Məhkəmə qərarları › İş №1(007)-225/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №1(007)-225/2023

03.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(007)-225/2023 03.03.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, məsləhətçi İmanov Nizami Bəxtiyar oğlunun katibliyi, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X5 nümayəndəsi və vəkili X2 iştirakı ilə, X3 11 aprel 1995-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində Azərbaycan Respublikası CM-nin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair xüsusi ittiham qaydasında verilmiş şikayətə məhkəmənin hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X8, X3 barəsində xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək, X3 Azərbaycan Respublikası CM-nin 147.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, barəsində 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi barədə hökm çıxarılmasını xahiş etmişdir. Xüsusi ittiham qaydasında şikayət ərizəsi onunla əsaslandırılır ki, o, Kurt Erdal 01 yanvar 1973-cü ildə X1 vilayətində sadə, zəhmətkeş bir ailə doğulmuşdur. Artıq neçə illərdir ki, Azərbaycanda yaşayır. Azərbaycanlı xanımla ailə qurmuşdur. İki övladı var. Bakı şəhərində müvəqqəti yaşamaq icazəsi almışdır. Qeydiyyat olaraq Bakı şəhəri, ünvan 2 ünvanda qeydiyyata alınmışdır. O, Bakıda müxtəlif restoranlar şəbəkəsində çalışmaqla azəri qardaş və bacılarının xidmətində dayanır. Qurduğu sahibkarlıq fəaliyyətində qanunlara hörmət bəsləyərək əldə olunan gəlirlərdən vergilərini və digər ödənişlərini həyata keçirir, bir manat da olsa qazancını gizlətmədən və vaxtlı-vaxtmda bir sahibkar kimi borcunu yerinə yetirir. Sonuncu olaraq artıq bir neçə ildir ki, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 39 ünvanında yerləşən “Biz-Bizə” Restoranında fəaliyyət göstərir. Restoranın hüquqi ünvanı ünvan 5 ərazisində yerləşir. Restoranının 60-dan çox personalı var. Onlar hər biri bir ailəni təmsil edir, halal zəhmətlə qazandıqları ilə ailələrini dolandırırlar. Bir kollektiv olaraq ən başlıca amalı müştəriləri məmmun etmək olub. Bu gün xidmət sahəsində birincilər sırasındadırlar. Öz işləri ilə həm fəxr edir, həm də qürur duyurlar. 26 oktyabr 2022-ci ildə işçilər bildirdi ki, restoranda bir xanım telefonla canlı yayım açıb və uca səslə insanlara bu məkana gəlməmələrini, həm uşaqları həm də özləri üçün təhlükəli olduğunu, bəyan edərək bildirir ki, güya yediyi mərcimək şorbasından şüşə qırıntıları çıxıb. Nə qədər etsələr də sakitləşmir və çəkilişə davam edir. Çəkiliş gedən zaman 1000 nəfərdən çox adam həmin canlı yayımı izləyirdi. Hətta aşbaz yaxınlaşaraq nə baş verdiyini, şorbanı bişirərkən heç şüşə qabdan belə istifadə edilmədiyini, nəsə bir yalnışlıq olduğunu bildirsə də, xanımı sakitləşdirmək mümkün olmadığını bildirdilər. Çəkilişdə qeyd edir ki, “əvvəl Tarqovuda (Nizami küçəsi) olan restoranınızda da belə biyabrçılıq olmuşdur. Bura gəldik burada da eyni hadisə ilə üzləşdik. Müdiriyyəti çağırın bura”. Aşbaz ona buyurun mənə deyə bilərsiz sözünüzü deyərkən, “xeyir, müdiriyyətiniz gəlsin, Siz müdiriyyət deyilsiz. Ərdal bəyi çağırın buranın müdiri odur” deyə yüksək səslə yenə də qışqırmağa başlayır. Çox maraqlıdır əgər restoranın digər yerdə yerləşən filialında narahatçılıqla üzləşən bir müştəri niyə təkrar yenə həmin restorana gəlir? Həmçinin restoran sahibinin onun olduğunu hardan bilir? Həmin zaman o, orada olmadığından ərazi üzrə sahə müvəkkilinə zəng edərək dərhal restorana yaxınlaşmağını xahiş etmişdir. Bildirmişdir ki, çəkilişlə mətbəxdə olan şorba qazanını boşaldıb baxsınlar. Sahə müvəkkilinin iştirakı və şəxsən özünün çəkilişi ilə şorba qazanı mətbəxdə aşbaz tərəfindən sürtkəcə tökülüb süzülür və heç bir şüşə aşkar edilmir. Məlum olur ki, sözügedən xanım restoranın adına xələl gətirmək məqsədilə belə hərəkətlərə əl atıb. O, restoranın aşbazı tərəfindən şorbanın necə başqa bir qaba boşaldıldığını və içərisindən heç bir şeyin çıxmadığı barədə çəkilmiş görüntünü instaqram səhifəsində paylaşaraq insanları onların haqqında yalnış düşünməməyə çağırmışdır. Təxminən saat 16:00-da o, restorana gəlmiş və dərhal DİN-nin 102 qaynar xəttinə məlumat vermişdir. Məsələni araşdırarkən məlum oldu ki, sözügedən xanım X6, yanındakı oğlan isə Bəhruz Çələbi adlı şəxslərdir. Onlar yedikləri yeməklərin içərisinə şüşə qırıntıları ataraq onun işgüzar nüfuzuna xələl gətirmək məqsədilə sosial şəbəkələrdə böhtan xarakterli məlumatlar yaymağa başlamışlar. Yuxarıda qeyd etdiklərinə dair bütün sübutlar CD şəklində ərizəsinə əlavə olunur. Səhərisi gün məlum oldu ki, Aydan Həyatova adlı xanım 27 oktyabr 2022-ci il gecə saat 23:00-da 102 qaynar xəttinə zəng edib. Şikayəti isə yalnız sosial şəbəkədə özünün yaydığı görüntüdən sonra onun barəsində yazılan pis rəylərin səbəbkarı restoran olduğu ilə bağlı olub. Yəni şikayəti yeməyindən şüşə çıxması, udacaqdısa mədəsində qanaxma olması və canlı yayımda söylədiyi digər şikayətlər barədə deyil, yalnız barəsində yazılan rəylərdən ibarət olduğunu bildirmişdir. 31 oktyabr 2022-ci ildə isə yenə 102 xidmətinə zəng edərək şikayətçi olmadığı barədə məlumat vermişdir. Onun bu böhtanı sahibkar olaraq onun işgüzar nüfuzuna mənfi təsir göstərmiş və onlar günlərlə müraciət edən müştərilərinə onlara böhtan atılması ilə bağlı izahat verməli olmuşlar. Bu səbəbdən də hesab edir ki, Aydan Həyatovanın cinayət əməllərinə qanun qaydasında qiymət verilməli və o, cinayət məsuliyyətinə cəlb edilməlidir. Məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmış barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs məhkəmə iclasına gəlməmişdir. Məhkəmə iclasında xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin nümayəndəsi və vəkili X4 xüsusi ittiham qaydasında şikayətin icraata götürülərək, məhkəmə baxışına təyin edilməsini xahiş etdi. Məhkəmə xüsusi ittiham qaydasında verilmiş şikayəti tədqiq edərək, xüsusi ittihamçının nümayəndəsini və vəkilini dinləyərək hesab edir ki, xüsusi ittiham qaydasında şikayət CPM-in tələblərinə uyğun verilmədiyinə görə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilməlidir. Məhkəmə qeyd etməyi zəruri bilir ki, “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli, 03 saylı Qərarının 11-ci bəndinə əsasən məhkəmələrin nəzərinə çatdırılmışdır ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfındən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə aşağıdakılar göstərilməlidir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfındən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfındən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası (CPM-nin 293.3.1-293.3.7-ci maddələri). Məhkəmələrə tövsiyə edilsin ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu həmin Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Azərbaycan Respublikası CPM-nin 302.1 və 302.1.6-cı maddəsinə əsasən, cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Azərbaycan Respublikası CPM-nin 302.2.3-ci maddəsinə görə məhkəmə, həmin Məcəllənin 302.1.2 - 302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda, xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarmalıdır. Hazırkı şikayətdə isə cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətlərinin mövcudluğuna dair sübutlar iş materiallarına əlavə edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 293, 299, 300, 302, 381, 383, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X3 Azərbaycan Respublikası CM-nin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunması barədə məhkəmə baxışının keçirilməsindən imtina edilərək, X5 xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul olunmasından imtina edilsin. Qərardan, onun elan olunduğu gündən 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar