Məhkəmə qərarları › İş №1(007)-225/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-225/2021

30.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-225/2021 30.07.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs-Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, onun müdafiəçisi-Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxxxx 1991-ci il tarixdə Cəlilabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, bir uşağı olan, "xxxx" QSC-də yol montyoru vəzifəsində işləyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Xətai rayonu, Gen. Şıxlinski küçəsi ev 42, mənzil 335-də qeydiyyatda olan, Bakı şəhəri, Suraxanı rayonu, “D” massivi, ev 29, mənzil 151-də yaşayan, 26 aprel 2021ci il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Belə ki, o, 17 fevral 2021-ci il tarixdə saat 22 radələrində ünvan 1 ünvanında ev alqı-satqısı ilə məşğul olan Zərərçəkmiş şəxs ilə həmin mənzilin kirayə pulunun məbləği ilə bağlı aralarında yaranmış mübahisə zaman o, üzərində olan təyinatı istintaqa məlum olmayan bıçaqla Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrindən vuraraq sonuncuya burun belinin kəsilmiş yarası, sol bazunun deşilmiş kəsilmiş yarasından ibarət sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirməklə qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 14 fevral 2021-ci il tarixdə Şahid3 ilə “Azar” adlı sosial şəbəkədə təsadüfən tanış olmuşdur. Onunla ayrı-ayrı vaxtlarda müxtəlif ünvanlarda görüşüb cinsi əlaqədə olmuşlar. 17 fevral 2021-ci il tarixdə Şəbnəm ona zəng edərək hazırda yaşadığı ünvan 2 ünvanından çıxmaq istədiyini və kirayə ev tutmaq məqsədi olmasını bildirmişdir. Həmin gün axşam saat 20 radələrində o, Şəbnəmə zəng edərək harada olmasını soruşduqda, Şəbnəm Nizami rayonu, “Xalqlar Dostluğu“ metrostansiyasının yaxınlığında ev tapdığını, anası Şahid4 da götürüb birlikdə mənzilə baxmağa getmək istədiyini bildirmişdir. Eyni zamanda Şəbnəm telefonda mənzili onlara kirayə verənlərin kişi cinsinə məxsus olmasını dedikdə, o, Şəbnəmə tək getməmələrini deyərək onunla ünvan 3 ünvanda görüşmüşlər. Orada sonradan tanıdığı Zərərçəkmiş şəxs, Şahid1 və Şahid2 onları binanın həyətində gözləmişlər, onlar birlikdə liftlə mənzilə qalxmışlar. Mənzilə daxil olub baxdıqdan sonra evin istiliyinin zəif olduğunu ev sahibinə bildirmiş və evin qiymətini 20 manat aşağı düşməsini xahiş etmişdir. Lakin ev sahibi evin qiymətinin 350 manat olduğunu, aşağı düşməyəcəyini dedikdə stulda əyləşən Zərərçəkmiş şəxs yerindən qalxaraq onun üzərinə gəlib qolundan tutaraq silkələyə-silkələyə saat 20-dən onları gözlədiyini bildirmişdir. O isə, ona işinin bu olduğunu, həmçinin evin soyuq olmasını demişdir. Qiymətdə razılaşmamaları səbəbindən o, müqavilənin yazılmamasını istəmiş və Şəbnəmə çıxıb getmələrini demişdir. Sənan yenidən onun qolundan tutaraq onunla oyun oynadığını demiş, buna görə aralarında mübahisə başlamışdır. Sənan üzərinə gəlib onu vurmaq istəyən zaman o, geriyə çəkilmiş və cəld yumruqla Sənanın sifət nahiyəsindən vurmuşdur. Zərbənin təsirindən Sənanın sifət nahiyəsindən qan gəldiyini görmüşdür. Bu zaman evdə olan ev sahibi Orxan və yanında olan Bəxtiyar onu sakitləşdirməyə çalışmışlar. Sənan isə yumruqla onun sinəsindən vurmuş və üzərinə yıxılaraq vurmağa davam etmişdir. O, özünü qorumaq məqsədi ilə əynində olan gödəkçənin sağ cibindən qəhvəyi rəngli qatlanan bıçağı çıxardaraq Sənanın yan nahiyəsinə vurmaq istəyən zaman bıçaqla onun sol qol nahiyəsindən vurmuşdur. Bundan sonra Şəbnəm onun ayaqlarına düşərək sakitləşməsini və çıxıb getmələrini xahiş etmişdir. O, Sənanı bıçaqla vurduqdan sonra bıçağı cibinə qoyaraq mənzildən çıxdıqdan sonra bıçağı həyətə tullamış və avtomobilə əyləşib çıxıb getmişdir. Şəbnəm və anası ilə birlikdə metronun “Həzi Aslanov” stansiyasının yaxınlığına getmiş, Şəbnəmin anası Təranə orada düşərək evə getmişdir. Şəbnəm isə evə getmək istəməmiş, onu Nizami rayonu ərazisində yerləşən “Siyaqut” şadlıq sarayının yaxınlığına aparmasını xahiş etmiş, ona görə Şəbnəmi həmin ünvanda düşürüb evə getmişdir. Münaqişə onların getdikləri mənzilin qonaq otağında baş vermiş və 3-4 dəqiqə davam etmiş, hadisə yerinə başqa şəxslər gəlməmişlər. Təqsirləndirilən şəxs daha sonra ifadəsində göstərmişdir ki, ailədə ondan başqa işləyən yoxdur, evə o, baxır, bir azyaşlı uşağı vardır. Dəfələrlə cəhd göstərsə də, Zərərçəkmiş şəxs onunla barışmamışdır. Əməlindən səmimi peşmandır. Barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, ev alqı-salqısı və kirayəsi ilə məşğul olur. 2020-ci ilin avqust ayından internet vasitəsi ilə müxtəlif ünvanlardan kirayə evlərin sahibləri ilə əlaqə saxlayaraq həmin mənzilləri kirayə verə biləcəyini bildirərək qazanc əldə edir. Şahid3 17 fevral 2021-ci il tarixdə saat 16 radələrində onun mobil telefon nömrəsinə zəng edib telefonda özünü təqdim edərək Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 117/72 nömrəli ünvanda yerləşən mənzili kirayə götürmək istədiyini bildirmişdir. O da Şəbnəmlə axşam qeyd olunan ünvanda görüşməyi razılaşdırmışdır. Bundan sonra ev sahibi Şahid2 ilə danışıb ona baş verənlər haqqında ətraflı məlumat verərək axşama binanın yanında görüşmələrini demiş, Orxan da onunla razılaşmışdır. Həmin gün saat 20:30 radələrində o, dostu Bəxtiyarla birlikdə Nizami rayonu, Qara Qarayev prospekti ev 117, mənzil 72 ünvanında Şahid3 ilə görüşmüşdür. Həmin vaxt ev sahibi Orxan da mənzildə olmuşdur. Şəbnəm mənzilə ətraflı baxdıqdan sonra xoşu gəldiyini, mənzili kirayə götürəcəyini deyərək anası Şahid4 ilə görüşüb pul götürüb gələcəyini bildirmişdir. Onlar da razılaşmışlar. Təxminən 1 saat sonra, saat 22 radələrində Şəbnəm təkrar mənzilə gəlmiş, həmin vaxt onun yanında anası Şahid4 və sonradan adını bildiyi Təqsirləndirilən şəxs da olmuşdur. Onlar mənzilə təkrar baxmışlar. Şəbnəmin anası da mənzili bəyənmişdir. Onlar ev sahibi ilə mənzilə ayda 350 manat kirayə pulu verilməsinə razılaşmışlar, lakin bu vaxt Samir ev sahibinə mənzilin kirayə qiymətinin baha olmasını söyləyərək narazıçılığını bildirmişdir. Orxan da ona evi həmin şəxslərə kirayə vermək istəmədiyini demişdir. O isə Orxandan xahiş etmişdir ki, səbirli olsun, evi kirayə verib çıxıb getsinlər. Orxan da onunla razılaşmışdır. Samir isə öz narazıçılığını bildirməkdə davam etmişdir. O, Samirə “axı burda nə var ki, niyə belə əsəbləşirsən” dedikdə, Samir ona kobud cavab verərək “gəl, düşək aşağıda söhbətimizi edərik” demişdir. O, Samirə evdə nə sözü var, deyə biləcəyini demişdir. Bundan sonra Samir qəflətən onun üzərinə hücum edərək sinəsindən tutduqa o da Samirin sinəsindən tutmuş, bu vaxt orada olan qadınlar onları sakitləşdirməyə çalışmışlar. Samir sağ əlində qatlanan, qəhvəyi rəngli bıçağı belindən çıxarıb onun sol kürəyinə 3-4 dəfə vuranda o, geriyə çəkilmişdir. Həmin vaxt Samir təkrar əlində olan bıçaqla onun sifət nahiyəsinə vurmuş, lakin o, arxaya tərəf çəkildiyinə görə bıçaq onun burnunu siyirib keçmişdir. Bu vaxt o, kürəyində istilik hiss etmişdir. Bundan sonra Samir və yanında olan qadınlar onunla birlikdə oradan qaçıb getmişlər. Hadisədən sonra Bəxtiyar və Orxan ona köməklik edərək gödəkçəni və paltarlarını çıxartdıqda onun sol qolunun arxa hissəsinin qanadığını görmüşlər. Orxan tez təcili tibbi yardıma məlumat vermiş, bir az keçmiş həkimlər ünvana gəlmiş, tibbi yardım göstərərək onu 3 saylı şəhər klinik xəstəxanasına aparmışlar. Hadisə mənzilin daxilində, təxminən 3-4 dəqiqə ərzində baş vermiş, mənzildəki səs-küyə başqa gələn olmamışdır. Təqsirləndirilən şəxs ilə barışmamışdır, onun barəsində ən ağır cəza təyin olunmasını istəyir. Göstərdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs 2020-ci ilin yay aylarından tanıyır, onunla dostluq edir. Sənan internet üzərindən ev-alqı satqısı ilə məşğul olur. 17 fevral 2021-ci il tarixdə saat 16 radələrində Sənan ona zəng edərək ünvan 1 ünvanını kirayə götürmək istədiklərini, evi kirayələmək istəyənlərlə axşam görüşəcəyini demiş və birlikdə getmələrini xahiş etmişdir. Sənanla razılaşaraq həmin gün saat 20:30 radələrində həmin ünvanda Şəbnəm adlı qızla görüşmüşlər. Həmin vaxt ev sahibi Orxan da mənzildə olmuşdur. Şəbnəm mənzilə ətraflı baxdıqdan sonra mənzili bəyəndiyini, kirayə götürəcəyini, anası ilə görüşüb pul götürüb gələcəyini bildirmiş və gözləməsini Sənandan xahiş etmişdir. Sənan da razılaşmışdır. Təxminən 1 saat sonra Şəbnəm təkrar mənzilə gəldikdə həmin vaxt onun yanında anası Təranə və sonradan adını bildiyi Təqsirləndirilən şəxs da olmuşdur. Onlar mənzilə təkrar baxmışlar, Şəbnəmin anası da mənzili bəyənmişdir. Onlar ev sahibi ilə mənzili ayda 350 manat kirayə verilməsinə razılaşmışlar. Bu vaxt Samir ev sahibinə mənzilin kirayə qiymətinin baha olmasını söyləyərək narazıçılığını bildirmiş, Orxan da Sənana evi həmin şəxslərə kirayə vermək istəmədiyini demişdir. Sənan isə Orxandan xahiş etmişdir ki, səbirli olsun, evi kirayə verib çıxıb getsinlər. Orxan da Sənanla razılaşmışdır. Bundan sonra Samir təkrar narazıçılığını bildirməkdə davam etmişdir. Sənan isə Samirə “axı burda nə var ki, niyə belə əsəbləşirsən” dedikdə, Samir ona kobud cavab verərək “gəl, düşək aşağıda söhbətimizi edək” demişdir. Sənan Samirə evdə nə sözü var, deyə biləcəyini demişdir. Bu sözdən sonra Samir qəflətən Sənanın üzərinə hücum edərək onun sinəsindən tulmuş, eyni zamanda Sənan da Samirin sinəsindən tutduqda, orada olan qadınlar və onlar Samir və Sənanı aralaşdırmağa başlamışlar. Həmin vaxt Samir sağ əlində qatlanan, qəhvəyi rəngli bıçağı belindən çıxarıb Sənanın sol kürəyinə 3-4 dəfə vurduqda Sənan arxaya tərəf halsız vəziyyətdə çəkilib dayanmışdır. Həmin vaxt Samir təkrar əlində olan bıçaqla onun sifət nahiyəsinə vurmuşdur. Lakin Sənan arxaya tərəf çəkildiyinə görə bıçaq onun burnunu siyirib keçmişdir. Bundan sonra Samir və yanında olan qadınlar birlikdə oradan qaçıb getmişlər. Orxanla birlikdə Sənana köməklik edərək gödəkçəsini və paltarlarım əynindən çıxarmışlar və Sənanın sol qolunun arxa hissəsinin qanadığını görmüşlər. Orxan tez təcili tibbi yardıma zəng etmiş, bir az keçmiş həkimlər ünvana gəlmişlər. Onlar Sənana tibbi yardım göstərərək 3 saylı şəhər klinik xəstəxanasına aparmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, ünvan 1 ünvanı qaynı X1 məxsusdur. Orxan ondan həmin mənzili kirayə verməyi xahiş etmişdir. 17 fevral 2021-ci il tarixdə saat təxminən 20 radələrində sonradan adını bildiyi özünü ev alqı-satıqısı ilə məşğul olduğunu deyən Sənan ona zəng edərək mənzili kirayə vermək üçün müştəri tapdığını bildirmişdir. O, Sənanla saat 20 radələrində binanın qarşısında görüşmək üçün razılaşmışdır. Qeyd olunan saatda Sənan evi kirayə götürmək istəyən Şəbnəmlə binanın qarşısına gəlmiş, onlar birlikdə mənzilə qalxmışlar. Şəbnəm mənzilə baxdıqdan sonra bəyəndiyini bildirərək kirayə götürmək qərarına gəlmiş, lakin anasını da mənzilə gətirmək istədiyini demişdir. O, təxminən yarım saat sonra anası Təranə ilə gəlib behi verəcəyini bildirmişdir. Həmin gün saat təxminən 21:45 radələrində Şəbnəm yanında anası Təranə və Samir adlı şəxslə yenidən mənzilə gəlmiş, onlar mənzilə baxdıqdan sonra Samir kirayə pulu olan 350 manatdan aşağı məbləğə mənzili kirayə vermələrini demişdir. O, Samirə evin qiymətinin 350 manat olduğunu, aşağı yerinin olmadığını bildirmişdir. Bundan sonra Samir evin qiymətinin baha olmasını deyərək xanımlara getməyi təklif etmişdir. Bu zaman Sənan Samirə 2 saatdı onları gözlədiklərini demiş, Samir isə Sənana işinin bu olmasını xatırlatmışdır. Bu sözdən sonra Sənanla Samir arasında mübahisə düşmüşdür. Samir və Sənan bir-birinin üzərinə düşdükdə onlar dərhal onları aralaşdırmışlar. Yenidən onların hər ikisi bir-birinin üzərinə hücuma keçmişlər, bu dəfə də onları aralaşdırdıqda Sənanın burnunun üzərindən qan gəldiyini görmüşdür. O, dərhal evdən qadınları və Samiri çıxartmış, bundan sonra təmiz dəsmalla Sənanın burnunun üzərini silməyə kömək etmişdir. Lakin Sənan sol qolunun ağrıdığını demişdir. Samir gödəkçəsini çıxartmış və qolunun qanamasını görüb dərhal təcili tibbi yardıma zəng etmişdir. Daha sonra Sənanın əynində olan maykasını çıxardıb qolunun qanayan yerinə sıxmışdır. Bir az keçmiş hadisə yerinə təcili tibbi yardım gəlmiş, həkimlər Sənana tibbi yardım göstərmiş və birlikdə 3 saylı şəhər kliniik xəstəxanasına getmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, evlidir, 2020-ci ilin noyabr ayından ərindən ayrı yaşayır, övladı yoxdur. 14 fevral 2021-ci il tarixdə “Azar” adlı sosial şəbəkədə Təqsirləndirilən şəxs ilə tanış olmuş, dost münasibətində olmuşlar. Yaşadığı mənzildən çıxmaq qərarına gəldikləri üçün o, kirayə ev axtarmış, bu məqsədlə kirayə ev tapmaq üçün “Tap.Az” elan saytından kirayə mənzil verilməsini aşkar etmişdir. Elandan Zərərçəkmiş şəxs mobil nömrəsini götürüb onunla telefon əlaqəsi saxlayaraq mənzili soruşduqda artıq həmin evin kirayə verildiyini bildirmişdir. Bundan sonra Sənan ona ünvan 5 ünvanın fotoşəkillərini göndərmişdir. O, həmin şəkillərdə mənzili bəyəndiyini, evə baxmaq istədiyini demişdir. 17 fevral 2021-ci il tarixdə saat təxminən 20:40 radələrində mənzilə baxmaq üçün ünvana getmiş, binanın həyətində onu evin sahibi Şahid2 oglu, yanında sonradan adını bildiyi Şahid1 və Sənan onu qarşılamışlar. Onlar birlikdə mənzilə baxmaq üçün evə qalxmışlar, mənzilə baxanda bəyəndiyini onlara bildirmiş, kirayə haqqı olaraq evi aylıq 350 manata danışmış, lakin pulun anası Təranədə olduğunu və əgər anası da bəyənərsə, evi kirayə götürəcəyini deyib mənzildən çıxıb getmişdir. O, anası ilə “Xalqlar Dostluğu” metrostansiyası yaxınlığında görüşmüşdür. Həmin vaxt tanışı Samir ona zəng etmiş, telefon danışığı zamanı Samirə anası ilə kirayə mənzil tutmaq istədiklərini, bunun üçün evə baxmağa getdiklərini demişdir. Orada kişilərin olduğunu eşitdikdən sonra Samir də onlarla birlikdə gəlmək istədiyini bildirmişdir. Bundan sonra Samir gəlmiş, görüşərək birlikdə mənzilə baxmağa getmişlər. Mənzilə baxan zaman istilik sistemlərinin işləmədiyini görəndə Samir onlara uyğun olmadığını bildirmişdir. Onlar evin kirayə qiymətinin aşağı verilməsini istəmişlər, lakin Sənan onlarla razılaşmamışdır. Bu vaxt Samir getmələrini təklif etmişdir. Sənan isə saatlarla onları gözlədiyini bildirərək Samirlə söz mübahisəsi etməyə başlamışdır. Sənan yerindən qalxıb Samirin üzərinə gələrək Samirə saat 20 radələrində gəldiyini və bu qədər saat onları gözlədiyini bildirmişdir. Samir ona xanımların otaqda olduğunu bildirərək sakitləşməsini tələb etdikdə, Sənan söhbət etmək üçün Samiri həyətə dəvət etmişdir. Bundan sonra Sənan əsəbi halda müqavilə sənədini cırıb atmışdır. X4 əlbəyaxa olmuşlar. Bu vaxt Sənanın burun nahiyəsinin qanadığını və Samirin əlində bıçaq olduğunu görmüşdür. O, bıçağı gördükdən sonra Samirin ayağına yıxılaraq ondan sakitləşməsini xahiş etmişdir. Samir sakitləşdikdən sonra onlar mənzildən çıxaraq getmişlər. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid4 məhkəmə iclasında iştirakını təmin etmək mümkün olmadığından onun ifadəsi elan olunaraq tədqiq edilmiş, onun Şahid3la eyni məzmunlu ifadə verdiyi müəyyən edilmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 07 aprel 2021-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə cinayət işi başlanmış və icraata qəbul edilmişdir. (i.v. 1) - 18 fevral 2021-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs və hal şahidlərinin iştirakları ilə hadisə yerinə baxış keçirilmişdir. (i.v. 9-10) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2 publik hüquqi şəxsin Nizami rayon şöbəsinin 26 fevral 2021-ci il tarixli 149 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs burun belinin kəsilmiş yarası, sol bazunun deşilmiş kəsilmiş yarası olmuşdur. Qeyd olunan xəsarətlər iti kənara malik əşyanın (əşyaların, ola bilsin bıçaq) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni, 17.02.2021-ci il tarixdə alınmaları mümkündür və dərəcələrinə görə ümumilikdə sağlamlığın qısa miiddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Xəsarətlərin lokalizasiyasına və xüsusiyyətlərinə əsasən demək olar ki, həmin xəsarətlərin müxtəlif şəraitlərdə, o cümlədən özünə yetirilməsi, eləcə də yıxılma nəticəsində alınmaları inkar olunur. (i.v. 23-24) - 11 aprel 2021-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs hadisə yerini və hadisədən sonra bıçağı atdığı yeri əyani olaraq göstərib, baş verənlərlə bağlı ifadəsində göstərilənləri əlavə olaraq təsdiq etmişdir. (i.v. 53-56) -Sübutların qiymətləndirilməsi haqqında 24 may 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə elan edilmiş ittiham qüvvədə saxlanılmış, onun əməlində Azərbaycan Respublikası CM-nin 221-ci və 228.4-cü maddələrinin tərkibi olmadığından barəsində həmin maddələrlə cinayət təqibinə xitam verilmişdir. (i.v. 97-103) Məhkəmə hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 4 saylı, 27 dekabr 1996-cı il tarixli qərarına əsasən məhkəmə hökmü səlis, aydın, anlaşılan şəkildə yazılmalı, iş üzrə müəyyən olunmuş hallar, sübutlar və məhkəmənin nəticələri hökmdə ciddi məntiqi ardıcıllıqla şərh edilməlidir. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, zərərçəkmiş şəxsi və şahidləri dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi özünün etirafedici ifadəsi ilə yanaşı mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 128-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma - həmin maddədə nəzərdə tutulmuş cinayət məsuliyyətinə səbəb olur, min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan əməli törətmiş Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışmamış və ona dəymiş ziyanı ödəməmişdir. Belə olan halda, Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsində nəzərdə tutulan əlamətlər olmadığından təqsirləndirilən şəxsin həmin əsaslarla cinayət məsuliyyətindən azad edilməsinə əsas yoxdur, ona görə onun barəsində ittihamedici hökm çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 11 mart 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu haqqında məlumat yoxdur. (i.v. 28) - AZ-İV seriyalı, 550759 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 09 yanvar 2021-ci il tarixdə doğulmuşdur. (i.v. 81) - 26 aprel 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (i.v. 88) “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli qərarının 1-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128ci maddəsi ilə törətdiyi əməl, həmin Məcəllənin 15.2-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağın olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal qismində Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən, cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla, onun qəsdən böyük ictimai təhlükə törətməyən cinayət əməli törətməsini nəzərə alaraq, hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması üçün cəmiyyətdən təcrid olunmamaqla barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Buna görə də, təqsirləndirilən şəxsə əməlinin tövsif olunduğu maddənin sanksiyası hüdudlarında islah işləri cəzası təyin edilməlidir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırkı işlə bağlı tutulmamış, həbsdə saxlanılmamışdır. Ona görə məhkəmə hesab edir ki, cəza müddətinin hesablanması və cəzanın hesaba alınması zamanı Azərbaycan Respublikası CM-nin 69cu maddəsinin müddəalarının tətbiqi üçün əsaslar yoxdur. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs islah işləri növündə cəza təyin edilməli olduğundan, onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, zərərçəkmiş şəxs məhkəməyədək icraat və məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsə qarşı mülki iddia verməmişdir; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində hər hansı əşya və ya predmet tanınmamışdır; məhkəmə məsrəfinin tutulmasına səbəb olacaq ekspertiza keçirilməmişdir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin ibtidai istintaqda və məhkəmədə, iş materialları ilə tanış olmaqla birlikdə, təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddət ümumilikdə 60 iş saatı müddətinə bərabər tutulduğundan, (Nazirlər Kabinetinin 03.05.2018-ci il tarixli 202 saylı qərarına əsasən) göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla əmək haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, hər ay qazancından dövlət nəfinə 15% məbləğində pul tutulmaqla, 01 (bir) il müddətinə islah işləri cəzasına məhkum edilsin, o, cəzasını iş yeri üzrə çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs əmək haqqından dövlət nəfinə ilk tutulmanın aparıldığı tarixdən hesablansın. Cəzanın icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmədə, iş materialları ilə tanış olmaqla birlikdə, 60 saat göstərdiyi pulsuz hüquqi yardıma görə dəvət olunmuş Müdafiəçi "xxxx" ASC-nin “Qara Qarayev” filialı, kod 200145, VÖEN **********, m/h- AZ37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab - AZ33AİİB********************, VÖEN - ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı vəkil bürosu vasitəsi ilə 360 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar