Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-227/2024 18.09.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Əsədli Gülsu Araz qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 oğlunun, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, təqsirləndirilən şəxs – xx.xx.1999-cu ildə Ağdam rayonunun Sırxavənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Ağdam rayonu, Sırxavənd ərazi dairəsi, Sırxavənd kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 221.3 və 228.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 13 iyul 2023-cü il tarixdə saat 00:10 radələrində ictimai yer olan Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 79 ünvanının qarşısında piyada hərəkətdə olarkən onunla üzbəüz piyada hərəkətdə olan, əvvəllər tanımadığı Alızade Vıdadı (Zərərçəkmiş şəxs) ilə bir-birinə baxması səbəbindən aralarında baş vermiş mübahisə zamanı sonuncunun onun qardaşı Şahid2 üz nahiyəsindən əli ilə vurmasını cüzi səbəb kimi bəhanə edərək özünün şəxsiyyətini Vıdadı Alızadenin şəxsiyyətinin fövqündə qoyaraq ictimai və şəxsi mənafeyə əhəmiyyətli zərər vuran və cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərərək üzərində qanunsuz olaraq gəzdirdiyi soyuq silah hesab edilən, deşici-kəsici xassəyə malik zavod üsulu ilə hazırlanmış qatlanan ov tipli bıçağı silah qismində istifadə edərək həmin bıçaqla Vıdadı Alızadenin sol ayaq nahiyəsindən bir dəfə vurduqdan sonra sonuncu həmin yerdən qaçıb uzaqlaşmaq istəyən zaman cinayətkar hərəkətlərini davam etdirərək Vıdadı Alızadenin arxasınca qaçaraq sonuncunun yerə yıxılmasından istifadə edib həmin bıçaqla Vidadi Alızadenin bədəninin müxtəlif nahiyələrindən bir neçə dəfə vuraraq sonuncuya ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid sol budun orta 1/3-nin ön səthinin, sağ sağrı nahiyəsinin aşağı iç kvadratının və sağ baldırın yuxarı 1/3-nin iç səthinin deşilmiş-kəsilmiş yaraları, sağ qaşaltı nahiyənin sıyrığından ibarət xəsarətlər yetirərək qərəzli hərəkətləri ilə xuliqanlıq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən 01 ədəd soyuq silah hesab edilən, zavod üsulu ilə istehsal edilmiş, deşici-kəsici xassəyə malik olan zavod üsulu ilə hazırlanmış qatlanan ov tipli bıçağı qanunsuz olaraq əldə edib üzərində gəzdirmiş, 17 iyul 2023-cü il tarixdə saat 20:50 radələrində Nizami RPİ-nin 24-cü PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Nəsimi rayonu, metronun “20 Yanvar” stansiyasının çıxışında Alızade Vıdadıya (Zərərçəkmiş şəxs) xəsarət yetirməkdə şübhəli şəxs qismində saxlanılaraq Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 81 ünvanında yerləşən Nizami RPİ-nin 24-cü PŞnə gətirilərək orada üzərinə keçirilmiş baxış zamanı əynində olan şalvarın sağ cibindən 1 ədəd soyuq silah hesab edilən, zavod üsulu ilə istehsal edilmiş, deşici-kəsici xassəyə malik olan ov tipli bıçaq aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə baxışında özünü ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 221.3 və 228.4-cü maddələrində nəzərdə tutulmuş ittihamla qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, gecə saatlarında ”Diqlas” ticarət mərkəzinin qarşısında olan köşkdən qardaşı və dostu ilə birlikdə siqaret alan zaman zərərçəkmiş şəxslə qarşılaşanda aralarında niyə baxırsan, nəyə baxırsan söz-söhbəti olmuş və baxışma üstündə mübahisə yaranmışdır. Bu zaman Vidadi onun qardaşını vurmuş və o, da özündən asılı olmayaraq üzərində olan bıçağı çıxardaraq zərərçəkmiş şəxsə xəsarət yetirmişdir. Zərərçəkmiş şəxsə dəymiş ziyanı tam olaraq ödəmişdir, əməlindən peşmandır. Məhkəmədən barəsində ədalətli qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında ziddiyyətlər olduğundan Təqsirləndirilən şəxs ifadəsi elan edilməklə tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə qardaşı Elvin və dostu Nihatla birlikdə Neftçilər metrostansiyasının yaxınlığında piyada hərəkətdə olan zaman Elvin dostu Nihatla birlikdə siqaret almaq üçün köşkə yaxınlaşmış, o, isə sonuncuları gözləyən vaxt bir nəfər tanımadığı sonradan adını bildiyi Vidadi adlı şəxs ona yaxınlaşdıqda “yaman mənə baxırsan” ifadəsini işlətdikdən sonra o, Vidadiyə çıxıb getməsini və problem yaratmamasını dedikdə sonuncu ondan əl çəkməyərək söhbət etmək istədiyini bildirmişdir. Həmin vaxt qardaşı Elvin və dostu Nihat da onlara yaxınlaşdıqdan sonra Vidadiyə çıxıb getməsini və problem yaratmamasını desələr də sonuncu yenə də öz hərəkətlərinə davam edərək onu təhqir etməkdə davam etmişdir. Bundan sonra Vidadi onlara kənara çəkilib söhbəti davam etmələrini dedikdə bir yerdə kənara çəkilib söhbətlərini davam etmişlər. Həmin vaxt dostu Nihat, Vidadinin qarşısına keçərək sonuncunu sakitləşdirməklə dava-dalaşın düşməməsi üçün ona tərəf buraxmadıqda Vidadi, Nihata “burax bunları işləyim” ifadəsini işlətmişdir. Həmin vaxt Vidadinin ondan əl çəkmədiyini görüb vurmaq məqsədi ilə deyil sonuncunun çıxıb getməsinə təsir göstərəcəyini zənn edərək belində gəzdirdiyi qara rəngli bıçağı çıxardıb əlində saxlamaqla nümayiş etdirsə də Vidadi bundan çəkinməmiş, əksinə həmin anda qardaşı Elvinin sifət nahiyyəsinə yumruqla bir dəfə vuraraq qaçmağa başlamış o, isə Vidadinin, Elvini vurduğunu görüb dalınca qaçan zaman Vidadinin yolun kənarında ayağı sürüşərək yıxıldıqdan sonra əlində olan bıçaqla yaxınlaşdığını gördükdə onu vurmamağını xahiş edərək yalvardığı üçün o, bu dəfə də Vidadini vurmayaraq çıxıb getməsi üçün şərait yaratmış, lakin Vidadi ayağa qalxıb gedərkən dostu Nihata yumruq atdığı üçün o, da əsəbindən əlində olan bıçaqla Vidadinin ayağına və yan hissəsinə bir neçə zərbə endirmişdir. Vidadini bıçaqla vurduqdan sonra oradan qaçıb getmişlər. Mübahisə 5-10 dəqiqə davam etmişdir. Üzərində aşkar edilmiş bıçağı 15 manata almış və həmin bıçaqla qeyd olunan hadisəni törətmişdir, üzərində gəzdirməkdə məqsədi isə axşam vaxtlarında yolda olarkən hər hansı şəxslərin ona qarşı olan neqativ hərəkətlərinin qarşısını almaqdan ötrü qorxutmaq olmuşdur. Təqsirləndirilən şəxs qeyd edilən əməli törətməkdə təqsiri aşağıdakılarla təsdiq olunur. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilmiş Alızade Vıdadı (Zərərçəkmiş şəxs Səfərəli oğlu) ifadəsində göstərmişdir ki, o, xx.xx.2023-cü il tarixdə saat 23 radələrində Qara Qarayev prospekti, 79 saylı ünvanın qarşısından tək piyada keçərkən onunla üzbəüz gələn üç nəfər şəxsdən biri olan əvvəllər tanımadığı sonradan adını bildiyi Mətləb adlı şəxs ona uzun müddətə baxmasını irad bildirmişdir. Mətləbin yanında olan Elvin və Nihat onu yaxınlıqdakı ağaclıq sahəyə söhbət etmək üçün çağırmışlar. Orada Mətləb onun üzərinə bıçaq çıxartmış, Elvin isə onu nalayiq ifadələrlə təhqir edərkən o, Elvinin sifət nahiyəsinə bir dəfə yumruqla vurduqda Mətləb əlində olan bıçaqla onun sol ayağından bir dəfə vurduqdan sonra həmin şəxslərin ona bədən xəsarəti yetirmələrinin qaçılmaz olduğunu başa düşüb qaçaraq oradan uzaqlaşmağa cəhd göstərmişdir. Lakin az məsafədən sonra ayağı büdrədiyi üçün yerə yıxılmışdır. Bu zaman o, üzü üstə uzanıqlı vəziyyətdə olduğu zaman həmin şəxslər təkrar ona yaxınlaşıb bir qədər əvvəl əlində bıçaq tutan Mətləb bıçaqla onun ayaq nahiyəsindən iki dəfə vurmuşdur. Bundan sonra həmin şəxslər qaçaraq oradan uzaqlaşmışlar. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam ödənilmiş, onlar barışmışlar, şikayət və tələbi yoxdur. Bu barədə ərizə təqdim etmişdir. İş üzrə Şahid1 məhkəməyə ərizə ilə müraciət edərək istintaqda verdiyi ifadəsini təsdiq etdiyini, heç bir əlavəsinin olmadığını, proseslərdə iştirak edə bilməyəcəyini bildirərək məhkəmə proseslərini onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Şahid1 istintaqda verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə dostları Elvin və Mətləb qardaşları ilə birlikdə Neftçilər metrostansiyasının yaxınlığında piyada hərəkətdə olan zaman Elvinlə siqaret almaq üçün köşkə yaxınlaşmışlar, Mətləb isə onları gözləyən vaxt bir nəfər tanımadığı şəxsin Mətləbə yaxınlaşdığını və ona nə isə dediyini görmüşdür. Yaxında olduqları üçün Mətləbə yaxınlaşmışlar və sonradan adını bildiyi Vidadinin Mətləblə mübahisə etdiyini görmüşdür. Elvin, Mətləb və o, Vidadiyə çıxıb getməsini və problem yaratmamasını söyləsələr də, Vidadi öz hərəkətlərinə davam edərək Mətləbi təhqir etməkdə davam etmişdir. Bundan sonra Vidadi onlara kənara çəkilmələrini dedikdən sonra birlikdə kənara çəkilmişlər. Vidadi ilə söhbət edən zaman o, Vidadinin qarşısına keçərək dava-dalaşın düşməməsi üçün kənara çəkərkən sonuncu ona “burax bunları işləyim” ifadəsini işlətmişdir. Elə həmin anda Vidadi Elvinin sifət nahiyəsinə yumruqla bir dəfə vurub qaçarkən Mətləb də Vidadinin dalınca qaçmışdır. Vidadi yolun kənarında ayağı sürüşərək yıxıldıqda Mətləbin ona əlində olan bıçaqla yaxınlaşdığını görüb vurmamasını xahiş edərək yalvardığı üçün Mətləb də onun yalvarışlarına görə vurmayaraq çıxıb getməsi üçün şərait yaratsa da Vidadi ayağı qalxıb gedərkən ona yumruq atdığından bu dəfə Mətləb əlində olan bıçaqla Vidadinin ayağına və yan hissəsinə bir neçə zərbə endirmişdir. Mətləb Vidadini bıçaqla vurduqdan sonra oradan qaçıb getmişlər. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 221.3-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. - zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs kimi tanınmışdır. - şübhəli şəxsin tutulması barədə xx.xx.2023-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli olduğuna görə tutulmuşdur. - təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan yenidən ittiham elan edilmişdir. - qətimkan tədbirinin seçilməsi barədə xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, əməliyyat-sorğu kartotekasında Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X3 X5 canlı şəxsin ekspertizasına dair xx.xx.2023-cü il tarixli, 666 saylı rəyin nəticə hissəsindən görünür ki, vət. X1 budun orta 1/3-nin ön səthinin, sağ sağrı nahiyəsinin aşağı iç kvadratının və sağ baldırın yuxarı 1/3-nin iç səthinin deşilmiş-kəsilmiş yaraları, sağ qaşaltı nahiyənin sıyrığı olmuşdur. Qeyd olunan sıyrıq bərk küt əşyanın təsirindən, deşilmişkəsilmiş yaralar deşiçi-kəsici əşyanın (əşyaların, ola bilsin bıçaq) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2023-cü il tarixdə alınmaları mümkündür və dərəcələrinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Xəsarətlərin lokalizasiyasına və xüsusiyyətlərinə əsasən demək olar ki, həmin xəsarətlərin yıxılma nəticəsində alınmaları inkar olunur. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X3 X5 maddi sübutların ekspertizasına dair xx.xx.2023-cü il tarixli, 445-MTKŞ/2023 saylı rəyin nəticə hissəsindən görünür ki, ekspertizaya təqdim olunmuş Zərərçəkmiş şəxs məxsus şalvarın arxa səthinin sağ yuxarı nahiyəsində bir ədəd dəlib-keçən zədə aşkar olundu. Bu zədə deşilmiş-kəsilmiş zədədir, ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən, o, cümlədən ekspertizaya təqdim edilmiş bıçağın tiyəsinin təsirindən və ya ona oxşar konstruktiv xüsusiyyətə malik digər bıçağın tiyəsinin təsirindən əmələ gəlmişdir. Ekspertizaya təqdim olunmuş Zərərçəkmiş şəxs məxsus şalvarda olan bir ədəd deşilmiş-kəsilmiş zədə tədqiqata təqdim edilmiş bıçağın tiyəsi ilə 3,0 sm ölçüdə daxil olmuşdur. Ekspertizaya təqdim olunmuş Zərərçəkmiş şəxs məxsus şalvarın arxa səthinin sağ yuxarı nahiyəsində bir ədəd deşilmiş-kəsilmiş zədə onun bədəninin sağ asağı nahiyəsində olan yarası ilə yerləşməsinə görə nisbi olaraq üst-üstə düşür. Ekspertizaya təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış qatlanan ov tipli bıçaqdır və deşicikəsici xassəyə malik soyuq silah hesab olunur. - sübutların qiymətləndirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilmiş bir ədəd zavod üsulu ilə hazırlanmış qatlanan ov tipli bıçaq maddi sübut qismində tanınmış və saxlanılması üçün Nizami RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. - təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3 və 228.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulan yenidən ittiham elan edilmişdir. - Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 4(003)-252/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay həddində həbs qətimkan tədbiri seçilmişdir. “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin 6-cı bəndinə əsasən soyuq silahı konstruksiyasına, ölçülərinə və materialına görə birbaşa istehsalat və ya təsərrüfat-məişət məqsədləri üçün nəzərdə tutulmayan, xüsusi olaraq insanın əzələ qüvvəsindən istifadə etməklə zərərvurma obyekti ilə bilavasitə təmas zamanı xəsarət yetirmək təyinatına malik olan silahdır. Həmin Qanunun 24-cü maddəsinə əsasən bu Qanunun müddəalarını pozmaqla odlu silahın, döyüş sursatının və soyuq silahın istehsalını, gətirilməsini, aparılmasını, idxalını, ixracını, satışını, əldə edilməsini, başqasına verilməsini, kolleksiya edilməsini, sərgisinin keçirilməsini, saxlanılmasını, gəzdirilməsini, daşınmasını, göndərilməsini, istifadə edilməsini, götürülməsini və ya məhv edilməsini həyata keçirən şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyəti daşıyırlar. Cinayət qanunvericiliyində xuliqanlıq cinayəti ictimai təhlükəsizlik əleyhinə olan cinayətlər kateqoriyasına aid edilmiş, onun əsas obyekti kimi ictimai qayda, əlavə obyekti qismində isə insanların sağlamlığının, şərəf və ləyaqətinin, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər çıxış edir. İctimai təhlükəsizlik əleyhinə olan cinayətlər ictimai qaydanın, şəxsiyyətin təhlükəsizliyinin və sağlamlığının, şərəf və ləyaqətinin, şəxsi və dövlət əmlakının qorunmasını, eləcə də insanların əmək və istirahətini, müəssisə və təşkilatların normal fəaliyyətini təmin etmək üçün qanunvericilikdə müəyyən edilmiş qaydaları pozan ictimai təhlükəli əməllərdir. Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 17 fevral 2006-cı il tarixli qərarında xuliqanlıq cinayət əməlinin məzmunu və tətbiqi məsələləri ilə bağlı aşağıdakı hüquqi mövqelərini ifadə etmişdir: “ Xuliqanlıq cinayət əməli məzmunundan və təqsirkarın niyyətindən, habelə onun hərəkətlərinin törədilmə şəraitindən, motiv və məqsədindən asılı olaraq başqa cinayətlərdən fərqləndirilməlidir. Xuliqanlıq – öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. CM-nin 221-ci maddəsi xuliqanlıq cinayət əməlini – ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər kimi müəyyənləşdirir. Maddənin dispozisiyasına görə aşağıdakı əlamətlər xuliqanlıq hadisəsini xarakterizə edir: ictimai qaydanın kobud surətdə pozulması; cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi; vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi. Bu normanı tətbiq edərkən təqsirkarın hərəkətlərini xarakterizə edən yuxarıda sadalanan əlamətlərin mövcudluğu mütləqdir. Belə ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər – təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər – təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23 mart 2004-cü il tarixli Qərarının 9-cu bəndində göstərilir ki, xüsusilə qərəzli xuliqanlığa görə məsuliyyət nəzərdə tutan Cinayət Məcəlləsinin 221.3cü maddəsinin mənasına görə silah dedikdə hücum və ya müdafiə üçün uyğunlaşdırılmış texniki cəhətdən yararlı olan vasitələrin məcmuyu başa düşülür. Burada cinayət qanunu ilə qadağan edilib edilməməsindən asılı olmayaraq, zavodda və ya kustar üsulla hazırlanmış odlu və soyuq silah, həmçinin qaz silahı aid edilir. Digər əşyalar dedikdə isə silah olmayan, lakin silah qismində istifadə edilə bilən predmet (dəyənək, kərpic, dəmir çubuq, zəncir, çəkic və s.) başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında qeyd edilmişdir ki, CM-nin 221.3-cü maddəsi xuliqanlığın digər tövsifedici əlaməti qismində bu cinayət əməlinin silah və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədilməsini nəzərdə tutur…CM-nin 221.3-cü maddəsi ilə tövsif olunan xuliqanlıq hərəkətləri odlu silah, eləcə də soyuq silah tətbiq etməklə törədilə bilər. Silah qismində istifadə olunan əşyalara istənilən əşyalar, o cümlədən təsərrüfat-məişət təyinatlı (balta, yaba, mətbəx bıçağı və s.), eləcə də kərpic, daş, dəmir, çubuq, bir sözlə, tətbiqi həyat və ya sağlamlıq üçün təhlükə yaradan bütün əşyalar aid edilir. “Silah qismində istifadə edilən əşyaların” anlayışına Konstitusiya Məhkəməsi Plenumunun B.Yusifovanın şikayəti üzrə 17 fevral 2006-cı il tarixli Qərarında aydınlıq gətirilmişdir. Həmin Qərara əsasən silah qismində istifadə edilən əşyalar konstruksiya cəhətdən digər məqsədlər üçün, o cümlədən istehsalat təsərrüfat-məişət məqsədi ilə və yaxud da ümumiyyətlə hər hansı müəyyən məqsədlərə yönəlməyən, istehsal və emal olunmayan, yəni təbiətdə mövcud olan əşyalardır. Bu əşyalar silah deyil, bununla belə hər hansı məhvetmə xüsusiyyətinə, yəni soyuq və ya başqa silah növünə xas olan bəzi xüsusiyyətlərə malikdir və onların siyahısı hədsizdir. Silah qismində istifadə edilən əşyanın məhvetmə xüsusiyyətinə malik olması, onu bu xüsusiyyətə malik olmayan digər əşyalardan fərqləndirən əsas və mütləq şərtdir. CM-nin 221.3-cü maddəsi xuliqanlıq hərəkətlərinin törədilməsi üçün əvvəlcədən hazırlanmış əşyalarla bu hərəkətlərin həyata keçirilməsi zamanı təsadüfi əldə edilmiş əşyalar arasında heç bir fərq qoymur. Xuliqanlıq zamanı silah və ya silah qismində istifadə edilən əşyaların tətbiqi – ondan birbaşa sağlamlığa zərər vurulması, habelə zərərçəkmiş şəxsin həyat və ya sağlamlığı üçün real təhlükə yaradan üsulla istifadə olunmasıdır. Silah və ya silah qismində istifadə edilən əşyaların tətbiqi ilə insanların həyat və ya sağlamlığı üçün real təhlükə yarandığı sübuta yetirilərsə, bu əməl CM-nin 221.3-cü maddəsi ilə tövsif olunmalıdır.” Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3 və 228.4-cü maddələri ilə ittiham irəli sürülmüş və əməli həmin maddələr ilə tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3 və 228.4-cü maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsi toplanmış və tədqiq edilmiş sübutların məcmusu, həmçinin cinayət işinin materiallarındakı digər sənədlərlə tamamilə sübuta yetirildi. Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, həmin sübutlar mötəbər və mümkün olmaqla Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 221.3 və 228.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlinin törədilməsini tam təsdiq edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3 və 228.4-cü maddələri ilə özünü qismən təqsirli bilməsinə dair ifadəsi məsuliyyətini yüngülləşdirmək məqsədilə verilmiş ifadə kimi qiymətləndirilir. Təqsirləndirilən şəxs cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığı üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMnin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməllər az ağır və böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini, əməlindən peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayətinin olmaması cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır və böyük ictimai təhlükə törətməyən cinayət törətməsini nəzərə alaraq hesab edir ki, onun islah olunması üçün barəsində törətdiyi hər iki cinayətə görə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplayaraq Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək 2 gün həbsdə saxlanılması həbsdə saxlamanın bir gününü azadlıqdan məhrum etmənin bir gününə hesablayaraq nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən az ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilir. Ona görə də, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1.19 - 346.1.22-ci maddələrində nəzərdə tutulmuş məsələləri həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri dəyişdirilərək, həbs qətimkan tədbiri ilə əvəz edilməli; barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli; Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 4(003)- 252/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılması nəzərə alınmalı; cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablanmalı; Azərbaycan Respublikası CPM-nin 132.1.4-cü maddəsinə əsasən iş üzrə maddi sübut olan və Bakı şəhəri Nizami RPİ-də saxlanılan bir ədəd qatlanan ov tipli bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3 və 228.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin məhkəmədə iştirak etdiyi müddət 78 iş saatı müddətinə bərabər olduğundan, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 468 (dörd yüz altmış səkkiz) manat (78x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi1 dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplayaraq Təqsirləndirilən şəxs qəti cəza – 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək 2 gün həbsdə saxlanılması nəzərə alınmaqla həbsdə saxlamanın bir gününü azadlıqdan məhrum etmənin bir gününə hesablayaraq üzərində 3 (üç) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs təyin olunmuş cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri dəyişdirilərək, həbs qətimkan tədbiri ilə əvəz edilsin və Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 4(003)-252/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılması nəzərə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cinayət işi üzrə maddi sübut olan və Bakı şəhəri Nizami RPİ-də saxlanılan bir ədəd qatlanan ov tipli bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv olunsun. Təqsirləndirilən şəxs 78 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş Müdafiəçi1 468 (dörd yüz altmış səkkiz) manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №1(007)-227/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-227/2024
18.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver