Protokolu yerində tərtib etmək üçün şərait olmaması səbəbindən Nizami RPİ-nin 24-cü PŞ-nin binasında tərtib edilmişdir. Protokol iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuşdur. İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamışdır. Protokol düzgün tərtib edilmiş, imzalarla təsdiq edilmiş, protokola 01 ədəd DVD əlavə olunmuşdur. (i.v. 9-10) - 17 dekabr 2024-cü il və 18 dekabr 2024-cü il tarixli protokollardan görünür ki, Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nə daxil olmuş məlumat əsasında Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanusuz olaraq əldə edib saxlamasında və istifadə etməsində şübhəli bilindiyi üçün 17 dekabr 2024-cü il tarixdə saat 13:29-da o, ünvan 2 nömrəli binanın yaxınlığında piyada hərəkət edən zaman saxlanılaraq üstü yoxlanılmış, üzərindən 01 ədəd bükümdə ağ rəngli kristal şəkilli narkotik vasitəyə bənzər maddə aşkar edilərək 01 ədəd zərfdə qablaşdırılması və götürülməsi raportda qeyd olunmuş və aidiyyatı üzrə təqdim olunmuşdur. Təqdim olunan 02 ədəd zərfə baxış keçirilmiş, hər bir zərf bağlı vəziyyətdə olmuş, zərflərin üzəri 02 ədəd Azərbaycan Respublikası DİN yazılmış Zərflər üçün 164 №-li möhürlə möhürlənmiş vəziyyətdə olmuş, zərflərin üzərində saxlanılan şəxs Təqsirləndirilən şəxs və imza, həmçinin zərfin üzərində iştirakçıların imzaları Şahid1, imza Şahid2, imza Şahid3 yazıları yazılmış, zərfin tamlığı pozulmamışdır. Daha sonra 01 ədəd DVD-yə HP markalı kompüterdə baxış keçirilmişdir. DVD-də olan görüntülərdə təhqiqata təqdim olunan narkotik maddəyə bənzər kütlələrin aşkar olunması, Təqsirləndirilən şəxs ondan aşkar olunmuş maddənin narkotik vasitə olması barədə bildirməsi əksini tapmışdır. Protokol iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuş, protokol imzalarla təsdiq edilmişdir. Həmin görüntülərə 18 dekabr 2024-cü il tarixdə müstəntiq tərəfindən baxış zamanı qeyd olunanların öz təsdiqini tapdığı müəyyən edilmişdir. (i.v. 15, 62) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş materialların məhkəmə ekspertizasının 18 dekabr 2024-cü il tarixli 6/5507 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №164”-li dairəvi möhür əksi, “şübhəli şəxs: Təqsirləndirilən şəxs (imza)” yazısı və imzalar olan zərfdəki, 1 (bir) bükümdə təmiz çəkisi 0,238 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metafetamindir. Metafetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir. Qeyd: metamfetaminin təmiz çəkisi 0,238 qram olmuş, tədqiqata 0,05 qram sərf edilmiş, 0,188 qram qalıq qalmışdır. (i.v. 46- 49) -15 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, "xxxx" MMC-dən daxil olmuş Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə 01 noyabr 2024cü il tarixdən 18 dekabr 2024-cü il tarixədək daxil olan, həmin nömrədən çıxan zənglərin siyahısı, mesajların məzmunu və həmin nömrələrin sahiblərinin anket məlumatlarına, eləcə də 13 dekabr 2024-cü il tarixdən 18 dekabr 2024-cü il tarixədək olan müddətin anten məlumatlarına baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı nömrə 17 dekabr 2024-cü il tarixdə saat 13:03-də Bakı şəhəri, Nizami rayonu, 8-ci km-Meriya ünvanında mobil operatorun anten dairəsinə düşmüşdür. Həmin saatdan sonra mobil nömrədən istifadə edilməmişdir. (i.v. 100) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsin Ambulator Məcburi-Narkoloji tibbi yoxlamasına dair 18 dekabr 2024-cü il tarixli 7870 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v. 116-117) - 21 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən öz qüvvəsində saxlanılmış, Təqsirləndirilən şəxs götürülmüş bir ədəd bükümdə təmiz çəkisi 0,238 qram olan psixotrop maddə metamfetamin cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış, aparılmış tədqiqatlardan sonra qalıq qalmış 0,188 qram psixotrop maddə metamfetamin saxlanılması üçün Nizam, RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, əməliyyat-axtarış tədbirinin keçirilməsi və şübhəli şəxs Təqsirləndirilən şəxs yoxlanılması zamanı aparılmış video çəkilişin 1 ədəd DVD diski iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və cinayət içinin materiallarına əlavə edilmiş, Bakcell şirkətindən daxil olmuş məlumatların əks olunduğu CD diski sübut növü kimi tanınmış və iş materiallarına əlavə edilməsi nəzərə alımış, Təqsirləndirilən şəxs üzərindən götürülmüş “Samsung J2” markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etmədiyindən istintaq zamanı özünə qaytarılması nəzərə alınmış, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin tərkibi olmadığından barəsində həmin maddə ilə cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs aşkar edilmiş psixotrop maddəni əldə etmə mənbəyinin müəyyən edilməsi üçün əməliyyat tədbirlərinin davam etdirilməsi məqsədilə cinayət işindən material ayrılaraq Nizami RPİ-nin 24-cü polis şöbəsinə göndərilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234-cü maddəsinin qeydi tətbiq edilməmişdir. (i.v. 120-126) Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Məhkəmə qeyd edir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi; məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması hesab olunur. Birləşmiş Millətlər Təşkilatının 30 mart 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyası, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” və 19 dekabr 1988-ci il tarixli “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” konvensiyalarında narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanun-suz dövriyyəsi beynəlxalq cinayət hesab edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli Qərarının 4-cü və 5-ci bəndlərinə əsasən məhkəmələrə izah edilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin xeyli miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə müəyyən olunmuşdur. Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasının izahı verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri və ya psixotrop maddələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək qeyd edir ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş psixotrop maddənin mənbəyinin müəyyən edilməsi faktının araşdırılması məqsədi ilə material ayrılmışdır və nəticəsindən asılı olaraq hüquqi qiymət veriləcəkdir. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidi dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirliliyi özünün etirafedici ifadəsi ilə yanaşı mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, məhkəmə ekspertizalarının rəyləri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Odur ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 234.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarında əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - həmin maddədə nəzərdə tutulmuş cinayət məsuliyyətinə səbəb olur, bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: - 17 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs kimi həmin tarixdə tutulmuşdur. (i.v. 25) - 19 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsinə dair məhkəməyə təqdimat verilməsi barədə müstəntiqin vəsatətinin müdafiə olunmasından ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən imtina edilmiş, onun barəsində həbslə bağlı olmayan digər qətimkan tərdbiri seçilməsi qərara alınmışdır. (i.v. 76-77) -Bakı şəhəri Nizami RPİ-nin istintaq şöbəsinin müstəntiqinin 19 dekabr 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (i.v. 78) -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 14 yanvar 2025-ci il tarixli tələbnamədən və hökmün sürətindən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 17 noyabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, 10 iyul 2024-cü il tarixdə cəza müddəti bitdiyi üçün probasiya qeydiyyatından çıxarılmışdır. (i.v. 89-97) -Şəxsiyyət vəsiqəsinin və doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, X1 11 dekabr 2008-ci il tarixdə, X3 30 iyun 2015-ci il tarixdə, X2 06 may 2019-cu il tarixdə doğulmuşlar. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə törətdiyi əməl həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqlarının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal qismində Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, işin faktiki hallarını nəzərə alaraq və onun cəmiyyətdən təcrid edilmədən islah olunmasının qeyri-mümkün olması qənaətinə gələrək, hesab edir ki, təqsirləndirilən şəxsə daha yüngül cəza təyin edilməsi üçün əsaslar müəyyən edilməmişdir, törətdiyi cinayətə görə barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir. Məhkəmənin qənaətinə görə, tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir. Ona görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu, həbsdə saxlanıldığı və ev dustaqlığında saxlanıldığı müddətlər onun həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hazırkı işlə bağlı 17 dekabr 2024-cü il tarixdən 19 dekabr 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün müddət, azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılmaqla, üzərində qəti müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, cəzaçəkmə müddətinin başlanğıcı isə hökmün çıxarıldığı hazırkı tarixdən hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı cəza təyin edilməli olduğundan, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilib hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmaqla, həbs qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə iclas zalında dərhal həbs edilməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınaraq Bakı şəhəri Nizami RPİ-nin maddi sübutları saxlama kamerasında saxlanılan, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalmış psixotrop maddə məhv olunmalı, içərisində videogörüntülər olan 01 ədəd disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır; CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə, Ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti olmadığından qərar əsasında dövlət hesabına dəvət olunmuş vəkilin məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsə göstərdiyi hüquqi xidmətlərə görə (Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına və xx.xx.2025-ci il tarixli 141 saylı qərarla edilmiş dəyişikliyə əsasən hesablanaraq – 12 saat 6 manatdan, saat 11 manatdan olmaqla) əmək haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 05 (beş) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 17 dekabr 2024-cü il tarixdən 19 dekabr 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılıb, üzərində qəti olaraq 04 (dörd) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 23 may 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilib hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmaqla, həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalında dərhal həbs edilsin. Təqsirləndirilən şəxs müvafiq rejim üzrə cəzaçəkmə müəssisəsinə göndərilməsinədək həbsdə saxlanılma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı istintaq təcridxanası müəyyən edilsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi qaydada müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Maddi sübut qismində tanınmış, Təqsirləndirilən şəxs aşkar edilərək götürülməklə Bakı şəhəri Nizami RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş, ekspertiza tədqiqatından sonra qalan 0,188 qram psixotrop maddə metamfetamin məhv edilsin, içərisində videogörüntülər olan 01 ədəd DVD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Məhkəmə məsrəfi olan 114 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub, dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı dövründə göstərdiyi pulsuz hüquqi yardıma görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi müvafiq hesablaşma hesabı üzərindən 116 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №1(007)-223/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-223/2025
23.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver