Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-226/2024 12.06.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Əsədli Gülsu Araz qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 oğlunun, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs1 iştirakı ilə, təqsirləndirilən şəxs xx.xx.1992-ci ildə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, Biləsuvar rayonu, Günəşli kəndində qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində fərdi evdə kirayədə yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs1 20 sentyabr 2023-cü il tarixdə saat 00:30 radələrində Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 125 nömrəli binanın arxa tərəfində tanışı Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs döyməsini görüb sonuncuları ayırmaq istəyən zaman Zərərçəkmiş şəxs cibindən pul kisəsinin yerə düşməsindən istifadə edərək özgənin əmlakını gizli olaraq talama məqsədilə sonuncuya məxsus, içərisində 850 manat nağd pul, həmin dövrün rəsmi məzənnəsi ilə 680 manat təşkil edən 400 ABŞ dolları məbləğində pul, 1 ədəd 31 manat dəyərində sürücülük vəsiqəsi, 1 ədəd 5 manat dəyərində şəxsiyyət vəsiqəsi, bir ədəd 5 manat dəyərində ”Kapital Bank”a aid kart və hər biri 10 manat dəyərində, ümumilikdə 50 manat dəyərində 5 ədəd mobil telefon danışıq kartları olan 20 manat dəyərində pul kisəsini yerdən götürməklə gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 1641 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs1 məhkəmə baxışında özünü ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsində nəzərdə tutulmuş ittihamla təqsirli bilərək göstərmişdir ki, o, xx.xx.2023-cü il tarixdə saat 20 radələrində xalası oğlu Şahidla birlikdə Alimlə görüşmüşlər və “Xalqlar Dostluğu” metrostansiyasının yaxınlığında yerləşən kafedə axşam yeməyi yeyib spirtli içki qəbul etmişlər. Təxminən saat 23 radələrində kafedən çıxıb piyada üzü metronun “Xalqlar Dostluğu” stansiyası tərəfə hərəkət edərək söhbət etmişlər, bu zaman adının sonradan Gülməmməd bildiyi şəxs sərxoş vəziyyətdə, onlara yaxınlaşıb siqaret istədikdə, ona siqaretin olmadığını bildirmişlər. Gülməmməd siqaretin ona verməmələrini bəhanə edərək ünvanlarına nalayiq ifadələr işlətmişdir. Alimlə o, Gülməmmədin sərxoş olduğunu görüb getməsini xahiş etsələr də Gülməmməd buna baxmayaraq öz hərəkətlərinə davam edərək eyni ilə ünvanlarına nalayiq ifadələr işlətməyə davam etmişdir. Bundan sonra Alim Gülməmmədin qollarından tutub yaxınlıqda yerləşən hündürmərtəbəli binanın arxa tərəfinə çəkib aparan zaman binaya təxminən 5-6 metr çatmamış Gülməmməd sərxoş olduğu üçün yerə yıxılmış və Alim əli ilə Gülməmmədin qolundan dartaraq binanın arxasına aparmışdır. Orada onu söyməsinin acığını çıxmaq üçün Alim əlləri ilə Gülməmmədin sifət və baş nahiyəsinə, sonra isə təpiklə qarın nahiyəsinə bir neçə dəfə vurmuşdur. Həmin vaxt o, Alimlə Gülməmmədi aralamaq istədikdə Gülməmmədin əynində olan şalvarın arxa cibindən pul kisəsinin yerə düşdüyünü görmüş və sakitcə həmin pul kisəsini yerdən götürdükdən sonra Alimə bildirmədən oradan qaçaraq uzaqlaşmışdır. Bundan 2-3 dəqiqə sonra Alim də qaçaraq onun yanına gəlmişdir. Zərərçəkmiş şəxsə dəymiş ziyanı tam olaraq ödəmişdir, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbi yoxdur. Əməlindən peşmandır. Məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs1 qeyd edilən əməli törətməkdə təqsiri öz ifadəsi ilə yanaşı aşağıdakılarla da təsdiq olunur. İş üzrə Zərərçəkmiş şəxs məhkəməyə ərizə və teleqramla müraciət edərək istintaqda verdiyi ifadəsini təsdiq etdiyini, ona dəymiş zərərin tam ödənildiyini, təqsirləndirilən şəxsə qarşı şikayətinin olmadığını bildirmiş, məhkəmə iclaslarını onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs istintaqda verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 17 radələrində o, sürücü yoldaşı həmçinin müdiri olan Asiflə birlikdə Abşeron rayonu, Masazır qəsəbəsində adı yadında qalmayan kafelərin birində yeyib içdikdən sonra İran İslam Respublikasından gətirdiyi konfet məhsullarını Gömrükdə sənədləşdirmək məqsədi ilə saat 19 radələrində Asiflə birlikdə idarə etdiyi “Daf” markalı avtomaşını saxladığı “Meyvəli” deyilən yerin yanına gəlmişlər. Orada adını bilmədiyi yükün sahibi sənədləşdirmə işləri ilə məşğul olmuşdur. O, sənədləşmənin uzun çəkəcəyini görüb Asifə şəhərdə bir qədər işinin olduğunu bildirib Asiflə sağollaşaraq taksi ilə çıxıb getmişdir. O, oradan birbaşa şəxsi işi ilə əlaqədar Nizami rayonu metronun “Neftçilər” stansiyasının yaxınlığına gəlmişdir. Həmin vaxt içkili olduğu üçün gedəcəyi ünvanı unutduğundan orada dayanmış 3 nəfər cavan oğlanlara yaxınlaşdıqda ona yadında qalmayan söz demişlər və həmin şəxslərdən iki nəfərdən biri sonradan adının Alim olduğunu bildiyi şəxs onun qollarından tutaraq darta-darta söhbət etdikləri yerdən bir qədər kənara aparmış və qəfildən heç bir səbəb olmadan Alim onun bədən nahiyəsinin müxtəlif yerlərinə vurmağa başlamışdır. Alimin yanında olan Nurlan isə onun vurulmasının qarşısını almağa çalışmışdır. O, Alimə onu vurmamağı yalvarmış elə bu an, yəni təxminən 1 dəqiqədən sonra həmin şəxslərin hər ikisi qaçaraq ondan uzaqlaşmağa başladıqda o, elə başa düşmüşdür ki, həmin şəxslər onun yalvarışlarına görə ondan əl çəkmişlər. Lakin sonradan o, hadisə barədə Polisə müraciət edərkən cibində özünə məxsus olan pul qabını aşkar etməmiş və başa düşmüşdür ki, həmin şəxslər onun pul qabını götürdüklərinə görə ondan əl çəkmişlər. 20 manat dəyərində olan pul qabının içərisində 850 manat, 400 ABŞ dolları, 1 ədəd sürücülük vəsiqəsi, 1 ədəd şəxsiyyət vəsiqəsi, "xxxx" tərəfindən verilmiş ona məxsus pul kartı, sürücü olduğu üçün və müxtəlif ölkələrə getdiyindən həmin ölkələrdən aldığı 5 ədəd mobil telefon danışıq kartları olmuşdur. Hadisə baş verən gün ona məxsus "xxxx" ASC-nə dair kartın balansında pul olmamışdır. Ona ümumilikdə 1641 manat maddi ziyan dəymişdir. İş üzrə Şahid məhkəməyə teleqramla müraciət edərək istintaqda verdiyi ifadəsini təsdiq etdiyini, məhkəmə iclaslarını onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Şahid istintaqda verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 20 radələrində xalası oğlu Təqsirləndirilən şəxs1 Əlisəfa oğlu və Nurlanın tanışı Alimlə birlikdə görüşmüşlər və Bakı şəhəri, Nizami rayonu, metronun “Xalqlar Dostluğu” stansiyasının yaxınlığında yerləşən adını bilmədiyi kafedə axşam yeməyi yeyib spirtli içki olan araq qəbul etmişlər. Təxminən saat 23 radələrində kafedən çıxıb “Xalqlar Dostluğu” stansiyasının yaxınlığına getmişlər. Orada təxminən bir saata yaxın dayanıb söhbət etmişlər. Həmin vaxt o, sağollaşıb gedən zaman əvvəllər tanımadğı sonradan adını Gülməmməd bildiyi bir nəfər şəxs sərxoş vəziyyətdə Alimlə Nurlana yaxınlaşaraq siqaret istəmişdir. Alimlə Nurlan həmin şəxsə siqaretlərinin olmadığını bildirdikdə həmin şəxs heç bir səbəb olmadan sərxoş olduğu üçün siqaretin ona verməmələrini bəhanə edərək onların ünvanına nalayiq ifadələr işlətmişdir. X1 sərxoş olduğunu görüb getməsini xahiş etsələr də Gülməmməd buna baxmayaraq öz hərəkətlərinə davam edərək eyni ilə ünvanlarına nalayiq ifadələr işlətməyə davam etməyə başlamışdır. Onları söyüb təhqir etdiyi üçün Alim Gülməmmədin qollarından tutub yaxınlıqda yerləşən hündür mərtəbəli binanın arxa tərəfinə çəkib aparan zaman binaya təxminən 5-6 metr çatmamış Gülməmməd sərxoş olduğu üçün yerə yıxılmış və Alim əli ilə Gülməmmədin qolundan dartaraq binanın arxasına aparmışdır. Həmin vaxt o, metronun çıxışında qalmışdır. X2 geri qayıtmışlar o, Nurlan və Alimlə sağollaşıb getmişdir. Sonradan bilmişdir ki, Alim həmin şəxsi döymüşdür. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - cinayət işinin başlanması və icraata qəbul olunması haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. - zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs kimi tanınmışdır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, əməliyyat-sorğu kartotekasında Təqsirləndirilən şəxs1 məhkumluğu barədə məlumat yoxdur. - təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. - qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında Plenum qərara almışdır ki:”…2.Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir... 7.Təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir.” Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə ittiham irəli sürülmüş və əməli həmin maddə ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs1 cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxsin əmlakını gizli olaraq talayıb oğurluq etməsi toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs1 cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığına görə Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən, Azərbaycan Respublikası CMnin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 törətdiyi əməl böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 №li qərarında göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə, Təqsirləndirilən şəxs1 ilk dəfə cinayət əməli törətməsini, törətdiyi cinayət əməlini etiraf etməsini, əməlindən peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxsin şikayətinin olmamasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə baxışında Təqsirləndirilən şəxs1 cəzasını Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs1 barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, qəsdin obyektini mülkiyyət münasibətləri təşkil etməsini, cəzasını yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, onun islah olunması üçün barəsində cəmiyyətdən təcrid olunmamaqla təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə bağlı olmayan islah işləri cəzasının təyin edilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikası CPM-nin 346.1.20-346.1.22-ci maddələrində nəzərdə tutulmuş məsələləri həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli; cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs1 əmək haqqından dövlət nəfinə ilk tutulmanın aparıldığı tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia, maddi sübut yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin məhkəmədə iştirak etdiyi müddət 50 iş saatı müddətinə bərabər olduğundan, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 300 (üç yüz) manat (50x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi2 dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində hər ay qazancından dövlət nəfinə 15 % məbləğində pul tutulmaqla 1 (bir) il müddətinə islah işləri cəzası təyin edilsin və cəzasını iş yeri üzrə çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs1 əmək haqqından dövlət nəfinə ilk tutulmanın aparıldığı tarixdən hesablansın. Cəzanın icrası Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 50 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş Müdafiəçi2 300 (üç yüz) manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №1(007)-226/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-226/2024
12.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver