Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-224/2023 09.03.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi X1, Məhkəmə iclasının katibi: X2, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxslər: Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxslərin müdafiəçisi: Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 və Bakı şəhəri 25 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, Təqsirləndirilən şəxs: xx.xx.1980-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali hərbi təhsilli, məhkumluğu olmayan, işləməyən, Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış və barəsində xx.xx.2022-ci il tarixdə həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs: xx.xx.1985-ci ildə Lənkəran rayonu, Darquba kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, məhkumluğu olmayan, işləməyən, Lənkəran rayonu, Kərgəlan ərazi dairəsi, Darquba kəndində qeydiyyatda olmaqla Abşeron rayonu, Xırdalan şəhəri, “AAAF Park” yaşayış kompleksi, 17-ci küçə, bina B, mənzil 135 ünvanında yaşamış və barəsində xx.xx.2022-ci il tarixdə həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmə barədə tanışı Təqsirləndirilən şəxs2 ilə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə tanışı Zərərçəkmiş şəxs2 ilə söhbət edərkən sonuncunun tanışı X3 əvvəllər işlədiyi Bakı şəhəri 252 saylı tam orta məktəbinə direktor vəzifəsinə bərpa etdirmək istədiyini bilib özgə əmlakını əvəzsiz ələ keçirmək niyyətini gizlədərək Təqsirləndirilən şəxs2 adlı tanışının Azərbaycan Respublikasının Təhsil Nazirliyində olan nüfuzundan istifadə edərək Xədicə Eminovanı işə bərpa etdirəcəyinə dair yalandan vəd verərək Zərərçəkmiş şəxs2 inandırmış, bu məqsədlə 2022-ci ilin aprel ayının ortalarında Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 2561 -ci məhəllədə yerləşən “Ziq-Zaq” adlı kafenin yaxınlığında Təqsirləndirilən şəxs2la birlikdə Zərərçəkmiş şəxs2 ilə görüşüb 35.000 manat məbləğində nağd pulu etibardan sui-istifadə və aldatma yolu ilə alıb ələ keçirərək aralarında bölməklə Zərərçəkmiş şəxs2 xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmə barədə tanışı Təqsirləndirilən şəxs2 ilə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə tanışı Zərərçəkmiş şəxs1 ilə söhbət edərkən sonuncunun əvvəllər işlədiyi Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə İdarəsinin Qazax Rayon Hissəsinə işə bərpa olunmaq istədiyini bilib özgə əmlakını əvəzsiz ələ keçirmək niyyətini gizlədərək Təqsirləndirilən şəxs2 adlı tanışının Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində olan nüfuzundan istifadə edərək onu işə bərpa etdirəcəyinə dair yalandan vəd verərək Zərərçəkmiş şəxs1 inandırmış, bu məqsədlə 20 aprel 2022-ci il tarixdə yaşadığı Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 2561-ci məhəllənin qarşısında Zərərçəkmiş şəxs1lə görüşüb 15.000 manat məbləğində nağd pulu etibardan sui-istifadə və aldatma yolu ilə alıb ələ keçirərək daha sonra Təqsirləndirilən şəxs2la aralarında bölməklə Zərərçəkmiş şəxs1 xeyli miqdarda maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs1 ona qarşı elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərdi ki, o, əvvəllər hərbçi olmuş, işlədiyi müddət ərzində korrupsiya cinayəti törətdiyindən Ağır Cinayətlərə dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə CM-in 311.3.2, 313, 331.2, 341.3-cü maddələri ilə təqsirli bilinərək 04 il müddətinə azadlıqdan məhrum etmə və 100 manat cərimə cəzasına məhkum edilmişdir. xx.xx.2014-cü ildə cəzanı çəkib qurtardığından qeydiyyatdan çıxarılmış və azadlığa buraxılmışdır. 2014-cü ildə ailə həyatı qurmuş və iki azyaşlı övladı vardır. Bir il olar ki, “X5 Company” MMC-də müdir müavini vəzifəsində işləyir. Təqsirləndirilən şəxs2 ortaq tanışları vasitəsi ilə təxminən 1 il olar ki, tanımışdır. Tosifin ona deməsinə görə universitetlərin birində müəllim işləyir. Zərərçəkmiş şəxs2 vəkil tanışı Murtuz adlı şəxs vasitəsi ilə tanımışdır. Belə ki, 2022-ci ilin əvvəllərində Murtuzla hazırda işlədiyi şirkətin ofisində görüşdüyü zaman ora Zərərçəkmiş şəxs2 gəlmiş və Kəmalə ilə tanışlığı yaranmışdır. Zərərçəkmiş şəxs2 onun orada işlədiyini, həmçinin əvvəllər hərbçi olduğunu bilmiş, Zərərçəkmiş şəxs2 jurnalist olduğu üçün tez-tez qazilərlə görüşmüş, görüşən zaman onun haqqında da maraqlanmış və qazilər onun Xarici Kəşfiyyət İdarəsinin işçiləri ilə birlikdə müharibədə iştirak etdiyini bildirmişdir. Buna görə Kəmalə onun Xarici Kəşfiyyat İdarəsinin əməkdaşı olmasını və bunu ondan gizlətdiyini düşünmüşdür. Çünki, Murtuz və Kəmalə ilə birlikdə görüşən zaman Kəmalə ona zarafatla “Nə üçün Xarici Kəşfiyyat İdarəsinin əməkdaşı olduğunu gizlədirsən” deyəndə o, Kəmaləyə oranın əməkdaşı olmadığını demişdir. Görüşlərin birində Kəmalə rəfiqəsi Xədicənin işdən çıxarıldığını və məktəbə direktor vəzifəsinə bərpa olmaq istədiyini demiş, Murtuzla məsləhətləşmiş, o isə dostu Tosifin Təhsil Nazirliyində tanışlarının olduğunu və Tosifin bu məsələdə köməklik edə biləcəyini demişdir. Tosifin ona qabaqcadan təhsillə bağlı kimin nə problemi olsa, ona müraciət etməsini deməsi yadına düşmüş və buna görə belə bir tanışının olduğunu demiş, Kəmalə isə ondan özü Tosif adlı şəxsdən maraqlanmasını xahiş etmişdir. O, Tosiflə danışıb, 15. 000 və ya 25.000 manat müqabilində direktor vəzifəsinə işə düzəldə biləcəyini demiş, o da Kəmalə ilə görüşüb bu barədə söhbət etmiş və dostu Tosiflə danışdığını, 35.000 manat müqabilində Xədicəni 252 nömrəli məktəbə direktor vəzifəsinə bərpa edə biləcəyini demişdir. Kəmalə qeyd olunan məbləğlə razılaşdıqdan sonra 2022-ci ilin aprel ayının ortalarında o, Kəmalə ilə birlikdə Bakı şəhəri Nizami rayonunda yerləşər “Ziq-Zaq” kafesinin arxasında görüşmüş, Tosifə zəng etmiş və Tosifi həmin yerə dəvət etmişdir. Tosif ora markasını xatırlamadığı ağ rəngli avtomobili ilə gəlmiş, Kəmalə ilə birlikdə Tosifin avtomobilinə əyləşmiş, Kəmalə avtomobildə 35.000 manatı sayıb ona, o isə Tosifə vermişdir. Tosif həmin pulu qara qutuya qoymuş, lakin Kəmalə düşdükdən sonra həmin pulun 10.000 manatını götürüb Təqsirləndirilən şəxs2la öz aralarında bölmüşlər. Tosif həmin işi alındıra bilməmiş, o da pulun bir hissəsini xərcləmişdir. Kəmalə həmin işlə bağlı pulunu tələb etməyə başladıqda o, bu barədə Tosiflə danışmasını bildirmişdir. Pulu isə öz ehtiyaclarına xərclədikləri üçün Kəmalənin pulunu dərhal qaytara bilməmişlər. Sonradan Kəmalənin şikayət edəcəyini gördükdə pulun hamısını Tosif aparıb qaytarmışdır. Zərərçəkmiş şəxs1 da tanışı vəkil Murtuzun vasitəsi ilə tanımışdır. Belə ki, Abbas Murtuzun uzaq qohumudur. Murtuzla birlikdə bir retsoranda olduqları zaman ora Abbas atası ilə birlikdə gəlmiş, tanışlıqları yaranmışdır. Orada Abbasın atası oğlunun əvvəl Fövqəladə Hallar Nazirliyində işlədiyini, hazırda oğlunu həmin yerə yenidən işə bərpa etmək istədiyini demişdir. O, həmin şəxslərə onun Tosif adlı tanışının olduğunu və bunu həll edə biləcəyini demişdir. Tosif Abbasın sənədlərini və işə bərpa etməsi üçün 10.000 manat pul istəmiş, o, Tosifin sözlərini Abbasın atasına çatdırmış, lakin 10.000 manat deyil, 15.000 manat pul demişdir. Atası onunla razılaşmış və xx.xx.2022-ci il tarixdə Abbas onun yaşadığı evin qarşısına gəlmiş və o yaşadığı mənzilin həyətinə düşüb orada Abbasla görüşmüş, pulu Abbasdan almışdır. Sonra isə bu barədə Tosifə zəng edib məlumat vermiş, Tosif evin həyətinə gəlmiş və Abbasın ona verdiyi sənədləri, həm də puldan cəmi 7.000 manat pulu Tosifə vermiş, Abbasın ona 10.000 manat verdiyini demişdir. Qalan pulu isə öz ehtiyacları üçün xərcləmişdir. Tosif isə pulu götürüb getmiş, işin 2-3 ay ərzində alınacağını demişdir. O da bunu Abbasa demişdir. Lakin Tosif sonra bildirmişdir ki, Abbas özü könüllü işdən çıxmayıb və nöqsanları olduğu üçün işdən çıxarılmış və buna görə də işi alınmır. O isə Tosifə borclu olduğu üçün Tosif ona tapşırmışdır ki, Abbasın pulunu tam olaraq qaytarsın. O da pulu xərclədiyi üçün Abbasın pulunu qaytara bilməmiş,sonradan polis idarəsinə dəvət edildikdən sonra o və Tosif barəsində şikayət edildiyini bilmişdir. Törətmiş olduğu əməldən peşmançılıq çəkməsini, himayəsində 2 azyaşlı uşağının olmasını, ziyanın tam ödənilməsini, zərərçəkmiş şəxslərin ondan şikayət və tələbinin olmamasını nəzərə alaraq yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs2 ona qarşı elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərdi ki, o, hərbi xidmətdən qayıtdıqdan sonra Bakı Biznes Universitetində müəllim kimi işə başlamış, 2016-cı ildən Ukrayna Respublikasının Poltava İqtisadiyyat və Ticarət Universitetində dekan işləmişdir. Müharibə ilə əlaqədar distant təhsilə keçilmiş və təhsil Türkiyə Respublikasından idarə olunmuş, buna görə də tez-tez Türkiyə Respublikasına gedib gəlmişdir. Təqsirləndirilən şəxs1 ortaq tanışları vasitəsi ilə tanımışdır. 2022-ci ilin aprel ayında Qədir onunla əlaqə saxlamış və əvvəllər məktəbdə direktor işləmiş bir nəfəri eyni vəzifəyə bərpa etmək lazım olduğunu demiş, o isə həll edə biləcəyini, işin xərci olduğunu bildirmişdir. Bir müddət sonra Qədir ona zəng etmiş, həmin şəxsin razı olduğunu və pulu gətirəcəyini qeyd etmişdir. 2022-ci ilin aprel ayının ortaları o idarə etdiyi “Chevrolet Malibu” markalı, ** KK *** dövlət qeydiyyat nişanlı avtomobillə Qədirin yaşadığı evin yaxınlığına getmiş, orada özünü Kəmalə kimi təqdim edən bir şəxslə görüşmüş, Kəmalə Qədirlə birlikdə onun avtomobilinə əyləşmiş və Qədirə pul vermişdir. Sonradan Kəmalə ilə danışmışlar və o, işi həll edəcəyini bildirmişdir. Kəmalə düşüb getdikdən sonra Qədir puldan çıxardıb ona 12.500 manat pul vermişdir. Lakin Qədirin nə qədər pul götürdüyünü o, dəqiq bilməmişdir. Kəmalə isə 35.000 manat verdiyini demişdir. Həmin işlə bağlı o, heç kəsə pul verməmiş, əvvəl işlədiyi yerlə əlaqə yaradıb vasitəçi tapmaq istəmiş, lakin tapa bilməmiş, pulları isə xərcləmişdir. Buna görə Kəmalə pulunu tələb edən zaman onun pulunu dərhal qaytara bilməmiş, həmçinin pulun bir hissəsi Qədirdə qalmışdır və Qədir də pulu xərcləmişdir. O, vaxt qazanmaq üçün Kəmaləyə müxtəlif bəhanələr gətirməyə başlamış, sonradan Kəmalənin şikayət edəcəyini görüb 35.000 manatını tapıb qaytarmış, Qədirin əvəzinə də o pul vermiş və ona borclu olduğunu bildirmişdir. Bundan sonra Qədir ona bir nəfəri Fövqəladə Hallar nazirliyinə işə düzəltmək lazım olduğunu bildirmiş, o da pul götürməsini tapşırıb işi həll edəcəyini demişdir. Qədirə işi 10.000 manata alındıracağını demiş, 20 aprel 2022-ci il tarixdə Qədir ona zəng edib Abbas adlı şəxsdən pul və sənədlər götürdüyünü bildirmiş, o da həmin gün axşam saatlarında Qədirin yaşadığı evin həyətinə gəlmiş, ondan idarə etdiyi avtomobildə 7.000 manat pul və Abbasın sənədlərini götürmüşdür. Qədir ona Abbasdan 10.000 manat aldığını, həmin puldan isə 3.000 manat özünə götürdüyünü bildirmiş, sonradan həmin məsələ ilə bağlı maraqlandıqda işin həll olunmayacağını görmüş, bunu Abbasa bildirmişdir. Qədirin ona verəcəyi olduğu üçün Abbasın pulunu özünün qaytarmasını tapşırmış, lakin Qədirin onun pulunu qaytarmadığını sonradan bilmişdir. Törətmiş olduğu əməldən peşmançılıq çəkməsini, himayəsində 2 azyaşlı uşağının olmasını, ziyanın tam ödənilməsini, zərərçəkmiş şəxslərin ondan şikayət və tələbinin olmamasını nəzərə alaraq yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərəçəkmiş şəxs kimi dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, 2009-2020-ci illər aralığında Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə İdarəsinin Qazax Rayon Hissəsində növbə rəisi vəzifəsində işləmiş, rütbəsi mayor olmuşdur. 2020-ci ildə ailəsindəki problemlə bağlı o, öz xahişi ilə işdən azad olunmuşdur. xx.xx.2022-ci il tarixdə atası ilə uzaq qohumları olan Murtuz adlı şəxs ilə xatırlamadığı restoranların birində görüşmüş, həmin vaxt Murtuzun yanında sonradan adının Təqsirləndirilən şəxs1 olduğunu bildiyi başqa bir nəfər şəxslə də orada görüşmüş və tanış olmuşdur. Söhbət əsnasında X6 İdarəsində zabit olduğunu bildirmişdir. Lakin nə işi ilə məşğul olduğunu deməmişdir. Orada olan zaman o, siqaret çəkmək üçün bayıra çıxmış, Qədir də onunla birlikdə çölə çıxmışdır. Aralarında söhbət edən zaman o, Qədirə əvvəllər FHN-nin Qazax Rayon Hissəsində işlədiyini və hazırda da ora bərpa olunmaq istədiyini bildirmişdir. Qədir ona FHN-də işləyən yüksək vəzifəli şəxslərin adlarını çəkərək onlara çıxışının olduğunu və ona bu işdə kömək edə biləcəyini bildirmiş, o, Qədirdən ona kömək etməsini xahiş etmişdir. Qədir ona gün sonunadək danışıb məlumat verəcəyini demiş, xx.xx.2022-ci il tarixdə Qədir onunla əlaqə saxlamış və 15000 manat müqabilində məsələnin həll oluna biləcəyini demişdir. Qədir ona gün ərzində həmin məbləğdə pulu və iş üzrə zəruri sənədlərin şəkillərini ona çatdırmağı tapşırmış, o da övladının xəstəlik pulunu götürüb xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Nizami rayonunda yerləşən 24-cü PŞnin yaxınlığında Qədirlə görüşmüş və həmin pulu ona vermişdir. Sənədlərin şəkillərini isə Qədirin telefonuna göndərmiş, Qədir ona bir ay-ay yarım ərzində işə bərpa olunacağını demiş, o da Qədirə inanıb gözləməyə başlamışdır. Təxminən 5-10 gün sonra Qədir onunla əlaqə saxlayaraq ona səhv başa düşdüyünü, 20000 manat pul lazım olduğunu demişdir. O etiraz edərək yerdə qalan 5000 manatı işə bərpa olunandan sonra verəcəyini demişdir. Qədirin dediyi müddət tamam olmasına baxmayaraq onun işi alınmamış, buna görə də Qədirlə tez-tez əlaqə saxlamağa başlamış, həmin müddət ərzində ona tanımadığı nömrədən zəng gəlmiş və zəng edən şəxsin Tosif olduğunu və FHN-də işlədiyini qeyd etmiş, lakin vəzifəsini deməmişdir. Qədir ona “narahat olma işin həll olunacaq” demiş, o, Tosiflə də tez-tez danışmışdır. Dəqiq xatırlamadığı tarixdə Qədir onunla əlaqə saxlamış və onu evlərinin yanına çağıraraq orada onu Tosif adlı şəxslə tanış etmişdir. Söhbət əsnasında Tosif ona bir neçə sənədlər vermiş və həkim komissiyasından keçməsini tapşırmış, o, bir neçə günə komissiyadan keçib sənədləri Tosifə vermişdir. Lakin, buna baxmayaraq onun işi yenə də alınmamışdır. Bundan sonra o tez-tez həmin şəxslərlə əlaqə saxlasa da, həmin şəxslər hər dəfə bir bəhanə ilə onu aldatmışlar və pulunu da geri qaytarmamışlar. Hazırda ona dəymiş ziyan tam ödənilmişdir, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur, onunla barışmışdır. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs2 məhkəməyə teleqram ilə müraciət edərək, təqsirləndirilən şəxslərdən heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs2 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, uzun müddətdir ki, jurnalist kimi fəaliyyət göstərir. 3 il olar ki, “Səs Qəzəti”-də araşdırmacı-jurnalist vəzifəsində çalışır. Uzun müddətdir ki, Xədicə xanımı tanıyır və onunla rəfiqədir. Xədicə xanım Bakı şəhərində yerləşən 252 nömrəli məktəbdə direktor vəzifəsində işləmişdir. Təxminən bir il olar ki, Xədicə xanımı işdən azad etmişlər. O Xədicədən nəyə görə işdən azad edilməsinin səbəbini soruşmamışdır. Lakin Xadicə xanımın işdən azad olunandan sonra çəkdiyi narahatçılıqlar onu narahat etmişdir. Təqsirləndirilən şəxs1 və Tosif adlı şəxsləri əvvəllər tanımamış və aralarında heç bir düşmənçiliyi və ədavəti olmamışdır. 2022-ci ilin əvvəllərində Murtuz adlı tanıdığı bir vəkillə görüşmüşdür. Həmin vaxtı Murtuzun yanında sonradan adının Təqsirləndirilən şəxs1 olduğunu bildiyi başqa bir nəfər olmuşdur. Həmin şəxslə də orada tanış olmuşdur. Söhbət əsnasında X6 İdarəsində zabit olduğunu bildirmişdir. Lakin nə işi ilə məşğul olduğunu deməmişdir. Hadisə ilə bağlı Murtuz və Qədirlə arabir görüşmüşdür. 2022-ci ilin aprel ayında yenə də üçü, yəni o, Murtuz və Qədir görüşmüşlər. Söhbət əsnasında o Murtuzdan rəfiqəsinin işindən azad olunduğunu və onun işə bərpasına görə məhkəməyə müraciət edəcəkləri təqdirdə nəticəsi barədə soruşmuşdur. Onların bu söhbətini Qədir eşitmiş və Təhsil Nazirliyində işləyən Tosif adlı dostunun olduğunu, Xədicənin işə bərpa olunması Tosifin əlində heçnə olduğunu bildirmişdir. O Qədirdən həmin şəxslə danışıb köməklik etməsini xahiş etmişdir. Qədir Tosiflə danışıb bu barədə məlumat verə biləcəyini demişdir. O, Qədirlə razılaşmışdır. Təxminən aradan 4 gün keçmişdir ki, Qədirlə görüşmüş və görüş əsnasında Qədir ona Tosiflə bu məsələni danışdığını və 35000 manat pulun müqabilində Xədicəni 252 nömrəli məktəbə direktor vəzifəsinə bərpa elətdirə biləcəyini demişdir. O da dərhal Qədirə razılıq vermişdir. Bu məsələdən isə Xədicənin xəbəri olmamışdır. Həmin vaxtı onun əlində nəğd o qədər pul olmuşdur. Həmin pulu ankoloji xəstəliyi ilə bağlı əməliyyat üçün yığmışdır. Lakin, sonradan əməliyyat lazım olmadığından həmin pul onda qalmış və həmin pulun bir hissəsini 3-4 aylıq borca götürmüşdür. Buna görə də, aprel ayının ortalarında Qədirlə Bakı şəhəri, Nizami rayonunda yerləşən “Ziq-zaq” kafesinin arxasında görüşmüşdür. Oraya Qədirlə birlikdə Tosif də gəlmişdir. Onlar Tosifin ağ rəngli markası yadında olmayan maşınında gəlmişlər. O da gedib həmin maşının arxa oturacağında oturmuşdur. Sürücü tərəfdə Tosif əyləşmiş, sağ tərəfdə isə Qədir. O təkrar Tosiflə bu məsələni dəqiqləşdirmiş və Tosif pulu götürüldükdə aprel ayının sonunadək Xədicəni işə bərpa edəcəklərini demişdir. O da razılaşmış və 35000 manat pulu sayaraq Qədirə vermişdir. Qədir təkrar pulu saymış və Tosifə vermişdir. Tosif həmin pulu qara çantaya qoymuşdur. Bundan sonra o həmin şəxslərlə sağollaşaraq getmişdir. Aprel ayının sonlarında tez-tez Qədir və Tosiflə danışmağa başlamış və onlar hər dəfə bir bəhanə ilə onu yola vermişlər. Təxminən 4-5 ay o həmin şəxslərin yalanlarına inanmışdır. Lakin sonda bu məsələnin alınmayacağını düşünüb ərizə ilə Xarici Kəşfiyyat İdarəsinə getmişdir. Orada onu qəbul etmişlər və Qədirin orada işləmədiyini, onun kimi bir neçə şikayətçilərin də olduğunu qeyd etmişlər. O artıq həmin şəxslərin ona qarşı dələduzluq edərək pulunu ələ keçirdiklərini bilmişdir. O yenə də həmin şəxslərlə danışmış və pulu qaytarmasalar şikayət edəcəyini bildirmişdir. Həmin şəxslər verməyəcəklərini deməsələr də, vaxtı uzatmışlar. Həmin şəxsslər onun Xarici Kəşfiyyat Xidmətinə gedib şikayət etdiyini öyrənmişlər və buna görə də Tosif 35000 manatı onun hesab kartına hissə-hissə göndərmişdir. Həmin şəxslərin niyyətləri qabaqcadan dələduzluq etmək olmuşdur. Belə ki, sonradan ona məlum olmuşdur ki, Qədir və Tosif Abbas adlı şəxsi də aldadaraq onu Fövqəladə Hallar Nazirliyinə işə düzəltmək adı ilə 15000 manat pulunu almışlar. Yəni həmin şəxslərin kimin hansı quruma işə düzəlmək istəməsi maraq kəsb etmir. Həmin şəxslərin məqsədi ancaq pul ələ keçirmək olmuşdur. Təqsirləndirilən şəxs1 da bunun üçün özünü Xarici Kəşfiyyat İdarəsinin zabiti kimi təqdim etmiş, hətta sosial şəbəkələrdə də onlara aid formada olan fotoşəkili profil şəkili kimi qoymuşdur. Bundan başqa onu inanadırmaq üçün zəfər paradında formada şəklini ona göstərib həmin xidmətin əməkdaşı olduğunu ona demişdir. O buna görə həmin şxəslərə inanmışdır. Həmçinin Tosf özü də onu inandırmışdır. Sonradan o bu barədə Xədicə xanıma da məlumat vermişdir. Tosiflə Xədicə xanım özü də bir neçə dəfə danışmışdır. Lakin Xədicə xanım Tosifin işi uzatmasından həmçinin danışığından dələduz olduğunu ona bildirmişdir. Onu isə Xarici Kəşfiyyat İdarəsinə şikayət etdiyini və başqa yerlərə də şikayət edəcəyini görüb Tosif onun pulunu hissə-hissə tam ödəmişdir. Məhkəmə istintaqı zamanı Şahid1 məhkəməyə ərizə ilə müraciət edərək, ibtidai istintaqa verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid1 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, Vəkillər Kollegiyasının üzvüdür və “Faiq Nağıyev və Partnyorları” Vəkil bürosunun vəkilidir. Əsl adı Murtuzəli olsa da, tanışları ona Murtuz deyə müraciət edirlər. Zərərçəkmiş şəxs2 tanıyır. Aralarında yaxşı münasibətləri vardır. Zərərçəkmiş şəxs2 “Səs Qazeti”-də araşdırmacı jurnalist vəzifəsində çalışır. Təqsirləndirilən şəxs1 əvvəllər tanımışdır. Qədirlə də yaxşı münasibətləri olmuşdur. Aralarında heç bir düşmənçilik, ədavət və söz-söhbət olmamışdır. Qədiri hərbçi kimi tanımışdır və Qədir özünü onlara Xarici Kəşfiyyat Xidmətinin əməkdaşı kimi təqdim etmişdir. Hətta sosial şəbəkələrdə də profil şəklini həmin xidmətə aid xüsusi geyimdə olan oranın əməkdaşlarının birinin şəkilini yerləşdirmişdir. Buna görə onlar Qədirin həqiqətən də orada işlədiyinə inanmışlar. Təqsirləndirilən şəxs1la 2022-ci ilin əvvəllərində görüşən zaman Zərərçəkmiş şəxs2 da həmin yerə gəlmişdir. Kəmaləni Qədirlə orada tanış etmişdir. Kəmalə orta məktəb direktoru çalışmış bir rəfiqəsinin işdən çıxarıldığını bildirmiş və məhkəmə qaydasında onu işə bərpa etmək olub-olmamasının mümkünlüyünü soruşmuşdur. Həmin zaman Təqsirləndirilən şəxs1 təhsil nazirliyində yaxşı dosltarının olduğunu bildirmiş və bu işdə Kəmaləyə kömək edə biləcəyini demişdir. Kəmalə isə xahiş etmişdir ki, bu işdə Qədir ona köməklik etsin. Ona da bir neçə dəfə demişdir ki, Qədirə xahiş etsin ona köməklik etsin. Daha sonra Kəmalə ilə Qədir öz aralarında danışmışdır. Sonradan eşitmişdir ki, Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs1 və Qədirin tanışı Təqsirləndirilən şəxs2 ümumilikdə 35.000 manat pul vermişdir. Lakin həmin şəxslər pulu götürdükdən sonra heç bir iş görməmişlər. Zərərçəkmiş şəxs2 isə Xarici Kəşfiyyat Xidmətinə gedib şikayət etdikdən sonra 2022-ci ilin sonlarına yaxın Kəmalənin pulunu qaytarmışlar. O, Kəmalə ilə Qədiri və Tosifin aralarında olan danışıqda iştirak etməmiş və pulun kimə və harada verildiyini də bilməmişdir. Lakin Kəmalə ona Qədirdən şikayətlənmiş və bildirmişdir ki, Qədir və Tosiflə 2022-ci ilin aprel ayının ortaları Bakı şəhəri Nizami rayonunda yerləşən Ziq-Zaq kafesinin yaxınlığında görüşmüş və həmr şəxslərə ümumilikdə 35.000 manat pul vermişdir. Tosif özünü Təhsil Nazirliyinin işçisi kimi təqdim etmiş və bildirmişdir ki, rəfiqəsini işə bərpa etdirəcəkdir. Lakin uzun müddət keçdikdən sonra Kəmalə aldanıldığını başa düşmüş, şikayət etməyə başlamışdır. Kəmalənin dəfələrlə şikayətindən sonra həmin şəxslər Kəmalənin pulunu geri qaytarmışlar. O eşitdiyinə görə Təqsirləndirilən şəxs1 Zəfər paradında xüsusi geyimdə formasında olan şəklini də Kəmaləyə göstərmiş orada işlədiyinə inandırmışdır. Bundan başqa Zərərçəkmiş şəxs1 da onun uzaq qohumudur. Aralarında yaxşı münasibətləri vardır. Aralarında heç bir düşmənçilik, ədavət və söz-söhbət olmamışdır. 19 aprel 2022-ci il tarixdə yenə də Təqsirləndirilən şəxs1la xatırlamadığı retoranların birində yemək yediyi zaman ora elə qohumu Abbas atası Eldarla birlikdə gəlmişdir. Eldar ona inzibati məhkəmədə işinin olduğunu bildirmiş və əsas görüşləri onunla bağlı olmuşdur. Orada söhbət etmişlər. Söhbət əsnasında Eldardan oğlu Abbasın nə iş gördüyünü soruşmuşdur. Eldar isə Abbasın işsiz olduğunu, əvvəllər FHN-nin Yanğından Mühafizə İdarəsinin Qazax Rayon Hissəsində işlədiyini, sonradan öz xahişi ilə işdən çıxdığını qeyd etmişdir. Həmçinin həmin iş yerinə yenidən qaytarmaq istədiyini əlavə etmişdir. O sonradan Abbasın ona deməsinə görə orada Təqsirləndirilən şəxs1 Abbasla birlikdə restoranın qarşısında siqaret çəkərkən Qədir Abbasa bildirmişdir ki, onun Fövqəladə Hallar Nazirliyində işləyən tanışı vardır. Onlar öz aralarında danışmışlar və Abbas onun xəbəri və iştirakı olmadan Təqsirləndirilən şəxs1 yaşadığı evin həyətində onu işə bərpa etmək üçün 15.000 manat pul vermişdir. Lakin Təqsirləndirilən şəxs1 yenədə pulu tanışı Tosif adlı şəxsə verəcəyini qeyd etmişdir. Hətta Abbasın özünə də Tosif zəng edib FHN- nin əməkdaşı kimi özünü təqdim etmişdir. Lakin Abbasın da pulunu ələ keçirdikdən sonra onu işə bərpa etməmişlər və pulunu da geri qaytarmamışdır. Qədirə dəfələrlə Abbasın qohumu olduğunu işi alınmırsa pulunu qaytarmaq lazım olduğunu demişdir. X9 pulunu qaytarmamışdır. O isə Abbasa izah etmişdir ki, gedib bu barədə ərizə ilə polis orqanlarına müraciət etsin və hətta onun üçün ərizə də yazıb vermişdir. Bundan sonra eşitmişdir ki, Abbas gedib buna görə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə ərizə ilə müraciət etmişdir. Qeyd etmək istərdi ki, Təqsirləndirilən şəxs1 əvvəllər dələduz kimi tanımamışdır. Qədiri sözünə düz adam kimi tanımışdır. Qədirin kimlərlə əlbir olduğunu bilmir, çox guman həmin şəxslərin təsiri altında da Qədir bu cür əməllər törətmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid2 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 onun doğma oğludur. Zərərçəkmiş şəxs1 əvvəllər Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə İdarəsinin Qazax rayon hissəsində işləmişdir. Lakin sonradan Abbasın övlaının xəstəliyi ilə əlaqədar rayonda işini davam etdirə bilməmiş və buna görə ərizə ilə işdən çıxmışdır. Sonradan bir müddət keçdikdən sonra mən və oğlu da həmin işinə yenidən bərpa olunmasını istəmişlər. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər tanımamışdır. Aralarında hər hansı bir münasibət, düşmənçilik və ədavət olmamışdır. 2022-ci ilin aprel ayında Bakı şəhərinə gəlmiş və oğlu ilə birlikdə qohumu Murtuzla görüşməyə getmişdir. Murtuzla görüşlərinin əsas məqsədi inzibati məhkəmədə olan işi ilə bağlı olmuşdur. Murtuzla Bakı şəhərində restoranların birində görüşmüş, həmin zaman Murtuzun yanında adını sonradan bildiyi Təqsirləndirilən şəxs1 olmuşdur. Onlar orada söhbət edən zaman söhbət əsnasında Murtuza oğlunun əvvəllər Fövqəladə hallar Nazirliyində işlədiyini, sonradan öz ərizəsi ilə işdən çıxdığını, hazırda yenidən işə düzəlmək istədiyini bildirmişdir. Sonradan oğlu Qədirlə birlikdə oturduqları yerdən çöldə siqaret çəkən zaman Qədir oğluna onun yaxşı tanışlarının olduğunu və oğlunu Fövqəladə Hallar Nazirliyinə işə bərpa etmək olacağını demişdir. Oğlu isə Qədirdən tanışları irə maraqlanmasını xahiş etmişdir. Bu barədə oğu ona da bildirmiş və o özü də Qədirdən maraqlanmasını xahiş etmişdir. Bir müddət sonra Qədir ona zəng edib oğlunu 15.000 manat əvəzində Fövqəladə Hallar Nazirliyinə işə düzəltmək mümkün olduğunu bildirmişdir. O isə pulu oğlunun verdiyini və oğlunu onun göndərəcəyini bildirmişdir. Bundan sonra oğlu 15.000 manat düzəldərək aparıb sənədləri ilə birlikdə Qədirə vermişdir. Qədir isə bu işi tar ş Tosifin həll edəcəyini bildirmişdir. Tosif özü də oğluna zəng edib işinin həll olunacağın desə də, lakin onlar oğlu Abbasın işini düzəltməmişlər və pulunu da qaytarmamışlar. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxslərin qismən etirafedici ifadəsinə, zərərçəkmiş şəxsin və şahid ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxslərin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən törədilməsi tam sübuta yetir, onların törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə tövsif edilmişdir. Beləliklə, təqsirləndirilən şəxslər həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidirlər və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxslərə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 178.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxslərə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini ədalətli, qanunauyğun və humanizm prinsiplərinə uyğun hesab edir. Çünki cəza təyin edilərkən ədalət və humanizm prinsiplərinə əməl edilməli olduğundan, “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamı və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarındakı tövsiyyələr nəzərə alınmalıdır. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamının 8-ci bəndində qeyd edilmişdir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Həmin Sərəncamın 10.3-cü bəndinə əsasən cəza siyasətinin humanistləşdirilməsi məqsədilə törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi əsaslarının müəyyən olunmasına dair qanun layihələrinin hazırlanmasına dair Sərəncamda göstərilən dövlət qurumlarına tövsiyyə və tapşırıqlar verilmişdir. Sərəncamın 13.3-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Sadalananlara əsasən məhkəmə həmçinin qeyd edir ki, daha ciddi cəzanın təyin edilməsinin müzakirə olunması üçün əsaslar da yoxdur. Çünki “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarının 3-cü bəndinə əsasən bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilmiş cinayətlərdə, residivə görə cinayətdə təqsirli bilinən şəxsə cəza təyin edilərkən, əgər bu əlamətlər cinayətin tövsifedici əlamətləri deyildirsə və qanuna görə cəzanı yüngülləşdirici hallar müəyyən edilməmişdirsə məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Beləliklə, ilk növbədə sanksiyada nəzərdə tutulmuş alternativ cəzalardan ciddi növdə cəzanın təyin edilməsi üçün Plenum Qərarının 3-cü bəndində nəzərdə tutulmuş ağırlaşdırıcı halların olması, yüngülləşdirici halların olmaması vacibdir. Ağırlaşdırıcı hallar yoxdursa, ilk növbədə daha ciddi cəzanın təyin edilməsi məsələsinin müzakirəsi Cinayət Məcəlləsinin vəzifələrini təmin etməməklə, ədalətlilik və qanunçuluq prinsipinə əməl etməməklə, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə almamaqla nəticələnər. Plenum Qərarının 3-cü bəndində də müəyyən edildiyi kimi böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət üzrə əgər ağırlaşqdırıcı hallar yoxdursa, onda məhkəmə yalnız cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq ilk növbədə təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməsi də CM-nin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına uyğun olmaz. Çünki həm hazırkı işin halları, yəni ağırlaşdırıcı halların olmaması, yüngülləşdirici halların olması, həm də Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd edilən qərarına, CMnin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına əsasən təqsirləndirilən şəxs barədə ilk növbədə yüngül cəza növünün təyini məsələsini müzakirə etməyi vacib edir. Bu qeyd edilən halların mövcudluğu, həmçinin Plenum Qərarının 2 və 3-ü bəndində qeyd edilənlər nəzərə alınaraq, daha ciddi cəzanın, yəni azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün hökmdə əsaslandırılma da aparıla bilmir. Çünki azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün ixtiyari bir əsaslandırma deyil, yəni qanundan kənar əsaslandırma deyil, qanuni əsaslandırma, bunun üçünsə CM-nin ümumi hissəsindəki müəyyən edilmiş hallar, həmçinin Plenum Qərarının 2, 3-cü bəndində müəyyən edilmiş nəzərə alınmalı hallar üzrə əsaslandırılma aparılmalıdır. Hazırkı təqsirləndirilən şəxslərə münasibətdə azadlıqdan məhrumetimə cəzasının təyin edilməsi üçün həmin əsaslar mövcud deyildir. Beləliklə, hazırkı cinayət işi üzrə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəza nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini təmin etmək üçün, ədalətlilik və qanunçuluq prinsipinə əməl etmək üçün, CMnin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəzanı tətbiq etmədən də cəzanın məqsədlərinə çatmaq olar və hazırkı iş üzrə təqsirləndirilən şəxslərə azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Daha ciddi cəzanın təyin edilməsi üçün əsaslar yoxdur. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixlə Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, Konstitusiya Məhkəməsinin həmin qərarındakı mövqeynə uyğun olaraq hesab edir ki, aşağıdakı yüngülləşdirici hallar kimi nəzərə alınanlar da, həmin Qərardakı meyarlar əsasında müəyyən olunan müxtəlif hallara aid cəzanı yüngülləşdirən hallardır. İş materiallarında olan Zərərçəkmiş şəxs1 məhkəməyə ünvanlandığı ərizəsindən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ona vurulmuş ziyan tam şəkildə ödənilmişdir, onlardan heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan Zərərçəkmiş şəxs2 məhkəməyə ünvanlandığı teleqramdan görünür ki, təqsirləndirilən şəxslərdən heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan AA4467904 və AA4467906 seriyalı şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2021 və xx.xx.2018-ci il təvəllüdlü uşaqları vardır. İş materiallarında olan “Elektron Məhkəmə İnformasiya Sistemindən” əldə edilmiş qohumluq münasibətləri haqqında məlumatdan görünür ki, Təqsirləndirilən şəxs1 1.11.2011-ci il və xx.xx.2016-cı il təvəllüdlü uşaqları vardır. İş materiallarına əlavə edilmiş DİN-in BƏSİİ-nin arayışına əsasən müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmünə əsasən AR-sı CM-nin 311.3.2, 313, 331.2, 341.3, 62, 66.4, 68.2-ci maddələrilə təqsirli bilinib, 04 il müddətinə azadlıqdan məhrumetmə cəzasına və 100 man cərimə cəzasına məhkum edilmişdir. xx.xx.2014-cü il tarixdə cəzanın sonu ilə azad edilmişdir. Hazırkı cinayət işi üzrə əməli məhkumluq ödənildikdən sonra törətdiyindən cinayətin residivi müəyyən olunmur. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.3-cü maddəsinə əsasən eyni Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada ödənilmiş və ya götürülmüş məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Həmçinin AR-sı Ədliyyə Nazirliyi PX 12 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli məktuba əsasən müəyyən edilir ki, məhkum Təqsirləndirilən şəxs1 tərəfindən 1(091)-58/2010 saylı hökmə əsasən 100 manat cərimə cəzası cəza çəkdiyi müddət ərzində dövlət büdcəsinə ödənilmişdir. İş materiallarına əlavə edilmiş DİN-in BƏSİİ-nin arayışına əsasən Təqsirləndirilən şəxs2 Qədir oğlunun AR-sı CM-nin 178.2.4-cü maddəsilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Abşeron rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə AR-sı CM-nin 73-1.2-ci maddəsinə əsasən xitam verilmiş və o cinayət məsuliyyətindən azad edilmişdir. Məhkəmə təqsirləndirilən şəxslərin törətdiyi əməldən səmimi peşman olmalarını, əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hazırkı cinayət işi üzrə zərərçəkmiş şəxslərə dəymiş ziyanın ödənilməsini, zərərçəkmiş şəxslərin onlardan şikayət və tələbinin olmamasını, onlarla barışmasını, həmçinin təqsirləndirilən şəxslərin himayəsində azyaşlı uşaqlarının olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Təqsirləndirilən şəxs1 17 dekabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, barəsində Bakı şəhəri Nərimanov Rayon Məhkəməssinin xx.xx.2022-ci il tarixli, 4(005)- 1360/2022 nömrəli qərarı ilə 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. Beləliklə o, hökm çıxarıldığı hazırkı vaxtadək həbsdədir. Təqsirləndirilən şəxs2 17 dekabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, barəsində Bakı şəhəri Nərimanov Rayon Məhkəməssinin xx.xx.2022-ci il tarixli, 4(005)- 1361/2022 nömrəli qərarı ilə 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. Beləliklə o, hökm çıxarıldığı hazırkı vaxtadək həbsdədir. Məhkəmə hesab edir ki, maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs1 təqdim etdiyi 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçilərin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia, ekspertiza xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 il (iki il) müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlanıldığı 02 ay 20 gün müddət (01 gün həbsdə olma müddəti 02 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla) ona təyin olunmuş cəzadan çıxılsın, üzərində qəti olaraq 01 il 06 ay 20 gün (bir il altı ay iyirmi gün) müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası onun yaşayış yeri üzrə Probasiya Şöbəsinə həvalə edilsin. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalından həbsdən dərhal azad edilsin. Təqsirləndirilən şəxs1 üzərinə Bakı şəhərinin hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşayış yerini saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlanıldığı 02 ay 20 gün müddət (01 gün həbsdə olma müddəti 02 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla) ona təyin olunmuş cəzadan çıxılsın, üzərində qəti olaraq 01 il 06 ay 20 gün (bir il altı ay iyirmi gün) müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası onun yaşayış yeri üzrə Probasiya Şöbəsinə həvalə edilsin. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalından həbsdən dərhal azad edilsin. Təqsirləndirilən şəxs2 üzərinə Bakı şəhərinin və Abşeron rayonunun hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşayış yerini saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs1 təqdim etdiyi 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs1 məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 ödənilmək üçün 138 (bir yüz otuz səkkiz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 6 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nigar Qədirli
Məhkəmə qərarları › İş №1(007)-224/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-224/2023
09.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver