Məhkəmə qərarları › İş №1(007)-224/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-224/2022

26.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-224/2022 26.08.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs1, onun müdafiəçisi-Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2, onun müdafiəçisi-Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxxx 1999-cu il tarixdə Bakı şəhərində anadan olmuş, vətəndaşlığı olmayan, natamam orta təhsilli, subay, Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsi, Aşıq Qurban küçəsi, ev 25, mənzil 484-də müvəqqəti qeydiyyatla yaşamış, hazırkı işlə bağlı 04 mart 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 06 mart 2021-ci il tarixdə tutmadan azad olunaraq barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 mart 2022-ci il tarixli 1(101)-313/2022 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib, CM-nin 66.3-cü maddəsinə əsasən cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 06 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkməsinin əvvəli 22 aprel 2022-ci il tarixdən hesablanmış, Bakı Apellyasiya Məhkəməsinin 23 iyun 2022-ci il tarixli 1(103)-1162/2022 nömrəli qərarı ilə hökm dəyişdirilərək Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən qəti olaraq 05 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı istintaq təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə, təqsirləndirilən şəxs - 07 avqust 1996-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, Bakı şəhəri, Xətai rayonu, E.Əliyev küçəsi, İnzibati bina, ev 4-də qeydiyyatda olan, Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsi, Aşıq Qurban küçəsi ev 25-də yaşayan, 11 mart 2022-ci il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında, təkrarən, qanunsuz olaraq saxlanc yerinə daxil olmaqla özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olub bir qrup şəxs halında 27 fevral 2021-ci il tarixdə gecə saat 04 radələrində birlikdə Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 23/34 ünvanında yerləşən, Zərərçəkmiş şəxs məxsus “Naxçıvan Lavaşı” adlı mağazanın qarşısına gələrək aralarında olan cinayətkar razılığa əsasən Təqsirləndirilən şəxs2 niyyətlərinə maneəsiz nail olmaq məqsədilə kənar şəxslərin həmin yerə gələcəyi barədə dərhal məlumat verməsi üçün mağazanın qarşısında dayanmış, o isə həmin mağazanın kilidi açıq olan köməkçi qapısından qanunsuz olaraq binaya daxil olub oradan hər birinin dəyəri 3.80 manat, ümumi dəyəri 266 manat təşkil edən 70 ədəd müxtəlif markalı tütün məhsullarını gizli olaraq talayıb ümumilikdə Zərərçəkmiş şəxs 266 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 02 mart 2021-ci il tarixdə səhər saat 08 radələrində Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 23/34 ünvanında yerləşən, Zərərçəkmiş şəxs məxsus “Naxçıvan Lavaşı” adlı mağazanın qarşısına gələrək mağazanın kilidi açıq olan köməkçi qapısından qanunsuz olaraq binaya daxil olub oradan hər birinin dəyəri 3.80 manat, ümumi dəyəri 478,80 manat təşkil edən 126 ədəd müxtəlif markalı tütün məhsullarını və ümumi dəyəri 5 manat təşkil edən 04 ədəd müxtəlif növ enerji içkilərini gizli olaraq talayıb ümumilikdə Zərərçəkmiş şəxs 483,80 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında, qanunsuz olaraq saxlanc yerinə daxil olmaqla özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olub bir qrup şəxs halında 27 fevral 2021-ci il tarixdə gecə saat 04 radələrində birlikdə Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 23/34 ünvanında yerləşən, Zərərçəkmiş şəxs məxsus “Naxçıvan Lavaşı” adlı mağazanın qarşısına gələrək aralarında olan cinayətkar razılığa əsasən o, niyyətlərinə maneəsiz nail olmaq məqsədilə kənar şəxslərin həmin yerə gələcəyi barədə dərhal məlumat verməsi üçün mağazanın qarşısında dayanmış, Təqsirləndirilən şəxs1 isə həmin mağazanın kilidi açıq olan köməkçi qapısından qanunsuz olaraq binaya daxil olub oradan hər birinin dəyəri 3.80 manat, ümumi dəyəri 266 manat təşkil edən 70 ədəd müxtəlif markalı tütün məhsullarını gizli olaraq talayıb ümumilikdə Zərərçəkmiş şəxs 266 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, pula ehtiyacları olduğundan eyni məhəllədə yaşadığı, yaxın münasibətdə olduğu Təqsirləndirilən şəxs2 ilə birlikdə oğurluq etmək qərarına gəlmişlər. 27 fevral 2021-ci il tarixdə səhər saat 04:00 radələrində Coşqunla birlikdə oğurluq etmək məqsədi ilə Babək prospektində yerləşən “Naxçıvan Lavaşı” adlanan, yarı təndir, yarı mağaza kimi fəaliyyət göstərən obyektin qarşısına getmişlər. O, müştəri qismində dəfələrlə həmin obyektdən çörək, siqaret və s. məhsullar almışdır. Bu səbəbdən də, mağazanı tam tanıdığına görə əsas giriş qapısının üzərində siqnalizasiyanın quraşdırıldığını, yardımçı qapının isə örtülü olsa da, kilidinin açıq olduğunu, orada çalışan işçilərin günün hansı vaxtlarında oranı boş qoyub, arxada yerləşən çörək bişirilən yerə keçdiklərini bilmişdir. Onlar obyektin qarşısında olarkən Coşquna bayırda gözləməsini tapşırmış, özü isə içəridə çalışanları ayıltmamaq üçün yardımçı qapıdan içəri daxil olmuş, piştaxtanın üst rəfindəki dəyəri 3-4 manat olan müxtəlif tütün məhsullarını götürüb, özü ilə bərabər götürdüyü parça torbaya yığmışdır. Torbanın həcmi orta ölçülü olmaqla, həmin torbaya təxminən 20-30 qutu siqaret yerləşmişdir. O, siqaretləri torbaya yığıb, çölə çıxmış və çöldə pusquda dayanan Coşqunla birlikdə həmin ərazini tərk etmişlər. 27 fevral 2021-ci il tarixdə səhər saatlarında NZS qəsəbəsində 194 nömrəli tam orta məktəbin yaxınlığında yerləşən, üzərində “Market” sözü yazılmış, təxminən 30-35 kv.m ərazisi olan ticarət obyektinə yaxınlaşmışlar. Həmin şəxsin işlədiyi marketin qarşısındakı yolda fəaliyyət göstərən marketdə o, əvvəllər satıcı olaraq işlədiyindən onu tanımışdır. O, həmin şəxsə yaxınlaşıb işlədiyi marketin bağlandığını, bu səbəbdən də marketdə bir neçə siqaret qutusu qaldığını və həmin siqaretlərin satışının sahibi tərəfindən ona həvalə edildiyini bildirmiş, sonuncu onun hazırda hansı marketdə işlədiyini soruşmuş, o isə metronun “Neftçilər” stansiyası yaxınlığında marketlərin birində çalışdığını demişdir. O, oğurladığı siqaretlərin bir qutusunu 30 qəpik ucuzuna Ramil adlı satıcıya satmışdır. Oğurladığı siqaretlər, qutusunun rəngi ağ, “Sobranie” markalı, slim olmayan siqaret, “Kent” markalı, qara qutuda, slim olmuşdur. Satıcı ona siqaretlərin satışından 60 manat pul vermişdir. Coşqun ondan pul istəmədiyindən satışdan əldə etdiyi pulu Coşqunla bölməmiş, pulu özü xərcləmişdir. Bundan sonra həmin obyektdən yenə oğurluq etmək məqsədi ilə 02 mart 2021-ci il tarixdə saat 08 radələrində təkrar həmin obyektin qarşısına getmişdir. Bu dəfə tək olmuş, Coşquna bu barədə heç nə deməmişdir. O, həmin gün eyni üsulla obyektə daxil olub, rəfin yuxarı gözündən “Sobranie” markalı, slim olmayan siqaret, “Kent” markalı, qara qutuda, slim siqaretləri götürüb özü ilə apardığı, üzərində “Dolce Gabbana” sözləri yazılan ayaqqabının parça zənbilinə yığmış və oranı tərk etmişdir. Obyektdən çıxarkən digər vitrindən “Bizon” və “Hell” adlı 3 ədəd enerji içkisi də götürmüşdür. O, həmin malları da əvvəlki qaydada Ramilə satmışdır. Ramil ona inanmış və malların oğurluq olduğunu bilməmişdir. Təqsirləndirilən şəxs1 ifadəsində daha sonra əməlindən səmimi peşman olduğunu, zərərçəkmişlə barışıq əldə etdikləini, gəncliyini nəzərə alaraq, barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 eyni ərazidə, eyni məhəllədə yaşadıqlarından, artıq 14 ildir ki, tanıyır. 27 fevral 2021-ci il tarixdə səhər saat 04:00 radələrində Elnurla birlikdə oğurluq etmək məqsədi ilə Babək prospektində yerləşən “Naxçıvan Lavaşı” adlanan, yarı təndir, yarı mağaza kimi fəaliyyət göstərən obyektin qarşısına getmişlər. Elnur ona çöldə gözləməyi bildirib, özü mağazanın yan tərəfindən içəri girmişdir. Təxminən 30-40 saniyə çöldə gözlədikdən sonra Elnur daha əvvəl özü ilə götürdüyü torba ilə birlikdə çölə çıxmış və oradan uzaqlaşmışlar. Həmin gün səhər saat 10:00 radələrində NZS qəsəbəsində 194 nömrəli tam orta məktəbin yaxınlığında yerləşən, üzərində “Market” sözü yazılmış, təxminən 30-35 kv.m ərazisi olan ticarət obyektinə yaxınlaşmışlar. Elnur yenə ona çöldə gözləməyi tapşırıb, özü içəri girmişdir. Təxminən 1-2 dəqiqə sonra Elnur çölə çıxmış, ona həmin siqaretlərin müqabilində içəridəki, adını sonradan Ramil olduğunu bildiyi satıcıdan 80 manat pul aldığını demişdir. O, bu puldan heç bir xeyir götürməmişdir. Təqsirləndirilən şəxs2 ifadəsində daha sonra əməlindən səmimi peşman olduğunu, zərərçəkmişlə barışıq əldə etdiklərini, ağır ailə vəziyyətini nəzərə alaraq, barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 23/34 ünvanında 100 kv.m ərazidə un məmulatlarının və spirtli olmayan içkilərin satışını həyata keçirir. Həmin ticarət obyekti “Naxçıvan Lavaşı” adı altında fəaliyyət göstərir. 27 fevral 2021-ci il tarixdə müşahidə kameralarının qeydə aldığı görüntülərə görə saat 04:00 radələrində şəxsiyyətləri ona məlum olmayan 2 nəfər şəxsin obyektin yardımçı qapısından içəriyə daxil olmasını, sonunculardan birinin tütün məhsullarının yerləşdiyi vitrinə yaxınlaşaraq, özü ilə gətirdiyi torbanı doldurduğunu, digərinin isə həmin vaxt əvvəlcə obyektin daxilində, sonra isə xaricində gözlədiyini müəyyən etmişdir. Həmin şəxslərin oğurladıqları siqaretlər satışı 3.80 manatdan olan “Sobranie” və “Kent” markalı, slim və slim olmayan siqaretlər olmuşdur. Kamera görüntülərinə əsasən 27 fevral 2021-ci il tarixdə həmin 2 nəfər şəxs təxminən 10 dəfə siqaret düzülən piştaxtaya əl atmış, hər dəfəsində 7 siqaret qutusu götürərək çantaya atmışdır. Bu isə o deməkdir ki, həmin gün oğurluq nəticəsinə atış qiyməti ortalama olaraq 3,80 manat olan 70 qutu siqaret oğurlanmış və riyazi hesablama üsulu ilə ona vurulan zərər 266 manat təşkil etmişdir. Bundan əlavə kamera görüntülərinə görə şəxslərdən biri 02 mart 2021-ci il tarixdə səhər saat 08:00 radələrində oğurluq məqsədi ilə yenidən gəlmiş, özü ilə gətirdiyi torbaya satış dəyəri 3,80 manat olan “Sobranie” və “Kent” markalı siqaretləri yığaraq oranı tərk etməklə oğurlamışdır. Kamera görüntülərinə əsasən həmin şəxs 18 dəfə əlini siqaret vitrininə aparıb, oradan siqaret qutularını götürərək, torbaya yığmışdır, bununla da hər dəfəsində şərti olaraq 7 qutu siqaret götürmüş və toplam 126 qutu siqareti, hər birinin satış qiyməti 3,80 manat olmaqla oğurlayıb, ona siqaretlərə görə 478,80 manat zərər vurmuşdur. Bundan başqa həmin gün oğurluğu edən şəxs spirtsiz içkilərdən 4 ədədini şərti olaraq 5 manat zərər vurmaqla oğurlamış, həmin gün üçün ona ümumilikdə 483,80 manat zərər vurmuşdur. Hər iki cinayət faktına görə ona dəymiş maddi ziyan ümumilikdə 744,80 manat təşkil etmişdir. Cinayəti törətmiş şəxslərin şəxsiyyətlərini əvvəldən tanımamışdır, lakin sonradan şikayəti əsasında polislər tərəfindən aparılan araşdırma zamanı obyektdən 27 fevral 2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 ilə birlikdə oğurluq etmələri, 02 mart 2021-ci il tarixdə isə Təqsirləndirilən şəxs1 təklikdə oğurluq etməsi müəyyən edilmişdir. Ona vurulmuş maddi ziyan tamamilə ödənildiyinə görə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə barışmışdır, onlara qarşı şikayət və tələbi yoxdur. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş Şahid iştirakının təmin edilməsi mümkün olmadığından onun həmin dövrdə verdiyi ifadəsi məhkəmə iclasında elan olunaraq tədqiq edilmişdir. Şahid sözügedən ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsində 194 nömrəli tam orta məktəbin yaxınlığında yerləşən, üzərində “Market” sözü yazılmış, təxminən 30-35 kv.m ərazisi olan ticarət obyektində satıcı kimi işləyir. Həmin mağazada gündəlik tələbat mallarının, meyvə-tərəvəz və sair kimi məhsulların satışını həyata keçirir. 27 fevral 2021-ci il tarixdə səhər saat 10:00 radələrində adını bilmədiyi, lakin yaxınlıqdakı marektdə satıcı işlədiyi üçün əvvəldən tanıdığı Təqsirləndirilən şəxs1 yuxarıda göstərdiyi ünvanda yerləşən mağazaya gələrək pula ehtiyacı olduğunu, siqaret satdığını, əgər almaq istəyərsə müəyyən məbləğ ucuz qiymətə sata biləcəyini demişdir. O da bu təkliflə razılaşmışdır. Siqaretlər, qutusunun rəngi ağ, “Sobranie” markalı, slim olmayan siqaret, “Kent” markalı, qara qutuda, slim olmuşlar. Siqaretlərin satışından o, “Sobranie” markalı siqaretin hər qutusuna görə 3,40, “Kent” markalı siqaretin hər qutusuna görə isə 3 manat pul verməklə ümumilikdə ona 60 manat pul vermişdir. Daha sonra 02 mart 2021-ci il tarixdə səhər saat 11:00 radələrində yenidən Təqsirləndirilən şəxs1 işlədiyi mağazaya gələrək eyni şəkildə siqaret satdığını bildirmişdir. Siqaretlər birinci dəfə ilə eyni markalı olmuşdur. Hər siqaret paçkasına görə ödəmə birinci dəfəki şəkildə həyata keçirilmişdir. O, siqaretlərin oğurluq yolu ilə əldə olunduğundan şübhələnməmişdir. Çünki həm siqaretlər o qədər ucuz satılmamış, həm də Təqsirləndirilən şəxs1 daha əvvəllər yaxınlıqdakı marketdə satıcı işlədiyi üçün siqaretlərin onun işlədiyi mağazaya məxsus olduğunu düşünmüşdür. Elnur nə birinci dəfə, nə də ikinci dəfə ona siqaretləri satarkən onların cinayət yolu ilə əldə olunduğunu bildirməmişdir. Əks halda, o, siqaretləri daha ucuza versə belə, həmin malları heç cür almazdı. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 14 mart 2022-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (i.v. 1) - 04 mart 2021-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs məxsus olan Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 23/24 ünvanında yerləşən mağazaya iki nəfər naməlum şəxsin daxil olmaları və oğurluq etmələri müəyyən olunmuş, videogörüntü köçürülmüş 1 ədəd CD disk götürülmüşdür. (i.v. 7-8) - 23 fevral 2022-ciil tarixli qərardan görünür ki, cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsindən həmin Məcəllənin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinə tövsif edilmiş, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə yenidən ittiham elan olunmuş, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə ittiham elan olunmuş, Şahid əməlində Azərbaycan Respublikası CM-nin 194-cü maddəsi ilə cinayət işinin başlanması rədd edilmiş, iş üzrə oğurluq hadisəsini özündə əks etdirən bir ədəd CD disk maddi sübut kimi tanınaraq cinayət işin əlavə olunmuşdur. (i.v. 106-110) Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 3 mart 2005-ci il Qərarına əsasən qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, təqsirləndirilən şəxsləri və onların müdafiəçilərini dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirlilikləri özlərinin etirafedici ifadələri ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidin ifadələri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir, onların cinayət məsuliyyətindən və cəzadan azad edilmələri üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Odur ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində ittiham hökmü çıxarılmalı və onlara Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq olaraq 177.2.1, 177.2.2 və 177.2.3-cü, habelə 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən; təkrar; yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: - 04 mart 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 şübhəli şəxs kimi həmin tarixdə tutulmuşdur. (i.v. 34) - 06 mart 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilməsinə dair məhkəməyə təqdimat verilməsi barədə müstəntiqin vəsatətinin müdafiə olunmasından ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən imtina edilmişdir. (i.v. 59-61) -Bakı şəhəri Nizami RPİ-nin istintaq şöbəsinin müstəntiqinin 06 mart 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 müvəqqəti tutulmadan azad edilmiş, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. (i.v. 62-63, 66-67) -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 20 dekabr 2021-ci il tarixli tələbnamədən, hökmün və qərarın surətlərindən görünür ki, Təqsirləndirilən şəxs1 Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 mart 2022-ci il tarixli 1(101)-313/2022 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib, CM-nin 66.3-cü maddəsinə əsasən cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 06 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkməsinin əvvəli 22 aprel 2022-ci il tarixdən hesablanmış, Bakı Apellyasiya Məhkəməsinin 23 iyun 2022-ci il tarixli 1(103)-1162/2022 nömrəli qərarı ilə hökm dəyişdirilərək Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən qəti olaraq 05 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. (i.v. 82-83, 156-167) -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 20 dekabr 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Tərtər Hərbi Məhkəməsinin 25 avqust 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 182.1 və 332.2.1-ci maddələri ilə təqsirli bilinib, CM-nin 66.3-cü maddəsinə əsasən və CM-nin 62-ci maddəsi tətbiq olunmaqla qəti olaraq 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 09 fevral 2017-ci il tarixdə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin qərarı ilə 04 ay 19 gün vaxtından əvvəl şərti azad olunmuş, 28 iyun 2017-ci il tarixdə cəzası başa çatdığı üçün qeydiyyatdan çıxarılmışdır. (i.v. 84-85, 151-152) -Bakı şəhəri Nizami RPİ-nin istintaq şöbəsinin müstəntiqinin 11 mart 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (i.v. 146-147) Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə törətdikləri əməllər həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxslə barışıq əldə etməsini Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal qismində Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxslə barışıq əldə etməsini Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal qismində Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs1 barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, işin faktiki hallarını və azadlıqdan məhrum etmə növündə cəza çəkdiyini nəzərə alaraq, hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi cinayətə görə barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir. Məhkəmənin qənaətinə görə, tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir, ona görə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Cinayət işinin materialları, verilmiş ittihamla müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 baxılan iş üzrə cinayət əməlini törətdikdən sonra törətdiyi digər cinayət əməllərinə görə müvafiq məhkəmə hökmü ilə təqsirli bilinərək azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir, həmin məhkəmə aktı qanuni qüvvəyə minmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə qəti cəzanın təyini zamanı Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinin müddəalarına əməl edilməli, Bakı Apellyasiya Məhkəməsinin 23 iyun 2022-ci il tarixli qərarı ilə təyin edilmiş 05 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən hazırkı hökmlə təyin ediləcək həddə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs1 üzərində müvafiq müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 69.3-cü və CPM-nin 158.2, 158.2.1 və 175.5-ci maddələrinin tələblərinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs1 04 mart 2021-ci il tarixdən 06 mart 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün müddət, azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılıb, üzərində qəti müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, cəzaçəkmə müddətinin başlanğıcı 22 aprel 2022-ci il tarixdən hesablanmalı, onun Bakı Apellyasiya Məhkəməsinin 23 iyun 2022-ci il tarixli qərarı ilə təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəza çəkməkdə olması nəzərə alınmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən hesab edir ki, digər hökmlə müəyyən edildiyi kimi, Təqsirləndirilən şəxs1 ona təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Təqsirləndirilən şəxs2 barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən, cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, işin faktiki hallarını, cəzanı yüngülləşdirən halın olmasını, cəzanı ağırlaşdıran halın isə olmamasını nəzərə alaraq, hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması üçün cəmiyyətdən təcrid olunmamaqla barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Ona görə məhkəmə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-3.1 və 51-2.1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs2 ona təyin olunacaq azadlığın məhdudlaşdırılması növündə cəzanı yaşayış yeri üzrə çəkməli və cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 üzərinə müvafiq məhkəmə qərarı olmadan hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, habelə gün ərzində Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulmalı, X1 üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə edilməlidir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 hazırkı işlə bağlı tutulmamış, həbsdə saxlanılmamışdır. Ona görə məhkəmə hesab edir ki, cəzanın hesablanması zamanı Azərbaycan Respublikası CM-nin 69-cu maddəsinin müddəalarının tətbiqi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli olduğundan, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınmış bir ədəd CD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır; məhkəmə məsrəfinin tutulmasına əsas olacaq ekspertiza iş üzrə keçirilməmişdir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, dövlət hesabına təyin edilmiş vəkillərin məhkəməyədək icraat və məhkəmə icraatı dövründə təqsirləndirilən şəxslərə göstərdikləri hüquqi yardıma görə iştirak etdikləri müddət Müdafiəçi1 münasibətdə ümumilikdə 100 iş saatı, Müdafiəçi2 münasibətdə ümumilikdə 80 iş saatı müddətlərinə bərabər tutulduğundan, (Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən) göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Bakı Apellyasiya Məhkəməsinin 23 iyun 2022-ci il tarixli 1(103)-1162/2022 nömrəli qərarı ilə təyin edilmiş 05 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin edilmiş 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs1 06 (altı) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 04 mart 2021-ci il tarixdən 06 mart 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılıb, üzərində qəti olaraq 06 (altı) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 ona təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 22 aprel 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 Bakı Apellyasiya Məhkəməsinin 23 iyun 2022-ci il tarixli 1(103)-1162/2022 nömrəli qərarı ilə təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı çəkməkdə olması nəzərə alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 üzərinə müvafiq məhkəmə qərarı olmadan hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini, habelə gün ərzində Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübut qismində tanınmış bir ədəd CD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat və məhkəmə icraatı zamanı ümumilikdə 100 iş saatı göstərdiyi pulsuz hüquqi yardıma görə Müdafiəçi1 600 manat əmək haqqı, Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat və məhkəmə icraatı zamanı ümumilikdə 80 iş saatı göstərdiyi pulsuz hüquqi yardıma görə Müdafiəçi2 480 manat əmək haqqı müvafiq hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı vəkil bürosu vasitəsi ilə Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin.a Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar