Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-227/2021 05.07.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclas katibi Azadəli Orhan Nasir oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Mirzəyev Ceyhun Namiq oğlunun, müdafiəçi- Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi oğlunun, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, təqsirləndirilən şəxs – xx.xx.1976-cı ildə Lənkəran rayonunun Nərimanabad kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2ində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 29 oktyabr 2020-ci il tarixdə saat 13 radələrində Bakı şəhəri, Nizami rayonu, ünvan 3 ünvanda yerləşən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 19 saylı uşaq poliklinikasının şöbə müdiri vəzifəsində işləyən Zərərçəkmiş şəxs2 xidməti otağının plastik pəncərəsini əli ilə mexaniki təsir göstərərək açmaqla qanunsuz binaya daxil olub, otaqda olan dolabın qapısının açıq olmasından istifadə edərək, dolabda olan Zərərçəkmiş şəxs2 məxsus əl çantasından içərisində 600 manat nağd pul, hər birinin dəyəri 5 manat olmaqla 2 ədəd 10 manat dəyərində “Beynəlxalq Bank”a aid bankomat kartları və şəxsiyyət vəsiqəsi olan 10 manat dəyərində pul kisəsini gizli olaraq talayıb, ümumilikdə Zərərçəkmiş şəxs2 620 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 27 yanvar 2021-ci il tarixdə saat 17 radələrində Bakı şəhəri, Nizami rayonu, ünvan 3 ünvanda yerləşən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 19 saylı uşaq poliklinikasının şöbə müdiri vəzifəsində işləyən Zərərçəkmiş şəxs1 xidməti otağının plastik pəncərəsini əli ilə mexaniki təsir göstərərək açmaqla qanunsuz binaya daxil olub, otaqda olan rəfdən Zərərçəkmiş şəxs1 məxsus içərisində 30 manat nağd pul, 5 manat dəyərində 1 ədəd əmək haqqı kartı, şəxsiyyət vəsiqəsi, 30 manat dəyərində kosmetik əşyalar olan 75 manat dəyərində pul qabısı, 10 manat dəyərində qadın əlcəkləri və “Beynalxalq Bank”a aid 5 manat dəyərində 01 ədəd maaş kartının, 50 manat dəyərində kosmetika, 100 manat dəyərində eynək olan 700 manat dəyərində əl çantasını gizli olaraq talayıb, ümumilikdə Zərərçəkmiş şəxs1 970 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs özünü ona elan olunmuş Azərbaycan Respublikasının CM-nin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş ittiham üzrə təqsirli bilərək göstərmişdir ki, o, idarə etdiyi “Mercedes” markalı avtomobilinə ehtiyat hissəsi almaq məqsədilə 29 oktyabr 2020-ci il tarixdə Salyan rayonundan Bakı şəhərinə gəlmişdir. O, Bakı şəhərinə gəldikdən sonra maşın bazarına gəlib avtomobilinə lazım olan ehtiyat hissəsini almışdır. O, həmin gün saat 13 radələrində bazardan çıxdıqdan sonra yolun kənarı ilə gəzə-gəzə gedən zaman poliklinikanın pəncərəsinə yaxınlaşmış və plastik pəncərəni əli ilə itələyib açmışdır. Həmin vaxt otaqda heç kəs olmadığından o, otağa daxil olmuş, paltar rəfini açıb içərisində ağ rəngli əl çantasını görmüş və əl çantasının içərisindən qırmızı rəngli pul kisəsini götürüb otağı -tərk etmişdir. Yolda pul kisəsinin içərisinə baxarkən 600 manat pul olduğunu görüb pulları götürmüş, sonra pul kisəsini içərisində olan sənədlərlə birlikdə yolun kənarında olan zibil qablarının yanına atmışdır. O, oradan Lökbatan qəsəbəsinə və sonra isə yol maşınları ilə Salyan rayonuna getmişdir. O, idarə etdiyi “Mercedes” markalı avtomobilin kredit borcunu bir qədər uzatmış və Bakı şəhərinə gəldikdən sonra kreditə avtomobil aldığı şəxsi tapa bilməmişdir. O, 27 yanvar 2021-ci il tarixdə Nizami rayonu ərazisində fəaliyyət göstərən maşın bazarının yanında olarkən yenidən yaxınlıqda olan poliklinikadan oğurluq etmək qərarına gəlmişdir. O, həmin gün saat 17 radələrində poliklinikanın pəncərəsindən içəri baxarkən içəridə heç kəsin olmadığını görüb əli ilə pəncərəni sıxıb açaraq otağa daxil olmuşdur. O, otağa daxil olduqda pəncərənin yaxınlığında stulun üzərində tünd yaşıl rəngli əl çantasını götürərək otağı tərk etmişdir. Poliklinikanın yaxınlığında əl çantasının içərisindən pul tapa bilməyərək əl çantasını yolun kənarına tullamış və yol maşını ilə Salyan rayonuna getmişdir. Zərərçəkmiş şəxslərə dəymiş ziyan ödənilmişdir. Əməlindən çox peşmandır. Məhkəmədən həyat yoldaşının xəstə olmasını, valideynlərinin yaşlı olmasını nəzərə alaraq barəsində yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs qeyd edilən əməli törətməkdə təqsiri öz ifadəsi ilə yanaşı aşağıdakılarla da təsdiq olunur. Zərərçəkmiş şəxs1 ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam ödənilmişdir. Onun Təqsirləndirilən şəxs qarşı heç bir etiraz və iradı yoxdur. Təqsirləndirilən şəxs yüngül cəza verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs1 istintaqda verdiyi ifadəsində göstərmişdir ki, o, 19 saylı poliklinikada 1997-ci ildən şöbə müdiri vəzifəsində işləyir. Onun xidməti otağı poliklinikanın 1-ci mərtəbəsində yerləşir və otağının pəncərəsinin biri küçəyə baxır. O, 27.01.2021-ci il tarixdə saat 17:00 radələrində poliklinikada işdə olarkən özünə aid tünd yaşıl rəngində əl çantasını iş otağında masada olan rəfin üstünə qoyaraq peyvənd otağına keçmiş və təxminən 20 dəqiqə sonra iş otağına geri qayıtdıqda rəfin üstünə qoyduğu əl çantasının naməlum şəxs tərəfindən oğurlandığını aşkar etmişdir. Əl çantasının içində 75 manat dəyərində olan portmanatında 30 manat pulun, şəxsiyyət vəsiqəsinin, “Beynəlxalq Bank”a aid 5 manat dəyərində 01 ədəd maaş kartının, YAP partiyasının üzvlük kartının, 10 manat dəyərində qara rəngli əlcəklərinin, 100 manat dəyərində iş eynəyinin, 50 manat dəyərində kosmetikasının və evinin açarları olmuşdur. Həmin əl çantası tünd yaşıl rəngdə olmuş və qiyməti 700 manat olmuşdur. Ona ümumilikdə 970 manat ziyan dəymişdir. Təqsirləndirilən şəxs ona dəymiş maddi ziyanı tam ödəmiş və Elçinə qarşı heç bir şikayət və tələbi olmamışdır. Onun həmin vaxt maaş kartında pul olmamış və o, dərhal həmin kartının hesabını bağlatdırmışdır. Zərərçəkmiş şəxs2 Əhməd qızı ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tam ödəmişdir, ona qarşı şikayəti və tələbi yoxdur. İstintaqda verdiyi ifadəni təsdiq edir. İşi ilə əlaqədar məhkəmə prosesini onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs2 Əhməd qızı istintaqda verdiyi ifadəsində göstərmişdir ki, o, 1981ci ildən 19 saylı poliklinikada şöbə müdiri vəzifəsində işləyir. Onun xidməti otağı poliklinikanın 1-ci mərtəbəsində yerləşir və otağının pəncərəsinin hər ikisi küçəyə baxır. O, 29 oktyabr 2020-ci il tarixdə saat 13 radələrində xidməti otağından dəhlizə işlə bağlı çıxıb xəstələri müayinə etməyə getmiş və otaqdan çıxarkən otağın qapısını açarla bağlamışdır. Onu 5-6 dəqiqədən sonra xatırlamadığı tibb bacılarından biri çağırıb bildirmişdir ki, otağa pəncərədən girən olmuşdur. O, otaqdan çıxan zaman qapını açarla bağlamış, xidməti otağına qayıdan zaman pəncərənin açıq vəziyyətdə olduğunu və pəncərənin arxasındakı torun cırıq vəziyyətdə olduğunu aşkar etmişdir. O, əl çantasının yerdə olduğunu görmüş və əl çantasını açıb içərisinə baxan zaman dəyəri 10 manat olan pul kisəsi, içərisində 600 manat pul, “Beynəlxalq Bank”a məxsus hər birinin dəyəri 5 manat olan 2 ədəd bankomat kartı, şəxsiyyət vəsiqəsi, sosial vəsiqəsi, YAP-na məxsus vəsiqəsinin oğurlandığını aşkar etmişdir. Ona 620 manat ziyan dəymişdir. Sonradan ona qarşı həmin əməli törədən şəxsin əvvəlcədən tanımadığı Təqsirləndirilən şəxs adlı şəxs olduğunu bilmişdir. Təqsirləndirilən şəxs ona dəymiş ümumi 620 manat ziyanı tam ödəmiş və onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi olmamışdır. Onun əl çantasında “Beynəlxalq Bank”a məxsus 2 ədəd kartların içində pul olmamış və o, oğurluq olan vaxt kart hesablarını bağlatdırmışdır. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - cinayət işinin başlanması və icraata qəbul olunması haqqında 05.02.2021-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə cinayət işi başlanılaraq icraata qəbul olunmuşdur. - 05.02.2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan və tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli olduğuna görə tutulmuşdur. - zərərçəkmiş şəxs kimi tanınma haqqında 05.02.2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınmışdır. - zərərçəkmiş şəxs kimi tanınma haqqında 17.11.2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 Əhməd qızı zərərçəkmiş şəxs qismində tanınmışdır. - cinayət əməlinin tövsif edilməsi haqqında 06.02.2021-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsindən həmin Məcəllənin 177.2.2, 177.2.3 və 326.2-ci maddələrinə tövsif edilmişdir. - təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 06.02.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 326.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilmişdir. - vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında 06.02.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə müstəntiqin vəsatətinin müdafiə edilməsindən imtina edilmişdir. - qətimkan tədbirinin seçilməsi haqqında 06.02.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmişdir. - Salyan rayon İHB-nın Salyan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. - sübutların qiymətləndirilməsi haqqında 26.04.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 326.2-ci maddələrindən həmin Məcəllənin 177.2.2 və 177.2.3-cü maddələrinə tövsif edilmiş, 29.10.2020-ci il tarixli və 27.01.2021-ci il tarixli videogörüntülərin olduğu 01 ədəd “CD” disk iş üzrə maddi sübut kimi tanınmışdır. - təqsirləndirilən şəxsə yeni ittiham elan edilməsi haqqında 28.04.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin şərh edilməsinə dair ” 09 iyun 2011-ci il tarixli Qərarında Plenum CM-in 177.2.3-cü maddəsində əksini tapan “başqa saxlanc yerləri” və həmin “saxlanc yerlərinə qanunsuz daxil olma” ifadələrinə aydınlıq gətirərək qeyd etmişdir ki, “daxil olma yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə oğurluq, soyğunçuluq və ya quldurluq etmək məqsədi ilə qanunsuz olaraq girmə kimi qiymətləndirilməlidir. Girmə həm açıq, həm də gizli formada maneələri aradan qaldırmaqla, orada olan insanların, həmçinin mühafizəçilərin müqavimətini qırmaqla, yaxud onları aldatmaq yolu ilə və ya bu hərəkətləri etmədən həyata keçirilə bilər. Nəzərə alınmalıdır ki, daxil olmaya, həmçinin şəxsin bilavasitə nəzərdə tutulmuş yerlərə girmədən müxtəlif vasitələrdən (qarmaqdan, maqnitdən, öyrədilmiş heyvanlardan, habelə anlaqsız, azyaşlı və ya vicdanlı surətdə yanılmış şəxslərdən) istifadə etməklə binada, anbarda, habelə digər saxlanc yerlərində olan əşyaları götürməsi də aiddir. Daxil olma məqsəd deyil, təqsirli şəxsin götürmək istədiyi əşyaları əldə etmək üçün bir vasitədir. Şəxsin yuxarıda göstərilən yerlərdən maddi nemətləri götürmək niyyəti həmin yerlərə daxil olmaqdan əvvəl yaranmalıdır, əks təqdirdə daxil olma əlaməti yaranmayacaqdır. Başqa saxlanc yerlərinə dəyəri olan maddi nemətlərin xarab olmaqdan, məhv olmaqdan, talanmaqdan, təbiət hadisələrindən qorunması məqsədi ilə daimi və yaxud müvəqqəti saxlanılması üçün nəzərdə tutulmuş xüsusi qurğu, yer və ya ərazi sahəsi aid edilir. Başqa saxlanc yerlərinə, eləcə də hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş seyflər, vaqonlar və ya başqa cür mühafizə ilə təmin edilmiş, mülkiyyət formasından asılı olmayan yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri və s. aiddir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında Plenum qərara almışdır ki:”…2.Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir... 7.Təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir...18.Şəxs, tövsifedici əlamətlər olmadan, özgə əmlakının eyni formada iki və ya daha çox müstəqil talanmasına görə (məsələn, müxtəlif mülkiyyətçilərdən bir neçə dəfə oğurluq edilməsi) məhkum edilməmişsə, yaxud cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməmişsə, bu zaman həmin hərəkətlər, CM-nin 16.2-ci maddəsinə müvafiq olaraq, CM-nin 177.2.2, 180.2.2 və ya 181.2.2-ci maddələrində nəzərdə tutulmuş «təkrar» törədilmiş cinayət kimi tövsif edilməlidir. Belə halda cinayətkar hərəkətlər cinayətlərin məcmusunu təşkil etmir. Təqsirkarın iradəsindən asılı olmayaraq cinayət başa çatmadıqda da məsələyə bu mövqedən yanaşılmalıdır.” Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə ittiham irəli sürülmüş və əməli həmin maddələrlə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Beləliklə, məhkəmə iclasında Təqsirləndirilən şəxs qanunsuz saxlanc yerinə daxil olaraq zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 Əhməd qızına və Zərərçəkmiş şəxs1 məxsus əmlakı gizli talayaraq oğurlaması tədqiq edilmiş mötəbər və mümkün sübutların məcmusu, həmçinin cinayət işinin materiallarındakı digər sənədlərlə tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığı üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən, Azərbaycan Respublikası CMnin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl az ağır cinayət hesab olunur. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 27.04.2021ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Qarnizonu Hərbi Tribunalının 19.08.1996-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 242-ci maddəsinin “A” bəndi və 143-cü maddəsinin 3-cü hissəsi ilə təqsirli bilinib CM-nin 38-ci maddəsinə əsasən əmlakı müsadirə olunmaqla 6 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 19.03.2002-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməsini, əməlindən peşman olmasını, zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödəməsini, zərərçəkmiş şəxslərin şikayətinin olmamasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 №li qərarında göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, qəsdin obyektini mülkiyyət münasibətləri təşkil etməsini nəzərə alaraq hesab edir ki, onun islah olunması üçün barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən Təqsirləndirilən şəxs 05.02.2021-ci il tarixdən 06.02.2021-ci il tarixədək həbsdə saxlanılması həbsdə saxlamanın bir gününü azadlığın məhdudlaşdırılmasının iki gününə hesablayaraq nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı Salyan şəhəri, Ə.Qasımzadə küçəsi, ev 18 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Salyan rayonunu tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası CPM-nin 346.1.19-346.1.22-ci maddələrində nəzərdə tutulmuş məsələləri həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı; Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı; Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən iş üzrə maddi sübut olan 1 ədəd “CD” disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin ibtidai istintaqda iştirak etdiyi müddət 30 iş saatı və məhkəmədə iştirak etdiyi müddət 10 iş saatı, cəmi 40 iş saatı müddətinə bərabər olduğundan, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03.05.2018ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 240 (iki yüz qırx) manat (40x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə müdafiəçi X1 dövlət büdcəsi hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 05.02.2021-ci il tarixdən 06.02.2021-ci il tarixədək 1 gün həbsdə saxlanılması nəzərə alınmaqla həbsdə saxlamanın bir gününü azadlığın məhdudlaşdırılmasının iki gününə hesablayaraq üzərində 2 (iki) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın və cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı Salyan şəhəri, Ə.Qasımzadə küçəsi, ev 18 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Salyan rayonunu tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cinayət işi üzrə maddi sübut olan 01 ədəd “CD” disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs istintaqda 30 saat, məhkəmədə 10 saat, cəmi 40 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 240 (iki yüz qırx) manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №1(007)-227/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-227/2021
05.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver