Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-227/2020 03.11.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, məsləhətçi İmanov Nizami Bəxtiyar oğlunun katibliyi,dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Bakı şəhəri 6 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs, xx xxxxxx 1986-cı ildə Ermənistan Respublikası, Masis rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, heç yerdə işləməyən, sonuncu dəfə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli hökmü ilə, Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə, həmin Məcəllənin 69.3-cü maddəsi tətbiq edilməklə, qəti olaraq 02 il 11 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx xxxxxx 2019-cu ildə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş,Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Z.Qəmbərov küçəsi, 2 saylı evin 55 saylı mənzilində qeydiyyatda olan və yaşayan, barəsində həbsqətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.3-2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə, xx xxxx 2020-ci il tarixdə, gecə saat 00:00 radələrində Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospekti 178 ünvanda yerləşən “xxxxxxxxxxxxxxxxxxxxxxxx”nın hasarı üzərindən aşmaqla saxlanc yeri olan arenanın həyətinə qanunsuz daxil olaraq oradan yerlə çəkilmiş, dəyəri 270 manat olan 18 metr uzunluğunda dövlət və ictimai əhəmiyyətli hesab edilən elektrik kabelinin xəttlərini kəsməklə gizli olaraq talayıb “xxxxxxxxxxxxxxxxxxxxxxxx”na 270 manat dəyərində maddi ziyan vurmaqla elektrik xətlərinə münasibətdə oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, o, heç yerdə işləmədiyi üçün pula ehtiyacı olmuşdur. xx.xx.2020-ci il tarixində günorta saatlarında Nizami rayonu, ərazisində yerləşən “Dövlət Gimnastika Arenası”nın yaxınlığından keçən zaman oranın sahibsiz olmasını zənn edərək hasarın aralığından baxıb orada kabellərin olmasını görmüş və oğurluq etmək qərarına gəlmişdir. Həmin gün axşam köhnə “Vaz 2107” markalı ağ rəngli avtomaşınla zibilliklərdən və qapı-qapı gəzib metal yığan tanışı Elşada onu “Koroğlu” metrosunun yanına aparmasını xahiş edib, benzin pulu və zəhmət haqqını verəcəyini demişdir. Elşad onunla razılaşmış və təxminən saat 23 radələrində avtomaşınla Binəqədi rayonundan onu götürüb “Koroğlu” metrosunun yaxınlığına gətirmiş, o, avtomaşını “Bravo” marketin arxasına “xxxxxxxxxxxxxxxxxxxxxxxx”ndan xeyli aralıda saxladıb Elşaddan onu gözləməsini və tez qayıdıb gələcəyini demiş və Elşadın avtomaşınında həmişə olan dəmir kəsən qayçını lazım olmasını deyib götürmüşdür. O, avtomaşının saxlandığı yerdən xeyli uzaqda olan Arenanın yanına gəlib və heç kim olmadığını görüb divardan aşıb arenanın həyətinə kabel gördüyü yerə gəlmiş, orada təxminən 18 metr uzunluqda kabeli bir neçə yerə kəsib doğrayıb özü ilə gətirdiyi yüngül nazik çantaya yığmışdır. Daha sonra yenidən Elşadın avtomobili saxladığı yerə qayıtmış və əlində olan çantanı avtomaşının baqajına qoymuşdur. Çantanı baqaja qoyarkən Elşad həmin çantada kabel olmasını görmüş, ondan həmin kabeli haradan götürməsini soruşanda o, sonuncuya həmin kabelin özünə məxsus olmasını, kabeli çoxdan bir yerdə gizlətdiyini və gizlətdiyi yerdən götürüb çantaya yerləşməsi üçün doğramasını demişdir. O, Elşada kabeli oğurlamasını deməmiş, törətdiyi oğurluqda Elşad onunla iştirak etməmiş vo onun oğurluq etməsini başa düşməmişdir. Belə ki, o, Elşadın avtomaşın saxladığı yerdən çox aralanıb gedəndən sonra xxxxxxxxxxxxxxxxxxxxxxxxnın həyətinə divardan düşüb oğurluq etmiş, həmin yer avtomaşından çox uzaqda olmuşdur. Daha sonra o, Elşada maşını Bakıxanov qəsəbəsinə sürməsini, orada metal qəbulu yeri tapıb satacağını demiş, Elşad da avtomaşını Bakıxanov qəsəbəsinə sürmüş, metal qəbulu yeri axtarıb tapmış, lakin ora bağlı olmuş, qapıda Kənan adı olan telefon nömrəsi olmuşdur. O, zəng edib Kənana demişdir ki, dərman almağa təcili pula ehtiyacı vardır, evlərində qısa qapanma vermiş və yanmış, yararsız, 30 kiloqram çəkidə mis kabel var, onu təcili satmaq istəyir. Kənan ona Sabunçu qəsəbəsində evində olmasını bildirmişdir. O, Kənana pula təcili ehtiyacı olmasını demişdir və sonuncu da ona “Rahat” marketin yanına gəlməsini bildirmişdir. Bundan sonra, o, Elşada avtomaşını Sabunçu qəsəbəsində “Rahat” marketin yanına sürdürmüş və orada yolda dayanmış şəxsin yanında saxlatmış, avtomaşının baqajından çantanı götürüb Kənana göstərmiş, Kənan çantanın içinə baxıb, əli ilə əyib mis olmasını və çəkisini yoxlamış, ona 30 kiloqram olmasını demişdir. Kənana misi satanda şübhənməsin deyə demişdir ki, öz həyətinin kabelinin qırıqlarıdır, qısa qapanma nəticəsində yanmış yararsız kabeldir, ona görə də doğrayıb təcili pula ehtiyacı olması və dərman almağa pul əldə etmək üçün gecə ilə satmağa gətirmişdir. Ona görə də Kənan adlı şəxs bilməmişdir ki, onu oğurlamışdır. Kənan misə görə ona 200 manat pul vermiş, misi sumkada aparmış, özü də avtomaşının sürücüsü Elşada 20 manat yanacaq pulu verib onu yola salmışdır. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olduğunu bildirdi və barəsində azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.3-2-ci maddələri ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən sübutlarla təsdiq edilir. xx xxxxxxx 2020-ci il tarixdə zərərçəkmiş şəxs “xxxxxxxxxxxxxxxxxxxxxxxx”nın nümayəndəsi Nümayəndə Kərimoviç ərizə ilə məhkəməyə müraciət edərək, Təqsirləndirilən şəxs tərəfindən xxxxxxxxxxxxxxxxxxxxxxxxna dəymiş ziyanın tam ödənildiyini, arena rəhbərliyinin təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmiş və işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs “xxxxxxxxxxxxxxxxxxxxxxxx”nın nümayəndəsi Nümayəndə Kərimoviçin ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilmiş ifadəsindən görünür ki, o, Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospekti 178 ünvanında yerləşən “xxxxxxxxxxxxxxxxxxxxxxxx”nda baş nəzarətçi vəzifəsində işləyir. xx xxxx 2020-ci il tarixdə, gecə saatlarında arenada gecə növbəsində olmuşdur. Həmin tarixdə gecə saat 04 radələrində Arenanın ərazisində yerləşən 18 metr uzunluqda çəkilmiş işıqlandırma sisteminin mis elektrik kabelinin kəsilərək oğurlanmasını aşkar etmiş və təhlükəsizlik görüntülərini qeydə alan kameralara baxarkən, saat 00:00 radələrində tanımadığı şəxsin divarın üzərindən arena ərazisinə düşməsi, yerlə çəkilmiş mis naqilli elektrik kabelinin bir hissəsini kəsərək çantaya yığıb aparmasını görmüşdür. Daha sonra o, bu barədə polisə müraciət etmişdir. Oğurluq nəticəsində arenaya 18 metr kabelin hər metri 15 manat olmaqla, cəmi 270 manat ziyan vurulmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 göstərdi ki, o, zibilliklərdən köhnə plasmas və ya satılan tullantı yığmaqla, həm də taksi kimi müştəri aparmaqla ailəsini dolandırır. Ona görə də həmişə avtomaşında dəmir qayçı gəzdirir. xx.xx.2020-ci il tarixində, təxminən saat 22 radələrində tanışı Orxan ondan sonuncunu yaşadığı Binəqədi rayonunda yerləşən mənzilindən “Koroğlu” metrosunun yanına aparmasını xahiş etmiş və buna görə ona benzin pulunu verəcəyini demiş, o, etiraz etməmişdir. O, idarə etdiyi və zibil dəmir plasmas yığmağa istifadə etdiyi köhnə “VAZ 2107” markalı, ** DX *** nömrəli avtomobili ilə saat 23 radələrində Orxanı yaşadığı ünvandan götürüb Nizami rayonu, H.Əliyev prospektində yerləşən “Bravo” marketin yaxınlığına gətirmiş, Orxan ondan marketin arxasındakı yolda maşını saxladıb gözləməsini xahiş etmiş, gedəndə dəmir kəsən qayçını da aparmışdır. Təxminən yarım saat sonra Orxan əlində içərisində kabel kəsikləri olması bilinən çanta ilə gəlib həmin çantanı baqaja qoymuş və ondan maşını sürməsini xahiş etmişdir. O, Orxanın dediklərini yerinə yetirib hərəkətə başlamış, Orxan onu Bakıxanov qəsəbəsinə sürdürmüş və orada ondan əlvan metal qəbulu məntəqəsi tapmasımı xahiş etmişdir. O, Bakıxanov qəsəbəsində metal qəbulu yeri axtararkən metal qəbulu məntəqəsinə yaxınlaşmış, lakin, ora bağlı olmuşdur. Orxan məntəqənin üzərinə yazılmış mobil telefon nömrəsi ilə Kənan adı yazılmış şəxslə əlaqə saxlamış, sonra ona avtomaşını Sabunçu qəsəbəsi tərəfə sürdürmüşdür. Orada “Rahat” marketin yanında saxladıb yolda gözləyən şəxsə yaxınlaşmış, sonra gəlib avtomaşının baqajından çantanı götürüb aparmış və həmin şəxslə danışmışdır. Həmin şəxs çantanı açıb içinə baxmış, bir neçə dəqiqə danışdıqdan sonra Orxan qayıdıb gəlib ona benzin və zəhmət haqqı olaraq 20 manat pul vermişdir. Orxanın kabel qırıqlarını neçəyə satmasını bilməmiş, sonuncu Sabunçu qəsəbəsində avtomaşından düşmüş, özü isə oradan evinə qayıtmışdır. E.İ.Yusupov həmçinin bildirmişdir ki, Orxanın oğurluq etməsini əvvəldən bilməmiş, polis əməkdaşları onu tutduqdan sonra bilmişdir ki, Orxan kabelləri oğurlamışdır. Həmçinin Orxan avtomaşında onu gözləməsini deyib gedərkən də o, sonuncunun oğurluq edəcəyini bilməmişdir. Orxan geri qayıtdıqdan sonra çantanı baqaja qoyanda içində kabel olmasını hiss edəndə sonuncu həmin kabelləri çoxdan orada gizlətdiyini, indi götürüb gəldiyini bildirmişdir. O, əvvəllər Orxanı hər hansı bir yerə aparmamış, Orxan əvvəllər onun avtomaşını ilə heç bir kabel və ya başqa əşya aparmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 göstərdi ki,o, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Məhsəti Gəncəvi küçəsi, 4 ünvanında yerləşən kiçik əlvan-metal qəbulu mənqətəsini işlədir. xx.xx.2020-ci il tarixə keçən gecə saat 01 radələrində yaşadığı evdə olarkən tanımadığı şəxs mobil telefon vasitəsi ilə ona zəng edərək pula ehtiyacı olmasını və təxminən 30 kiloqram mis satmaq istədiyini bildirmişdir. O, həmin şəxsə hazırda evdə olduğunu bildirmiş, həmin şəxs təcili pula ehtiyacı olmasını bildirdiyi üçün o, həmin şəxslə razılaşaraq Sabunçu qəsəbəsində yerləşən “Rahat” marketin qarşısına gəlməsini demişdir. Təxminən bir neçə dəqiqədən sonra metal yığan çox köhnə “VAZ 2107” markalı avtomaşın “Rahat” marketin yaxınlığında onu görüb saxlamış, avtomaşından sonradan adını bildiyi Orxan adlı şəxs çıxıb baqajdan əl çantasını götürüb ona yaxınlaşıb və çantaya yığdığı kabel qırıqlarını göstərib 30 kq misinin olmasını, həmin kabel qırıqlarının yanıb sıradan çıxmış, özünə məxsus kabelin kəsikləri olmasını, evdə dərmana ehtiyacı olduğu üçün satlb pul əldə etmək üçün gətirdiyini bildirmişdir. O, çantanı açıb ağırlığına baxmış, qaranlıq olduğu üçün kabeli əyərək mis olmasını yoxlamış, kabelin yanmış və qısa qapanmış hissəsini qaranlıqda axtara bilməmiş, Orxan adlı şəxsə inanıb çəkisini təxmini əli ilə ölçüb misə görə sonuncuya 200 manat pul vermişdir. Kabeli taksi avtomaşında sağda oturmuş sonradan qəbul məntəqəsinə polis əməkdaşları ilə gəlib onu və məntəqəni göstərən Orxan adlı əvvəllər tanımadığı şəxsi təqdim etmiş və o, misi alıb pulu sonuncuya vermişdir. Həmin şəxsdən misi götürərək yaşadığı həyətə aparmışdır. Səhərisi gün həmin misi gəzib qəbul məntəqəsindən daha baha qiymətə “Qazel” markalı, nömrəsini bilmədiyi avtomaşınla gəzən əlvan metal alan tanımadığı şəxsə satmışdır. Şahid2 həmçinin bildirmişdir ki, içində mis olan çantanı Orxan adlı şəxs avtomaşının baqajından götürüb onun yanına gətirmiş, sürücü isə avtomaşında olmuş, onların söhbətə qarışmamışdır. Orxan adlı həmin şəxs mis kabel qırıqlarının öz həyətlərinin qısa qapanma vermiş köhnə yararsız kabel olduğu üçün doğrayıb təcili pula ehtiyacı olduğuna görə gecə ilə satmaq istəməsini demiş, həmin kabellərin oğurluq olmasını bilməmiş, Orxan adlı həmin şəxsi əvvəllər tanımamış və ondan əvvəllər əlvan metal almamışdır. İş materiallarında olan baxış keçirilməsi barədə xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə, “xxxxxxxxxxxxxxxxxxxxxxxx”nın ərazisində hadisə yerinə baxış keçirilərək hadisə yerinin fotoşəkilləri çəkilmiş, Arenaya məxsus müşahidə kameralarından hadisə gününə aid görüntülər “CD” diskə köçürülərək götürülmüş və həmin 01 ədəd CD disk iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. İş materiallarında olan ifadənin yerində yoxlanılması haqqında xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılarkən sonuncu könüllü olaraq oğurluq etməyə gedərkən taksi avtomaşınını saxlatdırdığı yeri, oradan 800 metr aralıda olan “xxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin ərazisinə gəlib divardan əraziyə keçdiyi yeri və kabelləri kəsib oğurladığı yerləri göstərmişdir. İş materiallarında olan sübutların qiymətləndirilməsi barədə xx xxxxxxxx 2020-ci il tarixli qərardan görünür ki, “xxxxxxxxxxxxxxxxxxxxxxxx”nın ərazisində hadisə yerinə baxış keçirilərkən müşahidə kameralarından hadisə gününə aid görüntülərin qeydə alındığı 01 ədəd “CD” disk iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.3-2-ci maddələri ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, əvvəllər məhkum olunmasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal hesab edir. Qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşTəqsirləndirilən şəxs, məhkumluğu ödənilmədən və ya götürülmədən, yenidən qəsdən cinayət törətməsini məhkəmə cinayətlərin residivi və Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayət törədilməsi cinayətin residivini yaradır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və X1 xx xxxxxxxx 2020-ci il tarixli arayışından və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli hökmü ilə, Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə, həmin Məcəllənin 69.3-cü maddəsi tətbiq edilməklə, qəti olaraq 02 il 11 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx xxxxxx 2019-cu ildə cəzasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş sayılır. Bununla da işdə olan sübutlarla isə təsdiq olunur ki, məhkumluğu vaxtından əvvəl götürülməmiş Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini, az ağır cinayət törətməyə görə əvvəllər məhkum olunduğu azadlıqdan məhrum etmə cəzasından azad edildiyi gündən 2 il keçmədən törətmişdir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə növündə cəzanın xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Buna görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.3-2-ci maddələrində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının son həddinin yarısından az olmamaqla, cəza təyin edilməli və cəzanın çəkilməsi ciddi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İş materiallarında olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx xxxx 2020-ci il tarixdən hesablanmışdır. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmiş 01 (bir) ədəd CD disk Azərbaycan Respublikası CPM-nin 132ci maddəsinə əsasən cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.3-2ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin ibtidai istintaqda iştirak etdiyi müddət 25 iş saatı və məhkəmədə iştirak etdiyi müddət 25 iş saatı, cəmi 50 iş saatı müddətinə bərabər olduğundan, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 300 (üç yüz) manat (50x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.3-2-ci maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona, 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Cəzanın çəkilməsi Təqsirləndirilən şəxs ciddi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəlixx xxxx 2020-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri qüvvəsində saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarında saxlanılan 01 (bir) ədəd CD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Təqsirləndirilən şəxs 50 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi VÖEN – ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 300 (üç yüz) manat əmək haqqı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən isə apellyasiya şikayəti hökmün surətinin ona verildiyi andan 20 gün müddətində verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov
Məhkəmə qərarları › İş №1(007)-227/2020
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-227/2020
03.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver