Məhkəmə qərarları › İş №1(007)-224/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-224/2024

19.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-224/2024 19.04.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxx 1983-cü il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, üç uşağı olan, əvvəllər məhkum olunmamış, fərdi qaydada işləyən, Ucar rayonunun Əlikənd kəndində qeydiyyatda olan, Bakı şəhəri, Suraxanı rayonu, Köhnə Günəşli qəsəbəsi, İ.İsmayılov küçəsi ev 18, mənzil 38-də yaşayan, 05 fevral 2024-cü il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 320.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs hüquq verən vəsiqədən saxta olmasını bilə-bilə istifadə etmişdir. Belə ki, o, nəqliyyat vasitəsini idarə etmək üçün hüquq verən vəsiqə hesab edilən Ukrayna Respublikasının saxta sürücülük vəsiqəsini pul müqabilində aldıqdan sonra həmin saxta vəsiqəni Azərbaycan Respublikasında səlahiyyətli orqanlara təqdim etməklə saxta vəsiqə əsasında Azərbaycan Respublikasının orijinal sürücülük vəsiqəsini almaq məqsədi ilə tanışı Şahid vasitəsi ilə şəxsiyyəti istintaqa məlum olmayan “Əziz” adlı şəxs və ya qeyriləri tərəfindən istintaqa məlum olmayan vaxtda və şəraitdə blankı mətbəə çap üsulu ilə deyil, printerdə çap edilmiş, eyni növ sənədin nümunəsi ilə eynilik təşkil etməyən tam saxta Ukrayna Respublikasının “B, B1, C, C1” kateqoriyalı AHB 263516 nömrəli sürücülük vəsiqəsini Şahid 23 sentyabr 2023-cü il tarixdə Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 115 ünvanında fəaliyyət göstərən Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 5 saylı Bakı “ASAN xidmət” mərkəzinin qarşısında əldə edib Azərbaycan Respublikasının orijinal sürücülük vəsiqəsi almaq məqsədi ilə həmin saxta sürücülük vəsiqəsini 23 sentyabr 2023-cü il tarixdə Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 115 ünvanında fəaliyyət göstərən 5 saylı Bakı “ASAN Xidmət” mərkəzindəki Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat İmtahan şöbəsinin məntəqəsinə saxta olduğunu bilə-bilə təqdim edib istifadə etməklə Azərbaycan Respublikasının “BB 443225” nömrəli sürücülük vəsiqəsini əldə etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 320.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, yaşadığı Ucar rayonundan hər dəfə Bakı-Ucar marşrutu ilə taksi xidməti göstərən sürücülərlə gedib-gəlirmişdir. Bir dəfə hər zaman getdiyi sürücülərə zəng edib yenidən sifariş verdikdə həmin sürücülər ona məşğul olduqlarını bildirmişlər və başqa bir avtomobil göndərəcəklərini qeyd etmişlər. Həmin zaman Söhrab adlı taksi sürücüsü göndərmişlər. O, Söhrabla Ucar rayonuna getmişdir. Həmin şəxsi əvvəllər qiyabi tanımışdır. Söhrab Ağdaş rayonunun Ləki kəndindəndir. Onun dayısı da eyni kənddən olduğu üçün həmin kəndə tez-tez getmiş və Söhrabı da oradan qiyabi tanımışdır. Yolda Söhraba demişdir ki, uzun müddət fəhləçilik etdiyi üçün sürücülük vəsiqəsi alıb taksi fəaliyyəti ilə məşğul olmaq istəyir. Söhrab da ona sürücülük vəsiqəsi almaqda köməklik edə biləcəyini qeyd etmişdir. Söhrab ona bildirmişdir ki, bunu 500 manat əvəzində edə bilər. Ona deməsinə görə ona xarici bir sürücülük vəsiqəsi verəcək və həmin vəsiqəni “Asan Xidmət” mərkəzinə təqdim edərək Azərbaycan Respublikasına aid sürücülük vəsiqəsinə dəyişdirə bilər. Həmin zaman “Asan Xidmət” adı eşitdiyinə görə düşünmüşdür ki, bununla bağlı hər hansı bir problem yaşamaz. Həmin ərəfələrdə Bakı şəhəri Biləcəri qəsəbəsində Elmar adlı şəxsin bacanağının evində işləmişdir. Elmarı oradan tanımışdır. Bakı şəhərinə qayıtdıqdan sonra evdə işləyərkən Elmarın bacanağına da bunu danışmış və həmin şəxs ona bildirmişdir ki, Elmar da sürücülük vəsiqəsi almaq istəyir. Bir qədər fikirləşmişlər və qərara gəlmişlər ki, Söhrabın dediyi üsulla sürücülük vəsiqəsi alsınlar. Söhraba zəng edib Biləcəri qəsəbəsinə dəvət etmişlər. Orada Elmar və o, Söhrabla söhbət etmişlər, qərara gəlmişlər ki, Söhrabdan onun dediyi üsulla sürücülük vəsiqəsi alsınlar. Söhrab ona hörmət olaraq ondan 500, Elmardan isə 550 manat pul istəmişdir. Elmarla danışıb öz aralarında razılığa gəlmiş və 2023-cü ilin sentyabr ayının əvvəlləri ilkin olaraq Söhraba 300-400 manat pul göndərmişlər. Həmçinin o və Elmar özlərinə aid fotoşəkil və şəxsiyyət vəsiqələrinin surətlərini “Whatsapp” proqram təminatı üzərindən Söhraba göndərmişlər. Söhrab isə bildirmişdir ki, bir neçə gün ərzində sürücülük vəsiqəsini həll edəcək, qalan pulu “Asan Xidmət”də Azərbaycan Respublikasına aid sürücülük vəsiqəsi aldıqdan sonra götürəcəkdir. 23 sentyabr 2023-cü il tarixdə Söhrabla Bakı şəhəri Nizami rayonu ərazisində fəaliyyət gösərən 5 saylı “Asan Xidmət” mərkəzinin yaxınlığında görüşmüşlər. Oraya o və Elmar getmişlər. Saat təxminən 12 radələrində orada görüşmüşlər. Söhrab həmin yerdə Ukrayna Respublikasına aid sürücülük vəsiqəsi vermişdir. Daha sonra Elmar və o, “Asan Xidmət” mərkəzinə daxil olmuşlar. Sürücülük vəsiqəsinin saxta olduğunu bilmişdir. Çünki o, heç bir zaman Ukrayna Respublikasında olmamış və orada sürücülük vəsiqəsi alınmasında iştirak etməmişdir. Həmçinin həmin sürücülük vəsiqəsinin verilməsi də 2018-ci il tarixinə aid olmuşdur. Buna görə o, sürücülük vəsiqəsinin saxta olduğunu bilmişdir. Lakin Söhrab hər hansı bir problem olmayacağını dediyinə görə həmin sürücülük vəsiqəsindən istifadə etmişdir. “Asan Xidmət” Mərkəzində ona Azərbaycan Respublikasına aid sürücülük vəsiqəsi verilmişdir. İlkin olaraq ona bir il müddətinə sürücülük vəsiqəsi verilmiş və sonradan yenidən 10 il müddətinə əvəz edə biləcəyini izah etmişlər. O, sürücülük vəsiqəsini alıb çıxdıqdan sonra bilmişdir ki, Elmar da sürücülük vəsiqəsi ala bilmişdir. Elmar və o, orada Söhraba qalan pulu vermişlər. Ümumilikdə ikisinə birlikdə 1050 manat pul vermişlər. Sonradan polis idarəsinə çağırıldıqda bilmişdir ki, saxta sürücülük vəsiqəsindən istifadə etməsi bilinmiş və əməlini səmimi etiraf etmişdir. Həmçinin aldığı sürücülük vəsiqəsini də könüllü təqdim etmişdir. Ondan başqa Elmar da polis idarəsinə dəvət edilmiş və Elmarın barəsində də ayrı bir cinayət işi başlanmışdır. Məhkəmədə son sözlə çıxışında Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olduğunu, himayəsində üç azyaşlı uşağı olduğunu nəzərə almağı məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, o, Ağdaş rayonu Yuxarı Ləki kəndindən olan Əziz adlı şəxsi qiyabi olaraq tanımışdır. Əzizlə münasibəti olmasa da, barəsində eşitmişdir. Əzizin Ukrayna Respublikasında yaşadığını və orada taksi fəaliyyəti ilə məşğul olduğunu bilmişdir. 2023-cü ilin iyul ayında Hava Limanında müştəri axtararkən Əziz onun Ağdaş rayonuna getdiyini bilib ona yaxınlaşmış və onu Ağdaş rayonuna aparmasını xahiş etmişdir. Yolda ondan Ağdaşın harasından olduğunu soruşmuş, o, həmin şəxsə Ləki kəndindən olduğunu demişdir. Həmin şəxs də ona Ləki kəndindən olduğunu və adının Əziz olduğunu bildirmişdir. Həmin zaman bilmişdir ki, o, Ukrayna Respublikasında yaşayan Əzizdir. Yolda iş barədə söhbət etmişlər. Əziz ona bildirmişdir ki, Ukrayna Respublikasında sürücülük vəsiqəsi düzəldən şəxs tanıyır. Həmin şəxs vasitəsi ilə sürücülük vəsiqəsi hazırlatdırır. Əziz ona özünün sürücülük vəsiqəsini göstərmiş və bildirmişdir ki, həmin sürücülük vəsiqəsini “Asan Xidmət”ə təqdim edərək Azərbaycan Respublikasına aid sürücülük vəsiqəsi ilə dəyişəcəkdir. Əziz təklif etmişdir ki, belə bir sürücülük vəsiqəsi kim almaq istəsə ona xəbər etsin. Sürücülük vəsiqəsini 500- 700 manat arası düzəldir. Hər bir tapdığı şəxsə görə isə ona 30-50 manat arası verəcəkdir. O da Əzizlə razılaşmışdır. Həmçinin Əziz demişdir ki, 10-12 nəfər müştəri tapsa ona da B, C, D, E kateqoriyalı sürücülük vəsiqəsini təmənnasız düzəltdirəcəkdir. O, Əzizin bu sözləri ilə razılaşmışdır. Bundan sonra 11 iyul 2023-cü il tarixdə Əziz Ukrayna Respublikasına geri dönmüş, geri dönərkən də ona Azərbaycan Respublikasına aid sürücülük vəsiqəsini göstərmiş və özü ilə gətirdiyi sürücülük vəsiqəsinə dəyişdiyini qeyd etmişdir. Bundan sonra həmin ərəfələrdə Ucar rayonundan olan tanışı Təqsirləndirilən şəxs ona zəng edərək xahiş etmişdir ki, onun əşyalarını gedib götürüb Ucar rayonuna aparsın. O da gedib Binəqədi və ya Biləcəri qəsəbəsində Şahinlə görüşmüşdür. Həmin zaman Şahinin yanında bir şəxs olmuşdur. Həmin şəxs orada taksi fəaliyyəti ilə məşğul olmaq istədiyini, lakin sürücülük vəsiqəsi ala bilmədiyini demişdir. O da həmin şəxsə tanıdığı bir şəxsin Ukrayna Respublikasına aid sürücülük vəsiqəsi düzəltdiyini bildirmişdir. Sonra prosesi onlara izah etmiş və həmin sürücülük vəsiqəsini “Asan Xidmət” mərkəzlərində Azərbaycan Respublikasına aid sürücülük vəsiqəsi ilə dəyişə biləcəyini qeyd etmişdir. Həmin şəxslər ondan həmin məsələni maraqlanıb, Əzizin onlara sürücülük vəsiqəsi düzəldə bilibbilməyəcəyini soruşmasını xahiş etmişlər. O da razılaşmış və bundan sonra Əzizin ona verdiyi xarici nömrə ilə “Whatsapp” proqram təminatı üzərindən danışmışdır. Razılıq aldıqdan sonra bunu Şahingilə demişdir. Şahin bundan təxminən 2 ay sonra ondan xahiş etmişdir ki, özünə və tanışı Elmara sürücülük vəsiqəsi düzəltsin. 2023-cü ilin sentyabr ayının əvvəllərində o, Əzizlə danışmış, Əziz ikisinə 1000 manat lazım olduğunu bildirmişdir. Belə razılaşmışlar ki, Şahingil sürücülük vəsiqəsini əldə etdikdən sonra pulu verəcəklər. Həmin şəxslər şəxsiyyət vəsiqələrini və fotoşəkillərini ona göndərmişlər. O, həmin şəkilləri Əzizə göndərmişdir. Təxminən 10-15 gün sonra Əziz tanımadığı şəxslər vasitəsi ilə iki ədəd Ukrayna Respublikasına aid sürücülük vəsiqəsi göndərmişdir. Həmin sürücülük vəsiqələrini Hava Limanında götürmüşdür. Əziz ona bildirmişdir ki, Hava Limanında həmin şəxslər özləri ona yaxınlaşacaq. Orada olarkən Əzizin sürücülük vəsiqələrini göndərdiyi şəxslər ona özləri yaxınlaşmış və vəsiqələri təqdim etmişlər. Həmin şəxsləri ilk dəfə görmüş, tanımamışdır. Həmin şəxslərdən hara getmələrini, Ağdaş və ya yaxın rayonlara gedib-getmədiklərini soruşmuşdur. Lakin həmin şəxslər ona həmin yerlərə getmədiklərini bildirmişlər. Bundan sonra Şahinlə danışıb Bakı şəhəri H.Əliyev prospektində yerləşən 5 saylı “Asan Xidmət”in qarşısında görüşmüş və sürücülük vəsiqələrini onlara vermişdir. Təxminən 2023-cü ilin sentyabr ayının sonları olmuşdur. Şahin və Elmar hər ikisi “Asan Xidmət”ə getmişlər. O isə onları aşağıda gözləmişdir. Şahingil sürücülük vəsiqələrini dəyişib gəlmişlər və ona danışdıqları kimi 1050 manat pul vermişlər. O da pulun 50 manatını özünə götürmüş, 1000 manatını isə Əzizlə danışıb necə çatdıracağımı demişdir. Əziz Ağdaş rayonunda pulun ondan götürüləcəyini demişdir. Bundan sonra Ağdaş rayonunda olduğu zaman Əziz ona “Ağdaş Palace” adlı şadlıq evinin yaxınlığında gözləməsini tapşırmışdır. Orada olarkən Əzizin dediyi tanımadığı bir şəxs avtomobilə yaxınlaşıb pulu götürmüşdür. Həmin şəxs Göyçay rayonu istiqamətindən gəlmişdir. Həmin adamı tanımamış, adının nə olduğunu da bilməmişdir. Həmin şəxs restoranın parklanma yerində avtomobilini saxladığı üçün onun hansı avtomobillə gəlməsini də bilməmişdir. O, sürücülük vəsiqələrinin xaricə aid olduğunu Şahinə izah etmiş, Şahin də bilmişdir ki, özü Ukrayna Respublikasında olmayıbsa, sürücülük vəsiqəsi almayıbsa, demək ki, həmin sürücülük vəsiqəsi saxtadır. Əzizin özü sürücülük vəsiqəsini problemsiz dəyişdiyi üçün düşünmüşdür ki, heç bir problem olmaz. Bunu həm Şahin, həm Elmar da çox yaxşı bilmişlər. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 19 dekabr 2023-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 320.1 və 320.2-ci maddələri ilə ********* nömrəli cinayət işi başlanmışdır. (i.v. 1) -Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin 02 oktyabr 2023cü il tarixli 3-13-16/2-133550/2023 nömrəli məktubundan və məktuba əlavə edilmiş siyahıdan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “ASAN xidmət” mərkəzinə müraciət edərək xarici dövlətə aid sürücülük vəsiqəsini dəyişdirmişdir. (i.v. 3-4) -Təqsirləndirilən şəxs 23 sentyabr 2023-cü il tarixli ərizəsindən görünür ki, o, öz adına olan Ukrayna Respublikasına aid saxta AHB 263516 nömrəli sürücülük vəsiqəsinin dəyişdirilməsi üçün 23 sentyabr 2023-cü il tarixdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 5 saylı “Asan xidmət” mərkəzinə təqdim etmişdir. (i.v. 5) -Saxtalaşdırılmış sürücülük vəsiqəsindən görünür ki, xx xxxx 1983-cü il təvəllüdlü Təqsirləndirilən şəxs 10 aprel 2018-ci il tarixdə Ukrayna Respublikasına aid B, B1, C, C1 kateqoriyalı AHB 263516 nömrəli saxta sürücülük vəsiqəsi verilmişdir. (i.v. 6-7) - 13 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi Azərbaycan Respublikasına aid BB 443255 nömrəli sürücülük vəsiqəsi təhqiqatçı tərəfindən ondan götürülmüşdür. (i.v. 11-13) -Sərhədkeçmə haqqında məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs 03 aprel 2017-ci il tarixdən 26 iyul 2018-ci il tarixə qədər Azərbaycan Respublikasında olmuş, Ukrayna Respublikasında olmamışdır. (i.v. 13-14) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə sənədlərin texniki ekspertizasının 19 oktyabr 2023-cü il tarixli 5/1465 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş Ukrayna Respublikasının Təqsirləndirilən şəxs adına verilmiş AHB 263516 nömrəli sürücülük vəsiqəsinə oxşar sənədin blankı mətbəə çap üsulu ilə deyil, printer vasitəsilə çap edilmişdir. Təqdim edilmiş Ukrayna Respublikasının Təqsirləndirilən şəxs adına verilmiş AHB 263516 nömrəli sürücülük vəsiqəsinə oxşar sənədin blankı Mərkəzdə olan “SDU ultra” məlumat sistemindəki eyni növ sənədin nümunəsi ilə eynilik təşkil etmir. (i.v. 21-25) - 01 fevral 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin materiallarından Azərbaycan Respublikası CM-nin 320.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmışdır. (i.v. 35) - 02 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 320.1-ci maddəsi ilə cinayət təqibinə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən xitam verilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 320.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmiş, DİN-nin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsində saxta rəsmi sənədləri hazırlama faktına görə Azərbaycan Respublikası CM-nin 320.1-ci maddəsi ilə ayrılmış ********* nömrəli cinayət işinə əlavə edilib araşdırılması üçün hazırki cinayət işinin materiallarından material ayrılmış, Ukrayna Respublikasına aid AHB 263516 nömrəli saxta sürücülük vəsiqəsi və saxta sənəddən istifadə edilməklə əldə edilmiş Azərbaycan Respublikasına aid BB 443255 nömrəli sürücülük vəsiqəsi maddi sübut kimi tanınaraq iş materiallarında saxlanılmış, Azərbaycan Respublikasına aid BB 443255 nömrəli sürücülük vəsiqəsinin saxta üsullarla alınması müəyyən edildiyi üçün sürücülük vəsiqəsinin etibarsız hesab edilməsi üçün DİN-nin Baş Dövlət Yol Polis İdarəsinə məlumat verilmişdir. (i.v. 37-42) Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə qeyd edir ki, cinayət qanunvericiliyinə görə, hüquq verən və ya vəzifədən azad edən saxta vəsiqədən və ya digər saxta sənəddən istifadə etmə dedikdə, saxta rəsmi sənədin (vəsiqənin və ya digər rəsmi sənədin), onun saxta olduğunu qabaqcadan bilən şəxs tərəfindən hər hansı bir hüquq (üstünlük, güzəşt, imtiyaz) əldə etmək və ya müəyyən bir vəzifənin icrasından tam və ya qismən azad olmaq məqsədi ilə dövlət orqanlarına, bələdiyyələrə və onların vəzifəli şəxslərinə, hüquqi şəxslərə və vətəndaşlara təqdim olunması başa düşülür. Bilə-bilə saxta sənədlərdən istifadə edildiyi andan cinayət başa çatmış hesab olunur. Məhkəmə, dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidi dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 320.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi özünün etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadəsi, ekspertiza rəyi və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 320.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 320.2-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 320.2-ci maddəsinə əsasən bu Məcəllənin 320.1ci maddəsində göstərilmiş (hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) bilə-bilə saxta sənədlərdən istifadə etmə - min manatdan iki min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz saatadək müddətə ictimai işlərlə və ya bir ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 08 fevral 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu haqqında məlumat yoxdur. (i.v. 36) - 05 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (i.v. 66) -Portaldan çıxarışdan görünür ki, X2 30 iyul 2005-ci il tarixdə, X3 10 may 2007-ci il tarixdə, X1 28 iyun 2011-ci il tarixdə doğulmuşlar. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Eləcə də, Ali Məhkəmənin Plenumunun yuxarıda istinad edilən 23 mart 2004-cü il tarixli Qərarının 13-cü bəndi ilə məhkəmələrə tövsiyyə edilmişdir ki, xuliqanlığa görə cəza təyin edərkən cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmaqla hər bir halda törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaqla təqsirləndirilən şəxslərə düzgün və ədalətli cəza təyin etsinlər. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 320.2-ci maddəsi ilə törətdiyi əməl həmin Məcəllənin 15.2-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqlarının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal qismində Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Ali Məhkəmənin Plenumunun yuxarıda istinad edilən 25 iyun 2003-cü il tarixli Qərarında həmçinin göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi də öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən böyük ictimai təhlükə törətməyən cinayət əməli törətməsini, cəzasını yüngülləşdirən halın olmasını, cəzasını ağırlaşdıran halın isə olmamasını, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq və cəmiyyətdən təcrid edilmədən islah olunmasının mümkün olması qənaətinə gələrək, hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması üçün cəmiyyətdən təcrid olunmamaqla barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Ona görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 320.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə cəza təyin edilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırkı işlə bağlı tutulmamış, həbsdə saxlanılmamışdır. Ona görə məhkəmə hesab edir ki, cəza müddətinin hesablanması və cəzanın hesaba alınması zamanı Azərbaycan Respublikası CM-nin 69cu maddəsinin müddəalarının tətbiqi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 23.1-ci maddəsinə əsasən məhkum cəriməni hökm qanuni qüvvəyə mindiyi gündən bir aydan gec olmayaraq müvafiq bank hesabına köçürməklə ödəməlidir. Bununla əlaqədar məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin edilməsi nəzərdə tutulan cərimə hökm qanuni qüvvəyə mindiyi gündən bir aydan gec olmayaraq müvafiq bank hesabına köçürülməklə ödənilməlidir. Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cərimə növündə cəza təyin edilməli olduğundan, onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, iş üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınmış Ukrayna Respublikasına aid AHB 263516 nömrəli saxta sürücülük vəsiqəsi və saxta sənəddən istifadə edilməklə əldə edilmiş Azərbaycan Respublikasına aid BB 443255 nömrəli sürücülük vəsiqəsi cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdırlar; Azərbaycan Respublikasına aid BB 443255 nömrəli sürücülük vəsiqəsinin etibarsız hesab edilməsi üçün məhkəməyədək icraat zamanı DİN-nin Baş Dövlət Yol Polis İdarəsinə müraciət edilməsi nəzərə alınmalıdır; CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 320.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti olmadığından qərar əsasında dövlət hesabına dəvət olunmuş vəkilin məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardımla bağlı iştirak etdiyi müddətə görə Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 320.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 1200 (bir min iki yüz) manat məbləğində cərimə cəzasına məhkum edilsin. Cərimə hökm qanuni qüvvəyə mindiyi gündən bir aydan gec olmayaraq müvafiq bank hesabına köçürülməklə ödənilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübut qismində tanınmış Ukrayna Respublikasına aid AHB 263516 nömrəli saxta sürücülük vəsiqəsi və saxta sənəddən istifadə edilməklə əldə edilmiş Azərbaycan Respublikasına aid BB 443255 nömrəli sürücülük vəsiqəsi cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsınlar. Azərbaycan Respublikasına aid BB 443255 nömrəli sürücülük vəsiqəsinin etibarsız hesab edilməsi üçün məhkəməyədək icraat zamanı Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsinə müraciət edilməsi nəzərə alınsın. Məhkəmə məsrəfi olan 70 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı dövründə 20 iş saatı göstərdiyi pulsuz hüquqi yardıma görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi müvafiq hesablaşma hesabı üzərindən 120 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar