Məhkəmə qərarları › İş №1(007)-224/2020

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-224/2020

29.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-224/2020 29.10.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, məsləhətçi İmanov Nizami Bəxtiyar oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs, xx xxxxxx 1990-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, sonuncu dəfə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli hökmü ilə, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə, 01 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx xxxxxx 2019-cu ildə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Sergey Yesenin küçəsi, 87 saylı evdə qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 28 May küçəsi, yeni yaşayış sahəsində yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, xx xxxx 2020-ci il tarixdə saat 10 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Papanin küçəsi adlanan ərazidə şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda, 0,248 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib daşıyaraq üstündə saxlamış və xx xxxx 2020-ci il tarixdə, təxminən saat 14:15 radələrində Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 279 ünvanında yerləşən “Alov" parkda Bakı şəhəri Nizami RPİ-nin PPXB-nin polis nəfərləri tərəfindən Respublika ərazisində müəyyən edilmiş karantin rejim qaydalarını pozduğuna görə saxlanılaraq Nizami rayonu, Heydər Əliyev prospekti 118 ünvanında yerləşən Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinə gətirilmiş, orada üstünə keçirilən şəxsi axtarış zamanı, onun əynində olan göy rəngli şalvarının sol yan cibindən 02 ədəd qara və göy rəngli siqaret kağızı bükümündə ayrı-ayrılıqda təmiz çəkisi 0,118 qram və 0,130 qram, ümumilikdə təmiz çəkisi 0,248 qram olan, qəhvəyi rəngli maddə, kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, o, “heroin” kimi bildiyi narkotik vasitəniinyeksiya yolu ilə qəbul edir. xx xxxx 2020-ci il tarixdə, saat 10 radələrində Nəsimi rayonu, Papanin adlanan yerdən adını bilmədiyi və tanımadığı şəxsdən 40 manat müqabilində 02 büküm narkotik vasitəni alaraq üzərində olan şalvarın yan cibinə qoymuşdur. Həmin gün təxminən saat 14 radələrində Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospekti 279 ünvanında yerləşən “Alov” parkı adlanan yerə gəlmişdir. Orada yol kənarı ilə gedən zaman polis əməkdaşları ona yaxınlaşmış və onun karantin rejimi vaxtında nə üçün tibbi maskadan istifadə etmədiyini soruşaraq ondan şəxsiyyətini təsdiq edən sənəd istəmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs narkotik vasitə olan heroninin təsiri altında olması səbəbi ilə polis əməkdaşlarının vermiş olduğu suallara cavab verə bilməmiş və polis əməkdaşları ondan şübhələnərək Nizami rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinə dəvət etmişlər. O, heç bir etiraz etmədən polis əməkdaşları ilə birlikdə 23-cü Polis Bölməsinə getmişdir. Orada xidməti otaqların birində şəxsiyyəti müəyyən edildikdən sonra polis əməkdaşları üzərinə baxış keçirilməsini təklif etmişlər. O, onlara etiraz etməmişdir. Bundan sonra xidməti otaqların birində dəvət edilmiş iki nəfər hal şahidinin iştirakı ilə üzərinə baxış keçirilmişdir. Baxış zamanı polis əməkdaşları təklif etmişlər ki, üzərində olan saxlanılması qadağan olunmuş əşya vardırsa təqdim etsin. Həmin vaxt onun əynində olan uzun qol qara rəngli köynəyin qolundan bir ədəd mətbəx bıçağı və göy rəngli şalvarının sol yan cibindən çıxartıdığı 02 ədəd qara və göy rəngli siqaret kağızına bükülmüş narkotik vasitəni təqdim edərək bildirmişdir ki, həmin bükülüdəki maddə “heroin” kimi tanıdığı narkotik vasitədir. O, 5-6 ildir ki, həmin “heroin” kimi tanıdığı narkotik vasitədən inyeksiya yolu ilə qəbul edir. Üzərindən aşkar edilmiş narkotik vasitəni həmin gün, yəni xx xxxx 2020-ci il tarixdə saat 10 radələrində Nəsimi rayonu, Papanin adlanan ərzidə şəxsiyyəti və əlaqə vasitəsini bilmədiyi şəxsdən öz istifadəsi üçün 40 manat müqabilində almasını bildirmişdir. Ondan aşkar edilmiş iki bükümdə olan “heroin” götürülmüş, zərfə qoyularaq qablaşdırılmış, polis əməkdaşları, hal şahidləri və o, həmin zərfi imza etmişlər. Sonda Təqsirləndirilən şəxs, törətdiyi əməldən səmimi peşman olduğunu bildirdi və barəsində yüngül həddə cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, xx xxxx 2020-ci il tarixdə təxminən saat 15 radələrində polis əməkdaşları tərəfindən hal şahidi qismində iştirak etməyi təklif olunduğundan o, təkliflə razılaşaraq Nizami RPİ-nin 23-cü PB-nin xidməti otaqlarından birinə keçmişdir. Orada ona və dəvət olunmuş digər hal şahidinə hüquq və vəzifələri elan edildikdən sonra polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs kimi təqdim edən şəxsə təklif edilmişdir ki, üzərində qanunla saxlanılması qadağan olunmuş əşya və ya maddə olduğu təqdirdə təqdim etsin. Həmin vaxt vətəndaş Təqsirləndirilən şəxs etiraz etmədən, üzərində olan gödəkçənin sağ qolunda bir ədəd mətbəx bıçağı və iki büküm narkotik vasitə olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs əynində olan uzunqol gödəkçənin sağ qolundan bir ədəd dəstəyi taxtadan olan mətbəx bıçağını və göy rəngli cins şalvarının sol yan cibindən iki ədəd siqaretin qara və göy rəngli kağızına bükülmüş, qəhvəyi rəngdə toz şəklində, spesifik iyə malik olan maddəni təqdim etmişdir. Sözügedən 2 büküm toz şəkilli maddə və bıçaq qablaşdırılaraq möhürlənmişdir. Bu barədə protokol tərtib edilmiş və protokolla bağlamaların üzəriləri onun və digər hal şahidi tərəfindən imza ilə təsdiq edilmişdir. O, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir ədavəti də olmamışdır. Şahid X2 məhkəmə iclasında Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verdilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, xx xxxx 2020-ci il tarixdə saat 14 radələrində işlədiyi Nizami RPİ-nin PPXB-nün polis nəfəri polis serjantı Şahid2 ilə birlikdə Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospektində yerləşən “Alov” parkı adlanan yerdə xidmət aparan zaman, orada sonradan tanıdıqları Təqsirləndirilən şəxs özünü şübhəli apardığını görüb, Şahid2 ilə birlikdə ona yaxınlaşmışlar. Onlar Təqsirləndirilən şəxs özlərini təqdim edərək mövcud karantin rejimində nə üçün tibbi maskadan istifadə etmədiyini və daha sonra isə üzərində şəxsiyyətini təsdiq edən hər hansı bir sənəd olub-olmamasını soruşmuşlar. O, verilən suallara cavab verə bilməyərək özünü şübhəli aparmasına görə və üzərində heç bir şəxsiyyətini təsdiq edən sənəd olmadığını dedikdə, onu Nizami RPİ-nin 23-cü Polis Bölməsinə dəvət etmişlər. Orada polis şöbəsinin xidməti otağında dəvət edilmiş iki nəfər hal şahidlərinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirməmişdən əvvəl ona təklif edilmişdir ki, üzərində hər hansı qeyri-qanuni nə varsa onları təqdim etsin. Həmin vaxt Təqsirləndirilən şəxs heç bir etiraz elmədən könüllü olaraq əynində olan qara rəngli köynəyin sağ qolundan bir ədəd qəhvəyi rəngli taxta dəstəkli bıçağı və üzərində olan şalvarın sol yan cibindən siqaretin qara və göy kağızlarına bükülmüş, qəhvəyi rəngdə toz şəklində, spesifik iyə malik olan maddəni təqdim edərək bildirmişdir ki, təqdim etdiyi maddə narkotik vasitədir. Təxminən 5-6 ildir ki, narkotik vasitələrin qəbulu ilə məşğuldur. Onun üzərindən aşkar edilmiş narkotik vasitəni Nəsimi rayonunda olan zaman öz istifadəsi üçün almışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi iki ədəd siqaretin qara və göy kağızlarına bükülmüş spesifik iyə malik olan maddə və təqdim etdiyi qəhvəyi rəngli taxta dəstəkli bıçaq götürülərək zərfə qoyulmuş, qablaşdırılaraq DİN-nin 64 saylı möhrü ilə möhürlənmiş, qablaşdırılmış zərf onun, Təqsirləndirilən şəxs, digər hal şahidi və polis əməkdaşları tərəfindən imzalanmışdır. Bundan sonra bildirilmişdir ki, həmin maddənin tərkibi məhkəmə-kimyəvi ekspertizası vasitəsi ilə müəyyən ediləcəkdir. Bununla yanaşı olaraq bıçaqın soyuq silah olub-olmaması məhkəmə-ballistik ekspertizası vasitəsi ilə müəyyən ediləcək. Baxış zamanı videoçəkilişdən istifadə edilmişdir. Bütün iştirakçılar, həmçinin Təqsirləndirilən şəxs baxış zamanı videoçəkilişin aparılmasına etiraz etməmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs qarşı heç bir təzyiq olunmamışdır. İş materiallarında olan şəxsi axtarış və götürmə keçirilməsi barədə xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman sonuncuya üzərində qanunsuz əşya varsa təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs əynində olan tünd qara rəngli uzunqol köynəyinin sağ qolunun içərisindən bir ədəd qəhvəyi rəngli taxta dəstəkli bıçaq, əynində olan göy rəngli cins şalvarının sol yan cibindən iki ədəd siqaretin göy və qara rəngli kağızlarına bükülmüş içərisində qəhvəyi rəngli, toz şəkilli, spesifik iyə malik kütlə aşkar edilərək götürülmüş, Təqsirləndirilən şəxs həmin bükümdəkilərin narkotik vasitə olmasını, xx xxxx 2020-ci il tarixdə saat 10 radələrində “Papanin” adlanan ərazidə tanımadığı şəxsdən 40 manata şəxsi istifadəsi üçün almasını bildirmişdir. İş materiallarında olan məhkəmə fiziki-kimyəvi ekspertizasının xx xxxx 2020-ci il tarixli, 6/1159 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Arayışlar üçün №163” dairəvi möhür əksi olan “Vət. Təqsirləndirilən şəxs əynində olan göy cins şalvarın sol yan cibindən aşkar olunmuş 2 ədəd bükülü və içərilərində qəhvəyi rəngli narkotik maddəyə oxşar kütlə” sözləri və imzalar qeyd edilmiş bir ədəd zərfdə qablaşdırılmış iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,118 qram, 0,130 qram, ümumilikdə təmiz çəkisi 0, 248 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr-in siyahısına (Siyahı İ) daxildir. Həmin maddənin 0,05 qram hissəsi tədqiqata sərf edilmiş, 0,198 qram hissəsi qalıq qalmışdır. İş materiallarında olan xx xxxx 2020-ci il tarixli “video görüntüyə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, xx xxxx 2020-ci il tarixdə saat 14:15 radələrində Təqsirləndirilən şəxs Bakı şəhəri, Nizami RPİ-nin PPXB-nün əməkdaşları tərəfindən Nizami rayonu, Heydər Əliyev prospekti 279 ünvanında şübhəli şəxs qismində saxlanılaraq Nizami rayonu, Heydər Əliyev prospekti 118 ünvanında yerləşən Nizami RPİnin 23-cü PB-nə gətirilmiş, orada xidməti otaqların birində dəvət edilmiş hal şahidlərinin iştirakı ilə Təqsirləndirilən şəxs keçiriləcək baxış zamanı videoçəkilişdən istifadə ediləcəyi bildirilir və sonuncu buna etiraz etmədiyini bildirir. Buna görə polis əməkdaşları tərəfindən protokol tərtib edilir və videoçəkilişin aparılması başlanılır. Sonra Təqsirləndirilən şəxs üstünə baxış keçirməmişdən əvvəl ona üzərində saxlanılması qadağan olunmuş əşya və ya maddə olduğu təqdirdə onları təqdim etməsi təklifi olunur. Həmin təklifə əsasən Təqsirləndirilən şəxs heç bir etiraz bildirmədən könüllü olaraq tünd qara rəngli uzunqol köynəyin sağ qolunun içərisindən bir ədəd qəhvəyi rəngli taxta dəstəkli bıçaq, əynində olan göy rəngli cins şalvarın sol yan cibindən iki ədəd siqaretin göy və qara rəngli kağızlarına bükülmüş içərisində qəhvəyi rəngli heroinin kimi tanıdığı, həmin narkotik vasitəni xx xxxx 2020-ci il tarixdə təxminən saat 10 radələrində Nəsimi rayonu, Papanin adlanan ərazidə adını bilmədiyi və tanımadığı şəxsdən 40 manat ödəməklə almasını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs götürülmüş 02 ədəd siqaretin qara və qara kağızına bükülmüş heroin zərfə qablaşdırılaraq DİN-nin 64 №-li möhürü ilə möhürlənir, bu barədə polis əməkdaşları tərəfindən müvafiq protokol tərtib edilir, aparılmış videoçəkilişin 01 ədəd “DVD” diski protokola əlavə edilir, protokol iştirakçılara ucadan oxunur və düzgün tərtib edildiyinə görə imzalanır. İş materiallarında olan məhkəmə-ballistik ekspertizasının xx xxxx 2020-ci il tarixli, 3/679 saylı rəyindən görünür ki, təqdim edilmiş predmet zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan məişət təyinatlı mətbəx bıçağıdır, soyuq silah hesab edilmir. İşdə olan ambulator məcburi-narkoloji tibbi yoxlamanın 2033 saylı, xx xxxx 2020-ci il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui- istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan məhkəmə fiziki-kimyəvi ekspertizasının xx xxxxxxxx 2020-ci il tarixli, 6/1763 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Arayışlar üçün №65” dairəvi möhür əksi olan MEM-ə məxsus bir ədəd kağız paketdə qablaşdırılmış bir ədəd zərfin içərisində iki ədəd bükümdə ümumilikdə təmiz çəkisi 0,198 qram olan heroinlər xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eynidirlər.Heroin 2005-ci il 28 iyun tarixliAzərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir.Həmin maddənin 0,05 qram hissəsi tədqiqata sərf edilmiş, 0,148 qram hissəsi qalıq qalmışdır. İş materiallarında olan sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.2 və 228.4-cü maddələri ilə cinayət işinin başlanmasının rədd edilməsi, Təqsirləndirilən şəxs götürülmüş bir ədəd zərfdə siqaretin qara və göy rəngli kağızına bükülmüş 02 ədəd bükümündə ümumi təmiz çəkisi 0,248 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroinin maddi sübut kimi tanınması, bununla yanaşı bir ədəd bıçağın maddi sübut kimi tanınması və təhqiqata sərf edildikdən sonra qalıq 0,148 qram olan heroinin maddi sübutların saxlama kamerasına təhvil verilməsi, 01 ədəd DVD diskin maddi sübut kimi tanınması qərara alınmışdır. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, əvvəllər məhkum olunmasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal hesab edir. Qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşTəqsirləndirilən şəxs, məhkumluğu ödənilmədən və ya götürülmədən, yenidən qəsdən cinayət törətməsini məhkəmə cinayətlərin residivi və Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayət törədilməsi cinayətin residivini yaradır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və X1 xx xxxx 2020-ci il tarixli arayışından və Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli hökmü ilə, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə, 01 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx xxxxxx 2019-cu ildə cəzasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş sayılır. Bununla da işdə olan sübutlarla isə təsdiq olunur ki, məhkumluğu vaxtından əvvəl götürülməmiş Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini, az ağır cinayət törətməyə görə əvvəllər məhkum olunduğu azadlıqdan məhrum etmə cəzasından azad edildiyi gündən 2 il keçmədən törətmişdir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə növündə cəzanın xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Buna görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının son həddinin yarısından az olmamaqla, cəza təyin edilməli və cəzanın çəkilməsi ciddi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İş materiallarında olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2020-ci il, xx xxxxxx 2020-ci il və xx xxxxxxxx 2020-ci il tarixli qərarlarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində 02 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx xxxx 2020-ci il tarixdən hesablanmış, xx xxxxxx 2020-ci il tarixdə həbsdə saxlama müddəti xx xxxxxxxx 2020-ci il tarixədək uzadılmış, xx xxxxxxxx 2020-ci il tarixdə isə xx xxxxxxx 2020-ci il tarixədək uzadılmışdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərarına əsasən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə məhkəməyə verilməsi, işin məhkəmə baxışının təyin edilməsi və barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93 və 93- 1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Nizami rayon Polis İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan, xalis çəkisi 0,148 qram olan narkotik vasitə - heroin və 01 ədəd bıçaq məhv edilməlidir. Habelə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən məhkəmə fiziki-kimyəvi və məhkəmə ballistik ekspertizalarının keçirilməsinə xərclənmiş 194 (yüz doxsan dörd) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmiş 01 (bir) ədəd “DVD” disk Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmçinin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin ibtidai istintaqda iştirak etdiyi müddət 30 iş saatı və məhkəmədə iştirak etdiyi müddət 30 iş saatı, cəmi 60 iş saatı müddətinə bərabər olduğundan, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 360 (üç yüz altmış) manat (60x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-cimaddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Cəzanın çəkilməsi Təqsirləndirilən şəxs ciddi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablansın və cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni xx xxxx 2020-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin. İş üzrə məhkəmə fiziki-kimyəvi və məhkəmə ballistik ekspertizalarının keçirilməsinə xərclənmiş 194 (yüz doxsan dörd) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Nizami rayon Polis İdarəsinin maddi sübutların saxlanması kamerasında saxlanılan, xalis çəkisi 0,148 qram olan narkotik vasitə - heroin və 01 ədəd bıçaq məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarında saxlanılan 01 (bir) ədəd DVD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Təqsirləndirilən şəxs 60 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi VÖEN – ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 360 (üç yüz altmış) manat əmək haqqı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən isə apellyasiya şikayəti hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar