Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(007)-226/2025 18.02.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, xüsusi ittiham qaydasında şikayət vermiş "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Nümayəndə, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X1 və onun müdafiəçisi Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X1 Azərbaycan Respublikası CM-nin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair şikayətinə məhkəmənin inzibati binasında, açıq hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: "xxxx" Açıq Səhmdar Cəmiyyəti, X1 Azərbaycan Respublikası Cinayət Məsəlləsinin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti qanuna uyğun qaydada qeydiyyatdan keçməklə kommensiya fəaliyyəti ilə məşğul olur (çörək istehsalı), cəmiyyət çörək istehsalı ilə məşğuldur. Sağlam rəqabət qaydalarını qəbul edirlər, lakin qeyri-sağlam, böhtan və sair üsullarla rəqabət aparılması üsullarının qəti olaraq əlehinədirlər. Belə ki, bəzi şəxslər sağlam rəqabəti unudaraq qeyri-sağlam rəqabət üsullarından istifadə etməklə, məkir üsullara əl ataraq xx.xx.2025-ci il tarixdə öyrədilmiş şəxs vasitəsilə şəhərin Zabrat qəsəbəsində yerləşən “Ruzi” marketdən müəssisəyə məxsus 1 ədəd çörək məmulatını almışlar, 2 gün sonra guya bu çörəyin içində siqaret kötüyünün olduğunu iftira edərək bu barədə sosial şəbəkədə paylaşmışlar. Bu paylaşmada həmin çörək məmulatının kimin tərəfindən istehsal olunduğu və haradan alındığı göstərilmiş və qeyd olunmuşdur ki, məlumat Y.Məhəmmədoğlu adlı şəxs tərəfindən təqdim olunmuşdur. Bu böhtana xarakterli məlumat "xxxx" saytı tərəfindən dərc olunmuşdur. Hətta, xüsusi ekspert biliklərinə malik olmadan belə deyə bilərlər ki, çörək məmulatının yüksək temperatur rejimində emal edilməsi nəticəsində onun daxilində qalmış siqaret götüyü "xxxx" saytı tərəfindən dərc etdiyi şəkillərə heç uyğun gəlmir. 200-250 selsi dərəcədə emal olunan çörəyin içində qalmış siqaret götüyü heç bir halda bu şəkildə qala bilməzdi. Daha sonra məlum olmuşdur ki, bu böhtanı yayan şəxs X3 olmuşdur. Belə ki, sonuncu həqiqətə uyğun olmayan məlumatı internet resursu olan və kütləvi informasiya vasitəsi olan "xxxx" saytında yalan, böhtan xarakterli məlumatı yaymaqla ASC-nin işgüzar nüfuzuna xələl gətirməklə ləkələmişdir. Azərbaycan Respublikası CM-nin 147.1-ci maddəsinə əsasən böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma hesab olunur. Qeyd edilənlərlə əlaqədar, yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi şəkildə internet informasiya ehtiyatı vasitəsilə kütləvi informasiya vasitəsində "xxxx" Açıq Səhmdar Cəmiyyətinə böhtan atdığını nəzərə alıb X3 barəsində Azərbaycan Respublikası CM-nin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi və barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş ən ağır cəza təyin etməklə ittiham hökmü çıxarılması xahiş edilmişdir. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmənin hazırlıq iclasında xüsusi ittihamçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə şikayətin dəlillərini müdafiə etmiş və şikayətin məhkəmənin icraatına qəbul olunaraq mahiyyəti üzrə baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında barəsində şikayət verilmiş X3 şikayətin dəlilləri ilə razılaşmayıb, göstərmişdir ki, xüsusi ittiham qaydasında şikayətdə göstərilən yazını o, “Facebook” səhifəsində paylaşıb. O, ictimai xadimdir, səhifəsini çox adam izləyir. "xxxx" və bir çox xəbər saytı onun “Facebook” hesabından götürüb paylaşım edib. O, "xxxx" saytını tanımır, əlaqəsi yoxdur. Çörəkdən siqaret çıxması faktını sosial şəbəkədə görüb götürüb. Kimsə paylaşım edib, həmin paylaşımı götürüb, sonra da paylaşıb. Həmçinin, o, "xxxx" çörək zavodunun adını yazmamışdır. İttiham əsassızdır, şikayətin icraata götürülməsi üçün əsaslar yoxdur. Xüsusi ittiham qaydasında şikayətin icraata götürülməsindən imtina olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində şikayət verilmiş X1 vəkili Müdafiəçi göstərmişdir ki, hüquqlarını müdafiə etdiyi X3 heç "xxxx" saytını tanımır, bu saytla əlaqəsi yoxdur. "xxxx" saytında yayımlanmış xəbərin X2 aidiyyatı yoxdur. Xüsusi ittiham qaydasında şikayətin əsassız olduğunu, işin icraata götürülməsi üçün sübutların və əsasların olmadığını nəzərə alaraq, şikayətin icraata götürülməsindən imtina olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, xüsusi ittiham qaydasında şikayəti, ona əlavə edilmiş sənədləri öyrənərək, hesab edir ki, şikayət xüsusi ittiham qaydasında cinayət təqibinə hüququ olmayan şəxs tərəfindən verildiyindən və prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığından, həmin şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilməlidir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Cinayət-prosessual qanunvericiliyinə görə, xüsusi ittiham qaydasında şikayət o zaman əsaslı hesab edilir ki, şikayətdə istinad olunan əməlin həqiqətdə baş vermiş olduğu, bu əməlin cinayət tərkibinin əlamətlərini özündə əks etdirdiyi, habelə həmin əməlin barəsində şikayət verilən şəxs tərəfindən törədildiyi müvafiq sübutlarla əsaslandırılsın. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 293.3-cü maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: 293.3.1. şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); 293.3.2. törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); 293.3.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; 293.3.4. şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; 293.3.5. cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; 293.3.6. şikayətin verildiyi tarix (il, ay və gün) və yer; 293.3.7. şikayəti vermiş şəxsin imzası. 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir; 299.3-cü maddəsinə əsasən hər bir halda cinayət prosesi tərəflərinin iştirakçı ilə məhkəmənin hazırlıq iclasında aşağıdakı məsələlərə baxılır: 299.3.1. məhkəməyə daxil olmuş cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin ona aid olub-olmaması barədə; 299.3.2. aparılmış ibtidai araşdırma zamanı bu Məcəllənin tələblərinin pozulub-pozulmaması barədə; 299.3.3. xüsusi ittiham qaydasında şikayətin məzmununun bu Məcəllənin 293.3.1—293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə; 299.3.4. cinayət işi üzrə icraatın dayandırılması və ya ona xitam verilməsi üçün əsasların olub-olmaması barədə; 299.3.5. cinayət işi üzrə qətimkan tədbirinin seçilməsi, dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olub-olmaması barədə. 302.1-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir: 302.1.1. şikayət həmin məhkəməyə aid olmadıqda; 302.1.2. şikayət xüsusi ittiham qaydasında cinayət təqibinə hüququ olmayan şəxs tərəfindən verildikdə; 302.1.3. şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda; 302.1.4. cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə; 302.1.5. barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməl ictimai və ya ictimai-xüsusi qaydada təqib edilməli olduqda; 302.1.6. cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda; 302.1.7. şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə; 302.1.8. şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədikdə. 302.2-ci maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək aşağıdakılar barədə qərarlar çıxarır: 302.2.1. bu Məcəllənin 302.1.1-ci maddəsində nəzərdə tutulmuş halda xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə; 302.2.2. bu Məcəllənin 302.1.5-ci maddəsində nəzərdə tutulmuş halda xüsusi ittiham qaydasında verilmiş şikayətin baxılması üçün istintaq aidiyyəti üzrə göndərilməsi barədə; 302.2.3. bu Məcəllənin 302.1.2—302.1.4, 302.1.6—302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” 21 fevral 2014-cü il tarixli 3 nömrəli Qərarının 12-ci bəndinə əsasən məhkəmələrin diqqətinə çatdırılmışdır ki, xüsusi ittiham qaydasında şikayətlərə məhkəmələrdə baxılması aidiyyəti CPM-nin 74.1-74.4 və 74.8-ci maddələrinə əsasən müəyyən edilir. Kütləvi informasiya vasitələrində dərc edilməklə və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında yerləşdirilməklə böhtan və ya təhqir xarakterli məlumatların yayılması ilə əlaqədar verilmiş şikayətlərə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) hüquqi ünvanı üzrə birinci instansiya məhkəmələri tərəfindən baxılır. Hüquqi ünvan dedikdə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınarkən müəyyən edilmiş ünvanı başa düşülür. Kütləvi informasiya vasitəsinin (internet informasiya ehtiyatının) hüquqi ünvanı məlum olmadıqda, yaxud da onlar xaricdə qeydiyyata alındıqda xüsusi ittiham qaydasında şikayətə təhqir və ya böhtan xarakterli məlumatları belə kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyatlarında) yaymış şəxsin Azərbaycan Respublikasında axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılır. Qərarın 5-ci bəndində qeyd edilmişdir ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, CM-nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafiya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Qərarın 11-ci bəndinə əsasən məhkəmələrin nəzərinə çatdırılmışdır ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə aşağıdakılar göstərilməlidir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası (CPM-nin 293.3.1-293.3.7-ci maddələri). Məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1- 293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Məhkəmə ilk öncə qeyd edir ki, cinayət qanunvericiliyinə görə, Cinayət Məcəlləsinin 147-ci maddəsində nəzərdə tutulmuş cinayətin bilavasitə obyektini başqa şəxsin şərəfi, ləyaqəti və ya nüfuzu təşkil edir. Şərəf cəmiyyətin üzvü kimi insanın əxlaqi, mənəvi keyfiyyətlərinə, başqa şəxslərə, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən ictimai qiymətdir. Ləqayət şəxsin özünə, özünün davranışına, mənəvi və əxlaqi dünyagörüşünə, cəmiyyətdə tutduğu mövqeyinə özünün verdiyi qiymətdir. Nüfuz şəxsin cəmiyyətdə, kolektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə, mövqeyinə, ictimai əhəmiyyət kəsb etməsinə görə başqa şəxslər tərəfindən ona verilən qiymətdir. Hər kəsin şərəfi, ləyaqəti və nüfuzu bir-biri ilə sıx bağlı olan mənəvi-əxlaqi-sosial dəyərlər olduğuna görə dövlət tərəfindən müdafiə olunur. Vətəndaşın şərəfi, ləyaqəti və nüfuzu mülki və cinayət qanunvericiliyi ilə qorunur. Məlum olduğu kimi, icraata qəbul edilməsinin mümkünlüyü yoxlanılan iş üzrə xüsusi ittihamçı qismində "xxxx" Açıq Səhmdar Cəmiyyəti məhkəməyə müraciət edərək, həmin müəssisənin istehsal etdiyi çörəyin içində siqaret kötüyü olduğu barədə paylaşım edən X1 Azərbaycan Respublikası CM-nin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cədb edilməsini xahiş etmişdir. Hansı ki, həmin cəmiyyət hüquqi şəxs hesab olunur, sözügedən cinayətin bilavasitə obyektini başqa şəxsin şərəfi, ləyaqəti və ya nüfuzu təşkil etdiyindən isə, həmin şəxs, obyekt qismində yalnız fiziki şəxs çıxış edə bilər. Belə olan halda, məhkəmə hesab edir ki, şikayət xüsusi ittiham qaydasında cinayət təqibinə hüququ olmayan şəxs - hüquqi şəxs hesab olunan "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verildiyindən şikayətin məhkəmənin icraatına qəbul edilərək məhkəmə baxışının keçirilməsi üçün hüquqi əsaslar yoxdur. Bundan başqa, Azərbaycan Respublikası CPM-nin 74.1-ci maddəsinə əsasən cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsində baxılır. Məhkəmə qeyd edir ki, şikayət xüsusi ittiham qaydasında cinayət təqibinə hüququ olmayan şəxs tərəfindən verilməklə yanaşı, bir çox prosessual pozuntulara da yol verilmişdir. Belə ki, şikayətə görə, X3 həqiqətə uyğun olmayan məlumatı internet resursu, kütləvi informasiya vasitəsi olan "xxxx" saytında yalan, böhtan xarakterli məlumatı yaymaqla "xxxx" Açıq Səhmdar Cəmiyyətinin işgüzar nüfuzuna xələl gətirməklə ləkələmişdir. Halbuki, kütləvi informasiya vasitələrində dərc edilməklə və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında yerləşdirilməklə böhtan və ya təhqir xarakterli məlumatların yayılması ilə əlaqədar verilmiş şikayətlərə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) hüquqi ünvanı üzrə birinci instansiya məhkəmələri tərəfindən baxılmalıdır. Baxılan işdə isə kütləvi informasiya vasitəsinin mövcudluğu haqqında hüquqi sənəd, hüquqi ünvanı məlum olmadıqda, yaxud da xaricdə qeydiyyata alındıqda şikayətə böhtan xarakterli məlumatı belə kütləvi informasiya vasitəsində yaymış şəxsin Azərbaycan Respublikasında axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılmasını əsaslı edəcək sübut təqdim edilməmişdir. X1 İsmayıllı rayonunda qeydiyyatda olduğu məhkəmə tərəfindən müəyyən edilmişdir. Belə olduğu təqdirdə, şikayətin Bakı şəhəri Nizami Rayon Məhkəməsinə hər hansı formada aidiyyəti müəyyən edilmir. Əlavə olaraq, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X1 şəxsiyyətini təsdiq edən, qeydiyyat və faktiki yaşayış yerini özündə əks etdirən sənədlər (DİN-nin MAPS şöbəsinin arayışı və s.) şikayətə əlavə edilməmiş, X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə məsuliyyətə cəlb olunaraq, həmin maddənin sanksiyasında nəzərdə tutulmuş ən ağır cəza təyin etməklə ittiham hökmü çıxarılması xahiş edilsə də, şəxsin təqsirli bilindiyi halda ona təyin edilməli olan cəzanın növü və həddi, şikayətin verildiyi yer və tarix də göstərilməmişdir. Cinayət-prosessual qanunvericiliyinə görə, xüsusi ittiham qaydasında şikayət o zaman əsaslı hesab edilir ki, şikayətdə istinad olunan əməlin həqiqətdə baş vermiş olduğu, bu əməlin cinayət tərkibinin əlamətlərini özündə əks etdirdiyi, habelə həmin əməlin barəsində şikayət verilən şəxs tərəfindən törədildiyi müvafiq sübutlarla əsaslandırılsın. Şikayətə sübut qismində əlavə olunmuş “Bakıda çörəyin içindən siqaret kötüyü çıxdı - Şikayət - Foto” başlıqlı məqalənin hansı kütləvi informasiya vasitəsində dərc olunması, məlumatın ilkin mənbəsi, adı qeyd olunan “Y.Məhəmmədoğlu”nun məhz barəsində şikayət verilmiş X3 olması barədə sübutlar təqdim olunmamışdır, məqalədəki tarixin həqiqi tarix olduğu və məhz şikayətdə istinad olunan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədildiyi tarixi təsdiq etdiyi yoxlanılmalıdır, hansı ki, belə təsdiqedici, mötəbər sübutlar şikayət verən şəxs tərəfindən təqdim edilməlidir. Bununla da, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xüsusi ittiham qaydasında şikayətinin yoxlanılması zamanı müəyyən edilmişdir ki, şikayət xüsusi ittiham qaydasında cinayət təqibinə hüququ olmayan şəxs tərəfindən verilmişdir, həmçinin, şikayətin məzmunu Azərbaycan Respublikası CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun tərtib edilməməklə zəruri və mötəbər hesab olunacaq sübutlarla da müşayiət edilmir, ona görə həmin şikayətin qanunvericiliyin tələblərinə əməl edilməklə verilmiş xüsusi ittiham qaydasında şikayət qismində qəbul olunaraq şikayət üzrə məhkəmə baxışının keçirilməsi və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsi üçün heç bir qanuni əsas yoxdur. Beləliklə, məhkəmə hesab edir ki, xüsusi ittiham qaydasında şikayət vermiş "xxxx" Açıq Səhmdar Cəmiyyətinin, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X1 Azərbaycan Respublikası CM-nin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul olunmasından imtina edilməlidir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə qeyd edir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin hüquqlarının təmin edilməsi üçün məhkəmənin qərarı əsasında müdafiəçi dəvət edilmiş, ərazi üzrə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iş materialları ilə tanış olmuş, məhkəmənin hazırlıq iclasında iştirak etmişdir. Vəkilin göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddət üçün, Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən hər iş saatına 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla müvafiq hesablaşma hesabı üzərindən dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 293, 299 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" Açıq Səhmdar Cəmiyyətinin, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X1 Azərbaycan Respublikası CM-nin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul olunmasından imtina edilsin. Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X1 hüquqlarının müdafiəsi üçün 05 iş saatı göstərdiyi pulsuz hüquqi yardıma görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi 30 manat əmək haqqı müvafiq hesablaşma hesabı üzərindən Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərar elan olunduğu gündən hesablanmaqla 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №1(007)-226/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №1(007)-226/2025
18.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver